Televiziya və internet nəfsin haqqıdır?

Çay süfrəsində həqiqət damlaları (00:53)

  • Yalan və təşəxxüs gurultulu, həqiqət və səmimiyyət isə səssizdir. İldırım göy gurultusundan əvvəl mənzilinə çatır. (01:13)
  • Bu yaxınlarda keçirilməsi planlaşdırılan X Türkcə Olimpiadasının gurultusu indidən eşidilir, elə bil, yer-yerindən oynayır. Bəlkə də, bəzi korlara göstərmək, karlara eşitdirmək, ətalət basmış qəlbləri hərəkətə gətirmək üçün bu cür səs-küyə ehtiyac var. Yəqin ancaq səs-küydən anlayanlar üçün belə edirlər. Yoxsa, səssizlik daha yaxşıdır. (04:00)
  • Səssiz və səmimi işlər Allahın izni və inayəti ilə daha uzunömürlü olur. O birinə istər-istəməz riya və süma qarışır. Bu da əməlin ruhuna xələl yetirir. Bir mənada, Allaha qulluğun genləri zədələnir, əməlin mahiyyəti dəyişir. Bu yolla istənilən səmərəni əldə etmək olmaz, hətta bu kimi şeylər bəzən xəstəliyə çevrilər. (05:50)
  • İnsanlar ağaclardan ibrət almalıdır; ağaclar nə onlara sığınan quşların, nə kölgəsində dincələn insanların, nə də verdiyi meyvənin hesabını aparır. (06:30)

Sual: Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) buyurduğu kimi, insanın üstündə Allah, ailə və nəfsin haqqı var. Nəfsin haqqı çərçivəsinə nələr daxildir? Televiziya izləmək kimi vaxt ayırdığımız bəzi məşğuliyyətlər də bu çərçivəyə daxildir? Daxildirsə, hara qədər nəfsin haqqı və hansı nöqtədən sonra vaxt israfı sayılır? (07:27)

  • Bir gün Səlman Farisi (radiyallahu anh) Əbu Dərda həzrətlərinə baş çəkir. Əbu Dərdanın həyat yoldaşını köhnə və dağılmış paltarda görüb: "Bu nə haldır?" ‒ soruşur. Yazıq qadın: "Qardaşınız Əbu Dərda əl-ətəyini dünyadan çəkib" ‒ deyib halının səbəbinə eyham edir. Əbu Dərda süfrəyə yemək gətirib: "Sən buyur, mən orucluyam!" – deyir. Səlman Farisi: "Yox, sən yeməsən, mən də yeməyəcəm" etiraz edəndən sonra birlikdə yemək yeyirlər. İşa namazından bir qədər sonra Əbu Dərda gecə ibadəti üçün icazə istəyir, amma Həzrəti Səlman: "Bir az yat", – deyir. Bir qədər sonra Əbu Dərda təkrar qalxmaq istəyir, Səlman Farisi yenə: "Bir az yat!" – deyib qalxmağa qoymur. Gecənin axırına yaxın Səlman həzrətləri: "İndi qalx!" – deyib Əbu Dərdanı oyadır, birlikdə namaz qılırlar. Namazdan sonra Həzrəti Səlman ona bu nəsihəti xatırladır: "Sənin üstündə Rəbbinin haqqı var, ailənin haqqı var, nəfsinin də haqqı var. Hər bir haqq sahibinin haqqını ver". Ertəsi gün Həzrəti Əbu Dərda olan-keçəni Peyğəmbərimizə (əleyhissalatu vəssalam) danışır. Rəsulullahda: "Səlman düz deyib, doğrunu göstərib" buyurur. (08:00)
  • Dində əsla çətinlik yoxdur, İslam "yüsr" (asanlıq) üstündə qurulub. İnsanların fitrət və xarakterini nəzərə almadan onu çətinləşdirən, ağırlaşdıran dinin ruhuna zidd hərəkət etmiş olar. Rəsuli-Əkrəmin "Bu din asanlıq dinidir. Heç kim gücü çatmayan mükəlləfiyyətləri çiyninə götürüb dini ötməyə çalışmasın, (insan nə edir-etsin, yenə də mütləq bəzi qüsur və nöqsanları var və) din həmişə qalibdir " məallı hədisi bu həqiqəti bəyan edir. (14:54)
