Yaşatma idealı

Sual: “Bu gün bizim hər şeydən çox "yaşatma idealı"na xidmət edən nəsillərə ehtiyacımız var” buyurulur. “Ənaniyyət və mənəm-mənəmlik əsri” də adlanan belə bir dövrdə "yaşatma idealı"nı mənimsəmək və bu məfkurənin nəsillərini yetişdirmək nə qədər mümkündür? Qurani-Kərimdə əshabi-kiramın yüksək əxlaqi xüsusiyyətlərindən biri kimi göstərilən "isar"la "yaşatma idealı"nın qarşılıqlı əlaqəsi haqda nə deyə bilərsiniz?

  • Namaz, oruc, həcc və zəkat kimi mükəlləfiyyət və ibadətlərdə müəyyən mənada məşəqqət olsa da, dində çətinlik yoxdur. İslamın əsasında "yüsr" (asanlıq) dayanır. İnsan fitrət və xarakterini nəzərə almadan onu (İslamı) ağırlaşdırmaq və çətinləşdirmək dinin ruhuna zidd hərəkət etmək deməkdir. Rəsuli-Əkrəm Peyğəmbərimiz: "Bu din asanlıq dinidir. Heç kim gücü çatmayan mükəlləfiyyətlərin altına girərək dini keçməyə çalışmasın, (insan nə edir-etsin, nöqsansız və qüsursuz deyildir və) qalib olan həmişə dindir" məallı hədisi ilə bu həqiqətə diqqət çəkir. Elə isə insanlara gücləri çatmayan ağır məsuliyyətlər verilməklə din çətinləşdirilməməlidir. Unutmayaq ki, bünövrəsi asanlıq olub müsamihəyə söykənən bu dində bir çox “əfv yeri” var. (01:07)
  • Dinin əsasında asanlıq dayansa da, xüsusilə “fikir işçilər”i və “beyin memarları” Nəcib Fazilin ifadəsi ilə desək, o qədər səy göstərməlidir ki, öz beynini burnundan qussun. Sözü keçən, sözü dinlənən və hər sözü, hər əməli örnək sayılan bu uca insanlar işin çətinliklərinə dözməli və yaşamaqdan çox yaşatmağa çalışmalıdırlar. (02:55)
  • İşlənə-işlənə dilimizə kök salan "ideal" sözü hədəf, qayə, məfkurə və qayeyi-xəyal kimi mənalara gəlir. Ziya Göyalp "ideal" əvəzinə "məfkurə", Həzrəti Pir isə "qayeyi-xəyal" sözünə üstünlük vermişdir. Əslində bu sözlərin hamısı eyni mənaya gəlir: insanın bir qayəyə könül verməsi, həyatını bir ideala həsr etməsi, yüksək bir hədəfə can atması və oturub-duranda, yeyəndə-içəndə belə qayəsini, məfkurəsini və məqsədini unutmamasıdır. (03:48)
  • Həzrəti Ustad, "Qayeyi-xəyal olmasa və yaxud nisyan və ya tənasi edilsə (unudulsa), zehinlər ənəyə (eqo) dönüb ətrafda gəzər" buyurur. Bəli, heç bir qayəsi olmayan, olsa da zehnən buna hazır olmayan insanlar isə eqoizmin torundan, nəfsani arzularına boyun əyməkdən və sırf yemə-içmə, rahatçılıq və əyləncə üçün yaşamaqdan xilas ola bilməz. Belələri xudbinliyin xarakteristik xırıltıları ilə qürur, ücub, vəzifəpərəstlik və iqtidar ehtirasını səsləndirəcək, hər kəsə yuxarıdan baxacaq, həva və həvəsləri ilə hərəkət edəcək və ictimai məsuliyyət hissindən məhrum olacaqlar. (04:00)
  • Türk Dili Olimpiadalarında "Marsdan gələn tələbə"yə tamaşa etdik. O, “yer üzündə getmədiyimiz yer qalmasa, könül ilhamımız bütün qəlbləri süsləsə, o zaman ulduzlara sarı qanad açıb xəyallarımızı günəşin o tayına apararıq” üfüqünü göstərərək yaşatma idealı baxımından əhəmiyyətli məqamlara tərcüman olmuşdu. (04:16)
