Tanınan və tanınmayan Fəthullah Gülən
Haqqında hər şey dedilər, adına çeşid-çeşid ittihamlar yapışdırmaq istədilər, nüfuzunu zədələmək, ünvanını qaralamaq üçün kampaniya başladılar. Dedilər, yazdılar, yazdılar, dedilər... Nələr yazmadılar, nələr demədilər ki? –"Fəthullah Gülən cumhuriyyət düşmənidir", "Gülənin məktəblərində gələcəyin mollaları yetişir", "Hakimiyyəti ələ keçirmək istəyir", "Türkiyədə molla rejimi qurmaq istəyir", "Sərvəti neçə milyard dollardır" və sairə. Yazdılar, amma kimsəni inandıra bilmədilər, çünki özləri də inanmırdılar. Hər dəfə seçki marafonu başlayanda qəzetlərin ayağında balaca bir xəbər gedərdi ki, filan lider Fəthullah Güləni zayarət etdi, seçkilərdən sonra da görünməz əllər onu manşetlərə çəkir, bütün uğursuzluğunun, ağrı-acısının hesabını onun canından çıxarmağa çalışırdı. Məktəbləri, dükan-bazarları, bankları, milyardları var dedilər, rəsmi sənədlərdə isə adına mülkiyyət deyiləcək bir şeyə rast gəlinmir. Ailə də qurmayıb ki, balalarının qara günlüyü üçün hazırlığı var desinlər. Gizlin ağlamaqdan gözləri qıpqırmızı olardı. Suçəkən kimi idi; adamların dərdini-sərini canına çəkər, xəlvətə salıb gözlərindən boşaldardı. Bir tərəf onu qatı islamçı kimi ittiham edir, başqa bir tərəf isə xristianlarla görüşür deyə az qala dindən dışarı elan edirdi. Nə dünya malında gözü vardı, nə də şan-şöhrət arzusundaydı. Bütün çırpıntıları insan üçün idi, millət üçün idi, vətən üçün idi, dünya üçün idi. Papa II İohann Pavellə görüşdülər. Görüşdən sonra Papa öz heyrətini gizlətmədi və "Allah türkü qorusun!" dedi.
"Əmlakı yoxdur" deyirik, "malı-mülkü yoxdur" deyirik, "adında bir sərvət, bir bank hesabı yoxdur" deyirik... və təbii ki, bu zaman ortaya belə bir sual çıxır: Bəs Fəthullah Gülən bu səviyyəyə necə çatıb, necə məşhurlaşıb? Adına bağlanan bu qədər məktəblərlə, müəssisələrlə nə kimi əlaqəsi var? –Bir qədər əvvəldən başlayaq: O milli və dini düşüncənin hər zaman hakim olduğu Ərzurumda doğulub-böyüyüb. Ailəsindən görüb-götürdüyü dini bilgilər ruhuna hopub, dini təhsil alıb, bir müddət məsciddə imam işləyib. Dərrakəli, zəngin düşüncə materialı verən, xürafatdan uzaq, elmi-nəzəri biliklərə əsaslanan xütbələri məscidə gələnləri heyran qoyub. Beləcə ətrafına ziyalı, xalqını, millətini sevən insanlar cəm edib. İbn Xaldunu, İbn Rüştü, Muhiddin Arabini, İmam Qəzalini öyrəndiyi qədər də Avropanın və Uzaq Şərqin fikir dahilərini öyrənib. Öyrənə-öyrənə də belə bir fikrə gəlib ki, sağlam təfəkkürlü, doğru-düzgün təhsil almış nəsillər yetişdirmədən xalqın sabahına ümid etmək əbəsdir. Ona görə də ətrafına toplanan, sözünü dinləyən imkanlı iş adamlarını, dostlarını təhsilə yönəldib. Onları özəl liseylər açmağa və bu liseylərin xərcini ödəməyə təşviq edib. Bu təcrübə qısa müddət ərzində Türkiyədə böyük səmərə verib. Fəthullah Gülən sonrakı mərhələdə digər türk respublikalarında da analoji təhsil müəssisələrinin açılması üçün çalışıb və dostlarının yardımı ilə bu arzunu gerçəkləşdirə bilib. Bu gün Fəthullah Gülənin adına