Siz Özünüzü Dəyişdirmədikcə...

Sual: Qurani-Kərimdə məal olaraq "Bir cəmiyyət, özündəki gözəl üstünlükləri dəyişdirmədikcə Allah Təala da onlara lütf buyurduğu nemətlərini və yaxşı halı dəyişdirməz" buyurulur. Bu baxımdan, dəyişib başqalaşmaqdan qoruna bilməyimiz və özümüz olaraq qala bilməyimiz üçün nələr tövsiyə edirsiniz?

Cavab: İnanan insanlar davamlı təkamül etməli, qəlbi və ruhi həyatları baxımından həmişə “dirilişlər” yaşamalı, eyni zamanda öz dəyərlərinə bağlı, dəyişmə fantaziyasından uzaq və durduqları yerdə sabit qədəm olmalıdırlar. Onlar hər gün yeni bir duyma, yeni bir sezmə, istər xarici aləmə, istərsə də, daxili aləminə aid təfəkkürlə yeni-yeni kəşf, araşdırma və analizlərə imanlarını bir daha dərindən duymalı, Allahın yardımına sığınaraq, inanclarını yenidən inşa etməli və sonra da ürfan dərinliyi nisbətində kamil bir həyat tərzi nümayiş etdirməlidirlər. Bəli, onlar təkvini (yaradılışa aid) və təşrii (şəriətə aid) əmrlərin məna, məzmun və əsaslarında maksimum ölçüdə dərinləşməli və beləcə, dəyişməni daha da kamilləşmə şəklində anladıqlarını ortaya qoyaraq daima yeni-yeni yüksəliş və inkişaflar yaşamalıdırlar. Bununla yanaşı, öz kimliyindən uzaqlaşma, fərqli mədəniyyətlərin təsiri altında qalaraq başqalaşma və əslinə, kökünə yad bir hal alma mənalarına gələn "dəyişmə"dən qorxmalı, bu mənadakı dəyişikliyi pozulma saymalı və özlərini ondan qorumaq üçün müxtəlif vəsilələrə sığınmalıdırlar.

Başqalaşma Mərəzi

Çünki, belə bir deformasiya (şəkil dəyişmə, pozulma), nemətlərin tamamilə kəsilməsinə və həm insanların, həm də cəmiyyətin ilahi əzaba məruz qalmasına səbəb ola bilər. Qurani-Kərim, "Bir millət özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. (Ənfal, 8/53), Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. (Rad, 13/11) buyuraraq bu xüsusa diqqət çəkir. Bir cəmiyyət, özünə bəxş edilən nemətlərə məzhər olduğu andakı iman, mərifət, saflıq, səmimiyyət, əzm, qərarlılıq və təmənnasızlıq kimi uca xüsusiyyətlərini itirmədikdən sonra, -ilahi prinsipə görə- o nemətlərin alınmasından və o cəmiyyətin dağılmasından söz gedə bilməz.

Əksinə, bir cəmiyyətin onu yaşadan və ucaldan bu üstün vəsfləri itirməsi, orta (əsas) sütunun dağılması və cəmiyyətin damında təmiri qeyri-mümkün olan çatların meydana gəlməsinə bərabərdir. Əgər insanlar özlərinə bəxş edilən nemətlərə vəsilə olan fitri misaq (əhd-peyman, qarşılıqlı vəd), gözəl əxlaq və saleh əməl kimi ali vəsflərdən uzaqlaşar, bir deformasiyaya məruz qalar və inanmış insanlara yaraşan gözəllikləri dəyişdirsələr, Cənabi-Allah ilahi prinsipin gərəyi olaraq o topluma ehsan etdiyi nemətlərini kəsər və onların pis aqibətə düçar olmalarına hökm verər. Daxilən çürüyən, pozulan və mahiyyətini dəyişdirən bir cəmiyyət qiymətli bir əmanətin əmanətçisi ola bilməyəcəyinə görə, Allah-Təala İslamı qəlblərində təptəzə duyan yeni bir qövm gətirər və əmanətini dəyişməyə məruz qalmış toplumdan alıb onlara təslim edər.

