Fəthullah Gülən İslamın mahiyyətindən bıhs edir
Fəthullah Gülənin "xidmət" anlayışı çərçivəsində irəli sürdüyü klassik İslama xas əməksevərlik, cəmiyyətə xidmət, ailə, toplum və camaata sevgi kimi dəyərlər tədricən aşınmış və bir az arxa planda qalmışdı. O, bütün bunları təkrar öz yerinə qoyur və dirçəldir.
Gülən Hərəkatı haqqındaYunanıstanda çapdan çıxan ilk kitabın müəllifi dr. Sotiris Livas deyir: “İnsanların xidmət vasitəsiylə bir-birini dinləməsi çox əhəmiyyətlidir”.
İon (İonio) Universitetinin Beynəlxalq münasibətlər fakültəsində Türkiyə və Orta Şərq mövzularında dərs deyən dr. Sotiris Livas doktorluq dissertasiyasını "Türkiyə Cümhuriyyətinin qurulmasından bu günədək Orta Şərq ölkələri ilə əlaqələri" adlı mövzuda yazmışdır. Afina Hüquq fakültəsini bitirən Livas universitetdə müəllim işləməklə yanaşı, Afinada da vəkil kimi çalışır. 2003-cü ildə "Türkiyə, İsrail və Yunanıstan" mövzusunda bir kitabın tərcüməsini həyata keçirən dr. Livasın "İslam, Qloballaşma və Millətçilik: Türkiyə və Dünyada Fəthullah Gülənin Üslubu və Fəaliyyətləri" adlı ilk kitabı 2010-cu ildə işıq üzü gördü. Bu kitab Yunanıstanda sırf Gülən Hərəkatına həsr edilmiş ilk kitabdır və Hərəkat haqqında Yunan dilində yeganə mənbə olduğuna görə tez-tez müraciət edilir. 7 fəsil və 143 səhifədən ibarət olan kitab biblioqrafik məlumatlarla zəngindir. Müəllif Gülənin müxtəlif mövzularla bağlı fikirlərini, Nuriyyə Akmanla müsahibəsində verdiyi mesajları Yunan dilinə tərcümə edərək kitabın sonuna əlavə (38 səhifəlik) etmişdir.
Həsən Hacı: Gülən Hərəkatına marağınız nə vaxt və necə oyandı?
Sotiris Livas: Ümumiyyətlə, İslamla maraqlanıram. Din kimi də İslama böyük hörmətim var. 1985-86-cı ildə ilk dəfə Türkiyəyə gəzməyə gedəndə Nur camaatına mənsub bir çox insanla tanış oldum. Daha sonra doktorantura işimi hazırlayarkən Türkiyə İslamı ilə daha yaxından maraqlanmağa başladım. Beləliklə, Fəthullah Güləni tanıdım. Onsuz da Türkiyədə və Orta Şərqdə İslamın inkişafını izləyirdim. Xüsusilə, Müsəlman ziyalıların Avropasayağı demokratik sistemlərdə İslam və demokratiyanın birgə və ziddiyyətsiz mövcudluğunun mümkünlüyü haqqında fikirlərinə yönəldim. Gülən bu mövzunu olduqca özünəməxsus və aydın işıqlandırır. O cümlədən, bu hərəkatın Türkiyədə yeri, mövqeyi ilə də maraqlanmağa başladım. Ümumi mənada bu Hərəkat İslam üçün nə məna kəsb edir? Bu Hərəkatın dinlərarası dialoq məsələlərini də ehtiva etməsi dinlər üçün nə deməkdir? Son olaraq ölkəm Yunanıstan üçün nə ifadə edir? Bu sualların cavablarını axtarmağa başladım.
Həsən Hacı: Və Yunanıstanda Gülən Hərəkatı haqqında bu suallara cavab mahiyyətində ilk kitaba imza atdınız...
Sotiris Livas: Araşdırma üçün çoxlu kitab oxudum. Ümumiyyətlə, Atatürk və ondan sonrakı dövrlər, Osmanlı İmperiyasında İslamın keçdiyi inkişaf mərhələləri haqqında çox məlumatım var. Bu mərhələlərdə İslamın varlığı ilə onun Türkiyədə vəziyyəti məni çox maraqlandırır. Zənnimcə, Fəthullah Gülən kimi bir insanın və ərsəyə gəlməsinə səbəb olduğu sistemin başqa bir Müsəlman ölkəsində ortaya çıxması mümkün deyildi. Türkiyədə ortaya çıxması bir zərurət idi. Çünki Türk tipli İslam müəyyən xarakteristik xüsusiyyətərə malikdir.
Həsən Hacı: Güləni sevənlər özlərini Xidmət Hərəkatı, və ya Könüllülər Hərəkatı adlandırır. Qərbdə sizin də kitabınızda istifadə etdiyiniz “Gülən Hərəkatı” ifadəsinə daha çox üstünlük verilir…
Sotiris Livas: Bu hərəkatı bir sözlə adlandırmaq mümkün deyil. Məsələn, o, nə hərəkat, nə də təşkilatdır. Qatı iyerarxik sistemə malik deyildir. "Xidmət" məfhumu çox dərin və mühüm anlayışdır. Qərbdə bir sözlə ifadə etməyə üstünlük verirlər. "Xidmət" məfhumu Qərb üçün tam anlaşıqlı olmur. Öz (Qərb) tərzimizə uyğun adlandırmalıyıq. Buna görə də Amerika və Avropada bəzi müəyyən adlandırmalar var. Amma Gülən Hərəkatının hər yönünü əhatə etmir. Ona görə kitabımda da müxtəlif adlandırmalardan istifadə etdim.
