"Qapalı yolları ayaqlarımızla, tikanlı sərhədləri köksümüzlə yarıb yetişək"
Bu qanlı hadisələrə ilk reaksiya Türkiyədən gəldi.
“Orada qardaşlarımız düşmən tanklarının tırtılları altında çeynənirkən burada bizə rahatca yatıb-qalxmaq haramdır. Orada qardaşlarımız göz yaşına boğulduqca burada bizim boğazımızdan keçirdiyimiz tikə haramdır. Orada bizi çağırırlar, bizi gözləyirlər. Tezliklə biz özümüzü onların köməyinə çatdırmalıyıq. Parçalanan könüllər, dağlanan ciyərlər qardaş yolu gözləyir. Orada bizi gözləyirlər”.
“İşçimiz getsin, çiftçimiz getsin, əsnaf getsin, alim getsin, arabası olan arabasıyla getsin, ayaqqabısı olmayan ayaqyalın getsin. Boynumuza düşən bu qardaşlıq borcunu yerinə yetirməsək, dualarımızın qəbuluna ümid etməyək. Quyuya düşən Yusifin imdadına yetişən Yaqub kimi ora yetişək. Qapalı yolları ayaqlarımızla, tikanlı sərhədləri köksümüzlə yarıb yetişək”.
Bu qanlı hadisələrə ilk reaksiya Türkiyədən gəldi. Xalq ayaqlanıb küçələrə töküldü, dövlətindən bir an belə durmadan Azərbaycana yardım göstərməyi tələb etdi. Ürəklər sızladı, könüllər pərişan oldu. Bu məqamda qardaş ağrısına sızlayan bir ürəyin fəryadı yüz minləri ayağa qaldırdı. Ağzına qədər dolub-daşan bir məsciddə mömin qardaşlarına Bakı hadisələrindən göz yaşları içində, inləyə-inləyə, kükrəyə-kükrəyə söhbət açan Fəthullah Gülən elə kürsüdəcə bayıldı. Özünə gələn kimi hər kəsi qardaş Azərbaycanın köməyinə yetişməyə səslədi. “Sovet imperiyası altında əzilən, əzilə-əzilə döyüşən azəri qardaşlarımızın köməyinə yetişmək bizim qardaşlıq borcumuzdur. Ayağı yer tutan hər kəs oraya getməli, onların ağrılarına, dərdlərinə ortaq olmalı, onların danışan dili, görən gözü olmalı, qardaşlığımızı möhkəmləndirməli, öz rahatlığından, sərvətindən vaz keçməyi bacarmalıdır. Qardaşlarımız bizi gözləyir. Allah eşqinə, köməyə tələsin. Qan verən yaraları sarıyın, axan göz yaşlarını qurudun”, - dedi və yenidən bayıldı. Tam təfərrüatı ilə ifadə edə bilmədiyimiz bu çağırış minlərlə könüldə əks-səda verdi. Amma o çağırışla Azərbaycana gələn və bu vaxta qədər də qardaşlıq borcunu şərəflə yerinə yetirən ilk müəssisə ZAMAN qəzeti oldu. ZAMANın ardınca, bəzən də təşviqi ilə onlarla, yüzlərlə iş adamı Anadoludan Azərbaycana daşındı. ZAMAN Azərbaycanda baş verən hər hansı hadisəni dünyaya çatdırmaqda çox mühüm rol oynadı. Bir mətbu orqanı olaraq “Zaman” Azərbaycanda daxili birliyin, vətəndaş həmrəyliyinin, sabitliyin əldə olunması üçün əlindən gələn hər şeyi etdi və etməkdədir. İstanbulda çıxan “Zaman”a Bakıdan çağırış kimi gedən yazılarımızda iş adamları, elm xadimləri, müxtəlif sənət sahibləri bu ölkəyə dəvət olunurdu.
