Üç böyük təhlükə

Fəthullah Gülən: Üç böyük təhlükə

Sual: Bəşəriyyətə xidmət yolununun yolçularının “qibtə damarına toxunaraq məfkurə yoldaşlarını, hizmətə mənsubluq mülahizəsi ilə möminləri, parlaq gələcəyə malik görünməklə amansız düşmənləri təhrik etmək” kimi təhlükələrlə üzləşmə ehtimalından bəhs edilir. Bu üç təhlükədən uzaq olmaq üçün hansı xüsuslara diqqətlə yanaşılmalıdır?

Cavab: Qibtə şəriətə görə, mübah və zərərsiz görünsə də, bu, mütləq mənada olmayıb müəyyən meyar və əsaslarla çərçivələnir. Məsələn, insan qardaşının gözəl bir məziyyətini görür, bu səbəbdən ona qibtə edir və həmin məziyyətin özündə də olmasını istəyir. Başlanğıcda bu istək zərərsiz görünür. Ancaq bu insan bir müddət sonra “Niyə ondakı məziyyətdən məndə yoxdur?” deyərək bir mənada taleyindən şikayətlənirsə və qibtə etdiyi insana qarşı ürəyində qısqanclıq və rəqabət hisləri bəsləməyə başlayırsa, artıq o mübah sərhədini keçmiş, zərərli və şübhəli sahəyə addım atmış sayılır. Bu cür qibtə zərərli olduğu kimi, bir insanın söz, hərəkət və davranışları ilə başqa insanları qibtəyə sövq etməsi də zərərlidir və şübhəli sahədə gəzməyə bənzəyir. Halbuki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) “Halallar da, haramlar da açıq-aydın bəllidir. Ancaq hallarla haramlar arasında şübhəli şeylər var ki, insanların əksəriyyəti bunu bilmir. Kim bu şübhəli şeylərdən qaçınsa, dinini və ismətini qorumuş olar” (Buxari, “İman” 39; Müslim, “Müsaqət” 107) buyuraraq şübhəli şeylərdən uzaq durmağı tövsiyə etmişdir. Qibtə hissi də halal və haram arasında qalan şübhəli sahəyə bənzəyir, bu yerdə dayanan bir insan azacıq sola meyillənsə, həsədə və paxıllığa düşə bilər. Bu səbəbdən də bu cür qibtədən və bu hissi oyadan hərəkət və davranışlardan uzaq durmaq lazımdır. Ustad Həzrətləri də “İxlas” risaləsində məfkurə yolçularına bir-birini qibtəyə sövq etməməyi tövsiyə edərək bu məqamı diqqətə çatdırmışdır.

Tənafüs – xeyirxahlıqda yarış

Məsum bir əməl olan tənafüs bir mənada qibtəyə bənzəyir. Tənafüs haqq və həqiqət yolunda yarışmaq, Allahın (cəllə cəlaluhu) adını yüksəklərdə dalğalandırmaq uğrunda məfkurə yoldaşlarından geri qalmamaq niyyətində olmaq və bundan ötrü var-güclə çalışmaq deməkdir. Belə ki, Cənabi-Allah: “Qoy yarışanlar bu Cənnət nemətinə qovuşmaq üçün yarışsınlar!” (“Mutaffifin” surəsi, 83/26) ayeyi-kəriməsi ilə möminləri belə bir yarışa səsləmişdir...

Dünyəvi yarışlarda qalib gələn yalnız bir nəfərdir, yerdə qalanlar isə uduzur, bu səbəbdən uduzanlarda bir inciklik əmələ gəlir. Ancaq axirətə ürəkdən inanan insan Allah rızası üçün tənafüs edərkən: “Dünyanın hər tərəfində Allahın (cəllə cəlaluhu) adını insanlara çatdırmaq üçün cəhd və səy göstərən qardaşlarım, inşallah, axirətdə kövsərin başında gözləyən Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yanına yüyürəcək və Onun əlindən kövsər suyu içəcəklər. Onlardan geri qalmamaq üçün mən də bu yarışda iştirak etməliyəm!” şəklində düşünür. Məğlubu olmayan bu yarış düşüncəsinə tənafüs adını vermək mümkün olduğu kimi, ona qibtənin məsum bir nəticəsi kimi də baxmaq olar.

