Nə kibr nə də zillət, mahviyyət və izzət

Sual: 1) Bəzən izzətlə kibr bir-birinə qarışdırılır. O cümlədən, bir məqamın (vəzifənin) şərəfini qoruma düşüncəsi şəxsi ənaniyyətlə birləşib kibrə çevrilə bilir. İzzətlə kibri necə fərqləndirmək olar? Kibrə yol vermədən izzət və vüqarı necə qorumaq mümkündür?

  • İzzət dəyərli, qiymətli və güclü-qüvvətli, möhtərəm və mötəbər olmaq deməkdir. Geniş mənada dini dünyaya alət etməyənə, sirəti (mənəvi əhval, əxlaq, təbiət) təmiz, mənən qüdrətli, qüvvətli olana “əziz” deyilir. Allah Təalanın bir ismi də məğlub edilməz və əbədi qalib mənasına gələn "Əziz"dir. Əslində, Allah Təala yeganə Əzizdir, bir mənada peyğəmbər və əsfiyanın izzəti də Ondandır və Ona qürbətlə (yaxınlıqla) düz mütənasibdir. (01:00)
  • Həzrəti Ömər (radiyallahu anh) xəzinədən bir dəvə götürüb xidmətçisini də yanına alaraq yola düşür. İzzəti təvazökarlıqdan geri qalmayan böyük xəlifə dəvəyə növbə ilə minmək qərarına gəlir: yarı piyada, yarı dəvə belində növbələşə-növbələşə gəlib Qüdsə çatırlar. Möminlərin xəlifəsini qarşılamaq üçün çayın kənarına qaçanlar bu mənzərəni görüb heyrətə gəlir. Çünki o dövrdə ən böyük dünya dövlətinin hökmdarı qoltuğunun altında məstləri, əlində xidmətçinin mindiyi dəvənin noxtsı sadə bir insan kimi başı aşağı irəliləyirdi. Üstəlik əynində bir izarla (köynəkdən bir az uzun paltar), bir sarıqdan başqa bir şey yox idi. Uca Xəlifənin o sadə libası da yol boyu dəvənin yəhərinə sürtünə-sürtünə bir neçə yerdən cırılmışdı, o da hər dəfə bu cırıqları – şərəf nişanəsitək – yamayırdı. Bəzi müsəlmanlar bunu bir az qəribə qarşıladığını və Rumların qapısı sayılan o torpaqlara xəlifənin bu vəziyyətdə gəlməsini münasib görmədiklərini dilə gətirmək istəyir. Nəhayət, aralarında sözükeçən bir nəfər "Əmirəlmöminin! Böyük bir izdiham sizi gözləyir; bu insanların qarşısına bir sultan kimi əziz və heybətli libasla çıxsanız!.." deyir. Bunu eşidən ədalət timsali uca xəlifə sözünü tamamlamamış: "Allah bizi İslam dini ilə əziz etdi, bundan başqa şeydə izzət axtarmaq bihudədir. Madam ki, bizi əziz edən İslamdır ondan savayı izzət və şərəfi axtarmır və istəmirik" deyərək səsini yüksəldir. (01:50)
  • Qurani-Kərim əshabı-kiramın əziz və mərd insanlar olduğuna işarə etmiş, həmçinin onların öz aralarında çox təvazökar, başıaşağı və şəfqətli olduğunu vurğulamış və "Onlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər" buyurmuşdur. (“Fəth” surəsi, 48/29) (04:00)
  • Həzrəti Sadiqu-Məsduqa istinad edilən gözəl bir sözdə: "Allah başıaşağı (təvazökar) olanı daim yüksəldər, təkəbbürlənib təşəxxüs satanı da yerin dibinə batırar" buyurur. (04:41)
