Şam söndürmə iftirası

Sual: "Əlinə,belinə, dilinə sahib ol" anlayışına qəlbən bağlı Ələvi[1] məzhəbindən olan qardaşlarımızın buna tamamilə zidd olan "şam söndürmə ayini" kimi bəzi adətlərinin olması ilə ittiham edilməsinə necə baxırsınız?

Cavab: Bu cür iftira və ittihamların kökü uzaq keçmişdən gəlir. Eyni qaynaqlardan bəslənərək eyni anlayışın hakim olduğu mühitdə yetişən insanları bir-birinə qarşı çıxarmaq üçün bəzi məzhəb fərqliliklərindən, bəzən də milli və etnik məsələlərdən istifadə edərək, insanların təqib etdikləri yolların bəzi xüsusiyyətlərini fərqli şəkildə şərh edərək ayrıseçkiliyə, bölünmələrə və cəbhələşmələrə səbəb olmuşlar. Ta Həzrəti Əlinin (r.a.) dövründən başlayan bu yanlış və ya məqsədli şərhlər, yozumlar və fərqlilikləri bəhanə edərək qardaşı qardaşa qarşı qoyma və parçalanmalar bu gün də eyni şəkildə davam edir.

Yaxın günlərdə əcnəbi bir telekanalda nümayiş etdirilən, xüsusilə də, Ələvi qardaşlarımıza qara yaxan və nəticə etibarilə hamımızı dərindən kədərləndirən çirkin bir teleserial vasitəsi ilə bir daha şahid olduğumuz kimi əslində bu fitnələr kənarda planlanır, kənar bir yerdə yanğın kimi alovlandırılır və sonra onun odu, alovu içimizə püskürdülür. Son vaxtlar təkcə bizim ölkəmizdə deyil, xüsusilə, yaxın coğrafiyada din, dil, məzhəb və irq mövzuları ilə bağlı duyğular alovlandırılaraq hər fərqliliyin bir cəbhələşmə səbəbi olması üçün kütlə ayağa qaldırılır və hətta müəyyən mənada hamı şovinistliyə cəlb olunur. Bu fitnə sadəcə Sünni-Ələvi ayrılığı, ya da etnik məsələləri və irqi mülahizələri sağalmaz bir yaraya çevirməkdən ibarət də deyil. Bu gün Ələviliyin cərəyanları arasındakı problemlərdə də məlum olduğu kimi bəzi əsaslar eyni olsa da, təfərrüatla əlaqəli hər bir fərqlilik yumruqların qeyzlə sıxılmasına səbəb olur, hətta Ələvi-Sünni qarşıdurmasından əlavə Ələviliyin fərqli qrupları da bir-birinə qarşı çıxarılır.

Məsələ o dərəcəyə çatıb ki, eyni mədəni-mənəvi irsin yetirmələri olan insanlar aralarındakı fərqlilikləri bir zənginlik qaynağı saya biləcəkləri, bir-birilərinin tutduqları (və ya çıxış etdikləri) mövqelərə hörmətlə yanaşıb mehribancasına yaşaya biləcəkləri və özlərinə zidd kimi görünən bəzi xüsusiyyətlərə göz yumub ortaq yönləri önə çıxararaq bir-birinə qucaqlarını aça biləcəkləri halda əsrlərlə çiyin-çiyinə yaşadıqlarını və bu şanlı tarixi birlikdə yazdıqlarını unudaraq bu gün bir-birlərinə arxa çevirir və yumruqlarını yığaraq dava etmək üçün fürsət axtarırlar.

Bəlkə də, hər iki tərəfin bir-birinə qarşı bəzi xətaları olmuşdur, amma bundan daha betəri asanlıqla aradan qaldırıla bilinəcək bu xətalar sonralar cəmiyyət içində təkraralanmış və çox fərqli səviyyələrə çatdırılmışdır. Xüsusilə, xarici qüvvələrin daxildəki bəzi əlaltıları sayəsində insanların başqalarının dünyagörüşünə zidd kimi görünən bəzi sözləri və davranışları çox fərqli mənalara yozulmuş, həddindən artıq şişirdilmiş və hər kəsi qəzəbləndirəcək bir tərzdə təqdim olunmuşdur. Həm məsələlərin bu şəkildə yanlış mənalara yozulması və fərqli şəkildə ifadə olunması, həm də gün keçdikcə böyüdülməsi və o yanlış mənalarla bölgədən-bölgəyə, nəsildən-nəslə ötürülməsi nəticəsində həddindən artıq qabaran düşmənçilik duyğularının təsiri ilə bir sıra insan "digəri" hesab etdikləri şəxsləri qaralamaq üçün heç bir əsası olmayan bəzi istinadlara və iftiralara da əl atmışlar. Bu əsassız istinad və iftiralarla özlərinin haqlı olduqlarını isbat etməyə çalışmışlar. Əfsuslar olsun ki, xarici və daxili şər qüvvələr tərəfindən alovlandırılaraq kifayət qədər böyüdülən bu fitnələr nəticəsində birlik və bərabərlik yox edimiş, qardaşlıq ruhu və ülfət kökündən sarsılmışdır.

