Heç kəsə laqeyd yanaşmayan Peyğəmbər Üfüqü

Sual: Bir hədisi-şərifdə "İslam qərib başladı və yenə qərib olaraq qayıdacaq, (elə isə) qəriblərə müjdə olsun" ifadəsi ilə qəriblər müjdələnir. Digər tərəfdən də Allah Rəsulu (sallallahu əleyhi və səlləm) risalətin ilk dövründə İslamın iki Ömərdən biri ilə möh­kəmlənməsi üçün dua edir. Bu nöqteyi-nəzərdən bir bölgədə Qurana və imana xidmət naminə ilk addımlar atılarkən həmin yerin qəribləri, yoxsa cəmiyyətdə rəhbər mövqeyində olanlar əsas götürülməlidir?

Cavab: Müxtəlif məqamlarda dilə gətirilən "qürbət" məfhumunun bizim mülahizələrimizdə çox mühüm və köklü yeri var. Məsələyə bu mülahizələr çərçivəsində yanaşsaq, bunu deyə bilərik: Heç bir faydası olmayan və yaxud nə faydası, nə də zərəri olan "qürbət"lər olduğu kimi, faydalı və Haqq dərgahında ağır gələn "qürbət"lər də var. Hədisi-şərifdə keçən "qürbət"i isə ikinci kateqoriyada dəyərləndirmək lazımdır. Həmçinin bunu da bilməliyik ki, "qürbət" fərdlər üçün keçərli olduğu kimi, ailə, cəmiyyət hətta millət və ümmət üçün də keçərlidir. Məsələn, inancını ifadə etmək və həyata keçirmək imkanlarından məhrum olan və yaşadığı mühitdə özünü yad hiss edən fərdlər qərib olduğu kimi, müxtəlif təzyiqlərlə sıxışdırılan və müasir dillə desək, "məhəllə təzyiqinə" məruz qalan ailələr də qəribdirlər. Belə ki, bəzi islami əsərlərdə namaz qılınmayan yerdə məscidin, fasiqin qəlbində və oxunmayan evdə Quranın, zalımın nikahında salehə qadının, itaətsiz və arsız qadınla eyni evdə yaşayan saleh kişinin və haldan anlamayanların içində alimin qürbəti ilə yanaşı fərd və cəmiyyət həyatında yaşanan müxtəlif qürbətlərdən bəhs edilir. Bunlar içərisində, şübhəsiz ki, ən böyük qürbət haldan, sözdən anlamayanların içində məna əhlinin qürbətidir. Qürbətin ən böyüyü də Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) qürbətidir, sonra da dərəcəsinə görə peyğəmbərlik yolunu təmsil etməyə çalışanların qürbəti gəlir.

İslam coğrafiyası və qürbət

"Qürbət" deyərkən hal-hazırda bütün İslam dünyasının çəkdiyi (yaşadığı) qürbəti görməzlikdən gəlmək mümkün deyil. Belə ki, əhalisi təqribən 1,5 milyarda çatsa da (halbuki İslam tarixində heç vaxt bu qədər əhaliyə malik olmamışdır), çox təəssüf ki, bu gün bu mübarək coğrafiya tarixin heç bir dövründə yaşamadığı hüznlü qürbəti iliklərinə qədər hiss edir. Bəli, dünyanın müxtəlif yerlərində olan az sayda dərdli qəlblər və onların Allah rizası yolunda bəzi kiçik səyləri xaric, – bu kiçik səylərdə də ixlas, səmimiyyət və qardaşlığın istənilən səviyyədə qorunub saxlanıldığını demək olmur – İslam coğrafiyasında müsəlmanların nə xalq, nə də dövlət səviyyəsində ciddi, dəyərli plan və layihələr həyata keçirdiyini görmək mümkün deyildir. Bu nöqteyi-nəzərdən bizim dünyamız bir mənada plansız və məfkurəsiz insanlar dünyasıdır. Bəli, bu coğrafiya başqa ölkə və xalqların önündə aciz, bir zərbə ilə sarsılan, bir qığılcımla bir-birinə düşmən kəsilən, bir-birini yeyən ürəkdağlayan mənzərəsi ilə üst-üstə yığılmış qürbətlər altında əzilir. Uca Rəbbimizdən niyaz edirik, bu ümmətə ülvi məqsəd və yüksək məfkurəli, canını dişinə tutub dünyanın hər yanına diriliş nuru saçan, qardaşları ilə əl-ələ insanlara güvən və inam hisləri aşılayan və bu yolda atdığı hər addımı şəri-şərif (şəriətin) nəslərinin süzgəcindən keçirən müstəqim, doğru möminlər bəxş etsin; bəxş etsin ki, əsrlərlə sürən bu həzin qürbətə onlarla xitam verib İslam aləminin üzünü bir daha güldürsün.