  • Bir qüdsi hədisdə Haqq Təala "Kibriya (böyüklük, cəlal) mənim ridam (örtü), əzəmət isə izarımdır (beldən aşağını örtən geyim). Kim bu məsələdə Mənimlə yarışmağa cəhd göstərib bunlara şərik olmağa cürət etsə, onu cəhənnəmə ataram!" buyurur. Bəli, Allahın Zatına xas bir vəsfə (sifətə) şərik olmağa cəhd edənə Allah iman nurunu bəxş etməz. İman onun qəlbində taxt qura bilməz, çünki o xanəni kibir zəbt etmişdir. Kibir bəsirəti kor edən bir pərdədir. Kibirlə dolub-daşan bir vicdan kainata səhifə-səhifə yazılmış möcüzələri görə, məxluqatın minlərlə dillə hayqırdığı həqiqətləri dərk edib anlaya bilməz. Çünki bəsirət kor olandan sonra, basar (görmək) dərk etmək üçün bir işə yaramır. (05:19)
  • İzzətli insan heç kimdən qarşılıqsız heç nə qəbul etməyən, heç kimə əvvəl-axır borc (diyə) ödəmək məcburiyyətində qalmayan əziz ruhdur. Haldan anlamayan insanlar izzətini qorumaq üçün aclığa və yoxsulluğa dözüb heç kimə əl açma zillətinə düşməyən bu insanları zəngin sanarlar. Əslində, diqqət etsələr, yoxsulluğun əlamətlərini görəcəklər. Lakin onlar heç kimdən heç nə istəyə bilməzlər, üstəlik heç vaxt israrla istəyib insanları bezdirməz və əsla dilənçilik etməzlər. "(Bu yardımlar) özünü Allah yoluna həsr edən, yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub heç nə istəmədikləri üçün bunu bilməyənlər onları dövlətli sanarlar. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar üzsüzlük edib kimsədən bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!" (“Bəqərə” surəsi, 2/273) məallı ayə məhz bu iffət və izzət timsalından bəhs edir. (06:50)
  • Rəvayətə görə bir gün bir keşiş Həzrəti Mövlanaya baş çəkib əlini öpmək istəyir. Həzrəti Mövlana isə onu qabaqlayıb əlini öpür və: "Dinimizin şüarı olan təvazökarlığı heç kimə vermərəm!" deyir. Bəziləri bunu böyük bir zillət saya, "Heç mömin mömin olmayanın əlini öpərmi?" deyib tənqidlə qarşılaya bilər. Hətta bəzilərinin həddini aşıb bu və buna bənzər hərəkətlərə görə o böyük şəxs haqqında daha ağır ittihamlar irəli sürməsi mümkündür. Əlbəttə, o şəxsə bu cür yanaşmaq sui-zənndir və böyük bir günaha səbəb olar. Bəlkə də, İslami nöqteyi-nəzərdən bu məsələni tənqid etmək olar və mülahizə dairəsi açıq qoyula bilər. Lakin Həzrət bu hərəkətlə əsl böyüklüyün nə olduğunu ortaya qoymuşdur. Belə ki, əlini öpdüyü o keşiş həmin an Mövlananın əlinə-ayağına düşmüş və "Təmsilçisi bu qədər təvazökar olan bir din mütləq haqdır" deyərək kəlmeyi-şəhadət gətirib müsəlman olmuşdu. Əgər belə bir davranışla bir insanın qəlbini fəth etmək, ona iman üfüqünü göstərmək və əbədi səadəti qazandırmaq mümkün olacaqsa, o insanın ayaqları altına səki daşı kimi baş qoymağınız zillət deyil, bu, olsa-olsa bir üslubdur. Əsl zillət insanın nəfsi, gələcəyi və ailəsi üçün üzünün suyunu axıtması, qorxu, tamah, tənpərvərlik və rahata düşkünlük kimi zəflərdən ötrü əl-ətək öpməsidir. (08:00)
  • Başda əshabı-kiram olmaqla bütün həqiqi möminlər, "(Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar" (“Maidə” surəsi, 5/54) həqiqətinin əsl təmsilçiləri Rəbbi ilə baş-başa qalanda əngin dərinliyə malik arifu-abid, dost və yoldaşları arasında şəfqət qəhrəmanı, döyüş zəruri olanda bir hərb ərkanı və dahi, millətinin şan və şərəfinə olduqca həssas, qınaq və sui-zənnə səbəb olan yersiz davranışlardan da çox uzaqdırlar. (12:30)