Böyük bir iftira

"Şam söndürmə" hadisəsi də bu cür iftiralardan biridir. Cəm ayininin sonunda şamların söndürülməsi və ana, bacı, xala, bibi... kimə rast gəlirsə gəlsin hər kəsin qaranlıqda qarşısına çıxan şəxslə birlikdə olması şəklində danışılan, yəni tamamilə heyvanlıq dərəcəsinə düşüb yolunu azmışlıq iddiası ilə yayılan belə bir böhtanın həqiqət kimi qəbul edilməsi və millətimizin müəyyən bir təbəqəsinə o nəzərlə baxılması çox böyük bir zülümdür, insanlığa qarşı hörmətsizlikdir və məsuliyyəti altından çıxılması mümkün olmayan böyük bir iftiradır. Ələviləri qaralamağa və onları yolunu azmış kimi göstərməyə xidmət edən bu iftira bəzi qüvvələr tərəfindən ortaya atılmış, bəzi saf insanların hər eşitdiklərinə inanmaları və onu həqiqət kimi başqalarına da danışmaları nəticəsində bəzi Sünni dairələrdə də yayılmışdır. Belə ki, bu şər qüvvələr Sünnilərin yanında olanda onlara Ələvilərlə əlaqəli min cür yalan söyləmiş, sonra Ələvilərin yanına gedib bu dəfə də onlara Sünnilərlə əlaqəli uydurmalar danışmış və beləcə qardaşı qardaşa qarşı qoymaq üçün əllərindən gələn hər şeyi etmişlər.

Bu baxımdan "şam söndürmə" məsələsi ilə bir qrupu qaralamaq və dindaşlarımızı bir-birilərinə düşmən etmək məqsədi ilə ortaya atılmış iftiralara və uydurma sözlərə qarşı barışmaz mövqe tutmaq lazımdır. Eşidilən hər sözü möhkəm bir əsasa dayanırmış kimi dərhal qəbul etmək düzgün deyildir. Əgər o söz və əhvalat alçaldıcı və təhqiramiz mahiyyət daşıyırsa, ona etibar etmək və orada-burada dilə gətirmək bir möminə əsla yaraşmaz. Odur ki, ömrüm boyu alim və arif heç bir insandan belə bir böhtan eşitmədim. Uşaqlığımdan böyük pirlərin, ustadların və şeyxlərin məclislərində oldum, fəqət onların söhbətlərində bu mənada heç bir şeyə rast gəlmədim. Belə çıxır ki, bu cür ittihamlar xalq arasında söz gəzdirən şəxslərin dedi-qodularından başqa bir şey deyil. Bunları yayanlar və bu şəkildə cəmiyyətdə sabitliyi və əmin-amanlığı pozmağa çalışanlar ya cahil insanlardır, ya da ölkəmizin insanlarında biri-birinə qarşı düşmənçilik hissləri oyatmağa çalışan xainlər.

Bundan əlavə, təmiz vicdanlı bir şəxsin belə bir iftiranın həqiqət ola biləcəyini ehtimal etməsi də mümkün deyildir. Çünki bizim mədəniyyət anlayışımızla yetişən insanların bu cür heyvanlıq dərəcəsinə enəcəyini ehtimal etmək həm insan mahiyyətinə qarşı hörmətsizlikdir, həm də insanları təhqirdir. Hələ bir də, "Əlinə, belinə, dilinə sahib ol" anlayışına bağlı yaşayan və namusları uğrunda dəfələrlə mücadilə və mübarizə aparmış insanların iffətlərinə göz yummaq, onların qəlblərini yaralayacaq istinadlar gətirmək və iftiralara ortaq olmaq nəinki müsəlmanlığa, hətta insanlığa belə sığmayacaq çirkin bir davranışdır.

Əhli-Kitaba mənsub bəzi iftiraçılar da Həzrəti Davuda (ə.s.) iftira atmışdılar. Haşa (əsla və qətiyyən elə deyil), O müqəddəs Peyğəmbərin (ə.s.) Hitti Uriya adlı sərkərdəsini qəsdən ön cəbhəyə göndərərək onun öldürülməsinə səbəb olduğunu və beləcə onun dul qalmış həyat yoldaşı ilə özünün evləndiyini demişlər. Bu uydurma hekayənin öz dövründə də çox danışıldığını eşidən Həzrəti Əli Əfəndimiz(r.a.) belə bir iftira qarşısında çox üzülmüş və Davud əleyhissalam haqqındakı bu yalanı yayanları cəzalandıracağını elan etmişdir; kim bu böhtanı dilinə gətirərsə, bir peyğəmbərə iftira etmə cəzası olaraq ona yüz altmış toppuz vuracağını demişdir.

Əslində, haqqında danışılmağa belə dəyməyəcək qədər əsilsiz və çirkin gördüyüm, fəqət iftiraçılara inana biləcək bəzi şəxsləri xəbərdar etmək məqsədi ilə haqqındakı düşüncələrimi ifadə etməyi lazımlı bildiyim belə bir böhtan qarşısındakı hisslərimi yekunlaşdırmaqla deyə bilərəm ki, əgər bu gün də Heydəri-Kərrar Həzrəti Əli (r.a.) dövründəki kimi bir cəzalandırma sistemi olsa idi və qərar vermə səlahiyyəti mənə düşsə idi, mən də "şam söndürmə" iftirasını səsləndirənləri cəzalandırardım.

Heydəri-Kərrar və Əhli-Beyt Məhəbbəti

Sual: Bu cür iftiralarla şiddətlənən ayrıseçkilik və fitnə atəşini söndürmək üçün -bu yalanlara etibar etməməklə- ən əvvəl nə etmək lazımdır?

