Duhan

Sual: Qiyamətin əlamətlərindən sayılan “duhan” maddi əzabın bir növüdürmü, yoxsa düşüncədə haqq yoldan dönmə kimi mənəvi xəstəlikdirmi? Onun inkar edənləri öldürməsini və möminlərə də qrip kimi bulaşmasını necə başa düşməliyik?

Cavab: Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.), "On əlamət zühur etmədikcə qiyamət qopmayacaq. Bunlar: Şərqdə, qərbdə və bir də Ərəb Yarımadasında yerin batması, Duhan, Dəccal, Dabbətul-Arz, Yəcuc və Məcuc, günəşin batdığı yerdən doğması və Adən torpağından (Yəməndən) çıxan bir atəşin insanları həşr olacaqları  yerə aparmasıdır" buyurmuşdur. Bu hədisi-şərifdən başqa bir çox peyğəmbər bəyanında da qiyamətin bəzi əlamətləri sıralanır və onlar arasında "duhan"da qeyd olunur.

Qıtlıq, aclıq və duman

Bəzi İslam alimləri Abdullah ibn Məsud (r.a.) tərəfindən nəql edilən bu hadisəni əsas alaraq duman mənasına gələn "duhan"ın gəlib keçdiyini demişlər. Qüreyş müşrikləri möminlərə işgəncə edib bəzi inananları qətlə yetirməyə başlayınca Allah Rəsulu (s.ə.s.) "Ya Rəbbi! Bu zalımların gələn ilini Yusif (ə.s.) dövründəki qıtlıq dövrü kimi et!" -deyə dua etmişdi.

Bu duanın üstündən çox vaxt keçmədən müşriklərə dəhşətli qıtlıq gəlmişdi. Qıtlıq o hala gəlmişdi ki, insanlar qurumuş dəriləri və sümükləri gəmirməyə, leşləri belə yeməyə başlamışdılar. Hətta bir çox insan aclıqdan həyatını itirmişdi. Aclıq və qıtlıq o dərəcəyə gəlmişdi ki, insanlar yerlə göy arasını dumanla örtülmüş kimi görürdülər. Nəhayət, Əbu Sufyan Rəsuli-Əkrəmə (s.ə.s.) gələrək, "Sən bizə  qohum-əqrəbaya hörməti əmr edirsən, halbuki qövmün aclıqdan və qıtlıqdan həlak oldu. Allaha dua et ki, onları bu bəladan qurtarsın" demişdi.

Rəhmət Peyğəmbərinin (s.ə.s.) duasından sonra bol-bol yağış yağmağa başlamış və qıtlıq sona yetmişdi. Əfsuslar olsun ki, rahat gün üzü görən müşriklər o aclıq günlərini tez unutmuş və əvvəlki üsyankarlıqlarına geri dönmüşdülər.

Allah-Təala, "Elə isə, göyün bütün insanları bürüyən bir duman çıxaracağı günü gözlə. Bu çox çətin bir əzabdır." (Duhan, 44/10-11) məallı bəyanı ilə həm müşriklərin aclıqdan hər yanı sisli-dumanlı gördükləri o qıtlıq dövrünü xatırlatmış, həm də qıtlıqdan qurtulduqdan sonra şükür yerinə təkrar şirkə geri qayıtdıqlarını nəzərə vermiş və həm də bütün inkarçıların bir gün mütləq yaxalanıb cəzalandırılacaqlarını bildirmişdi.

Bəzi təfsirçilər bəhs olunan ayələrin bu hadisəyə görə nazil olduğunu demiş, "duhan"ın həqiqi duman deyil, müşriklərin aclıqdan ətrafı duman şəklində görmələri olduğunu və bunun da gəlib keçdiyini bildirmişlər.

Fikir böhranı və qarışıqlıq

Bəzi alimlər isə qiyamət əlamətləri ilə əlaqəli digər hədisləri də nəzərə alaraq, bəhs olunan ayələrin daha geniş mənada olduğunu, "duhan"ın hələ baş vermədiyini və onun qiyamətə yaxın bir vaxtda görüləcəyini bildirmişlər. Rəvayətlərə görə bu duman inkarçıların qulaqlarından girəcək, başlarını yandırıb yaxacaq və onları öldürəcək. Möminlər isə qripə tutulmuş kimi olacaqlar.

Doğrusunu Allah bilir, duhan maddi bir əzab da ola bilər. Bu mövzu ilə əlaqəli hədislərdə bir təqlid nəticəsində tutulan siqaret xəstəliyindən atom bombası kimi kütləvi qırğın silahlarına, ya da ozon təbəqəsinin səbəb ola biləcəyi fəlakətlərə qədər bəzi axır zaman bəlalarına işarələr də ola bilər. Lakin biz indiyə kimi "duhan"ı həmişə düşüncə böhranı nəticəsində meydana gələn çaşqınlıqlar, etiqadi mərəzlər və fikir qarışıqlıqları şəklində anladıq.

