Kəramət, ikram və hikmət

Sual: 1) Əsərlərdə "kəramət"lə birlikdə götürülən "ikram" anlayışı hansı mənaları ehtiva edir? Kəramətlə ikram arasında hansı fərqlər var? Kəramət istəməməklə bağlı əsaslar ikram diləməmək üçün də keçərlidirmi?

  • “Aciz qoymaq”, “aciz vəziyyətə salmaq” mənalarını verən "icaz" kəlməsindən əmələ gəlmiş "möcüzə" sözü peyğəmbərliyi təsdiq, dini təyid və möminlərin qəlbini xatircəm (tətmin) etməyə istiqamətlənmiş, peyğəmbərin əli ilə Allahın yaratdığı qeyri-adi hal, söz və hərəkət deməkdir; bu hal və hərəkətin peyğəmbərliklə birlikdə ortaya çıxması onun (möcüzəsinin) ən əsas şərtidir. (00:53)
  • Vəli “malik”, “sahib”, “köməkçi”, “sadiq”, “yardımçı” mənalarına gəlib haqq dostu, haqq ərəni, dost kimi Allaha yönələn və Ondan dostluq münasibəti görən ərmiş insan deməkdir. "Vəliyyullah" və ya "övliyaullah" deyiləndə "adaullah"ın antonimi (qarşılığı) sayılan bütün möminlər başa düşülsə də – əslində Quran və sünnədə “övliyaullah” kəlməsi ilə məhz bu nəzərdə tutulur – təsəvvüfdə “vəli” sözü başqa mənalar da daşıyır. Sufilərə görə, istilahi mənada vəli termini riyazət və ya başqa müxtəlif mücahidə yolları ilə cismanilik hüdudlarını aşıb qəlb və ruh həyatına yüksələn, dolayısilə də, Haqqa yaxınlıq məqamına çatan, beləcə şəxs baxımından fani olub yeni bir mənayla əbədiyyətə qovuşan Allahın xüsusi iltifat, ehsan və təvəccöhünə nail olan haqq ərəni deməkdir. (01:50)
  • "Kəramət" Haqq dostlarında müşahidə edilən qeyri-adi hal, söz, davranış, nəzər, təvəccöh və təsir deməkdir ki, bunu da xəlq edən və ortaya çıxaran şsbhəsiz ki, Allahdır. Başqa sözlə, kəramət Allahı sevən, Ona itaət edən və Onun sevgisini qazanan vəli qullara bəxş edilmiş xüsusi ikram (lütf) və Haqq Təalanın müstəsna təvəccöhündən ibarət bir möcüzədir. (04:32)
  • Xariqüladə halları üç kateqoriyaya bölə bilərik: Peyğəmbərliklə bağlı qeyri-adi hallara "möcüzə", "təzkiyeyi-nəfs" və "təzkiyeyi-qəlb"ə müvəffəq olmuş (nəfs və qəlbini arındırmış) bir vəlinin qeyri-adi hallarına isə "kəramət" deyilir. "İstidrac" isə fasiq və facirlərin əliylə ortaya çıxan və Allahın onlar üçün bir məkri, başqaları üçün də bir imtahan vəsiləsi olan, iman və saleh əməllə əlaqəsi olmayan qeyri-adi hal, söz və hərəkətlərdir. (05:33)
  • İkram iltifat olaraq verilən hədiyyə, istisna lütf, ərməğan, Allahın lütfü və ehsanı mənalarına gəlir. Əsərlərdə qula onunla heç bir əlaqəsi olmadan verilən ilahi ehsanlar "ikram" sözü ilə ifadə edilir. Hərçənd kəraməti bir təvəccöh və ilahi ikram qəbul edib həmd-sənaya vəsilə saymaq mümkündür, amma belə bir şey qeyri-müzəkka nəfsdə fəxrə, qürura da səbəb ola bilər. Əslində Allaha yaxınlaşmaq üçün bir lütf sayılan ikram və ehsan, xüsusilə, eqoizmin gücləndiyi belə bir dövrdə bəzi hallarda Haqdan uzaqlaşmağa da gətirib çıxarır. Buna binaən də, Onun yaxınlığı xatirinə, mənəvi ləzzət də daxil, Ondan qeyri hər şeydən qəlbən uzaq çalışmaq, məncə, daha az zərərlidir. (07:35)
  • Ustadın "Sünuhat"da verdiyi meyara görə: ictimai həyatda hər kəsin görmək və görünmək üçün bir pəncərəsi var. Boyu uzun olanlar pəncərədən görünmək üçün təqəvvüs edirlər (əyilib qövs şəklini alırlar), boyu qısa olanlar da görünmək üçün tətavül edirlər (barmaq ucuna qalxıb başlarını yuxarı qaldırır, hündür boylu kimi dayanırlar). Allah dərgahında əsl böyüklüyün əlaməti “üzü yerdə” (təvazökar) olmaqdır. (12:00)
  • İnsan qeyri-ixtiyari fövqəladə hallarla qarşılaşarkən onları kəramət kimi deyil, eşq və şövqünün artması üçün Allahın lütf etdiyi bir ikram kimi qəbul etməli, eyni zamanda sınağa çəkilmə ehtimalını düşünməli, amma buna görə əsla qürurlanmamalı, öz nəfsinə pay ayırmamalı, onu (ikramı) şəxsi fəzilətə verilmiş mükafat kimi görməməli, göstərməməlidir. İnsanın kəramət kimi halları üstünlük əlaməti sayması və öz fəzilətinə verilmiş bir lütf kimi qəbul etməsi məhrumiyyətdən, zərərə düçar olmaqdan və aldanmaqdan başqa bir şey deyildir. (13:30)
  • İnsan şəxsi ilə əlaqədar qeyri-adi halların istidrac olmasından qorxmalıdır. Lakin Haqq Təalanın digər insanlara, xüsusilə də bir camaat, cəmiyyət və ya icmaya verdiyi lütfləri istidrac saymaq sui-zənndir, günahdır. (14:00)