Cavab: Hər şeydən əvvəl ayrılıqları ön plana çəkib mübahisələrə səbəb olmaq yerinə ortaq yönlərdən bəhs edərək qarşılıqlı anlaşmağa nail olmaq lazımdır. Sünnilərlə Ələvilər arasında kifayət qədər çox ortaq nöqtələr vardır. Allaha, Peyğəmbərə, kitaba iman etmə, Həzrəti Əliyə (r.a.) və Əhli-Beytə ciddi bir sevgi bəsləmə kimi ortaq nöqtələr üzərində birləşmənin yolları axtarılmalıdır.

Bəli, adətən Ələvilərdə ifrat dərəcədə bir Əli (r.a.) sevgisi və Əhli-Beyt məhəbbəti müşahidə olunur. Bu xüsusiyyət Sünni əqidəyə bağlı olanlar arasında da çox barizdir. Məsələn, böyüdüyüm ailə və mədəniyyət mühiti etibarilə həmişə Həzrəti Əlini (r.a.) həddindən artıq çox sevmişəm. Xüsusilə qəhrəmanlığı ilə, mərdliyi ilə və igid ruhlu xarakteri ilə Şahı-Mərdan Həzrəti Əlini (r.a.) tanıyınca ona o qədər heyran olmuşdum ki, digər üç xəlifənin fəzilətlərini nəzərə alaraq hər kəsi öz yerinə görə dəyərləndirmə mövzusunda çox ciddi səy göstərməli olmuşam. Xüsusilə, Həzrəti Əliyə olan səmimi sevgisinə və qəlbən bağlılığına şahid olduğum Alvar İmamının[2]:

Nuru ayni Muhamməddir,
Şahı-Mərdan Heydər Əli.
Dürrü dəryayi Ahmeddir,
Şahı-Mərdan Heydər Əli!

sözlərini daima eşitdiyim və Həzrəti Əli Əfəndimiz(r.a.) haqqında bir-birindən təsirli əhvalatlar dinlədiyim o xanəgah atmosferində digərləri ilə Həzrəti Əli (r.a.) arasında qalır və "Heydəri-Kərrar olmasa olmaz" deyərdim.

Halbuki, bu xüsusda əhli-sünnət inancına uyğun olaraq Həzrəti Əli Əfəndimizin (r.a.) dediyi kimi deməliyik. O, "Əbu Bəkir olmasa idi, bu din olmazdı" -deməklə həm Həzrəti Əbu Bəkrin (r.a.) müstəsna mövqeyinə işarə edərək haqpərəstliyini göstərmiş, həm öz təvazökarlığını səsləndirmiş, həm də özündən sonra gələnlərə bu cür məsuliyyəti ağır mövzularda diqqətli olub haqq yoldan çıxmamalarını tövsiyə etmişdir. Sözün düzü, Həzrəti Əliyə (r.a.) yaraşan da budur, çünki o, igidlərin igidi və nəbinin kürəkənidir. Bununla yanaşı o Həzrəti Ömərə (r.a.) şüyxulislamlıq etmiş, Həzrəti Osmanın (r.a.) evi mühasirəyə alınanda Həsən və Hüseyn əfəndilərimizi onu qorumaları üçün göndərmiş və "Gedin, lazımsa o qapıda ölün, amma Həzrəti Osmana toxunmasınlar!" demişdi. Əli əfəndimizi bu yöndən tanımaq və anlamaq lazımdır.

Bununla yanaşı, əhli-sünnə nəzərində də Həzrəti Əlinin digər səhabələr arasında ayrı bir yeri vardır. Bu müstəsna məqam onun Allah Rəsuluna (s.ə.s.) qohum olması, o xanəyə aid bəzi sirlərə bələd olması, həqiqəti-Əhmədiyənin vəlayət nöqtəsində ən kamil mənada təmsili, peyğəmbər nəslinin ondan davam etməsi və bütün övliyaların baş tacı olması... kimi üstün yönlərindən irəli gəlir.

Həzrəti Əli "Hər peyğəmbərin nəsli özündən, mənimki isə Əlidən olacaq!", "Mən kimin dostu (mövlası) isəm, Əli də onun dostudur.", "Sən dünyada da, axirətdə də mənim qardaşımsan!", "Sən Həzrəti Harunun, Həzrəti Musa yanında tutduğu yeri, mənim yanımda tutmağa razı deyilsənmi? Lakin bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur," sözlərindəki peyğəmbəranə ehtirama nail olmuş bir insandır.

Bununla yanaşı, Rəsuli-Əkrəm (s.ə.s.) nəslini sevmək də Ələvi olsun, Sünni olsun hamımımız üçün çox əhəmiyyətlidir. Qurani-Kərimdə Allah Rəsulunun peyğəmbərlik vəzifəsi müqabilində heç bir əvəz tələb etmədiyini, sadəcə Ali-beytinə məhəbbət istədiyi bildirilir. Nəbilər Sərvəri (s.ə.s.) bu həqiqəti dəstəkləyən bir hədisində "Nemətləri ilə sizə ruzi verdiyi üçün Allahı sevin. Məni də Allah üçün sevin. Əhli-beytimi isə mənim sevgimdən ötrü sevin" -buyurur. Yenə Həbibi-Əkrəm (s.ə.s.) iki ayrı hədisdə siratı-müstəqimdən çıxmamaları üçün ümmətinə Quran, Sünnət və Əhli-beytə tabe olmağı əmr etmişdir. Əfəndimiz "Sizə iki şey qoyuram. Bunlara tabe olduğunuz müddətcə qətiyyən yolunuzu azmazsınız. (Bunlar) Allahın Kitabı və Rəsulunun Sünnətidir" demiş, bir başqa səfər isə, "Digəri əhli-beytimdir" buyuraraq Sünnətinin yerinə mübarək nəslini zikr etmişdir.

