Ramazana doğru

Sual: Bir hədisi-şərifdə: "Hər kim inanaraq və qarşılığını sırf Allahdan gözləyərək Ramazan orucunu tutsa, onun keçmiş günahları bağışlanar", -buyurularkən "imanən vəhtisabən" şərti də əlavə olunur. Bu ifadəni necə anlamalıyıq?

Cavab: Rəsuli-Əkrəm Əfəndimiz (əleyhi əkməlüttəhaya) "Mən samə Ramadanə imanən vəhtisabən qufira ləhu mə təqaddəmə min zənbihi" –deyə buyurmuş; Ramazanla gələn bərəkətə inanan, ixlas və səmimiyyətlə oruc tutub bu mübarək ayı ibadət ü taətlə dəyərləndirən və savabını da yalnız Allahdan gözləyən möminlərin keçmişdə işlədikləri günahlarının bağışlanılacağını müjdələmişdir.

"İmanən" sözü inanılası hər şeyə və orucla əlaqəli dini hökmlərə ürəkdən inanmağı; orucun fərz olduğuna, əvəzində böyük mükafat olduğuna və İlahi rizaya bir vəsilə olduğuna heç tərəddüdə düşmədən iman etməyi vurğulayır.

Bəli, biz Allahın qullarıyıq; Allah da bizim Məbudumuzdur. Übudiyət düşüncəsi ilə Ona qarşı etdiyimiz ibadət və saleh əməllər Onun haqqı, bizim də vəzifə və məsuliyyətimizdir. Oruc da, Onun əmri və bizim vəzifəmizdir. O, ibadətlərimizdən hər zaman xəbərdardır və gördüyümüz hər işi bilir. Cənabi-Haqqın gördüyü və bildiyi bu əməllərimiz vaxtı gələndə cücərib boy ataraq bizə geriyə dönəcək. Bununla yanaşı, əllərimizi Ona qaldıranda bir qüdsi hədisdə deyildiyi kimi: "O əllər boş qalmayacaq"

Cənabi-Haqqa təvəccöh edərkən və Ona yalvarıb yaxararkən, hər şeydən əvvəl Onun qullarını gördüyünə, duaları eşitdiyinə və istəkləri yerinə yetirəcək gücə sahib olduğuna yəqinən inanmaq lazımdır. Yoxsa inanmadan əl açmaq: "Versə verər, verməzsə verməz" kimi bir mənaya gəlir ki, bu da bir hörmətsizlikdir və belə bir duaya riza göstərməməsi də təbiidir. O, lütfü ilə, kərəmi ilə, rəhmətinin qəzəbinin qarşısında olması ilə və mərhəmətinin ənginliyi ilə belələrinə də versə, verər; biz "verməz" -deyə qərar verə bilmərik. Lakin Onun duaları qəbul etmə səbəblərindən ən əsası Ona könüldən inanmaqdır. İnanmalısan ki, səmimiyyətlə əllərini qaldırdığın zaman Allah onları boş çevirməz, üzü qara etməz, xəcalətə salmaz; əksinə, o qapıya bir daha yönələsən deyə lütflər yağdırar. Budur, "imanən" şərti belə bir inancın ifadəsidir.

"İhtisap" sözü də savabı Allahdan umma mənasına gəlir; dünyəvi arzu-istəklərə girməmə, sadəcə Allahın rizasını umma və mükafatı Onun rəhmətindən ümid etmə deməkdir. Xeyir əməllər və ibadətlərdə ixlas və səmimiyyətə zidd olan heç bir məsələ olmamalı; riya və riyakarlığa girilməməlidir. Heç bir əməl insanların təqdir və təvəccöhünə görə edilməməlidir; hər şey Allah üçün olmalı və arzu-istəklər də həmişə Allahdan olmalıdır. O arzu-istəklədə də yenə himmət ali, yüksək tutulmalı; yəni, görülən işlər dünyəvi mənfəətlərə bağlanmamalıdır. Hərçənd, Səhabə kimi ayaqqabımızın bağını belə itirsək biz onu da Allahdan istəməliyik.. arxasına düşdüyünüz hər məsələdə cəhd göstərməli, iradənin haqqını verməli, lakin səmərəsini Mövlayi-Mütəaldan diləməliyik. Ancaq qulluğumuzu Cənabi-Haqqa təqdim edərkən, Onun Məbud, bizim də qul olduğumuzu heç unutmamalı; übudiyətimizi yalnız Onun haqqı olduğu üçün, sadəcə Ona həsr etməliyik. Başqa sözlə, ibadətlərimizi ehtiyac və istəklərimizə bağlamamalı, onları vəzifə mülahizəsi ilə əda etməliyik.

