Səbəblərə riayət - təvəkkül və iztirab

Sual: Möminlərlə bağlı məsələlər qarşısında özünü həlak edərcəsinə iztirab çəkmək və bu istiqamətdə səbəblərə riayətdə həssas olmaq təvəkkülə mane ola bilərmi? Bu mövzuda tarazlıq necə qorunmalıdır?

Cavab: Əvvəla, bunu ifadə etməliyəm ki, “səbəblərə riayət”lə “təvəkkül” bir-birinə zidd anlayışlar deyil. Bəli, “səbəblərə riayət”lə “təvəkkül” bir vahidin iki üzü, bir-birini tamamlayan iki ünsürdür. Çünki təvəkkül hər şeyi nəzərə alaraq əsbaba[1] riayət edib Qüdrəti Sonsuzun icrasını, hökmünü gözləmək deməkdir. Yəni bir işə başlayarkən bir tərəfdən ilahi əmrlərə əsasən səbəblərə ciddi riayət etmək, digər tərəfdən də həqiqi təsir gücünün səbəblərə məxsus olmadığnı dərk edərək hər şeyin Cənabi-Haqqın məşiyət[2] və iradəsindən asılı olduğunu düşünmək, Onun lütf və inayətinə sığınaraq nəticəni yalnız və yalnız Ondan gözləməkdir.

Əmrə itaətdə incəlik və əsbaba riayət

Bəli, biz dünyada əsbab dairəsində xəlq edilmişik. Havaya, suya, yeməyə, içməyə, yatmağa, istirahətə; buluda, atmosferə, dünyaya, dünyanın günəşin ətrafında fırlanmasına, günəşlə aramızdakı ölçülü məsafəyə, fəsillərə və s. ehtiyacımız vardır. Bizi əhatə edən bütün bu səbəblərə qarşı laqeyd ola bilmərik. Bunlara qarşı laqeydlik təkvini əmrlərə, başqa ifadə ilə Cənabi-Haqqın kainatda qoyduğu qayda-qanunlara laqeydlik de­mək­dir. Həmçinin madam ki, Cənabi-Haqq izzət və əzəmətinə səbəb pərdələri çəkmiş, səbəblərlə ətrafımızı sarmışdır ki, qüdrət və iradəsinin zahirən bəsit olan şeylərlə əlaqəsi görünməsin və Onun izni olmadan onlardan qurtulmaq mümkün deyil. Elə isə Allahın qoyduğu bu səbəbləri görməzlikdən gəlmək, Allahın əmrlərinə itaətsizlik və Ona qarşı hörmətsizlik deməkdir.

Bu nöqteyi-nəzərdən əsbaba riayətdə həssaslıq çox vacibdir. Hətta demək olar ki, səbəblərə riayət mövzusunda əmrə itaətdəki incəliyi dərk edib buna uyğun hərəkət edən insan onları Cənabi-Haqqın rizasına çatmaq üçün bir hələzonun pillələrinə və ya Allaha şaquli istiqamətdə yüksələn bir tramplinə çevirə bilər. Lakin hər şeyi səbəblərdən bilmək və hər şeyi səbəblərə bağlamaq bir mənada Müsəbbibül-Əsbabı görməmək deməkdir ki, bu da (haşa) əsbabın Allaha şərik qoşulmasına gətirib çıxarır.

Bu ümumi izahdan sonra gəlin xüsusən möminlərin vəziyyəti ilə bağlı məsələlərdə əsbaba riayətlə təvəkkül arasındakı tarazlığa nəzər yetirək.