Kərbəlaya ağı (mərsiyə)

Peyğəmbər nəslinin məruz qaldığı bəlalar yenə Ələvi-Sünni hamımızın ürəyini dağlayır.

Özümü bildiyim gündən bəri gəzib-gördüyüm xanəgah, zaviyə, mədrəsələrdə və istifadə etməyə çalışdığım alimlərin, ariflərin və əhli-fəzilətin söhbət məclislərində Kərbəla ilə əlaqəli ağı və mərsiyə oxumalarına və əsasən də Seyyidina Həzrəti Hüseynin (r.a.) məruz qaldığı zülümdən söz açılarkən hər kəsin hönkürə-hönkürə ağladığına çox şahid olmuşam. Alvarlı Efe Həzrətlərinin:

"Bu gün mahi-Məhərrəmdir, mühibbi-xanədan ağlar.
Bu gün əyyami-matəmdir, bu gün abi-Rəvan ağlar.
Hüseyni-Kərbəlayı əlvan edən gündür.
Bu gün Ərşi-müəzzəmdə olan ali divan ağlar.
Bu gün Ali-əbanın gülşəninin gülləri soldu,
Düşüb bir atəşi-dilsuz, qamu əhli-iman ağlar.
Güruhi-xanədana Lütfiya qurban ola canım,
İla yövmi qiyamə can ilə əhli-iman ağlar."

sözləri hələ də qulaqlarımdadır. Bu misralar oxunarkən duyğu bulaqlarımızın coşduğu və gözlərimizin yaşlarla dolduğunu da bu günki kimi xatırlayıram.

Buna görə də ölkəmizin, millətimizin və bütövlükdə bəşəriyyətin gələcəyi naminə buna bənzər ortaq məsələlərdə yekdilliklə birliyi təmin edərək qarşılıqlı hörmət və anlayış göstərməli, tarixdə ixtilafa səbəb olan məsələləri bu gün təkrarlayaraq yeni qarşıdurmalara yol verməməli və bir-birimizi ittiham edən söz və davranışlardan tamamilə uzaq durmalıyıq.

Bu gün dünyanın səadəti naminə xristian ya da yəhudi, bütün əhli-kitabla müəyyən səviyyədə yekdilliyə nail olmağa çalışırıq. Hətta hal-hazırda tolerantlı olmağa məcbur olduğumuz mövzuların varlığına işarə etmiş olmamaq üçün "tolerantlıq" sözünü belə işlətməməyə diqqət edirik. "Hər kəsin mövqeyinə hörmət" məfhumu ilə hərəkət edirik. Bundan əlavə insanlıq nöqtəsində birləşərək hər kəslə ünsiyyət qurma, dost olma yollarını axtarırıq. Əhli-kitab olsun-olmasın, hər kəslə dialoq qurmağın yollarını araşdırırıq.

Elə isə ən uzaqdakılarla belə dialoq qurma, onların mövqelərinə hörmətlə yanaşma, müştərək dəyərlərdə kompromisə gəlmə, insanlığın tarix boyunca qazandığı müsbət dəyərləri paylaşma və dostluq körpüləri qurma yollarını araşdırdığımız belə bir zamanda əsrlərlə eyni qədəri yaşamış insanlarla birləşməli və əl-ələ verməli deyilikmi? Müəyyən dövrlərdə təfərrüata aid bəzi məsələlərdə ortaya çıxmış fərqli inancları, fərqli anlayışları və fəqrli şərhləri bəhanə etməkdən, buna görə də bölünüb parçalanmaqdan və başqa-başqa istinadlarla bir-birimizi üzməkdən uzaq durmalı deyilikmi?

Digər tərəfdən, əgər sizin üçün ali olan dəyərlərə hörmət göstərmələrini və başqa insanların da onlardan istifadə etmələrini istəyirsinizsə, başqalarına və onların dəyərlərinə hörmət göstərməlisiniz. İnsanlardan hörmət görməyinizin və meyarlarınızdan onlara da istifadə etdirməyinizin yeganə yolu onların anlayışlarına, hissiyatlarına və dəyər verdikləri mövzulara hörmətlə yanaşmağınızdır. Siz alicənablıq nümayiş etdirər və onların dəyərlərinə hörmət etsəniz, onlar da hörmət göstərər və dəyərlərinizə hörmətlə yanaşarlar. Yox, əgər əsli-əsası olmayan qondarma sözlərlə qaralamağa çalışsanız, daima şübhə ilə yanaşsanız, onları həm hörmətsizliyə məcbur, həm də o gözəl dəyərlərinizdən məhrum edərsiniz. Siz onlarla müəyyən səviyyədə ünsiyyət qurmasanız, müvəqqəti də olsa özünüzü onların yerinə qoymasanız və duyğularını anlamağa çalışmasanız, onlara özünüzə doğru bir addım belə atdıra bilməzsiniz. İnsani dəyərlər çərçivəsində, vətən və dünya sülhü naminə bir-birinizdən istifadə etməyiniz, bir-birinizə əl tutmağınız və gözəl bir dünya qurmağınız fərqli dünyagörüşlü insanlara anlayışla yanaşmağınızdan və bir az da özünüzü onların yerinə qoya bilməyinizdən asılıdır. Bu mövzü həm müsəlmanlar ilə Əhli-kitab arasındakı dialoq baxımından, həm də Ələvi Sünni münasibətlərində çox əhəmiyyətlidir.