Buna görə də, dəyişməmək və hətta dəyişikliyin ən kiçiyinə qarşı belə ayıq-sayıq olmaq çox vacibdir. Unudulmamalıdır ki, bir çeşid başqalaşan hər çeşid başqalaşa bilər. İmriül-Qaysa istinad edilən bir sözdə: "İki şey var ki, onları başladanlar harada dayandıracaqlarını bilə bilməzlər: Bunlar döyüş və yanğındır," deyilir. Məncə, bu sözə üçüncü bir xüsus da əlavə edilməlidir ki, o da "başqalaşma"dır. Bəli, bir cür başqalaşan hər cür başqalaşa bilər, başqa sözlə, bu özgələşmə, başqalaşma qapısı heç aralanmamalıdır.

Bəzən başlanğıcdakı çox kiçik bir dəyişmə irəlidə çox böyük assimilyasiyaya səbəb ola bilər. Bu mövzuda kiçik bir sızıntının meydana gəlməsinə belə fürsət verməmək lazımdır. Bəli, atalarımızdan bizə miras qalan dini və milli dəyərlərimizdən hər hansı biri ilə əlaqəli ən kiçik bir ehmalkarlıq daha sonraları qarşısıalınmaz problemlərə səbəb ola bilər. Heç kimi incitmək istəmədiyimə görə, "o məsələ, bu məsələ" deyərək izahat verməyi düşünmürəm. Lakin, hər kəs öz şəxsi həyatı adına dəyərlərimizə bağlılığını bir daha nəzərdən keçirməlidir. Əgər, insan bu mövzuda nəfsini hesaba çəkərkən, vəzifə gərəyi bir zərurət olmadığı halda, özündə başqalaşma əlamətləri və başqalarına bənzəmə meyillərini görürsə, nemətlərdən məhrum olmasından çox qorxmalı və hələ fürsət var ikən yenidən öz kimliyinə aid xüsusiyyətlərə bürünməyə çalışmalıdır.

Təşəbböh (Bənzəməyə çalışma, oxşamağa səy etmək) və İltihaq (Qarışmaq)

Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.): "Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardan sayılar" buyurmuşdur. Bu hədisi-şərifin mətnində "başqalarına bənzəmək" ilə əlaqəli olaraq "təşəbbəhə" feli istifadə edilmişdir ki, bu söz təfaul babındandır. Bu babın xüsusiyyəti də təkəllüf (Saxtalıq, sünilik) ifadə etməsindən ibarətdir. Bu baxımdan, kərih (çirkin, yaraşıqsız) görülən və qadağan edilən "təşəbböh" insanın başqalarının adətlərinə, ənənələrinə meyl etməsi, özünü davamlı onlara bənzətməyə çalışması və onlar kimi yaşamaq üçün xüsusi səy göstərməsi deməkdir.

Digər bir ifadə ilə desək, "təşəbböh" insanın öz mədəniyyətinin və təbiətinin xaricinə çıxaraq, hətta öz dəyərlərini kiçik görərək, saç-baş, geyim-keçim, yemə-içmə və gündəlik həyat tərzi baxımından fərqli görünməsi, zorla başqalarına bənzəməyə çalışmasıdır və nəticə etibarilə "iltihaq"a qədər gedə biləcək bir mərəzdir. Bu mövzuda, bir az iradəsizlik və zəiflik göstərən bir insanın çıxış nöqtəsini unudacaq qədər mərkəzdən qopması, müəyyən müddət sonra özündən tamamilə uzaqlaşması, heç fərqinə varmadan meyl etdiyi və oxşamaq istədiyi o şəxslərə qarışması və Haqq dərgahında da onlardan biri olaraq qəbul edilməsi təhlükəsi var. Buna görə də, Nur Müəllifi, təşəbböh və təqlid xəstəliyinə tutulanlara belə səslənmişdir: "Ey yuxuda ikən özlərini ayıq zənn edənlər! Umuru-diniyədə (dini məsələlərdə) müsamihə və ya təşəbböhlə mədənilərə yanaşmayın. Çünki aramızdakı dərə çox dərindir; doldurub xətti-muvasalanı (qovuşma cizgisi) təmin edə bilməzsiniz. Ya siz də onlara iltihaq edərsiniz və ya dəlalətə düşər boğularsınız."