  • Dünyanın sürətlə qloballaşdığı belə bir dövrdə yer üzünün hər tərəfində gur sədanız olmasa, olduğunuz yeri belə sizə haram edərlər. Səsinizi, nəfəsinizi dünya miqyaslı “xor”a, millətinizi sayılıb-seçilən bir topluma çevirməlisiniz. Elə eləməlisiniz ki, dünyanın bir yerində sizə yavaşca toxunsalar, bütün dünya inildəsin. (05:32)
  • Yaşatma idealına könül verənlər böyük plan və layihələr dalınca düşməli, o qayəni ətrafdakılara çatdırma yollarını axtarmalıdır. Çünki məfkurə insanı sevgi qəhrəmanıdır. O bütün varlıq aləminə ürəkdən bağlı olar, hər kəsə və hər şeyə şəfqətlə qucaq açar.. ölkə və insanını dərin məhəbbətlə bağrına basar.. müxtəlif kəsimlərin arasında yaranan uçurumları sevgi ilə aradan qaldırar, impatiya körpüləri qurub hər kəsi barışdırar. Öz dininə və fəlsəfəsinə möhkəm bağlı olsa da, digər dini anlayışları, fəlsəfi görüşləri bir reallıq kimi qəbul edib "hər kəsi öz mövqeyində qəbul və hər kəsə hörmət" anlayışı ilə birgəyaşayışın yollarını axtarar. Heç kimə etnik mənşə, din, inanc, məzhəb və düşüncə fərqinə görə xor baxmaz, heç kimi incitməz. Kəndi, qəsəbəsi, şəhəri və ölkəsi ilə başlayan dostluq dairəsini bacardıqca genişlədər və nəhayət, "dünya qonşuluğu" təsis etməyə çalışar. (07:27)
  • Yaşatma idealı qəhrəmanlarının məfkurəsini Həzrəti Ustadın bu sözü ilə vermək olar: "Millətimizin imanını səlamətdə görsəm, Cəhənnəmin alovlarında yanmağa razıyam. Çünki bədənim yananda könlüm güllü-gülüstan olar". Bəli, məfkurə insanı Allahın verdiyi hər şeyi daima Ona yaxınlaşma, Onun adını yayma, Onu anlatma və Onun yolunda olma istiqamətində sərf edər. Özünün qurtuluşunu başqalarını qurtarmaqda görər, hər addımını ruhunun dərinliyində məfkurələşən məsuliyyətlə atar, fərdi məsuliyyət çərçivəsinin fövqünə varan mərhəmət iradəsi ilə və bütün insanlığı qucaqlayan əngin şəfqəti ilə itirdiyimiz ruh və mənanı dirçəltməyə çalışar. (10:15)
  • İnsanın alihimməti nə qədər ucadırsa, Haqqın dərgahında qiyməti də o qədər yüksəkdir. Alihimmətin ən bariz əlaməti isə başqalarının xoşbəxtliyi naminə maddi-mənəvi hər cür şəxsi zövq və istəklərdən keçməkdir. Qurani-Kərim əshabi-kiramın "isar" vəsfinə diqqət çəkir və məalən buyur "… özləri ehtiyac içində olsalar belə, (din) qardaşlarını özlərindən üstün tutarlar" (“Həşr” surəsi, 59/9). Başqalarını özündən üstün tutmaq mənasına gələn "isar" etoloqların fikrincə, insanın toplumun mənafeyini öz mənafeyindən üstün tutmasının, təsəvvüfçülərin fikrincə isə, insanın ən səmimi təfani (bir-birində fani olmaq) hislərlə şəxsini düşünməkdən tamamən uzaqlaşıb yaşatmaq üçün yaşamasının ünvanıdır ki, "yaşatma idealı" ilə də məhz bu xüsusiyyəti həm daha əngin, həm də bütün insanlığı əhatə edəcək şəkildə təmsil etmək nəzərdə tutulur. (12:48)
  • Yermuk döyüşündə yaralı halda yerdə uzanan və susuzluqdan yanan Haris b. Hişam, İkrimə b. Əbi Cəhil və İyaş b. Rəbiənin onlara uzadılan suyu bir-birinə ötürməsi, lakin bircə qurtum su içmədən üçünün də şəhid olması isara ən gözəl nümunələrdən biridir. Bu ibrətli səhnəni Mehmet Akif “Səfahət”ində necədə gözəl təsvir edir:

    "Huzeyfətül-Ədəvi der ki: “Hərbi-Yermukun,
    Yaman qızışdığı bir gündü, çox isti bir gün.