  • Nəfs insanın özü, cismaniyyəti, madiyyatı, bədəni və mahiyyəti deməkdir. İnsan öz nəfsinə görə də bəzi məsuliyyətlər daşıyır ki, bu da ondan ümumən yaradılış qayəsinə uyğun istifadə etməkdir. Nəfsin haram işləməməsi üçün onun ehtiyaclarını halal yolla təmin etmək də həmin məsuliyyət çərçivəsinə daxildir. (16:15)
  • İnsan bir işi öhdəsinə götürəndə və ya bir nafilə ibadətə başlayanda onu davam etdirib-etdirə bilməyəcəyini əvvəlcədən ətraflı düşünməlidir. Abdullah ibn Amr ibn As həzrətləri hər gün oruc tutmaq, səhərədək namaz qılmaq istəyir, amma özünü ibadətə verəndə də ailəsiylə kifayət qədər məşğul ola bilmirdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona hər haqq sahibinin haqqını verməyi, ailəsinin hüququna da riayət etməyi, həmçinin mütəmadi görə biləcəyi işi öhdəsinə götürməyi tövsiyə edir. (17:17)
  • Nəfs tərbiyəsi bütün dini sistemlərin əsas prinsipidir. Sələflərin "nəfsi-natiqə" və ya "nəfsi-insani" adlandırdığı nəfs Quranın bəzi işarələrinə istinadən yeddi dərəcəyə bölünür: Əgər nəfs cismani istəklərə qarşı çıxmayıb onları təmin edirsə, "nəfsi-əmmarə", din-təqva yolunda olub tez-tez “yıxılıb-durur”, hər dəfə də özünü sorğu-suala çəkərək Rəbbinə yönəlirsə, "nəfsi-ləvvamə", daim günahlardan üz döndərib Rəbbinə yönəlir və paklığı səviyyəsində ilahi ərməğanlara da layiq olursa, "nəfsi-mülhəmə", kamil ixlas və ibadətdə Rəbbi ilə münasibət baxımından vicdanı tam oturuşmuşsa, "nəfsi-mütməinnə", öz arzu-diləyindən imtina edib ilahi muradın etirazsız təmsilçisinə çevrilmişsə, "nəfsi-raziyə" və ən böyük qayəsi Haqq rizasıdırsa, hər hərəkəti həmin istiqamətdədirsə, "Mən razıyam, Sən də razı ol" hisləri ilə coşub-daşırsa, "nəfsi-mərziyyə"dir. Bundan başqa, ilahi vəsflərə yiyələnməyə aparan qabiliyyət və peyğəmbəranə əzmin sahibi nəfsə də "nəfsi-kamil" və ya "nəfsi-safiyə" deyilmişdir. Nəfsi “əmmar”ə quyusundan pillə-pillə zirvələrə yüksəltmək də onun haqqıdır. (18:40)
  • Bəşəriyyətə əbədiyyətdən soraq gətirən İslam qəsb olunan qadın hüquqlarını bərpa edib onu bariz şəkildə qoruyan və bu məsələyə dair əsaslı qanunlar gətirən yeganə dindir. Quran "(Kişilərin qadınlar) üzərində haqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində haqları vardır" (“Bəqərə” surəsi, 2/228) fərmanı ilə bu həqiqəti qətiyyətlə vurğulayır və qadını əsl mövqeyinə ucaldır. İctimai müqavilə səciyyəsi daşıyan “Vida xütbəsi”ndə İnsanlığın İftixarı: "Qadınların haqqına riayət edin və bu məsələdə Allahdan qorxun... Qadınlar sizə Allahın əmanətidir," ‒ buyurur. Qadının, demək olar, dünyanın hər yerində bir əşya kimi alınıb-satıldığı o məşum dövrdə onun layiqli bir mövqeyə yüksəldilməsi qadınlıq aləmi üçün əlamətdar tarixi hadisədir. O cümlədən İslam qadın və kişilərin qarşılıqlı haqq və məsuliyyətlərindən bəhs edir və ailə xoşbəxtliyini bu prinsiplərə riayətdə görür. (19:38)