Bu baxımdan, bu gün həm ələvilərin, həm sünnilərin, həm də eyni məzhəbə bağlı müxtəlif qolları təmsil edənlərin bir-birilərinə ehtiramla və mövqelərinə hörmət düsturu ilə yanaşmaları lazımdır. Hər kəs qərəzli yanaşmadan, əsassız şübhələrdən, yersiz ittihamlardan təmizlənməli, həm digərlərindən istifadə edə biləcəyinə, həm də bəzi mövzularda ona kömək edə biləcəyinə inanmalıdır. Bu inamla bütün təbəqələr dostluq yolunda birləşməli, bir qrup dostca əl uzadarkən digəri onu sevgi ilə qarşılamalı və bir tərəf Əhli-beyt məhəbbəti ilə coşarkən digəri də onun həyəcanına ortaq olmalıdır.

Məhərrəmdə iftar yeməyi

Sual: Söz açılmışkən, məhərrəm ayında tərtib edilən, mətbuatda "Ələvi iftarı" kimi əks-səda verən, hörmətli Baş nazirin da iştirak etdiyi, lakin bəzi Ələvi təşkilatların buna etiraz etdiyi "iftar yeməyi" ilə əlaqəli fikirləriniz necədir?

Cavab: İstəyən istədiyi dəvətə gedə bilər, istəməyən də getməz. Lakin iftar yeməyində iştirak edənlərin cəmiyyətdə yaxşı qarşılanmayacağını elan etmək doğru deyil. Dəvətə getməmək mövzusunda bəzi istisnalar qəbul edilə biləcək olsa da, iftar yeməyinə gedənlərə boykot qərarı vermək, onları bir növ təhdid etmək və iftarın tərtib heyətini gizli məqsədlər güdməklə ittiham etmək qətiyyən doğru deyildir. Niyyətləri, sadəcə, Allah bilir. Heç kim heç kimin içindəkilərini oxumağa cəhd göstərməməlidir. "Bu iftarı təşkil edənlər, sadəcə, siyasi məqsəd daşıyırlar" deyənlərə, Allah Rəsulunun (s.ə.s.) Həzrəti Usaməyə bir hadisə ilə əlaqədar buyurduğu və yüksək əxlaqı, nəbəvi adəti perspektivindən həmişə eyni istiqamətdə davrandığı kimi "Həl şəqaqtə qalbəhu-Qəlbini yarıb baxdınmı?" deyilsə, yerinə düşər.

Bu gün ağlı və vicdanı olan hər kəs artıq ayrılıqdan, bölünməkdən, ixtilafdan, həqiqətən, bezar və yaralıdır. Söz və imkan sahibi insanlar bu müşkül məsələni həll etmək, ya da ən azı minimuma endirmək üçün tapdıqları hər çarəyə əl atırlar. Bunlardan biri də xarici dövlətlərin başçıları və dövlət xadimləri ilə birlik qurub mədəniyyətlərarası dialoqu təsis etməyə çalışmaqdır. Dünyada sülhün olması baxımından əhəmiyyətli olan bu təşəbbüslərlə yanaşı, ölkəmizin əmin-amanlıq və sülh atmosferinə qovuşması üçün də cəmiyyətin hər təbəqəsindən insanların eyni dam altında, eyni süfrə ətrafında toplanmaları və əl-ələ, çiyin-çiyinə verib ortaq dərdlərə dərman axtarmaları lazımdır. Bəli, qəlbləri ancaq Allah bilir. Bu qədər insanın qəsdi-qərəzliklə və başqa məqsədlərlə həmin iftar yeməyinə qatıldığını iddia etmək ən azı bir çoxu haqqında sui-zənn və böyük bir haqsızlıqdır. Dialoq niyyəti ilə uzadılan əlləri "bir qərəzləri var" deyə boş qaytarmaq bir qabalıqdırsa, birlik qurmaq lazım deyil düşüncəsi ilə bu cür toplantıları batil görmək və bu işin tamamilə əleyhinə olmaq da eyni dərəcədə kobudluqdur.

Mədəni, uzaqgörən insanlar dialoq qurub bir dil tapmalı və hər fürsətdə birliyi təmin etməyə çalışmalıdırlar ki, hər kəs sahib olduğu gözəllikləri nümayiş etdirsin, öz həqiqətlərini dilə gətirsin, öz dəyərlərini təmsil etsin və beləliklə, insanlar bir-birlərini tanısınlar. Əsassız ittihamlardan, pis düşüncələrdən qurtulsunlar və ortaq nöqtələrdə bir olsunlar.

Əslində, Həbibi-Əkrəm (s.ə.s.) Əfəndimizin məscidinə müsəlman olmayanlar girə bilməzlər. Lakin şəxsən Allah Rəsulu (s.ə.s.) hələ İslamı tanımayan çox insanı orada qəbul etmişdir. Onlar da səhabələrin İnsanlığın İftixar Timsalına qarşı hörmətlərini, hal və hərəkətlərini, öz aralarındakı münasibətlərini, oturub-durmalarını, yemə-içmələrini görmüş, bu insanlar haqqında eşitdikləri bir çox dedi-qodunu öz baxışlarına görə dəyərləndirmiş və çox vaxt da bütün sui-zənlərdən təmizlənərək həqiqəti öyrənmənin gözəlliyini yaşamışlar.

