Mərifət, Məhəbbət və Mədyuniyyət

Sual: İmani əsaslarla bəxş edilən lütf və gözəlliklərə mədyuniyyət duymalı olduğumuzu əqlən qəbul edirik. Lakin bu mədyuniyyəti bütün dərinliyi ilə qəlbən duya və bu mövzuda tələb olunanı yerinə yetirə bilmirik. Bu mövzuda nə məsləhət görürsünüz?

Cavab: İnsan doğrunu doğruluğu ilə, gözəli gözəlliyi ilə, fəzilətli bir şəxsi də fəzilətləri ilə nə qədər tanıyırsa, o qədər sevir. Bəli, sevgi bilməkdən asılıdır. Mərifət məhəbbətin sinəsində böyüyüb boy atar, inkişaf edər; mərifətin çoxaldığı nisbətdə məhəbbət də dərinləşər, kök salar və tədricən qarşısıalınmaz bir eşqü-iştiyaqa çevrilər. Mədyuniyyət[1] hissi də mərifətdən qaynaqlanan belə bir məhəbbət və heyranlığın təbii nəticəsidir. Fəzilət və gözəllikləri tanıyıb öyrəndikcə onlara qarşı eşqü-iştiyaq duyğuları ilə alışıb-yanan insan, onlardan istifadə və istifazə[2] yollarına baş vuracaq və istifadə və istifazə etdiyi səviyyədə də minnətdarlıq, şükür hisləri ilə coşub daşacaq.

İcmali bilikdən həqqülyəqin üfüqünə

Məsələn, Allah Rəsuluna (əleyhissalatu vəssalam) qarşı mədyuniyyət hisləri ilə coşub-daşmaq üçün əvvəla Onun haqqında icmali də olsa məlumatımız olmalıdır. Bu icmali məlumatla Rəsuli-Əkrəmə (əleyhi əkməlüttəhaya) inanan bir insan sössüz ki, bununla kifayətlənməməli və O Fəzilət Günəşini özünəxas xüsusiyyət və dərinliyi ilə tanıyıb öyrənməyə çalışmalıdır. Başqa sözlə, icmali məlumatını detallaşdırıb təfsilata çevirməli, bir mənada elmülyəqin mərtəbəsinə addım atmalıdır. Sonra bununla da kifayətlənməyib eynəlyəqin[3] dərəcəsinə sıçramalıdır. Hətta qəlbi və ruhi həyat üfüqünə yönəlib bu müstəvidə ömür sürərək gözünü həqqülyəqin üfüqünə dikməli və məsələləri bir müntəhitək[4] birbaşa daxilən ehsas və ehtisasla[5] duyub hiss etməyə çalışmalıdır. Əks halda, bu mövzuda kifayət qədər məlumatı olmayan, o məlumatı təfsilata çevirib dərindən mənimsəməyən və məsələlərə kor-koranə baxan insanın Kainatın İftixarını (sallallahu əleyhi və səlləm) həqiqi mənada, ürəkdən, dərin sevgi ilə sevməsi, sevib Ona qarşı mədyuniyyət hisləri ilə coşub-daşması mümkün deyil.

Səhv başa düşülməsin, bu "o insan qurtula bilməz" demək deyil. İmanın bir rüknü olan,

لاَ إِلهَ إِلاَّ اللهُ مُحَمَّدٌ الرَّسُولُ اللهِ

sözünü söyləyən və qəlbən təsdiq edən bir insan Allahın izni ilə, əlbəttə ki, qurtular. Buna heç kim etiraz edə bilməz. Ancaq qurtulmaq başqa, o Zata qarşı mədyuniyyət duymaq, o işi layiqincə yerinə yetirmək tamam başqa məsələdir. Bu məsələdə əvvəla, iradə ortaya qoyulmalı, vəzifə və məsuliyyət şüuru ilə hərəkət edilməli və tayı-bərabəri olmayan o müstəsna Zata layiqincə sevgi və ehtiram göstərilməlidir.

Hər gün bir daha “Bismillah”

Əslində bu, Allaha iman məsələsi üçün də keçərili haldır. Bəli, nəzəri planda Ona “inandım” deyən və ürəkdən, şəkk-şübhəsiz Ona iman edən hər kəs qurtular. Lakin belə bir imanla qurtulmaq başqa, Zati-Üluhiyyəti (belə demək mümkünsə) həqiqi mahiyyəti ilə (mahiyyəti-nəfsül-əmriyə) tanımaq, dərk etmək tamam başqa məsələdir. Muhyiddin ibn Arabi Həzrətlərinin "Allahı tanımaq Onun Zatını tanımaqdan fərqlidir" yanaşması da güman ki, bu xüsusa işarə edir.