Əslində, Cənabi-Haqqdan bir şey istəmə bizim şəxsi haqqımız deyil, Onun lütf edib bizə verdiyi haqqlar növündəndir. O elə lütfkardır ki, o haqqları Özünə qarşı istifadə etməmizə icazə vermiş və istifadə etdirmişdir. Məsələn, bir mənada O: "Siz Mənə qulluq edin, ibadət ü taətinizi yerinə yetirin -ki bu sizin vəzifənizdir- Mən də, o biri aləmdə nemətlərimlə sizi sevindirim" -demiş və bir müqavilə bağlayaraq bizə bəzi haqqlar vermiş: "Qulluğunuzu etsəniz Mənim üzərimdə haqqınız olar" deyə buyurmuşdur. Demək ki, haqqı verən də, onu istifadə etmə imkanı bəxş edən də Allahdır.

Yoxsa, bizim mahiyyətimizdə və ruzi olaraq bizə verilən nemətlərdə nə qədər özümüzə aid sərmayəmiz var ki, üstəlik haqqımız da olsun! Bəli, biz məbdədən müntəhaya (əvvəldən axıra) qədər hər şeyimizlə Ona aidik və Onun verdiyi haqqlarımız olsa da, hər şeydən əvvəl biz quluq. Elə isə, bir qula yaraşanını etməli və sadəcə Xaliqimizin, Raziqimizin və Rəbbimizin rizasını diləməli, ibadətlərimizi də bu niyyətlə yerinə yetirməliyik. Budur, "ihtisap" təbiri də bu həqiqətlərə bağlı qalaraq, orucun yalnız Allah üçün olduğuna və mükafatın da Ondan gəldiyinə inanmağı ifadə edir.

Sual: Bəzi hədisi-şəriflərdə Ramazan ayı gələndə "mərədəyi-şəyatin"in zəncirə vurulduğu ifadə edilir? "Mərədəyi-şəyatin" nə deməkdir? Onların zəncirə vurulmalarının təzahürü nələrdir?

Cavab: Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) "Ramazan ayı girəndə Cənnət qapıları açılar, Cəhənnəmin qapıları bağlanar və mərədəyi-şəyatin zəncirə vurular", -deyə buyurmuşdur. "Mərədə"-inadkarlar, müqavimət göstərənlər, təcavüzkarlar deməkdir. Bu ifadə ilə şeytanların ən azğınları, ipə-sapa gəlməzləri, həddi aşanları nəzərdə tutulur. Bəli, bu mübarək ayda: "mərədəyi-şəyatin" zəncirə vurulur.

Bununla yanaşı, Ramazani-şərifdə də səhv işlər görüldüyü, günahlara girildiyi və böyük xətalar edildiyi danılmaz bir həqiqətdir. Lakin bu Quran ayında möminlərin əldə etdiyi böyük qazancı və şeytanın buna razı olmaması, ehtirasdan dəliyə dönməsi və insanları günahlara çəkmək üçün bütün hiylələrini istifadə etməsini nəzərə alsaq, mərədəyi-şəyatinin əl-qolunun bağlandığına şahid olacağıq.