çıxılan, əslində isə onunla heç bir rəsmi əlaqəsi olmayan liseylər Almanyada da, Fransada da, İngiltərədə də, Çexiyada da, ABŞ-da da, Kanadada da, Azərbaycanda da, Qazağıstanda da, Özbəkistanda da, Qırğızıstanda da, Türkmənistanda da, Makedoniyada da, Albaniyada da, Avstraliyada da, Cənubi Afrika Respublikasında da, Həbəşistanda da, Rusiyada da fəaliyyət göstərir. Bir neçə gün bundan əvvəl Afrika ölkələrinə səfər edən baş nazir Rəcəb Tayyib Ərdoğan Afrikanın ən uzaq ölkəsi olan CAR-da türk liseylərini ziyarət etmiş, bu təhsil ocağında qara dərili körpə balaların türkcə danışmasını, şeir oxumasını eşidib çox duyğulanmışdı. Bu liseylər qapısını açdığı hər ölkəyə türk dilini, türk mədəniyyətini, türk bayrağını, türk himnini daşıyır. Bu mənada həmin liseylər böyük tarixi bir missiyanın icraçılarıdır. Fəthullah Gülən fəaliyyəti boyu siyasətdən uzaq durmuş və xalqı sağa-sola bölməyin əleyhinə olmuşdur. Onun dostları arasında sağların da, solların da tanınmış imzaları var. Ən yaxın dostlarından biri DSP-nin keçmiş lideri Bülənd Ecevitdir. Mərhum Turqut Özalı çox sevərdi, Özal da onun adını hər zaman rəğbətlə çəkirdi.Dəmirəl də onun haqqında xoş sözlər söyləmişdir. Tansu Çillər Azərbaycanda, Özbəkistanda və Qazağıstanda fəaliyyət göstərən həmin liseylərlə tanış olduqdan sonra "Bu məktəblərdə türk dünyasının sabahı yetişir. Mən bu işdə zəhməti olan hər kəsi təbrik edirəm", -demişdi. Türkiyənin bugünki baş naziri Rəcəb Tayyib Erdoğan da, TBMM sədri Bülənd Arinc da Fəthullah Gülənə öz rəğbətlərini açıq ifadə edirlər.
Bu gün Türkiyədə ona rəğbət bəsləyənlər yüz minlərlə, milyonlarladır, onu sevənlər arasında CHP-lilər də var, AKP-lilər də, sünnillər də var, şiələr də...
Son bir neçə ildir ki, səhhəti ilə əlaqədar Amerikada həkimlərin müayinəsi altında yaşayır. Qan təzyiqi də var, şəkəri də. Bilmədiyimiz müxtəlif ağrı-acıları da. Təbii ki, Türkiyədə sevənləri ilə yanaşı, qısqananları, gözü götürməyənləri də var. Adını məhkəmə dəhlizlərinə daşıyıb, haqqında cinayət işi başlatmaq istəyənlər də yox deyil. O, bütün bunların fövqündə, bütün çəkişmələrin üzərindədir. Tanınmış bir alimin sözünü söyləyir: "Qarşıda dağ boyda bir ocaq yanır. O ocaqda mənim anam yanır, ailəm yanır, övladlarınm yanır. O ocağı söndürməyə qaçarkən birisi yandan badalaq atıb məni yıxır. Dönüb onunla öcəşməyə, qürur davası çəkməyə vaxtımmı var? Əsas iş o alovu söndürmək, yananları oddan qurtarmaqdır."
Mayası sevgidən yoğrulub: canındakı cürbəcür dərdi, azarı da sevir. Deyir ki, bunlar mənə Allahın lütfüdür. Bir insanın qəlbini qırmaq Allahın evini yıxmaqdan betərdir; bir insanı öldürmək bəşəriyyəti öldürmək kimidir, -deyir. Terrorun adına da nifrət eləyir, onun icraçısına da, fitva verəninə də. Deyir ki doğru məqsədə əyri yollarla varılmaz.
Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan "Dialoq-Avrasiya" platformasının və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh, dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın sabahını düşünürlər.