Həsən Hacı: Kitabınızın elə ilk fəslində Gülənin olduqca fərqli və hərtərəfli bir insan olduğunu dilə gətirirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?
Sotiris Livas: Əvvəla, ümumən İslam, Xristianlıq, Avropa fəlsəfəsi və düşüncəsi haqda dərin biliyə malikdir. Həmin biliklərdən faydalanması və istifadəsi təklif etdiyi İslamın həm Avropa, həm də Amerikada qəbul edilməsinə zəmin hazırlayır. Kitabımda da onun Maks Veber (Max Weber) və Kantla yaxınlığına diqqət çəkirəm. F. Gülənin "xidmət" anlayışı çərçivəsində irəli sürdüyü klassik İslama xas əməksevərlik, cəmiyyətə xidmət, ailə, toplum və camaata sevgi kimi dəyərlər tədricən aşınmış və bir az arxa planda qalmışdı. Gülən bütün bunları təkrar öz yerinə qoyur və dirçəldir. Onun irəlin sürdüyü İslam forması əsl mahiyyətinə uyğun olaraq, sülhsevər və uzlaşmağa meyillidir. Bin Laden və Əl Qaidə radikalizmindən uzaq, doğru və məqbul İslam anlayışını ön plana çəkir. Qərb üçün dialoqa meyilli İslam anlayışı çox əhəmiyyətlidir.
Həsən Hacı: Gülən tərəfdarlarının açdığı müəssisələrin uğur qazanmasından bəhs edirsiniz. Sizcə, bu uğurun əldə edilməsində hansı amillər mühüm oynayır?
Sotiris Livas: Bir neçə ölkə istisna olmaqla, sözün əsl mənasında uğur qazandıqlarını düşünürəm. Üstəlik təkcə Türkiyə daxilində deyil, xüsusilə, Orta Asiya, Orta Şərq və Afrika kimi təhsil səviyyəsi yüksək olmayan ölkələrdə. Əsas prinsiplər çərçivəsində, təkidlə yüksək keyfiyyətli təhsilə davam etmək. Gülən məhz belə ölkələrdə - bu coğrafiyada keyfiyyətli təhsilin verilməsi olduqca çətin idi - buna müvəffəq oldu. Əzmlə cəmiyyətə xidmət etmək və əxlaq anlayışını hər hansı bir dinlə əlaqələndirmədən insanlara çatdırmaq da çox önəmli idi. Bəli, xüsusilə də təhsil sahəsində daha çox uğur qazandıqlarını düşünürəm.
Dinlər arası dialoq fəaliyyətlərinin isə təhsil qədər müvəffəqiyyətli olduğunu düşünmürəm. Ancaq bu, təkcə Güləndən deyil, başqa səbəblərdən qaynaqlanır.
Həsən Hacı: Sizcə, Gülən Hərəkatı qlobal sülhə öz töhfəsini verirmi?
Sotiris Livas: İnsanların bir-biri ilə didişdiyi belə bir dövrdə qlobal sülh o qədər çoxşaxəli xarakter alıb ki, Gülən Hərəkatının, xüsusilə təhsil yolu ilə insanlarda qorxunun, əndişənin aradan qaldırılması, qarşılıqlı anlayış, dialoq, xoşgörü mövzularına üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Bu metoddan istifadə sülhün mütləq gerçəkləşməsi demək deyildir. Dediyim kimi, insanların vuruşmasının, didişməsinin o qədər səbəbi - faktoru var ki, həqiqətən, insanların Gülən vasitəsiylə digər insanları dinləməsi çox əhəmiyyətlidir.
Həsən Hacı: Yunan mediasında Gülən Hərəkatının düzgün anlaşılması haqda xeyli xəbər yayımlandı. Son dövrlərdə isə Hərəkat əleyhinə bir neçə məqalə dərc olundu. Sizcə, Gülən Hərəkatına qarşı dünya miqyasında qaralama kampaniyasına start vermək istəyirlər?
Sotiris Livas: Bu xəbərlərin bir hissəsi böyük uğurlara imza atmış bir hərəkatdan ümumi qorxunun nəticəsidir. Biz yunanlar üçün isə Türkiyə və İslamla əlaqə məsələlərzhəmişə aktualdır. Keçmişdə Gülənin təqiyyə etdiyini tez-tez ortaya atırdılar. Biz yunanların və türklərin yaşadığı bölgədə daima komplo teoriyaları təbliğatı aparılır. Bu komplo teoriyaları, belə demək mümkünsə, bizim həqiqətimizin bir parçasına çevrilib. Bəzilərinin ortaya atdığı təqiyyə iddiası və bu barədə gedən söz-söhbətlər… heç kim bu insanın nə düşündüyünü dəqiq bilməyə bilər. Onun yeni xəlifə olması ilə bağlı iddiaların – məncə, o dövrün tarixi şəraiti müasir dövrdən tamam fərqləndiyi üçün belə bir şey mümkün deyil – həqiqətlə heç bir əlaqəsi yoxdur.
