Təyəqqüz

Fəthullah Gülən: Təyəqqüz

Sual: Haqqa xidmət yolunun yolçuları nələrə qarşı və necə təyəqqüzdə olmalıdır?

Cavab: “Oyanmaq, oyaq qalmaq, gözünü dörd açmaq” kimi mənalara gələnp və “yəqəza” kəlməsindən törəyən “təyəqqüz” sözü təfəül babında olduğuna görə, təkəllüf (insanın özünü nəyəsə görə məsuliyyət daşıdığını düşünməsi) bildirir. Nəticə etibarilə, “təyəqqüz” sözü çox diqqətli və həssas olmaq, çox təmkinli hərəkət etmək, gözü dörd açmaq deməkdir. Bu baxımdan, “təyəqqüz” məfhumuna “hadisələrin mahiyyətini aydınlaşdırmaq və doğru nəticə çıxarmaq üçün gözlərlə yanaşı, hissiyat və düşüncənin də oyaq olması, yalnız bir dəfə görmək və ya bir dəfə duymaqla kifayətlənməyib verilən qərarları və ortaya qoyulan qənaətləri təkrar-təkrar gözdən keçirib yoxlamaq” şəklində də tərif vermək olar. Buna görə də, mütəyəqqiz (təyəqqüzdə olan adam) özünü təyyarə pilotu kimi görməli, kiçicik bir xətasının neçə-neçə insana ölüm gətirəcəyini dərk etməlidir. Baş aşağı yuvarlanmamaq üçün daim təyəqqüzdə olmalıdır.

Nifaq (münafiqliq) çağında təyəqqüz

Dövr nifaq dövrü olduğuna görə, bu gün təyəqqüz xüsusilə də iman və Quran yolunun yolçuları üçün daha böyük əhəmiyyət kəsb edir. O baxımdan bu insanlar ilk növbədə yaşadıqları dövrü yaxşı dərk etməli, konyekturanı düzgün təhlil etməli, eyni zamanda, rəqib olduğu halda bəzən tərəfdar kimi görünən, münafiqlik pərdəsi arxasında gizlənib ədavətdən qeyri bir şey düşünməyən düşmən cəbhəsini yaxşı tanımalıdırlar. Çünki onlar ədavətdən nə qədər gen gəzsələr də, düşmənçilikdən uzaq olmaqdan ötrü əllərindən gələni əsirgəməsələr də, gözünü qısqanclıq və həsəd tutmuş düşmənlər onları hər tərəfdən məngənəyə sala bilərlər. Hətta həsəddən ağlını itirmiş, kinin nifrətin qul-köləsi olmuş bu insanlar əllərinə imkan düşsə, onları bir qaşıq suda boğmaq istəyə bilərlər. Bu baxımdan, onlar hər addımı həssaslıqla, sarsılmaz inancla, mədəni cəsarətlə atmalı, yollarının haqq olduğunu diqqətə almalı, eyni zamanda, qarşı cəbhənin qeyz, kin və nifrətlə törətdiyi təxribatı hökmən nəzərə almalıdırlar. Əks halda, mənsubu olduqları “Hərəkatı” müvəffəqiyyətsizliyə və uğursuzluğa düçar edə bilərlər. Nəticə etibarilə, bu məsələdə çox həssas hərəkət etmək təyəqqüzün yüksək səviyyəsidir.

İnanan insan bu günlə birlikdə sabahı da düşünər, gələcəyi nəzərə alaraq hərəkət edər və etməlidir. Çünki indiyədək birgünlük düşüncələrlə heç bir problemin öhdəsindən gəlmək mümkün olmamış, bundan sonra da olmayacaqdır. Ancaq son bir-iki əsrdə bir İslam dünyasındakı problemlərin mahiyyətinə baxmamış və birgünlük siyasi addımlarla böyük problemləri yoluna qoymağa çalışmışlar. Bu günə hesablanmış siyasi addımlarla ölkəmizin və İslam dünyasının problemlərini həll edəcəyini, ölkəmizin dövlətlər arasında nüfuzlu bir məqama yüksələyəciyini zənn edənlər həm özlərini, həm də xalqımızı aldatdılar. Bəli, bu gün bir cəmiyyət olaraq özümüzü obyektiv şəkildə gözdən keçirəndə əsrlər boyunca həll olunmayan problemlərin əsl səbəbinin müəyyənləşdirilmədiyini, düzgün “diaqnoz” qoyulmadığını, düzgün müalicə üsullarına əl atılmadığını, bu səbəbdən də xəstəliklərin sağalmaq bilmədiyini görürük.