    İlkindi üstü bir az səngiyincə, sanki, qital* (müharibə),
    Silahı atdım əlimdən, su götürüb dərhal,
    Mücahidin arasından tələsdim imdada,
    Ağır yarayla uzaqlarda qalmış əfrada* (əsgərlər).
    Nə mərəkəydi ki, hər tərəf, sinəsi qandı yerin!
    Xudaya ürəyini açmış, yatan bu gövdələrin,
    Şəhidi çoxsa da, qazisi heçmi yox.. derkən,
    Dərin bir inləmə eşitdim... Lakin bu səs haradan
    Sırayla oxşadım sinələr bütün biruh...
    Məgər əmim oğluymuş inləyən məcruh* (yaralı).
    Dedim: "Bir az su gətirdim, içərsənmi, versəm"
    Gözüylə "Ver!" demək istəyərkən, arxadan bir ələm,
    İnilti başladı. Baxdım: Nigahı-mərhəməti* (mərhəmətli baxış),
    "Apar!" deyə işarə etdi səs gələn tərəfi.
    Nə etsəm, içməyəcək, boşdu, anladım ibram* (israr, təkid);
    O yüksələn səsə qaçdım ki, Asın oğulu Hişam.
    Görüncə kölgəmi birdən kəsildi nəvhaları* (ağı);
    Su istəyirdi qəribin dönüb duran nəzəri.
    İçirmək üzrə əyildim, üçüncü bir qısa "ah!"
    Xırıltılarla boşaldı qarşıdan, nagah* (ansızın)!
    Hişamı gör ki, o halında qaşlarıyla mənə,
    "Mən istəməm, haydı, get ver, deyirdi, hayqırana."
    Bir qədər axtardım “ah” edən o möhtəziri* (can verəni)...
    Yetişdim, “oh”, qovuşmuşdu Haqqa son nəzəri!
    Hişamı barı tapım, dedim, dərhal döndüm:
    Məgər şikarına məndən tez çatmış ölüm!
    Demək, bir əmim oğluna vardı, varsa, ümid...
    Qaçıb yanına gəldim: O qəhrəman da şəhid." (12:27)
  • Xəyallarımızda rənglənən işıqlı sabahlara qovuşmaq üçün mükəmməl plan və layihələr ortaya qoymaqla yanaşı, hətta ilk növbədə insan ruhunda "Yaşatma idealı" kimi uca bir məfkurəni oyatmağa ehtiyac var. Bəli, bu gün bizim ona-buna deyil, şəxsi mənafeyini və eqosunu bir kənara ataraq Haqq və insanlıq uğrunda şam kimi əriyənlərə.. "Mən olsam da olar, olmasam da.. ailəm, uşaqlarım, ev-eşiyim olsa da olar olmasa da.. bircə Allah millətimizə dərbədər günlərini göstərməsin!" deyə düşünənlərə... xalqın iztirabı ilə inim-inim inləyənlərə.. bir əlində elm məşəli hər yerdə bir çıraq yandırıb cəhalətlə, fanatizmlə, mədəniyyətsizliklə mübarizə aparanlara.. Xülasə, yaşamağı unudub yaşatma idealı ilə çırpınanlara ehtiyacımız var!.. (15:03)
  • Ustadın ifadəsi ilə desək "təxrib (dağıtmaq) əshəldir, asandır", zəif insan təxribatçı olur. Bir binanı tikib qurtarmaq bəzən illər çəkir, nə qədər insan əmək sərf edir. Amma bir dəcəl uşaq bircə kibritlə külə döndərə bilər o böyüklükdə binanı. Yaşatmaq idealına könül verənlərin işi isə təmirdir. Ancaq əsrlərdir, hər tərəfi darmadağın olmuş, divarları dəlik-deşik, bürcləri yerlə-yeksan bir qalanı andıran fərdi və ictimai bünyəmizi bir dəfəyə təmir edib dirçəltmək, əsl ruhunu özünə qaytarıb dünyada müvazinət ünsürünə çevirmək, onu layiq olduğu yerə yüksəltmək mümkün deyil, çünki təmir etmək çox çətindir. Buna baxmayaraq onu hissə-hissə təmir edib bir bütöv halına gətirmək və əvvəlki funksiyasını bərpa etmək hər zaman mümkündür. (16:30)
