Aləmi-xəlq, aləmi-əmr və duanın ədəbi

Sual: 1) “Qəlbin zümrüd təpələri” adlı əsərdə gerçək haqq dostlarının dünyəvi əndişələrdən sıyrılıb aləmi-xəlqə aid bütün xüsusiyyətləri və aləmi-əmrə aid bütün dərinlikləri ilə Haqqa yönəlməsindən bəhs edilir. “Aləmi-xəlqə aid xüsusiyyətlər" və "aləmi-əmrə aid dərinliklər" nə deməkdir?

  • Epistemoloji aspektdən Allahdan qeyri zahir-batin, lətif-kəsif, məşhud-qeyri-məşhud (görünən və görünməyən), canlı-cansız, dünyəvi-üxrəvi hər şeyə “aləm” deyilir. Bütün varlıq və onun pərdəarxası Həzrəti Zatın varlığının dəlili, icraatının sübutu, kamalının güzgüsü, qədər plan və proqramlarının kitab-dəftəri, hər şeyi müəyyən təfsilatla təyin etdiyi yer, eyni zamanda sifət və əsmasının təcəlli sahəsidir. Bu etibarla da görünən-görünməyən, demək olar, hər şey Onun izlərini, əlamətlərini, nişanələrini daşıdığına, hətta Onun varlığını hayqırdığına görə “Onun şahidləri” mənasında “aləm”, cəmdə isə "əvalim" və ya "aləmin" ünvanı ilə yad edilmişdir. Ağıl, ruh, nəfs, şüur, hiss və idrak kimi "Ol!" əmri ilə yaranan şeylər aləmi-əmr, maddi, cismani, tərkib və təhlil xüsusiyyətlərinə malik, zamandan asılı olan ərzi və səmavi bütün nəsnələr də aləmi-xəlq çərçivəsində götürülmüşdür. (01:02)
  • Cənabi Allah çox kiçik şeylərə çox böyük işlər gördürərək qüdrət və əzəmətini göstərir, səbəb-nəticə prinsipi ilə bu kiçik şeylərlə böyük nəticələr almağın qeyri-mümkünlüyünə işarə edir, ruhlara Müsəbbibül-Əsbabın (bütün səbəblərin yaradanı və sahibi) varlığını hiss etdirir və böyüklüyünü ortaya qoyur. (01:50)
  • Başqa sözlə, "aləmi-xəlq" “aləmi-maddi” və ya “aləmi-şəhadət” də adlandırılan görünən aləmdir, bu aləmin kiçik bir örnəyi də insandır. Aləmi-əmr isə maddi meyarlarla ölçülməyən və daha çox qanunların hakim olduğu bir aləmdir, bu aləmdə maddə deyil, məna əsasdır. (03:00)
  • Təfəkkürün iki əsas sahəsi var: “ənfus” və “afaq”. Başqa sözlə, "insanın özü" və "xarici aləm". Birincisinə "ənfusi", ikincisinə "afaqi" təfəkkür deyilir. Ənfusi təfəkkürün də iki ayrı sahəsi var: ruh və bədən. Afaqi təfəkkürün çərçivəsinə isə bədənimizi əhatə edən hava təbəqəsindən ulduzlara qədər bütün kainat daxildir. İnsan əvvəlcə evindən çıxıb sonra bazarı, dükanı gəzdiyi kimi, təfəkkürə də ilk növbədə nəfsdən başlamalı, sonra xarici aləmə keçməlidir. “Məsnəviyi-Nuriyyə”də "Ənfusi təfəkkürün təfsilatlı, afaqi təfəkkürün icmali edilməsi" tövsiyə olunur. (04:32)
  • "Həds" ərəb sözü olub mənasına görə bizdə "sezmə", fransızcada "intuisiya" (ing.-intuition) sözünə uyğun gəlir. Lüğətdə zehnin bilavasitə sürətlə məqsədsiz və qeyri-ixtiyari məbadidən (başlanğıclar) mətalib (nəticələr) çıxarması, ağıldan istifadə etmədən bilavasitə məlumat əldə etmə qabiliyyəti, duyğu orqanlarından, təcrübədən və ya ağıldan istifadə etmədən əldə olunan qavrayış kimi xarakterizə edilir. Bədiüzzaman həzrətləri bildirir ki, insan ağılla Yaradanını tanımağa cəhd göstərməsə belə, vicdanı onu Yaradanına yönəldəcək. Ustad vicdandakı hədsdən, yəni öz deyimi ilə "şimşək kimi qavramaq"dan bəhs edir. Yəni həds vicdanın ani qavrama mexanizmidir. Həzrəti Pir onu "ilham"ın altında vicdana aid bir şöbə kimi götürür (05:50)
