Dialoq fəaliyyətlərinin 90-cı illərdə başlamasının xüsusi bir səbəbi vardırmı?
Daha əvvəllər də ifadə edildiyi kimi, Xoca Əfəndinin daxili və ya xarici dünyaya yönəlmiş dialoq düşüncəsi praktik fəaliyyətdən də əvvəlki illərə aiddir. Şəxsən həm söhbətləri, həm də yazıları ilə Xoca Əfəndinin düşüncə dünyasını uzun müddət təqib etmişəm. Onun dialoq düşüncələrinin nə qədər keçmişə aid olduğunu göstərmək üçün bir misal verim.
Əlinizdəki kitaba hazırlıq əsnasında Xoca Əfəndinin 1978-ci ildə Professor İbrahim Cananın "Sülh cizgisi" adlı kitabına yazdığı ön sözü təkrar oxuduqda bu fikrimi təsdiq edən ifadələrlə rastlaşdım. Çünki orada dialoq fəaliyyətləri haqqında dilə gətirilən elə düşüncələr, ifadələr var ki, 90-cı illərdə səslənən fikirlərlə kəlmə-kəlmə üst-üstə düşür. "Birləşmə nöqtələri" adını verdiyi bu təqdimat yazısında Xoca Əfəndi öncə professional bir həkim kimi qloballaşma prosesinə işarə edir və müalicə olaraq "millətin ittifaqı", "ağıla və məntiqə əsaslanan bir vəhdətin və könül birliyinin", "millət olaraq birləşməyin əsasını təşkil edən ortaq nöqtələrimizin müzakirə edilməsi" nin əhəmiyyəti üzərində dayanır. İslam mütəfəkkirlərindən ilham alan Xoca Əfəndi "bir mömin olaraq kainata qardaşlıq beşiyi" nəzəri ilə baxmağı təklif edir, könlümüzü bütün bəşəriyyətə açmağın zəruriliyini vurğulayır. Belə deyir: "Müxtəlif düşüncə və anlayışlarımız düşmənçilik etmək üçün səbəb olmasın. Əksinə, onu bir zənginlik vəsiləsi kimi dəyərləndirək..."
"Kinin və nifrətin indiyə qədər heç bir məsələ həll etmədiyini xatırlayıb mədənilərə qarşı qələbənin ancaq "yola gətirmə (inandırma)" ilə olacağına inanaraq bir daha birlik və bərabərlik "əhdi-peymanını" bağlayaq".[1]
"Niyə məhz 90-cı illər?" sualına gəldikdə, əlbəttə, sosial hadisələr fikirlər qədər sürətli deyil. Onlar əvvəlcə uzun bir hazırlıq və formalaşma dövrü keçirir. Cəmiyyət miqyasında böyük dəyişmə və yenilənmə bəzən bir neçə əsr çəkir. Türkiyə 70-ci və 80-ci illərdə məruz qaldığı ciddi fikri və siyasi parçalanmaları ancaq 90-cı illərdə bir kənara ata bilmişdi. Çünki bu dövrdə soyuq müharibə qurtarmış, bütün dünyada dinə qayıdış prosesi başlamışdı. Əslində, bu illərdə də ideoloji sədlərin varlığı zehinlərdə davam edirdi. Amma buna baxmayaraq, cəmiyyət həm siyasi, həm də düşüncə baxımından dəyişirdi. Köhnə münaqişələr yerini hər tərəfdən yeni yüksəliş və axtarış tələblərinə vermişdi. Bu da mütləq dialoq zəmininə ehtiyac hiss etdirirdi.
Xoca Əfəndinin nəzakət ziyarətləri ilə səpdiyi daxili dialoq toxumları tez bir zamanda bar verdi. Əks halda, bu yolda atılan hər addımın böyük bir alicənablıqla qarşılanması heç cür izah olunmur. Bu çərçivədə Xoca Əfəndinin təsbitləri çox önəmlidir: "Bu dialoqlardan çıxardığım ən önəmli nəticə öz cəmiyyətimizə qarşı nə qədər qapalı olduğumuz həqiqətidir. Çox vaxt bizimlə eyni düşüncədə olmayan bir insanla qarşılaşanda xoşagəlməz şeylərlə rastlaşacağımızı zənn etmişik. Maraqlıdır, mən demək olar ki, heç bir təbəqədə üzünü turşudan insan görmədim. Hamısı ilə səmimi şəkildə qucaqlaşdıq və bu fərqli zənn edilən insanlar bir-birini istiqanlı gördülər. Şəxsən mən bu "qucaqlaşmalarda", sanki, itirilmiş cənnəti tapdım."[2] Bu tarixi sözlər bir həqiqəti ifadə etmək və hadisənin hesabatını verməkdən çox böyük bir etiraf, özünütənqiddir.
Digər tərəfdən deyə bilərik ki, xüsusilə, ölkə daxilində dialoq fəaliyyətləri üçün məqam gözləmək, zaman və şəraitdə fürsət axtarmaq deyə bir şey yoxdur. Əksinə, bu cür yanaşmalar, münasibətlər çox kiçik dairədə cərəyan etdiyi üçün mediada gec əksini tapır, cəmiyyətə vaxtında çatdırılmır. Fəaliyyət dairəsi genişlənib cəmiyyətin siyasi, mədəni, iqtisadi, idman və s. sahələrində millətin diqqət mərkəzində olan, yəni hər addımı mediada izlənilən insanlar bununla maraqlandıqca bu mövzu medianın diqqətini çəkmiş və bu fəaliyyətlər bir mənada milli məsələyə çevrilmişdir. Sözügedən dairələrin bu fəaliyyətlərə sahələrinə görə dəstək verməsi hər bir türk vətəndaşının illərdən bəri gözlənilən nöqtəyə çatmasını təmin etmişdir. Belə ki, o dövrlərdə dialoq və tolerantlıq fəaliyyətlərinə həsr olunan proqramlar haqqında yazılan xəbərlər, analizlər, dəyərləndirmələr, sonrakı illərdə də elmi sahədə olan fəaliyyətlər bu yanaşmanı isbat edir.
Elə isə dialoq fəaliyyətlərinin 90-cı illərdə başlamasını Xoca Əfəndinin dialoq haqqında düşüncələrinin dəyişməsi ilə deyil, münbit şəraitin olub-olmaması və medianın münasibəti ilə əlaqələndirə bilərik.
[1]. Gülen, Fethullah, a.ç.ə., s.35-47
[2]. Gülen, Fethullah, a.ç.ə., s.65
- tarixində yaradılmışdır.