Bir Peyğəmbər Əxlaqı: İstiğna

Sual: Dünya və mənafe düşüncəsi kimi yoluxucu xəstəliklərin cəmiyyətin bütün təbəqələrinə, gündəlik həyatın hər sahəsinə sirayət etdiyi belə bir dövrdə peyğəmbər əxlaqı olan istiğna prinsipini həyatımıza necə tətbiq edə bilərik? Bu mövzuda hansı xüsuslara diqqət yetirməliyik?

Cavab: İstiğna insanın Allahdan başqa heç kimə əl açmaması, yalvarıb-yaxarmaması, ac-susuz qalsa belə, el-aləmə ehtiyacanı bildirməməsi və ömrünü könül toxluğu ilə iffət halqasında keçirməsi deməkdir. İstiğna peyğəmbərlik yolunun mühüm bir düsturu və Allah əxlaqı ilə “əxlaqlanma”nın da bir təzahürüdür. Çünki Allah (cəllə cəlaluhu) Saməddir, hər şey Ona möhtacdır, O isə heç nəyə möhtac deyildir. Bəli, O, Ğaniyyi-Aləl-İtlaq[1], Müstəğniyi-Mütləqdir[2].

İnsana gəlincə, onun bəzi şeylərə ehtiyacı var. Bu səbəblə, insan üçün “müqəyyəd (şərti) istiğna” təbirini işlətmək daha düzgün olar, zənnimcə. İnsanlıq aləminin iftixarı ənbiyayi-izam müstəğniyi-müqəyyəd olaraq ömür boyu istiğna ruhu ilə yaşamış, istəklərini təkcə Allahdan diləmiş, dərdlərini bircə Ona açmış, yerinə yetirdiyi risalət (elçilik, peyğəmbərlik) vəzifəsi, etdiyi xidmət və fədakarlıq müqabilində də heç vaxt bir təmənna ummamış, qarşılıq gözləməmişlər.

Qurani-Kərim bir çox yerdə bu xüsusa diqqət çəkir və ənbiyayi-izamın dilindən:

وَمَۤا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلٰى رَبِّ الْعَالَمِينَ

"Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" (“Şuəra” surəsi, 26/109) həqiqətini elan edir. Məsələn, “Şuəra” surəsində Hz. Nuh, Hz. Hud, Hz. Saleh, Hz. Lut və Hz. Şuaybın (alə nəbiyyina və aleyhimussalatu vəssaləm) həyat səgüzəştlərindən, başına gələnlərdən, missiyasından, məqamından silsilə şəklində bəhs edilərkən bu xüsus həmin böyük peyğəmbərlərin mübarək dilindən bir daha nəzərə çatdırılır.

Bu baxımdan, peyğəmbərlik yolunun həqiqi varisləri, nübüvvət (peyğəmbərlik) davasının varisləri də son nəfəsə qədər daim istiğna ruhu ilə hərəkət etməli, müstəğni[3] yaşamalı və Allahdan başqa əsla heç kimin önündə boyun əyməməli, minnət götürməməlidir. Çünki – Rəbbim hifz etsin – xidmət insanı minnət altına girərsə, bu minnət ona çox baha başa gələ bilər. Bu səbəbdən iman və Quran xidmətində olanlar ömür boyu iqtisad və qənaət düsturlarından möhkəm yapışmalı, yeri gəlsə, ac qalmalı, lazım olsa, gündə bir öyünlə kifayətlənməli, amma qətiyyən kiminsə minnətini götürməməlidir. Bəli, istər özləri, istər ailə və yaxınları olsun – el-aləmə əl açmaqdan, minnət altına düşməkdən uzaq olmalıdır. Çünki hər əl açma, hər dilənmə Allahın inayət və rəhmətindən, köməyindən bir addım uzaqlaşma və qazanma yerində itirmə, xüsrana düçar olma deməkdir.

Adanmış ruh daim hür və azad olmalıdır

Burada haşiyə çıxaraq məsələyə bir az da aydınlıq gətirmək istəyirəm: Məsələn, elminizin, ürfanınızın, eşq və həyəcanınızın cəmiyyətə faydalı olacağını düşünən insanlar sizi müxtəlif tədbirlərə dəvət edə, bir yerdən bir yerə maşınla aparmaq istəyə bilər və ya "bununla təyyarəyə bilet alarsınız, yol xərcinizi ödəyərsiniz" və s. deyərək sizə nəsə təklif edə bilər. Lakin əgər imkanınız varsa, gücünüz çatırsa, könüllü qatıldığınız bir tədbirə belə öz imkanlarınızla gedin, heç kimə yük olmayın.

Əks halda, həyata keçiriən xidmət və fəaliyyətlərdən təmənna umularsa, həm peyğəmbər yoluna zidd hərəkət edilmiş olar, həm də adanmışlıq ruhuna xələl gələr. Üstəlik, bu davranış adanmış ruhun öz təsir gücünü öz əli ilə yox etməsi deməkdir. Bəli, adanmış insan istiğna prinsipi çərçivəsində hərəkət etməzsə, – istifadəyə yararlı geniş bilik və təcrübəyə malik olsa da – fərqinə varmadan bir növ vəsayət (minnət, asılılıq) altına girmiş, öz əl-ayağına öz əli ilə zəncir vurmuş olar.

