“Vəfatımla problemlər həllini tapacaqsa, min kərə ölməyə razıyam!”

Vəfatımla problemlər həllini tapacaqsa, min kərə ölməyə razıyam!

Uzun müddətdir, ABŞ-da könüllü sürgün həyatı yaşayırsınız. Bunun səbəbi nədir?

Səhhətimlə əlaqədar buranı daha münasib görürəm. Bəzi dairələrin Türkiyəyə qayıtmağımı bəhanə edərək onsuz da gərgin olan ab-havanı daha da gərginləşdirməsindən ehtiyat edirəm. “28 Fevral” postmodern çevrilişi dönəmində KİV-in iftira və qaralama kampaniyasından sonra ordu nəzarətində olan məhkəmə tərəfindən haqsızlığa məruz qaldım. Məhkəmədə bu iddiaların əsassız olduğu ortaya çıxdı. Təəssüf ki, bu gün də KİV-də min bir böhtan ataraq məni qaralamağa çalışırlar. Belə bir şəraitdə həkimlərin məsləhəti ilə burada qalıram.

Türkiyədəki problemlərin vəfatımla həll olacağını bilsəm, gündə min dəfə ölməyə razıyam. Türkiyədə sülh və əmin-amanlığı istəməyənlərin əlinə fürsət verməmək üçün vətən həsrətini içimə gömüb burada qalıram.

Türkiyəni yaxından izləyirsiniz. Türkiyənin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

Bəzi media orqanlarının yaydığı yalan xəbərlər cəmiyyəti qütbləşdirdirir. Müəyyən vəzifələrdə oturan şəxslər sözlərinə diqqət etməlidirlər. Türkiyə əvvəllər ağır günlər keçirib. Gənclər küçə-meydanda bir-birinə düşmən kimi hücum çəkirdilər. Bir-birini yaralayır, öldürürlər... Fərqli siyasi görüşə mənsub qruplar bir-birinə düşmən kəsilmişdi. Sağçı, solçu, Türk, Kürd, ələvi, sünni, dindar, qeyri-dindar – bir-birinə düşman edilmişdi.

Son illərdə əldə edilən demokratik nailiyyətləri itirməmək üçün, asayiş və əmin-amanlığı qorumaq üçün ölkənin rəhbərlərinə böyük məsuliyyət düşür. Ancaq bunu nə qədər dərk edirlər, orasını bilmirəm. Bu hadisələrin öhdəsindən gələcəyimizə dair ümidimi heç vaxt itirməmişəm, hər şeyin öz vaxtı-vədəsi var. Bizim vəzifəmiz dua etmək, Rəbbimizə əl açıb yalvarmaq və xalqın arasına nifaq salan hərəkətlərdən uzaq durmaqdır. Yunus Əmrənin sözü ilə desək, döyənə əl qaldırmamaq, söyənə cavab qaytarmamaq, kimsədən inciməmək.

Son vaxtlar Baş Nazir Rəcəb Tayyib Ərdoğan bəzən ad çəkmədən, bəzən də birbaşa sizi hədəfə qoydu. Xüsusilə məhkəmə və polisin əleyhinə işləyən “bir təşkilat tərəfindən qurulmuş qorxunc imperatorluq”dan bəhs etdi. Ankarada Türk səfirlərinin qarşısında çıxış edib bu təşkilata dəstək verənləri 17 Dekabrda keçirilən əməliyyatla birlikdə çevriliş təşəbbüsünü gizləməkdə ittiham elədi. Baş Nazirə görə hədəfə qoyulan “bir partiya, bir hökümət deyil, bütöv bir ölkə, ölkənin milli maraqları, ölkənin qurumları və aparılan milli siyasətdir, bir sözlə, Türkiyədir”. Ərdoğan hətta: “Bu cəhdlər xəyanətdən başqa bir şey deyil”, – dedi. Siz bu haqda nə düşünürsünüz?

Düzü, bu cür çıxışları mən də anlamaqda çətinlik çəkirəm. Hər kəsə məlumdur ki, Cənab Baş Nazir də daxil olmaqla, dövlət rəsmiləri bu Hərəkatın fəaliyyətlərini həmişə təqdir etmişlər. İndiyədək Hərəkatı təqdir edən,indi isə səbəbsiz yerə əleyhinə çıxan, əsassız iddialarla ittiham edən hökümət əslində öz-özünü təkzib etməkdədir. Görünür, diqqəti “yolsuzluq”dan yayındırıb hadisələri “siyasi güc uğrunda mübarizə” kimi təqdim etmək kimlərəsə sərf eləyir. Məsələni hüquqi zəmindən siyasi müstəviyə çəkmək istəyirlər. Ancaq təqsirləndirilən şəxs günahı və ya günhasızlığı sübut olunanadək təqsirsiz sayılsa da, avam da, alim də bilir ki, ortada bir “yosuzluq” var. KİV-də çıxan faktlar, istefa edən nazirlərin və millət vəkillərinin sözləri bunu göstərir.