Kürtün səbri və vaxtı-mərhun

Möminlərin dünyəvi-üxrəvi səlaməti və dinin əhyası kimi mövzularda da insan nə Müsəbbibül-Əsbab barədə qəflətə düşəcək qədər əsbaba yönəlməli, nə də səbəbləri görməzlikdən gələrək müəyyən tərtib və təqvimdən asılı məsələlərdə tələskən və səbirsiz olmalıdır. Məsələn, bir millətin öz dəyərləri əsasında təkrar dirilişi kimi uzunmüddətli prosesə niyyət edilmiş və bu istiqamətdə sərmayə qoyulmuşsa, sərmayənin tələb etdiyi müəyyən tərtibi və təqvimi də nəzərə almaq lazımdır. Çünki elə məsələlər var ki, bəzən bir əsrə ehtiyacı var. Məhz belə bir məsələnin (Sünnətullah nöqteyi-nəzərindən) öz təbii prosesi xaricində həll olunmayacağını da unutmamaq lazımdır. Bəli, belə bir yatırıma, "Niyə olmur, niyə millət dəyərlərinə sahib çıxıb dirilmir?" deyib tələsməmək lazımdır, sərmayə qoyulduqdan sonra da “zamanın çıldırtıcılığına” qarşı səbir etmək çox vacibdir. Əgər kürtün yumurtalarını vaxtından əvvəl qırsaq, cücələri –Ərzurumlular kimi desək– “cılk” etmiş olarıq. “Cılk” etməmək, səbirsizlik göstərib nəticədə həzin bir hüsrana məruz qalmamaq üçün o vaxtı-mərhuna[3] hörmət etməlisiniz ki, bu da “əsbaba riayət həssaslığı”dır. Səbəblər tamamən yerinə yetirildikdən sonra isə artıq Allaha təvəkkül edilməlidir. Çünki səbəblər həqiqi təsirə malik olmadığına görə Cənabi-Haqq diləmədikcə sırf səbəblərə riayətlə nəticə əldə oluna bilməz. Bəli, nəticə Cənabi-Haqqın iradə və məşiətinə bağlıdır; diləsə, yaradar, diləsə, yaratmaz.

O halda qulluq və mükəlləfiyyətdə əsas olan əvvəla səbəblərə riayət etmək, buna qarşı laqeyd olmamaqdır. Bir tərəfdən səy və cəhd tələb edən məsələlərdə geri addım atmamaq, ahəstəlik etməmək, digər tərəfdən də zamana bağlı olan mövzuları yaxşıca analiz edib səbirsiz davranmamaq lazımdır. İctimai həyatda heç bir sahə boş qalmamalı, hər sahədə mütləq fikir cəhdi, fikri fəaliyyət ortaya qoyulmalı; təkbaşına həll edə bilmədiyimiz, tez-tez uğursuzluğa düçar olduğumuz məsələlərdə isə müştərək ağıla və kollektiv şüura baş vurmalı, bu şəkildə xətaları düzəltməyə çalışmalıyıq. Müvəffəqiyyətsizlik bizi əsla sarsmamalı, "Bir hikməti var!" deyib Allaha güvənməli, Ona sığınmalıyıq. “Allaha təvəkkül”lə “səbəblərə riayət” arasındakı tarazlıq bunların hamısını birdən nəzərə alıb ona uyğun hərəkət etməkdən asılıdır.

Əlbbəttə, burada aramsız edilən dualarla Rəbbi-Kərimimizin inayət və mərhəmətini diləmək də əsasdır. Belə ki, mənə: "Müəyyən məsuliyyət daşıyan bu insanlar hər gün iki saat dua edirlər" desəniz, mən: "Niyə dörd saat deyil?" deyərəm. Üstəlik duada mütəmadilik çox vacibdir. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm):

يُسْتَجَابُ ِلاَحَدِكُمْ مَالَمْ يَعْجَلْ، يَقُولُ: قَدْ دَعَوْتُ رَبِّى فَلَمْ يَسْتَجِبْ لِى

"İnsan tələskənlik edib “Dua elədim, lakin Rəbbim duamı qəbul etmədi” demədikcə duasına cavab verilər" (Buhari, Daavat 22; Müslim, Zikr 92) buyuraraq bu barədə bizi xəbərdarlıq edir. Bəli, israrla və ıztirarla dua etməyə davam edən insan nuri-tövhid içində sirri-əhadiyyətin təcəlli etdiyini, əlavə lütf və ehsanlara məzhər olduğunu və təvəccöhə təvəccöhlə qarşılıq verildiyini vicdanən duyub hiss edə bilər.

