Əshabi-kəhf, Xızır və Zülqərneyn

Sual: “Kəhf” surəsində keçən qissələrin hər birini ayrı-ayrı hadisələr kimi, yoxsa bir dirçəlişin və ya bir mədəniyyətin keçdiyi yolun mərhələləri kimi götümək lazımdır? Əshabi-Kəhfin vəziyyəti, Həzrəti Musanın Həzrəti Xızırla səyahəti, Həzrəti Zülqərneynin səfərləri və səddi müasir insana nədən xəbər verir?

  • “Kəhf” surəsində keçən hadisələrin, demək olar, hər biri bir sirdir. Burada bir mənada bəşəriyyətin tarix boyu keçdiyi mərhələlər bəşər övladına təqdim edilərkən vaqiələrin qəhrəmanları məchullaşdırılır, kəlmələr maddi aləmin çərçivəsindən çıxış etsə də, metafizik yönümlüdür. Hadisələr rəngarəng təsviri fonunda hər bir qəhrəman sirli və sehrli varlıq təsirini bağışlayır, kəlmələr onları mübhəmləşdirir. İnsan onları müəyyənləşdirməkdə çətinlik çəkir. Zənnimcə, əsas məsələ də budur, çünki verilən hadisələr bütün bəşəriyyətin həyat macərasıdır. Quranın bəyan etdiyi vaqiələr insanın yazdığı ssenarilər kimi təxəyyülün məhsulu deyil, həqiqətin özüdür. Bu hadisələri peyğəmbər və əməlisaleh insanların timsalında səhnələşdirən Həzrəti Allah (cəllə cəlaluhu) insanlar ibrət götürsünlər deyə Kəlami-Qədimi ilə Peyğəmbərinə bildirmişdir. Bizim də borcumuz onlardan ibrət almaqdır. (01:00)
  • Əshabi-Kəhf Allah inancından uzaqlaşıb bütpərəstliyi seçən cəmiyyəti tərk edərək mağaraya sığınan, axirət inancı və ölümdən sonra diriliş məsələsində insanlara ibrət olan bir neçə gəncdir. Bu gənclər şərin hakimiyyətinə əməli surətdə müqavimət göstərə bilmədiklərinə görə dini yaşamaq üçün sarayı tərk edib mağaraya üz tuturlar. Allahın mərhəməti ilə mağarada uzun yuxuya gedirlər, Romalılar da mağaranın ağzını bağlayıb onları ölümlə üz-üzə qoymaq istəyirlər. Üç yüz ildən sonra gənclər yuxudan oyanır, bu möcüzəyə şahid olan dövrün idarəçiləri mağaranın yanında bir məbəd tikdirir və sonralar bu yer ziyarətgaha çevrilir. Qurani-Kərim Əshabi-kəhfin yeri barədə açıqlama vermir. Anadoluda Tarsus və Efesdə olduğu kimi İspaniya, Əlcəzair, Misir, İordaniya, Suriya, Əfqanıstan və Şərqi Türkistan başda olmaqla dünyanın bir çox bölgəsində Əshabi-kəhf mağarası kimi tanınan məkanlar var. Bunun bir hikməti ola bilər ki, bu, təkcə bir yerdə baş vermiş məhəlli bir hadisə deyil, dünyanın bir çox yerində inanan insanlar mağaraya sığınma və "təhənnüs (ibadət üçün kənara çəkilmək)" dövrü keçirmişlər. Quran məsələyə qeyd-şərtsiz yanaşmaqla buna işarə edir və bütün diyarların Əshabi-kəhfini diqqətə çatdırır. Bəlkə də, hər bir ümmət arasında bir Əshabi-kəhfin mövcud olduğunu göstərir.(03:35)
  • Həzrəti Musa bir münacatında Cənabi Allahdan ondan daha bilikli bir insanın olub-olmadığını soruşur. Məqsədi bununla fəxr etmək deyil, həmin adamın elmindən yararlanmaqdır. Cənabi-Allah ona belə bir insanın olduğunu və görmək üçün "Məcməül-Bəhreyn"ə getməyi vəhy edir. Həzrəti Musa əmrə tabe olub bir gənclə yola düşür, müfəssirlərin müştərək qənaətinə görə bu gənc Yuşa b. Nundur. Xeyli yol gedəndən sonra bir qayanın yanına çatırlar. Burada bir qədər istirahət edirlər. Birdən zəmbildəki ölü balıq dirilib dənizə atılır və gözdən itir. Demək, həmin yerin bambaşqa mənəvi ab-havası vardı. Burada Cənabi Allahın