Qibtə, həsəd və "xeyirxahlıq yarışı"

Sual: Quran tələbəsi həsəd və qibtəyə hansı çərçivədə yanaşmalıdır? Üstəlik xeyirxahlıq yarışında ilk sıralarda olanların insanları təşviq etmək üçün zəkat və sədəqəsini açıq-aşkar verməsini və onların əliaçıqlığına digər insanların qibtə etməsini necə dəyərləndirirsiniz?

Cavab: Qibtə başqalarına verilən nemətlərdən eynisinin özündə olmasını istəmək, insanların gözəl xüsusiyyətlərinə və nailiyyətlərinə imrənməkdir. Həsəd isə insanların uğurlarına paxıllıq edib onların əldə etdiyi, nemətləri və fəzilətləri həzm edə bilməmək, onların bu nemət və gözəlliklərdən məhrum olmasını və hamısının özünə verilməsini istəməkdir. Dolayısilə həsəddə paxıllıq, qəlbiqaralıq və qısqanclıq, imrənmədə isə yalnız qibtə var. Allah Rəsulu (əleyhi əkməlut-təhaya) "Mömin qibtə edər, münafiq isə həsəd" buyurmuşdur. Bununla O, mömində olsa-olsa yalnız qibtə hissinin olacağını, münafiqin isə qısqanclıqdan qıvrılacağını vurğulayır.

Zərərsiz həsəd: qibtə

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisində "İki adama həsəd (qibtə) etməkdə zərər yoxdur: bəxş olunan dünya malını Allah yolunda infak edən imkanlı şəxsə və Allahın verdiyi elmlə əməl edib onu başqalarına da öyrədən insana", – buyurur. Bəli, dini dərindən öyrənib ona əməl edən və bir ürfan mənbəyinə çevrilən elmi ilə başqa insanları da işıqlandıran, həm təbliğ, həm də təmsillə Quran həqiqətlərinə səmimi tərcüman olan bir insana bənzəməyə çalşmaq, "Kaş mən də onun kimi olaydım, kaş mən də dinimi öyrənib həm özümü, həm də başqalarının həyatını nurlandıra biləydim!.." demək zərərsizdir. Hətta nəfsi hesaba çəkmək, özünü tənqid etmək və bir mənada dua olan ülvi hislərlə coşub-daşmaq üçün bu cür qibtə faydalı da ola bilər. O cümlədən, dövlətli olub əliaçıqlıq düşüncəsi ilə sərəfraz olan, Haqq-taalanın verdiyi mal-mülkü Onun yolunda çəkinmədən sərf edən, verdikcə vermək istəyən bir "infak qəhrəmanı"na qibtə etmək, "Kaş mənim də geniş imkanlarım olaydı, belə infak edəydim. Kaş bir məktəb də mən tikdirəydim, yüzlərlə tələbəyə təqaüd verə biləydim" düşüncəsi ilə həmin adama qibtə etməkdə bir zərər yoxdur.

Ancaq Peyğəmbərimiz bu hədisində “qibtə” sözünün yerinə “həsəd” kəlməsindən istifadə etmiş və beləcə qibtənin paxıllıqla həmhüdud xüsusiyyət olduğunu da diqqətə çatdırmışdır. Yəni qibtə nə qədər zərərsiz olub bir mənada mübah sayılsa da, o, həsədlə həmhüduddur və qibtənin sahəsində “gəzmək” bir mənada təhlükəli yerlərdə “gəzmək” deməkdir. Dolayısilə, qibtənin sərhədi tam müəyyənləşdirilməsə, qısqanclığa və həsədə çevrilə bilər. Məsələn, bir insan bir yoldaşına qibtə edib danışığında, hərəkətlərində və davranışlarında ona bənzəmək istəyirsə, bunda zərər olmaya bilər. Ancaq onun bu düşüncəsi "Niyə o çox şey bilir, mən bilmirəm. Niyə o, dini gözəl anladır, mən anlada bilmirəm?" kimi müqayisələrə, hətta gizli rəqabətə çevrilərsə, həddini aşmış olar. Demək ki, artıq o, qibtə sahəsindən həsəd sahəsinə keçmiş, qibtə hissi də öz yerini qısqanclığa və paxıllığa vermişdir.

