Uğursuzluq

Sual: "Təfəül" və "təşəüm" nə deməkdir? Dinimizdə təfəül də təşəüm qədər qadağan edilibmi, yoxsa təfəül bəzi əsaslarla nizamlanıbmı? Təfəül edən insan kahinlik kimi xətalara düşməmək üçün nələrə diqqət etməlidir?

Cavab: "Təfəül" bəzi hadisələri uğurlu saymaq, onları xeyrin başlanğıcı olaraq görmək və hadisələri yaxşıya yozmaq deməkdir. Təfəülün ziddi olan təşəüm isə bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq mənalarına gəlir.

İslamda uğursuzluq yoxdur

Cahiliyyə dövründə təşəüm çox yayılmışdı. O dövrün insanları hər şeyin bir uğursuzluq əlamətinin olduğunu düşünür və çox vaxt hadisələrdən aldıqları işarələrə görə etdikləri və edəcəkləri işlərə davam edər, ya da onlardan vaz keçərdilər. Məsələn, evin damına bayquş qonub ulamağa başlasa, başlarına böyük bəlanın gəlməsindən qorxardılar. Quş adlarından, cinslərindən və ya müəyyən istiqamətə uçmalarından bəzi mənalar çıxarırdılar. Əsasən də qəsdən uçurduqları bir quş sağa uçsa, xeyrə, sola uçsa, şərə yozardılar. Ceyran kimi ov heyvanlarının sağ tərəfdən sola keçib gedənlərinin uğursuzluğa, sol tərəfdən sağa keçib gedənlərinin isə uğura səbəb olduğuna inanırdılar. Fala üstünlük verir, bütün işlərini buna görə müəyyən edirdilər. O qədər uğursuzluq əlaməti icad etmişdilər ki, qarabasmalarla oturub duran bir qorxu cəmiyyətinə dönmüşdülər. Çoxu ruhi böhrana düçar olmuş və daxili aləmlərinin mahiyyətləri dəyişmişdi. Sanki eşitdikləri hər səs, gördükləri hər əşya və şahid olduqları hər hadisə onlar üçün bir vahimə mənbəyi idi. Uğursuzluq məfhumu ümumi dünyagörüşün təməl əsasını təşkil edirdi.

Belə qaranlıq bir əsri işıqlandıran Bəşəriyyətin Fəxri (s.ə.s.) əşya və hadisələri uğursuz saymağı, bu və ya digər şeydə bədlik əlaməti görməyi batil saymış, hətta təşəümün bəzi hallarda şirkə qədər gedə biləcəyini nəzərə vermişdi. Lakin təfəülü tamamilə qadağan etməmiş, onu düzgün dəyərləndirmək lazım olduğunu bildirməklə kifayətlənmişdir.

Rəhbəri-Əkməl (s.ə.s.) bir hədisində: "İslamda təşəüm yoxdur, ən xeyirli yozum təfəüldür" buyurmuşdu. Onun mübarək məclisində iştirak edənlərdən biri: "Ya Rəsulallah, təfəül nədir?" deyə soruşanda, Rəsuli-Əkrəm (s.ə.s.) : "(Hadisələri yozma ilə əlaqəli olan) gözəl sözdür" şəklində sualı cavablandırmışdı.