İlk qəriblər

Əsas mövzumuza qayıdaq. Sualda da ifadə oldunduğu kimi Peyğəmbərimiz (əleyhissalatu vəssalam); بَدَأَ اْلإِسْلاَمُ غَرِيبًا وَسَيَعُودُ غَرِيبًا كَمَا بَدَأَ، فَطُوبَى لِلْغُرَبَاءِ اَلَّذِينَ يُصْلِحُونَ مَا أَفْسَدَ النَّاسُ"

- "İslam qərib başladı (qəriblərlə təmsil olundu) və başladığı kimi, bir gün yenə qürbət dövrü yaşayacaq. (Elə isə hər kəsin yıxıb dağıtdığı dövrdə abadlıq və quruculuq işlərini davam etdirən) qəriblərə müjdə olsun," (Müslim, İman/232; Tirmizi, İman/13) buyurur.

Hədisi-şərifdəki: "İslam qərib başladı" ifadəsini bu dinin ədasından, üslubundan, yolundan, halından anlamayan cahillərlə dolu bir atmosferdə nəşət etməsi və onu təmsil edənlərin bu cür "qürbət"lərlə sınağa çəkilməsi şəklində anlaya bilərik. Çünki məlum olduğu kimi, Məkkə müşrikləri uzun müddət İslama qarşı çıxmış, bir ovuc müsəlmana boykotdan sui-qəsdlərə, sui-qəsddən hər cür əzab-əziyyətə və işgəncəyə qədər etmədikləri zülüm və işgəncə qalmamışdır. Digər cəhətdən İslam ilk dövründə qəriblərlə təmsil edilmişdir. Bəli, o ilk mənsublar içində yüksək təbəqədən, demək olar ki, heç kəs yox idi. Bildiyiniz kimi Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Dihyətül-Kəlbi (radiyallahu anh) ilə Roma imperatoru Herakla məktub göndərəndə Herakl Əbu Süfyanı yanına çağırtmış və ona bəzi suallar vermişdi. O suallardan birində də Peyğəmbərimizi nəzərdə tutaraq: "Ona daha çox kim tabe olur, zənginlər, yoxsa qəriblər?" – demiş, Əbu Süfyan da "Qəriblər" cavabını vermişdi. Elə bu qəriblər də cəmiyyətdə qərib qarşılanmış, çox qəribə, ürəkyaxan, müamilələrlə, rəftarlarla üzləşmişdilər. Lakin o möminlər bunlara məhəl qoymadan hər maneəni aşaraq Allahla münasibətini nöqsansız davam etdirmiş və Allahın uca adını könüllərdə dalğalandırmışdır ki, tarix tarixində bunun kimi misilsiz fədakarlığa rast gəlməmişdir.

İslamın izzəti və Həzrəti Ömər

Sualın digər hissəsində keçən hədisi-şərif isə budur:

اللَّهُمَّ أَعِزَّ الْإِسْلَامَ بِأَحَبِّ هَذَيْنِ الرَّجُلَيْنِ إِلَيْكَ بِأَبِي جَهْلٍ أَوْ بِعُمَرَ بْنِ الْخَطَّابِ "

- Allahım, bu iki nəfərdən – Əbu Cəhil və Ömər b. Xəttab – biri ilə, Sənə ən sevimli olan hansıdırsa, onunla İslamı gücləndir". Bu mübarək sözlərin ardınca Allah Rəsulu (sallallahu əleyhi və səlləm): "O iki nəfərdən Allaha sevimli olan Ömər idi" (Tirmizi, Menakıb, 18; Müsned, 2/25) buyurmuşdur.

Bu Peyğəmbər bəyanı əvvəla Şanı Uca Nəbinin təbliğ eşqini, iştiyaqını göstərir. Nəbilər Sərvərinin yuxularını qaçıran o misilsiz təbliğ ağrısını, dərdini müxtəlif dəfələrlə örnəklərlə ifadə etməyə çalışmışam, ona görə sadəcə Allah-taalanın ilahi kəlamında Onun haqqında: "(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" ("Kəhf" surəsi, 18/6) təqdir dolu ifadəsini xatırladıb keçmək istəyirəm.