açıq-aşkar Hayy isminin təcəllisini görürük. Əslində məqami-Xızırda hər şey canlıdır. Güman ki, o aləmə girəndə Hayy isminin təcəllisi ilə balıq birdən cana gəlib suya atılır. Həzrəti Musa ilə Yuşa b. Nun (əleyhiməssalam) yola davam edirlər. Yorulub acanda Həzrəti Musa yemək yeməyi təklif edir. Hz. Yuşanın yadına düşür ki, balıq dirilib dənizə atılıb. Onda başa düşürlər ki, balığın dirildiyi yer görüş yeridir və geri qayıdırlar. Həmin yerə çatanda görürlər ki, Xızır (ə.s.) oradadır. Quran Hz. Xızırı bizə "lədün elmi" verilmiş bir bəndə kimi tanıdır. Həzrəti Musa ona fikrini açır və ona tabe olmaq istədiyini söyləyir. Ancaq Xızır Hz. Musanın bu səfərə dözə bilməyəcəyini deyir. Peyğəmbərimizin hədislərində bu hadisə belə rəvayət olunur: Xızır əleyhissəlam Həzrəti Musaya: "Allah sənə bir elm öyrədib. Mən onu bilmərəm. Mənə öyrətdiyi elmi də sən bilməzsən," deyir və dimdiyini dənizə batırıb çıxaran bir quşu göstərib: "Ya Musa! Bu quşun dimdiyinə bulaşan su ümmanın yanında nədirsə, bizim biliyimiz də Cənabi-Allahın elminin yanında odur." Başqa aləmlərdə cərəyan edən o səyahətdə Həzrəti Xızır bir gəmini yararsız hala salır, bir uşağı öldürür və insanlar onlara yemək verməsə də, orada bir divarı təmir edir. Zahirən baxanda bu işlərin hamısı xəta kimi görünür, ona görə də Həzrəti Musa etiraz edir. Ayrılıq vaxtı çatanda Xızır bu hadisələrə aydınlıq gətirir. Bu cür səyahət hər zaman və dövrdə olmalıdır. İnanclı insanlar təkcə zahiri elmlərlə kifayətlənməməli, qəlb və ruh dünyasını hərəkətə gətirib lədün elminə yiyələnməyə çalışmalıdır. Səfər həm də çilə və seyrü-süluqun (mənəvi tərəqqinin) rəmzidir. Bu uzun səfərin hər məqamının özünməxsus qanunları var və buna ancaq o yolun yolçuları bələd olur. Səhabədən sonra tabiun da bu işi layiqincə yerinə yetirmiş və elm öyrənmək məqsədi ilə uzaq ölkələrə getmişdir. Bu məqsədə çatmaq istəyənlər bu yolu keçməyə məcburdur. Demək ki, bu hadisə qiyamətə qədər insanlar üçün ibrət olacaq və hər bir elm adamı öz səviyyəsinə görə buradan bir məna çıxaracaq. (06:46)
  • Zülqərneyn iki buynuzlu, iki istiqamətli, iki şaxəli və ya iki dövrə hökm edən insan deməkdir. Quranda Zülqərneyn adı keçsə də, kimliyi bilinmir, bu hadisədə də məchulluq davam edir. Ona Topal Filipin (Philippos) oğlu Böyük İskəndər deyənlər var. Halbuki Zülqərneyn Həzrəti İbrahimin dövründə yaşamışdır. Hətta Həzrəti İbrahimlə Hz.Zülqərneynin görüşməsi haqda rəvayətlər də var. Odur ki miladdan 300 il əvvəl yaşayan Böyük İskəndər Zülqərneyn ola bilməz. Hz.Zülqərneynin Ximyerdən olması ehtimal edilir. Çünki Yəmən dilində adların başına "Zülmənar", "Zülyəsar" və s. kimi "zü" şəkilçisi əlavə edilir. Rəvayətdə keçən, şərqlə qərb sözləri ilə başdan-başa Afrika qitəsi nəzərdə tutula bilər. Hz.Zülqərneynin oradan Çinə getməsi də mümkündür. Həzrəti Zülqərneynin peyğəmbərliyi şübhəli olsa da, o zahir və batin elminə bələd bir insandır. Dünyanın şərqinə, qərbinə səyahət edir. Əvvəlcə Bəhri-mühitə, sonra məşriqə tərəf gedir. Orada paltar geyinməyən insanlarla qarşılaşır. Yoluna davam edib iki sədd arasına çatır. Burada dillərini bilmədiyi bir xalq ona Yəcüc və Məcücdən bəhs edir və onlardan qorunmaq üçün bir sədd tikməsini xahiş edir. Zülqərneyn onların səddin xərclərini ödəmək istəyini qəbul etməyib işə başlayır və iki təpə arasında dəmir və ərinmiş mis xəlitəsindən sədd tikir. Yerli xalq da səddin inşasına kömək edir. (09:36)
