Məhəmmədi ruh

Sual: Nübüvvət məsləyi baxımından "Məhəmmədi ruh" nə deməkdir? Bu ruhun, təmsil və təbliğ vəzifəsini həyata keçirən möminlərin hal və hərəkətlərinə əksi necə olmalıdır?

Cavab: Bütün peyğəmbərlər Cənabi-Haqqın seçilmiş qullarıdırlar. Allah-Təala onları xüsusi keyfiyyətlərlə təchiz edərək dünyaya göndərmiş və elçiliklə vəzifələndirmişdir. Lakin onlardan bəzilərini digərlərindən üstün tutmuşdur. Ümumi mənada və mütləq surətlə hər peyğəmbərin fəzilətini təsbit etməklə bərabər bəzi peyğəmbərlərə elə uca fəzilətlər vermiş və onları elə üstün məziyyətlərlə yaratmışdır ki, digərlərinin o mövzuda onlara çatmaları qeyri-mümkündür. Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.), Həzrəti İsa (ə.s.), Həzrəti Musa (ə.s.), Həzrəti İbrahim (ə.s.), Həzrəti Nuh (ə.s.) üçün "Ulul-əzm" ünvanının işlədilməsi də belə bir üstünlüyə sahib olmalarının nəticəsidir. Hətta, risalət taxtının sultanları olan bu ən uca peyğəmbərlər arasında belə, kiçik fərqlər mövcuddur.

Əşya və hadisələrdə Həzrəti Adəmdən (ə.s.) İnsanlığın Fəxrinə (s.ə.s.) qədər davam edən silsilə içərisində ruh, məna, dərk edilmə və şərh edilmə baxımından mütəmadi dəyişikliklər baş vermişdir. Dəyişən şərtlər hər zaman müxtəlif formada cəmiyyətə də təsirini göstərmişdir. Buna görə də ayrı-ayrı dövrlərdə gələn peyğəmbərlərin o dövrün şərtlərinə uyğun müxtəlif keyfiyyətlərlə təchiz edilməsi labüd idi.

Həzrəti Nuhun (ə.s.) bədduası

Məsələn, Həzrəti Nuhun (ə.s.) yaşadığı dövrün şərtləri və o dövrdəki insanların xüsusiyyətləri ancaq onun kimi bir peyğəmbərin göndərilişinə uyğun idi. Odur ki, əgər Həzrəti İsa (ə.s.) da həmin dövrdə göndərilsəydi, o da Həzrəti Nuhun (ə.s.) xüsusiyyətlərini daşımalı və vəzifəsini onun kimi icra etməli idi. Əgər Həzrəti Nuh (ə.s.) onun qövmünə göndərilsəydi öz təbiətinin fövqündə, Məsihi (İsəvi) ruhla hərəkət etməyə məcbur olardı. Müasir dövr etibarı ilə isə, davamlı surətdə qloballaşmağa doğru gedən dünyanın bütün insanlığa qucaq açan və gətirdiyi düsturlarla qiyamətə qədər bəşəriyyətin fərdi, ailəvi, ictimai, idari və siyasi hər cür məsələsini həll edə biləcək ümumbəşəri bir peyğəmbərə ehtiyacı vardı. Məhz belə bir dövrdə Allah (c.c.) o səviyyədə bir peyğəmbəri, yəni Nəbilər Sərvəri Həzrəti Məhəmmədi (s.ə.s.) göndərdi.

Qurani-Kərimdə peyğəmbər bəhslərinə baxdıqda və bu seçilmiş qulların nadir həyatları araşdırıldıqda onların bəzilərində Allahın camal, bəzilərində də calal sifətlərinin təcəllilərinin, təzahürünün önə çıxdığını görürük. Əsasən də Həzrəti Nuh (ə.s.) və Həzrəti Musa (ə.s.) silsiləsindəki peyğəmbərlərdə calal sifəti camal sifətinin bir addım önündədir. Başqa sözlə, onların qismən sərt xarakterə malik olduqları müşahidə edilməktədir.