Rəhbəri-Əkməl Əfəndimiz (s.ə.s.) uzun müddət möminlərlə qalıb onları yaxından tanıyan birinə, "Ləiləhə İlləllah, Muhammədun Rasullullah" deməsini təklif edincə o bu təklifi qəbul etməmişdi. Şəfqət Peyğəmbəri ikrah hissinə qapılıb onu sıxmamışdı. O adam bir az oradan uzaqlaşınca gözəlcə qüsl alaraq Allah Rəsulunun yanına qayıdıb "Əgər ilk təklifinizi qəbul etsə idim, zorla kəlmeyi-şəhadət gətirmiş olardım və zorla müsəlman olduğumu düşünə bilərdilər. Lakin indi azadam və öz iradəmlə gəldim!" –demiş və imanını dili ilə də təsdiq etmişdi. Bəli, onu cəzb edən səhabələrin İslamı layiqincə yaşamaları idi.

Həm Ələvi, həm də Sünni mütəmadi olaraq insanların qüsurlarını axtarmaqdansa, yalan bəyanları həqiqət qəbul edərək bəzi təbəqələri təhqir etməkdənsə və beləcə kompromis yoluna əngəl olmaqdansa, öz dəyərlərini layiqincə təmsil etməklə nümayiş etdirmə üsulunu seçməli deyillərmi? Bir çox gözəllikləriniz var ikən, daxili aləminizin əksi olan görünüşünüzlə onları insanların önünə bir ziyafət süfrəsi kimi açaraq hər kəsi istifadə etdirmə imkanına sahib ikən niyə ixtilaflı mövzuları ortaya ataraq həmişə uzaqlaşma, ayrı yaşama və yersiz şübhələrlə cəmiyyəti parçalama yolu ilə gedəsiniz ki?!. Həmişə qarşı tərəfi günahlandırma və başqalarını şübhəyə salmaqla nə siz bir şey qazana bilərsiniz, nə də ictimai kompromisi əldə edə bilərsiniz. Kompromis bir az da bəzi məsələlərə göz yümmağa və fərqləri görməməyə bağlıdır. Müştərək olan məsələlərdə yekdilliliyə nail olub, əl-ələ versəniz, ancaq onda ittifaq və hüzur içində yaşaya bilərsiniz.

Kitabi Ələvilik

Sual: Bir neçə il əvvəl ələvilərin mədəniyyətlərini yazı halına gətirmənin zəruri olduğunu ifadə etmişdiniz. Bu təşəbbüsün səbəbləri nələrdir?

Cavab: Zənnimcə, artıq bir çoxları bu tələbatın fərqinə varmış və bunun zəruriliyinə inanırlar. Lakin təəssüf ki, sayları az olsa da, bəzi təbəqənin mənfi niyyətli nümayəndələri başqalarına şübhə ilə yanaşır və onların da gizli məqsədləri olduğunu düşünürlər. Beləcə, ən məsum və faydalı tələblərin ya da təkliflərin belə əksinə gedirlər.

Diyanət İşləri Rəhbərliyinin ələviliyin klassik on yeddi kitabını nəşr etmə qərarına bəziləri qarşı çıxdılar. Bəziləri bunu Ələviləri assimilyasiya etmə kimi gördülər. Halbuki, məsələyə daha mülayim yanaşıla bilər, o işin mükəmməl və hər kəsin istifadə edə biləcəyi şəkildə olması üçün nə lazımdırsa, bu məsələlərdən bəhs edilə bilər və nəticədə bu əsərlər cəmiyyət üçün çox faydalı bir qaynaq olar. Beləliklə, insanları fərqli mülahizələrə sövq edən və ayrı salan ünsürlərin də qarşısı alınnmış olardı. Təməl əsərlər meyar götürülməzsə, bəzən həvəs və maraqlar hökm şəklinə bürünə bilər və hiss düşüncələri müəyyənləşdirib onlara istiqamət verə bilər. Bəli, belə mövzular şəxslərin öhdəsinə buraxılsa, şəxsi mülahizələrin qarşısını qətiyyən almaq olmaz.

Qətiyyən Ələvi dədələrinə, babalarına, mürşidlərinə, pirlərinə və rəhbərlərinə etiraz etmirəm. Bu bir sistemdir. Madam ki, onlar ehtiram edirlər, hörmət edilən insanların etibarı ilə oynamaq doğru deyil. Bununla yanaşı, ümumi anlayışa aid məsələləri möhkəmləndirmənin və sarsılmaz zəminə bağlamanın ən vacib yollarından biri, filankəsin bəyanı, filankəsin ictihadı, onun hökmü, bunun istinadı... yerinə, bu mövzuda böyük qəbul edilən insanaların qaynaq sayılan kitablarına müraciət etməkdir.

Buna görə də, ələvilər də əhəmiyyət verdikləri və ölçü qəbul etdikləri insanların kitablarını yenidən nəzərdən keçirərək, başdan-ayağa tədqiq edərək və bu günün imkanları ilə istifadə etməyə əlverişli şəkildə nəşr edərək hər kəsin istifadəsinə verə bilərlər. Beləliklə, insanları əsas qaynaqlarla yenidən qarşılaşdıraraq, birləşmək və kompromis qurmaq üçün möhkəm bir zəmin hazırlamış olarlar. Bir daha ifadə etməliyəm ki, əgər məsələlər şəxslərin öhdələrinə buraxılsa, çox fərqli görüş və anlayışlar ortaya çıxar. Haqq iddia etmələr, bölünmələr və qarşıdurmalar meydana gələ bilər. Bundan başqa, şərtlər dəyişdikcə və fərqli prizmalardan yanaşdıqca vəziyyətə görə hökmlərin mahiyyətləri də dəyişər və həlli mümkün olmayan ixtilaflar meydana gələ bilər. Bunlar da cəmiyyəti bölər, parçalar, kompromisdən insanları uzaqlaşdırar.