Necə ki, bəzi millətlərin texnoloji üstünlükləri qarşısında başı dönən, baxışı bulanan, mədəniyyət və müasirlik adına boğazına qədər onun əracifinə (uydurma, yalan sözlər) batan; özünü, şəxsiyyətini, mənliyini itirmiş günümüzün bəzi ruh xəstələrində bu "iltihaq"ı görmək mümkündür. Belələri, qətiyyən özləri olaraq duya bilməz, özləri olaraq düşünə bilməz və özləri olaraq zövq ala bilməzlər. Çünki onlar inanc, düşüncə, mədəniyyət, həyat fəlsəfəsi, geyim-keçim və evin döşəməsinə qədər hər məsələdə doğmalıqdan uzaqlaşmış və yadlaşmışlar. Başqa sözlə desək, bütün tarix boyu yığılıb təkamül etmiş adət-ənənələr, dini duyğu və düşüncələr, sənət və ədəbiyyatın bizə aid səmərə və nəticələri onlara heç bir şey ifadə etməz.

Hətta bəziləri öz dəyərlərinə qarşı diksinti duyacaq qədər yadlaşmış və ağılı yerində olan hər kəsi heyrətləndirəcək səviyyədə fikir ayrılıqlarına düşmüşlər. Məscidlərə stul qoyma və səcdə ediləcək yerlərə taxta döşəmə kimi təkliflər bu düşüncə dəyişikliyinin təzahürləridir. "İbadət məqsədi ilə də olsa əsla əyilməmək lazımdır, çünki insanlarda ibadət duyğusu inkişaf etdikcə və səcdə etmə istəyi artdıqca başqalarına kölə olma hissi də inkişaf edir. Onun üçün çox ciddi bir üsyan əxlaqı ilə ibadətə baş qaldırmaq lazımdır ki, köləliyin qarşısı alına bilsin!.." sözü əgər bu millətin bir nümayəndəsinin ağzından çıxırsa, bu insanın özünə yadlaşmasının faciəsinə nümünə deyilmi?

Milli-Mənəvi Dəyərlərə Sədaqət və İrşadda Üslub

Lakin onu da unutmamalıyıq ki, dəyərlərimizə sadiq qalmağımız yaşadığımız dövrün tələblərinə mane deyil. Əgər insan uca bir ideal uğrunda ona fərz olan bir vəzifəni yerinə yetirərkən, "Geyim-keçimimə görə ikrah duyğusu oyandırmayım!" düşüncə və niyyəti ilə cəmiyyətin düşüncə, anlayış və adət-ənənəsinə görə davranırsa, bunda bir qəbahət yoxdur, hətta belə bir təşəbbüs təqdirəlayiqdir.

Zaman və məkana görə insanlara qəribə gələcək, onları ürkütəcək və bizdən uzaqlaşdıracaq davranış və hərəkətlərdən çəkinmək lazımdır. Bu mövzuda da "mütləq belə olmalıdır" deyərək süni davranışlara girməmək əsasdır. Bəli, atalarımızdan miras qalan xalatımız, cübbəmiz... xoşumuza gələ bilər. Lakin bunlar bu gün bəzi insanlara paltardan çox başqa mənalar xatırladır və ürküdərsə, -din və mədəniyyətimizin sərhədini aşmamaq şərti ilə- xarici görünüşlə də insanları qaçırmamağa, onlarda ikrah hissi oyatmamağa səy göstərməliyik. Bir gün müxatəblərimiz (həmsöhbətlərimiz) bizi ümumi xarakterimiz, əxlaqımız və ümumbəşəri insani dəyərlərimiz ilə tanıdıqdan sonra artıq nə geysək, harada və necə olsaq da anlayışımıza və davranışlarımıza hörmət edəcək və Allahın izni ilə ondan sonra bir problem qalmayacaq.

Başda, ortada və axırda təqdim olunacaq şeylər bir-birindən fərqlidir və bir-birinə qarışdırılmamalıdır. Uzlaşma, uzlaşdırma, həyatı paylaşma və misilsiz dəyərlərimizi dünyaya çatdırma kimi ali məqsədlərin seçim haqqı var və bunlar mütləq önə çəkilməlidir. Bu məqsədləri həyata keçirməyə doğru gedilən yolda füruat (təfərrüata aid) olan mövzular -dinin əsaslarını pozmamaq şərti ilə- ortaya və axıra alınmalı, beləcə bunların ən mühüm həqiqətlərin önündə maneə olmasına fürsət verilməməlidir.

