Vasitəpərəstlik fəlakəti və Haqqın xoşnudluğu

Sual: Möminlərin qəlb və zehin (ağıl) dünyasını təhdid edən beş böyük fəlakət sadalanır: "mənqibələrlə kifayətlənərək keçmişlə ovunma, sələfi (ata-babaları, böyükləri) tənqid etmə, "ülfət və ünsiyət"ə (dəyərli şeylərin insan gözündə adiləşməsi) məğlub olma, istişarəsiz (məsləhətləşmədən) hərəkət etmə". Bu xüsuslar sadalandıqdan sonra beşinci böyük fəlakət – vasitələri, vəsilələri qayəyə çevirmə məsələsindən danışılır. Vasitələri məqsədə çevirmə, xüsusilə, bugünki şəraitdə imana və Qurana xidmət etməyə çalışanlar üçün nə qədər təhlükəlidir? İzah edə bilərsinizmi?

Cavab: Vasitə məqsədlə həmhüdud olsa da, vasitə və məqsəd bir-birindən tamamilə fərqli məfhum və anlayışlardır. Bu fərqliliyi anlamaq, vasitə və məqsədi düzgün dəyərləndirmək üçün dəstəmazla namazın  fərqinə bir nəzər yetirək. Məlum olduğu kimi, namaz qılmaq niyyəti ilə aldığımız dəstəmaz yalnız vasitədir. Lakin fərzə vasitə olduğundan o da bir mənada fərzdir və çox əhəmiyyətlidir. Hətta dəstəmazdan əvvəl edilən təharət, təmizlik və istibra kimi bəzi hazırlıqlar da dəstəmazın tamamlanması üçün vasitədir. Ancaq bütün bunlar vasitə də olsa, mühüm bir ibadəti yerinə yetirməyə hazırlıq olduğundan hər biri ayrılıqda  savab mənbəyidir. Yəni dəstəmaz niyyəti ilə ayaqyoluna gedən möminin bu andan təmizlənmək üçün atdığı addımların (istibra etməsi və s.) hər biri Allahın izni və inayəti ilə ona ibadət savabı qazandırar.

Bu saydıqlarımız vasitədir və insan bu vasitələrə ilişib qalsa, hədəf və məqsədlə qazanılan mükafatı heç vaxt əldə edə bilməz. Məsələn, bir insan namaz üçün deyil, ibadət niyyəti ilə dəstəmaz alarsa, yalnız mücərrəd dəstəmaz ibadətinin savabını qazanar. Zənnimcə, belə insan bu dəstəmazla namaz niyyəti ilə aldığı dəstəmaz savabının onda birini də əldə edə bilməz. Çünki vasitə hansı məqsədə xidmət edirsə, o məqsədə görə qiymətlidir, məqsədin böyüklüyü vasitəni də böyüdür və nəticədə, dəstəmaz misalında olduğu kimi, fərzə vəsilə, vasitə olan əməl özü fərz olmasa da, insana fərz savabı qazandırar.

Bu günün şərtləri və xoşgörü

Əslində hazırkı dövrdə həyata keçirilən bütün fəaliyyətləri, haqq-həqiqət yolunda cəhd və səyləri vasitə və məqsəd fərqi baxımından belə dəyərləndirə bilərik. Məsələn, indiki dövrdə mətbuat və rabitə imkanları olduqca inkişaf edib, yer kürəsi kiçilib, məsafələr qısalıb, beynəlxalq təmaslar artıb, dünya, sanki kiçik bir kəndə, qəsəbəyə çevrilib. Əgər biz ruhumuzun ilhamlarını, inancımızın gözəlliklərini anlayışlı insanlara da duyurmaq, çatdırmaq istəyiriksə, dövrün bu imkanlarını nəzərə almalıyıq. Bu isə fəaliyyətlərin xoşgörü çərçivəsində, fərqliliklərə dözüm anlayışı içərisində aparılmasını zəruri edir. Hərçənd hazırda "bəzi mənfi mənaları xatırladır" düşüncəsi ilə "xoşgörü" sözünün işlədilməməsinə meyil edirlər. Çünki "xoşgörü" sanki, "kiminsə xoşagəlməz hərəkət və davranışları var və onun bu davranışları xoş görülməyə çalışılır" şəklində başa düşülür. Həmçinin "Başqaları nə halda olur-olsun, mən onları xoş görürəm" kimi mülahizədə isə azca xudbinlik, iddia və eqoizm var. Bu səbəblə bu məfhum əvəzinə "Hansı düşüncədə olur-olsun qarşılıqlı münasibət quraraq razılığa gəlmək" mənasında olan "dialoq" sözü üstün tutuldu.