Şübhəsiz, Ramazanda edilən ibadətlər çox əhəmiyyətlidir. Cənabi-Allah oruc barədə: "Oruc Mənə aid bir ibadətdir. Mükafatını da Mən verəcəyəm", -deyə buyurur. Beləliklə də, onun genişliyini, dərinliyini və Haqq dərgahındakı dəyərini qavramaq, ona bir qiymət vermək mümkün deyil. Başqa sözlə, onun mükafatını verməyə Cənabi-Haqqdan başqa heç kəsin gücü çatmaz. Allah-Təala oruc savabını şəxsən təqdir etmiş və onu o biri aləmdə bir sürpriz olaraq verməyi vəd etmişdir. Bu sürpriz mükafatın ən mühüm səbəbinə də: "Çünki oruc tutan qulum yemə-içməni Mənim üçün tərk edir" sözü ilə işarə etmişdir.

Bu müqəddəs zaman dilimində möminlər oruc ibadəti ilə birgə, təravih namazına da davam edir. "O Ramazan ayı ki insanlara bir rəhbər olan, onları doğru yola aparan və haqqı batildən ayıran ən açıq, ən parlaq dəlilləri ehtiva edən Quran o ayda endirildi." (Bəqərə, 2/185) ilahi bəyanının gərəyi olaraq Ramazanı Quran ayı olaraq dəyərləndirir və bol-bol Quran oxuyur. Eyni zamanda, könül qapıları açılır, səmahətlə (səxavətlə) və əngin comərdliklə coşurlar; xeyir və həsənat naminə hər fürsəti dəyərləndirirlər. Bir hədisi- şərifin ifadəsi ilə: "Rəsulullah insanların ən comərdi idi. Onun bu comərdliyi Ramazan ayı girib Cəbrayıl əleyhissalamla görüşdüyü zaman daha da artardı. Həzrəti Cəbrayıl Ramazan ayı çıxana qədər hər gecə Peyğəmbər Əfəndimizin yanına gəlib Quran oxuyardı. O günlərdə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) insanlara rəhmət gətirən küləkdən daha comərd olardı". Möminlər də Rəhbəri-Əkmələ tabe olaraq, o günlərdə daha comərdləşər; zəkat, sədəqə və fitrə sədəqəsi adı altında daim xeyir iş görərdilər. Həmçinin, bəzi səhabələr Ramazan ayının son on gününü etiqafa girər və özlərini tamamilə ibadətə verərdilər.

Bəli, bu xeyir yarışı qarşısında şeytanın hövsələdən çıxması onun təbiətinin gərəyidir. Çünki o, insan oğluna düşmənçiliyini ifadə edərkən: "And olsun ki, hamısını yoldan çıxaracağam!" -demiş və daim sapdırmaq üçün fürsət axtarmışdır. Elə isə, Ramazanın bərəkəti şeytanı və şeytanlaşan bəzi xəbis ruhları dəli edir. Bu böyük savabları insanların əllərindən ala bilmək üçün, onlar arasında çox səs-küy çıxarma ehtirası ilə ora-bura vurnuxur, hövsələdən çıxırlar insi-cinni şeytanlar.

Göründüyü kimi, insanlar bu hüzur dolu iqlimdə böyük nisbətdə ramazanlaşır; daha diqqətli və axirətə açıq yaşayırlar. Allahın izni və inayəti ilə Ramazanı sükunət içində keçirir və günahlardan bir az da uzaq qalırlar. Demək ki, mərədəyi-şəyatin deyə biləcəyimiz o azğınlar həqiqətən zəncirə vurulur. Bəzi insi və cinni şeytanlar həva və həvəs kimi yardımçıları vasitəsilə təxribat törətməyə davam etməyə çalışsalar da, Cənabi-Haqq bu azğın şeytanların önünü kəsir və onlara fəaliyyət göstərmək üçün icazə vermir.

Sual: Buyurduğunuz kimi, Ramazan ayının əhəmiyyətli bir şüarı da təravih namazıdır. Təravih namazında nələrə diqqət etməliyik?