Allah Rəsulunun (s.ə.s.) Hüdeybiyə müqaviləsində Suheyl ibn Amrın adını xeyrə yozması təfəülün ən gözəl nümunəsi olaraq diqqəti çəkir. Müqavilə üçün Qureyşin göndərdiyi heyətin başında Suheyl ibn Amrın olduğunu öyrənəndə Rəsuli-Əkrəm (s.ə.s.) asanlıq, mülayimlik və yumşaqlıq mənasına gələn "Suheyl" adı ilə təfəül edərək "Artıq işimiz asanlaşdı" demişdi. Hər nə qədər "Suheyl" "asanlıq" mənasına gəlsə də, bu ad "ismi-tasğir" adlanan, kiçiklik və azlıq ifadə edən söz qrupuna mənsubdur. Bu kəlmənin mənşəyi olan "səhl" sözü asanlıq mənasına gəlsə də, "suheyl" musağğar bir addır və "kiçik bir asanlıq", "azacıq yumşaqlıq" deməkdir. Rəsulullahın (s.ə.s.) nəzərindəki bu təfərrüat orada yenə də bəzi problemlərin çıxa biləcəyinə bir işarə idi. Əslində müzakirələrdə tam bir suhulət, yəni asanlıq olmamışdı. Müqavilə mətninə "Muhammədun Rəsulullah" yazılmasına belə razılıq verilməmiş, "Səni peyğəmbər qəbul etsə idik, bu müqaviləyə ehtiyac qalmazdı ki?" mənasına gələn ifadələr işlətmişdilər. Dolayısilə, "sehl" deyil, "suheyl" olmuşdu. Tam bir asanlıq deyil, qapı bir az aralanmışdı. Hikmətin Aynası (s.ə.s.) bir addan bu qədər məna çıxarmış və umduğu mülayimliyə "işimiz asanlaşdı" deyərək işarə etmişdi.

Həzrəti Ruhu-Seyyidul-Ənam (s.ə.s.) təfəül etməkdən xoşlanardı. İnsanların gözəl ad daşımalarını arzulayar, eşitdiyi bu adlardan mənalar çıxarar və hər kəsin adının gözəl yozuma açıq olmasını istəyərdi. Buna görə də Rəsulullah (s.ə.s.) bəzilərinin adlarını dəyişdirmiş, onları əvvəlkindən daha gözəl və daha mənalı isimlərlə çağırmışdı. Ğurab (qarğa), Hərb (savaş), Asi, Şeytan, Atalə (şiddət, kobudluq), Şihab (qığılcım, alov parçası) adlarını dəyişdirmiş, məsələn, Şihabı Hişam (təvazökar, ədəbli), Hərbi Silm (sülh), Muzdacini (yatıb qalan) Münbaislə (durub qaçan) dəyişmişdi. Asiyə (isyankar, itaətsiz qadın) adından xoşu gəlməmiş, onu Cəmilə (gözəl əxlaqlı, gözəl qadın) ilə əvəz etmişdi. Bununla da kifayətlənməmiş, Afirə (şoranlıq yer) adlı bir ərazini Hadirə (yaşıllıq) və "Şibi-Dəlalət" (sapıqlıq keçidi\sahəsi) adlanan yeri də "Şibi-Xuda" deyə adlandırmışdı. Peyğəmbər Əfəndimiz (s.ə.s.) daha bir çox insan və yer adlarını daha gözəlləri ilə dəyişdirmişdi.

Kainatda təsadüf yoxdur amma...

Bu gün də bəziləri müəyyən rəqəmləri, həftənin bəzi günlərini, qara pişik, qarğa və yarasa kimi heyvanları uğursuz sayırlar. Məsələn, bir evin damında və ya eyvanında qarğa qarıldasa, o evdəkilərdən birinin öləcəyinə və ya orada böyük bir fəlakətin olacağına inanırlar.

Əslində kainatda cərəyan edən heç bir hadisə mənasız deyil. Hər əşya və hadisə özünəxas dillə Yaradanından xəbər verir. Yerə düşüb sınan stəkanın və dağılan çaydanın belə özünəxas bir mənası var. Həyatını tövhid dəlillərinə həsr etmiş Ustad həzrətləri öz əsərlərində bu məsələni xüsusi vurğulamışdır. Dəmir sobanın səbəbsiz partlayıb parçalanması və su qabının qeyri-adi şəkildə qırılıb çox xırda hissələrə ayrılmasından danışaraq belə hadisələrin ehtiyat və təmkinliliyə dəvət mənasına gəldiyini bildirmişdi.