  • Bir daha təkrar edim ki, Hz.Zülqərneynin kim olduğunu bilmirik. Bildiyimiz bir şey varsa, o da onun bir həqiqəti təmsil etməsidir. Elə bizim üçün əhəmiyyətli olan belə bir həqiqəti kəşf etməkdir. Zülqərneyn ətrafı səbəblərlə əhatə olunmuş və Cənabi-Allahın "müqnət (güc-qüvvə)" verdiyi bir insandır. Heç bir hadisə onu sarsıda bilməz. O, həyatın bütün sahərlərində səlahiyyətli şəxsdir. İctimai həyata bütün təfərrüatı ilə bələddir. İqtisadi və hərbi biliyi də kifayət qədər yüksəkdir. O, eyni zamanda bir ibadət insanı, əsl zahiddir. Bütün səbəblər səfərbər edilib onun əmrinə verilmişdir. Lazım gələndə irşad heyətləri göndərir, lazım gələndə də dünyanı fəth etmək üçün şərq-qərbə hərbi səfərlər təşkil edir. Odur ki tarix səhnəsinə Həzrəti Süleymandan Həzrəti Ömərə, ondan da Qanuni Sultan Süleymana qədər bu həqiqəti təmsil edən bir çox Hz.Zülqərneyn çıxmışdır. Çünki bu hadisələr təkcə bir dövrə və bir coğrafyaya aid hadisələr deyildir. Belə hadisələrin hər dövrdə və hər yerdə baş verməsi mümkündür və qəhrəmanları da konkret şəxslərlə məhdud deyildir. Bəlkə də, bu qəhrəmanlar dünyanın müxtəlif yerlərinə səpələnmişdir. Həzrəti Adəmdən bəri qurulan (inşaallah qiyamətə qədər davam edəcək) hər cür iradi ittifaq bu həqiqətin bir hissəsidir və Cənabi-Allah bunu bir sirr kimi icra edir. (12:00)
  • Həzrəti Hz.Zülqərneynin səddi barədə də müxtəlif rəvayətlər mövcuddur ki, bu səddin məşhur Çin səddi olduğunu deyənlər də var. Belə bir fikir var ki, guya bu sədd çinliləri türklərdən qorumaq üçün tikilmişdir. Bəzilərinə görə isə Azərbaycanla Dağıstan arasında inşa edilmiş Dəmirqapı Dərbənd səddidir. Bəlkə də, bu, Ural dağlarında yerləşən səddir və ya bunlardan heç biri olmayıb Berinq boğazındaki keçiddir. Bunlar haqqında məlumatımız yoxdur. Səddin keyfiyyətini də dəqiq bilmirik. Təkcə onu bilirik ki, Zülqərneyn vasitəsi ilə dünya dövlətləri arasında layiqli yerini tutmaq, güclü olmaq və daima haqsızlığın qarşısını sədd kimi kəsmək dövrünün cizgiləri verilir. (17:10)
  • Mömin Qurani-Kərimdə keçən hər surə, hər məqtə, hətta hər ayənin bir mənada ona xitab etdiyini qəbul etməlidir. Bu aspektdən baxanda, “Kəhf” surəsində keçən qissələrin əslində bizimlə çox ciddi əlaqəsi var. Məsələn, Əshabi-Kəhfdən bəhs olunan ayələrdə "təlattüf (nəzakət və lütflə hərəkət etmək)" və - Həzrəti Ustadın ifadəsi ilə- "sirrən tənəvvərət"[1] düsturları diqqətə çatdırılır. Lütfkar olmaq hərəkət və davranışlarını Quranın əsasları ilə tənzimləmək zərurətini daşıyanlar üçün əvəzolunmaz bir düsturdür. Lətif əsmaül-hüsnadan, yəni Cənabi-Allahın uca isimlərindən biri olub Quranda da yer almaqdadır. Allah Lətifdir. O, insanların qəlbini lütfləri ilə süsləyir. İnsanlar hiss etməsə də, İlahi əsintilər səssiz-sədasız onları bürüyür. Bəzən çox xırda bir hadisə ilə bəxş edilən böyük lütf arasında əlaqə qura bilməzsiniz. Bir digər aspektdən Lətif ismi İlahi təcəllilərin, mübarək feyzlərin bilmədiyimiz bir yerdən axıb