İncimək deyil, dözmək gərək!

Fəthullah Gülən: İncimək deyil, dözmək gərək!

  • İnsanlara dirilik suyunu içirməkçin əvvəla diri olmaq lazımdır. Qəlb və ruhumuz dirilmədən insanlara abi-həyat çeşməsini göstərə bilmərik. (00:33)
  • Nəfs məhbəsindən, cismanilikdən qurtulmayan, ruh və qəlb dünyasına qanad açmayan insandan bir şey gözləmək əbəsdir. Bu gün bəzi inciklikləri də bundan qaynaqlanır. Xırda şeylərdən inciyirik, tez küsürük, dərhal narahat oluruq. Qaynamamış, bişməmiş, yetişməmişik. (02:20)
  • İman və Qurana könül verən, gündə beş dəfə Allah dərgahına baş qoyan insanların vəzifəsi incitsələr də, inciməmək, küsdürsələr də, küsməmək, illah da nəsə deməlidirsə, “Allahım, bizi də, onları da islah elə!” deyə dua etməkdir. (05:10)
  • Başımız incikliyə, küsülülüyə qarışsa, incikliyə, küsülülüyə tabı olmayan əsas işlər yarımçıq qalar. (07:00)
  • “Canım canan istərsə, minnət canıma \ Can nədir ki, anı qurban etməyəyim Cananıma!” (Füzuli) (08:08)
  • Zənnimcə, Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) ürəkdən inanan və azca da olsa, bağlı olan bir insan Onun mübarək başının yarıldığını hər dəfə düşünəndə cuşa gəlib “Kaş bu başım Onun qarşısında qaya kimi sipər olaydı, qılınc zərbələri mənə dəyəydi!” deyər. Uhudda canını sipər edən Musab ibn Umeyr (radiyallahu anh) kimi... (10:20)
  • Musab ibn Umeyr həzrətləri (radiyallahu anh) Uhudda Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) önündə qılınc çalırdı. Bir qolu qopanda o biri qolunu uzadır, onu da itirəndə “bircə başım qaldı” deyib kin-nifrətlə qalxan qılıncların ağzına başını uzadır. Əbədi aləmə də həyatı kimi məhviyyətlə, üzü-gözü toz torpağa qarışmış halda köçüb gedir. Bir rəvayətə görə Nəbilər Sərvəri (sallallahu aleyhi vəsəlləm) Musabın başı üstündə belə buyurmuşdur: “Musab nə qədər canında can var, məni qorumağa, mənə zərər gəlməsinə imkan verməməyə söz vermişdi. İndi əlləri, qolları doğrandığına görə “Birdən Rəsulullaha bir xətər yetirərlər” deyə utancından üzünü örtüb”. (10:40)
  • Allah Rəsulu heç vaxt inciməmişdir. Uhud ərəfəsində döyüş planı haqda məşvərət etdikdən və onların fikirlərinə hörmət edərək meydan döyüşünə çıxdıqdan sonra çoxlu şəhid verilsə də, mübarək başı yarılıb dişi qırılsa da, heç kimdən inciməmiş, baiskar axtarmadan heç bir şey olmamış kimi səhabələri toplayıb onlarla məşvərət etmişdir. (11:20)
  • Hudeybiyyə sülhü bir çox cəhətləri ilə mömunlər üçün ilham mənbəyidir. Hudeybiyyə sülhü Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) təmkini, fətanəti (peyğəmbər zakası), səbri, dözümü, qətiyyəti, küsüb inciməməsi baxımından da ibrətamizdir. (12:44)
  • Hudeybiyə sülh müqaviləsində elə ağır maddələr vardı ki, Həzrəti Ömər (radiyallahu anh) dözə bilməyib Allah Rəsuluna (sallallahu aleyhi vəsəlləm): “Sən Allahın Rəsulu deyilsən?” demişdi. Allah Rəsulu burda da həlimlik göstərib halını pozmadan Həzrəti Ömərin (radiyallahu anh) suallarına təmkinlə cavab vermişdi: “Bəli, mən Allahın Rəsuluyam.”

