Təfəkkür - Hüzn və Dua

Sual: Təfəkkür nədir? Həqiqi təfəkkürü necə başa düşməliyik? Təfəkkür, hüzn və dua arasında nə cür əlaqə var?

Hər hansı bir mövzuda başı-sonu, hədəf və məqsədi təyin olunmuş; intizamlı, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür peyğəmbərlik sənətidir. İnsanlığın İftixarı Allah Rəsulunun (s.ə.s.) mübarək sözlərinə və həyatına nəzər yetirəndə bu həqiqət açıq-aydın görünür. Məsələn, təfəkkürlə əlaqəli nurlu bir kəlamında O (sallallahu əleyhi və səlləm): "Təfəkkürə bərabər bir ibadət yoxdur. Elə isə gəlin Cənabi-Haqqın nemət və qüdrət əsərlərini təfəkkür edin! Amma qətiyyən Onun Zatını təfəkkür etməyə cəhd etməyin. Çünki O, insan düşüncəsini aşan bir mövzudur," (el-Beyhaki, Şuabü'l-iman 1/136) buyurur. Göründüyü kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Cənabi-Haqqın Zatı xaricində hər şeyi təfəkkür içinə daxil etmişdir. Elə isə deyə bilərik ki, Nəbilər Sərvəri bu kəlamla Allahın nemətlərini, ayələrini və dinin əmrlərini təfəkkür etməyimizi istədiyi kimi, Nəcib Fazilin deyişi ilə əşya və hadisələri daima həllac etməyimizi istəyir.

Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) şəxsən özü də əşya və hadisələri daim həllac edərək, hər zaman təfəkkür üfüqündə təfəkkür çərçivəli bir həyat yaşamışdır. Məsələn, bir hədisi- şərifdə Onun bu halı belə anladılır. Allah Rəsulu hüznlü bir halda: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (“Ali-İmran” surəsi, 2/190-191) ayələrini oxudu; oxudu və göz yaşları içində dərin bir təfəkkürə getdi. Səhər əzanını oxumağa gələn Həzrəti Bilal: "Ya Rəsulullah! Özünə niyə bu qədər əziyyət verirsən? Allah keçmiş və gələcək bütün günaha aparan yolları Sənə bağlamadımı?" deyincə Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Mənə bu qədər ehsan edən Rəbbimə ehsan ölçüsündə şükür edən bir qul olmayımmı?" buyurdu. (Buxari, Teheccüd, 6)

Həyatının hər anını bu cür təfəkkür bağları ilə hörən Peyğəmbər Əfəndimiz (s.ə.s.) Ona isnad edilən bir kəlamda möminin sözünün hikmət, sükutunun da təfəkkür olduğunu buyurur. Bu ifadədən mömin vəsfinin iki əsasa bağlı olduğunu görürük. Bir; mömin danışanda mütləq müəyyən bir hikməti, məsləhəti və xeyri nəzərə alaraq danışar. İki, danışılacağı mövzuda belə bir hikmət və xeyir yoxsa, mömin sükutu seçər. Ancaq onun bu sükutu boş-boş, tənbəl-tənbəl durmaq kimi başa düşülməməlidir. O, sükutuna bir mənada üxrəvilik boyasını çalar, təfəkkür ediləsi məsələləri düşünər və nəticədə bu sükutunu təfəkkür zəmininə çevirər. Bunu nəzərə alaq deyə bilərik ki, təfəkkür çərçivəli bir ömür yaşamaq kamil möminin hər zamankı halıdır.