Dövlət rəsmiləri də Gülən qədər cəsur olmalı
Həsən Hacı: 1990-cı illərdə Heybəliada Ruhani Məktəbinin açılmasının vacibliyini ictimaiyyət önündə ilk dəfə dilə gətirənlərdən biri də Güləndir. 20 ilə yaxındır ki, bu məsələ hələ də öz həllini tapmayıb. Bu haqda nə düşünürsünüz?
Sotiris Livas: Gülən həmişə cəsur çıxışlar etmişdir. Bu, onun ən bariz xarakteristik xüsusiyyətlərindən biridir. Bir şeydən qorxusu, və ya “qorxu sindromu” yoxdur. Sipərlərdə gizlənmir. “Biz” və “onlar”, “biz və başqaları sindromu” yoxdur. Heç vaxt qorxu atmosferi formalaşdırmağa çalışmamışdır. Əksinə, onun anlayışına görə, insan gərək qorxularına qalib gəlsin. Məncə, müvəffəqiyyətinin əsas faktoru budur. Qorxusuz insan. “Heç bir şeydən qorxmağa ehtiyac yoxdur”, – deyir. Hamımız buradayıq. Hamımız irəliləməyə çalışırıq. Məhz bu baxımdan Heybəliada məsələsində qorxmadan, çəkinmədən hərəkət etdi. İfrata varmaqdan uzaqdı. "Heybəliada Ruhani Məktəbini bağlamaq üçün heç bir əsas yoxdur. Açaq," – dedi. Bunun müqabilində Yunan dini liderləri və siyasi xadimləri olaraq bizlər də bu kimi qorxu sindromlarından uzaq hərəkət etməyi bacarmalıyıq. Biz də bunu örnək götürməliyik. Türklərdən, yunanlardan, avropalılardan qorxu sindromu ilə hərəkət etməməliyik.
Həsən Hacı: Güləni sevən insanlar Yunanıstanda məktəb açmaq üçün müraciət etdilər, ancaq bunun cavabında Yunan rəsmilərinin diqqətini çəkən xəbər və yorumlar ortaya çıxdı. Sizcə, bu qorxunun səbəbi nədir?
Sotiris Livas: Vasilis Markezinis məqaləsində Hərəkatın açıq “təhsil modeli”ni irəli sürdüyünü yazır. Amma hər şeydən əvvəl vətənə sevgi çərçivəsində... Vətəni sevmək pis şey deyil. Əksinə vətənə sevgi vacib xüsusiyyətdir. Təəssüf ki, bunu unutmuşuq. Gülən bundan başlayır. Mən ölkəmi sevirəm. İslamı sevirəm. İnsanımı sevirəm. Bir şeydən qorxmağa ehtiyac yoxdur. Vətənim Türkiyəni sevirəm.
Birincisi, Türkiyə və Yunanıstanın keçmişinə aid hələ də həllini tapmayan bəzi problemlər var. Bu, siyasi mövzulardır, siyasətçilərin işidir. İkincisi, keçmişləri pessimizm, etimadsızlıq, qorxu və düşmənçiliklə doludur. Gülən bu ikinciyə daha çox əhəmiyyət verir. “Bu haqda müzakirə apara bilərik, bunları dəyərləndirə bilərik,” – deyir. Bu məsələlərə qətiyyətlə və konkret yanaşsaq, problem tamamilə həllini tapa bilər. Bir daha da bizi məşğul eləməz. Amma o vaxta qədər daha da diqqətli olmaq lazımdır. Gülən (məsələyə) Türkiyəyə sevgi ilə başlayır. Biz də Yunanıstan sevgisi ilə hərəkət etməliyik. Qorxularımızın öhdəsindən gəlmək üçün də Türkiyə və Yunanıstan olaraq mövcud problemlərimiz istiqamətində addım atmaq məcburiyyətindəyik.
Həsən Hacı: Siz Yunanıstanda lisey açılmasını istəyirsinizmi? Buna icazə verilsə, bir problem olarmı?
Sotiris Livas: Mən Yunanıstanda problem olacağını düşünmürəm. İkincisi də, belə bir şeydən qaçmaq istəsək də, yaxın gələcəkdə bu, mümkün olmayacaq. Çünki təhsil sərbəstdir. Üçüncüsü isə, möhtərəm Gülən öz təşviqi ilə ərsəyə gələn bu sistemin, təbii ki, hər şeyinə nəzarət etmir. Həm Gülən, həm də onun yanında və ətrafında olan insanlar çox ağıllıdır. Yunanıstanda açıq şəkildə millətçi təbliğatının edilməsinə əsla icazə verməzlər. Mən Yunanıstanda qanun çərçivəsində lisey açılmasına mənfi baxmıram.
- tarixində yaradılmışdır.