Mömin və münafiqin bəla və müsibətlərə qarşı münasibəti

Fəthullah Gülən: Mömin və münafiqin bəla və müsibətlərə qarşı münasibəti

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində mömini zəmiyə, münafiqi isə sidr ağacına bənzətmişdir. Bu hədisi necə başa düşməliyik?

Cavab: Sözügedən hədisi-şərif məna olaraq (mənanı qorumaq şərtilə fərqli sözlərlə rəvayət edilən hədislər) rəvayət edildiyi üçün rəvayətlər arasında kəlmə fərqləri var. Sözügedən hədis Müslimin kitabında bu şəkildədir:

مَثَلُ الْمُؤْمِنِ كَمَثَلِ الزَّرْعِ لَا تَزَالُ الرِّيحُ تُمِيلُهُ وَلَا يَزَالُ الْمُؤْمِنُ يُصِيبُهُ الْبَلَاءُ وَمَثَلُ الْمُنَافِقِ كَمَثَلِ شَجَرَةِ الْأَرْزِ لَا تَهْتَزُّ حَتَّى تَسْتَحْصِدَ
“Mömin zəmiyə bənzəyir. Zəmi əsən küləklə silkələndiyi kimi, mömin də tez-tez bəla və müsibətlərlə silkələnir. Münafiq isə zahirən möhkəm dayanan “ərzə” ağacına oxşayır. Bir dəfə silkələndimi, kökündən qopar (bir daha ayağa qalxa bilməz)” (Müslim, “Sifətül-münafiqin”, 58).

Əvvəla, bu hədisdən aydın olur ki, zəmi bənzətməsi bəla və müsibətlə üzləşmiş möminin halını təsvir edən ən gözəl bənzətmədir. Bildiyiniz kimi, külək gah sağdan sola, gah soldan sağa, bəzən öndən arxaya, bəzən də arxadan önə əsərək zəmini yelləyib silkələyir. Bu zaman zəmi yerə yatsa da, tufan və külək səngiyəndə təkrar başını göyə qaldırıb belini dikəldir. Mömin də bəla və müsibətlərlə silkələnir, ömür boyu bir çox imtahanlarla üzləşir, büdrəsə də, Allahın izni və inayətilə heç vaxt yıxılmır. Bəli, mömin dünya həyatında tez-tez imtahana çəkilir ki, mənən yüksəlsin, saflaşıb əsl mahiyyətinə qayıtsın, şərlə mübarizədə mənən güclənsin. Ərəbcə bir deyim bu həqiqəti gözəl ifadə edir “əl-Möminü bələviyyun”, yəni “mömin bəlakeşdir”. Ərəb dilinin qrammatik quruluşu baxımından bu cümlə səhv olsa da, mənası doğrudur. Belə ki, Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifdə buyurur: “Ən ağır, ən şiddətli bəlalar Peyğəmbərlərin, sonra da sıra ilə Allaha yaxın insanların başına gəlir” (Tirmizi, “Zöhd”, 57; İbn Macə, “Fitən” 23).

Məsələyə bu hədis nöqteyi-nəzərindən baxanda, (məsələn) digər insanlarla müqayisədə Əhli-Beyt daha ağır bəla və müsibətlərə məruz qalmışdır. Onlar hər cür işgəncə ilə üzləşmiş, müəyyən qüvvələrdən əziyyət görmüş, hətta bəziləri asılmış, qılıncdan keçirilmiş və beləcə şəhidlik şərbəti içərək Haqqa qovuşmuşlar. Buna baxmayaraq, onların məruz qaldıqları bəlalar ilk müsəlmanların başına gələn müsibətlərə çatmaz. İlk müsəlmanların başına gələnlər isə İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) çəkdiyi bəlalara çatmaz... Çünki hər kəs Allah-taalanın dərgahındakı mənəvi məqamı səviyyəsində bəlalara düçar olur.

Qar, boran və tufanların məskəni dağın zirvələridir!

Böyük insanlar daim zirvələrdə dayandıqlarına görə, qarı-boranı, dolunu, şaxtanı birinci onlar görürlər. Həzrəti Qəzalini düşünün: müəyyən dövrdə fikirləri xalq tərəfindən anlaşılmadığına görə, yurd-yuvasından edilmiş, tənha yerlərə çəkilmiş və qəbiristanlıqlarda guşənişin ömür sürməyə məcbur olmuşdur. Əbdülqadir Geylani Həzrətlərinin minacatlarındakı giley və şikayətlərə baxsanız, necə bəlalara məruz qaldığını daha aydın təsəvvür edərsiniz. Əbül-Həsən əş-Şazəli həzrətləri də onlardan az bəlaya məruz qalmamışdır.