Bəli, hər şeyi ölçülüb-biçilməklə yaradılan və fəaliyyəti davam etdirilən bu kainatda təsadüfə qətiyyən yer yoxdur. İnsanın ayağına batan bir tikan belə təsadüfi deyil. Əhli-dəlalət bəzi məsələlərə təsadüf deyib keçsə də, hər şey Mövlai-Mutəalın istəyi və qüdrəti ilə, bir İlahi plan daxilində ərsəyə gəlir. Mülkün sahibi Odur, mülkün bütün işlərində də Onun qüdrət əli var. Buna görə də, İslam uğursuzluq fikrini rədd edir. İnancımıza görə, nə bəzi rəqəm və müəyyən günlər, nə də bəzi heyvanlar uğursuzdur. Bunu da qeyd etməliyəm ki, hadisələrin mahiyyətini anlayanlar üçün hər hadisənin bir mənası var.

Odur ki, həyatda təsadüf olmadığını düşünərək hadisələri yozmaq məqbul olsa da, bəzi hadisələrdən xoş olmayan mənalar çıxararaq təşəüm etmək günahdır. Çünki bəzi şeyləri uğursuz sayaraq onların nə vaxtsa məlum nəticələr verəcəyinə inanmaq və zənnə görə hərəkət etmək bir növ kahinlikdir. Əvvəlcə də dediyimiz kimi, belə bir uğursuzluq düşüncəsi dinimizdə yoxdur. Qarğa eyvana qonan kimi, bayquş ulamağa başlayan kimi, qara pişik görünən kimi və bir stəkan qırılan kimi: "Görəsən, hansı müsibət gəlir?" demək və bir fəlakət gözləmək möminə yaraşan bir davranış deyil. Hər cür xeyir və şərin Allahın diləyi ilə baş verdiyinə inanmaq İslam əqidəsinin təməl prinsiplərindən biri və tövhidin qanunu olduğu halda, bir ədədin, günün, əşyanın ya da heyvanın uğursuzluq gətirəcəyinə inanmaq və ona bir güc və qüdrət istinad etmək şirkə aparan bir günahdır.

Quran-Kərim ilə təfəül edilə bilərmi?

Bunu da əlavə edim ki, həm təfəül, həm də təşəüm qeyblə əlaqəli bir məsələ olduğuna görə bunlar subyektiv şərhlərdir. Əşyanın həqiqətinə müəyyən səviyyədə bələd olan, təvili-əhadisdən (hadisələri yozmadan) anlayan və kainat kitabını dərk edən insanlar, hadisələrdən müəyyən mənalar çıxara və bunu şəxsi həyatlarında nəzərə ala bilərlər. Lakin bu cür mülahizələri hər kəsə şamil edəcək şəkildə obyektiv fitvalara dəlil gətirə bilməz və təfəüllərlə bu cür hökmlər çıxara bilməz. Bəli, hər kəs üçün etibarlı hökmlərin çıxarılmasında dinin təməl əsasları ilə əsli və fəri dəlillər (əsas və ikinci dərəcəli dəlillər.) məlumdur. Bunun xaricində nə yuxu, nə kəşf, nə kəramət və nə də təvili-əhadis obyektiv hökmlərə dəlil ola bilməz.

Buna görə də, əşya və hadisələri uğursuz sayıb onları bəlaların səbəbkarı kimi görmək çirkin və dindən uzaq olduğu kimi, onlara gözəl mənalar verib gələcəyə aid fikir söyləmək və bu cür təfəülləri obyektiv hökmlər kimi təqdim etmək də bir yönü ilə kahinlikdir, dinin ruhuna ziddir. Beləliklə, bütün möminlər təşəümdən uzaq durmalıdır, həmçinin təvili-əhadisdən anlamayanların təfəül niyyəti ilə də olsa, hadisələri bəzi mənalara yozmaları və bu yozumlarını cəmiyyətə şamil etmələri qətiyyən doğru deyildir.

Haqq dostları avam insanların Qurani-Kərim ilə təfəül etmələrinə də yaxşı baxmamışlar. Quranı necə gəldi açaraq birinci açılan yerdən oxuyub, oradan nəticə çıxararaq təfəül etməyin bu işə bələd olmayanları səhv mülahizələrə və ümidsizliyə düçar edəcəyindən qorxmuşlar.

