Həqiqətə aparan nurlu yol – təfəkkür

Fəthullah Gülən: Həqiqətə aparan nurlu yol – təfəkkür

Sual: Yolumuzun vacib bir əsaslarından biri də təfəkkürdür. Kamil təfəkkürün hansı düsturları vardır?

Cavab: Təfəkkür insanın özünü öz daxili aləmi haqda düşünməyə məcbur etməsi, mütəmadi surətdə əşya və hadisələri ələk-vələk etməsi və bütün bunları təkrar-təkrar gözdən keçirərək əngin və dərin düşüncələrə dalması deməkdir. Kök etibarilə ərəb sözü olan “təfəkkür” təfəül babındadır. Bu bab isə insanın özünü bir işi görməyə məcbur etməsi, iradəsini layiqincə ortaya qoyması mənasını daşıyır. Nəticə etibarilə, “təfəkkür” adi düşüncədən fərqli olaraq, sistemli, dərin və mütəmadi yerinə yetirilən düşüncə fəaliyyətidir.

Quran-Kərim fəal (aktiv) ağılı xüsusi vurğulayır

Yolumuzun vacib bir əsası olan təfəkkür eyni zamanda müsəlmanlığın da təməl prinsiplərindən biridir. Çünki Qurani-Kərim bir çox ayələrdə göylərdən, yağışın yağmasından, bitkilərdən, buludlardan, küləkdən, ulduzlardan, atmosferdən, canlıların yaradılışından, insanların rusizindən, qısaca afaq və ənfusa (zahiri və batini aləmlərə) dair dəlillərdən bəhs etdikdən sonra sözü təfəkkürün üstünə gətirir. Məsələn, Cənabi-Allah “Ali İmran” surəsində yerin və göyün yaradılışından, gecə və gündüzün qısalıb uzanmasından, insanlara faydalı olsun deyə dənizlərdə gəmilərin üzdürülməsindən, göydən yağdırılan yağışla cansız torpağın dirildilməsindən, orada saysız-hesabsız canlıların yaradılmasından, küləklərin hərəkətindən, yerlə göy arasında əmrə müntəzir dayanan buludlardan bəhs etdikdən sonra لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ buyuraraq bütün bunlarda təfəkkür edən insanlar üçün Allahın varlıq və birliyinə dair ayələr (dəlillər) olduğunu vurğulamışdır (“Ali İmran” surəsi, 2/164).

Qurani-Kərimdə bu məzmunda çox sayda ayələr var. Bu ayələrin bəziləri ağıla, bəziləri fikrə, bəziləri də elmə xitab edir. Aralarında incə nüans fərqləri olsa da, mahiyyətcə hamısı eyni məsələyə təmas etməkdədir ki, bu da insanların Allah-taalanın afaq və ənfusda xəlq etdiyi dəlillər haqda düşünməsi, ağlını işlətməsi və təfəkkürə dalmasıdır.

Bir çox ayənin لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ sözləri ilə bitməsi belə bir fikir də doğurur ki, Qurani-Kərim “təfəkkür etmək” felini geniş zaman çərçivəsində verərək bizi mütəmadi aktiv ağla (düşüncəyə) səsləyir. Bəli, Qurani-Kərim bircə dəfə də olsun passiv ağıldan bəhs etmədiyi kimi, təkcə keçmişə aid əqli fəaliyyətdən də danışmır. Əksinə Qurani-Kərim “geniş zaman”da həyata keçirilən təfəkkür prosesindən bəhs edərək insanı keçmişlə yanaşı, bu günü və gələcəyi də təfəkkür etməyə səsləyir. Bu səbəbdən insan keçmişlə əqli və məntiqi əlaqə qurmaqla birlikdə, müasir dövrü və gələcək zamanı da təfəkkür süzgəcindən keçirməli və hər addımı buna əsasən atmalıdır. Üstəlik sözügedən ayələr fəal (aktiv) ağıldan bəhs etməklə təfəkkür prosesinin mütəmadiliyini də vurğulamış olur .

