Mübaliğə və sədaqət

Fəthullah Gülən: Mübaliğə və sədaqət

Sual: Bizi haqq və həqiqətlə tanış edən və bu səbəbdən dərin sevgi və hörmət bəslədiyimiz böyük insanlardan danışanda nələrə diqqət eməliyik, izah edə bilərsiniz?

Cavab: Möminlər həmsöhbətinin qəlbini ruhunun ilhamı ilə süsləmək üçün gecəsini gündüzünə qatıb bəzən mənsub olduğu dairənin müəyyən gözəlliklərini də dilə gətirməyə məcbur qalır. Ancaq belə hallarda yaxın-uzaq dairələrdə fərqli dünyagörüşünə malik insanların hissiyatını mütləq nəzərə almaq lazımdır. Başqa adamlar görüb eşitdikləri gözəllikləri öz düşüncə və üslub cizgiləri ilə dilə gətirə və ya qələmə ala bilərlər. Ancaq “inanan bir könül” qəlbən sevib böyük hörmət bəslədiyi insanlar haqqında belə mübaliğəli ifadələr əsla işlətməməlidir. Üstəlik əgər bu, bilavasitə dinin mahiyyəti, ruhu ilə əlaqəli deyil, təfərrüata aid ikinci dərəcəli məsələdirsə və bunu səsləndirməkdə ixtilaf təhlükəsi varsa, belə mövzuları açmamaqda həddən artıq həssas olmalıyıq.

Məsələn, bir adam Məhəmməd Bahaüddin Nəqşibəndi həzrətlərinə möhkəm bağlıdır. Min canı olsa, onun yolunda sevə-sevə fəda edər. Ancaq Nəqşiliyin belə daxilində Mücəddidiyə, Xalidi, Küfrəvi, Taği kimi müxtəlif qollar var və ola bilsin ki, az-çox aralarında tənafüs də var. Əslində “tənafüs” kiminləsə rəqabət aparmaq deyil, “yoldaşlardan geri qalmayım” düşüncəsi ilə haqq uğrunda yarışmaq deməkdir. “Mən də onlarla birlikdə Cənnətə gedim” düşüncəsindən irəli gələn bir hərəkət tərzi, bir müsabiqə anlayışıdır. Ancaq bu hislərdə tarazlıq qorunmasa, bundan bir mənada sui-istifadə edilsə, insanlar arasında rəqabət duyğusu baş qaldıra bilər. Hətta nəinki rəqabət, bu, getdikcə həsəd və paxıllığa da çevrilə bilər. Bu isə iman əhli üçün çox təhlükəlidir. Odur ki “inanan könüllər” fərqli yollarla Haqqa xidmət edən qardaşlarının qibtə damarına basmamaq üçün “çı”, “çu” məsələlərinə girməməli, iman əhli arasında vifaq və ittifaqın bərqərar olması xatirinə hislərini cilovlamağı bacarmalıdır.

Ən yüksək payə

Əslində, mühüm olan şəxsləri göylərə qaldırmaq deyil, onların şam kimi əriyib yüksəltməyə çalışdıqları məfkurəyə sadiq olmaqdır. Zira şəxslər fani, məfkurə isə baqidir. Belə ki, sədaqətdən daha yüksək bir payə yoxdur. Bir ayənin buyurduğu kimi, sədaqət şəhidlik və vəlilikdən də üstündür (bax. “Nisa” surəsi, 4\69). Peyğəmbərlərdən sonra ən böyük insan sayılan Həzrəti Əbu Bəkrin (radiyallahu anh) ünvanı “Siddiqi-əkbər”dir. Odur ki, əsl məharət sevdiyiniz, hörmət etdiyiniz insanlara “Mehdi”, “Məsih” kimi mübaliğəli adlar verməyiniz deyil, o insanların tutduğu yolu mümkün qədər addım-addım izləməyinizdir.