Məhz buna görə, Quran tələbələri paxıllıqla həmhüdud olan və həsəddən incə bir pərdə ilə ayrılan qibtədən də uzaq olmalıdırlar. Onlar qismətinə razı olmalı, hislərinə qapılıb zərrə qədər də olsa taleyini tənqid etməməli, heç kimi rəqib görməməli və gözəl xüsusiyyətlərdə kamillik zirvəsinə yüksəlməyə çalışmalıdırlar.

Gecə gələn ərzaq kisələri

İnsanları qibtəyə sövq etməmək də ayrı bir məsuliyyətdir. Bu məsələyə diqqət çəkən Bədiüzzaman həzrətləri ixlas düsturlarından birində belə buyurur "fəzilətfüruşluqla (fəzilətini nümayiş etdirməklə) qibtə damarını təhrik etməmək (qibtə hissini oyatmamaq)". Bəli, hər dəfə öz şəxsi üstünlüklərindən söz açmaq, hər sözü fərdi uğurlara gətirmək, nailiyyətləri özündən bilmək və həmişə qabaqda görünmək də zərərli sahənin hüdudlarında gəzmək deməkdir. Çünki belə insan heç kəsə həsəd etməsə də, başqalarını paxıllığa və qısqanclığa sövq etmiş olar.

Buna görə də bizim mədəniyyətimizdə insanın öz fəzilət və üstün cəhətlərini sadalaması ayıb sayılmış, üstəlik yaxşılığı gizli etmək anlayışı formalaşmışdır. Məsələn, sədəqələr elə yerlərə qoyulurdu ki, sədəqəni götürən kasıbları heç kim görməsin, bilməsin. Bu anlayışa əsasən məhəllələrin hər küncünə "sədəqə daşları" yerləşdirilmiş, möhtac insanların gözükölgəli olmamasına, incidilməməsinə və həsədə sövq edilməməsinə həssas yanaşmışlar. Vəqf kimi qurumlar sədəqə verənlə alan arasında vasitəçilik etmiş, bununla həm möhtac insanların utannmasına və bilməyərəkdən də olsa, başa qaxıncla qarşılaşmasına həm də varlıların riyakarlığına və lovğalığına imkan verməmişlər.

Bəli, dinimizdə nafilə ibadət və sədəqələrin gizli yerinə yetirilməsi əsasdır. Peyğəmbərimiz buyurur "Haqq-taala nə “desinlər” deyə yaxşılıq edən sümaçıdan,[1] lovğalıq xəstəsi müraidən,[2] nə də yaxşılığını başa qaxan mənnandan[3] bir şey qəbul edər!" Xeyirxahlığı və gözəl əməlləri gizlin etmək, sədəqəni heç kimə göstərmədən vermək nümayişkaranəlik və göstəriş xatirinə iş görmək düşüncəsindən xilas olmaq üçün yaxşı yoldur. Bizim mədəniyyətimizdə gizlicə yaxşılıq edib kömək etdiyi şəxsə belə özünü bildirməyən insan çoxdur. Bəzi sələflər sədəqəsini bir kasıbın keçdiyi və ya oturduğu yerə qoyub uzaqlaşaraq, kimi yuxuda olan bir möhtacın cibinə pul qoyaraq, kimisi də çiynindəki ərzaq kisəsini qapının önünə səssizcə qoyub gözdən itərək infak etməyə üstünlük vermiş, riyadan, sümadan və kimisə gözükölgəli qoymaqdan uzaq olmuşlar.