Fəthullah Gülənin tərəftarlarına bəzən "nurçular" da deyirlər. Amma onu da deyək ki, nə Fəthullah Gülənin, nə də tərəfdarlarının ümumiyyətlə, "çı"-lardan, "çu"-lardan xoşları gəlməz. O, bir qədər yuxarıda saydığımız alimlərlə yanaşı, XX əsrin Quran təfsirçisi Səid Nursinin "Risaleyi-Nur" külliyatını da oxuyur. Özünün onlarla kitabı çap olunub. Fəthullah Gülənin kitabları demək olar ki, birmənalı şəkildə azad düşüncəli, doğru-dürüst, halal nəsillərin yetişməsinə xidmət edən bilgilər toplusudur. O, yaşadığını yazır, doğru bildiyini oxucuları ilə paylaşır. Fəthullah Xoca son tikəsini paylaşacaq qədər fədakar, gecələri şagird yataqxanalarını dolaşaraq uşaqların üstünü örtəcək qədər qayğıkeş, onların ayaqyoluna su töküb təmizləyəcək qədər təvazökar bir insandır. Bütün həyat şüarı da "Allah bilsin yetər"dir. İnsanlardan bir umacağı yoxdur.
Bəzi media mənsubları illər boyunca onun əleyhinə yazıb, adını qaralamağa çalışıbıar. Amma son illərdə Türkiyədə onun adına münasibət xeyli dəyişilib, Fəthullah Gülənin düşməni kimi tanınan bəzi media mənsubları da onun haqqında rəğbət dolu yazılar verməyə başlayıblar. Həmin media quruluşlarından birinin, daha doğrusu, "Milliyət" qəzetinin müxbiri Mehmet Gündəm onunla görüşmək üçün ABŞ-a səfər edib, 11 gün Fəthullah Xocanın qonağı olub və ondan aldığı müsahibəni qəzetinin 21 sayında davamlı olaraq çap etdirib. Həmin müsahibə "Milliyət" qəzetinin baş redaktoru Mehmet Yılmazın ön sözü ilə kitab halında çap olunub və böyük tirajla oxucuların ixtiyarına verilib. Bir ay ərzində həmin kitab dörd dəfə müxtəlif tirajlarla çap edilib. İndi həmin müsahibənin bəzi məqamlarını diqqətinizə təqdim edirik.
Gül dövrünün həsrətlisi
-Siz tarixi kifayət qədər yaxşı bilirsiniz. Hans dövr, hansı mərhələ sizi daha çox çəkir?
Ağlım kəsəndən bəri könlüm peyğəmbər dövrünün həsrəti ilə doludur. Tarixdən söhbət düşəndə ağlıma mərhum şairimiz Mehmet Akif Ərsoyun:
"Gül dövrünü görsəydim, onun bülbülü olurdum,
Ya Rəbb məni əvvəl gətirəydin, nə olurdu?"
misraları dilimə gəlir. Məmin könlüm o səadət əsrinin həsrətlisi olsa da, belə bir dövrün bir daha yaşanacağına inanıram və həmin mərhələnin ərəfəsində yaşadığımıza görə Allah-Təalaya şükür edirəm.Mənim tarix təsəvvürüm bir yol kimi uzanaraq millətimin kökünə doğru ən gözəl mərhələlərdən keçərək parlaq mənzərələləri göz önündə canlandırır.Mən Sultan Fatehə də heyranam, Osman Qaziyə də. Fatehin İstanbulu fəth etməsi xalqımız qarşısında nə qədər böyük xidmətdirsə, Osman Qazinin Anadoluya türk möhürünü vurması, bu coğrafiyada gördüyü böyük işlər də unudulmamalıdır. Başqa bir tarix səhifəsi: Mən hər dəfə xəlifə Ömər ibn Əbdüləzizi xatırlayanda gözlərim dolur.
Dostlar sağ olsun!
-Burada necə dolanırsınız? Maddi vəsaiti haradan alırsınız?