Bildiymiz kimi hər şey düşüncədən başlayır, bir fikir olaraq ortaya atılır, sonra həddindən artıq əhəmiyyət verilərək həmin məsələdə dərinlik qazanılır, fikir məfkürə halına gətirilir və nəhayət o tətbiq edilə biləcək bir şeydirsə, lahiyələşdirilir, uyğun bir çərçivədə həyata keçirilməyə çalışılır.

Kəlmə mənası duman demək olan "duhan" bir yönü ilə hər şeyin sisli-dumanlı görünməsi, əşyanın həqiqi mahiyyətinin bilinməməsi, ağın qaraya, sapın samana qarışması, bəzi gözəl düşüncələrin yanında qaranlıq fikirlərin də olması və hər şeyin qarmaqarışıq olması mənasına da gələ bilər. Duhan, düşüncə bombardımanların bu biri-birini əvəz etdiyi, qaba qüvvələrin fikir işçilərini inkar bataqlığına apardığı, haqqın batil kimi göstərilib batilin haqq kimi nümayiş etdirildiyi, yaxşının pisdən, gözəlin çirkindən, düzün əyridən ayrılmadığı qarışıq bir dövrün rəmzi ola bilər.

Bəli, duhan bir atom ya da hidrogen bombasının meydana gətirdiyi duman və toz buludunu xatırladan maddi bir fəlakət də ola bilər. Lakin hədisi-şəriflərdə duhanın inkar edənləri öldürərkən möminləri də zökəmə (soyuq dəymə, qrip) bulaşdıracağına diqqət çəkilməsi daha fərqli mənaları da ağla gətirir.

Axır zaman qripi

Əslində, zökəm hər nə qədər lüğətdə "qrip" demək olsa da, ərəblərə məxsus bir deyimdir və bir şeydən çox təsirlənməyi, ona qibtə etməyi, onun qarşısında insanın ağzının sulanmasını və ağzının suyunun axmasını ifadə edir.

Axır zamanda elə şeylər ortaya atılacaq ki, inancsızlar dərhal buna tutulacaq, gördükləri qarşısında ürəkləri gedəcək, sonra şüursuzca onların içinə atılacaq və həlak olub gedəcəklər. İnananlar isə, nəticəsinin nə olacağını bilmədikləri o sonradan ortaya çıxan şeylərin cazibəsinə bəlkə də dərhal qapılmayacaq, amma onların da başı dönəcək və qısa müddət də olsa özlərini itirəcəklər. Ərəb dilində bu məsələ "ümumi havadan təsirlənmə nəticəsində gözlərin yaşarması, burnun axması və beynin qıcıqlanması"nı xatırladan bir deyim olaraq zökəm sözü ilə ifadə edilir. Biz bunu öz dil zövqümüzə görə "bəzi fantaziyalar elə cazibəlidir ki, bunlar qarşısında insanların başı dönür, baxışları bulanır, ağızlarının suyu axır və özlərini bu fantaziyaların qoynuna atırlar" şəklində başa düşə bilərik.

Əgər qiyamətdən əvvəl düşüncə sahəsinə böyük bir bomba atılacaqsa, -Allah qorusun- o bir Allahı inkar dumanı meydana gətirəcək və nəticədə hər şey qapqara bir buluda bürünəcəksə, belə bir sisli-dumanlı havada şübhə və tərəddüddə olanlar həyatlarını davam etdirə bilməz və onun içində boğulub gedərlər.

Necə ki, bir nihilist filosofun öz həqiqətindən tamamən uzaqlaşmış bir etiqada cavab olaraq "və tanrı öldü" deməsini, işin mahiyyətini bilməyənlər "Allah öldü" şəklində başa düşərək ölkəmizə bu fikri idxal etmiş və minlərlə insanın yoldan çıxmasına səbəb olmuşdular. Həmçinin, "Din tiryəkdir, fəqir-füqəranın təsəlli qaynağıdır!" düşüncəsinə görə tamamən fikir planında çökən, budanmış ağac kimi yıxılıb gedən bir çox insan oldu.

Əfsuslar olsun ki, bu  düşüncə erroziyalarının təsirləri sadəcə inkar edənlərdə görünmədi. Bəziləri o fikir çöküntülərinin nəticəsində etiqadi bir uçuruma yuvarlanarkən, bəziləri də ən azı zökəmə tutuldular. Onların da, -bağışlayın- burunları axmağa başladı, başları döndü və ağızlarının suyu axdı. Onlar da hesabı qarışdırdılar, fantastik, lüks və batil mülahizələrə qapıldılar.

