Kiyevdə toplaşan ziyalılar “tolerantlıq” mövzusunda yekdil mövqe nümayiş etdirdi
Müharibə və xaos xəbərlərinin yayıldığı bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan beynəlxalq elmi konfransda “tolerantlıq və xoşgörü” mövzusu müzakirə edildi.
Kiyev Boris Qrinçenko Universitetində “Müasir dünyada xoşgörü və insani dəyərlər: qitələrarası ziyalı dialoqu” adlı konfrans keçirildi.
Ukrayna Elm, Təhsil, Gənclik və İdman Nazirliyi, Kiyev Boris Qrinçenko Universiteti və Dialoq Avrasiya Platformasının (DAP) birgə təşkil etdiyi konfransda Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Azərbaycan, İsrail, Hindistan, ABŞ, Almaniya, Polşa və Slovakiyadan ziyalılar da iştirak edirdi.
Ənənəyə uyğun olaraq universitet tələbələrinin bandurada ifası ilə başlayan konfransın açılış çıxışını rektor prof. dr. Viktor Ognevyuk etdi. Ukrayna, Rus və İngilis dillərində məruzələr oxunan konfransda qloballaşan müasir dünyada dəyərlərin dəyişməsi, tolerantlığın üstünlüyü, nəzəri və metodoloji əsasları, xoşgörünun etik prinsipləri və ictimai uzlaşmanın şərti olaraq xoşgörülü insanın formalaşması kimi müxtəlif mövzular müzakirə olundu.
“Tolerantlıq ruhunu hiss etdik”
Rektor Viktor Ognevyuk çıxışında: “Ölkəmiz, mədəni dəyərlərimiz, dilimiz, dinimiz, fərqli olsa da, insanlığın müştərək dəyərlərində birləşdik. Fərqli millətləri bir yerdə gördüyümə görə xoşbəxtəm”, – dedi.
Konfrans haqqında Cihan Xəbər Agentliyinə müsahibə verən rektor Ognevyuk DAP-la birlikdə həyata keçirdikləri konfransın uğurlu keçdiyini deyərək: “Dünyanın müxtəlif ölkərlərindən gələn ziyalıların fikir mübadiləsi bizə tolerantlığın ruhunu hiss etmək imkanı verdi”, – dedi.
“Yaşamadan tolerantlıq ruhunun kök salması mümkün deyildir”
Konfransa Rusiyadan gələn DAP Rusiya Federasiyası Milli Komitəsinin Sədri prof. dr. Rostislav Rıbakov: “Müasir insana tolerantlıq ruhunu yaşamadan mənimsətmək mümkün deyil. İlk öncə yaşamaq lazımdır. Bu ruhu təhsildə vermək lazımdır. Tərbiyə vermək üçün ən ideal müəssisə məktəblərdir. Dolayısilə, dünyanın bütün məktəblərində tolerantlıq ruhunu, yəni ilk öncə tərbiyəni düşünməli və verməliyik. Bu dövrdə bu düşüncəni yaşadan və dəstəkləyən mütəfəkkir Fəthullah Güləndir. Dünyanın, demək olar ki hər yerində açılan məktəblərdə ilk növbədə xoşgörülü, tərbiyəli insanlar yetişir. Bizim vəzifəmiz də budur” – dedi.
Konfrans haqqında Cihan Xəbər Agentliyinə fikirlərini bildirən Rıbakov: “Konfransı istiqanlı insanlar təşkil etdiyinə görə həmişəki kimi gözəl keçdi. Bu gənclərin xoş məramlı, gözəl işlər dərdində olması gəlcəyə ümidlə baxmağa imkan verir. Bu konfrans ağılla deyil, qəlblə keçirildi, əsas olan da budur. Həm dünyanın problemlərindən danışdıq, həm də köhnə tanışlarımızla görüşdük, dostluğumuzu möhkəmləndirdik və yeni dostluq qazandıq. İnşallah, bu cür konfranslar mərhələli şəkildə davam edər”, – dedi.
Tolerantlığın kadr çatışmazlığı problemi var
Konfransda iştirak edən Gürcüstan Prezidentinin Müşaviri Peter Metreveli isə dedi: “Bütün mədəniyyətlər bizim, yəni insanındır. Yad mədəniyyət yoxdur. İnsanlığa belə yanaşmalıyıq. Gənclərdə tolerantlıq ruhunun bərqərar olmasını tam dəstəkləyirəm. Çünki bunsuz insanlığın gələcəyi təhlükədədir. Tolerantlığın kadr çatışmazlığı problemi var. Tolerantlıq anlayışının kök salması üçün xoşgörülü, anlayışlı, mədəni, ziyalı insanlara ehtiyac var. Yüksək mədəni dəyərlərə malik insanlar öz mədəni dəyərlərini yaşaya-yaşaya digər mədəniyyətlərə də hörmət edərək dünyada əsl sülhün bərqərarını təmin edə bilər”.
Konfransın yekun qərarı: təhsil nazirliklərinin tolerantlığı tədris planına salması, KİV-in tolerantlığın, dostluğun, ailə münasibətlərinin möhkəmlənməsinə dair xəbər verməyə təşviq edilməsi və DAP-ın təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Komitəsi qurması.
- tarixində yaradılmışdır.