Təbii ki, mədəniyyətimizə xas olmayan şeylərin müvəqqəti olduğuna inanmamız da bizim üçün bir əsasdır. Yer, mövqe və vəzifəmiz etibarilə məcbur qaldığımız ya da faydalı gördüyümüz geyim-keçim, hal və davranışın üzərimizdə müvəqqəti və ehtiyaca görə olduğunu unutmamalıyıq. Məsələn, "Bunu əynimə geyindim, amma belə bir niyyətlə bunu etdim!" düşüncəsi zehində həmişə canlı tutulmalıdır. Əks halda, öz mədəniyyətimizə aid olmayan xüsusları mənimsəmə və "gözəl göründü" deməklə hədisi-şərifdə ifadə edilən təşəbböh kateqoriyasına girər. Bu məsələni bizim həyat fəlsəfəmizin və dünyagörüşümüzün bir parçası olaraq qəbul etmək bizi doğmalıqdan qoparar və sürüyüb aparar. Belə bir halda insan “dəyişmə” küləyinin saçıb sovurduğu qupquru bir yarpaq halına düşə bilər.

Rüxsətləri (bəzi məsələlərdə dinin verdiyi güzəştlər) His və Həvəslər Təyin etməməlidir!..

Beləliklə, dilimizdən dini və milli görüşlərimizə qədər bizə aid hər şey hər zaman çox gözəldir. Bunlar getdiyimiz yolun istiqamət göstəriciləridir. Əgər bu sahənin xaricinə addım atmalı isək, bu xeyri və qazancı çox yüksək bir məsləhətə görə olmalıdır.

Bəzən hiss və həvəs fikir cildinə girə bilər və insan yanılaraq zərərli bir şeyi faydalı zənn edə bilər. Bu səbəblə, uca bir məfkurəyə özünü həsr etmiş bir ruh, heç vaxt sadəcə öz ictihad və istinbatı (məna çıxarma) ilə "Bu iş məsləhətlidir" deməməlidir. Öz hissiyyatına görə qərar verməkdən və dolayısilə səhv hökm verməkdən qorxmalı; məsələni həmin işin mütəxəssisindən öyrənməli, məsləhətləşməli və başqa alternativlər axtararaq zərər ehtimalını ən minimum səviyəyə endirməyə çalışmalıdır. Həqiqətən də, düşündüyü şəkildə davranmaq məsləhətli ola bilər, lakin görəsən, bu məsləhət bir məsləhəti-mötəbərəmi (etibarlı məsləhət), məsləhəti-mürsələmi (göndərilmiş məsləhət), yoxsa məsləhəti-mərdudədirmi (faydasız, etibarsız)? Xalis bir mömin bu fərqlilikləri mütləq nəzərə almalı və doğru hökm verə bilmək üçün mütləq o işin öndər və rəhbərləri ilə məsləhətləşməlidir.

Sələfi-salehin əfəndilərimiz İslama qarşı insafın haqqını vermək və təməl prinsiplərə zidd getməmək üçün ən kiçik bir məsələdə belə saatlarla, hətta günlərlə müzakirə etmiş və ancaq elm əhli olanların fikirlərini öyrəndikdən sonra son hökmü bəyan etmişlər. Əbu Hənifə Həzrətlərinin yüzlərlə, bəzən minlərlə tələbəsi ilə səhərdən axşama qədər müəyyən mövzularda fikir mübadiləsi apardığı məlumdur. İmam Əbu Yusuf, İmam Məhəmməd və hətta İmam Züfer kimi tələbələrinin ona əks mülahizələri olduğu; bir məsələni aydınlaşdırmaq üçün -Ustad Nəcib Fazilin ifadəsi ilə- beyinlərini burunlarından qusduqları və İmam Azamın onların mülahizələrini də dinləyib böyük bir haqpərəstliklə "İşin həqiqəti budur" deyərək, öz düşüncəsinə zidd də olsa doğru olanın tərəfində olması hər kəsə məlumdur.

Elə isə, bu günün nəsli də hər hansı bir məsələdə, xüsusilə gələcək baxımından böyük bir ideala bağlı görülən və səmərəsi böyük olacağı təxmin edilən bir mövzuda öz hissləri ilə hərəkət etməməli, şəxsi şərhlərini əsas meyarların yerinə qoymamalı və məşvərətin haqqını mütləq verməlidirlər.