Əslində bu xeyirxahlıq yarışında – heç nə ummadığı halda – mükafatalandırılan (təqdir, alqış, müəyyən məqamlara gəlmə... kimi) hər bir insan fədakarlıq hissi və başqalarını özündən üstün tutmaq istəyi ilə “Qoy yarışın qalibi başqaları olsun!” deməyi bacarmalıdır. Bildiyiniz kimi, Ustad Həzrətləri idarəçiliklə əlaqədar bu meyarı verir: tabeçiliyi, yəni işçi olmağı məsuliyyətli və xətərli olan vəzifədən, müdirlikdən üstün tutmaq lazımdır. Çünki başa keçmək, rəhbər olmaq insanda nəfsani arzuları oyadıb hərəkətə gətirir, ona görə də insan çox diqqətli və təmkinli olmalıdır. Bu baxımdan ən çox sizin haqqınız çatsa da, yəni ən gözəl nümunə siz olsanız belə, başqasını qabağa çəkməyə və ona tabe olmağa üstünlük verməlisiniz.

O biri aləmlərə uzanan alicənablıq ruhu

Möminin vicdanı o qədər əngin olmalıdır ki, bu dünyada alqışlanmaqdan, təqdir edilməkdən, barmaqla göstərilmək arzusundan keçməklə yanaşı, hətta axirət yurdunda nemətlərdən faydalanma məsələsində alicənablıq göstərib məfkurə yoldaşlarını özündən üstün tutmalıdır. Belə ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində Cənnət qapısında gözləyən alimlərlə varlıların bir-birinə yol verməyə can atacaqlarını xəbər edir. Nə bilmək olar, bəlkə də, bu fədakarlıq və alicənablıqda Cənnətə xas zövq və həzz var. Bəli, bəlkə də, camaatın imamı başa keçirib arxasında namaza durması kimi, insanın geri çəkilib başqalarına yol verməyində elə bir ruhani zövq var ki, imamlıq onun yanında çox kiçik görünür.

Əslində, isar ruhunu, yəni başqalarını öz nəfsindən üstün tutma anlayışını yalnız bir sahəyə aid etməmək lazımdır. Bəli, isar anlayışını təkcə yemək, içmək, geyinmək məsələlərinə aid etsəniz, çox geniş olan fədakarlıq düşüncəsini daraldar və ruhunu öldürərsiniz. Halbuki siz “Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var; millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam” (Bədiüzzaman, “Tarixçeyi-həyat” səh.216 (təhlillər)) deyib mərd və mətin dayanmalı, qurtuluşunuzu insanların nicatında görməli və beləcə, bu qısa həyatı başqalarına həsr edərək dəyərləndirməyə və qiymətləndirməyə çalışmalısınız. Belə ki, bataqlıqdan çəkib çıxardığınız, qurtuluşuna vəsilə olduğunuz min nəfər insanla axirətdə Cənnətin qapısında qarşılaşanda mərdlik göstərib, “Ya Rəbbim! Nemətin şükrünü əda etdimmi, əməldə ixlaslı oldummu, bilmirəm. İzin ver, əvvəlcə bu qardaşlarım Cənnətə girsinlər” deməyi bacarmalısınız. Yəni həm bu dünyada, həm də axirətdə öz üstünüzdən bir xətt çəkməli və daim başqalarını düşünməlisiniz.

Mənsubluq mülahizəsi və ya camaat ənaniyyəti (eqosu)

Gələk mənsubluq mülahizəsinə. Bu anlayışın mənbəyi insanın nəfsi və ənaniyyətidir. Özünü göstərməyə, nümayiş etdirməyə çalışan bəzi insanlara fərdi ənaniyyət kifayət etmir, buna görə də, bir camaata qoşularaq və onun gücünə arxalanaraq özlərini daha güclü göstərməyə çalışırlar. Belələri qoşulduqları camaat, hərəkat və ya cərəyanın gücünü öz propoqandasına alət edir, arxalandıqları camaatla ənaniyyətini daha da gücləndirir, fərqli hərəkət və davranışlarla özünü nümayiş etdirməyə çalışır və beləcə fərdi ənaniyyətdən daha güclü bir ənaniyyətlə nəfsin və şeytanın əsarətinə düşürlər.

