Sənət və alqış

Sual: Müasir sənət aləmində "”Mən”i (Eqosu) olmayan sənətçi ola bilməz", "Alqış sənətçinin qidasıdır" kimi fikirlər dilə gətirilir və dolayısilə sənətçinin alqış və təqdir təmənnası təbii qəbul edilir. Belə bir şəraitdə sənətini təvazö, mahviyyət[1] kimi ülvi dəyərlərə sadiq qalaraq davam etdirmək istəyən bir sənətçi nələrə diqqət yetirməlidir?

Cavab: Mərkəzdə mənlik və eqoizm dayanan bu kimi mülahizələr yalnız sənət aləmində deyil, demək olar ki, həyatın hər sahəsində insanları təsir altına salan mənfi hislərdir. Sənətçi peşəsini xalqın nəzərəinə təqdim etməyə məcburdur. Bu peşənin tələbidir. Məhz buna görə sənətkarın bu cür bəşəri zəifliklərlə imtahanı daha çox və daha çətin olur. Elə isə sənətini ali və yüksək dəyərlər əsasında ortaya qoymaq istəyən sənətçi bu mövzuda daha diqqətli və daha təmkinli olmalı və iradəsinin haqqını verib daha müstəqim ömür sürməyə çalışmalıdır.

Məsələn, bir rəssam böyük alqış və rəğbətlə qarşılanan bir əsər ortaya qoyanda bu gün tez-tez səslənən "Mərifət iltifata tabedir" anlayışı etibarilə iltifat və alqış uma bilər. Ancaq o, məsələyə "İltifat mərifətə tabedir" anlayışına görə də baxa bilər. Yəni o, el-aləmin alqışını, iltifat və təqdirini ummadan ülvi bir məfkurə uğrunda nə lazımsa, onu edər. İltifat məsələsinə isə "Allahın fəzli bir lütf olaraq, bəlkədə, sonra gələr" mülahizəsi ilə yanaşar. Bəli, Cənabi-Haqq görülən işlərə sürpriz mükafat, təqdir, alqış bəxş edə bilər. Lakin mömin işini planlayarkən belə bir təmənna ummamalıdır. Çünki bu əməli puç edib ruhu öldürər. Bu baxımdan, məsələn, bir sənətkar insanları rahatladıb dincəldərkən, onların stressini azaldarkən, bir yandan da dini dəyərləri əhya edib canlandırmaq, bu dəyərləri gələcək nəsillərə olduğu kimi əmanət etmək, könülləri ülvi düşüncələrə yönləndirmək kimi ali bir qayənin arxasınca gedirsə, bütün bu mülahizələrini sırf Allah rizasına paralel aparmalıdır ki, cəhdi, səyi, əməlləri hədər olmasın, alqış və iltifat təmənnasının öldürücü atmosferində puç olub getməsin. Eyni zamanda ixlasına görə, Allahın izni və inayəti ilə gördüyü iş könüllərdə əks-səda doğursun, qəlbləri fəth etsin.

Ancaq bünövrədən alqış və təvəccöhü əsas götürülsə, görülən işdə ixlas və səmimiyyətdən əsər-əlamət qalmaz. İnsanlar alqışlasa da, Allahın (cəllə cəlaluhu) dəstək və inayətindən məhrum qalarsınız. Digər tərəfdən, umduğunuz təqdir və alqışı görməyəndə də xəyallarınız puç olar ki, bu isə həyatınızda bir çox şeyə mənfi təsir edər. Bu baxımdan, insan peşəsini kiçik mənfəətlərə deyil, sonsuz səadət kimi böyük bir hədəfə həsr etməlidir.

Üç-beş alqışa fəda edilənlər

Bir rəssam və ya bir musiqişünas üçün dilə gətirilən bu ifadələr həmçinin bir vaiz və ya bir müəzzin üçün də keçərlidir. Məsələn, bir müəzzin qəlbinin səsini dilinə ötürərək azan oxuya bilsə, könüllərdə daha ciddi, daha səmimi bir həyəcan oyada bilər. Bunun üçün o, azan oxumadan əvvəl əllərini qaldırıb mərd-mərdanə dua etməyi bacarmalıdır: "Allahım, məni bir “qırtlaq ağası” kimi öz-özümə bağırtma! Mənə qəlbimin səsini hiss etdir! Əgər buna müvəffəq ola bilməyəcəyəmsə, elə başdan səsimi kəs!" Çünki bir insanın könlündən qopub gələn nədirsə, dilindən də o tökülməlidir. Bir insan azan oxuyarkən dili ilə "Allah böyükdür. Onun tayı-bərabəri yoxdur. Məbudu-Mütləq, Məqsudu-bil-istihqaq yalnız və yalnız Odur. Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) Onun Bənzərsiz Nəbisidir" məzmununu tərənnüm edərkən digər tərəfdən özünü göstərməyə və isbat etməyə çalışırsa, o insan "Allah böyükdür" deyəndə belə özünü tərənnüm edir; dolayısilə tövhid yolunda olduğunu zənn edə-edə şirk cəhənnəminə doğru yol alır. Halbuki Allahın böyüklüyünə, özünün heçliyinə, acizliyinə səmimi qəlbdən inanan insan bu məzmunu səsi ilə, sözü ilə ifadə etdiyi kimi, həmçinin qəlbi ilə də o həyəcanı duymalıdır. Azanla bağlı ifadə edilən bu mülahizələr iqamə, əşri-şərif[2] oxuyan, ya da namaz qıldıran imam üçün də keçərlidir.