Cavab: Təravih Ərəb dilindəki "tərviha" sözünün cəmi olub "tənəffüs etmək, ruhu rahatlaşdırmaq, bədəni istirahət etdirmək" kimi mənalara gəlir. Ramazan ayına məxsus olaraq işa namazından sonra qılınan sünnə namazının hər dörd rükətinin sonundaki oturuş "tərviha" olaraq adlandırılmış; sonradan bu sözün cəmi olan "təravih" sözü Ramazan gecələrində qılınan bu nafilə namazın adı olmuşdur. Təravih namazı sünnəti-müəqqədədir; orucun deyil Ramazan ayının və vaxtın sünnəsidir. Onun üçün, xəstə və yolçu kimi oruc tutmaq məcburiyyətində olmayanlar üçün də təravih namazı sünnətdir.

Peyğəmbər Əfəndimiz Ramazanda bir neçə gecə təravih namazı qıldırmış; sonra isə, təravihin camaatla qılınması fərz qılınar, müsəlmanlar buna tab gətirə bilməz deyə təravihi tək başına qılma yolunu seçmiş, lakin: "Kim Ramazan namazını (təravih) inanaraq və savabını Allahdan ümid edərək qılsa, onun keçmiş günahları bağışlanar", - deyərək səhabələrini bu namaza təşviq etmişdir.

Rəsuli-Əkrəm (əleyhissəlatu vəssələm) başqa bir hədisi-şərifdə təravih namazının əhəmiyyətini və sünnət olduğunu belə buyurmuşdur: "Allah Ramazan ayında oruc tutmanızı fərz qıldı. Mən də Ramazan gecələrində qiyam etmənizi (təravih namazı qılmanızı) sünnətim olaraq təşviq etdim. Kim inanaraq və savabını Allahdan umaraq, ixlasla oruc tutar və qiyam edərsə (təravih namazı qılarsa), günahlarından təmizlənər, anasından doğma tərtəmiz olar".

Təravih namazının camaatla qılınması kifai sünnədir; yəni, insanların məskunlaşdığı bir məkanda ən az bir məclisdə camaatla təravih namazının qılınması lazımdır. İki rükətdə bir salam vermək ən fəzilətli olanıdır. Aralarda müxtəlif salat u salamlar, Əsməyi-hüsna ilə müzəyyən niyazlar, "hizbul-hasin" və "hizbul-masun" kimi dualar oxuna bilər.

Günümüzdə bəziləri Həzrəti Aişə anamızdan rəvayət edilən bir hədisə əsaslanaraq, təravih namazının səkkiz rükət olduğu xüsusunda israrla dururlar. Halbuki, İbn Abbas (r.a.) Peyğəmbər Əfəndimizin Ramazanda iyirmi rükət və vitr namazı qıldırdığını rəvayət etmişdir. Üstəlik, bu barədə səhabə əfəndilərimizin feili icması var. Necə ki, təravih namazı Hənəfi, Şafi, Hənbəli məzhəblərinə görə iyirmi rükətdir. Maliki məzhəbində isə iyirmi və otuz altı rükət olma barədə iki görüş vardır ki; iyirmi rükət fikri daha geniş yayılmışdır. Buna görə də, çox yaşlı və xəstə olanlar gücləri səkkiz rükətə çatırsa, heç olmazsa bu qədərini əda etməli, lakin gücü və qüvvəti yerində olan möminlər təravih namazını mütləq iyirmi rükət olaraq qılmalıdırlar.

Üləma təravih namazını Qurani-Kərimi ən az bir dəfə xətm edərək qılmanın sünnə, birdən çox xətmlə qılmanın isə fəzilət olduğunu demişlər. Sələfi-salehin Ramazan boyu təravihdə Quranı başqan-ayağa oxumuş və ya oxuyanın arxasında namaz qılmışlar. Daha sonrakı dövrlərdə isə camaatın vəziyyəti nəzərə alınaraq, təravih namazı insanları məsciddən uzaqlaşdırmasın deyə daha əlverişli şəkildə qıldırmanın qərarı verilmişdir.