ruhumuza nüfuz etməsi deməkdir. Beləcə, insan iman baxımından birdən-birə içində bir rahatlıq hiss etməyə başlayır. Odur ki, iman onun üçün ən zövqlü dəyər, küfr isə ilan və əqrəblər içinə düşmək kimi ən pis və çirkin bir hissə çevrilir. Təlattüf bu mənada Quran və iman yolunda həyata keçirilən fəaliyyətlərin, görülən işlərin heç kimi narahat etmədən, səs-küysüz və nümayişsiz ortaya qoyulmasıdır. Ziya Paşanın “Ərbabı-kamali çəkəməz naqis olanlar / Rəncidə olur dideyi-xüffaş (yarasa gözü) ziyadan " misrasıyla dediyi kimi, işıqla da, nurla da olsa, heç kəsi narahat etməməyi, paxıllığa səbəb olmamağı və insanları düşmənçiliyə sövq etməməyi məqsəd bilməliyik. (19:55)
  • Əshabi-Kəhf illərlə yuxuya getdikləri mağarada qəbirdən qalxanlar kimi qalxmış, müşriklərlə mübarizədə uğur qazandıqlarını görmüş və dilədikləri ilahi mərhəmətin təcəllisini müşahidə etmiş, dolayısilə əvvəldən inandıqları kimi Allahın vədinin haqq olduğunu təsdiq etmişlər. Bu hadisələrdən sonra təkrar mağaraya çəkilib qiyamətə qədər yuxuya getmişlər. Çünki onlar üçün əsas məsələ vəzifə idi. Vəzifəni yerinə yetirəndən sonra artıq onlar üçün axirət daha gözəl və xeyirliydi. Xalqın təqdir edib alqışladığı və beləcə axirətin azuqəsini dünyada yeyib qurtaran bir insan olmaqdansa, ölümə üstünlük vermişlər. Məhz bu qərarla da müqəddəs məfkurəyə könül vermiş bütün insanlara gözəl nümunə olmuşlar. (26:50)
  • Həzrəti Musa ilə Həzrəti Xızır qissəsində də bir çox ibrətli hadisələr var, onlardan biri də budur: bir insan Musa da olsa, Xızır kimi bir rəhbərin önündə diz çökməyi bacarmalı və elmini artırmaq, seyrü-sülüqunu tamamlamaq üçün tələbəliyə can atmalıdır. Bu, eyni zamanda təvazökarlıq əlamətidir ki, Həzrəti Rəsuli-Əkrəmə isnad edilən bir gözəl söz var: "Başı aşağı olanı Allah yüksəltdikcə yüksəldər, mütəkəbbir olub təşəxxüs satanı da yerin dibinə batırar." (28:00)
  • Zülqərneynlik ilk növbədə mağarada, Əshabi-Kəhf olmaqla başlayır. Yeri gəlmişkən,əsl qəhrəmanlar saflığını qoruyan, Allahın ipindən möhkəm yapışan və ilk səmimiyyəti axıra qədər itirməyəndir və insanlığın qara taleyini də onlar dəyişdirəcəklər. Bağ-bağçaya, mal-mülkə könül verənlərin, bir evlə kifayətlənməyənlərin, ən qiymətli sərmayə olan ömrü bu cür lüzumsuz arzu və istəklərin yolunda hədər edənlərin isə Zülqərneyn olmağa haqqı yoxdur, buna layiq də deyillər. Müasir dünyanın Zülqərneynin təmsil etdiyi həqiqəti təmsil edən insanlara ehtiyacı var. Ölkəmizi dünya dövlətləri arasında layiqli yerinə yüksəltmək, sözünü kəsərli etmək və onu haqsızlığın qarşısında dayanan səddə çevirmək millətimizin qayəsi olmalıdır. (30:18)
  • Hədisi-şəriflərdə bildirildiyinə görə, cümə günü “Kəhf” surəsinin ilk (bir rəvayətdə son) on ayəsini oxumaq Dəccalın fitnəsinə qarşı qalxan olur. İnsan həmin surədə keçən –Əshabi-kəhfin möcüzəvi şəkildə qorunması kimi– ilahi icraatı düşünərək ayələri tilavət edib Onun inayət və hifzinə səslənsə, inşaallah, axırzaman fitnələrindən qorunar. (33:36)

Sirrən tənəvvərat - Gizli işıqlanma ve nurlanma deməkdir. Üstəlik müsbət hərəkət, asayişi pozmadan, səs-küy çıxarmadan, nümayişkarlıqdan uzaq olmaqdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.