Elə isə bir musiqişünasın söylədiyi nəğməni notlara görə səsləndirməsi kimi, siz də Allahın riza və xoşnudluğuna əsasən həmin sözlər nəyə dəlildirsə, məhz o məzmuna görə sənətinizi ifa etməli və başdan axıra qədər bu ritmi qorumağa çalışmalısınız. Qorunan bu ritm Allah dərgahında məqbul olan ritmdir. Yoxsa məna və məzmunu nəzərə almayıb öz mülahizələrinizi önə çəksəniz, o biri tərəfdə üzünüzə çırparlar. Bəli, o tərəfdə sizə "Sən onsuz da “desinlər, alqışlasınlar, təqdir etsinlər” deyə bu işi görmüşdün, istədiyin sənə verildi, sənə veriləsi bir şey qalmadı!" deyərlər.  Bu baxımdan, bir daha ifadə edək ki, səs, əda və ifa gözəlliyi bu qədər ucuz satılmamalıdır. Əgər bunlarla Cənnəti qazanmaq mümkünsə, hətta bunlarla Allahın rizasına nail olunacaqsa, elə isə gördüyünüz işi niyə üç-beş alqışa fəda etməlisiniz ki! Düşünün, bir hədisi-qüdsidə Cənabi-Haqq:

أَعْدَدْتُ لِعِبَادِيَ الصَّالِحِينَ مَا لاَ عَيْنٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ وَلاَ خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ

"Mən saleh qullarıma elə şeylər hazırladım ki, onları nə göz görmüş, nə qulaq eşitmiş, nə də (ağıllar) təsəvvür etmiş" (Buhari, Bed'ü'l-halk 8) buyurur. Bəli, dünyada xoşbəxt keçən min illik həyat Cənnət həyatının bir saatından, min illik Cənnət həyatı da Allahın Camalını bir dəqiqəlik görməkdən üstün deyil. İnsanın bütün bunlara nail olması bu dünyada Cənabi-Haqqla münasibətdən asılıdır. Və həmçinin bir hədisi-şərifdə Cənabi-Haqq Cənnət əhlinə:

أُحِلُّ عَلَيْكُمْ رِضْوَانِي فَلَا أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا

"Sizdən razı olacaq və əbədiyyən sizə qəzəblənməyəcəyəm" (Buhari, Rikak 51) buyurur ki, bu ən böyük nemətin dünyada misli varmı? O biri aləmdə necə təcəlli edər? Bunu burada bilə bilmərik. Ehtimal ki, Allah (cəllə cəlaluhu) "Mən sizdən razıyam" deyəndə insan orada bir daha dəyişəcək, bir daha yeni bir vücud geyinib yenidən var olacaq.

Bu gözəlliklər olan yerdə insanın bunları qoyub bayağı şeylərə könül verməsi, könül verib təmənna umması (Allah xatirinə) ağıllı işdirmi? Elə isə insanın vəzifəsi hər işi Cənabi-Haqqın rizası üçün görməkdir. Çünki ancaq Onun rizası üçün edilən əməllər, hərəkətlər göstərilər fəaliyyətlər sonsuzluq möhürlü səmərəyə çevrilər.

Üstəlik dünyada alqış alıb-almamağınız, aldığınız alqışların davam edib-etməməsi şübhəli deyilmi? Bu gün alqışlayanlar – sabah onların ideologiyasına, kefinə və təmənnasına zidd bir şey desəniz – sizi yerdən-yerə vura bilərlər. Beləcə siz ümidsizliyə, bədbinliyə qapılar, qabiliyyətlərinizi inkişaf etdirib-etdirməmək bir tərəfə, elə bir yola sürüklənərsiniz ki, istedadınız tamamən korlanar.

Şahi Geylanilik təklif edilsə də…

Məhz bütün bunlara görə, nəinki xalqdan iltifat, alqış gözləmək, istəmədiyiniz halda göstərilən iltifat və təvəccöh qarşısında belə: "Allahım mən bu işi insanlar alqışlasın deyə eləməmişdim. Amma onlar “maşallah”, “bərəkallah” deyib təqdir edirlər. Mən bu qədər alqışla bu əməlimi davam etdirə bilərəmmi, yoxsa qürur və fəxarət hislərinə qapılıb ziyana düşənlərdənmi olaram, bilmirəm. Allahım, acizliyimi, zəifliyimi etiraf edirəm. Nə olar öhdəsindən gələ bilməyəcəyim şeyləri mənə yükləmə" deyib qəlbin saflığını qorumaq üçün alqış və təqdirlərdən uzaq durub səmimiyyət arxasınca olmalısınız. Hətta bir mənada bu alqışları istidrac[3] saymalı və "Bu qədər lütf və nemət, görəsən, məni yavaş-yavaş həlakamı sürükləyəcək? Allahım, bəxtinə düşdüm, əgər bu alqış və təqdir, iltifat və təvəccöh məni yoldan çıxaracaqsa, məni onlardan uzaq elə!" düşüncəsi ilə hərəkət etməlisiniz. Çünki əgər insan xalqın təvəccöhünə aldanar, əldə etdiyi nailiyyətləri öz güc-qüvvətindən, istedad və qabiliyyətindən bilərsə, özünü böyük təhlükəyə atmış olar.