Təravih namazı qılınarkən, istər qısa surələr, istərsə də xətm oxunsun ayələr tərtillə oxunmalı namaz da tədili-ərkana (namazın rüknlərinə) riayət ədilərək qılınmalıdır. Yoxsa yarışdakı kimi çox sürətlə ayələri oxumaq, rüku və səcdələri qatıb-qarışdırmaq qətiyyən doğru deyil. Təəssüf ki, son illərdə xalq arasında "jet (reaktiv) imam" adı altında insanlar törəmişdir; təravih namazının ciddiliyinə və səhhətinə zərərverici mənzərələr gözə çarpır. Möminlər bu barədə təmkinli olmalı; təravih namazında ayələrin tərtillə oxunmasına və tədili-ərkana riayət edilməsinə diqqət yetirməlidirlər.

Sual: Quran ayında Quran sayəsində yenidən canlana bilməmiz üçün nələr tövsiyə edərdiniz?

Cavab: Bütün il boyu Qurandan uzaq olanlar belə Ramazanın nurəfşan (nur saçan) iqlimində, Kəlami- İlahidən kövsər içməyə tələsir. Çünki bu qüfran ayında geniş yayılan adət də təltifdir.

Quranın Allahın nazil etdiyi kimi qorunması, ayə və surə tərtibinin düzgün müəyyən edilməsi və bunun nəzarəti üçün Həzrəti Cəbrayıl (ə.) hər il Ramazan ayında, bir rəvayətə görə, Ramazan ayının hər gecəsində, Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) yanına gəlirdi. Allah Rəsulu (s.ə.s.) Quran ayələrini Cəbrayıl Əleyhissalama oxuyar sonra da onun oxuyuşunu dinləyərdi.

Kainatın İftixarı ilə Cəbrayıl Əleyhissalam Qurani-Kərimi bu cürə qarşılıqlı oxumalarına "təltif" deyilir. Həm o müqəddəs xatirəyə hörmət olaraq, həm də Quranın Ramazanda nazil olması və xüsusilə, bu ayda Quran oxumanın qat-qat mükafatlandırılacağının müjdələnilməsi səbəbi ilə möminlər Ramazan boyu məscid və evlərdə "təltif" oxumağı və Quranı xətm etməyi adət halına gətirmişlər.

Sələfi-salehin əfəndilərimiz Quranı hər ay xətm etməyi vəfanın alt həddi qəbul etmiş; ayda bir onu oxumayanın vəfalı davranmamış və onu tərk etmiş sayılacağını ifadə etmişlər. Bu baxımdan, Ramazanın mübarək günlərini dəyərləndirərək ayda, heç olmasa, bir dəfə Quranı xətm etməyə özümüzü vərdiş etməliyik ki, bu bizim üçün bir başlanğıc olsun və heç olmasa bundan sonra Kəlami-İlahiyə qarşı vəfalı ola bilək.

Əslində, bilməyənlər hər zaman onu öyrənmə və anlamağa səy göstərməli, bilənlər də bütün idrak və hissiyatını onu doğru öyrədib doğru ifadə etmək üçün istifadə etməli və onun oxunub başa düşülməsini daha da yaymalıdırlar. Çünki o, başa düşmək və başa salmaq üçün Allah mərhəmətinin insan ağıl və dərrakəsinə ən böyük hədiyyəsidir. Onu oxumağı öyrənib, mənasını anlamaq həm bir vəzifə, həm də bir qədirşünaslıq; onu izah etməksə, onun nuruna möhtac olan könüllərə hörmət və vəfanın ifadəsidir.

Beləliklə, Quran oxumağı bilmirksə, Ramazani-Şərifi vəsilə bilərək, dərhal öyrənmə yolları axtarmalı; Kəlam-İlahini oxuya bilir, lakin anlaya bilmirksə, bəzi ayələrin şərhlərini də ehtiva edən bir məala müraciət etməli, ya da daha da gözəli mötəbər bir təfsir kitabını mütaliə etməli və bu bir ayı həqiqətən Quran ayı kimi dəyərləndirməliyik. Sələfi-salehin əfəndilərimiz kimi, canla-başla Qurana yönəlməli, Kəlami- İlahiyə qarşı qəlb qapılarını taybatay açmalı və "Cənabi-Haqqın istəyini kəlamından anlama" xüsusunda Ramazanın müqəddəsliyinə yaraşan cəhdi ortaya qoymalıyıq.

