Məntiqli və obyektiv yol

Fəthullah Gülən: Məntiqli və obyektiv yol

Sual: Həyata keçirilən fəaliyyətlərin insanlara hissiyatdan uzaq, məntiqli və obyektiv bir üslubda çatdırılmasının zəruri olduğunu vurğulayırsınız. Bu mülahizənizi bir qədər izah edə bilərsinizmi?

Cavab: Əvvəla bunu qeyd etməliyəm ki, insan şəxsinə dair tənqidlərə obyektiv baxmağı bacarmalı və həyata keçirilən fəaliyyətlərdən bəhs edərkən iddialı olmamalıdır. Çünki insanın mahiyyəti qüsurlara meyillidir. Onun ən düzgün hesab etdiyi iş və əməllərdə belə bəzi xətalar olur. Məsələn, insan bir şeyi unutmamalıdır ki, elmihal kitablarındakı hökm və şərtlərə uyğun qıldığı namazlarda belə saysız-hesabsız nöqsana yol verə bilər. Digər tərəfdən oruc, zəkat, həcc kimi ibadətlərin hər birinin o qədər hökmləri var ki, möminin onları nöqsansız və qüsursuz yerinə yetirməsi olduqca çətindir. Ələlxüsus da, bu ibadətlərin ruha nəqş edilməsi, ixlas və səmimiyyətlə yerinə yetirilməsi, riya və süma hissindən (başqalarına göstərmə və eşitdirmə) arınması kimi insanın daxili dünyasına aid məqamları hesaba qatanda bu işin çətinliyi daha da aydın olur.

İnsan xəta və qüsurlara meyilli bir varlıqdır

İnsan mütəmadi yerinə yetirdiyi ibadətü-taətdə belə, saysız-hesabsız qüsurlara yol verirsə, bəşəriyyətin səadəti naminə görülən işlərdə − hansı ki bu fəaliyyətlər fərqli aspekt və xüsusları özündə ehtiva edir − xətalara düşmə ehtimalı qaçılmazdır. Doğrudur, Quran və Sünneyi-səhihədə əksini tapan Haqq yolunun əsas düsturları əlimizdədir və bu düsturlar zaman və məkanın fövqündə dayanır. Ancaq bu düsturların dəyişməz əsasları olmaqla yanaşı, fərqli dövr və bölgələrə aid cəhətləri də var. Məhz bu məqamda həmişə məqsədəuyğun qərarlar vermək olduqca çətindir. Bununla paralel olaraq, həyata keçirilən fəaliyyətlərdə bir tərəfdən dinin əsas düsturlarına sadiq qalmaq, digər tərəfdən də zamanı, məkanı və konyunkturanı nəzərə almaq lazımdır. Belə çətin və kompleks fəaliyyətlərdə həmişə xəta işləmək ehtimalı var, ona görə də bu kimi hallara əvvəlcədən hazır olmaq haqpərəstlik sayılır.

Bunun əksi isə insanın bütün əməllərini düzgün hesab etməsi, tənqidlərdən narahat olması, insanlardan həmişə təqdir və alqış umması, hətta görmədiyi işlərə görə belə təriflənməkdən xoşlanmasıdır ki, bunların hər biri bir münafiqlik əlamətidir. Qurani-Kərimdə, “Ali İmran” surəsində Cənabi-Allah münafiqlər haqqından buyurur: “(Onlar) görmədikləri işlərə görə tərif olunmaq istəyirlər…” (”Ali İmran” surəsi, 3/188)

Bu baxımdan insan xəta və qüsurlara meyilli bir varlıq olduğunu heç vaxt unutmamalı, əvvəlcədən nöqsanlarını görməli və bunları dilə gətirməkdən narahat olmamalıdır. Əksinə qüsurlardan təmizlənmə yolu göstərildiyi üçün sevinməlidir.

İnsanların tənqiddən narahat olmamasının zəruriliyinə dair mülahizələrimi söylədikdən sonra keçək həyata keçirilən fəaliyyətlərin insanlara məntiqli və obyektiv bir üslubda çatdırılmasına:

Dinin əsas düsturlarına sadiq qalaraq...