Sual: 2) "İkramın izharı təhdisi-nemətdir. Onda kəsbin mədxalı yoxdur; nəfs onu özünə isnad etməz" cümləsində nə qəsd olunur? (14:53)

  • Nur Müəllifi Rəhbəri-Əkməl (əleyhissalatu vəssalam) Peyğəmbərimizin "Allah (diləsə), İslam dinini facir bir adamla də gücləndirər" hədisinə istinadən: "Sən, ey riyakar nəfsim! “Dinə xidmət etdim” deyə qürurlanma. “Allah bu dini facir bir adamla da qüvvətləndirər” sirrinə görə müzəkka (paklanmış, təmizlənmiş) deyilsən, demək, əksinə sən özünü o racilü-facir (günahkar) bilməlisən!" deyərək bizə mömin düşüncəsinin başqa bir yönünü göstərmişdir. Demək ki, insan dinə və diyanətə xidmət etsə də, qürur, ücb (xudpəsəndlik) və riyadan uzaq olmaq üçün çox təmkinli hərəkət etməli, xidmətlərinə və lütf edilən ilahi ehsanlara görə qətiyyən qürurlanmamlı və arxayınlaşmamalıdır. Əksinə günaha meyilli olduğunu qulağına sırğa eləməli, nəfsi ilə baş-başa qalanda hər cür günah işləyə biləcəyinə inanmalı, dolayısilə, Allahın lütfünü istiqamətə (doğru yolda sabitqədəm olmağa) çağırış və yarı yolda qalmamaq üçün bəxş edilmiş eşq və şövqə səsləyən bir vəsilə saymalıdır. (15:13)
  • Təhdisi-nemət Allahın nemətləri müqabilində şükr hislərilə dolub-daşmaq və Onun lütfünü elan etməkdir. Başqa sözlə, acizliyimizə, fəqirliyimizə mərhəmət göstərən Allahın ehtiyaclarımızı təmin etmək üçün qarşılıqsız verdiyi nemətləri düşünərək, onları bəxş edən Rəbbimizə minnətdarlıq hissi ilə coşmaq və bu həmd-səna duyğusunu şükr nəğmələri ilə tərənnüm etməkdir. Ancaq indiki dövrdə eqoizm həddini çox aşıb, şeytan və nəfs kimi iki amansız düşmən ən məsum məsələlərdə belə tələ qurmaqdan çəkinmir; məhz bunlara görə, təhdisi-nemət yüksək sədayla hayqırılası yerlərdə belə çox təmkinli davranmaq və istidracdan qorxmaq lazımdır. (16:43)
  • Küfranı-nemətdən (neməti inkar etmək) qaçınmalı, bir damla nemət üçün belə yüz dəfə şükrlə coşmalı, daim minnət hisləriylə oturub-durmalısınız; ancaq məziyyət, kəmalat (kamillik) və xüsusi iltifatların varlığını qəbul etməklə yanaşı, onları özünüzə aid etməməli və hər birinin Allahın lütfü olduğunu qəlbən duymalısınız. Yer və şərtlərdən asılı olaraq, xüsusilə, qürur və kibrə qapılıb şirkə bulaşma ehtimalı olan məqamlarda camaatın, icmanın, şəxsi-mənəviyə lütf edilən ilahi iltifatları yüksək səslə dilə gətirməli, ancaq xüsusilə şəxsinizə lütf edilən ehsanları həmd-səna hissi ilə qarşılamaqla yanaşı, “istidrac olar” deyə də ondan əndişələnməlisiniz. (19:30)
  • Haqq Təalanın bir insanı dinə xidmət vəzifəsi verməsi də ilahi ikramdır. Ancaq bəzi insanlar bu xidmətə müqabil təhdisi-nemət edərkən – daxilən fəxr etdikləri halda– "əstağfirullah" dedirtməyi də düşünmüş ola bilərlər. Əgər təvazö görünüşlü əzilib-büzülmə, bel bükmə, əmrə müntəzir dayanma, təhdisi-nemət boyalı sözlər, ifadələr insanın təbiətinin, həqiqi inamının və səmimi hislərin əks olunması deyilsə, şirk qoxan "əstağfirullah" “yatırım”ları sayılır. (21:13)