Sual: İntizamlı bir insan olmağımız üçün Ramazan ayının nə kimi faydaları ola bilər? Ramazani-Şərif bizdə hansı vərdişləri hasil etməlidir?

Cavab: İntizamlı insan müəyyən qayda və prinsiplər çərçivəsində yaşayan, tərtib və nizama ciddi əməl edən insan deməkdir.

Əslində, bir möminin həyatı həmişə çox ahəngdar olmalıdır. O, nə vaxt nə etmək, nələrlə məşğul olmaq və hansı işləri görmək lazım gəldiyini əvvəldən bilməli və ona uyğun davranmalıdır. O, hansı işi əvvəl edəcəyini təyin etməli və bir proqrama görə işləməlidir. Niyyəti xaricində: "Görəsən, indi nə edim?”, -şəklində bir düşüncəsi olmamalıdır. O, həm Cənabi-Haqq qarşısında qulluq vəzifələrini, həm digər insanlarla bağlı məsuliyyətlərini, həm də öz şəxsi işlərini və bunlardan hansını nə vaxt edəcəyini mütləq əvvəlcədən təyin etməli, hər halı ilə bir nizam və intizam nümunəsi olmalıdır. Əslində, ibadətlər işlərin tənzimi və vaxt bölgüsü üçün çox əhəmiyyətli bir məhək daşıdır və inanan insan çox vaxt işlərini o ibadət təqviminə görə nizamlayar. "Günorta namazından sonra, axşam namazından əvvəl" -deyərək gününü müəyyən hissələrə ayırar və heç bir anını boş keçirməməyə çalışar.

Zamanın qiymətini bilən və ömrü qiymətləndirilməsi lazım olan çox əhəmiyyətli bir nemət kimi görən insanlar, yemək-içməkdən yatıb-qalxmağa qədər hər şeyin vaxtını planlaşdırar, heç bir məsələyə biganə yanaşmaz, həll edilməmiş bir iş qoymazlar. Onlar bilərlər ki, həm insanların, həm də təşkilatların ən məhsuldar olduqları vaxtlar nizam-intizama ciddi əməl edilən zamanlardır.

Ramazan ayı, yemək-içmək-yatmaq kimi nəfsin arzu etdiyi şeylərə qarşı davranış müəyyənləşdirərək bunları ehtiyac ölçüsündə və həmd və şükür duyğuları içərisində aradan qaldırmaqla həyatı nizam-intizama salmağı öyrədər. Eqoist istəklərə qarşı qəlb və ruh atmosferinə sığınaraq, vicdanı hərəkətə gətirib iradəni gücləndirərək daim bir istiqamətdə ola bilməyi dərs verər.

Ramazani-Şərif, insanın ən zəif damarlarından biri olan yemə-içmə istəyini məhdudlaş­dırmağı və idarə altında saxlamağı təmin edər. Sanki bir qidalanma nizamı təlim edər. Bəli, həyatı davam etdirmək üçün mütləq yeməyə, içməyə ehtiyac vardır. Lakin, sağlamlıq prinsipləri nəzərə alınmadan yeyilib-içilən hər şey bədən üçün zərərli olduğu kimi, mədənin, qəlbi əzəcək qədər güclənib insanı qəlb və mənəviyyatın üstün dərəcəsindən heyvanilik və cismanilik (maddilik) çuxurlarına yuvarlaması da bir fəlakətdir. Bəli, vaxtlı-vaxtsız davamlı bəzi şeylər yeyib-içmək və mədəni həmişə dolu saxlamaq, həm bədənə zərərdir, həm də Cənabi-Haqqın xoşlanmadığı bir davranışdır.

Bu mübarək ay boyunca tutulan oruc, yemək vaxtlarını təyin etmə, sabitləşdirmə, israfdan və mədəni ağzınacan doldurmaqdan uzaqlaşma, həm bədən, həm də ruh sağlamlığına zərərli şeylərdən uzaq dayanma və eyni zamanda, mütləq halal dairəsində qalaraq harama əsla əl uzatmama xüsuslarında vərdiş meydana gətirir, Ramazanlaşan insanlara bu mövzularda nizam-intizam ruhu qazandırır.