Bunu da qeyd edim ki: Peyğəmbərlik müəssisəsi, Xatəmul-Ənbiya əleyhissalatu vəssalam Peyğəmbərimizlə sona yetdiyinə görə, Ondan sonra peyğəmbərin gəlməsi mümkün deyil. Ancaq “qavs” və “qütb” kimi məqamlara hər zaman yüksəlmək mümkündür. Sizə qavslıq-qütblük bəxş edilsə, Şahı Geylanilik təklif edilsə də, "Ey Rəbbim! Vallah mən bunu istəmirəm; dilədiyinə ver. Mən Sənin qapının eşiyində heçliyinə inanmış sadiq bir qul kimi yaşamağı seçirəm" deyə bilməlisiniz. Bəli, maddi-mənəvi heç bir məqama dilbəstə olunmamalıdır. Çünki dilbəstə olunası bir məqam varsa, o da Allah rizası və bu rizanı qazanmaq üçün insanları xeyrə, gözəlliyə təşviq etməkdir. Yəni insanların gözəl görüb gözəl düşünməsini təmin edərək həyatdan zövq almasını təmin etmə və beləcə əbədi hüsranın önünü kəsmə cəhdidir. Lakin bu son söylədiyim məsələ də vasitə kimi qəbul edilməli və hər şeydə yalnız və yalnız İlahi riza düşünülməlidir.

Bu mövzuda ixlası, səmimiyyəti qazanmaq üçün “söhbəti-canan” məclisləri çox əhəmiyyətlidir. Bir şeirdə, "Kaş ki sevdiyimi sevsə, qamu xalqu cahan/Sözümüz cümlə həman qisseyi-Canan olsa!" (Taşlıcalı Yahya) deyildiyi kimi, biz də bir araya gələndə qübbədəki daşlar kimi, dimdik mətin dayanmaq üçün əl-ələ, çiyin-çiyinə verməli, bir-birimizə dəstək olmalı və bir qiblənüma kimi bir-birimizə daim riza üfüqünü hədəf göstərməliyik. Bunun üçün “İxlas Risaləsi”ni və “Lahikalar”daki ixlasla əlaqəli mövzuları müzakirə etmək çox vacibdir. Yerinə görə məsələyə fərqli yönlərdən, fərqli formalarda yanaşaraq təkrar-təkrar oxumalıyıq. Həzrəti Ustad “İxlas risaləsi”ni 115 dəfə oxuduğunu deyir. Deməli, hər oxuyanda ayrı bir dərinliyə baş vurur, fərqli şeylər duyub hiss edir. Şübhəsiz ki, bu mövzu ilə bağlı tarix boyu böyük şəxsiyyətlərin qələmə aldığı bir çox qiymətli əsər var. Məsələn, İmam Qəzalinin müxtəlif əsərlərində və Həris əl-Muhasibi Həzrətlərinin “ər-Riayə” əsərindəki ixlas mövzuları insanın gözünü açacaq, qəlbini riqqətə gətirəcək tondadır. Lakin bu gün həmin şəxslərin təsvir etdikləri insanı-kamil portretinə baxınca bəziləri ümidsizliyə qapıla bilər, onların həssaslardan həssas ölçüləri qarşısında ümidsizliyə düşə bilər. Əlbəttə, o nəhəng şəxsiyyətlər bizim başımızın tacıdır. Hamımız başımızı səki daşı kimi onların ayaqları altına qoymağa hazırıq. Ancaq dövrün şərtlərinə görə qələmə alınmış Həzrəti Pirin prinsiplərini bu günün insanı üçün daha obyektiv, daha münasib olduğunu düşünürəm. Xülasə, hansı səbəbdən olur-olsun, nəticə etibarilə bizi Allaha yönəldəcək, bizi iltifat və alqışın qulu-köləsi olmaqdan qurtarıb riza talibinə çevirəcək əsərlər oxumalı və beləcə gördüyümüz işlərdəki bərəkətin Allah rizasına bağlı olduğunu əsla unutmamalıyıq.


[1] Qüsurunu bilib özünə həddindən artıq dəyər verməmək

[2] Qurani-Kərimin camaat içərisində yüksəs səslə oxunan on ayəlik hissələri

[3] İnsanın haqqı çatmadığı halda və qabiliyyətsizliyinə baxmayaraq, maddi-mənəvi böyük nemətlərə məzhər olması və bunu özündən bildiyinə görə küfr girib İlahi əzab və qəzəbə yaxınlaşması

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.