Bir rəvayətdə Peyğəmbərimizin nəvələrindən İmam Əli Zeynülabidinin belə bir fədakarlığından bəhs edilir. Ömrünü Allaha həsr edən bu zatın dövründə çoxlu kasıb, sahibsiz və yardıma möhtac insan vardı. Bu insanların çoxu yeməyini, içməyini və geyimini gecənin bir aləmində qapı ağzına qoyulan yardımlarla təmin edirdilər. İllərlə bu əşyaları kimin gətirdiyini bilmədən -bir kənarına bərkidilən “halaldır” bildirişinə də güvənərək- istifadə etdi. İllər keçir, bir səhər oyanıb görürlər ki, qapılarının önü boşdur. Həmin gecə heç bir yoxsulun qapısına ərzaq kisəsi qoyulmamışdı. İnsanlar bunun səbəbi ilə maraqlananda "İmam Əli Züynülabidin vəfat etdi" deyə bir səs eşitdilər. Haqq dostunu yuyub dəfnə hazırlayan qəssal çiynində böyük bir qabar görür və onu su əvəzinə göz yaşlarıyla yuyur. Çünki o böyük İmam iyirmi yeddi il çiynində fəqir-füqəraya kisə-kisə ərzaq daşımışdı. Daşıdığı yük çiynini döyənək etmişdi. Lakin vəfatına qədər bundan heç kimin xəbəri olmamışdı. Kiminsə bilməsi də heç lazım deyildi, çünki əsas məqsəd Allahın rizasına nail olmaqdı və hər şeyi bilən Allah gecənin bir yarısında çiynində ərzaq kisəsi daşıyan Zeynülabidini də görür və bilirdi.

O və onun kimilər gözünü üfüqə dikib yalnız Onun rizasını axtarır, übudiyyət yolunda rəqabətsiz yarışmağa üstünlük verirdilər. Dolayısilə, nə özləri qibtə-həsəd edir, nə də kimsədə qibtə hissini oyadırdılar. Üstəlik yaxşılıqlarına da riya, süma, minnət və təkəbbür bulaşdırmamağa da çox diqqət edirdilər. Onların yolu "tənafüs", yəni dindarlıqda, axirətə sərmayə qoymaqda yarış yoludur.

Hədəf: əbədiyyət şərbəti

Qibtə mənasına da gələn "tənafüs" sözü başqasında olan kamilliyə imrənmə, o gözəl xüsusiyyəti əldə etmək üçün səy göstərmə və xeyirli bir nəticəyə nail olmaq uğrunda var-gücü ilə çalışmaq deməkdir. "Fəlyətənafəsil-mütənafisun - Qoy yarışanlar onun üçün yarışsınlar!" (“Mutəffifin” surəsi, 83/26) məallı ayə də xeyirxahlıqda yarışa təşviq mənasını daşıyır. Yəni bu dünyanın cazibədar gözəllikləri uğrunda bir-biri ilə amansız mübarizə aparan, bir-birini qıran insanları sonsuz səadətə qovuşmaq və əbədiyyət şərbətini içmək üçün yarışa dəvət edir.

Tənafüs və xeyirxahlıq yarışı qibtə və həsədlə rəqabət aparmaq deyil. Çünki bu yarışda yarışanın vəzifəsi öz rekordunu qırmaq və hədəf göstərilən kamillik zirvəsinə çatmaqdır. Eyni zamanda, bu yarışda hər kəs bir-birinin köməkçisidir, çünki hər insan şəxsi-mənəvinin bir üzvüdür.

Tənafüsdə hərə öz payına düşən əməli yerinə yetirir və nəticə etibarilə hər kəs ümumi xeyirin savabını alır. Ustad həzrətlərinin sözləri ilə desək, Haqqa xidmət böyük və ağır bir xəzinəni daşımaq və qorumaq kimidir. Nə qədər çox güclü-qüvvətli əllər köməyə gəlsə, xəzinəni çiyinində daşıyanlar bir o qədər sevinməli və məmnun olmalıdır. Nəinki köməyə gələn güclü insanları qısqanmalı, hətta onların gücünü, təsirini və köməyini böyük məhəbbətlə alqışlamalıyıq. Əksinə, köməyə gələn insanlarla rəqabət aparılsa, həmin işin ixlası qalmaz və istənilən nəticəni əldə etmək mümkün olmaz.