-Əvvəla, onu deyim ki, mənim kimi bir şəkər xəstəsinin, gündə 1200 kalori qəbul edən, güclü yeməklər yeyə bilməyən, gününü çox zaman qatıq və şorba ilə ödəyən subay bir adamın ABŞ-dakı aylıq xərci olsa-olsa, 500 lirəni keçməz (dollara lirə deyir). Mənim burada qalmağım, yaşamağım, müalicəm üçün dostlarım pul göndərirlər və mən də etiraf edim ki, üzülərək onu qəbul edirəm. Amma o vəsaiti mən ancaq zəruri ehtiyaclarıma sərf edirəm, qalanlarını isə millətə, maarif xidmətinə bağışlayıram. Bir hissəsinin də Allah rizası üçün gərəkli yerlərə, möhtaclara verilməsini məsləhət görürəm. Mən sabah Allah-Təala hüzurunda hesab verəcəyimi hər an düşünür, 5-10 quruşun belə hesabını özüm-özümdən soruşuram.
Bu yolun adı: hərəkat
-İçində bulunduğunuz quruluşa kimisi "camaat" deyir, kimisi "təriqət" deyir, kimisi də müxtəlif adlar düşünür. Siz isə "örnəkləri özündən bir hərəkat" deyirsiniz. Nəyə görə cammat yox, məhz hərəkat.
-Köhnə kişilərin təbirincə desək, gərək hər şeyə öz mahiyyətinə uyğun ad verəsən. Məsələyə bu baxımdan yanaşanda məhz hərəkat adını daha münasib görürəm. Bəlkə başqaları cəmiyyət, camaat, qeyi-dövlət təşkilatı kimi adlar da düşünə bilərlər. Ancaq cəmiyyət hər hansı hüquqa görə əsasnaməsi, nizamnaməsi olan quruluşlara deyilir. Camaat isə birisi tərəfindən ortaya atılmış müəyyən bir düşüncənin ətrafında toplaşanlara deyilir. Onun da heç şübhəsiz, özünə görə qayda-qanunları olur. Belə baxanda heç camaat deyilməsində də bir qüsur görmürəm. "Mahiyyətinə görə bu iş nədən ibarətdir?" sualı ilə məsələyə baxdığım zaman görürəm ki, bir zamanlar irəliyə sürülmüş bəzi düşüncələr müəyyən müddətdə türk toplumu tərəfindən geniş şəkildə mənimsənilmişdir. Bu gün mənə də, başqalarına da məlum olmayan geniş dairədə lazımlı görünən, faydalı hesab edilən amillər, düşüncələr ətrafında insanlar bir yerə yığışır və şəraitə uyğun fəaliyyət göstərirlər.
-Məsələn nə kimi fəalyyət?
-Elə maarifçiliyi götürək: bu yöndə fəaliyyəti faydalı hesab edən, dünyanın gələcəyi üçün maarifin önəmini anlayan, sizin və bizim tanıdığımız bir çox insan bir yerə toplaşıb bu işin altına çiyin verirlər. Bu yönü ilə geniş bir mədəni fəaliyyəti özündə ehtiva edən bu hadisəyə elmi baxımdan mənim üzərində təsiri olan mərhum Nurəddin Topçunun ifadəsi ilə hərəkat deməyi daha uyğun görürəm:
Özümüzə xas hiss və düşüncələrimizin, türk fəlsəfəsinin ən əvvəl Türkiyədə qəlblərə oturması üçün çalışmaq, sonra da sünyaya tanıtmaq naminə könüllər hərəkatı...
Tariximizdə o qədər parlaq və zəngin səhifələr var ki, xatırlayanda adamın gözləri dolur. Ancaq hər şeyin daha təsirli və effektli olması üçün örnəyi özündən olmalıdır. Səhabələrin də, Osmanlılı dövlətini quranların da, ötən əsrin əvvəllərində Anadoluda milli mübarizəmizi yürüdən qəhrəmanlarımızın da örnəkləri özlərindən idi. Bu baxımdan həmin ifadə mənə çox mühim görünür.
Türkiyəmizdə məni üzən, izah etməyə çətinlik çəkdiyim bir düşüncə var: bəziləri görülən işin gözəl tərəflərinə, idealına, nə kimi fayda verəcəyinə, məqsədinə baxmazdan əvvəl o işin kim və ya kimlər tərəfindən görüldüyünə baxarlar. Əgər o işlə məşğul olan adam onlar üçün məqbuldursa, işi də məqbul hesab edərlər, əgər məqbul deyilsə, işi də ləkələməyə, qaralamağa çalışırlar.