Nuh (ə.s.) təbliğ vəzifəsini əskiksiz yerinə yetirmişdir. Yorulub usanmadan, daim qövmünü Allaha iman və qulluq etməyə dəvət etmiş, üsyan edəcəkləri təqdirdə əzaba düçar olacaqları haqqında xəbərdarlıq etmişdir. Lakin onlar onun təbliğinə qulaq aşmamış, əksinə zülüm və işgəncədən əl çəkməmişdilər. Həzrəti Nuhun (ə.s.) təbliğinə tabe olanların sayı bir-bir çoxaldıqca, inkar edənlər daha da təşvişə düşmüş və düşmənçiliklərini daha da artırmışdılar. Qövmünün bu düşmənçiliyinə baxmayaraq, uzun müddət təbliğ və təmsilinə davam etdikdən sonra, onların iman gətirməyəcəklərini yəqin edən Nuh (ə.s.) belə dua etmişdi: "Ya Rəbbim! Yer üzündə bir kafir də qalmasın! Çünki qalsalar, Sənin qullarını Sənin yolundan azdırar və ancaq özləri kimi kafir, əxlaqsız övladlar dünyaya gətirib yetişdirərlər. Ya Rəbbim, məni, anamı, atamı və evimə mömin olaraq girənləri, kişi və qadın bütün möminləri bağışla!" (Nuh, 71/26-28).

Cənabi-Haqq bu Müqəddəs Nəbinin duasını qəbul etmiş və o qövmü yerlə-yeksan etmişdi. Lakin Qurani-Hakimin bu hadisədən bəhs edərkən işlətdiyi üslubda şərtlərə bağlı bir xarakter gözə çarpır. Belə ki, ayələrdə o gün üçün məhz belə bir peyğəmbərin vacibliyini vurğulayan bir ifadə tərzi var. Başqa sözlə, Həzrəti Nuhun (ə.s.) Allahın rizasına zidd olaraq hisslərini dilə gətirdiyini düşünmək və qəzəbini önə çıxararaq o insanların həlakı üçün bəddua etdiyinə ehtimal vermək böyük bir xətadır. Ulul-Əzm bir peyğəmbərin Allahın muradının əksinə arzu və istək irəli sürdüyünü düşünmək qeyri-mümkündür. Məsələyə "peyğəmbər də olsa bir insanın qəzəbi" şəklində baxmaq qətiyyən doğru deyil. Belə bir şərh olduqca səhv anlayışın nəticəsidir. Həmçinin, bir peyğəmbər haqqında söz deyərkən çox təmkinli olmaq lazımdır. Çünki Allahın muradı –qapalı da olsa- o istiqamətdə olmasaydı, Cənabi-Haqq Həzrəti Nuhun (ə.s.) o duasına qarşı: "Mən o cür yazmamışam, Mənim qəzavü-qədər planım  belə deyil" deyib onun tələbini qəbul etməzdi. Halbuki, Uca Yaradan elçisinin istəyini eynilə yerinə yetirmişdi. Deməli, o dövrün şərtləri və insanların təbiətləri bunu tələb edirdi.

Həzrəti Musanın (ə.s.) yolu

Sadaladıqlarım Həzrəti Musa üçün də keçərlidir. Məlum olduğu kimi, sehrbazların imana gəlməsindən sonra Firon daha da qəzəblənib zülmünü artırmışdı. Musaya (ə.s.)  inananları şəhid etmiş, hətta Həzrəti Asiyəni də qətlə yetirmişdi. Firon və qövmü küfr və imansızlıq etdikcə müxtəlif bəlalara mübtəla olmuş, əvvəlcə şiddətli quraqlıq və qıtlığa məruz qalmışdılar. Sonra isə su basqını, çəyirtkə, həşərat və qurbağa istilası baş vermişdir. Bəlaya məruz qaldıqca Həzrəti Musadan (ə.s.) aman diləmiş, lakin müsibət aradan qalxdıqda düşmənçiliklərinə davam etmişdilər. Nəhayət Musa (ə.s.) belə yalvarıb yaxarmışdı: "Ey Rəbbimiz! Sən Firona və əyan-əşrəfinə dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara, bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir), onsuz da şiddətli əzabı görməyincə iman gətirməyəcəklər!" (Yunus, 10/88)

