Millət qalasının təmiri və Ramazanda Quran

Çay süfrəsində həqiqət damlaları: “Təmir”in əsaslar

  • Allaha imanın unutdurulduğu, peyğəmbər sevgisinin qəlblərdən qoparıldığı, qulluq şüuru, hüdu və xuşunun yox olub getdiyi və dinin formal müsəlmanlığa çevrildiyi bir dövrdə bu itirilmiş dəyərləri axtarıb tapmaq və təqliddən təhqiqə keçmək heç də asan olmayacaq. Çünki biz müsəlmanlığı İnsanlığın İftixarı Peyğəmbərimizin gözüylə, anlayışı ilə görüb tanıya bilməmişik... Rəşid Xəlifələrin anlayışı ilə hiss edə və yaşaya bilməmişik... sələfi-salehinin ibadət hissini və həyəcanını anlaya bilməmişik. Təəssüf ki, məsələ formalizmdən o tərəfə keçə bilməyib. (00:50)
  • Ustadın sözüylə desək, əsrlərdən bəri hər tərəfi rəhnədar (tarü-mar) olmuş – bütün divarları çat vermiş, dəlik-deşik olmuş və bürcləri uçub dağılmış bir qalaya bənzəyən – fərdi və ictimai bünyəni bir nəfəsə təmir edib dirçəltmək, əvvəlki fəaliyyətini bərpa edib dünyada müvazinət amilinə çevirmək mümkün deyil, çünki təmir çox çətindir. (03:24)
  • Müsəlmanlığı onda-bunda deyil, sırf İnsanlığın İftixarı Peyğəmbərimizdə axtarmalıyıq!.. Rəşid Xəlifələrin həyatında axtarmalıyıq!.. Sələfi-salehinin tutduğu yolda axtarmalıyıq! .. (04:20)
  • Surət (forma, şəkil) həqiqətə aparan bir körpüdür. Təqlidlə həqiqəti tapmaq olar, ancaq əsas olan təqliddən təhqiqə keçməkdir. Əks halda, hər an dağılma təhlükəsi ilə üz-üzə olan təqlid körpüsü uçar və aşağı yuvarlanarsınız. (11:07)
  • Bildiyiniz kimi, bütün ömrünü ibadətlə keçirən Əsvəd b. Yezid ən-Nəxai ölüm döşəyində çox qorxur və çox ağlayır. "Bu nədir, niyə ağlayırsan, yoxsa günahlarından qorxursan?" deyirlər. O Haqq dostu böyük insan: "İnnəl-əmra ciddün – Xeyr, xeyr, məsələ çox ciddidir! Mən günahlarımdan, ölümdən deyil, imansız getməkdən qorxuram", – deyə cavab verir. Ölümündən sonra onu yuxuda görürlər, "Səni necə qarşıladılar, necə rəftar etdilər? – soruşurlar. O da: "Vallah, məni elə qarşıladılar, elə bil peyğəmbərlərlə aramda dörd barmaq məsafə qalmışdı," – cavabını verir. Bəli, Əsvəd b.Yezid, Əlqamə, İbrahim Nəxai və s. kimi Haqq dostları ilahi rizaya zidd hərəkət etmə qorxusu ilə ömür sürmüş və həyatı xof üfüqündə yaşamışlar. (13:52)
  • Həqiqi qulluğu Əsvəd ibn Yezid kimi böyüklərin anlayışında axtarmalıyıq!.. Formal müsəlmanlıqla kifayətlənməməliyik!.. Formaya, surətə və “kültür müsəlmanlığı”na ilişib qalmamalı, mərifətimizi mütəmadi artırmağa cəhd göstərib daim "Yenə varmı?" axtarışında olmalı və dayanmadan mənən kamilləşməyə çalışmalıyıq. (19:13)

Sual: Əslində möminin bircə günü də Qurani-Kərimsiz keçməməlidir. Ancaq bu, bir həqiqətdir ki, Ramazan ayında Qurana yönəliş bambaşqa olur. Ramazani-şərifi bir Quran ayı kimi keçirmək üçün nə tövsiyə edərdiniz? (21:00)