Ehtimal ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Həzrəti Ömərlə Əbu Cəhili buna uyğun görürdü. Onların İslama fayda verəcəyini, onların vasitəsilə bir çox insanın İslamla nicat tapacağını düşünürdü. Təbii ki, təkcə bu iki şəxsin hidayətə çatması üçün dua etməmişdi. Bəlkə də, bir çox insanların adlarını bir-bir çəkib onlara Allahdan hidayət diləmişdi. Məsələn, Həzrəti Xalid (radıyallahu anh) idi. Müsəlman olmaq üçün hüzuruna gələndə Kainatın İftixarı ona: "Həmd olsun Allaha ki, sənə hidayətə çatdırdı. Mən onsuz da sənin kimi ağıllı bir insanın İslama girəcəyinə ümid edirdim," – demişdi. Deməli, Allah Rəsulu (s.ə.s.) Həzrəti Xalid və onun kimi İslama xidmət edə biləcək, cəmiyyətdə barmaqla göstərilən nüfuzlu insanların iman gətirməsini gözləyir və onlar üçün dua edirdi. Bizim kimi adi insanların belə bəzi şəxslərə "Allahım, onun qəlbini imanla doldur, elə doldur ki, başdan ayağa hər tərəfdən iman fışqırsın" şəklində dua etdiyini nəzərə alsaq, o Ən Böyük Mübəlliğin (Rəsulullahın) bu mövzuda necə yana-yana yalvardığını daha yaxşı başa düşərik.

Çünki belə nüfuzlu şəxsin müsəlman olması haqq və həqiqətin yayılması yolunda böyük əhəmiyyət kəsb edir. Bu insanlardan bir dəstənin, bəzən bir neçə nəfərin, hətta bəzən bir nəfərin "Bəli" deməsi ilə insanların axın-axın haqqa gəlməsi mümkündü. Allah Rəsulunun yəhudilərlə bağlı ümidini bilirik. O (sallallahu əleyhi və səlləm) bir neçə nüfuzlu yəhudinin müsəlman olmasının öz dindaşlarına (İslamın qəbuluna) müsbət təsir edəcəyini düşünürdü. Ancaq Abdullah ibn Səlam, Vəhb ibn Münəbbih kimi bir neçə yəhudidən başqa, o toplumun rəhbərləri İslama və Rəsulullaha – o dinə ki, onun nə vaxt zühur edəcəyini də bilirdilər, – iman gətirmədilər və beləliklə, həm özləri ən böyük xətanı etdilər, həm də arxalarınca gələn nə qədər insanı böyük hüsrana düçar etdilər. Əgər o dövrdə Huyeyy b. Axtab, Kab b. Əşrəf kimi şəxslər Allah Rəsuluna qarşı ədəbsizlik edib haqqında yerli-yersiz danışmaq əvəzinə Onu anlamağa çalışsaydılar, böyüklüyünü qəbul edə bilsəydilər və İslama azca müsbət yanaşa bilsəydilər, hər halda onları rəhbər sayan neçə-neçə insan haqq və həqiqəti qəbul edərdi.

Məsələyə bu aspektdən yanaşanda xarakteri və mövqeyi ilə seçilən Həzrəti Ömər (radıyallahu anh) Peyğəmbər Əfəndimizin (əleyhissalatu vəssalam) gözündən qaça bilməzdi. Dolayısilə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Cənabı-Allahdan onu istəməsi – yuxarıda qeyd olunanlar nəzərə alınsa – yerindədir. Bəli, Rəsuli-Əkrəmin Həzrəti Öməri (radıyallahu anh) nəzərdə tutaraq: "Allahım onunla bu dini əziz et," deyə yalvarması Onun həm təbliğ sancısını, həm də fətanət üfüqünü bir mənada tamamlayır, buna uyğundur.

Həzrəti Ömərin (radiyallahu anh) "bərəkət" dolu həyatına baxanda bunu açıq şəkildə görmək olur. Çünki o müsəlman olandan sonra o dövrdə əzab-əziyyətə məruz qalan müsəlmanların Allaha və Rəsuluna olan inamı daha da güclənmiş, Allahın güc və qüdrətinə etimadları daha da artmışdı. Bəli, Abdullah ibn Məsud həzrətlərinin də ifadə etdiyi kimi, Həzrəti Ömərin İslamı qəbul etməsi ilə müsəlmanlar ruhlarındakı izzəti bir daha dərindən duydular. Allah Rəsulu bu aləmdəki tərəqqisini tamamlayıb ruh üfüqünün ənginliklərinə pərvazlandıqdan sonra da Həzrəti Ömər Allah Rəsulunun ikinci xəlifəsi olmuş, İslamın intişarında böyük xidmət göstərmiş, bir çox ölkələr fəth etmiş və dünyanı təhdid edən iki dövləti diz çökdürüb müsəlmanların layiq olduğu mövqeyi əldə etməsinə səbəb olmuşdur. Bəli, hansı yöndən baxsanız, bu insan tarixdə tayı-bərabəri olmayan müstəsna şəxsiyyətdir.