Mövqeyə hörmət

Ancaq deyə bilərik ki, "mövqeyə hörmət" dialoqdan da dərin məna ehtiva edir. Bəli, "mövqeyə hörmət"lə yuxarıda dilə gətirilən risk və əndişəni aradan qaldırmaq olar. Çünki "mövqeyə hörmət"də hansı din, hansı anlayışdan olur-olsun əvvəla qarşı tərəfin insan olması və insan olduğu üçün də hörmətə layiq olması anlayışı vardır. Bəli, inancımıza görə, Cənabi-Haqq hər insanın mahiyyətinə bəzi yaxşılıq nüvələri, çəyirdkləri qoymuşdur. Bu cəhətdən hər insan potensial olaraq Cənabi-Haqqın adına and içdiyi şərəfli məxluqdur. Allah-Təala Qurani-Kərimdə: " وَلَقَدْ كَرَّمْنَا بَنِى اٰدَمَ – And olsun ki biz, insanı çox şərəfli yaratdıq" ("İsra" surəsi, 17/70) buyurur. Başqa bir ayədə isə " لَقَدْ خَلَقْنَا الإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيم– Biz insanı ən gözəl biçimdə (əhsəni-təqvimdə) yaratdıq!" deyilir ("Tin" surəsi, 95/4). Diqqət edin, ayələrdə şərəfli və gözəl biçimdə (əhsəni-təqvim) yaradıldığı ifadə edilən və adına and içilən varlıq "mömin" deyil, "insan"dır. Deməli, hər insan potensial olaraq bu şərəf və dəyərə malikdir.

Bu ayələrə istinadən biz "mövqeyə hörmət" deyəndə əvvəla bəşəriyyətə və insani dəyərlərə hörməti başa düşürük. Həmçinin, mövqeyə hörmət eyni zamanda inanca hörməti də ehtiva edir. Çünki bir insanı doğru qəbul etdiyi, doğruluğuna inandığı dəyərdən ayıra bilməzsiniz. O halda əgər siz bir insanın inanıb mənimsədiyi dəyərlərə hörmət göstərmir, hörmət etmirsinizsə, deməli, o insana da, o insanın insanlığına da hörmət etmirsiniz.

Xülasə olaraq, bunu rahatlıqla deyə bilərik: Siz müxatəbinizi təhqir etsəniz, onda olan təhqir duyğusunu (özünüzə qarşı) oyadarsınız, əksinə müxatəbinizin mövqeyinə hörmət göstərsəniz, onda olan ehtiram hissini (özünüzə qarşı) hərəkətə gətirmiş olarsınız.

Bu məqam Qurani-Kərimdə belə bəyan edilir: " وَلاَ تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللهِ فَيَسُبُّوا اللهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ – Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər" ("Ənam" surəsi, 6/108).

Gördüyünüz kimi İlahi Kəlam – Quran açıq şəkildə insanların ilah deyib əl açdıqları, yalvarıb-yaxardıqları ikona və bütlərə belə səbb etməməyi əmr edir. "Səbb etmək" sözünün dilimizdə ilk ağıla gələn mənası "təhqir etmək, söymək"dir. Lakin bu söz xoşagəlməz, yersiz, nalayiq söz, hörmətsizlik etmək mənalarını da verir. Buna görə də, mömin olaraq istər səmavi din, istər də din şəklində ortaya çıxan təşkilat mənsublarına nalayiq və xoşagəlməz söz deməyimiz, onlara qarşı hörmətsizlik etməyimiz qeyri-mümkündür. İstəsəniz, insanın mövqe və dəyərini anlamaq üçün Hz. Adəmin mələklərə qiblənüma (istiqamət verici, örnək) olmasını da göstərə bilərsiniz. Bu ilahi təqdirdən də başa düşürük ki, insan Allahın mükəmməl, mümtaz və abidə bir varlığıdır.

Bütün bu mülahizələrə istinadən insana hörmət duyğusunu öz içimizdə daim inkişaf etdirməyə və gücləndirməyə çalışmalıyıq. Çünki "mövqeyə hörmət" məsələsini mənimsəməmişiksə, oruc tutmaq istədiyi halda vərdiş etmədiyi üçün Ramazanın ilk günlərində iftar vaxtı gəlməmiş orucunu pozan insanın vəziyyətinə düşər və xəta etməkdən qurtula bilmərik. Bəli, "mövqeyə hörmət" anlayışını mənimsəməli və onu təbii bir ehtiyac kimi duymalıyıq ki, bizi sıxan hadisələr qarşısında səhv etməyək, əks-reaksiya verməyək, qarşı tərəflə münasibtdə təhqiramiz davranışlara yol verməyək və daim qəlb qapılarımızın hər kəsin üzünə açıq olduğunu göstərə bilək.