Çünki Həzrəti Ustadın dualarından biri də "Ya Rəbb, qüsurumuzu bağışla. Bizi özünə qul qəbul et. Əmanətini geri alacağın ana qədər bizi əmanətdə əmin et." şəklindədir. Bəli, nəfsimiz, dinimiz, imanımız... hər şeyimiz əmanət olduğu kimi, İslama xidmət düşüncəmiz, dünya görüşümüz və həyat fəlsəfəmiz də bizə əmanətdir. Bunlar dünən başqalarının çiyinlərinə yüklənmişdi, bu gün bizim, sabah da daha sonrakı nəsillərə yüklənəcək. Bu əmanəti deformasiyaya məruz qalmış halda təhvil vermək doğru deyil. Əgər, biz əmanətlərə sahib çıxmaz, onları lazımınca qorumaz və olduğu kimi xələflərimizə təslim etməzsək, gələcəyin sahiblərini ruhən zədələmiş olarıq ki, bu həm məfkurəmizə, həm də gələcək nəsillərə böyük bir haqsızlıqdır.

Başqalaşmağa Qarşı Dostluq Halqaları

Digər tərəfdən, insanoğlu öz xüsusiyyət və davranışlarının övladıdır. Onun yaxşı və ya pis xüsusiyyətlərindən hansı qələbə çalsa, o da həmin istiqamətdə hal və davranışlar nümayiş etdirməyə başlayır. Bəzən elə mələkləşir ki, ruhaniləri belə qibtəyə sövq edir. Bəzən də şeytanları utandıracaq ədəbsizliklərə yol verir. Həzrəti Mövlana: "Bəzən mələklər bizim nəzakət və incəliyimizə qibtə edərlər, bəzən də şeytanlar həyasızlığımızdan ürpərirlər!" deyərkən zənnimcə, insanoğlunun bir-birinə zidd bu iki yönünü vurğulamaq istəmişdir. Bəli, insan bəzən yerin dibinə düşəcək bir ağırlığa bürünər, bəzən də mələklər kimi qanad açıb səmaya doğru uçar.

Dolayısilə, bu qədər fərqlilik nümayiş etdirən, şərə də, xeyirə də açıq olan insan həm pislik, həm də yaxşılıq hesabına heç bir şeyə laqeyd qalmamalıdır. O, yaxşılığın ən kiçiyini belə etməyə çalışmalı, pisliyin isə böyüyündən də kiçiyindən də ilandan-çayandan qaçar kimi qaçmalıdır. Əks halda, insan heç fərqinə varmasa da, ən kiçik bir pislik belə ciddi dəyişmələrə səbəb ola bilər. Daxilən pozulub çürümələr isə Allahın nemətlərinin kəsilməsinə gətirib çıxarar. Bu baxımdan da, xüsusilə, dinə xidmət edən möminlər, ilayi-kəlimətullah yolunda mücahidə etmə nemətinə məzhər olduqları andakı ab-havanı davamlı qorumalıdırlar, yoxsa, ruh və məna həyatı adına çatlamalar və qırılmalar qaçınılmaz olar.

Buna görə də, başqalaşmamanın ən mühüm hərəkətverici qüvvəsi ən kiçik dəyişiməyə qarşı çox qərarlı olmaq və dəyişməmək üçün davamlı möhkəmlənməyə çalışmaqdır. Möhkəmlənmənin başında isə xeyirli dairə və yoldaşlıq halqası gəlir. İnsanın vəfalı, səmimi və sadiq dostlarının olması böyük bir bəxtiyarlıqdır. Necə ki, Həzrəti Ömər (r.a.) xəlifə seçildiyi gün: "Ey insanlar! Mən haqqdan və ədalətdən ayrılsam, nə edərsiniz?" -deyə soruşmuş. "Əgər əyrilər və haqqdan ayrılsan, səni qılınclarımızla istiqamətləndirərik!" cavabını alanda da "Əlhəmdülillah! Əyrilsəm, məni qılıncları ilə istiqamətləndirəcək yoldaşlarım varmış!" deyərək şükr etmişdir. Həzrəti Əbu Bəkir (r.a.) də xilafət məsuliyyətini üzərinə alan kimi, xalqa xütbə vermiş və sözlərini "Ey insanlar! Əgər yaxşı işlər görsəm məni dəstəkləyin, yox əyrilsəm, o zaman da məni düzəldin!" cümləsi ilə bitirmişdir. Bəli, hər insanın: "Öz özümə ayaqüstə dura bilməyə bilərəm, lakin, əgər yıxılsam, bu yoldaşların çiyinlərinə düşməliyəm!" -deyə və etimad edə biləcəyi dostları olmalıdır.