Qəsvətli buludlar hər tərəfi bürüyəndə

Havanın qaraldığı, qapqaranlıq buludların hər tərəfi bürüdüyü dövrlərdə həssas və duyuq ruhlar həssaslıqları ölçüsündə iztirabla acı-acı inləyər, məsuliyyət daşıdığı insanlar üçün ciddi mənada narahatlıq keçirərlər. Necə ki Şəfqət Peyğəmbəri Allah Rəsulu da (sallallahu əleyhi və səlləm) Bədir döyüşünün əvvəlində ümməti üçün əndişələnmiş və dualarla Allaha yalvarmışdı. Allah (cəllə cəlaluhu) cihada izn verən:

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ

"Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!" (“Həcc” surəsi, 22/39) ayəni nazil etmiş və Rəsuli-Əkrəmi (əleyhissalatu vəssalam) Bədirə sövq etmişdi. Göründüyü kimi, ayənin sonunda Allah-Təala Rəsuluna kömək etməyə qadir olduğunu vurğulandığı halda Peyğəmbərimiz (əleyhi əlfü əlfi salatin və salam) əllərini açıb elə yalvarır ki, xirqəsi çiynindən düşür. Həzrəti Əbu Bəkir (radiyallahu anh) xirqəni götürüb İnsanlığın İftixarının çiyininə qoyur, yalvarışlar isə davam edir, mübarək xirqə yenə aşağı sürüşür. Əllərini açmış Allah Rəsulu belə yalvarırdı:

 اَللّٰهُمَّ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي اللّٰهُمَّ آتِنِي مَا وَعَدْتَنِي اللّٰهُمَّ إِنْ تُهْلِكْ هَذِهِ الْعِصَابَةَ مِنْ أَهْلِ الْإِسْلَامِ لَا تُعْبَدُ فِي الْأَرْضِ

"Allahım! Mənə vəd etdiyin (zəfəri) gerçəkləşdir! Allahım! Mənə vəd etdiyin zəfəri lütf eylə! Allahım, əgər bu bir ovuc İslam əhlinin yox olmasına imkan versən, yer üzündə Sənə ibadət edən qalmaz!" (Müslim, Cihad 58)  Hz. Əbu Bəkir Rəsulullahın bu qədər dua etdiyini görüb:

يَا نَبِيَّ اللّٰهِ كَفَاكَ مُنَاشَدَتَكَ رَبَّكَ إِنَّهُ سَيُنْجِزُ لَكَ مَا وَعَدَكَ

"Bu qədər yalvarış və dua yetər, ey Allahın Elçisi! Allah (cəllə cəlaluhu) Sənə olan vədini mütləq yerinə yetirəcək!" (Müslim, Cihad 58) deyir. Rəhbəri-Əkməl Müktədayi Küll Rəsulullah (sallallahu əleyhi və səlləm) bu davranışı, əlbəttə ki, iman və Quran yolunda xidmət edən möminlər üçün nümunədir. Yəni bir məfkurə yolçusu ediləsi hər şeyi elədikdən, bütün tədbirləri gördükdən, bütün həll yollarına baş vurduqdan sonra, üfüqdə bir işartı, bir aralı qapı görməsə belə heç vaxt ümidsizliyə qapılmamalı və:

رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ

"Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır" (“Mumtəhənə” surəsi, 60/4) kimi dualarla Allahın (cəllə cəlaluhu) qüdrətinə sığınmalıdır.