  • Aləmi-əmr maddi meyarlara sığmayan və daha çox qanunların hakim olduğu aləmdir. Bu aləmdə maddə deyil, məna əsasdır. Mənanı qavramaq və tutmaq mümkün olmadığı üçün biz yalnız bu aləmin mülk və xəlq aləmində təzahür edən funksiyalarını görür, ancaq bunlarla aləmi-əmri anlamağa çalışırıq. Məsələn, bir toxumu və ya bir çəyirdəyi götürək. Maddi aləmə aid olan bu toxumun içindəki “həyat düyün”ü əmr aləmi ilə bağlıdır. Çünki hər bir toxum və çəyirdəkdə cücərmə, inkişaf etmə qanunu var. Toxumdakı bu “həyat düyünü” çatlayır, açılır, rüşeym başını qaldırır, beləcə fidana çevrilir və nəhayət ağaca dönüb meyvə verir. Buna səbəb olan ondakı “nümüvv (inkişaf) qanunu”dur. Bu, gözlə görülməyən, əllə tutulmayan, səsi eşidilməyən qanundur. Biz bu qanunun yalnız maddi varlığa mərhələ-mərhələ hökm etməsini müşahidə edə bilirik. Yəni aləmi-xəlqə aid xüsusiyyətlərini görüb müşahidə edir, aləmi-əmrə aid cəhətini isə görmürük, amma qəbul edirik, çünki maddi səbəblərin belə nəticə verməsi mümkün deyil. (08:25)
  • İnsanın fizionomiyası, anatomiyası, biologiyası kimi maddi, cismani xüsusiyyətləri aləmi-xəlq, iradə, lətifeyi-rəbbaniyyə, şüur, hiss kimi mənəvi tərəfi isə aləmi-əmr çərçivəsində götürülür. Bu dörd əsas rüknlə yanaşı lətifeyi-rəbbaniyyənin əsasları sayılan sirr, xafi və əxfa da bu əmr aləminə daxildir. Aləmi-əmri meydana gətirən bütün bu ünsürlər ruhla birbaşa bağlıdır. Hər birinin "seyrü-süluq”da (insanın öz mahiyyətini qavrama yolu)" həm dünyəvi, həm də üxrəvi həyatımızla bağlı müəyyən cəhətlər var.. və təbii ki, lütf edilən bu xüsusiyyətlər son qayəyə varmağa xidmət edir, məhz insan da ömrü boyu bu qayəyə çatmaq üçün can atır. (08:50)
  • “Məktubat”da deyilir: "Vücudun (varlıq) müxtəlif təbəqələri var. Və vucüd aləmləri fərqli- fərqlidir. Fərqli-fərqli olduqları üçün vücudda yerləşən bir vücud təbəqəsinin bir zərrəsi, həmin təbəqədən daha yüngül bir vücud təbəqəsinin dağı boydadır və o dağı əhatə edir. Məsələn, aləmi-şəhadətdə olan başdakı xardal boyda qüvveyi-hafizə aləmi-mənadan bir kitabxana qədər yeri əhatə edir. Və aləmi-xaricdə olan dırnaq boyda bir güzgü vücud aynasının aləmi-misal təbəqəsində böyük bir şəhəri əhatə edir" (09:30)
  • Əhli-sünnə əqidəsinə görə, cənnət və cəhənnəm yaradılmışdır və hal-hazırda mövcuddur. Ancaq hər ikisi də nüvə şəklindədir, anbaan inkişaf edir. Mayalanma mərhələləri kimi, insanın əməlləri də embrioloji mərhələdədir, hər xeyirxah əməl cənnət meyvəsini, hər şər əməl cəhənnəm zəqqumunu mayalayır. Hər ikisi də nurani vücudu ilə Meraca gedən Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) göstərilmişdir. Kəsib atmaq doğru deyildir, amma cənnət və cəhənnəmin xüsusiyyətlərini, dünyada hikmətin, axirətdə qüdrətin hakim olması kimi məsələləri düşünəndə cənnət və cəhənnəm aləmi-xəlqlə aləmi-əmr arasında model bir aləm kimi görünür. (11:00)