Dinimizin əmri bu istiqamətdədirsə, qənaətimcə, müxatəbimiz satanist və ya zərdüşt belə olsa, onların şeytana tapınma, zülməti həqiqi güc sahibi görmə kimi təsdiqi qeyri-mümkün olan düşüncələrini kəskin şəkildə dilə gətirmək doğru deyil və bu, bir üslub xətasıdır. Hz. Pir hesab edir ki, xristianlarla ruhani rəhbərləri arasında mübahisəyə səbəb olan məsələlərdən bəhs etməməliyik. Məsələn, söhbətinizə teslis (Üçlük inancı – Allah, İsa, Məryəm) inancı ilə başlasanız, elə söhbətin başında müxatəbinizi özünüzdən uzaqlaşdırar, onunla bir çox həqiqəti, gözəlliyi bölüşmə imkanı varkən eşidilmək və söz demək haqqından məhrum olar və hətta mübahisə və münaqişəyə də səbəb olarsınız. Halbuki dialoq naminə həyata keçirilən bir fəaliyyəti mübahisə meydanına çevirsəniz, İslamı müdafiə təəssübkeşliyi ilə onların inandığı dəyərləri təhqir etsəniz, heç fərqinə varmadan müsəlmanlığa xəyanət etmiş, yəni onların da İslamiyyətə və Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) dil uzatmasına, Qurana hücuma keçməsinə şərait hazırlamış olarsınız. Bunun əvəzinə siz onların həyat fəlsəfəsi və dünyagörüşünə hörmətlə yanaşsanız, onlar da sizə qarşı hörmət çərçivəsində hərəkət etmə yolunu seçərlər. Bir daha ifadə edək ki, insanlara inandığınız, mənimsədiyiniz doğrular, həqiqətlər haqqında bir şey danışmaq, aşılamaq istəyirsinizsə, bunu müxatəbinizə üz çevirdiyiniz zamanda və şəraitdə deyil, onunlar üz-üzə və yaxın olduğunuz zaman həyata keçirə bilərsiniz. Buna görə də üslubunuzu elə tənzimləməli, fikirlərinizi elə çatdırmalısınız ki, müxatəbinizin üz çevirməsinə zərrə qədər də fürsət olmasın.

Qəlbin ibrəsi və Rizayi-İlahi

Məqsəd-vasitə fərqini izah edərkən vurğulamaq istədiyimiz əsas düşüncə budur: Adı istər xoşgörü, istər dialoq, istər də mövqeyə hörmət olsun, bunların hamısı vasitədir, əsl məqsəd isə Allahın rizası və Onun xoşnudluğudur. Bir az da açıqlasaq, bizim bu vasitələrlə məqsədimiz bir neçə əsrdən bəri səhv anlaşılan, yanlış tanıdılan İslamın düzgün anlaşılmasını təmin etməkdir. Yəni bu dinin sülh və əmin-amanlıq əsaslı, bəşəriyyətə əmniyət, güvən və dostluq dinamizminə malik bir din olduğunu könüllərə duyura bilməkdir. Dolayısilə, məqsəd bu dində heç kim ağlına gəldiyi kimi müharibə elan edə, anarxiya və terroru mübarizə vasitəsi saya, canlı bombalarla günahsız insanları öldürə bilməyəcəyini, xülasə, həqiqi müsəlmanlığın terror və anarxiyadan çox uzaq olduğunu ifadə edə bilməkdir. Əgər müxtəlif vasitələri dəyərləndirərək İslamın həqiqi simasını, əsl mahiyyətini insanlara çatdıra, aşılaya bilsək, bu dinimiz və bəşəri sülh üçün az qazanc olmayacaq. Yoxsa açılan müəssisələr, kurslar, mədəniyyət ocaqları, keçirilən seminar, toplantı və konfransların hamısı bir vasitədir. Əgər biz bu fəaliyyətlərlə böyük işlər gördüyümüz zənninə qapılar; insanların təqdir, təvəccöh və alqışlarına bel bağlayar, özümüzü ifadə və xudbin arzularımızı tətmin etmə kimi bəzi həvəslər arxasınca gedərsək, demək ki, çox şey itirmiş, əsas məqsədimizi də unutmuşuq. Bu isə az getmiş, uz getmiş, dərə, təpə düz getmiş, ancaq bir addım yol gedə bilməmiş və yol yorğunluğundan başqa heç nə qazanmamış insanın halına bənzəyir. Halbuki bütün bu səylərlə əldə olan imkanların zərrəsini də hədər etmədən insanları mərhəmətə çağırmalı, insanlar arasında uzlaşma təmin etməli, qardaşlıq və barış körpüləri qurmağa çalışılmalı, xülasə doğru bildiyimiz dəyər və gözəllikləri saf niyyət və təmiz qəlblə bəşəriyyətə təqdim etməliyik; təqdim etməli və bütün bu fəaliyyətlədə də qəlbimizin ibrəsi daim Cənabi-Haqqın xoşnudluğunu göstərməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.