Heç kəsə laqeyd yanaşmağa haqqımız yoxdur

Bura qədər bəhs olunanlardan bu nəticəyə gələ bilərik. Allah Rəsulunun (əleyhissalatu vəssalam) həyatına bir bütöv kimi baxanda O Kamil Rəhbərin ömür boyu həm toplumun böyükləri ilə məşğul olduğunu, onların imana gəlməsinə çalışdığını, həm də özünü ifadə edə bilməyən, əzilən, təcrid olunan qəriblərə qucaq açdığını görmək olar. Bəli, Allah Rəsulu (əleyhissalatu vəssalam) ömrü boyu bu iki təbəqəni birləşdirməyə çalışmışdır. Əlbəttə, Rəsulullah qəlbinin qapılarını bu iki təbəqənin ortasında qalan insanların üzünə də açmışdır.

Məsələnin bizə aid tərəfinə gəlincə: Keçmiş dövrlərdə olduğu kimi, hal-hazırda da gizli-açıq, dünyanın, demək olar ki, hər yerində "kasta sistemi" var. Üstəlik insanın mahiyyətini nəzərə alanda cəmiyyətdə hər iki təbəqənin varlığı həmişə davam edəcək. Elə isə könüllülər hərəkatının mənsublarına düşən vəzifə də toplumun heç bir təbəqəsinə laqeydlik göstərmədən hər kəsə qucaq açmaq olmalıdır. Bəli, vicdan geniş olmalı, hər kəsin mövqeyinə hörmət göstərib dialoq zəminləri hazırlanmalı, cəmiyyətə qucaq açılmalı, hətta gəlməyən, gələ bilməyənlərin də ayağına gedilməlidir. Ölkənin və coğrafiyanın şərtləri nəzərə alınmaqla bir tərəfdən cəmiyyətdə böyük vəzifələrdə olan alim, millət vəkilləri və s. kimi sözükeçən insanlarla dialoq körpüləri qurulmalı, digər tərəfdən də toplumun məzlum, məhkum və məğdur qəriblərinə əl uzadılmalıdır. Çünki məsləyimiz hər kəsə açıq peyğəmbər yoludur. Buna görə bir tərəfdən cəmiyyətdə böyük vəzifəsi, mövqeyi, nüfuzu olan insanlara layiqli ehtiram göstərilməli, onlara dəyər verilməli, düşüncə dünyamızı başqa könüllərə duyurmaq üçün onların rəyindən istifadə edilməli, digər tərəfdən də cəmiyyətin alt təbəqələrində qalan insanlara şərait hazırlamalı, onları qərəzli fikirlərdən xilas etməli və özünü ifadə imkanı verilməlidir. Beləliklə, bu əzilən qəriblər qəribliyin təkanverici gücü ilə sürətlə şahlanacaq və Allahın izni və inayəti ilə öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.

Qürbətin iksiri qürbət

Söhbətin başında böyük bir coğrafiyanın həzin mənzərəsindən söz açmışdıq. Lakin bu da unudulmamalıdır ki, İslam dünyası Əsri-Səadətdən bu yana çox qürbət çəkmiş, ancaq bu qürbətlər Allaha qürbət sayəsində zamanla geridə qoyulmuşdur. Qürbətin Allaha qürbətdən (yaxınlıqdan) və həqiqi təmsildən başqa iksiri yoxdur. Bəzi ilk yardımlarla nə məhəllənin, nə müəssisənin, nə də bir qrupun təzyiqindən, yəni qürbətdən xilas olmaq mümkün deyil. İlk yardımları çarə kimi görmək parya (təcrid olunmuş təbəqə) kimi əzilə-əzilə yaşamağa davam etmək deməkdir. Bəli, bütün qürbətlər əvvəla Allahın izni və inayəti ilə, sonra da şəxsiyyətini itirməyən, başqalaşmağa qarşı çıxan, bir İslam mütəfəkkirinin dediyi kimi: "Yenidən İslama!" deyə bilən layiqli təmsilçilərin gözoxşayan təmsilləri ilə dəf edilmişdir.

Bu əsrin müsəlmanları olaraq biz də Rəhməti Sonsuz olan Allahdan niyaz edirik ki, İslam Dünyası Monqol-tatar, Səlib yürüşləri, Asiyada yaşanan hərc-mərclik kimi ağrılı-acılı böyük qürbətlərdən xilas olduğu kimi, son dövrdə yaşadığı ən ağır hərc-mərclikdən də tezliklə qurtulsun. Unutmayaq ki, bu qurtuluş ancaq Allah Rəsulunun (əleyhissalatu vəssalam) on dörd əsr əvvəl müjdələdiyi o özünü islaha həsr etmiş qürbət əhli qəriblər sayəsində reallaşacaq!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.