Nurani qardaşlıq telləri

Fəthullah Gülən: Nurani qardaşlıq telləri

Sual: Bədiüzzaman Həzrətlərinin “Xütbeyi-Şamiyə” adlı əsərində göstərilir ki, müsəlmanların tərəqqisinə mane olan “xəstəlik”lərdən biri də “Əhli-imanı bir-birinə bağlayan nurani telləri bilməmək”dir. Möminləri bir-birinə bağlayan “nurani rabitələr” nələrdir, izah edə bilərsiniz?

Cavab: Bədiüzzaman Həzrətlərinin Şamda bu xütbəni oxuduğu dövrdə İslam aləmi tarix boyu heç vaxt görmədiyi fəlakətlərlə qarşı-qarşıya idi. Həzrəti Ustad məhz belə bir şəraitdə illərlə ətalətdən “paslanmış” və işə yaramayan bir kütləyə dönmüş, bütün “neyron”ları korşalmış, hərəkət imkanını və qabiliyyətini itirmiş insanların maddi-mənəvi, zahiri-batini bütün duyğu və hisləri[1] hərəkətə gətirməyin yollarını axtarmışdır. Şopenin “matəm marşı” kimi marşlarla, ümidsiz sözlərlə insanlara yas abı-havası təlqin etməmiş, əksinə bizim mehtər marşımız kimi gur səda ilə “Ümidvar olun. Bu istiqbal inqilabları içində ən yüksək və gur səda İslamın sədası olacaqdır” nidaları ilə ölgün iradələrə ümid bəxş etməyə çalışmışdır. Mənə elə gəlir, dan yeri ağaranda ümiddən bəsh etmək hünər olsa da, əsl hünər səmada işartıdan əsər-əlamət görünmədiyi bir dövrdə iradəyə güc verən bu kimi sözləri dilə gətirməkdir.

İlahi isimlərin sanı qədər qardaşlıq telləri

Bəli, Həzrəti Ustad təqribən bir əsr əvvəl Şamın Əməviyyə məscidində oxuduğu bu xütbədə əvvəlcə tərəqqi və yüksəlişimizə mane olan “xəstəlik”lərin “diaqnozunu qoymuş”, sonra da İslam aləminin yenidən dirçəlişi üçün “resept” təqdim etmişdir. Onun müəyyən etdiyi ən böyük “xəstəlik”lərdən biri “əhli-imanı bir-birinə bağlayan nurani telləri bilməmək”, verdiyi “resept” isə məşvərət vasitəsilə vifaq və ittifaq anlayışını yenidən cana gətirməkdir. Hz. Pir “Xütbeyi-Şamiyə”də müxtəsər şəkildə dilə gətirdiyi bu məsələni sonraları “Lahiqə”lərdə, “İxlas” və “Üxuvvət” risalələrində ətraflı açıqlamışdır. Məsələn “Üxuvvət” risaləsində müsəlmanlar arasında ilahi isimlərin sanı qədər vəhdət telləri, ittifaq bağları və üxuvvət (qardaşlıq, dostluq) əlaqələri olduğunu açıqladıqdan sonra, Allah, Peyğəmbər, din, qiblə, vətən kimi birlik tellərinin bir neçəsini sadalamış, hətta bu bağların ona, yüzə, minə qədər uzandığını qeyd edərək məsələnin ciddiyyət və əhəmiyyətini diqqətə çatdırmışdır.

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) hədislərin birində imanın altmış, bir rəyavətə görə də yetmiş şöbəsi (hissə) olduğunu buyurur (Bax.: Müslim, “İman” 57). Hədisdə verilən rəqəmlərin konkret say deyil, ümumən çoxluq mənasında götürmək mümkündür. Bu şöbələrin hər biri bizi bir-birimizə bağlayan qırılmaz tellərdir. O cümlədən, Qurani-Kərimin hər bir həqiqəti eyni şəkildə bizi birləşdirən, bir-birimizə bağlayan güclü tellərdir.

Digər tərəfdən, məsələyə “millət” aspektindən yanaşanda ortaya bir çox ortaq bağ çıxır. Zira eyni vətəndə, eyni torpaqlarda məskunlaşdığımıza görə uzun illər birlikdə yaşamışıq. Bu səbəbdən eyni taleyin, eyni mədəniyyətin, eyni əxlaqın övladlarıyıq. Birlikdə zülmə məruz qalmış, əsarət görmüşük. Hz. Pir bu qədər vifaq-ittifaq, sevgi-dostluq telləri ola-ola bölünməni, nifaqı, ədavəti və düşmənçiliyi körükləyən hərəkət və davranışların böyük bir zülm olduğunu vurğulayır.