  • Qurana etimad etmək, onun Allahın kəlamı olduğuna inanmaq və ona güvənmək, yəni necə ki davranış və hərəkətlərimizlə ortaya qoyduğumuz əməllərin öz təşəbbüslərimizin əsəri olduğuna şübhə etmirik, onun kimi də, hətta bundan da qəti inanaraq "O, Allahın kəlamıdır, hər şeyi əhatə edir. O, əzəldən gəlib, əbədiyyətə gedir" düşüncəsiylə ona yönəlmək böyük əhəmiyyət kəsb edir. Bu iman və etimad sayəsində Onu tamam fərqli görə, dərk edə bilərsiniz. Quran bəzi insanlara – belə demək mümkünsə – xəsislik edir, çünki belələri səxavətə və səmahətə layiq deyillər. Onlar səmih (səxavətli) bir qəlblə Qurana yönəlmirlər ki, onun səmahatını görsünlər. Qurana “Onda necə dəyərli xəzinələr var” düşüncəsi ilə baxmırlar ki, orada ləl-cəvahirat tapsınlar. Bir şey tapacağına inanmayan insan qızıl mədənində də olsa, qızıl tapa bilməz. Ancaq həssas insan kiçik bir əlamətlə də o qızılı tapıb ortaya çıxarar. (21:26)
  • Quranı nazil edildiyi kimi qoruyub saxlamaq, ayə və surələrin düzgün tərtibatını müəyyənləşdirmək və buna nəzarət etmək üçün Həzrəti Cəbrail (əleyhissalam) hər il Ramazan ayında, bir rəvayətə görə hər Ramazan gecəsində Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) yanına gələrdi. Allah Rəsulu (s.ə.s.) Quran ayələrini Cəbrail əleyhissalama oxuyar, sonra da ondan dinləyərdi. Kainatın İftixarı ilə Cəbrail əleyhissalamın bu şəkildə qarşılıqlı Qurani-Kərimi oxumasına "müqabilə" deyilir. Möminlər həm o müqəddəs xatirəyə hörmət, həm də Quranın Ramazanda nazil olması və xüsusilə bu ayda Quran oxumağa çoxlu mükafat verilməsi səbəbiylə Ramazan boyu məscidlərdə, evlərdə "müqabilə" oxumağı və Müqəddəs Kəlamı bir neçə dəfə xətm etməyi gözəl adətə çevirmişlər.(25:50)
  • Nə qədər müqabilə ilə Quran oxunsa da, təəssüf ki, insanlar dinin dilini bilmədiyinə görə, Müqəddəs Kitabımız başa düşülmür. Hərçənd Qurani-Kərimi öpüb alına qoymaq, hörmət əlaməti olaraq hündür bir yerdən asmaq və başa düşməyə-düşməyə oxuyub xətm eləmək də savabdır. Bəli, Qurani-Kərimə göstərilən zərrəcə ehtiram belə dəyərsiz deyil, hədər getməz. Amma əsas olan zərflə yanaşı, məzrufa (zərfin içindəki), kəlməylə birlikdə mənaya da biganə qalmamaq və onun anlamına varmaqdır. (26:26)
  • Həm Qurani-Kərimin dərinliyinə yelkən açmaq, həm də Ramazani-şərifi daha dərindən hiss etmək üçün “müqabilə” adətini bir az da zənginləşdirmək olar. Məsələn, müqabiləni iki hissəyə bölmək olar: yarım cüz Quran və məalını sübh namazından sonra – insanların işlərini nəzərə almaq şətilə– qalan yarım cüz və məalını isə günorta, əsr və ya işa namazlarından əvvəl və ya sonra da oxumaq olar. Quranın ətraflı bir məalla xətm edilməsi ilə möminlər Həzrəti Mömini-Müheymindən (Allah-taala) Cəbrail əleyhissalam vasitəsilə dünyanın ən etibarlı insanına göndərilən və ən etibarlı ümmətə ilahi dəvət sayılan Qurani-Kərimin əngin mahiyyətinə daha yaxından bələd olarlar. (29:30)
  • İslamiyətin və risalətin (peyğəmbərliyin) Məkkədə zühur etməsinin və bu mübarək diyardan dünyaya yayılmasının bir çox hikməti var. "Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir" (“Ənam” surəsi, 6/124) ayəsini bu aspektdə götürməklə yanaşı, risaləti geologiya, antropologiya, tarix, insan, dəvət, məkan və dil kimi faktorlarla birlikdə də təhlil etmək olar. Məsələn, dil mühüm yerə malikdir. Quranın ərəb dilində nazil olması barədə çoxlu ayələr var. Bu da, xüsusən o dövrdə Ərəb dilinin mükəmməl olmasını göstərir. (34:07)
  • Ərəb dilini yaxşı bilib ondan məharətlə istifadə edən müfəssirlər sırasında başda dayanan mərhum Seyid Qütb deyir: "Bu Quranın sirrini ətalət basmış və fəaliyyətsiz insanlar anlaya bilməz, onun göstərdiyi mənaları ancaq layiqincə iman edənlər və Quranın müəyyənləşdirdiyi məqsədə çatmağa çalışanlar qavraya bilər." (35:00)
  • Məhəmməd İqbal deyir ki: "Gənclik illərimdə hər sübh namazından sonra iki saat Quran oxuyurdum. Atam nə işlə məşğul olduğumu görə-görə hər səhər gəlib: "Oğlum, nə edirsən?” deyə soruşur, mən də əlimdəki Qurani-Şərifi göstərib "Quran oxuyuram" deyirdim. Düz iki il, bəlkə yüz dəfə əlimdə Quranı görə-görə nə etdiyimi soruşdu. Bir gün yenə soruşanda "Atacan, bilirsən ki, Quran oxuyuram, yenə də soruşursan. Nəsə demək istəyirsən?” dedim. Atam belə cavab verdi: “Oğlum, bəli, bilirəm ki əlində "Kitab" var, amma mən istəyirəm ki, sən ona baxmayasan, oxuyasan! Nə vaxt Quranı özünə səslənirmiş kimi oxuyub hər ayədən özünə bir dərs çıxarsan, bax onda həqiqətən onu oxumuş və ondan faydalanmış olarsan." (37:50)
  • Qurani-Kərim ağlımızla birlikdə, bəlkə də daha çox qəlbimizə və ruhumuza səslənir. Qəlb və ruh onunla tanış olmadan onu düzgün anlaya bilməz. (41:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.