Bu mülahizələrlə illər əvvəl ələvilərin böyüklərinə, "əgər, "bizim də bir kitabxanamız olsun, İmam Cəfəri-Sadiqin "Buyruq"u, Hacı Bəktaş Vəlinin "Məqalət"i, "Bismillah" təfsiri, Füzulinin "Hədiqatüs-Süəda"sı, Mövlananın "Məsnəvi"si, Yunusun "Divan"ı, Xoca Əhməd Yəsəvinin "Fərqnamə"si kimi qaynaqlarımız da orada olsun! Həm biz istifadə edək həm də övladlarımıza miras qoyaq!" deyirsinizsə, biz bu mövzuda əlimizdən gələn hər cür köməyi edərik" -dedim. Bu təklifimdə o qədər səmimi idim ki, "İmkanınız olmadığına görə bir mərkəz qura bilmirsinizsə, alın buranı işlədin, ya da buranı mədəniyyət evi edin demək istəyərdim, lakin bəziləri bunu səhv anlayar və dilə-dişə salarlar deyə çəkindim. Siz özünüz edin ki, heç kim qərəzlə bu işin axırına çıxmasın. Biz də gücümüz çatan qədər sizə kömək edək" –deyə əlavə etdim.

Cəm evi[3] və kompromis zəmini

Sual: Cəm evi açma mövzusunda da kömək təklifini etmişdiniz?

Cavab: Bəli, bu mövzuda da təklifim olmuşdu. Əslinə baxılsa, cəm evinin status məsələsinin konstitusiyanın müəyyən etdiyi çərçivəyə uyğun olub-olmaması ancaq dövlətin bildiyi bir mövzudur. Lakin şəxsi qənaətimə görə bəzi yerlərdə məscid yanlarında bir də cəm evi qurulmasında heç bir problem yoxdur.

Hətta, bir universitetimiz olsa, onun şəhərciyində yəhudilər öz dinlərini öyrətsələr, eyni yerdə xristianlar öz institutlarını açsalar, orada müsəlmanların da, xüsusilə, ilahiyyat fakültələri yerləşsə, bundan savayı, müxtəlif məzhəblərin əsaslarının öyrədildiyi kurslar olsa.. həmin yerdə hər inanc və düşüncəni təmsil edənlər bəzən dəhlizdə yeriyərkən, bəzən baxçada gəzərkən, bəzən parkda oturarkən və bəzən də çay içərkən bir yerə yığılsalar... Zənnimcə, o atmosferi paylaşan insanlar, zehnində yerləşən "digər" münasibətin heç də doğru olmadığını görəcək və heç fərqinə varmadan bir-birinə isinəcək, bir müddətdən sonra da əl-ələ verəcək və bir-birini anlamaya çalışacaqlar. Beləliklə, aralarındakı o süni nifrət duyğusu zaman keçdikcə silinəcək və hər kəsin mövqeyinə hörmət anlayışı onu əvəz edəcəkdir. Məsələ bu səviyyədə bir birliyə və bərabərliyə çatdırılınca onun təsiri başqa təbəqələrə qədər sirayət edəcək. Öz qaynaqlarının doğruluğundan şübhə etməyənlər belə bir birlikdən əsla narahat olmazlar.

Qənaətimcə, ələvilərə də buna bənzər bir yanaşma olmalıdır. Onların cəm evində öz ibadətlərini yerinə yetirmələrinə imkan verilməlidir. Bəli, bir az əvvəl dediyim kimi, cəm evinə rəsmi ibadətxana statusu vermək kimi mövzuları ancaq konstitusiya və qanunlar çərçivəsində dövlət qurumları müəyyənləşdirir, bu məsələlər bizə və şəxslərə aid olmayan mövzulardır. Amma öz hissiyatıma görə ələvilərin ölkənin birlik və bərabərliyinə zərər verməməklə, anarxiya yuvasına çevirməməklə və bəzi asiləri qoynunda bəsləməməklə cəm evində toplanmalarında, ibadətlərini yerinə yetirmələrində və özlərinə görə bəzi mənalar verdikləri adət-ənənələrini icra etmələrində bir problem görmürəm. Beləliklə, cəm evlərinin şifahi mədəniyyətdən daha çox yazılı mədəniyyətin hakim olduğu məkanlar halına gətirilməsində fayda olacağına inanıram.

