Baharın intizarı və qıraqda-bucaqda gəzən bəndələr

Fəthullah Gülən: Bəm teli: Baharın intizarı və qıraqda-bucaqda gəzən bəndələr

Çay süfrəsində həqiqət damlaları: Baharın intizarı

  • Dünya baharın həsrətindədir, hər yan laləzarın intizarını çəkir!.. İntizar nardır (oddur): bir şeyi gözləmək odda yanmaq kimidir. (04:45)
  • Hansı baharı gözləyirik? Baharın intizarını çəkməyin Haqq qatında qiyməti nədir? (02:50)
  • Həmişə birinci diləyimiz Cənabi-Allahın rizası olmalıdır: əsas məsələ Cənnəti belə Onun fəzlindən ummaq, həqiqətdə isə yalnız Onu istəməkdir. (06:20)
  • "Varım ol Dosta verdim xanimanım qalmadı,Cümləsindən əl yudum, pəs dü cahanım qalmadı" düşüncəsi yeni dünyanı inşa edən memarları hərəkətə gətirən əsas düstur və ən böyük sərmayədir. (09:40)

Sual: “Həcc” surəsinin 11-ci ayəsi qulluqdan gen duran, sırf bir mənafeyə görə imanla küfr arasında qalan insanlardan bəhs edir. Bir hədisi-şərifdə də Allah Rəsulu “dinar, dirhəm, məxmər və qumaşın qulları"nı qınayır. Bu ayə və hədis sırf kafir və münafiqləri qəsd edir? Hizmət halqasının içində olsa da, mənafeyini güdən və ya işlərin istədiyi kimi getmədiyini görəndə bir kənara çəkilənlər də bu kateqoriyaya daxildir? (11:30)

