Bu günə qədər həyata keçirilən dinlərarası dialoq fəaliyyətlərinin İslamiyyət üçün konkret hansı faydaları var?
Bu suala cavab vermək cavab hadisəyə baxış tərzi ilə düz mütənasibdir. Sualda hansı faydadan bəhs edilir və buna nail olmaq üçün əvvəlcədən proqnozlaşdırılmış bir müddət varmı? Əgər bu fayda digərlərinin İslamı və müsəlmanları tanımasıdırsa, onda çox qısa müddətdə yüz illik qərəzli yanaşmalarını tərk edib, insafla İslama yaxınlaşan yüzlərlə insan saymaq olar. Xüsusilə, elmi, dini və siyasi dairələr kimi cəmiyyətə rəhbərlik edən təbəqələrdə belə insanların olması bəşəriyyətin bu gün və sabah "birlikdə yaşamaq" ümidini artırır.
Zaman məsələsinə gəldikdə isə İslam Qərbdə "naməlum o biri" dir. Məlum tərəfi isə Səlib yürüşlərini haqlı göstərmək məqsədilə aparılan mənfi təbliğat və səbəbləri dinlə təqdim edilən müharibələrin formalaşdırdığı qərəzli düşüncələrdir. Buna son dövrlərdə İslamın terrorla eyniləşdirildiyini əlavə etmək olar. Bu üç xüsus, demək olar ki, hər bir qərblinin şüuraltı düşüncəsində İslam haqqında müəyyən fikir formalaşdırır. Bu, şərqşünasların elmi fəaliyyətlərinə də öz mənfi təsirini göstərmişdir. Vəzifələri tarixi həqiqətləri səbəb və nəticələri ilə birlikdə təqdim etmək olan şərqşünasların elmi fəaliyyətləri daha çox bu zehniyyətə söykənir. Bu qərəzliliyin öz yerini birdən-birə dostluğa, sülhə, qardaşlığa verməsi mümkün deyil. Zehni və sosial çevrilişlər beş-on il deyil, bir neçə nəslin ömrü qədər vaxt tələb edir. Bu da xarici və daxili çətinliklər qarşısında sistemli, nizamlı, yorulmadan, usanmadan çalışmaqla mümkündür.
Qərb dünyasında Müsəlman, Xristian, Yəhudi, Hindu və s. din mənsublarının ortaq və daimi vəqf, dərnək, mərkəz formasında təşkilatlar qurması mühüm addımdır. Xoca Əfəndinin yanaşmasında "hamının olduğu kimi qəbul edildiyi" bu təşkilatlar bir tərəfdən uzunmüddətli birliklər mərkəzi, digər tərəfdən hər kəsin öz dini, milli və mədəni dəyərlərini yaşamasını təmin edən adacıqlar mahiyyətindədir. Bəlkə də xalq - dövlət quruluşunda və əhalisinin 99 %-i müsəlman olan bir diyarda yaşayan insanla bunu başa düşməkdə çətinlik çəkənlər, amma bu, "azlıq" olaraq "çoxluq içində" yaşayanlar üçün ümid vəd edən bir inkişafdır. Bu gün Avropa qitəsində 25 milyon, Amerikada 7 milyon müsəlmanın varlığından bəhs edilir. Bu insanların öz dini, milli və mədəni dəyərlərini yaşaması, assimilyasiya olunmaması özü-özlüyündə böyük işdir və sözügedən təşkilatlar bu özünəinam hissini bizlərə verən faktorların başında gəlir.
Digər tərəfdən, dinlərarası dialoq fəaliyyətlərindən nəticə əldə etmək ancaq bərabər səviyyədə qarşılıqlı səmimi münasibətlər qurmaqla mümkündür. Rəsmiyyətin boğucu və sıxıcı atmosferində davam etdirilən münasibətlərdən nəticə gözləmək əbəsdir. Bu istiqamətdə arxivə baxsaq, dediyimiz nəticəni görəcəyik. Bunu yadda saxlamaq lazımdır ki, "səmavi din düşmənçiliyi", "uluhiyyətin inkarı" keçmiş pozitivizm fəlsəfəsinin qalığı olaraq hələ də davam edir. Bu mənzərə qarşısında inanan insanlar bütün dünyada birliklər qurmalı, dini, əxlaqi və mədəni dəyərlərin itirilməsi və aşınmasına qarşı tədbirlər görməlidirlər. Dinlərarası dialoq bunu təmin etmək üçün potensial gücə sahibdir.
Bundan başqa, bir müsəlman olaraq qəbul etməliyik ki, heç bir dini, əqli və məntiqi əsası olmayan terror və terrorizm bənzətməsi bir tərəfə, nə fərd, nə də cəmiyyət olaraq dünya miqyasında İslamı layiqincə təmsil etdiyimizi deyə bilmərik. İlahiyyatçı professor Suat Yıldırımın araşdırmasına görə Avropada Quran ilk dəfə XII əsrdə latın dilinə tərcümə edilmiş və nəşr edilmədən Klani monastırına qoyulmuş, yalnız XVI əsrdə çap edilmişdir.[1] Bu, o deməkdir ki, Xristian dünyasının min il ərzində döyüşdüyü din haqqında heç bir məlumatı olmamışdır. Burada onların təəssübkeşliyi qədər bizim də təbliğ laqeydliyimiz mühakimə edilməlidir. Əgər metod və üslubuna uyğun təbliğ olunsa idi, qarşılıqlı münasibətlərdə çox fərqli mənzərə meydana gələ bilərdi.