Ürək Yaxan Halımız və Fikir Çiləsi

Ancaq dövrümüzdə Müsəlmanlarda qıt olan ən böyük məsələlərdən biri təfəkkürdür. Beləliklə, insanımızın təfəkkür yolunda hələ iməklədiyini desək, zənnimcə, mübaliğə olmaz. Məsələn, indiki dövrdə Muhamməd ümməti tarixində görünməmiş bəla və müsibətlərə məruz qalır. Ancaq müsəlmanların beyin sancısı çəkib, ortaya fikir atıb alternativ həll yolları araşdıraraq bu bəla və müsibətlərdən qurtulmaq üçün ciddi səy göstərməsi görünmür. Halbuki, bu təhlükədən çıxış yolu ancaq təfəkkürdədir. Bu səbəbdən, təfəkkürü sadəcə Cənabi-Haqqın feil və isimlərinin cilvələrini, lütf etdiyi nemətləri dərindən düşünmək və beləcə iman və mərifətimizi dərinləşdirmə şəklində anlamamalıyıq. Əlbəttə ki, bunlar təfəkkür üçün çox əhəmiyyətlidir, ancaq İslamı bütün dünyaya eşitdirmək.. varsa, qarşısındakı maneələri aradan qaldırmaq.. o maneələrin aradan qaldırılması naminə alternativ fikirlər yürütmək… kimi xüsuslar da təfəkkür kateqoriyası daxilində mütaliə edilməlidir, çünki bir möminin ən əsas vəzifəsi ileyi-kəlimətullahdır. Yəni Allahın adını könüllərdə zirvələşib hər yana yayılması üçün cəhd və səy göstərməkdir. Əlbəttə ki, Cənabi-Haqq daima alidir, Onun adı həmişə ucadır. Ancaq uca olan bu ucalığın könüllərdə duyulub hiss edilməsini təmin etmək də möminin əsas məqsədi, ən böyük vəzifəsidir. Beləliklə bir daha təkrar edirik ki, İslam dininin dünyanın hər yanında, könüllərdə bir daha çiçək açması üçün hər an fikir sancısı ilə oturub-durmaq, bu mövzu barədə tədbirlər görmək və dərin düşüncələrə qərq olmaq, müxtəlif həll yolları axtarmaq, du dərddən yata bilməmək və bu iztirabla gecələri qalxıb dəlilər kimi o yan-bu yana gəzmək.. bəli, bütün bunlar ali dərəcəli təfəkkür kateqoriyasına daxil olan məsələlərdir. Çünki təfəkkürünüz nəyə aidsə, o mövzunun dəyəri nisbətində sizin təfəkkürünüz də dəyər qazanar.

Allah xatirinə düşünün bir! Peyğəmbər Əfəndimiz Həzrəti Muhamməd Mustafa (s.ə.s.) nəbilər sərvəri, peyğəmbərlər seyididir, buna baxmayaraq, müasir dövrdə Onun bayrağı başqa bayraqlardan aşağıda görünürsə, bu dinimiz üçün, bizim üçün zillət deyilmi? Əgər bir müsəlman ruhunda, vicdanında bunun kədərini duymursa, Nəbi ilə münasibəti də o nisbətdədir. Əgər bir mömin bunun iztirabı ilə alışıb-yanır və Əfəndilər Əfəndisinin (s.ə.s.) adını ən yüksək səviyyədə insanlığa duyurmaq üçün fikrən cəhd və səy göstərirsə, bu təfəkkür ali dərəcədə bir təfəkkürdür. Yuxarıda qeyd etdiyimiz məsələni bir daha təkrar edək: Bizim düşüncəmizi məşğul edən mövzu nə qədər dəyərli olacaqsa, təfəkkürümz də o dərəcədə dəyər qazanacaq, qiymətli olacaq.