Üstəlik  bir zatı ürəkdən sevdiyini iddia edən bir insan həmin şəxsi yada salanda içi sızlamır, bir neçə dəqiqə göz yaşı tökmürsə, gecə yüz rükət namazdan sonra əl açıb: “Allahım, məni onunla həşr et!” deyə dua etmir və ən əsası da onun getdiyi yolda varını-yoxunu fəda etmirsə, məncə, o, iddiasında çox da səmimi deyil. Əlbəttə, bu, özünütənqid üçün bir meyardır. Yoxsa biz kimisə səmimiyyətsizliklə ittiham edə bilmərik, etməməliyik.

Üstəlik bunu da yaddan çıxarmayaq ki, əgər siz kiminsə haqqında “dastan qoşsa”nız, fərqinə varmadan başqalarını rəqabətə təhrik edərsiniz, dolayısilə, o öydünüz şəxsin əleyhinə yüzlərlə “qarşı cəbhə”nin meydana gəlməsinə səbəb olarsınız. Sizin mübaliğəli söz, hərəkət və davranışlarınız nəinki din düşmənlərini, hətta əhli-imanı da az-çox təhrik edə bilər. Bəli, məsələni şəxs səviyyəsinə endirib onu daraltsanız, İslama xidmət edən insanları belə rəqabatə sürükləyər, hətta həsəd günahı ilə həlakına belə səbəb ola bilərsiniz. Təkrar qeyd edək ki, mühüm olan sevdiyiniz insanları filan ad, fəsman ünvanla yad etmək deyil, onların məfkurəsinə sadiq olmaqdır. 

Xəyanət qədər zərər verən mübaliğəli ifadələr

Ərsəyə gələn gözəllikləri təkcə öndə görünən insanlara aid etmək və onlar haqda mübaliğəli ifadələr işlətmək açıq-aşkar haqsızlıq və zülmdür. Zira ortada bir uğur, bir nailiyyət varsa, bu, Cənabi-Allahın birlik və bərbərlik ruhuna görə bəxş etdiyi bir lütfdür. Dolayısilə görülən işləri sırf öndə görünən şəxslərə aid etmək həm Allaha hörmətsizlik (şirk), həm də bu işdə canını ortaya qoyan insanlara zülm və haqsızlıq etməkdir.

Gələk öndə görünmək məsələsinə: əvvəla unutmayaq ki, hamımız qardaşıq. Bəziləri cəbri-lütfi ilə qeyri-iradi şəkildə bu yola daha əvvəl girmiş ola bilər. Yəni Allah-taala (cəllə cəlaluhu) qədər planından ilk öncə onun dünyaya gəlməsini murad etmişdir. Müəyyən bir tarixdə dünyaya gəlmək insanın əlində olmadığına görə, bu yola birinci və ya sonra girmək mütləq kriteri sayılmır. Şübhəsiz, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) “Kiçiklərə şəfqət göstərməyən, böyüklərə hörmət etməyən bizdən deyildir!” (bax.: Tirmizi, “Birr”, 15) bəyanına sadiq qalaraq böyüklərimizə hörmət edirik. Ancaq bu, onların çiyninə ağır payələr yükləmək və onları mübaliğəli ifadələrlə başqalarına tanıtmağa çalışmaq demək deyildir. Məsələn, Xülusi əfəndi, Tahir Mutlu (yerləri bəhişt olsun) vəsiləsi ilə iman həqiqətlərini tapanlar onları “qütb” kimi görə bilərlər. Ancaq bu hislərə qapılıb həmin şəxsləri orda-burda həddən artıq öysələr, onlar haqqında “dastanlar” qoşsalar, nəticə etibarilə, o böyük zatların məfkurəsinə xəyanət etmiş olarlar.

Dünyanın müxtəlif coğrafiyalarına köç edən hicrət qəhrəmanlarının arasında, ola bilsin, çox böyük işlərə imza atmış yoldaşlarımız vardır. Amma kiminsə saf düşücələrlə də olsa, filan şəxsə, fəsman adama cürbəcür ad, ünvan verməsi, onu yerə-göyə sığdırmaması “Könüllülər Hərəkatı”na xəyanət sayılır. Çünki bu, hərəkatın əleyhinə yeni əks cəbhələrin meydana gəlməsinə zəmin hazırlamaq deməkdir. Sizin meyarlarınızdan bixəbər insanlar haqqınızda ağılasığmaz iddialar ortaya ata bilərlər. İnsanların ağzına qıfıl vura bilməzsiniz! Ancaq dilinizə mübaliğəli sözlər gətirməmək, “qəhrəmanlıq” dastanları qoşmamaq iradənizin əlindədir. Mənə görə, bu məsələ Könüllülər Hərəkatının gələcəyi üçün çox mühümdür. Bu məsələni ümumi olaraq tez-tez xatırladılmasının zəruriliyinə inanıram. Buna bir “hizmət vəzifəsi” kimi də baxa bilərsiniz.     