İslamı təmsil etmək də bundan fərqli deyil. Düzdür, Qərb mediasının birtərəfli və qərəzli nəşrləri müsəlman imicinə ləkə gətirir. Amma bizim də qarşılıqlı və ya ictimai münasibətlərdə müsəlmana yaraşmayan, İslami dəyərlərlə uzlaşmayan kobud və səhv davranışlarımız vardır. Xoca Əfəndinin də vurğuladığı kimi: "Uğursuzluğumuz üsulsuzluğumuzdan irəli gəlir". Yanlış üslubumuz, laqeydliyimiz, əhəmiyyətli hesab etməməyimiz, dünyəviliyimiz İslamı bizimlə tanıyan digərilərini yanlış qənaətlərə sövq etmişdir. Qeyri-müsəlman ölkələrdə, məsələn, sadəcə ABŞ-da, Almaniyada insan alveri, narkotika, oğurluq, təcavüz və s. səbəblərlə həbsə düşən müsəlmanların sayının çoxluğu bizi düşündürməlidir. Heç unuda bilmədiyim bir xatirə: ABŞ-da bir həbsxananın səlahiyyətli şəxsinə zəng etmişdim müsəlman məhkumlara könüllü olaraq dini məlumatlar vermək istəyirdim. İlk sualım: "Müsəlman məhkumunuz varmı?" – oldu. Çox istərdim ki, o şəxsin verdiyi cavabın tonunu eşidəsiniz. O səs tonu sanki: "Bu nə deməkdir? Belə sual olar? Sən ayda yaşayırsan?" – deyirdi. Yəni: "Of course (əlbəttə)"...
Başqa bir xatirə də üsulsuzluğumuz deyil, laqeydliyimizə, əhəmiyyət verməməyimizə, rəhbərsizliyimizə və işin dərdini çəkməməyimizə aiddir. Nyu - Cersi ştatının 4 böyük vilayətində müsəlman-katolik münasibətləri üzrə məsul keşişin bizim istəyimizlə baş tutan görüşdə dediyi sözlər diqqəti cəlb edir. Keşişin ilk cümlələri belə oldu: "8 ildir, burada işləyirəm. Burada 30 ildir, türklərin, müsəlmanların yaşadığını eşidirəm. Amma ilk dəfə Türk müsəlman görürəm". Halbuki bu şəhər Almaniyanın Berlin şəhəri kimi türklərin ən sıx yaşadığı yerdir.
"Bu fəaliyyətlərin konkret faydaları varmı?" sualına cavab olaraq mübaliğəni zimni (gizli) yalan sayan bir mədəniyyətin övladı olaraq deyə bilərəm ki, xaricdəki 3-5 illik dialoq fəaliyyətləri nəticəsində İslam haqqında qənaətləri dəyişən insanların dedikləri sözlər bu əsərdən daha iri həcmli kitab əmələ gətirər. Bu insanlarla birgə həyata keçirilən konfrans, seminar, simpozium tipli elmi fəaliyyətlər, gəzinti, ölkədaxili və xarici səyahətlər, qarşılıqlı kilsə-məscid ziyarətləri, ailəvi münasibətlər o qədər zəngin fikir və vizual materiallarla doludur ki, din, tarix və s. sahələrdə elmi araşdırmalara mövzu ola bilər. Burada STV efirində "Dialoqun meyvəsi" adlı sənədli filmdə göstərilən və ABŞ-dan Türkiyəyə dialoq proqramı çərçivəsində gəzintiyə gələn bəzi insanların fikirlərinə nəzər yetirək. Onlar Türkiyəyə səyahət təklifini alarkən keçirdikləri hisləri belə ifadə edirlər:
"Gecə ekspressi" filmindən başqa Türkiyə ilə əlaqədar müsbət və ya mənfi heç bir məlumatım yox idi. Çox ekzotik, gözəl bir yer kimi görünürdü. Nə vaxtsa gedib görmək istərdim, amma təhlükəsiz bir yer olmadığını da düşünürdüm". (Rosemary Mumm)
"İstanbulun bir az ibtidai bir yer olacağını gözləyirdim. Afrikada gördüyüm bəzi şəhərlər kimi olacağını düşünürdüm. Amerikalı olduğum üçün müsəlmanların mənimlə düşmən kimi davranacağını gözləyirdim. Bura gəlmək haqqında çox fikirləşdim. Dostlarım: "Getmə, təhlükəli olar, – dedilər. Hətta biri: "Getsən, kəlləni uçurarlar" – dedi". (Robert Roberts)
"İlk təklifi alanda: "Mənimlə zarafat edirsən?" – dediyimi xatırlayıram. "Türkiyə?" – soruşdum. O da böyük nəzakətlə və çox sakit bir halda: "Bəli, Türkiyəyə gəlməyinizi istəyirik", – dedi. "Yəni Orta şərqdəki Türkiyə?" – deyə soruşdum. "Bəli", – dedi. Sonra çoxlu sual verdim". (Barbara Boyd)
