Fəthullah Gülənin “kəlmeyi-şəhadət” və “kəlmeyi-tövhid”in ikinci, yəni “Məhəmməd Allahın Rəsuludur” hissəsini çıxardığını iddia edirlər. Bu haqda nə deyə bilərsiniz?
Fəthullah Gülən və Könüllülər Hərəkatının dünya miqyasında müxtəlif din və mədəniyyətin nümayəndələri ilə apardığı dialoq fəaliyyətlərinə görə "İslamdan güzəştə gedirlər”, “Hz. Məhəmmədə inanmağı və tabe olmağı vacib saymırlar”, “Kəlmeyi-şəhadət və kəlmeyi-tövhidin ikinci, yəni “Məhəmməd Allahın Rəsuludur” hissəsini çıxarırlar" kimi ittihamlara məruz qalır.
Bu ittihamın qərəzli böhtan olduğunu anlamaq üçün çoxlu araşdırma aparmağa, vaxt və əmək sərf etməyə ehtiyac yoxdur. Fəthullah Gülənin yazılı və şifahi əsərlərinə göz gəzdirmək belə onun İslam Peyğəmbəri Hz. Məhəmmədə qarşı olan sevgi və bağlılığını görmək üçün kifayətdir. Gülənin ümumiyyətlə “Əfəndimiz” deyə xitab etdiyi Hz. Məhəmmədə iman və təslimiyyətin də fövqündə eşq və şövqlə bağlı olması yazılı və şifahi əsərlərində göz qabağındadır.[1]
Hz. Məhəmmədin təbliğinə həsr olunmuş ömür
Fəthullah Gülən ömrünü Hz. Məhəmmədin təbliğinə və Onu insanlara sevdirməyə həsr etmişdir, buna saysız-hesabsız şahid və dəlillər var. “Nübuvvet Serisi (Peyğəmbərlik silsiləsi)” şəklində dinləyicilərə təqdim edilən və “Sonsuz Nur” adı ilə kitablaşdırılan vəzləri bu dəlillərdən biridir. Həftəlik vəzlərini “Peyğəmbər Sevgisi” adlandırması da bunun ayrı bir sübutudur.
Hər fürsətdə Allahı və Rəsulunu təbliğ edib sevdirməyə çalışan, bunu Könüllülər Hərəkatına daim tövsiyə və təşviq edən[2] Fəthullah Gülənin yazılı və şifahi irsini qərəzsiz, səmimi, insafla və vicdanla araşdırsalar, görərlər ki, əslində, o, Allahın insanlara rəhbər göndərdiyi bütün peyğəmbərlərin, xüsusən də, son peyğəmbər Hz. Məhəmmədin örnək həyatını öyrənib yaşamadan maddi-mənəvi, dünyəvi-üxrəvi səadətin mümkün olmadığını açıq şəkildə və qətiyyətlə ortaya qoyur.
Fəthullah Gülən 13.02.2011 tarixli "Sonsuz Nurla Söhbəti-Canan" adlı söhbətində deyir: "Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) mümtaz və ali şəxsiyyətini insanlara çatdırmaq, bundan da çox Onu bəşəriyyətin qurtuluşuna çarə, insanlığın sağalmaz dərdlərinə bir dərman kimi təqdim etmək və Onun həyatını Ona layiq şəkildə tanıtmaq çoxları kimi mənim də düşüncə və hiss dünyamı "istila edən" və qarşısıalınmaz bir arzu və istəyə çevrilən mühüm mövzulardan biridir. Dolayısilə, bu günədək demək olar hər sözümü İnsanlığın İftixarına gətirməyə çalışmışam. Bu amacla "Sonsuz Nur" silsiləsini başdan-ayağa bu mövzuya ayırmış və həftələrlə Ondan bəhs etmişəm. Əslində, o vəzlərin kitab şəklinə salınacağını düşünməmişdim. Lakin neçə illər sonra yoldaşlar o köhnə söhbətləri kağıza köçürüb önümə qoyunca, mən də sırf xatirə olsun deyə təshih edərək çapına razılıq verdim."[3]
