Ən böyük ziyan

Çay süfrəsində həqiqət damlaları... (00:28)

  • Lüğətdə doğruluq mənasına gələn “istiqamət” sözü termin olaraq etiqad, əməl, müamilə (sosial münasibətlər) və digər bütün davranışlarda ifrat və təfritə uzaq olub təqva halqasına girərək nəbilərin, siddiqlərin, şəhidlərin və salehlərin izi ilə getməyə etina göstərmək deməkdir. Ancaq istiqamətin də dərəcələri vardır. Allah Rəsulu (s.ə.s.) bir yerdə ““Hud” surəsi məni qocaltdı!”, bir hədisində isə ““Hud” və ona bənzər surələr belimi bükdü, saçlarımı ağartdı!” buyurmuş, bununla da “Sənə əmr edildiyi kimi doğru ol!” (“Hud” surəsi, 11/112) ayəsinə diqqət çəkmişdir. Bəli, Allah Rəsulu “İstiqamətdən ayrılma!” əmrini öz dərin qulluq səviyyəsinə görə anlamış və bu mehvərdə yaşamışdır. (01:33)
  • Bilik nəzəri olaraq qaldıqca istiqamət verməyə kifayət eləmir, o, insanın xarakterinə hopmalıdır. (04:20)
  • İlahi məiyyət (Allaha yaxınlığa) taxtına oturmaq Allahın sənin qəlbində taxt qurmasından asılıdır. Rəsulullahın (sallallahu əleyhi və səlləm) məiyyətinə nail olmaq istəyirsənsə, Onu könül taxtının şahı et! “Kaş Sənin Musabın olaydım!.. Kaş Ənəs kimi çarıqlarını sinəmə sıxaydım, baxışlarının həsrətinə yanaydım!..” deyə düşünmək və həyatı bu kimi duyğu-düşüncələrlə süsləmək o biri dünyada böyük mükafatlara vəsilə olacaqdır. (05:57)
  • Allah-taala Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm): “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (“Maidə” surəsi, 5/3) ayəsi ilə ilahi rizanın əkməliyyət (mükəmməllik, qüsursuzluq) və ətəmiyyətdən (tamlıq, bütövlüq) asılı olduğunu buyurmuşdur. (08:50)
  • Gələcək Allahın vəli (övliya) qullarına əmanətdir. (10:00)

Sual: “Kəhf” surəsinin sonunda axirətdə ən böyük ziyana məruz qalanların dünyada xeyirxah işlər gördüyünü zənn edən bəzi mağrur insanlar olacağından bəhs edilir. Dünyada zahirən saleh dairədə olan və saleh əməllər işlədiyini zənn edən, amma axirətdə ən böyük ziyana məruz qalan talesizlərdən olmamaq üçün hərəkət və davranışda, o cümlədən fəaliyyətlərdə ən çox nələrə diqqət etməliyik? (12:35)

  • Allah-taala buyurur: “De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.” (“Kəhf” surəsi, 18/103-104) (13:10)
  • Bu ilahi bəyanın bir ucu kafirlərə, bir ucu əhli-zəlalətə (İslamiyyətdən çıxanlar), bir ucu da günah və pis əməllərdən heç cür əl çəkə bilməyən insanlara gedib çıxır. O cümlədən bu ayələr mücahidənin ilk mərhələsi sayılan hicrətlə və hicrətdən sonrakı əməlləri ilə özünü göstərmək məqsədi güdən, alqış gözləyən, barmaqla göstərilmək niyyətini daşıyan, tutduğu mövqedən öz mənafeyi üçün istifadə edən və beləcə fərqinə varmadan böyük ziyana uğrayan insanları da əhatə edir. (16:33)
  • Ayələrdə keçən “habita” sözü bir heyvanın zəhərli bir bitki yeməsi nəticəsində qarnının şişməsi, sonra da partlayıb ölməsi mənasına gəlir. Bu söz müşrik və riyakarların yaxşı əməllərini olduqca gözəl təsvir edir. Çünki bu əməllər parlaq, uğurlu, səmərəli görünür. Ancaq axirətdə bunların heç bir qiyməti olmayacaq. Belə ki, bir hədisdə buyurulur: “Qiyamət günü neçə-neçə kök və iri cüssəli adam gəlib keçəcək ki, onların Allahın dərgahında ağcaqanadın qanadı qədər dəyəri yoxdur.” (22:52)
  • Əməlin ruhu ixlasdır. Nübüvvət yolunun yolçuları heç bir əməlində mükafat gözləməməli və daim ixlasla hərəkət etməlidir ki, axirətdə o böyük ziyana məruz qalanlardan olmasınlar. Bəşəriyyətin iftixarı sayılan peyğəmbərlər ömürlərini istiğnayla (gözü-könlü toxluq) keçirmiş, yalnız Allahdan istəmiş, dərdini yalnız Ona açmış, risalət vəzifəsi, gördükləri işlər və etdikləri fədakarlıq müqabilində təmənna ummamış, mükafat istəməmişlər. Qurani-Kərim bir çox ayədə buna diqqət çəkir, məsələn “Şuəra” surəsində Hz. Nuh, Hz. Hud, Hz. Saleh, Hz. Lut və Hz. Şueyb (ala nəbiyyina və əleyhimussalatu vəssalam) kimi peyğəmbərlərin “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir şey istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 26/109) dediyini göz önünə sərir. (25:19)
  • Xidmət ərənləri bu düşüncədə olmalı və buna layiq şəkildə hərəkət etməlidirlər: "Allahım, bizi bağışla, Sənin əfvini diləyirik, Səndən maddi-mənəvi sağlamlıq və səhhət istəyirik, hər şeydən əvvəl Sənin rizanı diləyirik. Allahım, bizi boş əməllərin dalınca sürüklənməkdən hifz et, qəlbimizi məmnun olduğun hərəkət və davranışlara istiqamətləndir, bizə sevdiyin və razı olduğun əməllər nəsib et.”(27:00)
  • “Kəhf” surəsinin əvvəlində qulluqdan bəhs olunduğu kimi, sonunda da İnsanlığın İftixarı Peyğəmbərimizin timsalında yenə qulluq, saleh əməl və ixlasdan danışılır: “De: “Mən də sizin kimi bir insanam. Bir fərqlə ki, mənə vəhy olunur ki, sizin ilahınız yalnız bir olan Allahdır. Kim Rəbbinə qovuşmağı (liqaullah) ümid edirsə yaxşı işlər görsün (əməlisaleh) və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf” surəsi, 18/110) (30:20)
  • Bu ayə kafir, müşrik və münafiqlər kimi, möminlərə də bir xəbərdarlıqdır. Zira Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Sizə görə ən qorxduğum şey kiçik şirkdir” deyə buyuranda səhabələr “Kiçik şirk nədir?” deyə sual verirlər. Peyğəmbərimiz (s.ə.s.): “Riya” cavabını verir. Bir rəvayətdə “əşşirkül-əsğar” yerinə “əşşirkül-xafi (gizli şirk)” ifadəsi keçir. Allaha gizli şərik qoşmaq nədir? Gizli şirk və ya bəzən ən təhlükəli hala gələn kiçik şirk nümayişkarlıq, (xeyirxah əməllərini) eşitdirmək, alqış gözləmək, özünü göstərmək və əməllərin müqabilində (dünyada) mükafat istəməkdir. (36:49)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.