İnsanlara bunu çatdırmaq lazımdır ki, Hizmət hər bir fəaliyyətini dinin əsas düsturlarına və ümumbəşəri dəyərlərə sadiq qalaraq həyata keçirməyə çalışır. Çünki Quran və Sünnənin dəyişməz prinsipləri ilə bir araya sığmayan və ziddiyyətli düşüncələr əsasında həyata keçirilən fəaliyyətlərin uzunömürlü olması mümkünsüzdür. Bəli, dinin cahanşümul dəyərlərinə söykənməyən insanların ziqzaqlardan qurtulması müşküldür. Belələrinin bugünkü davranışlarının dünənkilərlə, sabahkı davranışlarının da bugünkülərlə təzad təşkil etməsi qaçılmazdır. Bu baxımdan insanın düşüncəsi, hisləri, hətta beynin hər bir neyronu dinin əsas prinsiplərinə və ümumbəşəri əxlaqi dəyərlərə sadiq olmalıdır ki, hərəkət və davranışları istiqamətdə (sirati-müstəqim, doğru yol) olsun.

Əslində, cahanşümul bir dinimizin əsas prinsipləri hər kəsə qucaq açmağa hazırdır. Əsas odur ki, doğru yolu tapaq. Doğru yolu tapdıqdan sonra da insanlara çox rahatlıqla “Biz veməyi özümüz borc bilirik. Lakin sizin vermək istədiklərinizi almağı da əhəmiyyətli hesab edirik. Əgər bir nöqsan və səhvimizi görmüsünüzsə, lütfən söyləyin ki, oturub götür-qoy edək” deyərək tənqidə etiraz etmədiyimizi göstərməliyik.

Əgər siz fəaliyyətləri təməl prinsilərə əsaslanaraq həyata keçirirsinizsə, zaman, məkan və insanlar dəyişsə də, Allahın izni ilə, heç vaxt mərkəzlə (burada Allah-taalanın dərgahı nəzərdə tutulur – tərc.) irtibatınız kəsilməz. Həzrəti Mövlananın sözü ilə desək, bir ayağınız yetmiş iki millətin içində olsa belə, o biri ayağınız mərkəzdədirsə və siz bütün fəaliyyətlərinizi sabit dayanan ayağınız, yəni mərkəz əsasında həyata keçirirsinizsə, doğru yoldan sapmazsınız.

Nə bir şəxs, nə də bir qrup həyata keçirilən fəaliyyətləri öz adına çıxa bilməz

İkinci mühüm məsələ: həyata keçirilən fəaliyyətlərdə başqa insanların da əməyinin olduğunu unutmamaq və bu işə yalnız müəyyən bir kəsimə aid bir məsələ kimi baxmamaq lazımdır. Keçmişdən bu günədək istər bizim toplumumuzda, istərsə də başqa İslam toplumlarında haqq yolun ehyasına çalışan fərqli qrup və hərəkatlar olmuşdur. Onlar gördükləri işlərlə getdiyiniz yollara işıq salmış, sizə ümid aşılamış və rahat hərəkət etmək üçün zəmin hazırlamışdır. Bir mərhələdən sonra da həmin insanlar: “Buyurun, yola siz davam edin!” deyərək əmanəti sizə həvalə etmişlər. Belə də düşünmək olar: siz öz imkanlarınızla meydana atılanda payız mövsümü idi. Belə ki, biri tarlanı hazırlamış, biri toxumu əkmiş, biri toxumun cücərib boy atması üçün nə lazımsa eləmişdir. Daha sonra taleyin sövqü ilə sizə ağacların çiçək açdığı, meyvə verdiyi mövsümdə çalışmaq imkanı bəxş edilmişdir. O halda bu yolda təkcə öz əməyinizi görməklə əvvəlkilərin haqqını yemiş olarsınız ki, bu da açıq-aşkar nankorluqdur.