  • Sözügedən ayədə Allah-taala buyurur: “Elə insanlar da vardır ki, Allaha sırf mənafeyi üçün, imanla küfrün arasında ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olub sevinər. Yox, əgər ona bir bəla üz versə, İslamdan üz döndərər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (“Həcc” surəsi, 22/11) (12:15)
  • Bir rəvayətə görə, bu ayənin nüzul səbəbi müəlləfeyi-qülübdan Üyeynə b. Bədr, Aqra b. Xabis və Abbas b. Mirdasın bir-biri ilə sözləşib: "Məhəmmədin dinini qəbul edək: əgər mənfəət görsək, onun haqq olduğunu qəbul edərik, əks halda onun doğru olmadığını söyləyərik" deməsidir. Ancaq ayənin hökmü ümumidir. Belə insanlar həmişə olmuşdur. (16:09)
  • Bu ayədə daha çox ilahi imtahandan çıxa bilməyib dünyanı da, axirəti də əldən verən münafiqlər qəsd olunur. Bunlar sözü ilə əməli bir olmayan, dolayısilə kamil imana çatmamış, imanı boğazdan aşağı keçməyən, hadisələri kənardan izləyən, dinin, dinlə bağlı fəaliyyətlərin mərkəzində deyil, kənarında dayanıb yola verməyə çalışan, yaxasını kənara çəkərək iman və möminlik kimi bir nemətin bəhrəsini əldən verməklə yanaşı, bəzən bəzi ağır məsuliyyət, mükəlləfiyyət və xoşuna gəlməyən işlərdə də “tədbirli” və” təmkinli” davranan, buna görə də, bala qonan milçək kimi, bir ayağını qaçaraq qoyan, həmişə qıraqda-bucaqda gəzən insanlardır. Əsri-səadətdə İslamiyyət cəmiyyətdə elə kök atmışdı ki, münafiqlər müsəlmanların arasında uzun müddət tab gıtirməmiş, onlarla ayaqlaşmağa çalışmış və tədricən onların içində əriyib əməllərindən əl çəkmişdilər. Ancaq bu gün İslam toplumunun münafiq üçün əlverişsiz olduğunu deyə bilmərik, əksinə bu muhit işə qıraqdan-bucaqdan yapışanlara geniş imkanlar verir, çünki biz dinin əsaslarını tam şəkildə yerinə yetirə bilmirik. (17:48)
  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yüksək fərasəti ilə münafiqləri belə yumşaltmış və münafiqliq virusunun ətrafa yayılmasına mane olmuşdur. Abdullah b. Übey b. Səlülə göstərdiyi münasibət bu baxımdan çox əhəmiyyətlidir. Bildiyimiz kimi, münafiqdi, hətta münafiqlərin başçısı idi. “İfq” hadisəsi kimi bir çox fitnədə onun barmağı vardı. Əksinə oğlu Abdullah isə gözəl bir mömin idi. Bir gün bu gözəl insan Peyğəmbərimizin hüzuruna gələrək "Ey Allahın Rəsulu, qulağıma çatdı ki, atam Abdullah b. Übeyyi öldürdəcəksən. Allaha and olsun, Xazrəc qəbiləsində atasına məndən çox hörmət edən adam yoxdur. Əgər qərarınızı vermisinizsə, əmr edin, onu mən öldürüm. Atamı başqası öldürsə, qorxuram ki, nəfsim məni rahat buraxmaz, onu öldürməyə təhrik edər. Kafirin yerinə mömini öldürüb Cəhənnəmə gedərəm!" demişdi. Peyğəmbərimiz ona, "Xeyr, biz ona mərhəmət edərik. Nə qədər ki, bizimlə birlikdədir, yaxşılığımızı əsirgəmərik" - buyurmuşdu. Üstəlik Allah Rəsulu Abdullah b. Übeyyin münafiq olduğunu bilə-bilə yas mərasimində iştirak etmiş, belə ki, bu hadisədən sonra "Onlardan (əbədiyyən) ölən heç bir kəsin heç vaxt cənazə namazını qılma, dua etmək üçün qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər." (“Tövbə” surəsi, 9/84) məallı ayə nazil olmuş, Peyğəmbərimiz də bir daha müşrik və münafiqlərin cənazə namazlarını qılmamış, onlara dua etməmişdir. Həmin gün Allah Rəsulu əynindən köynəyi çıxarıb Abdullah b. Übeyyin oğluna verərək "Bunu atana kəfən kimi geyindir" demiş, hər fürsətdə onların övlad və yaxınları ilə yaxından maraqlanaraq onları münafiqlikdən qorumuşdur. (19:50)
  • Bu gün münafiqlik düşüncəsi İslam dünyasına kök atmışdır. Əksər müsəlman az-çox nifaqa (münafiqliyə) bulaşmış və ya münafiqlərin oyunlarına məruz qalmışdır. Qiyamət əlamətlərindən biri də "Duxan"dır. Tüstü-duman mənasına gələn "Duxan" bir mənada hər şeyin sisli-dumanlı görünməsi, əşyanın pərdəli, mahiyyətrinə zidd şəkildə dərk edilməsi, ağın qaraya, qaranın da ağa qarışması, bəzi gözəl düşüncələrlə yanaşı şər düşüncələrin də olması və beləliklə hər şeyin qarmaqarışq vəziyyətə düşməsi mənasına gəlir. Duxan düşüncə bombardımanının ardı-arxası kəsilmədiyi, şər güclərin fikir adamlarını inkar bataqlığına sürüklədiyi, haqqın batil kimi göstərilib batilin haqq kimi nümayiş etdirildiyi, xeyrin şərə, gözəlin çirkinə, doğrunun yalana qarışdığı bir dövrün rəmzi ola bilər. Duxan səthi mənada, atom və ya hidrogen bombasının meydana gətirdiyi toz buludu və bundan doğan maddi fəlakət də ola bilər. Ancaq hədisi-şəriflərin bildirdiyinə görə, Duxan münkiri öldürəndə möminləri də zökəm (soyuqdəymə) edəcək ki, bu, ağıla başqa mənalar gətirir. Zökəmin lüğəvi mənası "soyuqdəymə" olsa da, ərəblərə xas deyim olub “bir şeyin təsirinə düşmək”, “qibtə etmək”, “bir şeydən ötrü ağzın sulanması”, “ağzının suyunun axması” mənalarında işlədilir. Axırzamanda ortaya elə şeylər atacaqlar ki, inancsızlar özünə hakim ola bilməyəcək, özünü itirəcək, şüursuzca içinə atılacaq və həlak olub gedəcəklər. Möminlər isə bu sonradan çıxan aqibəti məchul şeylərə dərhal qapılmayacaq, amma onların da başı fırlanacaq, gözü bulanacaq və qısa müddət də olsa çaş-baş qalacaqlar. (26:45)
  • Allah Rəsulu (s.ə.s.) "Vay dinar, dirhəm, məxmər və qumaşın qullarının halına!.. Onlar elə mənfəətpərəst insanlardır ki, dünya malı versən, razı qalar, verməyəndə (umduğunu tapmayanda) hirslənər və narazılıqlarını bildirərlər."(30:27)
  • Bizim dünyamızda azadlıq "Allahdan qeyri heç bir şeyə və heç kimə qul olmamaq, heç bir şeyə baş əyməmək"dir. Ömrünü cismani həzlərin dalınca sürünə-sürünə keçirən, nemətlərə şükür etmək əvəzinə daha da azğınlaşan və var-dövləti çoxaldıqca hərisləşib daha da harınlaşan, həmçinin əlində olan imkanları itirmə qorxusu ilə tir-tir əsən bir bədbəxti - dünyanın hökmdarı da olsa - azad saya bilmərik. Çünki bizə görə həqiqi azadlıq ancaq insanın qəlbən dünyəvi qorxulardan, mal-mülk ehtirasından qurtulub Haqqa yönəlməsi sayəsində mümkündür. Buna görə də Allah Rəsulu (s.ə.s.) dünya malına könül verən və daim onu düşünən insanları "dinar, dirhəm, məxmər və qumaşın qulları" kimi xarakterizə etmiş və qınamışdır. (33:03)
  • Hər möminin hər xüsusiyyəti mömin olmaz - kaş ola!- qaydasına görə, bəzi möminlər də belə münafıq fikirlərin təsirinə düşə bilər. Küləklərin onların arzuladığı yöndə əsməsini, yağışların onların istəyinə görə yağmasını, kainatdakı qədərin onların xəyallarına görə cərəyan etməsini istəyə bilərlər. İlk dövrlərdə bu cür həvəslərlə gələn, umduğunu əldə edə bilməyincə də İslamdan üz döndərən insanlar vardı. Bu gün də mənəviyyatını itirən, fikirləri, hisləri qarışan insanların çıxması qaçılmazdır. (34:54)
  • Mərhum M. Akif Ersoy “Ali-İmran” surəsinin 26-27-ci ayələrindən ilham alaraq deyir:

    "İlahi, Malikül-mülküm deyirsən, doğru, amənna.
    Həqiqi bir təsərrüf varmı insan üçün? Əsla...
    Əgər almışsa, bir millət edib bir mülkü istila
    Əgər vermişsə bir millət, bütün bir mülkü bipərva
    Alan Sənsən, verən Sənsən, Sənin mülkündədir dünya. " (37:22)
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.