Dolayısilə əsl Quran tələbəsi əsla həsəd etməz, həsədə qonşu olan qibtənin sahəsinə də keçməz, ancaq tənafüs edib xeyirxahlıqda yarışar. Yəni hamı bir-birini səmimi bir köməkçi kimi görər və hər kəs öz payına düşəni və əlindən gələn işi tamamlamağa çalışar. Məsələn, biri gözəl səslə və ürəkdən Quran oxuyaraq qəlbləri yumşaldır, o biri nət oxuyaraq könülləri coşdurur, digəri də yoldaşlarından geri qalmayıb bir neçə ibrətli kəlam deməklə bu əhval-ruhiyyəni yaxşı dəyərləndirir. Gördüyümüz kimi, işlər bölünür, hərə öz vəzifəsini yerinə yetirir, nəticədən isə hər kəs faydalanır. Başlanğıcda bu işin kimə aid olduğu bəlli deyil, məsələ yalnız bir nəfərə aid edilir, daha sonra isə işə hər kəs qoşulur və hərə işin bir ucundan yapışır. Hər kəs əlindən gələni edir, elə bir nəticə alınır ki, onu bir nəfər bacara bilməzdi və əldə edilən səmərə ümuminin malına çevrilir. Qurani-Kərim də "Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın" (“Maidə” surəsi, 5/48) buyuraraq bizi məhz belə bir yarışa təşviq edir.

Nümunə olmaq və təşviq etmək üçün

Bu cür yarışda dostların xeyirxalıq hislərini hərəkətə gətirmək üçün sədəqə və s. kimi yardımları açıqdan da vermək olar. Çünki şövq və səylə xeyir işlər görənlər bununla süst, laqeyd və məyus insanları da zəhmətə və gözəl əməllərə təşviq etmiş olarlar. Belə ki, Peyğəmbərimiz (əleyhi əkməlüt-təhaya) "Sədəqəni gizli vermək açıq verməkdən fəzilətlidir. Ancaq başqalarına nümunə olmaq və onları da saleh əmələ təşviq etmək istəyənə açıqdan (sədəqə və s.) vermək daha fəzilətlidir" buyurmuşdur. Bəli, dostlarını da axirətin yamaclarına yönəltmək istəyən bir insan açıq-aşkar xeyir əməl işləməkdə başqa məqsəd güdməz. Fərz olan zəkatı da açıq-aşkar verməklə həm ilahi əmri yerinə yetirər, həm də bu vəzifəni başqalarına da xatırladar.

Qurani-Kərim "Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər" (“Bəqərə” surəsi, 2/274) buyurur, möhtac bir insanı görən kimi əl uzadanları təqdir edir və bütün müsəlmanları xeyirxahlığa çağırır.

Rəvayətə görə həzrəti Əbu Bəkir (r.a.) bir gündə qırx min dinar – on minini gecə, on minini gündüz, on minini gizli, on minini də açıq-aşkar sədəqə vermiş və bu ayə də onu öyrənmək üçün nazil olmuşdur. Həmçinin rəvayət edilir ki, Həzrəti Əli (r.a.) olan-qalan dörd dirhəm gümüşün birini gündüz, birini gecə, birini açıq-aşkar, birini də gizli yoxsullara paylamışdır. Ayə xüsusi mənada bu iki səhabəyə işarə etsə də, ilahi kəlamın hökmü ümumidir və mərhum Elmalılı Hamdi Yazırın da dediyi kimi, burada keçən “infak” sözü fərz, vacib, nafilə - hər cür infakı ehtiva edir. Dolayısilə, bəzən din və vətən uğrunda bütün malı infak etmək lazım gəlir ki, bu cür səfərbərliklərdə açıq-aşkar infak etmək hər kəsi xeyirxahlığa təşviq etmək üçün daha faydalıdır. Bəzən də, Allah yolunda canı fəda etmək lazım gəlir ki, belə hallarda insan bütün varlığını infak etsə, dəyər. Xüsusilə, xalqa rəhbərlik edənlərin, uca həqiqətlər uğrunda fədakarlığı sadə insanlara da öyrətmək üçün malının çoxunu açıq-aşkar infak etməsi sırf xeyirdir, hətta bunu bir vəzifə də saymaq olar.

Bir ovuc xurma da olsa...