Bəli, Anadolu xalqının ruhunda, mayasında fədakarlıq və digərqəmlik hisləri var və bugünədək bu cövhərdən səmərəli şəkildə istifadə edənlər çox olmuşdur. Ancaq bir müddət sonra toplumun bütün təbəqələri dəyərlərini yaşayan insanlar yetişdirmiş və bu insanlar dünyanın dörd tərəfinə yayılmışdır. Bu fəaliyyətlərin faydalı olduğuna inanan iş adamları, müəllimlər əməklərinin bəhrə verdiyini görüb başqalarını da səsləyib “Gəlin, siz də bu işə əl atın!” demiş və beləliklə, həyata keçirilən fəaliyyətlərin arealı – Cənabi-Allahın yardım və inayəti ilə – get-gedə sürətlə böyümüşdür. Yoxsa səbəblərə qalsa, bu işlərin ərsəyə gəlmə ehtimalı milyonda birə də bərabər deyildir.

Hizmətə aid fəaliyyətlərin uğurlarını nə müəyyən bir qrupun adına yazmaq, nə də şəxslərlə əlaqələndirmək doğru deyildir. Bəzi qardaşların öndə görünməsi tamamən taleyin bir cilvəsidir. Bu baxımdan məsələyə yanaşmada şəxslərin adları qabardılmamalıdır. Bundansa, həyata keçirilən fəaliyyətləri Hərəkatın özü, xalqın əməyi, onun tükənməz əzmkarlığı, möhkəm iradəsi, insan sevgisi ilə izah etmək və bütün bunların bir millətin əsəri olduğunu insanlara çatdırmaq lazımdır. Millətin əzmkarlığı müqabilində Cənabi-Allah da xalqımıza öz dəyərlərini bütün dünyaya nümayiş etdirmə və tanıtma imkanı bəxş etmişdir. Şübhəsiz biz öz gözəlliklərimizi dünyaya tanıdarkən onlardan da bəzi gözəllikləri almış və beləcə milli-mədəni sərvətimizi daha da zənginləşdirmişik.

Biz inanırıq ki, həyata keçirilən hər bir fəaliyyət Allahın bizə bəxş etdiyi saysız-hesabsız nemətlərə şükürlə cavab vermə cəhdidir. Əgər bu məsələni insanlara düzgün şəkildə çatdıra bilsək, qafillər kimi, böyük bir millətin mücadilə və mücahidə ilə əldə etdiyi nailiyyətləri başda görünən bir neçə şəxsin adına yazaraq zülmə yol verməmiş olarıq. Müharibədə belə əldə edilən qənimət döyüşdə iştirak edənlər arasında bərabər bölüşdürülür. Əks halda, şəxslər bütləşdirilər ki, bu da ən çox həmin bütə çevrilən şəxs üçün təhlükəlidir. Çünki bu cür insanlar əldə edilən nailiyyətləri özündən bilməyə başlayır, xalqdan alqış və təqdir umur və beləcə dünya həyatında axirət nemətlərini yeyib bitirir.

Qısqanclıq hislərini təhrik etməkdən uzaq durun!

Bundan daha təhlükəlisi isə odur ki: müəyyən şəxslərin qabağa çəkilməsi başqalarının qısqanclıq hislərini təhrik edər. Qısqanclıq və həsəd hissi hər insanda var. Xüsusilə də, teoloqların, tanınmış elm xadimlərinin yanında bir-iki adamı qabağa çəksəniz, özünüz də bilmədən onların qısqanclıq hislərini təhrik edərsiniz. Bu da dostları öz əllərinizlə düşmənə çevirmək deməkdir. Hətta o qədər qeyrət və cəhd göstərməsinə baxmayaraq, bu nailiyyətləri əldə edə bilməyən bəzi əhli-iman belə həsəd hissinə qapıla bilər. Bu dəfə dolayı yolla həmin insanları günaha sövq etmiş olarsınız. Üstəlik qısqanclıq və həsəd hissi ilə alışıb yanan bir insana nəsə izah etmək də çox çətindir. Bu baxımdan şəxsləri deyil, Hərəkatı qabağa verərək qismən də olsa, bu kimi mənfi hislərin qarşısını almaq lazımdır. Yəni bir tərəfdən həyata keçirilən fəaliyyətlər haqqında hərtərəfli məlumat verərək insanların qabaran hislərini sakitləşdirməli, digər tərəfdən də üslubunuza diqqət yetirməlisiniz ki, heç kim inciməsin, yeni rəqiblər və həsədkarlar ortaya çıxmasın.