Sual: 2) "Bir insan öz adından həzmi-nəfs (nəfsi qırmaq) edər, (lakin) fəxr edə bilməz. Millət adından fəxr edər, həzmi-nəfs edə bilməz" deyilir. Bu baxımdan, insanın öz şərəf və izzətini qorumaqla bir müəssisənin və ya millətin izzət və şərəfini qorumaq arasında hansı fərqlər var? (13:17)

  • Bir mömin sırf şəxsinə aid məsələlərdə mümkün qədər mülayim və şəfqətli olmalı, əfvə üstünlük verməlidir, pisliyi həmişə səbirlə qarşılmalı, bağışlamağı bacarmalıdır. Ancaq bu gün fərdilikdən çox şəxsi-mənəvi və İslami heyət ön planda durur. Hər bir müsəlmanın hərəkət və davranışı şəxsi-mənəviyə və İslama şamil edilir. Bu dövrdə bircə fərdin xoşagəlməz hərəkəti bütün inananlara zərər verə bilər. Bir insanın yersiz davranışları bütün müsəlmanları zənn, güman altında qoya bilər. Buna görə də bir mömin digər inananları utandıracaq hadisələri səssiz qarşılaya bilməz, öz haqqı ilə yanaşı, Allahın və toplumun haqqı olan məsələləri uda bilməz. Bu məqamda təvzih, təshih və təkzib üçün nə lazımsa, onu etmək məcburiyyətindədir. (13:46)
  • Əlli ildir əleyhimə yazılar yazan insan haqqında "Cəhənnəm və ilahi əzabı yetər!.." deyə ağılıma gələndə "Xeyr, ya Rəbbi, Cəhənnəmlə əzab etmə, nə olar qəlbinə iman nəsib et, onu da imanla şərəfləndir!" deyirəm. Öz haqqımdan vaz keçirəm, ancaq Allahın haqqı pozulubsa, Allah Rəsulunun, dinin və Quranın haqqına təcavüz edilibsə, onları bağışlamaq mənim səlahiyyətim deyildir. Beləliklə, insan şəxsi üçün əlindən gəldiyi qədər “həzmi-nəfs”i əsas götürməlidir, birlikdə olduğu insanların və toplumun haqqına gəlincə isə, daha təmkinli və həssas olmalı, haqqın öz yerini tapmasına çalışmalıdır. (19:25)
  • Xalq arasında məşhur bir söz var: "Yaxşılıq etdiyin insanın şərindən qorx!" Mən bu sözü dəyişdirib "Şərindən qorxduğun insana belə yaxşılıq et" deyirəm. Çünki yaxşılıq insanı yumşaldıb yaxşılıq edənə qul-kölə edir. Necə ki: "İnsan yaxşılığın köləsidir" deyilir. (22:50)
  • DGM Prokuroru illərlə apardığı araşdırma və tədqiqatdan sonra "Fəthullah Xocanın mal-mülkü yoxdur, yoxsuldur!" demişdi. Mən həmişə "Allahım, qardaşlarıma, ailəmə dünyəvi imkan vermə!" deyə dua etdim. "Görəsən, bir yerdən axırmı, sızdırılırmı?" demələrindən qorxduğum üçün belə dua elədim. Ömrüm boyu ölməyəcək qədər ruzi ilə kifayətləndim. (24:20)
  • Dünyanın hər tərəfində xidmət edən insanların iffəti, isməti, etibarı, xalqın onlara təvəccöhü və bütün bunların fasiləsiz olması çox əhəmiyyətlidir. Artıq hər birimizin hüququ ümumi hüquqa çevrilmişdir. Buna görə də tez-tez etdiyim dualardan biri budur: "Allah-Təala mənə görə yoldaşlarımı, yoldaşlarımı da mənə görə utandırmasın!.." (26:03)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.