 “Heçin heçi” imzası

Bir başqa məsələ: başqa yollarla dinə-imana xidmət edən insanlarla görüşəndə söhbətə onların hörmət etdikləri insanlardan başlamaq, onların fəzilətlərini dilə gətirmək, gördüyü işləri təqdir etmək çox önəmlidir. Çünki hörmət etsəniz, hörmət görərsiniz. Siz ancaq öz dairənizdən, yalnız öz yolunuzdan danışsanız, həmsöhbəti özünüzdən uzaqlaşdırar, mənsub olduğunuz dairə haqda mənfi münasibət formalaşdıra bilərsiniz. Halbuki tutduğu yolun eşqi ilə yaşayan, ona dəlicəsinə bağlanan və mənsub olduğu dairəyə qarşı sevgi və rəğbət hissi oyatmaq istəyən bir insan unutmamalıdır ki, buna öz dairəsindəki insanları ifrat dərəcədə öyməklə deyil, qarşı tərəfi qəbul etməklə, onlara hörmət etməklə nail ola bilər.

Xülasə, fərqli yollarla Haqqa xidmət etsək də, mömin olaraq hər birimiz bu ülvi və qiymətli xəzinənin bir ucundan yapışmışıq. “Bu xəzinənin ən ağır yükünü filankəs, fəsman şəxs dışıyır” demək həsəd və rəqabət hislərini təhrik etdiyinə görə, doğru deyil. Bu, həqiqətən, belədirsə, onsuz da, o biri tərəfdə ən çox savabı ona verəcəklər. Ancaq biz mənsub olduğumuz dairədəki şəxsləri mübaliğəli ifadələrlə önə çəksək, həm ilahi icraatı şəxslərdə görərək şirkə düşmüş, həm də vifaq və ittifaq ruhuna balta çalmış olarıq. Halbuki, tövhidi ideal seçən və şirkə müharibə elan edən insanların zərrə qədər də olsa şirkə yol verməsi qəbulolunmazdır. Zira hər şeyi xəlq edən Allahdır (cəllə cəlaluhu). Qurani-Kərim bizi də, əməllərimizi də yaradanın O olduğunu bəyan edir (bax.: “Saffat” surəsi, 37\96). Elə isə bilməliyik ki, “Əməllərim özümə aiddir”, “Mən etdim” düşüncəsi Yunan fəlsəfəsinin İslam aləminə “ərməğan” etdiyi bir bəladır və biz bütün bunları üstümüzdən ataraq tövhid anlayışından dördəlli yapışmalıyıq.

Allaha baxıb nəfsə baxış bucağını müəyyənləşdirmək tövhidə çatmaqda mühüm amildir. Məhz bu məqamda “Ey riyakar nəfsim! “Dinə xidmət etdim!” deyib qururlanma, “Allah bu dini bir facirlə də olsa, mütləq gücləndirər” (Buxari, “Cihad”, 182) düstüruna əsasən müzəqqa (nəfsi pak) olmadığın üçün özünü facir (günahkar) bilməlisən” sözləri ilə öz məqamını diqqətə çatdıran, məzhər deyil, məmər[1] olduğunu söyləyən və özünü “heç” sayan o zat bir rəhbər olaraq bizə dərs verir. Əgər o, özünü “heç” sayırsa, məncə, biz də özümüzü “heçin heçi” saymalıyıq.

[1] Məzhər: Allahın təcəllisinin bir nəsnə üzərində görünməsi, üzə çıxması. Məmər: Allahın təcəllisinin vəsilə, körpü olmaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.