    ‒ Biz haqq yolda deyilik?
    ‒ Bəli, haqq yoldayıq!
    ‒ Bəs bu zillətə niyə dözürük?
    ‒ Mən Allahın Elçisiyəm və Ona üsyan edə bilmərəm.
    ‒ Sən demədin ki, Kabəni ziyarət edəcəyik?
    ‒ Bəli, dedim, amma “bu il edəcəyik” demədim.

    Sonraları Həzrəti Ömər bu hadisəni hər dəfə xatırlayanda iztirabdan qəddini bükmüş, peşmançılıq hisləri ilə köks ötürmüşdü. Öz sözləri ilə desək, buna görə çoxlu sədəqə vermiş, nə qədər oruc tutmuş və neçə dəfə əfv diləmişdi!.. (21:15)

  • Hüdeybiyyə müqaviləsi müsəlmanların izzəti-nəfsinə bərk toxunmuşdu. Heç kimdə yerindən tərpənməyə macal qalmamışdı. Bu vaxt Allah Rəsulu ümrəyə niyyət edənlərə qurbanları kəsməyi və ehramdan çıxmağı əmr etdi. Ancaq səhabələr: "Görəsən, verilən qərarda bir dəyişiklik olacaqmı?" – deyə düşünüb gözlədi. Allah Rəsulu əmrini bir daha təkrar elədi. Lakin səhabələr yenə də ümidlə gözlədilər... Bu, əsla Allah Rəsulunun əmrlərinə qarşı çıxmaq deyildir. Onlar fərqli bir əmr gözləyirdilər, çünki Kəbəni təvaf etmək niyyəti ilə yola çıxmışdılar. Hüdeybiyyə müqaviləsinin icrasına başlamadan, bəlkə də, bir dəyişiklik etmək mümkündü. İki Cahan Sərvəri səhabələrin əhval-ruhiyyəsini hiss edib dərhal çadırına girdi və xanımı Ümmü Sələmə anamızla məsləhətləşdi. Belə yerdə danışıb fikir bildirmək lazım idi. O ağıllı və uzaqgörən qadın da fikirlərini dilə gətirməkdən çəkinmədi, amma bilirdi¬ ki, Allah Rəsulu onun məsləhətlərinə qətiyyən möhtac deyil. Rəsulullah bu məşvərət vasitəsilə bizə ictimai dərs verirdi. Yəni bu kimi hallarda qadınlarla məşvərət etməkdə heç bir qəbahət yoxdur. Ümmü Sələmə anamız Allah Rəsuluna bu sözləri dedi: "Ya Rəsulallah! Əmrini bir də təkrar etmə. Birdən yerinə yetirməz və məhv olarlar. Ancaq Sən öz qurbanlarını kəs və onlara bir şey demədən ehramdan çıx. Verdiyin əmrin qəti olduğunu başa düşüb istər-istəməz Sənə itaət edəcəklər." Allah Rəsulu da belə düşünürdü. Dərhal bıçağını əlinə aldı, çadırından çıxaraq öz qurbanlarını kəsməyə başladı. Bir neçə qurban kəsmişdi ki, səhabələr də tərpənib qurbanlarını kəsməyə yollandı. Artıq verilən qərarın dəyişməyəcəyini anlamışdılar. (22:11)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Hudeybiyyənin ağır şərtlərini izzət-nəfsinə toxunsa da, qəbul etdi. Bu geri addım atmaq demək deyildi. Məsələnin həllində qarşı tərəfin hislərini də nəzərə almaqdı. Üzaqgörənlik edib gələcək naminə düzgün mühakimə aparmaqdı... inadkarlıq etməməkdi, qürura qapılmamaq, qırıb dağıtmamaq və problemləri gələcəyə saxlamamaqdı. Peyğəmbərimiz məsələlərə mahruti (bir bütöv kimi, hərtərəfli) baxırdı. Məsələn, əlli səbəblə əlli nəticəni birlikdə götürüb ehtimal olunan iyirmi problemə qarşı otuz həll yolu düşünürdü. (25:57)
  • Hudeybiyyə Allah Rəsulunun mülayimlik və həlimliyinin küfrə vurduğu böyük zərbə idi. O, sonralar da bir həlimlik timsalı kimi ömür sürmüş və Haqqa açıq könülləri ovsunlamışdır. Hudeybiyə sayəsində bərqərar olan sülh şəraiti müsəlmanlar üçün çox qiymətli idi. Allah Rəsulu yetişdirdiyi irşad heyətlərini müxtəlif bölgələrə göndərmə imkanı əldə etdi ki, bu, bütün Ərəbistan yarımadasında İslamın yayılması deməkdi. Nəhayət, imanın fəthi Məkkənin fəthinə gətirib çıxardı. Allah Rəsulu Məkkənin fəthində də məhviyyət və təvazökarlığını nümayiş etdirdi: müqəddəs məkana qədəm qoyarkən başı az qala miniyin yəhərinin qaşına dəyirdi.