Necə ki, Nur Müəllifi əhli-həqiqətin Qurani-Kərimlə təfəülə tərəfdar olmadıqlarını demişdir. Çünki Quran ilə təfəül edən insanın Onun bir çox yerində əhli-küfrə şiddətli xitabın, inkarçılara qarşı söylənilən sözlərin özünə deyildiyini zənn edərək mənəvi boşluğa və ümidsizliyə düşə bilər.  Düzdür, Şah Vəliullah Dəhləvi həzrətləri Cənabi-Haqqa səmimi təvəccöh etməklə və müəyyən bir üsulla edilən təfəülün bəzi qapılar açacağını demiş, sonra da buna dair bəzi qaydalar demişdir. Lakin bunu hər kəsə öyrətmək və yaymaq doğru deyildir. Əgər insan bu işin əsaslarına bələd deyilsə, açdığı səhifədə münkir və münafiq  barədə nazil olan ayələrə rastlayınca mənəvi cəsarəti qırıla, ümid hissləri sarsıla və ruhuna qorxu və ümidsizlik ab-havası hakim ola bilər.

Uğursuzluq düşüncəsinə qarşı

Yuxularla və gündəlik həyatdakı hadisələrlə əlaqəli yozumlarda çox vaxt izah xətalarına yol verilir. Çünki yuxu və hadisələrin dili yaşadığımız aləmin dilindən çox fərqlidir. Zahirən xoşagəlməz hadisələrin mənaları bəzən həqiqət prizmasından baxanda müsbət olur və bunlar faydalı gedişatın əlamətləri sayılır. Bəzən də müsbət görünən hadisələr əslində məna baxımından mənfidir və bunlar da xoşagəlməz hadislərin əlamətləridir.

Deyək ki, evinizin içi su ilə doldu. Siz bunu mənfi görə bilərsiniz. Lakin bu səyahətə çıxacağınızı, müvəqqəti o evdən ayrılacağınızı və nəticə etibarilə, üstünüzə bərəkət leysanları yağacağına işarə etmiş ola bilər. Məsələn, bir binanın dağıldığını görsək, təvili-əhadis (hadisələri yozmaq) prizmasından bu müvəqqəti bir sarsıntı deməkdir. Yanğında dağılmış evlər istisna olmaqla, dağıntılar hər zaman bir cücərmə və kamilləşmənin toxumunu daşıyırlar. Sel nəticəsində zərər görmüş evlər daimi fəlakətə yol açmaz. Bu müvəqqəti bir məşəqqətin rəmzidir. Çünki arxasınca bolluq, bərəkət gələcəkdir.

Yuxu və hadisələri yozmaq da bir növ ixtisas səhəsidir, hər kəs bunu bacarmaz. Qurani-Kərimin bu mövzu ilə əlaqəli ayələrini və hədisi-şəriflərin bu barədəki şərhlərini bilməyən, misal aləminə dair bəzi həqiqətlərdən xəbərdar olmayanların təvil etmələri, yəni yozmaları və üstəlik bunlarla bəzi hökmlər çıxarmaları qətiyyən doğru deyildir.

Xüsusilə də, şər ünsürlər ehtiva edən yuxuları və təşəümə səbəb ola biləcək hadisələri başqalarına danışmaq da səhvdir. Haqq dostları yuxu və yəqzanları (oyaq halda müşahidə olunan bəzi qeyri-adi hallar) başqalara demənin  bir düyünü açmaq kimi olduğunu, onların adətən danışılan və şərh edilən şəkildə çıxdığını demiş, təvil mənasında ağızdan çıxan kəlmələrin bir yönü ilə Haqq qarşısında hadisələrin qərarlaşdırılmasına və bu şəkildə meydana gəlmələrinə səbəb olduğunu bildirmişlər. Bu baxımdan bəzi yuxu və yəqzanlar saleh insanlar arasından bu işin əhlinin mülahizələrinə ərz edilə bilsə də, bunlar avam təbəqəyə heç deyilməməlidir. Hələ müvəqqəti və nəticəsi xeyirli kimi görünsə də, hər hansı bir mənfilik daşıyan yuxu və yəqzanlar qətiyyən dilə gətirilməməli, digər insanlar da şübhələndirilməməlidir.