Bəzi şəxslər təvazokarlıq və məhviyyət pərdəsi arxasında əsl niyyətini nə qədər gizlətməyə çalışsa da, insan fitrətən az-çox ənaniyyətli (eqoist) insanları sezir. Bu baxımdan ənaniyyət (eqoizm) bir tərəfdən adamın etibarını yerlə-yeksan edir, bir tərəfdən də həqir görülüb təcrid edilməsinə səbəb olur. Beləcə yaxın dairədən tut uzaq dairəyə qədər camaat ənaniyyəti, daha doğrusu, mənsubluq mülahizəsi ilə hərəkət edən insanlar başqa camaat və hərəkat mənsublarını ya qibtəyə sövq edir, ya da həsədə. Təəssüf ki, bu gün hər iki hala da rast gəlmək mümkündür.

Xüsusən də, bəzi nailiyyətlər əldə edən hər hansı hərəkata mənsub insanların özləri haqda yüksək fikirdə olmaları, gözəl olan hər şeyi öz adlarına çıxmaları, tanınmaq istəmələri və üstəlik başqalarının əməyini görməzliyə vurmaları sözügedən hərəkat və ya cərəyanın əleyhinə düşmən cəbhənin formalaşmasına zəmin hazırlayır. Çünki cəmiyyətin müxtəlif kəsimlərində, başqa camaat və hərəkatlarda elə səmimi, elə ağıllı, elə çalışqan müsəlmanlar var ki, ilk gündən bəri haqq və həqiqəti təbliğ etmək üçün çırpınmalarına baxmayaraq başqalarının əldə etdiyi nailiyyətlərinin yüzdə birinə belə nail ola bilməyiblər. Bu səbəbdən də belə insanlar müəyyən nailiyyətlər əldə edən bir hərəkat mənsublarının hər yerdə özlərindən danışmalarından narahat olarlar. Bu baxımdan müəyyən nailiyyətlər qazanan bir hərəkatın mənsubları fərqli yollarla Allahın rizasını qazanmağa çalışan insanlarda mənfi hisləri körükləməmək üçün fövqəladə təmkinli və tədbirli olmalı, həyata keçirilən fəaliyyətləri mümkün qədər geniş kütlələrin əməyinin nəticəsi kimi çatdırmağa çalışmalıdırlar.

Məsələn, bu məfkurə yolçuları xeyirxah fəaliyyətlərinə görə başqa camaatlara mənsub olan insaflı və qədirbilən insanlardan təqdir eşidəndə belə: “Əslində bütün bu gözəlliklər sizin xəyallarınız idi. İllərlə bu xəyalın nəğmələrini söylədiniz, dastanlar qoşdunuz və cidd-cəhdlə çalışdınız. Bu fəaliyyətləri ilk dəfə başladan da siz olmusunuz. Ancaq taleyin hökmünə bax ki, bir mərhələdən sonra bəzi qardaşlarımız önə çıxdı və Allah (cəllə cəlaluhu) sizin əməyinizlə başlanan bu məfkurəni onların vasitəsilə həyata keçirdi” deməlidirlər.

İnsafı və vicdanı olan hər insan bunu qəbul edir ki, bu ölkədə xalqın dirçəliş və ehyasında bütün camaat, hərəkat və cərəyanların böyük əməyi olmuşdur. Onlardan bəziləri ölkəni başdan-başa Quran kursları ilə bəzəmişdir. Bəli, onlar Quranın təlim edilmədiyi bir dövrdə kənd-kənd, vilayət-vilayət gəzib insanlara Quran öyrətməyə çalışmışıdılar. Bəziləri imkan daxilində hər yerdə imam-xətib məktəbləri açaraq cavanlara arxa çıxmışdır. Bəziləri də İslam institutları, ilahiyyat fakultələri, kurslar və s. açaraq xalqa xidmət etməyə çalışdılar. O halda bu gün ölkədə müəyyən dərəcədə mənəvi dirçəliş varsa, bu, saydığımız və ya saymadığımız camaat, hərəkat və ya cərəyanların əməyi sayəsində həyata keçmişdir.

Zənnimcə, siz məsələyə bu üslubla yanaşsanız, heç bir insaflı adam əməyinin qiymətləndirilmədiyini, biganəlik gördüyünü, unudulduğunu düşünməz və beləcə, sui-zənn, hasəd və qısqanclıq kimi günahlardan uzaq olar.