Fəthullah Gülənin əvvəlcə ölkədə, ardınca dünya miqyasında dialoq fəaliyyətlərini başladandan sonra da həyatını həsr etdiyi "Allahı və Rəsulunu tanıtma-sevdirmə" qayə və əzmindən zərrəcə güzəştə getmədiyini görmək üçün sadəcə aşağıda əsərlərindən seçdiyimiz bir neçə yazıya göz gəzdirmək kifayətdir:
- “Yolların Ayrımındaki Zat”, Sızıntı, aprel 1987-noyabr 1998, sild: 9-10, sayı: 99-118
- “Yolların Ayrımındaki Zat Üzerine”, Sızıntı, dekabr 1988, sayı: 119
- “Sünnet ve Hadis”, Yeni Ümit, yanvar-mart 1990, cild: 1, sayı: 7
- “Ravzâ”, Yeni Ümit, iyun-sentyabr 1990, cild: 2, sayı: 9
- “Peygamberimiz (sav) ve Söz (1)”, Yeni Ümit, aprel-iyul 1991, sayı: 12
- “Peygamberimiz (sav) ve Söz (2)”, Yeni Ümit, iyun-sentyabr 1991, sayı: 13
- “Peygamberimiz (sav) ve Söz (3)”, Yeni Ümit, oktyabr-dekabr 1991, sayı: 14
- “Kutlu Doğum”, Sızıntı, oktyabr 1991, cild: 13, sayı: 153
- “Mülâhazalarımızın Yeşil Kubbesi”, Sızıntı, aprel 1998, cild: 20, sayı: 231
- “Vilâdetin Çağrıştırdıkları”, Yağmur, aprel-iyul 2001, sayı: 11
- “...Ve Gaybın Son Habercisi”, Yeni Ümit, yanvar-mart 2003, sayı: 59
- “O Bir İman ve Aksiyon Abidesiydi”, Yeni Ümit, aprel-iyul 2003, sayı: 60
- “Seni Bir Kere Daha Derince Duyduk”, Sızıntı, mart 2006, cild: 28, sayı: 326
- “İnsanlığın İftihar Tablosu”, Prizma-2
- “Efendimiz'i Ziyaret”, Prizma 4
- “Efendimiz'in Âlemlere Rahmet Olarak Gönderilmesi”, Prizma-6 (Yol Mülahazaları)
- “Efendimiz ve Sünnetini Anlamada Müstakim Düşünce”, Prizma-6 (Yol Mülahazaları)
- “Belâ ve musibetler karşısında Efendimiz”, Prizma-8 (Çizgimizi Hecelerken)
- “Selâm Sana Ey Nebî!”, Kırık Testi, 25.10.2004
- “Kutlu Doğum ve Kırmızı Gül”, Kırık Testi, 04.11.2005
- “Efendimiz'i Rüyada Görmek”, Kırık Testi, 04.06.2007
- “Rehin Bırakılan Zırh”, Kırık Testi, 17.12.2007
- “Îkaz Görünümlü İlahî İltifatlar”, Kırık Testi, 19.05.2008
- “İnsanlık O'nunla Yeniden Diriliyor”, Bamteli, 17.03.2008
- “Peygamber Yolu”, Bamteli, 18.10.2010
- “"Sonsuz Nur" ile Sohbet-i Cânan”, Bamteli, 14.02.2011
Hz. Məhəmmədə iman və bağlılıq
Fəthullah Gülən Hz. Məhəmmədə, Onun yoluna bağlılığını dəfələrlə dilə gətirmişdir: "Yatanda sağ çiyin üstə yatmasam, “görəsən, Peyğəmbərimə zidd hərəkət etmədim ki?” deyə narahat oluram, bunu etiraf etməkdə bir qəbahət görmürəm. Hətta ayaqlarımı uzadıb yatsam, Peyğəmbərimizin bu cür yatıb-yatmadığını bilmədiyimə görə narahat oluram... Mənim hər şeyim dinimdir. Fərzindən ədəbinə qədər hər şeyim dinimdir. Dinimin kiçik bir ədəbinə, kiçik bir əsasına zidd hərəkət edəcəyəmsə, ona zərərim dəyəcəksə, Allah bir dəqiqə də yaşatmasın məni. Onun həyat tərzinə, Onun üslubuna zidd hərəkət edəcəyəmsə, Allah bir dəqiqə də yaşatmasın məni. Peyğəmbərimin əksinə bir dəqiqə, bir saniyə yaşamaqdansa, yerin dibinə girməyə razıyam... Bütün varlığımla Ona bağlıyam. Bağlılığıma heç vaxt şübhəm olmadı. Mən Hz. Məhəmməd Mustafaya (s.ə.s.) mənsubam. Hz. Mövlananın dediyi kimi, “Mən məndeyi-Quranəm, əgər candarəm”. Mən Quranın günahkar bir mücrimiyəm. Özümə həmişə Peyğəmbərimizin ayaqlarının dibində, boğazıma keçirilən ip onların əlində, “hav-hav” edib sürünən qitmir kimi baxmışam. Bağlılığım hər kəsə məlumdur. Əgər müsəlmanlıqda caiz olsaydı “Məhəmmədi” deyərdim. Əxlaqi cəhətdən bu söz caizdir. Allah Onun ali əxlaqını yaşamağa müvəffəq etsin. Amma Müsəlmanam, əlhəmdülillah".[4]