Məsuliyyət şüuru

Bəziləri, ola bilsin, bu Hizməti əhli-dünyanın fərqli məqsədlərə çatmaq üçün bir araya gələrək qurduqları təşkilatlara oxşadır. Hətta bəlkə də, Hərəkatın siyasi məqsəd daşıdığını da düşünənlər var. Habuki həyata keçirilən bütün fəaliyyətlərin bönüvrəsində mədəni irsimizin əsas prinsipləri dayanır və biz bu əsaslara sadiq qalaraq Allahın çiynimizə qoyduğu vəzifəni yerinə yetirməyə çalışırıq. Başqa sözlə desək, biz bəşəriyyət qarşısında daşıdığımız məsuliyyətin tələblərini yerinə yetirməyə çalışırıq. Hətta məsələyə daha geniş prizmadan nəzər yetirsək, bunun bir fəzilət sayılmadığını, əksinə hər bir bəndənin ibadət vəzifəsi, verilən nemətlərə şükür və həmd borcu olduğunu görərik. İnsanlar bu fəaliyyətləri dini bir məsuliyyət (vəzifə) saydıqları və bu yolu ağlabatan və məntiqli gördükləri üşün bu iş böyüməkdə davam edir.

Hizmətə haqq və həqiqətin təbliğində tənafüs (yarış) kimi baxmaq da olar. Çünki bu iş Cənabi-Allahın “Yaxşı işlər görməkdə bir-birinizlə yarışın” (“Bəqərə” surəsi, 2/148) əmrinə söykənən xeyirdə yarışmaqdır. Hizmətin ilk cərgələrində irəliləyən fədakarları görən insanlar onlardan geri qalmamaq üçün öhdələrinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar.

Niyyətdə məsumluq, fəaliyyətdə məntiqlilik

Hər şeyə rəğmən, bəzi insanların həyata keçirilən fəaliyyətlərdən narahat olması, hətta təşvişə düşməsi ehtimal daxilindədir. Belə hallarda bizim vəzifəmiz şübhə doğuran məsələləri bir-bir izah etmək, yəni niyyətimizin təmiz, bu fəaliyyətlərin də ağlabatan, məntiqli olduğunu çatdırmaqdır. Çünki biz bilirik ki, bu fəaliyyətlər millətimizin əməyinə müqabil Cənabi-Allahın bir lütfüdür. Bu yolun qəhrəman yolçuları vifaq və ittifaq düşüncəsi ilə fədakarlıq etdiklərinə görə, Allah da inayətini onlardan əskik etmir. Yoxsa bu qədər işi, üstəlik də əksəriyyəti bir-birini tanımayan insanların görməsi mümkünsüzdür.

Həyata keçirilən fəaliyyətləri qavraya bilmədiklərinə görə həddini aşaraq “gizli planları var” kimi düşüncələrə qapılan bəzi insanlar da var. Onlara da bunu izah etmək lazımdır ki, biz Allahın rizasından başqa bir düşüncə ilə hərəkət etməyi özümüzə haram sayırıq. Biz ümumbəşəri dəyərlərlə bütün bəşəriyyətə qucaq açmağı dünyanın bütün nemətlərindən üstün bilirik. Çünki biz axirətdə Cənabi-Allahın: “Siz bir insana əl uzadıb ona həqiqətləri çatdırdığınıza görə, Mən də sizi mükafatlandırıram” sözünü dünyalara dəyişmərik. Başqa fikir və düşüncələrə qapılanları isə zərgəri qoyub misgərdən mis alan qızıl tacirlərinə bənzədirik.

Biz bu düşüncələrlə oturub-durmalı, bizi rəncidə edən söz və hərəkətlərdən belə inciməməli, küsməməli, səbir və mülayimliklə şəkk-şübhəni aradan qaldırmağa çalışmalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.