Bu çağın fikir memarının çəkdiyi əziyyətlərə baxanda, elə bilirsən ki, ona ömür boyu gülmək nəsib olmayıb. Çox cavan çağlarında böyük layihələrlə İstanbula gəlmiş, lakin saray məmurları bu yüksək ideallardan başları çıxmadığı üçün onu dəli damğası ilə dəlixanaya göndərmişdilər. Saray məmurlarının ucbatından sözügedən layihə və təklifləri o dövrün ən uzaqgörən şəxsləri belə anlamamışlar. Əslində bir möminə imanına görə “dəli” demirlərsə, o, imanda kamala çatmış sayılmır. Ona da məhz kamil imanına görə “dəli” adını qoymuşdular. Ardınca müharibəyə yazılmış, ağır günlər keçirmiş, əsarətə düşmüş, əsirlikdə min bir cəfa çəkmişdir. “Səfa tapmaq” ümidi ilə vətənə dönmüş, orada da başqa bir cəfa ilə üzləşmişdir. Vanda mağaraya çəkilmiş, ancaq yenə də rahat buraxılmamış, həbs edilib Türkiyənin qərbinə sürgün olunmuşdur. Qalan otuz beş illik həyatında da kimisi din düşmənçiliyindən, kimisi qısqanclıqdan, kimisi də həsəddən ona gün verməmişdir. Dəfələrlə sürgünə göndərilmiş, zindanlara atılmış, insanlardan təcrid edilmiş və zəhərlənmişdir. Həbslər, məhkəmələr, edam hökmləri həyatından əskik olmamışdır.

İnsanların çəkdiyi müsibətlərin yanında biz nə görmüşük ki?!

Xülasə, ən ağır bəla və müsibətlərə peyğəmbərlər və ardınca da mənəvi məqamlarına görə digər insanlar məruz qalmışdır. Bu həqiqətin bir hikməti də budur: Əgər bir ideala rəhbərlik edən və işin başında dayanan insanlar bu kimi böyük müsibətlərə məruz qalmasalar, onların izi ilə gedənlər ən xırda sxıntılardan şikayətçi olarlar. Bir ağcaqanadın, bir arının sancmasına belə tab gətirməzlər. Əqrəb və ya ilan görsələr, sancmamış fəryad edərlər. Ancaq belə hallarda başdakılara baxıb onların çəkdiyi ağır əzab-əziyyətləri görsələr, bununla təsəlli tapar və “Bu nədir ki?! İnsanların çəkdiyi müsibətlərin yanında biz nə görmüşük ki?! Onların çəkdiyi əziyyətlərə baxanda öz dərdimdən utanıram” deyərlər. Bu baxımdan rəhbər mövqeyində olan insanların həyatı onların ardıcılları üçün çox şey deməkdir. Onları nümunə götürən insanlar həyatı acı zəhmərə döndərən hadisələri belə fərqli görməyə, fərqli duymağa, fərqli qavramağa başlar və beləcə acıların şirinləşdiyini hiss edərlər.

Hədisdə münafiq “ərz” ağacına bənzədilir. Bu ağac istər sərv, istər şam, istər sidr, istər çinar olsun, fərqi yoxdur. Əsas olan hədisi-şərifdə münafiqin لَا تَهْتَزُّ حَتَّى تَسْتَحْصِدَ şəklində təsvir edilməsidir. Yəni baxanda adama elə gəlir ki, o ağacı yerindən tərpətmək olmaz. Halbuki, bircə dəfə tufan qalxan kimi kökündən qopur və bir daha ayağa qalxa bilmir. Bəli, təkəbbürlə gəzən münafiq zahirən çox möhkəm görünsə də, şiddətli külək əsər-əsməz elə yıxılır ki, bir də ayağa qalxması mümkün olmur. Zəmi isə belə deyil, külək əsəndə yatır, kəsəndə isə belini doğruldub ayağa qalxır.

Bu hədisi-şərifdən belə bir məna da çıxarmaq olar: bəzən bir möminin qarşılaşdığı hadisələr onu sarsıdır. Günah işləyir, müvəqqəti bir sarsıntıya məruz qalır. Siz onun əlindən tutur, ona nəsihət edir, doğru yolu göstərir və beləcə ayağa qalxmasına kömək edirsiniz. Bir fərd üçün bu asan işdir. Ancaq bir də bütöv bir cəmiyyətin günaha batması, mənən çürüməsi və tənəzzülə uğraması var ki, bu da böyük bir çinar ağacının yıxılmasına təndir. Bu səbəbdən onun əlindən tutub ayağa qaldırmaq, onu təkrar dirçəltmək fərd ilə müqayisədə daha çətindir.

Həyatını İslam dininə həsr etmiş çağdaş ərənlərin qayəsi də məhz bu ülvi ideal olmalıdır. Yəni onlar cəmiyyətin hər bir təbəqəsinə qucaq açmalı, hər yerdə bir ürək kimi döyünməli və topluma yenidən dirçəliş yolları göstərməlidir. Çünki bizim əsas vəzifəmiz yıxılan bir çinarı təkrar ayağa qaldırmaq və onu dirçəltməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.