Türkiyə xaricində həyata keçirilən tolerantlıq fəaliyyətlərinin ölkə daxilində həyata keçirilənlərdən fərqi nədir?
Dünyada həyata keçirilən dialoq fəaliyyətləri İslam və mədəniyyət anlayışımızın Türkiyə müsəlmanı ünvanı ilə təmsilindən, gündəmə gətirilən mövzulara bu perspektivdən həll yolları təklif etməkdən ibarətdir. Məlum olduğu kimi, cəhalətin, qərəzli yanaşmanın, düşmənçiliyin, mənfəət düşüncələrinin meydana gətirdiyi, bəslədiyi "İslam" imici, xüsusilə, Qərb ölkələrində müsbət deyildir. Əsas İslami dəyərlərə tamamilə zidd olsa da, İslam terrorla, müsəlman da terrorist kəlməsi ilə eyniləşdirilmişdir. Şübhəsiz ki, kütləvi informasiya vasitələrinin fəaliyyəti bu təsəvvürün formalaşmasında mühüm rol oynamışdır.
Xoca Əfəndinin dəyərləndirməsinə görə, müsəlman dünyası bu gün tarixi baxımdan əhəmiyyətli bir yolayrıcındadır. Müsəlman bu yolayrıcında ya "naməlum o biri", ya da "məlum o biri" olmağı seçməlidir. Dinlərarası dialoq fəaliyyətləri "məlum o biri" olmaq yolunda getmək deməkdir. Burada əsas məqsəd müharibə, münaqişə, terror, cəhalət, gerilik və oxşar mənfi portretlərlə çirkləndirilməyə çalışılan müsəlman imicini təmizləməkdir. Bu məqsəd də reallaşmaqdadır.[1] Bu proses daxilində qərbli insanın ölməmiş vicdanına, sönməmiş tolerantlığına xitab edilərək İslamın gülən üzü, ilahi əmrlərin düzgün izahları, Allah Rəsulundan (s.ə.s.) indiyə qədər olan tarixi həqiqətlər Bədiüzzamanın illər öncə diqqətimizi çəkdiyi "iqna metodu (yola gətirmə, inandırma)" çərçivəsində izah edilmişdir, izah edilməkdədir və ediləcəkdir. Bu cəhdlərin heç biri faydasız olmamış və "məlum o biri" olmaq istiqamətində böyük işlər görülmüşdür.
Dinlərarası dialoq fəaliyyətləri Mədəniyyətlər münaqişəsi tezisinin ("kahinliyi" deməli idik) ehtimallarını puç edən faktorlara malik uzunmüddətli bir layihədir. Samuel Hantinqtonun "Mədəniyyətlərin münaqişəsi" adı ilə irəli sürdüyü və Sovet rejiminin çökməsindən sonra bəşəriyyətin istiqamətləndiyi münaqişə, toqquşma, müharibə, Xoca Əfəndinin təhlilinə görə, dünya siyasət və iqtisadiyyatına hakim olanların hakimiyyətlərinin davamını təmin etmək cəhdləridir.[2] Əgər dövlətlər və millətlər rəsmi və mülki bütün strukturları ilə anlaşmağa və uzlaşmağa cəhd etməsələr, həqiqətən, Hantinqtonun bəhs etdiyi kimi, bir təhlükənin bəşəriyyətin qapısını döyməsi mümkündür. Amma bu məcburi istiqamət deyildir. İndidən bu təhlükəni görüb sellərin qarşısına çəkilən bəndlər kimi sədlər hazırlamaq bu təhlükəni aradan qaldıracaqdır.
Din mənsublarının aparıcı rol oynadığı dinlərarası dialoq fəaliyyətləri bu bəndlərdən biridir. Çünki qloballaşan dünyada ortaq gələcəyə doğru birlikdə gedən, getmək məcburiyyətində olan bəşəriyyətin birliyi üçün dinlərin görəcəyi o qədər iş vardır ki, bu mənada onları heç bir şey əvəz edə bilməz.
[1]. Gülen, Fethullah, a.ç.ə., s.157
[2]. Gülen, Fethullah, a.ç.ə., s.177
- tarixində yaradılmışdır.