İnsanlığın Fəxri Peyğəmbər Əfəndimizin (s.ə.s.) dövründə bu cür qardaşlıq körpüləri qurulmuş və dostluq halqaları meydana gətirilmişdir. Elm və zikr məqsədi ilə bir yerə yığılan və çiyin-çiyinə verən insanlar məsciddə halqalar qurmuş və hər kəsi bu halqalardan birinə daxil olmağa çağırmışlar. Bu məsələnin əhəmiyyətinə diqqət çəkmək üçün kitablarda zikr edilən "halqa hədisi" çox ibrət vericidir: Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) Əshabi-Kiram ilə birgə bir halqa halında məsciddə oturarkən, içəriyə üç adam girmişdir. Sonradan gələn o üç adamın ikisi Rəsulullahın (s.ə.s.) hüzuruna çıxmış və onlardan biri halqada bir boşluq görərək orada oturmuşdur. Digəri də, halqaya daxil olmasa da camaatın arxasında bir yerdə oturmuşdur. Üçüncü şəxs isə, məsciddə dayanmamış, arxasını çevrilib getmişdir. O əsnada səhabələrinə nəsihət edən Rəhbəri-Əkməl Əfəndimiz (s.ə.s.) izah etdiyi məsələni bitirincə belə buyurmuşdur: "Bu üç adamın halını sizə xəbər verimmi? Onlardan biri Allaha sığındı, Cənabi-Haqq da onu ilahi himayəsinə aldı. Digəri (yoldaşlarına əziyyət verməkdən) utandı, Allah da ondan (ona əzab etməkdən, şanına yaraşar şəkildə) həya etdi. O biri isə (o məclisdən) üz çevirdi, Allah da ondan (Şəxsinə xas bir mahiyyətdə) üz çevirdi."

Bəli, Əfəndimiz (s.ə.s.) möminlərin məclisinə arxa çevirməyi Allah və Rəsulullahdan uzaqlaşma saymışdır. Deməli, mütləq o halqaya daxil olmaq və orada iştirak etmək lazımdır. M. Lütfü Həzrətlərinin misraları da bu həqiqətin fərqli bir ifadəsidir:

"Ey talibi-feyzi-Xuda gəl halqaya, gir halqaya.!
Ey aşiqi-nuri-Xuda gəl halqaya, gir halqaya!"

Rəhmət və Bərəkət Camaatdadır!..

Möminlərin arasında olmaq və camaat halında yaşamaq insana mənəvi bir qüvvət qazandırar. İnsan camaat içindəki təmiz simaları tanıdıqca və xalis qulların ibadətdəki dərinliklərini gördükcə ətrafına və digər müsəlmanlara daha fərqli baxar. Çox vaxt bir qardaşı, yoldaşı ya da bir böyüyü düşünüb: "Məfkurənin haqq olması üçün bu insanın bu dairədə olması kafi bir dəlildir" deyərək qane olar. Hətta mənsub olduğu dairənin verdiyi ilhamla namaz qıldığı yerdən Kəbəyə, oradan da bütün dünyaya uzanan səflərə baxıb "Bu düşüncə, inanc və təvəccöhdə tək deyiləm, bu qədər insan mənim kimi düşünür. Hələ bu səflər arasında elə şəxslər var ki, onların hər biri sanki dinin bir dəlilidir. İslamın haqq olduğuna, yalanda birləşmələri qeyri-mümkün olan bu insanların varlığı belə tək başına bir dəlildir. Bu uca qamətlər mənim üçün də istinaddır və onlarla eyni xəttdə olmağım bir bəxtiyarlıqdır," deyər və qəlbi həmd-səna duyğuları ilə dolar.