  • Fəthdən sonra hər kəs Onun ətrafında toplanır və gözünü o Rəhmət Günəşinə dikib verəcəyi qərarı gözləməyə başlayır. Halbuki bir dəstə məkkəli Müsəlmanlara Məkkəyə girərkən müqavimət göstərmiş, qan tökmüş, zorakılıq və intiqam hislərini bir daha körükləmişdi. Vəziyyətin belə gərgin olduğu bir vaxtda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həyəcan və əndişə içində gözləyən məkkəlilərə: "Məndən nə gözləyirsiniz?" deyə soruşur. Əslində Onun nə qədər əsil-nəsəbli, rəhmli və mərd insan olduğunu yaxşı bilən bəzi məkkəlilər, "Sən kərimsən, kərim oğlu kərimsən" deyə cavab verirlər. Onun qayəsi nə mal, nə mülk, nə hökmdarlıq, nə də torpaq fəthidir; Onun hədəfi ədalətin təsisi, insanların qurtulması və qəlblərin fəth edilməsidir. Nəhayət, o şəfqət və sevgi timsalı Rəsulullah axıradək düşmənçiliyi yerə qoymayan məkkəlilər haqda qərarını açıqlayır: "Sizə bir zamanlar Yusifin qardaşlarına dediyi kimi deyirəm: “Siz əvvəlki əməllərinizdən ötrü bu gün qınanılmayacaqsınız. Allah sizi də əfv edər. O, mərhəmətlilərin ən Mərhəmətlisidir”. Gedin, hamınız azadsınız". Əslində bu "Narahat olmayın. Kimsəni cəzalandırmaq niyyətində deyiləm. Hər kəs öz xarakterinə uyğun davranır. Siz bir vaxtlar öz xarakterinizi nümayiş etdirib üslubunuzu ortaya qoydunuz. Mənim üslubum da budur" deməkdir. Bəli, "Zalımlara bir gün dedirdər Qüdrəti Mövla / Tallahi ləkad asərəkallahu aleynə." (Ziya Paşanındır.Yəni Düşün ki, Həzrəti Yusufa nə qədər zülm etdilər. Allahın qüdrəti bir gün zalımlara, Həzrəti Yusufun qardaşlarının dediyi kimi, " Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” (Yusuf Surəsi, 12/91) dedirdər.) (30:50) (30:50)
  • Hudeybiyə sülhü və Məkkə fəthində Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) mülayimliyi, həlimliyi, mərdliyi sayəsində elə insanlar müsəlmanlığı qəbul etdilər ki, onları müharibələrlə qətiyyən diz çökdürmək mümkün deyildi. Məsələn, həzrəti Həmzənin şəhid edilməsinə səbəb olan Hind belə müharibə meydanında müsəlman ordusuna xidmət edən bir qəhrəmana çevrilmişdir. Siyərdə verilən məlumata görə həyat yoldaşı Əbu Sufyan həzrətləri döyüşdə bir ox zərbəsi ilə gözü əlinə axanda: “İllərlə Peyğəmbərini görmədinsə, daha nə işə yarayırsan!” demişdi. (32:20)
  • Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) hadisələrə münasibətini geniş bir siyər fəlsəfəsi ilə təkrar işləyib topluma kövsər kimi içirmək lazımdır. (34:22)
  • Yananlarla yanmaq istəmiriksə, həlimlik abi-həyatını, yumşaqlıq, insanların hislərinə hörmət etmə, sərtlikdən uzaq olma, təmkinlilik kövsər və zəmzəmini içməliyik. (35:30)
  • Hər bir dünyəvi təmənna insanın bədəninə soxulan bir güvə kimidir. Yeyə-yeyə bir gün onun axırına çıxacaq. (36:34)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.