"Türk deyəndə vəhşi, döyüşdə vurub-yıxan insanlar ağlıma gəlirdi. Baxdığım bütün filmlərdə türklər Amerika filmlərindəki zəncilər kimi göstərilirdi. Beyinlərdə belə imic var və siz olanların fərqində belə deyilsiniz". (Professor Boyd)
On günlük gəzintidən sonra isə həmin insanların bəziləri hislərini belə ifadə edirlər:
"Sonra kəşf etdim ki, türklərin belə dostcasına davranışları Peyğəmbərlərinin nəsihətlərindən qaynaqlanır. Türk dostlarımın dini təbii şəkildə, düşünmədən yaşadığını, bunu həyat tərzi halına gətirdiyini görmək mənim üçün İslamı daha dərindən öyrənmə yolunda əhəmiyyətli bir addım oldu". (Rick Keller)
"Gündə beş dəfə Allaha dəvət onun ağıldan çıxmamasını təmin edir. Allahı ancaq həftədə bir dəfə ibadət edərək, şükür edərək, mədh edərək xatırlamaq olmaz. Azan hər zaman Allahı xatırladır. O çağırış mənə görə bu mənanı daşıyır". (Rosemary Mumm)
"Bir amerikalı olaraq məscidləri ya Ayasofiya, ya da Sultanəhməd kimi nəhəng təsəvvür edirdim. Oradakı məscid kiçik idi, iyirmi nəfər güclə sığardı. Olduqca sadə idi. Ölkənin yoxsul bir yerində idi. Bu, mənə çox təsir etmişdi. Bu ucqar yerdə, ölkənin yoxsul bölgəsində, belə bir ibadət yerinin olması... Və bura ibadət edənlərin gözündə Ayasofiya qədər dəyərli idi. Həqiqətən, bundan çox təsirləndim". (Tomas Burns)
"Mən dörd il Almaniyada yaşamışam. Avropanın hər yerini gəzmişəm, dünyanın ən gözəl kilsələrini görmüşəm. "Notre Dam"ın güllü pəncərəsinə baxmışam, Parisdə "Saint Capel"i,..."Katedralin"i, bamberin qübbəsini görmüşəm. Amma Sultanəhməd qədər gözəl olanını, belə bir memarlıq abidəsini heç görməmişdim. Sultanəhmədə girib ayaqqabılarımı çıxaranda, dua etməkdən başqa nə edə bilərdim ki..."(ağlayır) (Robert Roberts)
"Mən ilk dəfə məsciddə namaz qılındığını görəndə heç gözləmədiyim şəkildə, sanki, ayıldım. İbadətdəki dərinliyi və gözəlliyi hiss etdim. "Öz ibadətlərimdə hələ çox şey etməliyəm", – deyə düşündüm. Mənəviyyatın gündəlik həyatın ayrılmaz hissəsi olduğunu başa düşdüm. Mənəviyyat bütün gördükləri işlərinə nüfuz edir. Buna görə dərinlik var, çox gözəl davranışlar var və həyatdakı hər şeyin bir məqsədə və bir mənaya malik olmasını, vaxt itirməməyin zəruriliyini göstərir. Hər şeyin Allahdan gəldiyini, yaxşı-pis hər şeyin bir nemət olduğunu, gündəlik həyatda mənəviyyatın çox önəmli olduğunu onlardan öyrəndim. Onların örnək olması sayəsində yaxşı başa düşdüm", (Cathy Eustis)
ABŞ-dan təqdim etdiyimiz bu misallar Afrikadan Mərkəzi Asiyaya qədər, Avstraliyadan Avropaya qədər dünyanın hər yerində var. İdeoloji liderlik, gəzinti, aşura paylama, qonşu ziyarətləri kimi ictimai əlaqələrin, konfrans, seminar, simpozium kimi elmi fəaliyyətlərin nəticələri deyil, sadəcə məkan, zaman və mövzularını göstərən siyahısı bir kitab həcmindədir.
Bir cümlə ilə xülasə etməli olsaq: Dialoq fəaliyyətləri – İslam dininin əsas funksiyalarından biri olan "İnsanlar arasında körpü olmaq, yol olmaq və uçurumları örtən ünsür olmaq"[2] vəzifəsini icra edir, İslam haqqında məlumatlar verir, bu da nəticədə yanlış İslam imicinin düşüncələrdən silinməsinə xidmət edir.
[1]. Yıldırım, Suat, Diyalogun Dikenli Yolları, Kültürlerarası Diyalog Platformu Bülteni (KADIP) sayı.6, s.4
[2]. Gülen, Fethullah, a.ç.ə., s.162
- tarixində yaradılmışdır.