Necə ki, Fətrət dövründə[6] yaşayan bir insan öz ağlı ilə Yaradanın var olduğunu dərk edə bilər. Çünki kənd kəndxudasız, iynə ustasız, hərf katibsiz olmadığına görə, bu böyük, ahənglə işləyən kainat da sahibsiz, maliksiz və nazimsiz deyildir. Kainatdaki bu nizam nəzəri planda Yaradanın varlığı və birliyini sübüt edir. Ancaq bu məlumat əhatəli bir baxışla bütün ilahi isimlərin həqiqəti çərçivəsində Cənabi-Haqqın Zatını tanımaq demək deyil. Qaldı ki, nəzəri planda belə əhatəli bir məlumatın mərifətə çevrilməsi, başqa ifadə ilə, nəzəri məlumatın vicdanən sezilməsi, duyulması, tanınması tamam ayrı məsələdir. Bu, ancaq əməllə varılan bir üfüqdür. Bəli, insan ancaq əməllə, vicdanən duyaraq Cənabi-Haqqı (cəllə cəlaluhu) dərk edə bilər. Ustad Həzrətləri bir mənada belə bir dərk etmə ilə bağlı "həds" kəlməsini işlədir. Həds bir mənada səbəblər olmadan dərin ehsas və ehtisasla vicdanda mərifət pətəyinin qurulmasıdır. Eyni zamanda onun nəticəsi izan dərəcəsində, şəkk-şübhədən uzaq imandır. Cənabi-Haqq bunları bəzi insanlara xüsusi lütfü ilə verə bilər. Ancaq ilahi adət belə cərəyan etmədiyinə görə bunu istisna qəbul etməli və istisnaların qaydanı pozmadığını nəzərə alaraq onu ayrı bir kateqoriyada dəyərləndirməliyik. Bu nöqteyi-nəzərdən bir daha qeyd edək ki, iman həqiqətləri nəzəri biliklə deyil, ancaq əməllə, biliyi həyata keçirməklə, xarakterin dərinliyinə çevirməklə həqiqi mənada təzahür edər.

Bu səbəblə, iman üçün başlanğıcda icmali bilik kafi olsa da, mömin heç vaxt bununla kifayətlənməməlidir. O, hər səhər doğan günəşlə bərabər bir daha "Bismillah" deyib təkrar Quran ayələrinə və Peyğəmbər hədislərinə baş vurmalı, təqvini ayələri gözdən keçirməli və bu istiqamətdə yeni-yeni araşdırma, təhqiqat və tədqiqatlarla bina ucaldan insan kimi imanını bir daha nəzərdən keçirməlidir. Dünənki məlumatlar ona kifayət deyil. Çünki siz bu gün bu başdan o başa kainat kitabını tədqiq etsəniz və cildlərlə məlumat toplasanız da, sabah o Zati-Əcəllü-Əlayı (Allahı) hüşyar bir könüllə təkrar duyub hiss etmək üçün yenə də biliyə ehtiyac duyduğunuzu görəcəksiniz. Bəli, Cənabi- Haqqı hər gün bir daha duyub hiss etmək üçün Hz. Ustadın “Ayətül-Kübra”dakı "həl min məzid"[7] qəhrəmanı kimi imanı yenidən dirçəltməli, yenidən ayağa qaldırmalı və: "Hazırda duyub hiss etdiklərimə baxanda, elə bil, dünən inanmamışam. Sanki, bu gün iman gətirmişəm". Ertəsi gün bəzi imani məsələləri bir daha ələyib analiz etdikdən sonra: "Mən dünən də qəflətdə imişəm, əsas bu gün Cənabi-Haqq mənə Zatını duyurdu" deməlisiniz. Hətta peyğəmbərlər məclisinə girsəniz və o ülvi heyətin boyası ilə  boyanıb Cənabi-Haqqın ərşini seyr etsəniz, yenə də doymamalı, bu məqamda belə şkalanı bir qədər yüksəldib "Həl min məzid?" deməlisiniz.

Mövcudla kifayətlənmək və şeytanın badalağı

Məramımı ifadə etmək üçün, icazənizlə, bir misal verim. Bildiyiniz kimi əhli-sünnə vəl-camaat inancına görə dünya Cənabi-Haqqı görmək üçün uyğun bir tamaşagah olmadığına görə Allahı (cəllə cəlaluhu) burada görmək qeyri-mümkündür. “Gördüm” deyənlərin əslində gördükləri ruh güzgülərinə görə bir təcəllidir. Bununla yanaşı, fərz edək ki, bir insan buna nail oldu. O bu məqamda da himmətini o qədər yüksək tutmalı ki, "Daha yoxmu?" deməlidir. Bundan artıq nə ola bilər? Məsələn, Cənabi-Haqqın camalı və kamalını müşahidəyə nail olan insan: "Görəsən əsmayi-ilahiyə[8] və sifəti-sübhaniyə[9] ilə ifadə edilən O Zatın camalı və kamalını əhatə və idrak ölçüsündə, Onun həqiqi mahiyyətinə uyğun şəkildə görə bilmək mümkünmü?" deməlidir. Hərçənd bildiyiniz kimi Qurani Kərim:

لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ

"Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir" (“Ənam” surəsi, 6/103) buyuraraq bu mövzuda önümüzə bir sədd-sərhəd qoymuş və bunun o tərəfini görməyin qeyri-mümkünlüyünü bildirmişdir. Çünki insan mühatdır[10] və mühat eyni zamanda mühit[11] ola bilməz. Mühit olan, əhatə edən Odur. Əhatə edən əhatə etdiyi halda əhatə edilə bilməz. Lakin fəqir[12] ali himmətin əhəmiyyətini izah etmək üçün, belə bir örnəklə mövzuya diqqətinizi çəkmək istədi.

Mövzumuz baxımından əsas məsələ insanın biliyi ilə kifayətlənməməsidir. Çünki mövcudla kifayətlənmək dunhimmətlilikdir[13]. Məktəbdə aldığı biliklə kifayətlənən, biliklərini dərinləşdirmək üçün əzm göstərməyən, dərinliklərdəki zənginlikləri axtarmayan insan himmətinə zəncir vurmuşdur. O, həmişə yerində sayar. Yerində sayan insan da qurumağa, tökülməyə və karbonlaşmağa layiqdir. Belə insan (Allah qorusun) gec-tez başaşağı gedər. Bu gün olmasa da sabah can hulğuma gəlib əl ələ, ayaq ayağa “əlvida” deyəndə (Rəbbim qorusun) bir şeytan badalağı ilə başaşağı gedə bilər.

Belə bir əbədi həlakdan qurtuluş yolu isə, yuxarıda da ifadə etməyə çalışdığım kimi, sürəkli bilikləri təzələməkdən, artırıb dərinləşdirməkdən, onu təbiətə hopdurub ürfan və mərifətə çatdırmaqdan asılıdır. Çünki biliyi mənliyinə, xarakterinə hopmuş insana şeytan min oyun qursa, filosoflar kimi başını qarışdırmağa çalışsa da, o, ürfan və mərifət sayəsində fəsad törətmək üçün çırpınan şeytana dodaq altdan gülüb (məni bağışlayın loru dildə deyəcəm) "Sən get bu nağılı uşaq-muşağa danış!" deyərək yoluna davam edəcək. Bəli, belə bir məqama çatmış insana gələn vəsvəsə və şübhələr, Allahın izni və inayəti ilə, ya altdan vurub keçər, ya üstdən vurub keçər, amma əsla onun məxzənül-imanına girə bilməz.

Mədyundur O Məsuma bütün bəşəriyyət

Hər gün xilqət aləmində minlərlə ilahi təcəllini oxuyub mərifət pətəyi quran və bu təcəlliləri müşahidə edib Allah sevgisi ilə alışıb yanan insan yeri gəlsə, yuxudan olar, rahatını, dincliyini tərk edər və Onun rizasını qazanmaq üçün hər cür çətinliyə, məşəqqətə sinə gərər. Bəli, belə insan üçün Haqqın xoşnudluğunu qazanma uğrunda çəkilən məşəqqət, dərd və cəfa zövq-səfadır. Dolayısilə, bu insan əngin kərəm və sonsuz mərhəməti ilə, min bir əsma və sifəti ilə Zati-Əcəllü-Əla olan Allahı tanıtdığına görə Rəhbəri-Əkməl və Müqtədayi-Küll olan Peyğəmbərimizi (əleyhi əlfü əlfi salətın və salam) dərindən sevər və ona qaşı mədyuniyyət duyar.

Çünki O olmasa idi, kainat kitabını heç vaxt doğru oxuya bilməz və Zati-Üluhiyyəti tanıya bilməzdik. Əsmayi-ilahini, sifəti-sübhanini öz ağlımızla necə tapardıq?! Zati-Üluhiyyət mövzusunda ağıl bizə nə yol göstərə bilərdi?! Bu mövzularda ağılın hər sözü cılızdır, hətta köksüz və soysuzdur. Bu cür sözlərdən Hz. Məsih, Hz. Əli və ya Əimmeyi-İsna-Əşərənin, haşa, üluhiyyəti kimi zəlalətlər; hülul və ittihad kimi sapqınlıqlar çıxmışdır ki, bütün bunlar ağlın inhiraflarıdır. Halbuki fətanəti-əzəm Həzrəti Ruhu-Seyyidül-Ənam (əleyhi əkməlüttəhaya) vəhy ilə möhkəmləndirildiyinə görə, bizə ağlın əli çatmayan sirli açarlar vermiş; vermiş və xaosda, zülmətdə olan əşya və hadisələrin dili açılmış; varlıq oxunaqlı, məzmunlu, möhtəşəm bir kitaba çevrilmiş; zülmət, anarxiya və qaranlıqlarda büdrəyən bəşəriyyət də qurtulmuş və insani dəyərlərlə yenidən dirilmişdir. Mərhum Akif bu həqiqəti necə də gözəl ifadə edir:

"Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi!
Mədyundur O Məsuma bütün bir bəşəriyyət,
Ya Rəbb, bizi məhşərdə bu iqrar ilə həşr et!"