Yeri gəlmişkən, burada bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bu məzmunda olan ayələrin məalı ümumiyyətlə “əql etmək, düşünmək” sözləri ilə verilir. Ancaq bu kəlmələr يَعْقِلُونَ sözünün mənasını tam ifadə etmir. Qeyd edək, bu ifadələr əlacsızlıqdan işlədilsə də, zəif seçimdir. Bəlkə də, bunun əvəzinə “əqli mühakimə yürüdərək əşya və hadisələri təhlil etmək”, “təfəkkür vasitəsilə əqli nəticələr çıxarmaq”, “ağıl vasitəsilə xilqət aləmini süzgəcdən keçirmək” kimi kəlmələri işlətmək olar.

İnsan özünü ancaq təfəkkürlə kəşf edər

Nəzərə alanda ki, Allah-taala (cəllə cəlaluhu) bir çox yerdə insanları ağılı işlətməyə və təfəkkür etməyə səsləyir, o halda möminlər də afaqi və ənfusi təfəkkürdə kamilləşməlidir.

Ənfusi təfəkkür aspektindən yanaşıb insanın, − Aleksis Karrelin “İnsan adlı müəmma” kitabında təhlil etdiyi kimi – yalnız fiziologiya və anatomiyasına nəzər yetirsəniz belə, görəcəksiniz ki, o, həqiqətən ehtirama layiq bir xilqət abidəsidir. Bəli, insan zahiri və batini aləmləri etibarilə o qədər mükəmməl bir varlıqdır ki, əgər Allahdan başqasına səcdə etmək caiz olsa idi, insana səcdə edilərdi. Ancaq Allah (cəllə cəlaluhu) özündən başqasına səcdə etməyi yasaqlamışdır. Mələklərin Həzrəti Adəmə səcdə etməsi isə əmrə itaətin əhəmiyyətini göstərmək üçün bir imtahan idi.

Bununla yanaşı, Allaha edilən səcdədə Həzrəti Adəmin mehrab seçilməsi onu göstərir ki, belə bir məqama, məziyyətə və özünəxas xüsusiyyətə malik başqa bir varlıq yox idi. Çünki Adəm bir mənada maddə və mənanın, fiziki və ruhani aləmlərin kəsişmə nöqtəsidir. Başqa sözlə desək, o, Cənabi-Allahın bütün əsmai-hüsnasını özündə ehtiva edən bir aynadır. Bu qədər mükəmməl bir varlığı maddi və mənəvi cəhətləri ilə öyrənmək istəyənlərin dərin təfəkkürə dalmaması mümkünsüzdür. Bəli, istər insanın əl, ayaq, göz, qulaq, burun, dil, dodaq kimi maddi cəhətinə, istər həqiqi mahiyyətinə nəzər yetirin − düzgün yanaşmaq şərtilə − onun ağılı düşünməyə sövq edən mükəmməl bir kitab olduğunu görəcəksiniz.

Xüsusilə də, insanın nəfsinə, qəlbinə, duyğularına, şüurunun şüurunda olmasına və iradəsinə baxanda onun nöqsansız və möhtəşəm bir mexanizm olduğunu görürük. İnsan belə bir sistemin sükan arxasında əyləşdiyinə, onu işlətdiyinə, mərkəzində taxt qurduğuna və ona yaxın olduğuna görə, onu ən yaxşı anlayan da özüdür. Əgər insan ənfusa yol tapsa, onun maddi və mənəvi cəhətini dərindən düşünsə, yer kürəsində uğur qazanıb kosmosa qədəm basanlar kimi, afaqa da qanad aça bilər. Başqa sözlə desək, ənfusa dair batini aləmlərdə həyata keçirdiyi sistemli bir təfəkkür sayəsində Allahın hər şeyi yerli-yerində xəlq etdiyini qavrayan insan gözlərini zahiri aləmə çevirəndə arı kimi hər çiçəkdən bir nektar toplayaraq yuvasına dönər.

Söhbət məkanları təfəkkür məclsiləri olmalı

Bəli, insan təfəkkürün hər iki − afaqi və ənfusi növündən səmərəli istifadə edərək oturub-durduğu məclisləri Allahın təşri (şəriətə aid) və təkvini (təbiətə aid) qanunlarının ətraflı mütaliə edildiyi yerlərə və müdavimlərin “qəlbin zümrüd təpələri”nə səyahətə çıxdığı məkanlara çevirməlidir. Əks halda məclislərin ciddi bir ab-havaya bürünməsi mümkünsüzdür. Qeyri-ciddiliyin hakim olduğu bir məkanda isə insanlar ancaq qoca qarılar kimi onun-bunun qeybətini qırarlar. Bu cür dedi-qodular isə həm zamanı, həm məkanı, həm də ab-havanı kirlədər. Belə kirli bir ab-havada isə təfəkkür toxumu “cücərməz”. Özünü nəfsani istəklərin axarına atan bir insan xilqət aləmindəki sirlərin açarı olan təfəkkürün qollarına qandal vurmuş və onu iflic etmiş sayılır.