Düşmənçilik hislərini körükləyən şübhə və əndişələr

Bu gün iman və Quran yolunda bəsirətlə (uzaqgörənliklə) xidmət etməyə çalışan hər bir fərd təkcə dost kəsimə deyil, sırf eyni duyğu və düşüncədə olmadığına görə ona düşmənçilik edən insanlara qarşı da alicənab davranmalıdır ki, onlardakı şübhə və əndişə hissi aradan qalxsın.

Həzrəti Pir bu məsələ ilə əlaqədar Hafiz Şirazinin bu sözlərini nəql edir: “İki cahanın səadətini iki hərf təfsir edər və qazandırar: dostlara qarşı mürüvvətli davranış və düşmənlərlə sülhkəranə rəftar” (Bədiüzzaman, “Məktubat” səh. 390, İyirminci məktub, ikinci məbhəs). Əgər özümüzü mömin sayırıqsa və bizim əsas prinsiplərimizdən biri də şəfqətdirsə, demək, hər kəsə mərhəmət göstərməli və mülayim olmalıyıq. Üstəlik gələcəyə dair narahatlıq və əndişəsi olan insanların şübhələrini aradan qaldırmaq üçün gələcəklə əlaqədar heç bir gizli planımızın olmadığını və ilahi rizadan qeyri heç bir məqsədə qulluq etmədiyimizi imkan düşdükcə dilə gətirməliyik. Belə ki, bu həqiqəti gur səslə və aydın dillə təkrar-təkrar hayqırmalıyıq:

Bizim filan ölkənin, filan vilayətin idarəçiliyinə göz dikmək bir yana, heç kiçik bir kəndin muxtarlığını əldə etmək niyyətimiz də yoxdur. Bizim bircə məqsədimiz var, o da Allah Rəsulunun adını dünyanın hər tərəfinə yaymaq, əşrəfi-məxluqat olaraq yaradılan insanların Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) fəzilətlərinə yiyələnməsinə vəsilə olmaq və Allahın adını könüllərə çatdırıb orada bayraq kimi dalğalandırmaqdır. Biz bundan başqa bütün düşüncələri bir kənara atmışıq. Dünyaya gözünün ucu ilə də baxmayan və “Mənə səni qəbul edən deyiləm!” (Beyhaqi, “Şüabül-iman”, 7/343, 345; Hakim, “əl-Müstədrək” 4/344) deyən Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) ümməti olaraq biz də dünya səltənəti ayağımıza qədər gəlsə belə, onu bir kənara itələyərik. Çünki biz bu yalan və fani dünyanın cazibədar gözəlliklərindən daha qiymətli olan Allahın rizasını diləyirik. Bugünədək müxtəlif mədəniyyətələrdə və coğrafiyalarda bəzi insanların şübhələndikləri məqam-mənsəb kimi şeylərə dair zərrə qədər əlamətə rast gəlinməməsi də bu düşüncəmizi təsdiq edir.

Ancaq həqiqət belə olsa, yenə də hər fürsətdə bu səmimi düşüncələri vurğulamaq lazımdır. Əgər səs çıxarmasanız və bu məsələlər haqqında fikir bildirməsəniz, pis niyyəti olmayan çox səmimi insanlar belə təhsil və dialoq fəaliyyətlərinin inkişaf etdiyini və böyüdüyünü görərək yanlış fikirlərə və əndişəyə düşə bilər. Nəinki sizə uzaq olanlar, namazda sağ-solunuzda dayananlar belə sizin haqqınızda yanlış düşüncələrə qapılırsa, daxili aləminizi, ilahi rizaya dair düşüncələrinizi bilmədiklərinə görə sizə düşmənçilik edənlərin nə qədər narahat olduğunu özünüz təxmin edin. Bu baxımdan yeddi yaşlı uşaqdan yetmiş yaşlı qocayadək hər kəs dünya səltənətində və bu səltənətin imkanlarında gözü olmadığını tez-tez dilə gətirməlidir, dünyadan daha dəyərli bir şeyi olmayan və həyatını sırf dünyaya həsr edən insanları dünyəvi imkanları itirmə əndişəsinə sövq etməməli, buna səbəb olan söz və davranışlardan uzaq durmalıdırlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.