Yuxarıdakı ifadələr də Həzrəti Musanın (ə.s.) xarakterini əks etdirir. Musa (ə.s.) bezar olduğu o qövmə belə bəddua etmişdi. Bunu da qeyd edək ki, peyğəmbərin Cənabi-Haqdan bir işarə almadan o şəkildə dua etməsi nübüvvət ədəbinə uyğun olmazdı. Bəlkə orada Allahın əmri açıq-aydın deyil, lakin mütləq bir işarə olmalıdır. Əks təqdirdə, bir peyğəmbər Allahın əmrinin əksinə hərəkət etsəydi İlahi dərgahdan qovulardı. Deməli, onun bədduası da İlahi əzaba layiq olmuş, olduqca materialist və çox kobud bir xalqa qarşı şərtlərin tələbi olaraq dilə gətirilmişdir.

Qurani-Kərim süzülsə, eyni vəziyyət qarşısında bənzər sözlər sərf edən başqa peyğəmbərlər də görmək mümkündür. Bu cür söz, hal və davranışlar Həzrəti Nuh (ə.s.) və Həzrəti Musa (ə.s.) ilə eyni yolu gedən Haqq elçilərinin ruh hallarını və təbiətlərini əks etdirir. Bəli, Haqqın yanında onların hər birinin mübarək məqamı var. Hər biri Allahın seçilmiş elçisidir, lakin onlarda calal sifətinin təcəlliləri daha çox görünür. Çünki göndərildikləri xalqların xüsusiyyətləri və dövrlərinin şərtləri belə tələb edirdi.

Xəlillik və Məsihilik

Digər tərəfdən, Həzrəti İbrahim (ə.s.) və Həzrəti İsa (ə.s.) ilə təmsil edilən bir silsilə də var ki, onlarda camal sifətinin təcəlliləri daha hakimdir, yəni camal sifəti calal sifətinin önündədir. Bu yolun əsası hülmü-silmdir (yumşaqlıq və asayiş), mülayimlik və müsamihədir (tolerantlıq).

Keldanilərin ona qarşı etdikləri müxtəlif zülm, işkəncə və hətta onu alova atmalarına baxmayaraq, Həzrəti İbrahim əllərini açıb, "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (İbrahim, 14/36) -deyə dua etmiş, xalqına lənət etməmiş və onların həlak olmalarını istəməmişdir.

Həzrəi İsa (ə.s.) da qövmünün zülmünə baxmayaraq, "Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!" (Maidə, 5/118) -deyə niyaz edərək öz ədəbi ilə yanaşı, şəfqət və mərhəmətini də dilə gətirmişdir.

Rəhbəri Əkməl Əfəndimiz (s.ə.s.) həm Həzrəti Nuh (ə.s.) və Həzrəti Musa (ə.s.), həm də Həzrəti İbrahim (ə.s.) və Həzrəti İsa (ə.s.) ilə təmsil edilən məsləkləri bötövlükdə nəzərə alaraq özünün həlimlik, səlimlik, mülayimlik və müsamihə yolunda olanlara bənzədiyini demişdir.

Bədir müharibəsində əsir götürülənlərin aqibəti ilə əlaqəli əshabının fikirlərinə müraciət edilincə Həzrəti Əbu Bəkir (r.a.) onların azad edilməsinə, Həzrəti Ömər (r.a.) isə öldürmələrinə tərəfdar olduğunu bildirmişdi. Allah Rəsulu (s.ə.s.) isə əvvəlcə üzünü Həzrəti Siddiqə (r.a.) tutaraq, "Ya Əbu Bəkir! Sən eynən atam Həzrəti İbrahimə və Həzrəti İsaya bənzəyirsən" buyurmuş, sonra da Həzrəti Faruqa (r.a.) tərəf çevrilərək, "Ya Ömər! Sən də Nuh və Musa (ə.s.) kimisən," demişdi. Nəhayət, özünün də Xəlilullah və Ruhullaha bənzədiyini ifadə mahiyyətində əsrlərin şərtli olaraq azad edilməsini hökm etmişdir.