  • Hər şey yaradılış hikmətinə uyğun istifadə olunlmalı, dəyərləndirilməlidir. İnsan mahiyyətinə yerləşdirilən mənəvi lətifələr də mütləq yaradılış hikmətinə müvafiq hərəkətə gətirilməlidir. (14:56)

Sual: 2) "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. (Həddi aşmayın) Şübhəsiz ki, O, həddi aşanları sevməz!" (“Əraf” surəsi, 7/55) məallı ayədə keçən "duada həddi aşmaq" nə deməkdir? (16:35)

  • Dua aciz, fəqir, möhtac olduğunu dərk edən qulun təzərrö, təzəllül və təvazö ilə Rəhməti Sonsuza üz tutub hal-əhvalını Ona ərz etməsi, hər şeyi Ondan istəməsidir. Qulun iman, güvən, etimad və tövhid anlayışı da öz-özlüyündə duanı tələb edir. Bəli, dua səbəblərfövqü müqəddəs bir istəyi Haqq-taalaya ərz etməyin və Haqqın hər şeyi görməsinə qəlbən inanmağın da bir ünvanıdır. (16:55)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə buyurur: "Bir qul əl açıb Allahdan bir şey diləyərsə, tələsmədikcə duasına mütləq cavab verilər". Peyğəmbərimiz "Tələsmək necə olur, ya Rəsulullah?" deyə verilən sualı belə cavablandırır: "Dəfələrlə dua etdim, qəbul olmadı" deyib duadan əl çəkmək düzgün deyil. Dua həyata keçənə qədər davam etmək lazımdır" Bəli, Allah Rəsulu (əleyhissalatu vəssalam) "qəbul olunacağına şübhə etmədən, əminliklə" dua etməyi tövsiyə buyurur. (17:37)
  • Bugünkü gün təkcə beş vaxt namazın və ya bəzi ibadətlərin axırına sıxışdırılıb kiçildilən dua, əslində, həyatda da, həyatdan sonra da ən böyük ehtiyacdır. Həyatı duasız təsəvvür etmək mümkün deyil.
  • Dua, təzərrö və niyaz sultanı Peyğəmbərimizin həyatı dua və yalvarışla hörülmüş bir naxış mahiyyətində idi. O, səhər qalxanda, axşamçağı, gecələri, dəstəmazda, namaza hazırlaşanda, bu meraca tən ibadəti yerinə yetirəndə, azan oxunanda, iqamə ilə namaza duranda, hər ibadətin içində və axırında, yeyəndə-içəndə, yatanda, səfərə çıxanda, səfərdən qayıdanda, düşmənlə qarşılaşanda, hər cür bəla və müsibətlərə düçar olanda, gözlənilməz hadisələrlə qarşılaşanda, qeyri-adi bir şey görəndə, xəstələnəndə, kədərdə, sevincdə daim əl açır, Rəbbinə üz tutur, bəzən şükür və həmd-səna ilə coşur, bəzən də tazərrö və niyazla ikiqat olur, yalnız Ona yalvarırdı. (18:20)
  • Sualda keçən ayədə Cənabi Allah belə buyurur: "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!" (“Əraf” surəsi, 7/55) (21:06)
  • Həzrəti Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurur: "Allah-taala laübalı və qafil bir qəlbin duasını (nə dediyini bilməyən insanın qafilanə və qeyri-ciddi etdiyi duanı) qəbul etməz" (21:20)