Demokratik dövlətlərdə də bu cür “yolsuzluq” hadisələrinə rast gəlmək olur, ancaq heç birində bu cür hallar çevrilişə cəhd və ya xəyanət kimi təqdim edilmir. Məhkəmə təqsirkarların – varsa – cəzasını müəyyənləşdirir, hökümət isə yoluna davam edir. İndiki Türkiyə bir az da təkpartiyalı sistemlərə və ya diktatura rejiminə bənzəyir. Aparılan istintaqın dəlil-sübutsuz çevrilişə cəhd kimi qələmə verilməsini ancaq parannoya ilə izah etmək olar.

Hərəkatın əsl məqsədini açıqlaya bilərsiniz? İctimai, dini, siyasi tələbləriniz nələrdir? Və hazırkı siyasi böhrandan çıxış yolu tapmaq üçün nə təklif edərdiniz?

Dostlarımız əsas problemin insanda olduğunu nəzərə alaraq təhsil fəaliyyətlərinə üstünlük verdilər. Yataqxanalar, məktəblər, hazırlıq kursları, dərs hazırlama salonları açdılar, təhsil fəaliyyətinə yönəldilər. Digər ölkələrin xalqları və idarəçiləri də onlara qucaq açdılar. Bununla yanaşı, humanitar yardım, səhiyyə və dialoq kimi sahələrdə də ciddi fəaliyyətlərə imza atdılar.

Bütün bu fəaliyyətlərin əsas məqsədi hər kəsin bir-birinə ehtiram göstərdiyi, hər kəsin bir-birinin dünyagörüşünə hörmət etdiyi, sülh və əmin-amanlığın bərqərar olduğu bir dünya qurmaqdır. Bu işdə Allahın rizası olduğuna inanırıq. Bundan başqa bir məqsədimiz yoxdur. Siyasətlə əlaqəmiz yalnız müəyyən dəyərlər çəçivəsində səsvermə hüququndan istifadə etməkdən ibarətdir. İndiyədək yolumuz hər hansı siyasi partiyanın istiqaməti ilə tam-üst-üstə düşməyib. Məlum əməliyyata gəlincə, yuxarıda da qeyd etdiyim kimi, məhkəmənin qərarınadak təqsirləndirilən şəxs günahsız sayılsa da, ortada “yosuzluq” istintaqı var. Dövlət var gücü ilə öz vəzifəsini yerinə yetirməkdən başqa bir iş görməyən hakim və hüquq-mühafizə orqanlarına təzyiq göstərir. Həmçinin, KİV vasitəsi ilə böyük bir Hərəkatı qaralamağa çalışırlar. Bəzilərinin dediyi kimi, məhkəmə sistemini hökümətin tabeçiliyinə vermək istəyirlər. Hər halda bu böhrandan çıxış yolu hüquqa, qanuna və AB kriterilərinə müvafiq olaraq demokratik prsinsiplərə riayət etməkdir.

İllərlə Hərəkat ordunun hegemonluğuna son qoymaq da daxil olmaqla bir çox məsələlərdə AKP ilə müttəfiq kimi görünürdü. Bəs niyə indi Baş Nazir kursların, məktəblərin fəaliyyətini dayandırmaq istəyir?

Hal-hazırda hakimiyyətdə olanlara da, əvvəlki siyasi partiyalara da müəyyən prinsiplər çərçivəsində dəstək verilmişdir. Dəstəyimiz isə sadəcə səs verməkdən ibarət olub. Əgər bu, ittifaqdırsa, bəli, belə bir müttəfiqlik vardı, amma bizim heç vaxt siyasi bir məqsədimiz olmamışdır. Yanlış hesab etdiyimiz hər bir şeyə etirazımızı bildirmişik. Bizim mövqeyimiz dəyişməyib. Ona görə də bu sualı Baş Nazirə vermək lazımdır.

Ankaranın AB-yə inteqrasiyasının yavaşladığını görürük. Bu məsələyə münasibətiniz necədir?

Türkiyənin AB üzvlüyü dövlət siyasətinə çevrilmiş, xalqın rəyini almış bir məsələdir. Biz də buna dəstək vermişik. AB-yə üzvlüyün hər iki tərəf üçün faydalı olduğunu neçə il əvvəl dilə gətirmişdim. Bizim mövqeyimiz dəyişməyib.

1998-ci ildə Vatikanda II İohann Pavellə görüşmüsünüz. Vatikanda başqa görüşləriniz olubmu? Fransiskin papa seçilməsini və planlaşdırdığı islahatları necə qitmətləndirirsiniz?

Dialoq insanların bir araya gəlməsi və nəticə etibarilə yanlış fikir və düşüncələrin aradan qaldırması üçün bir vasitədir. Papa Fransisklə görüşümüz olmayıb, ancaq onun dialoqa müsbət baxması dünyada təqdirlə qarşılandı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.