Dinə xidmət yolunda çalışıb-çabalayan bir insan öz əl əməyi, alın təri ilə bəzən yazaraq, bəzən cızaraq, bəzən də müəllimlik edərək zəruri ehtiyaclarını təmin edəcək qədər qazanc əldə edə bilər. Ancaq insanın "xidmət edirəm", "xidmət yolunda əlindən gələni edən bir adamam" deyərək müəyyən imkan əldə etməyi düşünmə, zəngin olmağa çalışma, üstəlik mövqeyindən istifadə edib yaxınları – layiq olmadığı halda – irəli çəkmə kimi bir niyyət daşıması və ya buna təşəbbüs göstərməsi, unutmamaq lazımdır ki, bütün bunlar izzət, etibar və istiğnaya söykənən adanmışlıq ruhuna başdan-ayağa zidd davranışlardır. Bu baxımdan, haqq və həqiqət yolçuları insanı başqalarının yanında boynubükük, dili qısa, gözükölgəli, borclu edən əməllərdən uzaq olmalıdırlar ki, sonra da cəzasını çəkmək məcburiyyətində qalmasınlar. Bəli, dinə xidmət edən, özünü ümumbəşəri dəyərlərə həsr etmiş insanlar əsla asılı vəziyyətə düşməməli, daim azad, sərbəst və hürr olmalıdırlar.

Ancaq müəyyən dövrlərdə biz də vəz verərkən, əmri-bil-məruf və nəhyi-anil-münkər vəzifəsini yerinə yetirərkən, təəssüf ki, maaş aldıq. Rəbbim günahımızı bağışlasın. Düzü, füqəha (fiqh alimləri) imamlıq edəcək adam yoxdursa, bu vəzifənin tamamən tərk edilməməsi üçün imamların maaş almasına izn vermişdir. Lakin əsl qəhrəmanlıq maaş almadan imamlıq, müəzzinlik, vaizlik etməkdir. Amma neyləmək olar, kasıb ailənin uşaqlarıydıq. Maaşsız gün-güzəranı təmin etmək o qədər də mümkün görünmürdü. Ancaq bəlkə də, bir yerdə daş qırıb fəhləlik edərək, alın təri ilə qazanıb sonra da vəzu-nəsihət edə bilərdik. Verilən maaşı da əl vurmadan kasıb-kusuba paylaya bilərdik. Çox təəssüf ki, belə olmadı və etiraf etməliyəm ki, bu da bizim səhvimizdir.

Könüllərdə iz buraxmanın yolu

Söhbətin başında mütləq və müqəyyəd istiğna təbirlərindən danışmışdıq. Əgər ənbiyayi-izamın istiğnasına müqəyyəd istiğna desək, müasir dövrdə Qurana dilbəstə olan adanmış ruhlar da bu yolun yolçuları olaraq əldən gəldiyi qədər müqəyyədin müqəyyədi bir istiğnaya malik olmalıdırlar. Bir az əvvəl qeyd edildiyi kimi, onlar gücləri bir öyünə çatırsa, onunla kifayətlənməli, gündə üç stəkan çaya imkanları çatmırsa, bir stəkanla kifayətlənməli; kifayətlənməli və daim müstəğni yaşayaraq etibarlarına əsla toz qondurmamalıdırlar.

Əlbəttə ki, bütün bunlar o-bu bilsin deyə edilmir. Lakin insanların ortaya qoyulan həqiqətləri qəbul edib mənimsəməsi onların sizin haqqınızda sui-zənn etməməsindən, sizə güvənib etimad göstərməsindən asılıdır. Hətta sizinlə qırx il birlikdə olan insanlar axırda: "Biz otuz-qırx ildir, bu insanlara göz qoyuruq. Heç biri haradansa bir şey aparıb yığmayıb, nə birjada, nə də başqa bir yerdə hissə sənədləri var. Dünyada daş üstünə daş qoymayıblar. Kimisə haqsız yerə irəli çəkdiklərini görməmişik. Görünür ki, bu insanlar təkcə "riza"ya bənd olmuşlar və bundan başqa düşüncələri yoxdur. Elə bil hər şeyi Haqq Təalaya satıb müqabilində Cənnəti alıblar" deməlidirlər. Bir də təkrar edim ki, Haqqa adanmış bir könül, əlbəttə ki, onlara belə sözlər desinlər deyə yaşamır, yaşamamalıdır. Lakin bu prinsiplərlə yaşanan həyat, şübhəsiz ki, könüllərdə dərin izlər qoyacaqdır.

