Yolumuz və üslubumuz

Fəthullah Gülən: Yolumuz və üslubumuz

  • Könül Çələbin taxtı / Çələb könülə baxdı / Kim bir könül qırarsa / İki cahan bədbaxtı” (Yunus Əmrə) (00:24)
  • Qəlb, böyüklərin sözü ilə desək, “nəzərgahi-ilahi”dir. Cənabi-Allah insanın qəlbinə baxar. “Allah cism və surətinizə deyil, qəlbinizə nəzər edər” (Müslim, “Birr”, 33) hədisində də buyurulduğu kimi, Onun insana münasibətində qəlb açar rolunu oynayır. (01:28)
  • Həzrəti Ustad: “Heyvaniyyətdən çıx, cismaniyyəti burax. Qəlb və ruhun dərəceyi-həyatına gir!” deyərək möminlərin bir qayəsinin də qəlb və ruh üfüqünə yüksəlmək olduğunu bildirmişdir. (03:10)
  • Aşıq Ruhsati deyir: “Bir vaxta ərdi ki bizim günümüz / İgid bəlli deyil, mərd bəlli deyil / Hər kəs yarasına dərman arayır / Dava bəlli deyil, dərd bəlli deyil”. Hər şeyin bir-birinə qarışdığı belə bir dövrdə qəlb və ruhun ali üfüqlərində yaşamaq çox çətin işdir. (05:50)
  • Bütün üxrəvi mükafatlar ruh, qəlb və sirdən asılıdır. Ona görə də bu qüdsi hədis dünyada cismaniyyətlə qavranılmayan həmin lütf və ehsanların o biri aləmdə sürpriz, nagahani şəkildə təqdim ediləcəyini xəbər verir; “Saleh bəndələrimə elə uca mükafatlar hazırlamışam ki, nə göz görüb, nə qulaq eşitdib, nə də xəyala gəlib”. (07:17)
  • İnsan istedadı səviyyəsində elmül-yəqin mərtəbələrində yüksəlir. Elmül-yəqin məqamınınsa, bəlkə də, yüz pilləsi var. Bu pillələrin hamısını adlayan insan elmül-yəqindən eynül-yəqinə, oradan da, əgər dünyada mümkünsə, həqqül-yəqinə yüksələrək mərifətini kamilləşdirə bilər. Haqq dostları dünyada həqqül-yəqinə çatıb-çatmamaq barədə fərqli fikirlər irəli sürmüşlər. İmam Rəbbani həzrətləri “Məktubat” adlı əsərində dünyada həqqül-yəqinə çatmağın mümkün olmadığını desə də, sonralar, çox guman ki, seyru-süluqda yüksəldikcə dünyada da həqqül-yəqinə varid olmağın mümkünlüyünü söyləmişdir. (09:44)
  • Allahım, bizə fövqəladə mənəvi istedadlar ehsan et! O istidadları da gündən-günə inkişaf etdir!
  • Hər şeyi maddiyyatda görən belə bir dövrdə qəlbə yönəlməyə, insanların diqqətini qəlbə çəkməyə və şəfqət hissini oyatmağa çox ehtiyacımız var. (12:10)
  • Həzrəti Mövlanənin ən çox tənqid edilən ifadələrindən biri: "Gəl, gəl, nə olursan ol, yenə gəl, istər kafir, istər məcusi, istər bütpərəst ol, yenə gəl. Bizim dərgahımız ümidsizlik dərgahı deyil, yüz kərə tövbəni pozmuş olsan da, yenə gəl" kəlamıdır. Bu gün bu misraların ona aid olub-olmadığını dəqiq bilmirik. Onun qələmindən çıxmasa belə, Həzrəti Mövlanənin bu məzmunda çoxlu sözü var. Zənnimcə, bu kəlamı müəllifin əsl məqsəd və niyyətinə bələd olmadıqlarına görə tənqid edirlər. Qənaətimcə, buna oxşar sözləri dilə gətirməkdə heç bir qəbahət yoxdur. Çünki Həzrəti Mövlanənin həyatına və əsərlərinə baxanda bu kəlamının "Nə olursan-ol, gəl, bizim dünyamızın gözəlliklərini kəşf et və burada özünü tap" mənasına gəldiyini rahatlıqla görmək olur. Yolumuzun prinsipinə uyğun olaraq biz də Həzrətin dəvətini bir əlavə ilə təkrar edirik: “Nə olursunuz-olun, siz zəhmət çəkməyin, icazə verin, biz gələk”. (13:36)
  • Siz almağa hazır olsanız, (onlar da) verdiklərinizi qəbul edər. Almaq istəməsəniz, (onlar da) verdiklərinizi rədd edər, sizdən heç bir şey götürməzlər. Məhz bu anlayış və şəfqət duyğu-düşüncəsi ilə dünyanın dörd bir yanına yayılan dostlarımız hər tərəfdə hüsnü-rəğbətlə qarşılandılar. Bir ziyalının dediyi kimi, əgər bəzi əcnəbi qüvvələr ağıllara şübhə atmasaydı, getmədikləri yer qalmayacaqdı. Baltanın sapı bizdən olmasaydı, meşənin o ağacları da kəsilməyəcəkdi. (17:30)
  • Məzac, məşrəb və zamanın tələblərinə görə -əsas prinsiplər istisna - Allaha gedən yollar fərqli şəkil ala bilər. Məsələn, Məhəmməd Bahauddin Nəqşbəndi yolunun, bildiyiniz kimi, dörd düsturu var: “Dər tariqi-Nəqşibəndi lazım aməd çar tərk: tərki-dünya, tərki-üqba, tərki-həsti, tərki-tərk.” (18:52)
  • Həzrəti Ustadsa dövrün reallıqlarını nəzərə alaraq məsələnin məntiqi əsasını izah edib müasirlərinə belə səslənir: “Dər tariqi-əcz-məndi, lazım aməd çar çiz: fəqri-mütləq, əczi-mütləq, şükrü-mütləq, şövqi-mütləq ey əziz.” (21:45)
  • Bədiuzzaman həzrətləri açdığı yolun dörd düsturuna şəfqət və təfəkkürü də əlavə edərək onu təkmilləşdirir. (27:10)
  • Hər kəsə mərhəmətlə qucaq açmaq şəfqət məsləyinin ən ümdə əsasıdır. Alıb-verdiyi nəfəsi belə insanlığın səadətinə həsr edən Mövlana Cəlaləddin Rumi həzrətləri bəzi müasirlərinin təhqirlərinə məruz qalır. Bir gün bir nəfər: "Sən inancsızlara da qucaq açırsan, onlarla görüşürsən, günah işləyənlərə belə "gəl" deyirsən... Bununla İslamın şərəfini iki quruşluq edib dinin izzətinə xələl gətirirsən" deyib Mövlanəni həqarət edir. Həzrət ona bir cümlə ilə cavab verir: Sən də gəl, qəlbimdə sənə də yer var!"