Hüzn - Təfəkkür Münasibəti

"Hüzn ilə təfəkkür arasında nə cür əlaqə var?" sualına gəlincə isə; dövrümüzdə olduğu kimi bəzən hüznlə təfəkkür iç-içə ola bilər. İndiki dövrdə İslam aləminin ürək yaxan halı qarşısında çarəsizlikdən hüzn duyma Allaha inamın, Qurana bağlılığın, Əfəndimizə "Muhammədun Rəsulullah" deməyin gərəyidir. Hər mömində daim belə bir hüzn olmalıdır. Zaman gülüb-oynayacaq zaman deyil. Təsəvvür edin ki, bir nəfər ana-atasını eyni gündə itirib, başsağlığına gələnləri qəbul edir. Lakin o belə bir vəziyyətdə deyib-gülür, gülüb-oynayır. Bu, o insanın ağılsızlığına dəlalət etməzmi? Halbuki, hal-hazırda müsəlmanlığın məruz qaldığı xəyanətlər, tənəzzüllər ana-atanın, həyat yoldaşının, övladların hamısının birdən ölməsindən daha böyük bir fəlakətdir. Elə isə, heç olmazsa günün müəyyən vaxtlarında bu zülm və təcavüzü anıb təfəkkür etməli, qurtuluş üçün qəmgin bir əda ilə Rəbbimizə yalvarıb yaxarmaq "Allaha səmimi qəlbdən inanmışıq" deməyin və ixlaslılar yolunda olmağın gərəyidir. Buna görə, demək olar ki, belə bir dövrdə hüzn, o hüznə bağlı iztirab Kəbədə edilən dualardan daha məqbuldur. Bəli, qənaətimcə, Ərafatda əl qaldırıb dua etməkdən daha böyük bir dua varsa, o da bu kimsənin Muhamməd ümmətinin dərdi ilə qəddi bükülmüş bir halda gecə başını səccadəyə qoyub: "Nə olar Allahım, Muhamməd ümmətini bu zillətdən qurtar" deyə inim-inim inilti içində etdiyi duadır.

Hüznlə təfəkkürün kəsişdiyi, iç-içə girdiyi mövzulardan biri də iman nöqteyi-nəzərindən aqibətimiz mövzusdur, məncə. Məsələn, inanan bir könül: "Məni bir aqibət gözləyir, amma, görəsən, bu hansı aqibətdir; pis aqibətmi, yoxsa yaxşı aqibətmi? Görəsən, müsəlmanlıq naminə indiyə qədər doğru istiqamətdə qala bildimmi, bundan sonra qala biləcəyəmmi?" duyğu və düşüncəsi içindədirsə, demək ki, belə bir düşüncə sahibi hər an hüzn içindədir. Belə bir hüznü olan da daima təfəkkür etməlidir. Yəni o mömin: "İman baxımından necə dərinləşməli, mərifət baxımından necə ənginləşməli, sevgi və zövqü-ruhani baxımından Allahla nə cür münasibət qurmalıyam ki, sui-aqibətimi hüsnü-aqibətə çevirə bilim?" düşüncələri ilə iztirab və hüzndən inim-inim inləyincə bu hal onu təfəkkürə sövq edəcəkdir. Belə bir təfəkkür hüzn mənbəli, hüzn tələvvünlü bir təfəkkürdür. Buna görə böyüklərimiz səhər-axşam tez-tez: "

- Allahım! İşlərimizin axırını xeyir elə! Bizi dünyada alçaq, rüsvay olmaqdan və axirət əzabından qoru!" duasını etmişlər.

Ancaq mövzu ilə əlaqəli əhəmiyyətli bir xüsusa diqqətinizi çəkmək istəyirəm. Əlbəttə ki, şəxsi aqibətimiz üçün təfəkkür və hüzn kiçik bir məsələ deyil. Lakin şəxsi aqibət əndişəsi və bundan qaynaqlanan hüzn və təfəkkürdən daha çox, məncə, əsl əhəmiyyətli məsələ ruhumuzda olan bu hüznü, beyinimizdəki bu təfəkkürü başqalarına da aşılamaq, dərd halına gətirdiyimiz əsasları aləmin dərdinə çevirmək, təfəkkür və hüznü hər kəsin ruhuna duyurmaq və beləcə bu gizli və mənəvi duaları külli bir duaya çevirməkdir. Çünki xüsusilə, ümuma aid məsələlərdə duaların qəbulunun o duanın küll olması ilə çox böyük bir əlaqəsi var. Bunu da bilirik ki, Cənabi-Haqq insanın tək başına etdiyi duanı da qəbul edir, qəbul edəcəyini vəd edir. Bir mömin tək başına istədiyi bir şeyi Allahın ona lütf edəcəyinə inanaraq ürəkdən, səmimi şəkildə istəsə, Cənabi-Haqq onun istəyinə cavab verər. Lakin bu da unudulmamalıdır ki, küll halda edilmiş duaların çox az rədd edildiyi məlumdur. Bu səbəblə hüzn və təfəkkürümüzün Allah dərgahında daha da dəyərli olması onun ümumiləşdirilib hər kəsin məsələsi halına gətirilməsi ilə yaxından bağlıdır.