  • Ər və arvad arasında baş verən münaqişələr uşaqlara mənfi təsir edir. Bir-birinə nalayiq sözlər işlədən ana-atalar uşaqların gözündə hörmətini itirir. Əl qaldırmamaq bir kənara dursun, hətta bir insan həyat yoldaşına – üstəlik uşaqların yanında – qaşını da çatmamalıdır. (22:05)
  • Halal yedirmək, yaxşı tərbiyə vermək və (valideyn vəfat edəndən sonra da ona əməlləri ilə savab göndərən) əməlisaleh övlad yetişdirmək ana-atanın vəzifəsi, uşaqların da haqqıdır. (24:33)
  • İnsan bəzən televizora baxıb bir qədər nəfəsini dərə bilər, “Çağrı” kimi bir film seyr edib qəlbini və zehnini yeniləyə bilər. Təəssüf ki, dövrümüzdə zəhmətsiz və düşünmədən məlumat əldə etməyə imkan verən, ancaq əksəriyyət tərəfindən oyun-əyləncə vasitəsinə çevrilən televiziya və internet kitab oxumağın yerinə keçir ki, çağdaş nəsillərin dayazlaşmasına gətirib çıxaran ən təhlükəli amillərdən biri də məhz budur. (25:05)
  • İbrətamiz motivlər ehtiva etməyən, milli hiss aşılamayan, ruh və məna köklərini bəsləməyən, mənəvi həyəcan oyatmayan və ürfan üfüqünü zənginləşdirməyən film və verilişləri izləmək vaxt israfından başqa bir şey deyil. (27:00)
  • Televiziya, kompüter və internet aludəçiliyi təkçə vaxtı deyil, eyni zamanda dili də öldürür. Kitab oxuyan insanın dili isə zənginləşir. Televiziyanın, internetin dili söz ehtiyatını öldürür. (27:55)
  • İnternet vasitəsilə görüşüb yazışma (çat) və saatlarla televiziya başında vaxt öldürmək ucbatından ailələrdə problemlər meydana gəlməyə başladı. Bu səbəblə dağılan ailələr tanıyıram.. cənnət kimi yuvalar boş yerə cəhənnəmə çevrilir. (28:52)
  • Ustad Həzrətləri bir yerdə: "Bəşər həqiqətə möhtac olduğu kimi, bəzi keyfli həvəslərə də ehtiyac duyur. Lakin bu kefli həvəslər beşdə bir ilə məhdudlaşdırılmalı, yoxsa həvanın (həvəsin) hikmətinə zidd olar" ‒ deyir. Bəli, kitablarda keçən həqiqətləri format dəyişdirərək ekranda seyr etmək və məlumatı asan əldə etmək üçün televiziya, kompüter, internet və mobil telefondan da istifadə etmək olar. Ancaq buna məhdudiyyət qoyulmasa, faydadan çox zərər gətirər. Bəli, iki yüz səhifəlik kitabı araşdıraraq əldə etdiyiniz məlumatı bir "düymə"yə toxunaraq öyrənmək, əlbəttə ki, şükür olunası nemətdir. Lakin kompüter və internetdən xobbi kimi istifadə etmək, hətta ondan asılı hala gəlmək insanın zehninə zərər verməklə yanaşı, çox vaxt xüsusilə gənclərin əxlaqına xələl yetirir, hətta bəzi ailələrin dağılmasına da gətirib çıxarır. (32:28)
  • Bu gün narkotik aludəçiliyi ilə yanaşı başqa aludəçilik girdabına düşənlər də var: İnternet.. televiziya.. radio.. indidə də telefon aludəçiliyi ... Ustad Nəcib Fazil vaxt israfını çay stəkanından uçub gedən buğa bənzədir. O qızıl vaxtın bir anını belə boş keçirməmək, elə dəyərləndirmək lazımdır ki, hər saniyəsini min ilə bərabər olsun. Zira İmam Rəbbani həzrətləri kimi bəzi böyüklər deyir ki: "Bir anı-səyyalə vücudu-münəvvər milyon il vücudu-əbtərə mürəccəhdir (Bir anlıq nurlu ömür Allahdan uzaq keçən milyon ildən üstündür) " (36:40)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.