  • Hər kəsə deyəsi sözüm, hər kəsə öyrədəsi dəyərlərim var, ancaq hər kəsdən öyrənəcəyim şeylər də var. Bu prinsipi əsas götürməsəniz, çoxbilmişlər kimi, tiranlar kimi “Sizə filan sistemi, filan düşüncəni diktə etməyə gəlmişik!” desəniz, əks reaksiya ilə qarşılaşarsınız. Əsas olan “Almağa gəlmişik. Əgər verməyə layiq bir şeyimiz varsa, verməyə də gəlmişik!” düşüncəsidir. (29:00)
  • Sizin vəzifəniz bu cür əngin şəfqət və vicdan sahibi olmaqdır. “Mənim vəzifəm” demirəm, çünki mən o işin əhli deyiləm, amma Allahın izni və inayəti ilə sizə inamım tamdır. Çirklənməmisinz; qara mürəkkəb sizə bulaşmayıb; ruh və qəlb ayananızı çirklətməyib, Allahın izni və inayəti ilə. Gələcək sizə əmanət!.. Bu prinsiplərə sadiq qalaraq hər kəsə qucaq açmaq şüarınız olsun. Döysələr də, söysələr də... Yunusun sözü ilə desək, döyənə əlsiz, söyənə dilsiz, könülsüz olun. Sizin işiniz könüllərə məlhəm olmaqdır. (32:10)
  • Bü günədək bəzi kimsələr çox pislik etdilər... Allah bizim də, onların da qəlblərini islah etsin... Düşüncələrini islah etsin... doğru yolu (sirati-müstəqim) göstərsin... o yoldan ayırmasın!.. Amma buna son qoyulmadı; gedənlər sözlərini deyib getdilər, fikirləri gələnlərə miras qaldı. Eşitdiyimi deyirəm: “Bunların axırına çıxmaq üçün (yəni sizin bu səmimi, fədakar, çox vaxt maaş almadan gördüyünüz işlərin, göz qırpmadan dünyanın istənilən bölgəsinə gedib həyata keçirdiyiniz xeyirli fəaliyyətlərin əvəzində) belə bir iş görmək olar: PKK-dan, PYD-dən, ‒ PJAK da var, deyəsən. O qədər şər qüvvələr var ki, adları da yadımda qalmır... ‒ iki casus tutaq. Məsələn, informasiya ötürək ki: “Biz narkotik maddələri bu hərəkata mənsub insanlardan alırıq”. Sonra bəzi qüvvələri hərəkətə gətirərsiniz”. Bunlar faktdır... Belə ki, evlərinizə basqın edərlər, bir yerə torbada nəsə atarlar... silah da qoyarlar. Necə var, elə də deyirəm: “Terrorist damğasını vurmaq olar bunlara”. Keçmişdə bu sözlər deyildi, keçmişdəkilər gələcəyə “əmanət” etdi. Bu gün də bu əmanətə “xəyanət etməmək” üçün ciddi-cəhd və qətiyyət göstərirlər. (33:30)
  • Buna baxmayaraq, bizim yolumuz və üslubumuz dəyişməzdir: dünya insanlıqdan tamam çıxmış ola bilər, ancaq bu, sizin uzaqlaşmağınıza haqq qazandırmır. Biz bizik; Həzrəti Məhəmməd Mustafanın (sallallahu aleyhi vəsəlləm) yolundayıq. O, Əbu Cəhlin ayağına əlli dəfə getmişdi. Əlli kərə ruhunun ilhamları ilə onun qəlbinə yol tapmağa çalışmışdı və heç vaxt inciməmişdi. “Aşıq der inci təndən \ İncinmə incidəndən \ Kamalda nöqsan imiş \ İnciyən incidəndən” (Alvarlı Efe həzrətləri). İncisən də, incitmə, qəlbin qırılsa da, qırma, döyülsən də, döymə, təhqir edilsən də, təhqir etmə. Xoşagəlməz şeylər səni bu dəyərlərdən uzaqlaşdırmamalı, buna səbəb olmamalı, buna haqq qazandırmamalıdır. İnsanlığı, mərhəməti, şəfqəti, hər kəsə qucaq açmağı namusumuz bilməli və namusumuz kimi qorumalıyıq, Allahın izni və inayəti ilə. Qoy bütün dünya bir də eşitsin: biz buyuq!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.