Bu baxımdan inanan insanlar addımlarını somnambul (yuxuda durub gəzən adam) adamlar kimi deyil, uyuni-sahirə (oyaq gözlər) gözlərlə mütəyəqqüz halda atmalıdırlar. Hadisələrin mahiyyətini hərtərəfli ayadınlaşdırmalı, atdıqları hər addımı bir daha yoxlamalı, görülən hər işi təkrar gözdən keçirməli, məsələlərə ayıq-sayıq duyğu və düşüncə ilə yanaşmalıdırlar. Üstəlik onlar sərhəddə keşik çəkən əsgər kimi, daima təyəqqüzdə olmalı, əlini tətikdən çəkməməli, daim mücadiləyə hazır vəziyyətdə gözləməlidilər.

Müvəffəqiyyətlər və təyəqqüz

Digər tərəfdən Cənabi-Allah ilahi rizanı qazanmaq niyyəti ilə bəşəriyyətin gözəl gələcəyi naminə çalışıb-çabalayan insanlara haqq-həqiqəti dünyanın hər tərəfinə çatdırmaq imkan və fürsəti bəxş etmişdir. Bu cür məsələdə təyəqqüzdə, ayıq-sayıq olmasaq, qəflətə dalıb Zati-Üluhiyyətdən gələn uğurları özümüzə aid edə bilərik. Halbuki biz sadəcə iradələrimizi ortaya qoymağa çalışırıq. Edən Odur, eləyən Odur, qışda bahar yaradan Odur və bizi bu gözəlliklərə sövq edən yenə Odur. Bu baxımdan “Biz etdik, biz elədik” kimi düşüncələr ağlımızın ucundan belə keçməməli, hər bir gözəlliyi Cənabi-Allahın lütfü bilməli və şükür olaraq neməti həqiqi sahibinə aid etməliyik. Əslində bu cür təmkinli yanaşma nemətin çoxalmasına da vəsilə olur. Çünki Cənabi-Allah “Əgər şükür edərsənizsə, Mən də (nemətlərimi) artıraram”, - buyurur (“İbrahim” surəsi, 14/7).

Üstəlik, məfkurə yoldaşlarımızı mübaliğəli tərif və ünvanlara layiq görməkdən də mümkün qədər uzaq olmalıyıq. Həzrət Pirin sözləri ilə desək, insanlar onlara hüsnü-zənn hissi ilə aid edilən məqamların arzusuna düşə bilərlər. Beləliklə, özünüz də bilmədən öz əlinizlə öz qardaşınızın boynunu qırmış olarsınız (Emirdağ Lâhikası-1, s.56, 67).

Hüsnü-zənn bəslədiyiniz insanlar haqqında mədh-səna dolu sözlər işlətməklə sizə yaxın olan, sizinlə eyni yolda gedən insanları rəqabətə və qısqanclığa sövq edə bilərsiniz. Hətta sevdiyiniz insanı öydükcə onların qısqanclığını artırmış olarsınız. Bu da o sevdiyiniz şəxsə pislik etmək deməkdir. Bu baxımdan sevdiyimiz insanları öymək, yerə-göyə sığdırmamaq əvəzinə onlara çox sədaqətli və vəfalı olmağa çalışmalıyıq. “Filankəs övliyadır, filankəs əsfiyadır” və s. demək əvəzinə “Allahım! Bizə bu qardaşlarımıza həmişə sədəqətli olmağa nəsib et!” deyə dua etməliyik.

Əgər bir insanı səmimi qəlbdən sevir, adı çəkiləndə gözünüz yaşarırsa, sevginizi onun Quran və Sünnəyə söykənən idealını həyata keçirməyə çalışaraq ortaya qoymalısınız. O insanı ona-buna tərifləməklə kimlərinsə ona qarşı kin və nifrətini körükləmiş və nəticə etibarilə pislik etmiş olarsınız. Məhəbbət bəslədiyimiz, hörmət etdiyimiz böyüklər haqda hislərimizi dilə gətirərkən həssaslıq göstəririk ki, bu da təyəqqüzün başqa növüdür.

Sual: Qəlbi və ruhi aləmlərdə səyahət etmək istəyənlər üçün təyəqqüzün əhəmiyyətini izah edə bilərsiniz?

Cavab: Bəzən haqq yolçusu müəyyən hal və məqamlardan süzülüb gələn bəzi varidat (qəlbə gələn ilahi duyğular) və mövhibələr (ilahi ərməğan), yaxud da ümumiyyətlə yağış kimi yağan təcəllilər qarşısında həddindən artıq ümidə qapılaraq şəthiyata (vəcd zamanı söylənən sözlər) və laubalılığa yol verə bilər. Saliqin imtahan və ibtilası (“bəla” sözündən olub “sınaq”, “imtahan” mənasında işlənir) sayılan bu cür hallarda təmkin və təyəqqüz əsasdır. Allah (cəllə cəlaluhu) bəzən sizə gözlənilməz ərməğanlar bəxş edir, ətəyinizə ləl-cövhərlər tökür. Əgər sizin başınız uşaq kimi ərməğanlara qarışsa və onları Göndərəni unutsanız, imtahandan keçə bilməzsiniz. Bu səbəbdən nemətlərin yağış kimi yağdığı belə vaxtlarda gözlər ancaq Nemətin Sahibini görməli, qəlblər isə şükürlə döyünməlidir. Həzrəti Pirin sözü ilə desək, ərməğanları bizə gətirənə təşəkkür edərkən qəflətə dalıb onu göndərəni unutmamalıyıq (Bax: “Sözlər” səh. 5-6 (“Birinci söz”)). Bəli, qəlbi və ruhi aləmlərə səyahət etmək istəyən insanın bəxş edilən mövhibə və varidatlar qarşısında müvazinətini itirməməsi üçün ciddi təmkin və təyəqqüz anlayışına ehtiyac vardır.