Bundan əlavə, Allah Rəsulu (s.ə.s.) "Allahın inayət (yardım) və qüdrəti camaatla birlikdədir," buyurmuşdur. Deməli, Cənabi-Haqqın camaata xüsusi bir təvəccöhü var. Möminlərlə birgə olmaq, hədsiz aciz və fəqir olan insanın sonsuz güc və qüdrət sahibi Allahın inayəti ilə hərəkət etməsinə və iş görməsinə səbəbdir.

Digər tərəfdən, bəzən iman, mərifət, söhbət, eşq və şövqümüz canlılığımıza kifayət etməyə bilər.  Bəzən baxışımız bulana bilər və ürəyimiz qatılaşa bilər. Gündəlik həyatın müxtəlif işləri içində eşq və həyəcanımız sönməyə üz tuta bilər. Bu müvəqqəti hal nəticəsində -Allah qorusun- pozula, özümüzdən uzaqlaşa və yadlaşma təmayülləri göstərə bilərik. Lakin əgər ən az üç nəfərlik bir camaat olsaq, o zaman digər iki yoldaşımızdan heç olmasa birinin eşq və şövqündən bəslənər, bir müddət onun mərifət və söhbət bulağından su içər və yenə öz atmosferimizin havasından nəfəs ala bilərik.

Beləliklə də, hər vaxt yoldaşlarımızla birlikdə olmağa çalışmalı, beləcə camaatın bərəkəti ilə həm özümüzü, həm də qardaşlarımızı dəyişib başqalaşmadan qorumalıyıq. İnsanın tək başına ikən doxsan faiz ehtimalla düşə biləcəyi mənfi təsirlərə bir camaat içində düşmə ehtimalının ancaq on faiz olduğunu unutmamalıyıq.

Bəli, iki adamın bir şər üzərində ittifaq etməsi zəif ehtimalla da olsa mümkündür. İnanan üç insanın şərdə ittifaq edib bir yerə gəlməsi isə qeyri-mümkündür. Allah Rəsulu (s.ə.s.): "İki adam da şeytandır, üç adam isə camaatdır" buyurmuşdur. Bu baxımdan, insanın özünü qoruması üçün yoldaşlarından ayrılmaması, onlardan qüvvət alması və "Əgər, əyilsəm məni düzəldin!.." deyərək onlara xəbərdarlıq səlahiyyətini verməsi şərtdir.

Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.): "Din nəsihətdir" buyurmuşdur. Nəsihət xeyirxahlıq deməkdir. Doğru yolu göstərmək, günah və savabları xatırlatmaq və ona həmişə xeyir-dua etmək mənalarına gəlir. Nəsihət insanları Allaha, Rəsuli- Əkrəmə (s.ə.s.) və Dinimizə istiqamətləndirmək, dünya və axirət həyatı naminə faydalı işlərə yönəltməkdir. Başqalaşmamaq və deformasiyaya məruz qalmamaq üçün ürəyi coşdurub yumşaldacaq, sükut etmiş duyğuları canlandıracaq, likaullaha (Allahın camalını müşahidə) şövqünü artıracaq və fikir dünyasını işıqlandıracaq nasihlərə isə hər zaman ehtiyac var.

Xülasə, kainatda qüdrət və iradənin təcəlliləri olaraq bildiyimiz "şəriəti- fitriyə"yə (Allahın kainatda qoyduğu qanunlar) və kəlam sifətindən gələn ilahi qanunlar məcmuəsinə riayət etməyən cəmiyyətlərin və ya mənəvi həyatlarında daxili dəyişikliyə məruz qalan millətlərin -bu gün hakim olsalar da- sabahkı məhkumiyyətləri qaçınılmazdır. Sükut etmiş ümmətlərin məzarı sayılan tarix, avaz-avaz bu gerçəyi hayqırdığı kimi, "Bir cəmiyyət daxili aləmi etibarilə özünü dəyişdirmədikcə, ruh və mənada deformasiyaya məruz qalmadıqca, Allah bəxş etdiyi lütfləri geri alaraq o cəmiyyətin gözəlliyini dəyişdirməz" ilahi bəyanı da hakimiyyət-məhkumiyyət, izzət-zillət mövzularında mühüm bir həqiqəti və müsəlmanların hal-hazırdakı böyük problemini xatırladır. Buna görə də, möminlər üçün başqalarına gözəl görünmək deyil, özləri olaraq könüllərə girmək əsasdır. Əks halda, təşəbböhü başqalaşma və iltihaqın təqib etməsi qaçınılmazdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.