Hüzn və Dua

Sualınızda təmas etdiyiniz bir məsələ qaldı ki, o da hüzn-dua münasibətidir. İstəyirsiniz bir az da bunun üzərində duraq. Mənə görə, hüzn və iztirab ən səmimi dualardan daha məqbul bir duadır. Xüsusilə də, bu hüzn başqalarının imanı, başqalarının əbədi həyatını qurtarmaq üçün isə. Demək olar ki, belə bir uca qayə üçün bir dəqiqəlik iztirab yüz qurban kəsməkdən, bir neçə dəfə nafilə həccə getməkdən daha bərəkətli bir əməldir. Səmimi qəlbdən ah edənin hər ahına cavab verilmişdir. Ona yüksələn heç bir səmimi səda cavabsız qalmamışdır, yetər ki, səsimiz könüldən gəlsin.

Peyğəmbər Əfəndimizə (s.ə.s.) "Hüzn Peyğəmbəri" deyilməsi necə də mənalıdır! Çünki O, daima hüznlü idi. İnsanlarla qarşılaşanda sırf onlar üçün təbəssüm edərdi. Busirinin “Qəsideyi-Bürə”sində ifadə etdiyi kimi simasında təbəssüm vardı. Lakin gülməyə gəlincə O, həyatında üç dəfə gülmüşdü.

Çünki hamımızı gözləyən çətin bir aqibət var. Əsvəd İbn Yezid ən-Nəhainin mülahizəsi ilə desək:

"İş bildiyiniz kimi deyil, çox ciddidir, çox." Heç birimizin qəbir əzabından xilas olma, siratı uçaraq keçmə, məhşəri meydanını aşmağa təminatımız yoxdur. Onda ciddi məsələlər qarşısında ciddi olmalı deyilikmi? Elə isə, gəlin Allah xatirinə günah və üsyana ciddi yanaşaq və dilimizdə daima: "Allahım, bizə günah işlətdirmə! Əgər səhvə yol versək, dərhal tövbə etməyi nəsib et. Hər an tövbə, inabə, evbə bulaqlarında təmizlənmə yollarını bizə göstər" deyib dualarla yalvaraq və bir dəqiqə də kirli qalmamağa çalışaq. Gözümüz baxışın, qulağımız eşitmənin, ağzımız danışığın kiri ilə kirli qalmasın. Dərhal tövbə və istiğfar bulağında təmizlənək. Hər an Allahın hüzuruna çıxmağa hazır, tərtəmiz olaq. Necə ki bir böyüyün qarşısına çıxmadan əvvəl güzgünün qarşısına keçib köynəyimizi, qalstukumuzu düzəldir, bir neçə dəfə pencəyimizin yaxasından tutur, çiyinlərini düzəltməyə çalışır, qapıya yaxınlaşanda son dəfə təkrar özümüzü yoxlayırıqsa, elə də Aləmlərin Sultanının hüzuruna təmiz çıxmalı deyilikmi? Tam kirləndiyin bir anda vəfat etsən, bizi tərtəmiz yaradan, dünyaya səlim fitrətlə insan mahiyyətində göndərən, heyvanlardan ayırıb bizi ağıl, fikir və şüurla ucaldan Allaha qarşı ayıb olmazmı? Rəbbim hamımızı belə bir ayıbla axirətə köçməkdən, bütün sirlərin ortaya töküləcəyi bir gündə rüsvay olmaqdan qorusun! Amin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.