Onlar bizi sevdilər
-Sizin dediyiniz bu hərəkat təkcə Türkiyədə deyil, Türkiyədən kənarda da mövcuddur. Başqa ölkələrdə bu hərəkatı necə başa düşüb qəbul edirlər?
-Etiraf edim ki, Türkiyədən kənarda bizdəki qədər tərsliyə, inada şahid olmamışam. Əgər elə osaydı, göz açmağa qoymazdılar. Öz dinlərinə, inanclarına sıx bağlı olan, öz məzhəbləri xaricində başqa heç bir cərəyanı qəbul etməyən ölkələrdə belə, xaricdən gəlmiş maarif könüllülərinə xoş rəftar göstərilməsi, onların məsələyə obyektiv baxdıqlarını, özləri üçün faydalı gördüklərini qəbul etdiklərini göstərir. Türkiyədə bəzi adamlar bu hərəkatın əleyhinə çıxmağa, sərt davranmağa başlayanda bəlkə də yüz dəfə belə dedim: "Ya Rəbb, əgər türk xalqının adını, mədəniyyətini dünyaya tanıdan bu mühüm hərəkata mənə görə antipatiya hiss edirlərsə, onda mənim canımı al, amma bu hərəkata zərər gəlməsin". Mənim xalqıma, dinimə və diyanətimə xidmətdən başqa fikrim olmayıb. Bu xüsusiyyəti söyləməyə ehtiyac hiss etdim. Çünki əgər bu hərəkat dünyanın müxtəlif yerlərində, həm də bir-birinə zidd, bir-birindən fərqli anlayışlar tərəfindən qəbul edilib faydalı sayılırsa, ancaq bir yerdə qəbul edilmirsə, o zaman dönüb ya o yeri sorğu-suala çəkmək lazımdır, ya da özümüzü. Əgər bizim qüsurlarımıza görə bizi səhv başa düşüblərsə və olduğumuz kimi deyil, fərqli bir şəkildə anlayıblarsa, deməli, təqsirkar da elə özümüzük. "Görəsən, bəzi adamlar nəyə görə bizə antipatiya hiss edirlər?" deyib, öz hal və davranışlarımızı bir daha gözdən keçirməliyik. Mən kimsəni günahlandırmaq istəmirəm, "hər halda haradasa bir üslub xətasına yol verdik"-deyirəm.
Qardaş yurduna gedin
-80-ci illərin sonundan etibarən siz Qafqaza və Orta Asiyaya səfərbərlik çağırışına başladınız. 1990-cı ilin 20 yanvarında sovet ordusu Bakıda qırğınlar törətdi və Siz o zaman, hələ SSRİ dağılmamışkən dostlarınızı, sözünüzü eşidənləri Azərbaycana getməyə, bu ağır gündə qardaşlarınızla bir sırada olmağa çağırdınız. Hətta o çağırış zamanı kürsüdə bayıldınız da.Minlərlə insan sizin çağırışınızı qəbul etdi, o ölkələrə üz tutdular, orada məktəb açdılar, iş qurdular, yaşamağa başladılar. Həmin ölkələrdəki məktəblərdən məzunlar çıxdılar. Amma siz özünüz heç o ölkələrə getmədiniz.
-Bəli, o bir tarix idi. Biz bir qardaş kimi öz boynumuza düşən vəzifəni yerinə yetirməliydik. Bəli, sözümü eşidənlər getdilər. Amma çalışmalarımız onunla da bitmədi. Türkiyədə boydan-boya 20 yanvar kədərini göstərməyə çalışdıq. Avropaya gerçəkləri çatdırmaq üçün əlimizdən gələni etdik.
Məntiqimə uyğun gəlməsə də, etiraf edim ki, Allahın lütfü ilə dostlarımın o ölkələrdə gördüyü işlərlə tanış olmaq, onların fərəhini bölüşmək mənim üçün çox əhəmiyyətli idi. Çünki o coğrafiya uşaqlıqdan bəri mənim dualarımda ayrıca yer tutur, oradakı soydaşlarımla qucaqlaşmağı belə, təsəvvür etmək mənə bir bayram kimi gəlir. Bəli, dediyiniz kimi elə bir zaman gəldi ki, mən dostları o ölkələrə getməyə təşviq etdim, amma səfər etməyim, hələ ki nəsib olmadı.