Biz istər Türkiyədə, istərsə də Bakıda bu hadisələri Azərbaycanın milli azadlığı yolundakı böyük sınağı kimi dəyərləndirdik. 20 Yanvar hadisəsini haqlı olaraq SSRİ-nin dağılmasında Azərbaycanın böyük cəsarəti kimi qiymətləndirdik.
Bəli, Azərbaycan o gecə yüzlərlə övladını itirdi. Amma tarixin bu sınağından alnıaçıq, üzüağ çıxdı. 18 il öncə xalqın göz yaşı ilə yaşadığı günlər indi öz mahiyyətini dəyişərək, qürur günü kimi anılmaqdadır. O gecə tökülən qanlar Azərbaycanın bayrağını boyadı. O gecə tökülən qanların işığında xalq gerçəyi bir daha anladı, ibrət dərsi götürdü, dostu, düşməni bir daha tanıyıb-bildi. 20 Yanvar göz yaşı, ağrı-acı günü deyil, zəfər günüdür, qürur günüdür. “Zaman hər dərdə bir çarə gətirir” deyiblər. 18 il öncə könüllərdə açılan yaralar illər keçdikcə qaysaqlayıb sağalacaq. 18 il öncə yetim qalan uşaqlar bu gün özünü kişi kimi hiss edir, 18 il öncə doğulan uşaqlar bu gün məktəb partası arxasında Azərbaycanın işıqlı gələcəyi üçün elm öyrənir. Bəli, bu 18 ildə Azərbaycanda çox şeylər dəyişdi.
“Biz bir yumurtadan çıxmış əkizlər kimi bir-birimizin ağrısını canımızda hiss edirik”
20 yanvarda bir soydaş, eyni zamanda bir fikirdaş, bir qardaş ölkəyə qarşı bir zülm baş vermişdi və biz o fəryadımızla öz üzüntümüzü, iztirabımızı ifadə edə bildikmi, bilmirəm. Bəlkə də ciyərləri dağlayan o cür hadisələr qarşısında insan bayılmalı, özündən getməlidir. Türkiyədə o duyğuları, o düşüncələri paylaşan çox insanlar vardır və o hadisələrdən xəbər tutanda bayılanlar, özündən gedənlər çox olmuşdur. Əlbəttə ki, soydaşlığın da bu işdə təsiri böyük olmuşdur. Eyni kökdən gəlirik, eyni kök və məna köklərini paylaşırıq. Orada gizli rabitə də ola bilər. Yəni eyni yumurtadan əmələ gələn əkizlər bir-birinin ağrılarını, duyğularını hiss etdikləri kimi biz də bir-birimizin dərdlərini, ağrılarını öz ürəyimizdə hiss edə bilirik. Orada millətin başına enmiş bir yumruğu, bir ağır zərbəni biz də eyni dərəcədə öz canımızda hiss edə bilirik. Amma eyni zamanda o cür hadisə tarixi təkərrürlər içində bizə məğlubluqdan, məzlumluqdan qurtarmaq üçün apardığımız mübarizəni, verdiyimiz mücadiləni bir kərə daha yaşatmış, xatırlatmış oldu. Yəni bir zaman biz də həm şərqdən, həm qərbdən gələn hücumlar qarşısında duruş gətirməli, mübarizə aparmalı olmuşuq və o dönəmlərdə də Azərbaycan bizim üçün eyni hicranı, eyni həsrəti yaşamışdır. 20 yanvar hadisələri zamanı bizi o doğmalıq duyğuları necə gərdi və həyəcanlandırdısa bir anda özümüzü o qardaşlarımızın yanında hiss etdik, onların yanında olmaq istədik. İndi üstündən illər keçəndən sonra mən həmin hisslərimi, yaşadığım iztirabları ifadə etməkdə çətinlik çəkirəm.
1998-ci ildə AzTV-nin əməkdaşı Qulu Məhərrəmliyə verdiyi müsahibədən.
- tarixində yaradılmışdır.