Beləcə Həzrəti Ruhu-Seyyidul-Ənam (s.ə.s.) xəlillik və məsihiliyi özündə cəmləşdirmişdi. Dostluq və müsamihə yolunu seçmiş, bu yolda zirvəyə çıxmış, dostluq və şəfqət üfüqündə taxt qurmuşdur. Həzrəti İbrahimdə (ə.s.) toxum misalı mövcud olan xəlillik, Həzrəti Məsihdə (ə.s.) bir nüvə şəklində mövcud olan məsihilik və rəfət (əsirgəmə, acıma) duyğuları İnsanlığın Fəxrində (s.ə.s.) yetişmiş bir ağac halını almışdır. Onlardakı həlimlik və şəfqət ən kamil formasında mükəmməl insan Həzrəti Həbibullahda təcəssüm etmişdir. Beləliklə, Məhəmmədi Ruh, həbibilik və xəlilliyin ünvanına çevrilmişdir .

Məhəmmədi ruh

Bəli, Məhəmmədi ruh-səmimi bir dostluq, qardaşlıq, ülfət və ünsiyyət şəklində təzahür edən İbrahimi və Məsihi üslubu özündə birləşdirmiş insan təbiətidir. Artıq bəşəriyyətin bu cür xarakter və bu cür təbiətli insanlara möhtac olduğunu bilən Cənabi-Haqq əvvəlki iki elçinin xüsusiyyətlərini Allah Rəsulunda (s.ə.s.) toplamış və onu, rəhbəri-əkməl (mükəmməl bir rəhbər) olaraq göndərmişdir. Məhəmmədi ruhla canlanan insanlar başqalarına şəfqətlə qucaq açar və onları özündən uzaqlaşdıracaq davranışlardan uzaq durarlar. Onlar, ünsiyyət zamanı müxatəblərini cəlb etmə, yumşaltma və düşündürmə üslubunu seçər, hər məsələni empatiya (qarşı tərəfin nöqteyi nəzəri) ilə dəyərləndirər və beləcə  onu anlamağa çalışaraq, onların qəlblərinə girməyi bacarar, heç olmasa öncə hər kəsi bir insaf zəmininə çəkər və sonra söyləmək istədiklərini dilə gətirərlər. Beləcə, həm insanların üfüqlərini açmış, həm də onları özlərinə qarşı insaflı davranmağa sövq etmiş olarlar.

Məhəmmədi ruh, şəfqət və mərhəmətlə yoğrulmuş xarakter deməkdir. Belə xarakterə malik olan insanın başqasına zərər verməsi qeyri-mümkündür. Hətta müxatəblərinin necə davranmağından asılı olmayaraq onlara eynilə qarşılıq verməsi, bəddua və lənət etməsi belə mümkün deyil. Çünki bəşərə bu ruhu aşılayan Şəfqət Peyğəmbəri (s.ə.s.), ona rəva görülən işgəncə, əziyyət və zülmlər qarşısında belə, insanların hidayətini diləmişdir. Öz ümmətinin qurtuluşu üçün isə gecə-gündüz dua etmiş və göz yaşı tökmüşdür. Müşfiq Nəbi bir gecə bir işarə və əndişəyə görə, kim bilir, nə qədər sarsılmışdı ki, səhərə qədər Həzrəti İbrahimin (ə.s.) duası olan "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (İbrahim, 14/36) ayəsi ilə Həzrəti İsanın (ə.s.) duası olan, "Ey Rəbbim! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!" (Maidə, 5/118) ayəsini təkrarlamış və əllərini açıb "Allahım! Ümmətimi (bağışla), ümmətimi (bağışla)" deyə yalvara-yalvara ağlamışdı. Allah-Təala da, "Ey Cəbrail! Məhəmmədin yanına get və Ona de ki: Biz səni ümmətin barəsində razı edəcəyik və əsla kədərləndirməyəcəyik" buyurmuşdu.

Bizim məsləyimizin əsası da məhz bu duyğu və düşüncədən meydana gəlir. Bizim göz dikdiyimiz üfüq Məhəmmədi ruhdur. Hər Quran tələbəsi və təbliğ aşiqi xarakter etibarilə həddindən artıq incə, saf, bir ana kimi şəfqətli, daima təvazökar, başıaşağı və hər kəsə sevgi ilə qucaq açmağa hazır bir insan olmalıdır. O, öz dövründə Məhəmmədi ruhun (s.ə.s.) təmsilçisi olmalıdır. Bəli, o ən uzaqdakılara belə yaxın olmalı və məclisi Peyğəmbər məclisi kimi hər kəsə açıq olmalıdır ki, düşmən ruhlar belə, qeyri-ixtiyari özlərini bir anda onun şəfqət ab-havasına salsınlar, bir daha əsla bu atmosferdən ayrılmağı düşünməsinlər...