Dünya türkcə oxusun
-Sizin təşviqinizlə bir çox xarici ölkələrdə türk məktəbləri açılıb və fəaliyyət göstərməkdədir. Siz o məktəblər haqqında nə demək istərdiniz?
-Bu sualın cavabını yaxşı olar ki, mən verməyim. Onu sosioloqlardan, filosoflardan, tarixçilərdən soruşun. Çünki onlardan həmin məktəbləri gəzib görənlər çox yaxşı şeylər yazdılar.
-Ümumiyyətlə, nə qədər belə məktəblər açılıb, dünyanın hansı ölkələrində bu hərəkat davam edir?
-Doğrusu mən o məktəblərin sayını dəqiq deməkdə çətinlik çəkirəm. Amma bildiyimə görə, dünyanın bütün qitələrində o cür məktəblərimiz fəaliyyət göstərir. ABŞ-da bizi daha çox məktəb açmağa, nəsil yetişdirməyə təşviq edirlər. Bilirsiniz ki, bu ölkədə azadlıq o həddə gəlib ki, artıq uşaqlarla davranmaq bəzən dözülməz olur. Buradakı türk liseylərində isə amerikalı uşaqlar vahid məktəb formasında dərsə gəlir, nizam-intizama ciddi əməl edirlər. Amerikalılar bu mənzərəyə heyrətlərini gizlətmirlər. İngilislər, almanlar, fransızlar, avstraliyalılar da bu liseyləri çox sevir və fəaliyyətlərini təqdir edirlər. Həmin liseylərin fəaliyyət göstərdiyi ölkələrin sayı isə onlarladır.
Bilirsiniz, tarixin müxtəlif mərhələlərində bəzi dövlətlər və ya xalqlar dünyanı silah gücünə tutmaq istəyiblər.Sonralar "iqtisadi işğal" adlı yeni bir termin ortaya çıxdı.Bizim bu hərəkat isə dünyaya mədəniyyəti ilə, əxlaqı ilə, gözəllikləri ilə çıxış və dünyanı bu müstəviyə daşımaq təşəbbüsüdür. Təbii ki, hara gedirsək-gedək, biz türk xalqını, türk mədəniyyətini, türk əxlaqını təmsil edirik.
Ən pis dövlət dövlətsizlikdən yaxşıdır
-Sizin bu fəaliyyətinizin əhəmiyyətini dövlət anlaya bildimi?
-Mən bu işlərə tarixin bizə verdiyi bir fürsət kimi baxıram. Mənim üçün mühüm olan şey necə olur-olsun, bu maarifçilik fəaliyyətinin davam etdirilməsidir. Əgər dövlət bu zamana qədər könüllü təşkilatların gördüyü işə sahib çıxmaq istəyirsə, buyursun, maliyələşdirsin və ya tamamilə özününküləşdirsin. Əsas olan bu işlərin davam etdirilməsidir. Ən yaxşı işsə bunlara alternativ, həm də daha yaxşı təhsil müəssisələri qurmaqdır. O zaman sizi sevməyənlərin səsi öz-özünə batacaq.
-Sizin dövlətlə münasibətiniz haqqında çox söz-söhbət dolaşdı. Dövlətə münasibətiniz necədir?
-Ən pis dövlət belə, dövlətsizlikdən yaxşıdır. Dövlətin olmadığı yerdə anarxiya, xaos və özbaşınalıq hakim olur. O zaman nə fikirlərə hörmətlə yanaşırlar, nə də din, vicdan azadlığından əsər-əlamət qalır. Haqqa hörmətsizlik baş qaldırır. Tarixə baxanda aydın görmək olur ki, xalqımız müəyyən dövrlərdə dövlətsizlik ucbatından çox əziyyət çəkmişdir. Bütün bunların fərqində olan bir vətəndaş kimi dövlətimizi müdafiə etməyi özümə vəzifə hesab edirəm.
-Siz çox sayda xarici ölkələrdə məktəblər açmısınız. Türkiyə dövlətinin bundan xəbəri varmı?