Bir vaxtlar İslam aləmində "İslam sosializmi" kitabları yazıldı. Çünki bəzi möminlər nə olduğu məlum olmayan düşüncələrdən o qədər təsirləndilər ki, İslamdakı ictimai ədaləti sosializm şəklində anladılar. Halbuki, ictimailik İslam binasının təməli deyil sadəcə bir yönüdür. "Allahın yanında haqq din İslamdır" (Ali-İmran, 3/19). Bu məsələ açıq-aydın bir həqiqət ikən Marksdan miras qalmış bir nəzəriyyəni İslama yamayaraq təqdim etmək müsəl­man­lıq adına böyük bir qəflət və cahillikdir. Bu eyni zamanda baş dönmənin, göz qaralmanın və həqiqətləri əsil mahiyyətinə görə dəyər­lən­dirmə­mə­nin ifadəsidir.

Zökəmə tutulmuş topluluqlar

Yaxın tarixdə belə bir duman bütün dünyanı bürüdüyü kimi, bizim insanı­mı­za da bəzi xəstəliklər bulaşdırmışdı. Bəzi inanc və anlayışların təmsilçiləri dini təməlləri baxımından ona qarşı tab gətirə bilmədiklərinə görə tamamən tıxanıb mənən çökmüş, bəzi möminlər də öz mənəvi dəyər ölçülərin yaxşı bilmədiklərinə görə zülmət qaranlıqda qamışldılar. Hətta bəziləri məna kök­lərimizi və müxtəlif zənginliklərimizi hesaba qatmadan tamamən fantas­tik mülahizələrin ya da lüks arzuların əsəri olan necə-necə soysuz şeyləri alıb hazır bir paltar kimi geyinərək millətin mahiyyətindəki tənasübü alt-üst etmişdilər.

Bəli, haqq və həqiqəti qəbul etməyən materialist fəlsəfə, ilhad (dinsizlik) və küfür dünyasının insanını mənən həlak edərkən, müsəlmanlar arasına da şübhə və tərəddüd salmışdı. Bu gün hələ də əlində dəsmal burnunu silənlə­rin və Qərbdən gələn hər şeyə ağız suyu axıdaraq baxanların halı bunun nəticəsidir. Peyğəmbər Əfəndimizin (s.ə.s.) "Axır zamanda bir du­­man zühur edəcək. Kafirləri öldürəcək və möminləri də zökəmə bulaş­dıracaq" xəbəri isə bu həqiqətin açıqca və möcüzəvi bəyanından ibarətdir. Görəsən, ərəbcəyə və bu dilin incəliklərinə bələd olmadıqlarına görə bu cahilliklərini ört-basdır etməyə çalışan və "bizə məal bəsdir, hədisə nə ehtiyac var!" deyə sayıqlayan bəzi teoloqların vəziyyətini bundan daha yaxşı təsvir etmək mümkündürmü?

Materializm vəbasının müsəlmanlara da təsir edib onları zökəmə düçar etməsinin nəticəsidir ki, İslam aləminin gözbəbəyi sayılan bəzi elm ocaqlarında belə mənaya qarşı kor olan insanlar yetişmişdir. Ad-sanına və şöhrətlərinin gücünə güvənən bəzi elm xadimləri sırf fantaziya və dəbdəbənin əsiri hallına gəldiklərinə görə müsəl­man­ların inanclarında böyük təxribatlar törətmişdilər. Məsələn, əvvəlcə möcüzə­lə­rə başqa mənalar verməklə işə başlamış, arxasınca mələk, cin və şeytan kimi mad­di­ və metafizik varlıqları bəzi təbiət qanunları ilə izah etməyə çalışmışdılar. Şeytanın ən böyük hiyləsinin özünü və varlığını inkar etdirmək olduğunu bilmədiklərinə görə və dinin əsaslarına zidd şərhlər etməklə İblisin toruna düşdüklərinin fərqinə varmadılar. "Cin"ləri "mikrob"lar şəklində anlamaq və şeytanı varlığı ilə yoxluğu naməlum bir varlıq olaraq başa düşmək kimi dəhşətli xətalara düşdülər. Bütün bu fikir böhran və çöküntüləri də o "zökəm"in nəticələrindəndir.