Bəli, biz xilqətin əsas qayəsi, ən mənalı nüktəsi olan o Zata məhz belə mədyunuq. O olmasa idi, kainat da olmamalı idi, biz də olmamalı idik. Çünki hər şey Onunla mənalanmışdır. Cənabi-Haqq Onun əli ilə varidat və mavahibini[14] üstümüzə yağdırır. Yoxsa, torpaqdan gəlmə və torpağa gömülərək yoxluğa atılmadan ibarət həyatdansa, bu fikirlərlə ömür sürməkdənsə, məncə, insan heç olmasa idi, daha yaxşı idi.

Bu baxımdan Ona qarşı dərin sevgi və yaxınlıq təbii haldır. Əsas olan odur ki, mərifət canlı, dinamik bir kültürə çevrilib vicdanən duyulsun, bir ağırlığı olsun, istiqamətverici olsun və varlığa daha əhatəli, daha əngin baxmağa zəmin hazırlasın. Məhz bu zaman bu sevgi və yaxınlıq sağlam bünövrəli “həqiqi məhəbbət” ünvanına çevrilər. Və bu məqamda Əleyhissalatu Vəssalamı andığınız hər yerdə ayaq ucundan saçın ucuna qədər bədəniniz ehtizaza gələr, həyəcanlanar və ürəyiniz şiddətlə döyünər, burun sümüyünüz sızıldayar... Yox, sızlamazsa, məncə, bu üzvlərin var olma məna və qayəsi də yox olmuşdur.

Sualla bağlı son olaraq bunu demək istəyirəm: Dinin bizə gəlib çatmasını təmin edən və onu praktik həyata mənimsədən Hüləfayi-Raşidin Həzrətlərinə qarşı da zilli planda[15] sevgi, sayğı və mədyuniyyət duymalıyıq. Çünki Həzrəti Əbu Bəkir olmasa idi, demək olar ki, yarı dindən məhrum qalar, dini həqiqi məna və məzmunu ilə yaşaya bilməzdik. Hz. Ömər olmasa idi, dinin bir qismi natamam qalar; Həzrəti Osman olmasa idi, dində çatlar əmələ gələr; Həzrəti Əli olmasa idi, bu dini doğru və əhatəli şəkildə öyrənə bilməzdik. Sözsüz ki, dərəcələrinə görə Əşərəyi-Mübəşşərə, səhabeyi-kiram və sonra gələn müctəhidini-kiram və mücəddidini-fiham böyüklərimiz də ağılasığmaz əzmkarlığına görə dərin ehtiram və minnətlə anılmalıdır. Bəli, zillin zilli planında da onlara qarşı sevgi və sayğı duymaq, onları mədyuniyyətlə yad etmək adları çəkilən şəxslərin haqqı, bizim də vəzifəmizdir.


[1] Minnətdarlıq, borcluluq

[2] İstifadə, əqlə istifazə isə qəlbə məxsus əməldir.

[3] Gözlə görüb yəqin etmə

[4] Sona çatan, bitən. Mövləvi təriqətində 1001 günlük çiləni bitirən şəxs mərasimlə “dədə” ünvanına layiq görülür. Dədələrə “müntəhi”, çiləyə yeni girənlərə isə “mübtədi” deyilir.

[5] Xarici duyğu orqanları ilə, 5 duyğu orqanla qəbul edilən məlumatlar ehsas, daxili duyğularla qəbul edilənlərə isə ehstisaslardır. Hislərin elmi və obyektiv olmasına ehsas, subyektiv olana, yəni şəxslərə görə dəyişənə ehtisas deyilir.

[6] Vəhyin gəlmədiyi peyğəmbərlər arası dövrlər.

[7] Daha yoxdur?

[8] Allahın isimləri

[9] Allahın bütün nöqsanlardan uzaq olan sifətlətləri

[10] Əhatə olunmuş

[11] Hər şeyi əhatə edən

[12] Özünü nəzərdə tutur

[13] Alçaq niyyətli, ali məramlının əksi

[14] Ehsanlar, bəxşişlər, hədiyyələr

[15] Əslinə kölkə salmayacaq səviyyədə

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.