-Əlbəttə, var. Dostlarımızdan Hacı Kamal Süleyman Dəmirəllə yaxın dost idi. Kamal bəy lazım olan məktubu onun yanına aparır, Süleyman bəy də tanış olandan sonra imzalayardı. Mərhum Turqut Özal Asiya ölkələrinə səfəri zamanı getdiyi hər yerdə "mən bir prezident olaraq bu məktəblərə zamin dururam" dedi. Bülənd bəy isə məktəbləri gəzdikdən sonra "Bu ölkənin insanı Osmanlı dövründə belə görülə bilməyən işləri gerçəkləşdirir", -dedi. Mən onların hamısını təqdirlə, rəğbətlə yad edirəm.
Dəyirmanın suyu
-Ortada sizin hərəkat dediyiniz böyük bir iş var. Hər kəs də düşünür ki, bu, necə olur, bu dəyirmanın suyu haradandır?
-Bu hərəkat zaman-zaman böyüyərək Türkiyəyə və dünyaya yayılmış bir maarifçilik fəaliyyətidir. Müəllimlərimiz varlı, imkanlı iş adamlarından, vəqf və dərnəklərdən müəyyən yardım alaraq başqa ölkələrə gedərkən orada bir çox çətinliklərlə rastlaşacaqlarını bilirlər. Və o çətinlikləri yaşayırlar da. O gənc müəllimlər bu çətinlikləri yaşayarkən digər tərəfdən də biri məndən "bu dəyirmanın suyu haradandır" deyə soruşmuşdu.
-Cavabınız nə oldu?
-"Bir zamanlar millətimizə yenidən istiqlalı qazandıran güc nə idisə bu maarif fəaliyyətlərinin arxasında dayanan da elə odur."-demişdim. Biz ancaq maarif və təhsillə insanların səviyyəsinin yüksələcəyinə inanırıq. Hər cür davanın, qovğanın qarşısını bu yolla alırıq deyə dünyanın dörd bir tərəfinə gedən insanımız rəğbətlə qarşılanır və güvənilən, inanılan insan kimi tanınır. Bu dəyirmanın suyu da elə oradandır...
Dialoq da, anlaşma da dini anlamdır
-Son vaxtlar dialoq və anlaşma təşəbbüsləri tez-tez səslənir. Amma bəziləri bu məsələdə səmimi olmadığınızı iddia edirlər.
-Dialoq, anlaşma və xoşgörü mövzusu mənim üçün dünyəvi mahiyyətdən daha çox, dini anlam daşıyır. Ola bilsin ki, bu mövzuda bizim səmimiyyətimizə şübhə edənlər tapıldı, amma mən bildirim ki, bu mövzuda dini qaynaqları əsas tutaraq hərəkət edirəm. Bu mövzuda bizim başımız məhz dinə bağlıdır. Din davam etdikcə o dialoq və anlaşma təşəbbüsləri də davam edib gedər.
-Dialoq dinlər arasındamı, ya mədəniyyətlər arasındamı?
-Əslində adın o qədər də əhəmiyyəti yoxdur. Dinlər arası dialoq deyərkən bir qədər məcazdan istifadə edilir. Yəni din təəssübkeşləri arasında dialoq deməkdir. Mədəniyyət məsələsinə gəldikdə isə istəyirsən mədəniyyətlərarası dialoq de, istəyirsən fəlsəfələrarası dialoq deyərək əhatə dairəsini bir az da genişləndir. Səmavi dinlərdən başqa digər inanc mənsublarının da bu fəaliyyət dairəsinə daxil edilməsi mümkündür.
-Dialoq və xoşgörü dinimizdən qaynaqlanır deyirsiniz. Peyğəmbərimiz dövründə bunun bir örnəyi, nümunəsi olubmu?
-Bəli, olub. Əfəndimiz Mədinəyə hicrət etdiyi zaman Mədinə bəyannaməsi ilə o ətrafda yaşayan fərqli din mənsublarını dialoqa çağırıb, onlarla razılığa gəlib və onları əmniyyət altına alıb.
Yazını Türkiyədə çıxan "Milliyət" qəzetinin materialları əsasında Əli Rəşid hazırladı
- tarixində yaradılmışdır.