Məhəmmədi ruhun təmsilçisi ülvi məna aləmləri ilə münasibətdə olduğu halda belə insanlara qarşı bu fərqliliyini hiss etdirməyəcək qədər səmimi və təvazökar olmalıdır. İnsanlar içində insanlardan bir insan olaraq yaşamalıdır. Onlarla oturub-durmalı, onlarla yeyib-içməli və həmçinin, hər zaman könüllərə nüfuz etmə yollarını araşdırmalı, "Söhbəti-Canan" deyib davamlı nəzərləri Ona doğru çevirməli və atmosferinə baş çəkən hər kəsə kamil insan olma üfüqünü göstərməlidir. O, Cənabi-Haqqın təvəccöhünü birlik və ittifaqda görməli, iftiraqı (ayrılığı) İlahi inayətdən (yardım) məhrum olmanın səbəbi bilməli və bu duyğu və düşüncə ilə hər kəslə uzlaşmanın, birlik və bərabərliyi təmin etmənin və həyatı başqaları ilə paylaşmanın yollarını axtarmalıdır.

Əlbəttə ki, digər peyğəmbərlərin xüsusiyyətləri və yolu da hörmətə layiqdir. Bütün gözəl xislətlər rəsul və nəbilərin hər birində müəyyən dərəcədə mövcuddur. Lakin Məhəmmədi ruh çox fərqli bir üfüqdür. Onda ümumbəşəri bir dinin cahanşümul qanunları və bütün insanlara qucaq açma xüsusiyyəti var. Bundan əlavə, bu əhatəedicilik yalnız Nəbilər Sərvəri Əfəndimizə (s.ə.s.) və Onun bəyanına məxsusdur.

İnsanlığın Fəxrinin üfüqü

Qadı Bəyzavi təfsirinin birinci cildində İnsanlığın Fəxri Əfəndimizin (s.ə.s.) üfüqü ilə əlaqəli aşağıdakı müqayisələri dilə gətirir:

Məruz qaldığı zülmdən qaçan İsrailoğullarını təqib edən Firon və əsgərləri tərəfindən ələ keçirilincə Həzrəti Musanın yoldaşları, "(İşimiz bitdi)! Artıq yaxalandıq!" dedilər (Şuəra, 26/61).  Həzrəti Musa (ə.s.) : "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" (Şuəra, 26/62) cavabını verdi. Həzrəti Musanın (r.a.) "Rəbbim mənimlədir" -deyərkən yalnız öz şəxsindən bəhs etməsi və "yol göstərəcəkdir" buyurarkən də ərəbcədə gələcəyi ifadə üçün işlədilən "sin" əlavəsini işlətməsi iki şeyi bildirir: Birincisi, deməli, İsrailoğullarının əksəriyyətində Allaha qarşı etimad, təvəkkül və tabeçilik yox idi. İkincisi isə, Həzrəti Musa (ə.s.) Cənabi-Haqqın yaxınlığından əmin idi, amma "Rəbbim bizimlədir. O, şübhəsiz bir yol göstərəcəkdir" deməmiş, gözlədiyi qurtuluş vəsiləsinin gələcəyini nəzərdə tuturmuş kimi bir üslub dilə gətirmişdir.

Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) isə Məkkədən ayrılıb Səvr mağarasına sığındığı əsnada, onu təqib edənlərin ayaq səslərini eşitdiyi həngamədə Həzrəti Əbu Bəkirə (r.a.) "Qəm yemə, Allah bizimlədir!" (Tövbə, 9/40) -demişdi. Bu ifadədə gələcəyə aid bir xilas ümidi deyil, Allahın həmişə olduğu kimi, yenə də özlərinə yaxın olduğuna olan inam təfviz və siqa ( Allaha təvəkkülün dərəcələri) üfüqü nəzərdə tutulur. 