"Allaha inanırıq, bu inancımızı da “Lə iləhə illəllah Muhammədun Rəsulullah" qüdsi cümləsi ilə elan edirik. Biz bu sözü deyəndə, qəlbimizin təsdiq etdiyi inancı dilimizlə də elan edirik, çünki bu, ilahi ehkamda əsasdır".[5]
Fəthullah Gülən Hz. Məhəmmədin son peyğəmbər olduğunu, peyğəmbərliyinin ümumbəşəri səciyyə daşıdığını və Ona verilən Quranın da son ilahi kitab olduğunu bəyan edir:
"Həzrəti Məhəmməd Mustafa (s.ə.s.) həm insanlara, həm də cinlərə göndərilmiş son peyğəmbərdir. Ondan sonra peyğəmbərlik qapısı əbədiyyən bağlanmışdır. Onun ümumbəşəri peyğəmbər olduğunu göstərən bir çox ayə və hədis vardır. Bunlar bir-bir dərindən araşdırılsa, Rəsulullahın sözügedən xüsusiyyəti daha aydın ortaya çıxacaq".[6]
"Digər peyğəmbərlərə xülasə şəklində çatdırılan həqiqətlər Peyğəmbərimizə Quran vasitəsilə ətraflı şəkildə bəyan edilmişdir. Çünki Quran olduqca yüksək inkişaf səviyyəsinə malik toplumlara göndərilmişdir. Ondan sonra səmavi kitab gəlməyəcək. Dolayısilə, bəşəriyyət fərdi, ictimai, siyasi, mədəni və ya texniki cəhətdən hansı səviyyəyə yüksəlir-yüksəlsin, Quranı bir mürşid və bələdçi kimi önündə görməlidir, görmüşdür də..."[7]
Gülən bildirir ki, Qurani-Kərim düzgün başa düşmək üçün onu Sünnətin rəhbərliyində oxumaq lazımdır: "İslamın ilk əsrindən bu günədək Sünnə həmişə din və dini həyatın əsası kimi Qurani-Kərimlə birlikdə götürülmüşdür. Elə isə nə onu Qurandan, nə də Quranı ondan təcrid etmək mümkün deyil. Vəhyi-qeyri-mətluv olan hədisləri sıradan çıxarmaq və onları vəhyi-mətluv olan Qurandan ayırmaq da bir mənada Quranı tərk edib unutmaq deməkdir. Cənabi Allahın bəyanını Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) sünnəsini nəzərə almadan mütaliə etmək, bir mənada Allahın Elçisinin vəhyə söykənən şərhlərini bəşəri və nəfsani şərhlərlə əvəz etmək sayılır. Bu, eyni zamanda Qurani-Kərimdə Rəsulullaha tabe olmağa çağıran İlahi əmrləri bir kənara atmaq deməkdir ki, belə bir anlayışı "Quran müsəlmanlığı" adlandırmaq mümkün deyil".[8]
Fəthullah Gülən Allahın adı ilə birlikdə Onun Rəsulunun da adının çəkilməsinin bir vəfa borcu olduğunu vurğulayır: "Səlat-salam gətirməyə bir vəfa borcu kimi baxmaq lazımdır. Biz Peyğəmbərimizə borcluyuq. Allah insanı “hər an bu borcun şüurunda olmaqla” mükəlləf etməmişdir. Bu, bəzi insanlara çətin gələ bilər. Allah hər an, hər saniyə Onu xatırlamağı, dayanmadan səlatu-salam gətirməyi əmr etməmişdir. İnsan onsuz da dinin hökmlərinə riayət etməklə, bir mənada Ona mədyun olduğunu müntəzəm dilə gətirir.