Yeri gəlmişkən: Mədəd əfəndinin danışdığı bir hadisədən bəhs etmək istəyirəm. O vaxtilə II Əbdülhəmidin yavəri olub. Bir vaxtlar bir yerdə qalmışdıq. Onda mənim 12-15 yaşım olardı. Onun isə 75 yaşı var idi. Əsil Osmanlı bəylərindən idi. 1908-ci ildə Sultan Əbdülhəmidi (cənnətməkan) taxtdan salandan sonra ittihadçılar onu da dəlixanaya saldırırlar. Dəlilərin arasında qalmaqdan bir az ağlını itirmişdi. Onsuz da məcnunlarla eyni məkanda qalmağa məcbur edilən insan onların yolunda getməsə və onlarla razılığa gəlməsə, problem çıxar, dəlilər ona “dəli” deyər. Bir müddət dəlilərlə qalan Mədəd əfəndi bəzən onların hərəkət və davranışlarından bəhs edərdi. Kimisi əlinə bir güzgü götürüb Ərzurumu sel basdığını deyərmiş, kimisi sobanın dəliyində xəzinə gizlədildiyini danışarmış, kimisi də qəzetlərdə çıxan məqalələri söyərmiş.

Sözü ona gətirmək istəyirəm ki, əgər biz də oturub-durduğumuz məkanları nurlu məclislərə çevirməsək, başımız dünya və axirətdə bir faydası olmayan söhbətlərə qarışar və gəvəzəlik ucbatından vaxtımızı hədər etmiş olarıq. Dəlixanadakı adamlar kimi, biri durub yersiz bir söz ortaya atar, o biri başqa bir boş mövzudan söhbət açar, bir başqası da durub kiminsə abrını ətəyinə bükər... Beləcə məclislərimiz bar verməyən qupquru torpaqlara dönər. Biz isə üsyan dəryasına yelkən açmış və vaxtımızı boş-boş məsələlərlə israf etmiş olarıq. Məclisi “iman məclisi”nə çevirmək mümkün ola-ola, niyə onu ruhu, mənası ölmüş bir qəbristana döndərək ki?! İtaət yolu ola-ola, niyə dönüşü olmayan dəryaya baş vuraq?! Niyə məclislərimizdə bir yol tapıb Quranın əngin dünyasına qanad açmayaq?!

Məclislərimizin bərəkətli olmasını istəyiriksə, hər bir kəlmədə Allah və Rəsulunun təfəkkür edilməsinə zəmin hazırlamalı, mühavirə (iki şəxs arasında söhbət) və müzakirələrdə (dinə dair söhbətlər) sözü daim söhbəti-canana gətirməliyik. Gəvəzəlik etmək istəyənlərə münasib şəkildə müdaxilə edilməli və “Qardaş, Allaha, Peyğəmbərimizə dair bir sözün varsa, buyur, söylə, dinləyək; yoxsa bir kitab gətir, oxuyaq” deməli və qəlbləri ehtizaza gətirən, gözləri yaşardan və insana insan olduğunu xatırladan bir mövzu ətrafında müzakirə aparılmalıdır. Məsələn, biri Quran oxuyar, ayələri izahını bilən varsa, o da təfsir edər və beləcə ruhumuz hüzur tapar. Təfsiri bacaran yoxdursa, bir məal və ya təfsir kitabını açıb oxunan ayələri anlamağa çalışarsınız. Beləliklə, anladıqca, təfəkkür etdikcə bayağılıqdan, düşüncə dayazlığından uzaqlaşar və dərin mülahizələrə dalarsınız.

Xülasə, təfəkkür sayəsində Allahın hüzurunda acizliyimizi, fəqirliyimizi və şükrə möhtac olduğumuzu daha dərindən anlayacaq, məxluqata daha da şəfqətlə qucaq açacaq və Allahın izni ilə hizmətimizi şövqlə davam etdirəcəyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.