Ramazan, ondan nəsibini almağı bacaran hər insanı səviyyəsinə görə bir sədaqət qəhrəmanına çevirər. Oruc tutan və ondakı sirri qavramağa çalışan bir mömin, həm Haqqa təvəccöhündə, həm də xalqla münasibətlərində həmişə vəfa və sədaqət arxasında olar. O, yalnız müəyyən vaxtlarda ibadət edən bir insan olmaqla kifayətlənməyib, ubudiyət üfüqünə yüksələr və bütün gününü qulluq şüuru ilə qiymətləndirər, hər anını ibadət kimi yaşar. Dünyəvi meyillərdən və cismani istəklərdən bir azca yayınınca, qarşısında özünü Cənabı Haqqa həsr etmə və bir həqiqət insanı olma hədəfi meydana çıxar. Bu hədəfə çatmaq məqsədi ilə, Bədiüzzaman Həzrətlərinin ifadəsi ilə, həmişə Allah üçün düşünmə, Allah üçün danışma, Allah üçün sevmə, "lilləh, livəchillah, liəclillah" dairəsi içində qalma və hər vaxt Haqqa mütəvəccih olmaq üçün cəhdlər edər, bu sınaqlar, cəhdlər nəticəsində hər gün bir az da hədəfə yaxınlaşır. Əslində, oruc, vəfa duyğusunun ən gözəl bir əlamətidir, çünki o, Allah ilə qul arasında bir əhdnamədir: Qul, müəyyən müddət daxilində, müəyyən şeylərdən vaz keçər və bu surətlə əhdində vəfalı olduğunu göstərər; Cənabi-Haqq da onun mükafatını şəxsən Özünün verəcəyini vəd edər. Allaha qarşı vəfalı, sədaqətli davranan bir insan, zaman keçdikcə ailə və ictimai həyatında da bir "vəfa abidəsinə" çevrilər. Bu duyğu,düşüncə ilə, sılayi-rəhmi (qohum əqrabalarla əlaqələri kəsməmə, xüsusilə, ana-ataya qayğı göstərmə) güdər; hər kəsə kömək əli uzadar, zəkatını ödəməkdən əsla qaçmaz, hətta sədəqə verməkdən və infaq etməkdən doymaz.

Haqla münasibətin əhəmiyyətli bir şüarı da Quran oxumaq, Cənabı-Allaha dualarla yalvarmaq və davamlı Ona təvəccöhdə (yönəlmə) olmaqdır. Belə ki, Quranı-Kərimin naxışlı sandıqlar içində və ipək örtüklər arasında həbsinə son qoyub, onu dil və könüllərə şəkər-şərbət etmək də əksəriyyət üçün bir mənada ancaq Ramazanı-Şərifdə mümkün olur. Bu müqəddəs ay, damaqlara bir Quran dadı verir və insanlara bir əvradü-əzkar (virdlər və zikrlər) intizamı aşılayır.

Beləliklə, bir ay boyunca, yemə-içmədən yatıb-durmağa, ibadətü-taatdən əvradü əzkara (ibadətlərdən zikrlərə) qədər həyatın hər sahəsi ilə əlaqəli bəzi qanun və qaydalar çərçivəsində davranan, bir ölçüdə intizam ruhuna qovuşan və nizamlı yaşamağa alışan insanlar Ramazandan sonra da eyni nizam və intizamı qorumalı, davam etdirməlidirlər. Məsələn, bir ayın hər gecəsində yuxunu bölüb sahurun bərəkətindən istifadə etməyə çalışan, bu vaxt səccadə ilə də bir vüslət yaşayan möminlər, bu otuz gecəni bir təlim müddəti kimi qiymətləndirməli və artıq ilin hər gecəsini bir vüslət vadisi bilməli, gecələrini heç olmasa, bir neçə rükət təhəccüd namazı ilə işıqlandırmalıdır.