İstiğna mövzusunda mühüm məsələlərdən biri də "Başqaları həssaslıq göstərmir, mən də bu mövzuda bir az rahat hərəkət edə bilərəm" anlayışıdır. Bu anlayış insanın öz-özünü aldatmasından başqa bir şey deyil. Çünki müsibətdə hamı ilə birlikdə olmaq o biri tərəfdə heç bir məna ifadə etmir, axirətdə heç bir faydası olmaz. Dolayısilə, "Başqaları həssaslıq göstərmir, bu məsələ artıq ümumi dərdə çevrilib. Deməli, biz də müəyyən qədər yeyə, içə və daha yaxşı imkanlar əldə edə bilərik" şəklində düşünmək insanı həlaka sürükləyən yanlış baxışdır. Əksinə hər bir insan ətrafına baxanda belə düşünməlidir: "Yoldaşlarımın mənəvi keyfiyyətlərini, istiğnada həssaslıq şüurunu və metafizik gərilimini qorumaq üçün əlimdən gələni etməli və onların dünyanın cazibədar gözəlliklərinə qapılıb məhv olmasına mane olmağa çalışmalıyam". Xüsusilə, sözü dinlənən və idarəçi mövqeyində olanlar bir tərəfdən bu məsələyə çox ciddi və həssas yanaşıb nümunə olmalı, digər tərəfdən də bu ruhu insanlara aşılamalı, onları daim təşviq etməli və bu mövzuda bir boşluq və zəifliyin meydana gəlməsinə imkan verməməlidir.

Məqam-mənsəb məsələsində də istiğna

Digər tərəfdən, istiğna təkcə maddi mənafe ilə bağlı bir məsələ deyil. Haqq Təalanın insana bəxş etdiyi ağıl, zəka, məntiq və mühakimə, idarəçilik kimi qabiliyyətlər də bir imtahandır. İnsan gərək bu cür qabiliyyətlərə uyğun olan maddi-mənəvi mövqe və mənsəb, ad-san, şan-şöhrət, təvəccöh-iltifat mövzularında da təmənnasız olsun və daim istiğna ruhu ilə hərəkət etsin. Ustad Həzrətləri bir yerdə təbiiyyəti (tabe olmağı, tabeçiliyi) məsuliyyət və xətər (qorxu, təhlükə) olan mətbuiyyətdən (başçılıqdan) üstün tutmağı məsləhət görür. Qoy, önə başqaları keçsin, başqaları imam olsun. Məsələn, mehraba keçdik və insanlar da arxamızda cərgəyə düzüldü. Elə bu əsnada gördük ki, arxamızda imamlığa layiq bir nəfər var. Dərhal arxaya çəkilməyi və imamlığa onu keçirməyi bacarmalıyıq. Deyək ki, iyirmi-otuz il müxtəlif yerlərdə haqq və həqiqətə xidmət etdik, işin təbii axarında insanların qibtə etdiyi, təvəccöh göstərdiyi bir vəzifəni bizə əmanət etdilər. Həmişə özümüzü tikan üstündə hiss eləməliyik və: "Görəsən, mənə nə vaxt “gəl” deyəcəklər; deyəcəklər və məni bu vəbaldan qurtaracaqlar!" mülahizəsini daşımalıyıq. Bəli, bir vaxtlar önündə yürüdüyümüz insanların rahatlıqla arxasına keçməyi bacarmalı və onların ardınca gedə bilmə keyfiyyətini daşımalıyıq.

Əgər insanın niyyəti bu cür saf, mülahizələri bu qədər pak deyilsə, deməli, gördüyü işə həva- həvəsini qarışdırır, dolayısilə səmimi davranmır. Bəli, bir xidmət insanının Haqq Təalanın ona bəxş etdiyi bir vəzifəni, sanki, öz haqqı imiş kimi qorumağa çalışması, bunun üçün cəhd və səy göstərməsi onun səmimiyyətsizliyini göstərir. İxlas və səmimiyyətdən məhrum olan belə insanlar arasında isə həmişə mübahisə və münaqişə çıxması mümkündür. Halbuki Quran tələbələrinin bir-biri ilə münasibəti qardaşlıq münasibəti olmalıdır. Yaş-baş, bilik, qabiliyyət məsələsi əsas ölçü və meyar deyildir. Dünyəvi qayə və məqsədlərdə bir çox məqam, mövqe ola bilər. Amma qardaşlıqda hər kəs eyni cərgədə yan-yana dayanan fərdlər kimidir. Dolayısilə, ömrünü iman və Quran xidmətinə həsr etmiş insan hansı sahədə, hansı vəzifədə olur-olsun, həmişə iki addım arxaya çəkilməyə hazır olmalıdır. Əks halda, xeyirli bir iş üçün yola çıxan insanlar arasında belə ənaniyyət və eqoizmdən irəli gələn dava-dalaş, münaqişə və didişmə qaçılmazdır. Bunun nəticəsi də ixtilaf və iftiraqdır, ilahi yardımın kəsilməsidir. Rəbbim hamımızı belə faciəvi bir aqibətə səbəb olmaqdan qorusun! Hamımızı ixlasa bənd olmuş və ixlasa qovuşdurulmuş qullarından eyləsin!

[1] Sonsuz zəngin olan Allah
[2] Mütləq mənada zəngin, heç bir şeyə ehtiyacı olmayan Allah
[3] Malik olduğu şeylə kifayətlənib başqasından xahiş etməmə
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.