Bu məsələdə də ən gözəl nümunə səhabə əfəndilərimizdir. Abdullah b. Məsud həzrətləri deyir ki: “Sədəqə ayəsi nazil olanda hamımız Allah yolunda sədəqə verməyə bir şey axtarmağa başladıq. Hətta hamballıq edib az da olsa infak etməyə çalışırdıq. Bazara-dükana gedib çiynimizdə yük daşıyır, haqqını alan kimi də "verənlər" arasına daxil olmaq üçün Peyğəmbərimizin hüzuruna can atırdıq. Bir gün Peyğəmbərimiz (s.ə.s.) ənsar və mühacirdən yardım istədi. Ya harasa səriyyə göndərməyi qərarlaşdırmışdı, buna görə ordunu təchiz etmək, ya da səhradan gələn yoxsulların qarnını doyurmaq və ehtiyaclarını təmin etmək üçün "Verin!" deyirdi. Səhabələri infaka təşviq edən Peyğəmbərimizə (s.ə.s.) ilk cavab Həzrəti Abdürrəhman b. Avfdan gəldi. O, hər zamanki səxavətliliyi ilə səsləndi: "Ya Rəsulullah!" – dedi, "Məndə dörd min dirhəm var, qəbul edin". Peyğəmbərimiz bundan çox məmnun qaldı, ona dua etdi. Həm Rəsuli-Əkrəmin (s.ə.s.) təşviqedici sözlərini eşidən, həm də səxavətli insanların fədakarlığını görən hər kəs bu yarışda iştirak etmək istəyirdi. Varlılar malından əsirgəmir, imkansızlar isə az da olsa verməyə bir şey axtarırdılar. Onlardan biri də kasıb bir ənsar – Əbu Aqildi. Onun varı-yoxu iki ovuc xurma idi. Buna baxmayaraq adını "xeyrdə yarışanlar" dəftərinə yazdırmaq əzmində idi. Xurmanın bir ovucunu ailəsinə ayırdı, bir ovucunu da sədəqə verdi.

Bəli, Allahın rizasına nail olmaq gözəl bir qayədir, onu "ileyi-kəlimətullah"la əldə etmək müqəddəs bir vəzifədir və bu yolda rəqabətsiz yarışmaq da ali bir işdir. İnsanın dərdi Allahın rizasıdırsa, həsəddən uzaq olar, qibtədən tamamən üz döndərər. Payına düşənə razı olar və əlindən gəldikcə xeyirxahlıq yarışından geri qalmaz. Allahın rizasını axtaran səmimi bir mömin mənasız arzulara həvəs göstərməz, o "imkanım olaydı, əlimdən gələydi" bəhanələrinin arxasında da gizlənməz. Nə qədər imkanı varsa, əlindən gələni əsirgəməz və beləcə bəxş edilən nemətlərə şükür etməklə növbəti ehsanlara da zəmin hazırlayar. Nə özü qibtə edər, nə də başqalarını qibtəyə sövq edər. Məqsədi sırf Haqq-taalanın rizası olduğuna görə, yeri gələndə iki addım arxaya çəkilər, yeri gələndə də bir addım irəli çıxar. Gördüyü bir işi kiminsə dəstəyi ilə yerinə yetirdiyini və ya tamamən başqalarının həyata keçirdiyini göstərmək ilahi rizaya daha uyğundursa, buna qətiyyən etiraz etməz. Buna görə də, əhəmiyyətli olan işin görülməsidir, işi görənin kimliyi isə mühüm deyil. “Danışan” həqiqət olandan sonra, onu kim səsləndirir-səsləndirsin, əhəmiyyətli deyil, haqq və həqiqət müzəffər olduqdan sonra adı istər anılsın, istər anılmasın, mühüm deyil. Çünki o, Allah Rəsulunun kapitan olduğu bir gəmidə xidmətçidir, Rasulullahın gəmisi Darüssəlama (cənnətə) çatandan sonra təbii ki, gəmidəkilər də sahili-səlamətə çıxacaq.

Bu düşüncədə olan mömin həsəd, qısqanclıq, hətta qibtədən də uzaq olar. O, riya və süma səmtinə də yaxın getməz. Xeyirxahlıq yarışında bəzən insanların xeyirxahlıq hislərini coşdurmaq üçün imkan dairəsində açıq-aşkar infak edər, bəzən isə gecə-gündüz demədən çalışıb bir möhtacın ehtiyacını təmin edər, onu minnət altında qoymamaq üçün isə özünü gizlədər.

[1] “Eşidilsin” və “bilinsin” deyə görən, gizli riyakarlıq edən.
[2] Riyakardan.
[3] Səxavətli, əliaçıq adam.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.