Üfüq baxımından, Rəhbəri-Əkməlin (s.ə.s.) bu sözünün Həzrəti Musanın (ə.s.) sözünə nisbətən çox böyük üstünlüyü var. Çünki Həzrəti Musanın (ə.s.) yoldakılar adına söylədiyi sözü Allah Rəsulu (s.ə.s.) müntəhilərə (sona, hədəfə çatan) verilmiş bir nemət mahiyyətində dilə gətirir.

Həzrəti Musa (ə.s.) Fironun qarşısına çıxacağı vaxt, "Ey Rəbbim! Köksümü açıb genişlət. İşimi yüngülləşdir. Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!" (Taha, 20/25-28) -demişdi. Bu dilək onun tələb mövqeyində olduğunu və o qapıya yoldakı bir insan ədası ilə təvəccöh etdiyini göstərir. Halbuki, Həzrəti Musada (ə.s.) bir istək olaraq ortaya çıxan bu xüsus Peyğəmbər Əfəndimizə (s.ə.s.) Allahın bir lütfü olaraq, "Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?!" (İnşirah, 94/1) -ayəsi ilə məvhibə (Allahın payı) və minnət (nemət vermə) üfüqündə təcəlli etmişdir. Başqa sözlə desək, Həzrəti Musanın (ə.s.) Rəbbindən istədiyi inşirah Rəsuli-Əkrəm Əfəndimizə (s.ə.s.) bir nemət olaraq verilmiş və beləcə, Onun şükür hisslərini coşdurmuşdu.

Bu nümunələri çoxaltmaq da olar. Bunlar bizə hansı üfüqü paylaşdığımızı,  yaxud paylaşmamız lazım olduğunu göstərir. Bəli, hər dövrün bir anlayışı və dövrə göndərilən peyğəmbərin özünəxas bir üfüqü olmuşdur. Bizim bəxtimizin üzü də Həzrəti Ruhu-Seyyidil-Ənam Əfəndimizlə (s.ə.s.) gülmüşdür. Buna görə, durumumuzu və məqamımızı çox gözəl dəyərləndirərək harada və kimin arxasında olduğumuzu dərk etməli və buna görə hərəkət etməliyik. Bunun sayəsində, "İnsanlığın qəlbini necə fəth edə bilərik, hər kəsə qucağımızı necə aça bilərik, səs-sədamızı bütün cahana necə çatdıra bilərik, Məhəmmədi ruhun varidat və məvhibələrini başqalarının sinələrinə necə boşalda bilərik və necə onları da bu ali həqiqətdən xəbərdar edə bilərik?" –deyə özümüzü sorğuya çəkməli və bu sualların cavablarını axtararaq bu istiqamətdə cəhd göstərməliyik.

Xülasə, Məhəmmədi ruh-bağışlamağı, kinə, nifrətə məğlub olmamağı və qisas alma hissinə qapılmamağı təlqin edir ki, davamlı Allaha doğru gedən yolu dərk edənlərin başqa cür olmaları da qeyri-mümkündür. Onlar hər zaman başqaları üçün xeyirxahlığın yollarını axtarır, xeyir-dua oxuyur, ruhundakı sevginin həmişə diri olmasına cəhd göstərirlər. Kin və nifrətə qarşı da amansız savaşa girirlər. İşə qəlblərindən başlayaraq hər künc-bucaqda yaxşılıq, gözəllik pöhrələrinin boy atıb böyümələri üçün zəmin hazırlayır və bəzən zəhər olsa da, hər kəsi və hər şeyi şəkər-qənd kimi qəbul edirlər. Xarakterlərinin təməli olan həlimlik, səlimlik, mərhəmət və mülayimlik sayəsində kin və nifrət bəsləyənləri belə təbəssümlə qarşılayır və təcavüzkar ordulara sevgi və şəfqətin məğlubedilməz gücü ilə qalib gələrlər. Başqalarına ədəbli olduqları qədər öz şərəflərini də qoruyurlar. Musamihə, şəfqət, mülayimlik və incəliklərinin zəiflik olaraq qələmə vürilməsinə əsla imkan vermirlər, çünki onlar lazım olarsa tərəddüd etmədən canlarını verməyə hazır bir ruh ucalığına sahibdirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.