Güzəştə getmə iradəsi

Əhli-iman arasında bu nurani tellərin zədələnməməsi hər bir fərdin yeri gələndə öz şəxsi prinsiplərindən, öz fikir və seçimlərindən güzəştə getməsindən, ortaq məxrəcə gəlmək xatirinə özünü ikinci plana keçirməsindən asılıdır. Həzrəti Pirin sözü ilə desək, “bir məsələdə “həsən”də ittifaq qurulubsa, “əhsən”də ixtilafa düşməməliyik”. Başqa sözlə, əgər “ən gözəl”in ardınca getmək aramıza ixtilaf salacaqsa, məhz o məqamda dayanıb “gözəl”ə qane olmalıyıq. Bu baxımdan, məncə, gözəl bir dəyər, məqsəd ətrafında birlik varsa, “daha gözəl”, “lap gözəl” deyib bölünməyə, ixtilafa, iftiraqa səbəb olmamalıyıq. Nəzərə alsaq ki, Cənabi-Allah yardımını vifaq və ittifaqda olanlara göndərir, deməli, bizi birləşdirən və ittifaqı təmin edən məsələ (məqsəd, dəyər) zahirən “həsən” də olsa, həqiqətdə “ən gözəl”dən gözəl sayılır. Ona görə də qardaşlıq ruhuna xələl gətirməmək üçün bəzi xırda məsələləri qabartmamaq son dərəcə əhəmiyyətlidir. Bəli, insan yeri gələndə başqalarının hislərini hesaba qataraq öz fikir və qərarlarından keçməyi bacarmalı və beləliklə, təfərrüat sayılan bəzi mülahizələrin ixtilafa alət edilməsinə imkan verməməlidir.

Məsələn, namazı həqiqi mahiyyətinə uyğun qılmaq çox mühümdür. Alvar İmamının sözü ilə desək, “Namaz dinin dirəyidir, nurudur, səfineyi-dini namaz yürüdür, cümlə ibadətin namaz piridir...”. Namazın həqiqəti insanın özündən, nəfsindən uzaqlaşması, meraca çıxmış kimi özünü Cənabi-Allahın hüzurunda hiss etməsidir. İnsan - ürfanı səviyyəsində - başlanğıcda, yəni niyyətdə qəlbini masivdan təmizləməli, gözü hər şeydən çəkməli, sonra da başqa bir aləmdə ilahi təcəllilərin müşahidəsi ilə məst və sərməst halda namazını iqamə etməlidir. Ancaq əksəriyyətimiz ümmidir. Dolayısilə, bizim kimilərin qıldığı namaz da çox vaxt formal və süni çıxır. Ancaq unutmayaq ki, insan formal da olsa, namazı rükn və şərtlərinə riayət edərək qılırsa, o, zahiri baxımdan öz vəzifəsini yerinə yetirmiş sayılır. Bu məqamda insanları “namazı həqiqi mahiyyətinə uyğun qılmır” deyə ittiham etmək, onlara bu düşüncə ilə yanaşmaq qətiyyən doğru deyil. Əksinə, vəzifəmiz məsələni formal da olsa, necə var, elə də qəbul etmək, bu nöqtədə vifaq və ittifaqı təmin edəndən sonra ən ali dərəcəyə çatmaq arzusu ilə ixtilafa düşməməliyik. Əks halda, insan “daha gözəlini axtarıram” deyib özü də bilmədən xoşagəlməz hallarla üzləşə bilər. Bu da Allahın təvəccöh, tövfiq və inayətinin kəsilməsinə səbəb olmaq deməkdir.

Eyni şeylər zəkat üçün də keçərlidir. Məsələn, ola bilsin ki, siz insanları infaqa təşviq etmək, “səxavət hissi”ni oyatmaq üçün qırxda bir verilən zəkata “xəsis zəkatı” adını qoya, insanlardan iyirmidə bir, onda bir, beşdə bir zəkat istəyə bilərsiniz. İnsanları təşviq etmək baxımından bu üslub caiz olsa da, əgər bir ixtilaf qapısını aralayacaqsa, mübahisələrə səbəb olacaqsa, qətiyyən bu məsələyə girməməli və dinin “obyektiv” hökmlərini əsas götürməlisiniz. Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) yanına dini öyrənmək üçün gələn bir şəxsə beş vaxt namazı, ramazan orucunu, zəkatı öyrətməsi, o adamın bu miqdarı nə azaldıb, nə də çoxaldacağını söyləməsi və Allah Rəsulunun da buna müqabil: “Əgər doğru deyirsə, qurtuldu” (Bax.: Buxari, “Elm”, 6) buyurması bu məsələyə aydınlıq gətirir. Odur ki, siz qurtuluşu öz subyektiv hökmlərinizə riayətdə görsəniz, insanları özünüzdən uzaqlaşdırar, onları gözəl əməllərdən məhrum edər və bəlkə də, özünüzə qarşı qısqanclıq və həsəd hislərini də körükləmiş olarsınız. Bunu digər ibadət və məsuliyyətlərə də şamil etmək mümkündür.

Xülasə, insanları müəyyən bir səviyyəyə təşviq etmək başqa, bir şeyə müəyyən bir səviyyə və dairə ilə məhdudiyyət qoymaq tamam başqa məsələdir.. Qəlb və ruhunuz müəyyən məqamlara çatıbsa, təbii olaraq, insanları bu məqama çağırırsınız. Amma ixtilaf gözlənilən yerdə razılığa gəlmək, ittifaq nöqtəsində dayanmaq daha vacibdir. Bu baxımdan biz hər yerdə və həmişə birliyə aparan yollar axtarmalı, vifaq və ittifaqa əhəmiyyət verməli, birlik və bərabərlik ruhunu qorumaq üçün hər cür fədakarlığı etməliyik.

[1] Göz, qulaq, burun, dəri və dil zahiri, maddi duyğu orqanlarıdır. Ağıl, qəlb, ruh, vicdan və lətif hislərsə bir mənada mənəvi, batini duyğu orqanlardır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.