Bununla yanaşı, şeytanın təşəümə səbəb ola biləcək yuxu və hadisələri hər zaman mənfi yöndə istifadə edə biləcəyi də unudulmamalıdır. Şeytan bəzən bir bayquşu –hətta daxilinə nüfuz edərək- eyvanınıza qədər çəkib gətirər və orada saatlarla ulada bilər. Belə bir hadisə qarşısında "Görəsən, bunun mənası nədir?" deyə bilər və əgər işin əhlisinizsə hadisələrdən bir məna çıxara bilərsiniz. Lakin bunu mütləq başınıza gələcək müsibətin əlaməti olaraq görmək və bu fəlakəti gözləməyə başlamaq mömin davranışı deyil. Elə şeytanın bu hiylədəki məqsədi də içimizdə həyəcan hasil etmək, ruhunuzda gərginlik yaratmaq, vücudunuzun mahiyyətini dəyişdirmək, sizi depresiyalara salmaq və hətta sizi ruhi böhranlara salaraq ibadətinizdən uzaqlaşdırmaqdır.

Elə isə, təşəümə açıq bir yuxu görəndə, ya da xoşagəlməz hadisə ilə üzləşəndə bunu təmkinliyə və ehtiyata çağıran bir işarə olaraq qəbul etməli, dərhal Cənabi-Haqqa iltica etməli və "Rəbbim, əgər bir bəlanı haqq etmişəmsə və bu da o bəlanın nişanəsidirsə, qəzəbindən rəhmətinə sığınıram. Sənin dərgahından başqa iltica ediləcək bir yer bilmirəm və Sənə yalvarıram. Nə olar ətan ilə (bağışlamaq) bu qəzanı (qəzavü-qədər) uzaqlaşdır!" deməlisiniz. Əsla şübhəyə, çarəsizliyə düşməməlisiniz. Əksinə İlahi inayət (qayğı) və riayətin (hörmət, rəğbət) sizi də bürüdüyünə, Allahın qüdrətinin hər şeyə kifayət edəcəyinə səmimi qəlbdən inanmalı və vicdan rahatlığı ilə Ona sığınmalısınız. Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin "Xoşunuza gəlməyən bir şey görəndə üç dəfə sol tərəfinizə tüfürün, üç dəfə də "Əuzu billəhi minəşşeytanirracim" deyin və bunu heç kəsə danışmayın" göstərişini xatırlayaraq şeytanın şərindən Allaha sığınmalısınız. Mənəvi böyüklərimizin etdiyi kimi, tez-tez istiğfar etməli və eyni zamanda "Sədəqə bəlanı uzaqlaşdırar!" mülahizəsi ilə sədəqə verməlisiniz.

Xülasə, əşya və hadisələri uğursuz saymaq, ondan-bundan uğursuzluq çıxarmaq batildir, hətta təşəümün bir dərəcəsi şirkə qədər gedə bilər. Lakin dinimiz təfəülü tamamən qadağan etməmiş, onu mütəxəssislərə həvalə etməyi tövsiyə etmişdir. Rəsuli-Əkməl Əfəndimiz (s.ə.s.), "Bir mömin uğursuzluq gələr fikri ilə yolundan dönməsin. Əgər sizdən biri xoşlanmadığı bir şey görsə, bu duanı oxusun: Allahummə lə yəti bil hasənəti illə əntə və lə yədfəussəyyiəti illə əntə, və lə havlə və lə quvvətə illə bikə-Allahım, xeyirlər ancaq Səndəndir. Pislikləri də sadəcə Sən uzaqlaşdıra bilərsən. Yeganə qüdrət sahibi Sənsən. Həqiqi güc və qüvvət Səndəndir," buyurmuşdur. Bir mömin xeyir və şərin Allahdan olduğuna şübhəsiz inanmalıdır. Bütün işlərində dinin rəhbərliyi və ağlın işığı altında öz öhdəsinə düşəni yerinə yetirməli, sonra da Allaha təvəkkül edərək nəticəni Ona həvalə etməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.