“Rizandan başqa bir şey istəmirəm”

Bu məsələnin haqq yolun yolçularına aid yönü bir az fərqlidir. Çünki onlar – tutduqları yol bunu tələb edir – onsuz da bu cür mənəvi məqamları arzulamırlar. Düzdür, Ustad həzrətləri imani-billahı, mərifətullahı və məhəbbətullahı hədəf göstərdikdən sonra zövqi-ruhaninin/ləzzəti-ruhaninin də adını çəkir (Bax: “Məktubat”, səh. 324, (“İyirminci məktub”, “Müqəddimə”)). Ancaq burada bir məqam var; sadalanan ilk üç məfhum insan iradəsindən asılıdır. Yəni insan bir mənada imani-billaha da, mərifətullaha da, məhəbbətullaha da öz iradəsi ilə nail olur. Başqa sözlə desək, siz imani-billah, mərifətullah və məhəbbətullahı əldə etmək üçün əmrlər aləmində (xilqət aləminə aid qanunlar aləmi) gəzəcək, təşri əmrlərə (şəriət qanunları) riayət edəcək, zikir və təfəkkür edəcək və bu yolda canla-başla çalışacaqsınız... Zövqi-ruhani məsələsinə gəlincə, onu iradi olaraq istəməzlər, ancaq Allah-taala dilərsə, imani-billah və məhəbbətullah yolunu seçənlərə lütf edər. Amma əgər siz yolun başında bunu tələb etsəniz, sırf bundan ötrü imani-billaha, mərifətullaha və məhəbbətullaha nail olmağa çalışsanız, bu istədiyiniz şey əsas mükafatla müqayisədə çox sönük qalar. Çünki Onun rizasına və sevgisinə nail olmaq üçün yerinə yetirilən ibadətlər Allahın dərgahında o qədər dəyərlidir ki, dünyanın heç bir tərəzisi bunu çəkə bilməz. Onunla müqayisədə zövqi-ruhani çox kiçik görünür. Bu baxımdan, iradə ilə əldə edilənlərlə iradədən asılı olmayaraq lütf edilənləri bir-birinə qarışdırmamaq lazımdır. Biz daim iradə ilə əldə edilənin arxasınca düşməliyik və bu yolda iradəmizi ortaya qoymalıyıq. Qeyri-ixtiyari olaraq, istəmədən lütf ediləndə də onu həmd və şükürlə qarşılamalı, minnətdarlıq və şükür hislərimizi dilə gətirməliyik.

Bizim yolumuzda sofilərin duyduqları və hiss etdikləri ilham, kəşf (mənəvi), insanların ürəyindən keçənləri oxuma, hadisələri qabaqcadan sezmə, yuxularda ruhani aləmlərə getmə kimi mənəvi hallar və məqamlar əsas düstur deyil. Çünki bizim yolumuz səhabə yoludur. Səhabələr bəzən nəfsin də qarışdığı bu cür qeyri-adiliklərə meyil göstərməmişlər. Düzdür, bəzi səhabələrin həyatında hadisələri qabaqcadan sezmə və "intaqi-bil-haqq (Allahın dedizdirməsi)" kimi kəramətləri görmək mümkündür. Ancaq onlar heç vaxt bu cür kəramət və mənəvi kəşfləri arzulamamışdır. Onların bir məqsədi var idi, o da ilahi rizanı qazanmaqdı. Nəticə etibarilə, biz də bu yolu tutmalı, bu mehvərdə hərəkət etməliyik. Əgər bizə də istəmədiyimiz halda bəzi mövhibə və varidatlar ərməğan edilsə, “Ey Rəbbim! Deyildir bu mənə layiq bu bəndə / Mənə bu lütf ilə ehsan nədəndir?” düşüncəsi ilə qarşılamalı və istedrac (bir insanın ləyaqəti çatmadığı halda ona çoxlu ilahi nemətlər verilməsi, bu səbəbdən də küfr yolda davam etməsi) olar deyə qorxmalı, hətta qorxudan tir-tir əsməliyik. Ardınca da: “Ey Rəbbim! Mən ancaq Sənin divanən olmaq istəyirəm. Əgər bunları məni ruhlandırmaq, mənən cuşa gətirmək üçün verirsənsə, Sənə minlərlə həmd-səna olsun! Amma mən Sənin rizandan başqa bir şey istəmirəm”, – deməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.