  • Bir daha qeyd edim ki, bu gün bizim ona-buna deyil, şəxsi və ailə xoşbəxtliyini bir tərəfə ataraq həyatını insanların dünyəvi-üxrəvi səadətinə bağışlayan, peyğəmbəranə əzmlə hər kəsə əl uzadan, hər kəsə qucaq açan və özünü unudub səhabə kimi ömür sürən, şam olub ətrafını nura qərq edən adanmış ruhlara ehtiyacımız var. Bu qəhrəmanlar "Bismillah" deməli, "əlif.. be.." deyib hecalayan insanlardan başlayaraq o işi axıracan davam etdirməyə çalışmalıdır. Bəli, işə "əlif.. bə.." deyən insanlardan başlamaq lazımdır. Çünki kökdən başlamayan və köklə bağlı olmayan heç bir hərəkat uzunömürlü olmaz. (19:22)
  • Millətimiz bir vaxtlar dünyada müvazinəti təmin edən ünsür olubsa, bundan sonra niyə olmasın?!. Dünən oldu, bu gün niyə olmasın?!. Raşid Xəlifələr, Əməvilər, Abbasilər, Səlcuqlular, Eyyubilər, Zəngilər, Xarəzmşahlar və s. müxtəlif dövrlərdə haqqın və ədalətin təmsilçisi oldular. Malik bin Nəbinin "Əgər İslam aləminin şimalında Osmanlı olmasaydı, bu gün İslam aləmi də olmazdı. Osmanlı olmasaydı, bu gün yer üzündə müsəlmanlıq da qalmazdı" deyə yad etdiyi əcdadımız da uzun dövrlər o abidəni ucalda bildi. Bugünkü nəsillər onların performansını ortaya qoyarsa və o keyfiyyəti əldə edərsə, Allah-taala həmin nailiyyətləri bəxş edə bilər. (21:04)
  • Nəsillərin yaşatma idealı ilə aparacağı bu təmir həm də dünyanın təmiridir. Bu gün insanlar, bəlkə də, bunu anlamırlar, belə ki, iyirmi-otuz il əvvəl bugünkü qarasevdalıların "hicrət" deyərək dünyaya yayılmasını və bu məfkurə mühacirlərinin fəaliyyətlərinin hansı gözəlliklərə səbəb olacağını da anlamamışdılar. (24:18)
  • Bəzən şəxsi-ailəvi mənafeyi və yaxınları qoruma hissi böyük layihələrin uğurlu alınmasına mane olmuş, hətta bunun üstündə didişmələr baş vermişdi. Həzrəti Ustadın "Mənfəət üstündə qurulan siyasət vəhşidir" sözü bu həqiqəti ifadə edir. Siyasət, hökumət, təşkilat və ya hərəkat mənfəət üstündə qurlubsa, demək ki, işin içində vəhşilik var. Mənafe davası insanı vəhşiləşdirir, bu mərəzə yoluxanların müvəffəq olması, üstəlik qayəyə çatması müşküldür. (26:06)
  • Sevgi dili elə bir sehrli açardır ki, onunla açılmayan kilid və qapı yoxdur. Biz pisliklərə yaxşılıqla cavab verməli, davranış və hərəkətlərimizlə düşmənləri belə yumşaldıb dosta çevirməliyik. Bunu əmr edən Allah Təaladır: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Bir də baxarsan ki, aranızda düşmənçilik olan şəxs yaxın dosta çevrilib!" (Fussilət, 41/34)deyilmişdir. (27:30)
  • Gəlin hamımız Allahdan bir az iztirab diləyək!.. Milləti düşünmə iztirabı.. aləmi-İslamı düşünmə iztirabı… İztirab layihə irəli sürmə və onu həyata keçirmə məsələsində təkanverici qüvvədir. (28:28)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.