Yoxsa əndişələnmədən, sırf optimist yanaşma ilə, min bir hücum və təhlükə ilə üz-üzə ikən belə heç bir şey olmamış kimi yaşasaq, əhəmiyyət verməsək və laqeyd olsaq, əziyyətsiz və dərdsiz halımızı təvəkkül anlayışı kimi dərk edib təqdim etməyə çalışsaq, ciddi şəkildə yanılmış olarıq. Məsələn, hazırkı mövcud çətinliklər və təhlükələrə alternativ yollar tapmaq amacı ilə iztirab içində acı-acı inləmədən, sadəcə "Biz dünyanın dörd bir tərəfində məktəblər, mədəniyyət mərkəzləri, dil kursları açdıq. Dövləti-Aliyə dövründə heç bu miqyasda açılım olmamışdı. Allah bütün bunları hədərmi edəcək? Əlbəttə, Allah bu sis və dumanı dağıdacaqdır" deyib mücərrəd laqeydliyə qapılmaq və “əmniyət insanı” kimi hərəkət etmək qətiyyən doğru deyildir. Yuxarıdakı təslim və təvəkkül anlayışı ilə bu rəftar arasında fərq var. Biri iztirab və təvəkkülün savabını qazandırar, digəri optimist yanaşmanın cəzasını çiynimizə yükləyər. Birincisi Allahla irtibat və iltisaqın ifadəsi, vicdanın səsi və nəfəsi, ikincisi şeytanın təlqinidir. Çünki iztirab bir cəhətdən insanı duaya sövq edən mühüm amillərdəndir. Buna görə də, beş saat dua etməkdənsə, yarım saat iztirab çəkin; o qədər iztirab çəkin ki, fikir yoğurmaqdan başınız çatlasın, beliniz iki büklüm olsun, Məhəmməd ümməti yolunda dəli kimi koridorlarda “vurnuxun”, "Allahım nə olar! Məni əlli dəfə öldür, amma ümməti-Məhəmmədi dirilt!" deyərək iztirabla dəfələrlə ölüb-dirilin.

Bu nöqtədə dayanıb, subyektiv olsa da, bir halımı sizə ərz edim. Çox vaxt məni sıxan hadisələr zamanı yorğan və döşək sirdaşım olur. O kədərli hadisələri sizə də aça bilmir, qalxıb dəhlizlərdə gəzişir, bəzən də masaj alətinə oturub virdlərlə o haldan uzaqlaşmağa çalışıram. Dünən də kədərli hadisələrə çox sıxılmışdım. Sonra otağıma gəldim və öz-özümə "heç olmasa əvradımı oxuyum" dedim. Elə o əsnada “Qulubud-Daria”nı açanda daha əvvəl işarə qoyduğum yerin Məhəmməd b. Üsamə Həzrətlərinin əvradı olduğunu gördüm. Bu əvradda təvəkküllə bağlı bütün ayələr bir yerə toplanmışdır. Bunları oxuyanda köksümə necə bir şəfa olduğunu, qəlbimin necə bir inşirahla dolduğunu indi sizə təsvir edə bilmərəm. Məhz insan hadisələrin təzyiqi altında Allah-Təalaya yönələndə, yönəlib təvəkkül, təslim yoluna yürüyəndə elə sonsuz güc və qüvvətə söykənmiş, elə nəhayətsiz inayət və qüdrətə sığınmış olar ki, ən sarsıdıcı hadisələr belə –Allahın izni ilə – onu yerindən tərpədə bilməz.

Xülasə, bizim kimi zəif insanlar hadisələrin pərdə arxasını oxuya bilmədiyinə görə bəzən səbəblərə ilişib qalır. Məhz bu zaman dərhal işin arxa planına qayıtmalı və həmin məsələdə “Qüsurumuz varmı, yoxmu”  deyə özümüzü sorğu-suala çəkməliyik Ardınca da:

حَسْبِيَ اللهُ لاَ إِلَهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

“Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)” (“Tövbə” surəsi, 9/129) deməli, bu “həsbiyə”nin qalasına girməli, oraya sığınmalı və halımızı Allaha ərz edib o badirə və əndişələrdən sıyrılmağa çalışmalıyıq.


[1] Səbəblərə

[2] Arzu, istək, iradə

[3] Təyin olunmuş vaxt

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.