Sual: 3) İnancımıza görə, bütün dini əmrlər bildiyimiz və ya bilmədiyimiz bir çox hikmətlər ehtiva edir. Ağıl və təslimiyyət aspektindən baxanda ibadətlərlə müamilələr arasında fərq varmı? İbadətlərdə təəbbüdiliyi, müamilətdə isə hikməti əsas götürmək düzgün yanaşmadır? (24:14)

  • İslamda əməli hökmləri iki hissəyə ayırmaq olar: ibadətlər və müamilət. Lüğətdə “baş əymə”, “itaət etmə”, “tapınma”, “qulluq etmə” mənalarına gələn ibadət Allah rizasını qazanmaq üçün edilən, Allaha yaxınlaşdıran, üsul və qaydaları Allah tərəfindən müəyyən edilən, namaz, oruc, zəkat və s. kimi şüurlu şəkildə icra edilən hərəkətlərə deyilir. Müamilət isə evlənmə, boşanma, əqd, cəza, miras, şahidlik, alış-veriş, məhkəmələr və s. kimi ibadət çərçivəsinə daxil olmayan, insanların istər bir-birilə, istərsə də toplumla münasibətlərini tənzimləyən hökmlərdir. (24:40)
  • Təəbbüdilik ibadətləri yalnız übudiyyət anlayışı və qulluq şüuru ilə yerinə yetirmə, ibadət etmək üçün İlahi əmrdən başqa səbəb axtarmama, onları vaxtına, formasına və keyfiyyətinə riayət edərək əda etmə və nəticəsini də axirətdə Allahdan gözləmə deməkdir. (25:19)
  • Ümumi mənada desək, ibadətlərdə təəbbüdilik, müamilətə aid olan hökmlərdə isə hikmət və məsləhət əsasdır. Bununla yanaşı, hər ibadətin bir çox hikməti, hər müamilənin də bəzi təəbbüdi yönləri var. (25:37)
  • İbadətlər yerinə yetirilərkən – onların ehtiva etdiyi məna və hikməti bilinsin və ya bilinməsin– heç nə fikirləşmədən,başqa səbəb axtarmadan sırf übudiyyət və saf qulluq düşüncəsiylə hərəkət etmək lazımdır. İbadətlərdə Allahın Hakim ismindən qaynaqlanan bəzi dünyəvi hikmət və məsləhətlər olsa da, bizim qulluğumuzun həqiqi səbəbi ilahi əmr olmalıdır və ibadətlərimizin nəticəsi və səmərəsi də bu dünyada deyil, axirətdə olacaq. (25:51)
  • Təəbbüdilik qulluqda təmənnasızlıq və əməllərdə yalnız Allahın əmrini düşünmə hissini, Allaha (cəllə cəlaluhu) xalis yönəliş duyğusnu doğurduğu üçün böyük əhəmiyyət kəsb edir. Hətta təkcə ibadətlərdə deyil, fərdi, ailəvi və ictimai həyatla bağlı əsaslarda da bir təəbbüdilik var. İnsan gündəlik həyatda gördüyü işlərdə və müamilətdə də bu niyyətlə hərəkət edə bilər,yəni bunları sırf əmr edildiyi üçün yerinə yetirə bilər. Müamilətdə ağıla, məntiqə və hikmətə müvafiq məqamlar daha çox gözə çarpsa belə, insan burada da təəbbüdiliyi əsas götürə bilər. Beləliklə, istər ibadətlərini, istərsə gündəlik işlərini təəbbüdilik anlayışı ilə yerinə yetirib özünü xalis qulluq ruhuna alışdırmış olar. O cümlədən, Peyğəmbərimizin ardınca getmək və Ona oxşamaq niyyətiylə ortaya qoyulan adətlər, adət-ənənəyə aid müamilələr və fitri hərəkətlər belə ibadətə çevrilər və insana savab qazandırar. Yemə-içmə, oturub-durma, alıb-satma kimi adi iş, adət və müamilələrdə ilahi əmri və Allah Rəsulunu düşünüb Onun yolu ilə getməyə niyyət edən insan adətlərini belə ibadətə çevirər və hər hərəkətində savab qazanar. (29:48)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.