  • Cənabi-Allah hər bir şeydə olduğu kimi, duada da həddi aşanları sevmir. Belə ki, "həddi aşma" çox dua etmək demək deyil. Təfsirlərdə "həddi aşma" barədə bir neçə fikir var: duada səsi çox yüksəltmək, qışqıra-qışqıra dua etmək ‒ bu kimi hallar həm ixlasa xələl gətirir, həm də ilahi hüzurun ədəbinə ziddir, ‒ duada yersiz (möcüzə kimi) bir şey istəmək, günah sayılan şeyləri istəmək, dua edərkən təfərrüata girmək və yersiz sözlər sərf etmək. (22:25)
  • Bir rəvayətdə Sad bin Əbi Vəqqas, başqa bir rəvayətdə Abdullah bin Müğaffəl həzrətləri oğlunun "Allahım, Cənnət girəndə sağ tərəfdəki ağ köşkü istəyirəm" deyə dua etdiyini eşidir və ona nəsihət verir: "Oğlum, Allahdan cənnəti istə və cəhənnəmdən Ona sığın. Mən Rəsulullahın (əleyhissalatu vəssalam) "Vaxt gələcək insanlar duada həddi aşacaqlar" buyurduğunu eşitdim (25:15)
  • Həzrəti Ustad "Dua və təvəkkül xeyirxahlıq hissinə böyük güc qatdığı kimi, istiğfarla tövbə də şər hissini boğur" buyurur. (26:26)
  • Qurani-Kərim; "(Bütlər yaxşıdır), yaxud əli hər yerdən üzülüb darda qalan bir insanın duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən Allah? Məgər Allahla yanaşı başqa bir ilah var? Siz nə az düşünüb danışırsınız?" (“Nəml” surəsi, 27/62) ayəsi ilə bütün çarəsiz qalan insanlara və problemlərlə mübarizə aparan toplumlara yol göstərir. Səmimi qəlbdən iztirarla edilən duanın insanı və ya toplumu “dünya varisliyi”nə yüksəldəciyini bildirir. Bəli, Cənabi Allah bütün uğurları Haqdan bilən və bir tərəfdən “ola bilsin ki, sınağa çəkilirəm” düşüncəsi ilə tir-tir əsən, digər tərəfdən də bütün xeyirxah və gözəl əməlləri Ondan bilərək Onun hüzurunda ehtiramla baş əyən qullarını heç vaxt tək qoymaz, onları dünyada nüsrəti ilə qüvvətləndirib "Dünya varisləri” ünvanı ilə şərəfləndirər, axirətdə də “Fidövs cənnəti”ninin varisliyini bəxş edər. Bu da dəlili: "Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq" (“Ənbiya” surəsi, 21/105); "Onlardır (bilin) varis olanlar – Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar! " (“Muminun” surəsi, 23/10-11) İnsan bu cür payələri Allah-taaladan diləməlidir, lakin dua edəndə qətiyyən özünü o məqamda görməməli və iddialı olmamalıdır. (29:50)
  • Duada istiqamət “ileyi-kəlimətullah”, “könüllərin fəthi”, “xidmətdən ayrılmama”, “yaxşı qarşılanma” və “ixlas istəmək” tələblərinin bərabər olmasından asılıdır. Ona görə biz belə dua edirik: Allahım! İlahi kəlamını və haqq sözü bir daha dünyanın hər yerində ucalt. Bizim və bütün qulların qəlbində imana, İslama, Qurana və iman xidmətinə sevgi oyat və bu işi bizə gördür. Göydəki və yerdəki qullarında bizə qarşı sevgi və rəğbət hissi oyat. Bizi muxlis, muxlas, müttəqi, vəralı, zahid, qürbiyyətinə nail olan, Rəbbindən məmnun və Rəbbi də ondan məmnun, Səni sevən və sevilən, huşu sahibi, təvazökar, Quran əxlaqlı qullarından et. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və bütün səhabələrinə də səlatü-salam et! Amin, min kərə, milyon kərə amin! (33:45)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.