Bu düşüncələrlə biz 1990-cı ildə Türkiyədəki bütün dinlərin nümayəndəri ilə, milli azlıqların təmsilçiləri ilə, müxtəlif inanc, düşüncə və məzhəblərin nümayəndələri ilə müəyyən məkanlarda toplanmış, eyni süfrə ətrafında bir yerə yığışmış, yan-yana oturmuş, bir-birimizi dinləmiş, qarşılıqlı mülahizələrimizdən söz açmış və fikir mübadiləsində olmuşduq. Tolerantlıq və dialoq küləklərinin əsdiyi o günlərdə bəzi Ələvi nümayəndələri ilə də görüşmüş, Ələvi Sünni münasibətləri, cəm evi məsələsi, kitabi mədəniyyətə keçid mövzuları kimi məsələlərlə əlaqəli hisslərimizi və qənaətlərimizi dilə gətirmişdik. Təəssüf ki, Türkiyədə birlik və bərabərliyi istəməyənlər bu dostluq ab-havasını pozdular. Beləliklə, mövzu ilə əlaqəli ehtiyacları və görüləsi işləri izləməyə, aramızdakı münasibəti daha da möhkəmlətməyə imkanımız olmadı. Hər kəslə görüşür və sülh içərisində yaşayırdıq. Lakin təəssüf ki, xalqın ifadəsi ilə desək, o dalğaya daş atdılar, iç-içə olan halqaların intizamını pozdular və bunu edənlər özlərinə görə quşu gözündən vurdular.

O gözəl gedişat əngəlləndi deyə bu məsələni olduğu kimi qoymamalıyıq: "bismillah" deyib yenidən işə başlamalıyıq, qaldığımız yerdən davam etməli, birlik və bərabərliyimiz üçün lazım olan hər şeyi etməli, əlimizdən gələni əsirgəməməliyik.

Necə ki, Anadolunun fədakar insanları, əsasən də Cənub-Şərq şəhərlərimizdə qurban əti paylanarkən və kasıblara yardım əli uzadarkən hər hansı bir ayrıseçkilik etmədilər. Getdikləri yerdə Sünni, Ələvi, Nasturi, Nusayri, Süryani... yəni demək olar ki, hər soydan və inancdan insanalarla qarşılaşdılar, amma onlar yönəldiklərinin etnik, milli mənsubiyyətlərinə baxmadan köməklərini əsirgəmədilər. Bundan sonra da yenə bu cür davranmalı və irq mülahizələrinə girmədən, məzhəb fərqliliyi güdmədən zülmə məruz qalan hər kəsin köməyinə tələsməliyik. Sosial coğrafiyadakı bütövlüyü nəzərə almalı, buna görə bir fəaliyyət üçün yol xəritəsi müəyyənləşdirməli və cəmiyyətimizin hər bir fərdinə eyni hörmət və səmimiyyətlə yanaşaraq Allahın izni ilə ixtilafların və parçalanmaların qarşısını almalıyıq.

Unutmamalıyıq ki, Türkiyədəki bütün bölünmələrin, parçalanmaların, ixtilafların, terorun qaynaqlandığı ayrıseçkiliyin və fitnələrin arxasında, əsasən də, xarici qüvvələr və onların daxildəki şəbəkələri durur. Bəzi təbəqələri qaralama və şübhə altında saxlamaq üçün ortaya atılan ittihamların, istinadların və böhtanların çoxu da bu şər qüvvələr tərəfindən törədilir və xalq arasında yayılır. Dinə, dəyanətə, inanca, dünyagörüşünə və məzhəbə qarşı təhqiramiz sözlər və münasibət əksəriyyətlə onlar tərəfindən formalaşdırılır. Bu şər qüvvələr ən məsum fəaliyyətləri belə bəzi gizli ideallara bağlı imiş kimi göstərərək onlara qarşı etiraz səslərinin yüksəlməsini və o xeyirli işlərin baltalanmasını təmin edirlər. Təəssüf ki, hər zaman hər şeydən xəbərsiz bəzi şəxsləri də öz tərəfinə çəkərək ölkəmizdə sülh və sabitliyin hökm sürməsinə mane olurlar.

Bu səbəblərdən, birlik, bərabərlik və kompromis üçün göstərdiyimiz cəhdlər hər zaman hər kəs tərəfindən xoş qarşılanmaya bilər, bəzi şəxslər gördüyümüz işi düzgün qəbul etməyib etiraz edə bilər. Lakin bu etirazlar bizi yolumuzdan döndərməməlidir. Bildiyiniz kimi, dialoq naminə dünyaya qucaq açdığımız zaman da müəyyən bir təbəqə "xristianlığa və yəhudiliyə güzəşt edilir, misyonerlik gücləndirilir, din əldən gedir!" kimi ifadələrini uca səslə dilə gətirmişdi. İndi buyursunlar, dünyadakı parçalanma, ixtilafı və teroru dayandırsınlar, bütün müsəlmanların alınlarına "terrorist" ləkəsinin vurulmasına mane olsunlar!.. Bir gün onlar da başa düşəcəklər, bəlkə də, bu gün artıq anlayıblar ki, bunun yeganə əlacı, insanlığın yeganə çarəsi insanları bir yerdə toplamaq, kompromis əldə etmək, onları həyatı paylaşmağa, birlikdə yaşamağa hazır vəziyyətə gətirməkdir. Beləliklə, ayrılığı və ixtilafı aradan qaldırmaq üçün hansı işlərə ehtiyac varsa, hamısı əskiksiz ortaya qoyulmalı və bu mövzuda qınayanların qınamalarına qətiyyən fikir verilməməlidir.

[1] Həzrəti Əliyə(r.a.) bağlılığı ilə bilinən və bəzi xüsuslarda Şiə(Cəfəri) məzhəbindən fərqlənən bir məzhəb

[2] F.Gülən Xoca Əfəndinin elmindən və mənəvi atmosferindən istifadə etdiyi Ərzurumda yetişmiş böyük alim Muhamməd Lütfi Əfəndi(1868-1956)

[3] Ələvilərin dini mərasimlərini yerinə yetirmək üçün toplandıqları yer.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.