Bəli, bir intizam insanı, necə yaşayacağını və harada necə davranacağını əvvəlcədən təyin edər, müəyyən prinsiplər çərçivəsində özünə bir yol seçər və hər addımını bilərək atar. Bizim rəftar və davranışlarımızın rəng, naxış və hədd-hüdudlarını dinimiz çoxdan təyin etmişdir. Məsələn, Allaha və Rəsuluna iman bizim üçün ən əhəmiyyətli əsasdır. Bu əsas, sonrakı addımlarımızın istiqamətini də müəyyən edən bir yol işarəsidir. Biz inandığımız Rəbbimizi, rəhbər bildiyimiz Rəsulü Əkrəm Əfəndimizi (s.ə.s.) hər kəsə anlatmaq vəzifəsi ilə mükəlləfik. Dinimizi yaymaq bizim vəzifəmizdir. Başqa sözlə, könüllərə girməyə çalışırıq,çox gözəl olan İslamın gözəlliklərini sərgiləmək üçün onu gözəl təmsil etməyə səy göstərərik. Bu niyyətə istinad edərək, dini qaynaqlarımızın şəkilləndirdiyi rəftar və davranışlarımızla insanların arasında olar, onlara öz dəyərlərimizi tanıdarıq. Könül verdiyimiz həqiqətləri hər kəsə izah etmək üçün, şer'an (şəriətə görə) mütləq haram olan məsələlərə girməmək şərti ilə, o mövzuda istifadə edilməsinə icazə verilən bütün vəsilələri istifadə edər və bununla insanlarla iman həqiqətləri arasındakı maneələri qaldırmaq üçün çırpınarıq. Eyni zamanda, intizam insanı olmaqla “qaydaçı” olmaq arasındakı fərqə də diqqət yetirər; yaşadığımız dövrün şərtlərini və öz mədəniyyət mühitimizin gerçəklərini də nəzərə alma və dövrün insanlarına onların anlayacağı bir dil və üslubla xitab etmə kimi xüsuslara da maksimum diqqət göstərərik.

Əgər özümüzü Cənabı-Haqqın rizasına həsr etmiş və o razılığı da Allahı hiss tanıtdırmağa bağlamışsaq, artıq harada, hansı şərtlər altında olsaq, bizim üçün dayanmaq, acizliyə düşmək və məsuliyyətdən qaçmaqdan söz gedə bilməz, çünki: "Bahar gəlsin, hava istilənsin, çiçəklər açsın, bülbüllər ötməyə başlasın... o zaman mən də cəh-cəh vuraram!" şəklində bir düşüncə bir intizam insanının mülahizəsi ola bilməz. O, qışda da çaylar kimi çoşar, yayda da; baharda da gülə nəğmələr söyləməlidir, payızda da. O, hər mövsümə və hər dövrə görə bir dil və üslubla könüldən vurulduğu həqiqətləri tərənnüm etməkdən əsla geri durmamalıdır.

Təbii ki, belə bir könül ucalığı və bu cür bir intizam ruhu -xüsusi bir inayət olmazsa- bir anda qazanıla bilməz. O, üfüqə çatmaq uzun bir zaman və ciddi təlim tələb edir. Halbuki, Ramazan bir başlanğıcdır və o gözəl xüsusiyyətləri əldə etmək üçün çox bərəkətli bir əkin mövsümüdür.

Əslində, inananlar üçün insan ömrü bir Ramazan, həddi-büluğ çağı imsaq vaxtı, ölüm də iftar anıdır. Bir aylıq Ramazan, bir ömür boyu davam edən qulluq orucunun təlimi kimidir. Otuz gündə qazandığı gözəl xüsusiyyətləri ömür boyu davam etdirənlər burada bir az ac və susuz qalmağın əvəzində axirətdə: "Qullarım, çox vaxt sizi rənginiz qaçmış, bəniziniz saralıb-solmuş, gözləriniz çökmüş və ovurdlarınız çuxurlaşmış görürdüm. Buna Mənim üçün dözürdünüz. O keçmiş günlərdə təqdim etdiklərinizə əvəz, haydı bu gün nuşla yeyin, için"- xitabını eşidəcək və elə o gün əsl iftarı açacaqlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.