Bundan əlavə bu xəstəliyin nəticələrindən biri də möminlər arasında din böyüklərinə qarşı hörmətsizliyin artmasıdır. Axır zaman fitnələrindən bəhs edən hədisi-şəriflərdə bu ümmətin sonradan gələn nəsillərinin, müxtəlif ittihamlar və bəhanələrlə özlərindən əvvəlkiləri təhqir etmələri də qiyamət əlamətlərindən sayılır. Bəli, bu zəmanə insanlarının, Rəsuli-Əkrəmin (s.ə.s.) alqışına layiq olmuş səhabə, təbiin və ətbauttabiin dövrlərindən olan böyükləri adi insanlar olaraq görmələri və onları bəzi qüsurlarla ittiham edərək nalayiq sözlər demələri də çox çirkin fikir böhranıdır və qripə tutulmaq qədər də olsa, duhanın təsirinin əlamətidir.

Əslində bəzi əcnəbi şərqşünasların iddia və iftiraları ilə baxışları bulanan möminlərin öz mənəvi qaynaqlarından düzgün nəticələr çıxarmaları və böyüklərimizi doğru kriteriyalarla dəyərləndirmələri əsla mümkün deyil. Yoxsa inanan bir insan bəziləri tərəfindən dinin dəlili qəbul edilən bir böyük alim haqqında "Filan imam bizdəki düşüncə həyatını öldürmüş bir qatildir!" deyə bilərmi?! Öz boyunu hündür göstərmək üçün o uca qaməti çiynindən tutub səviyyəsinin altına endirməyə cəhd edə bilərmi? Elmə, düşüncəyə və insan şüuruna qarşı hörmətsizlik mənasına gələn belə bir qəbahəti baxış tərzindəki yanlışlıqdan başqa bir səbəblə izah etmək mümkündürmü?

Yaxşı ki, qripin müalicəsi mümkündür!..

Digər tərəfdən, Bəyan Sultanı Əfəndimiz (s.ə.s.) duhanın təsirindən danışarkən  başqa mənalara da işarə etmiş ola bilər. Məsələn, -dediyim kimi- lüğəvi mənası soyuqlamaq və qrip demək olan zökəm, eyni zamanda insanın bir şeyə qibtə etməsi və ağzının suyunun axması mənalarına da gəlir. İstər infeksiya kimi maddi xəstəlik, istərsə də bir şeyi arzulama və təqlid kimi qəlb xəstəliyi şəklində başa düşülsün, zökəm hər zaman müalicə oluna bilər.

Beləliklə İslam aləminin şikayət etdiyi qrip epidemiyasından və infeksiyadan qurtulması mümkündür. Gözlərindən həmişə yaş axdığına və ancaq burnunu silməklə məşğul olduğuna görə ya da heyranlıqla baxdığı saxta gözəlliklər qarşısında ağzı sulandığına görə heç bir mövzuda özünü cəmləyə bilməyən, dolayısilə Nəcib Fazilin dediyi kimi, "zıp orada, zıp burada" dolaşan bəzi müsəlmanların yaxşı müalicə nəticəsində yenidən sağlam düşüncəyə qovuşmaları mümkündür.

Qısacası qeyb aləminə aid olan "duhan"ın keyfiyyətini ancaq Allah bilir. O qıtlıq dövründə dəhşətli aclıqla üzləşən müşriklərin yeri və göyü bürümüş şəkildə gördükləri duman da ola bilər, qiyamətdən əvvəl inkar edənləri yandırıb yaxan, möminləri də qripə bulaşdıran maddi əzab da. Amma bu mövzudakı hədislərə bir bütöv şəklində baxanda, duhanı maddi bəladan daha çox yaxşının pisdən, gözəlin çirkindən, doğrunun əyridən ayırmaq mümkün olmadığı bir dövrün simvolu olaraq qəbul etmək daha doğru olar. O, daha çox ağla qaranın, sapla samanın, sidqlə yalanın bir-birinə qarışdığı, dini kriteriyaların arxa plana atıldığı, dünya miqyasındakı düşüncə böhranları ucbatından möminlərin də ağır zərbələr aldığı və hər tərəfdə zülmət qaranlığın yaşandığı qarmaqarışıq bir dövrün simvoludur.

Düzü, İslam aləmi dediyimiz bəxtsiz ərazinin hal-hazırda yaşadığı talesizlik də məhz bundan ibarətdir. Lakin əgər insanlar qiyamətin digər əlamətlə­rindən Cənabi-Haqqa sığındıqları kimi, duhannın şərindən də Ona sığınar və dinin yanıltmaz ölçülərini əsas götürərək öz həyat yolunu davamlı gözdən keçirsələr, inşallah, bu xəstəlikdən ən az zərərlə qurtularaq bir daha düşüncə istiqamətinə, qəlb səhhətinə, hiss səlamətinə qovuşacaqlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.