Gündə beş dəfə minarələrlə yanaşı könüllərimizdən də yüksələn əzanı düşünün... hər namaza gedəndə ilk növbədə əzanla vəfamızı elan edirik. Zati-Üluhiyyətlə birlikdə Peyğəmbərimizin də ismini anırıq. "Lə ilahə illəllah”ın “Muhammədun Rəsulullah”dan ayrılmaz olduğunu, şəhadətin hər ikisini birgə deməklə şəhadət olduğunu göstəririk. Ustad həzrətlərinin də “Məktubat”da qeyd etdiyi kimi, kəlmeyi-şəhadətdəki iki kəlamın ayrılmaz bir bütöv olduğunu, bir-birini əhatə və isbat etdiyini dilə gətiririk. Bəli, madam, Peyğəmbərimiz (əleyhissalatu vəssalam) Xatəmül-ənbiyadır, bütün peyğəmbərlərin varisidir, demək ki, bütün vüsal yollarının başı da Odur. Onun yolundan başqa həqiqət və nicat yolu yoxdur. Mərifət və elmin həqiqi qəvvasları Bütün böyüklər Sədi Şirazi kimi: “Ey Sədi! Heç kim Həzrəti Məhəmmədi (s.ə.s.) örnək götürmədən səlamət və səfa yolunu tapa bilməz" deyir.[9]
Dialoqun müsbət nəticələrini görə bilməyənlər
Fəthullah Gülən dialoq fəaliyyətlərinə görə Könüllülər Hərakatının "İslamda güzəştə getməkdə və Hz. Məhəmmədi tərk etmək"də ittiham olunmasına üzüldüyünü dilə gətirir:
"Neyləyəsən, az sayda insan bu gözəl fəaliyyətləri “gavurlaşma” və “gavurlaşdırma” kimi qəbul etdilər. Məsələyə qəribə yanaşaraq, ‒ bu yanaşmanın məntiqini anlamaqda çətinlik çəkirəm, ‒ təəssüf ki, bu hərəkata könül vermiş insanları küfr və zəlalətlə günahlandırırlar. Ayə və hədislərə birtərəfli baxaraq, siyak-sibaq (Quranda bir ayənin əvvəlki və sonrakı ayələrlə uyğunluğu, tutarlılığı) bütövlüyünə riayət etmədən ortaya atdıqları fikirlərlə onları “bidət”dan “küfr”ədək nə qədər ittihamla qarşı-qarşıya qoydular. Ən məsum söz, hərəkət və davranışları belə qərəzlə qarşılayıb yanlış qələmə verdilər, bəzən də bəzi yoldaşların ‒ əgər varsa ‒ şəxsi xətalarını bu fəaliyyətləri dəstəkləyən bütün könüllülərə aid edərək hamısını birdən qaraladılar."[10]
Halbuki dünyada minlərlə insan Könüllülər Hərəkatının dialoq fəaliyyətləri sayəsində İslamiyyəti və Hz. Məhəmmədi tanıyır və sevir:
"Onların fəaliyyətlərinə qərəzsiz baxanlar bu adanmış ruhlar sayəsində dünyanın hər tərəfində minlərlə insanın Türkiyəni tanıdığını, Anadolu xalqının istiqanlılığını gördüyünü və Müsəlmanlığa rəğbət bəslədiyini görəcəklər. Bu gün minlərlə insan “Bizə Müsəlmanlığı siz tanıdıb sevdirdiniz” deyir və onlara minnətdarlığını bildirir. Demək ki, minnətdar olan bu insanlar kin və nifrətdən cana doyan, dostluğun intizarını, sülhün həsrətini çəkən, İslama möhtac insanlardı və bir xilaskar gözləyirdilər. Onlar İslamın gül çöhrəsini heç görməmiş, Həzrəti Məhəmmədin (sallallahu əleyhi və səlləm) bərraq bəyanlarını eşitməmişdilər. Bu günün fikir işçiləri “dialoq”, “xoşgörü” və “mövqeyə hörmət” şüarları ilə onlara azca yaxınlaşıb dəyərlərimizi təbəssümlü çöhrəylə təqdim etdilər, onlar da: “Axtardığımızı tapdıq! Allah sizdən razı olsun. Siz gəlməsəydiniz, İslamı və Həzrəti Məhəmmədi tanımayacaqdıq” ‒ dedilər."[11]
Xoşgörü və dialoqun fatehi Allah Rəsuludur
Fəthullah Gülən Hz. Məhəmmədə itaətin xoşgörü və dialoq yolunu tələb etdiyini, yəni xoşgörü və dialoqun müsəlmanın vəzifəsi olduğunu deyir:
"Bu hərəkat xoşgörü və dialoq yolunun pioneri deyil. Hər kəsi öz mövqeyində qəbul etmə anlayışı onlarla ortaya çıxmadı. Onlardan əvvəl də bu yolun yolçuları vardı, onlar yalnız sələflərinin izi ilə, yolu ulə getdilər. Bu yolun ilk fatehi Allah Rəsuludur. O, Məkkə müşriklərinə bu üslubla yanaşmış, Hudeybiyyə sülhündə məsələni əyani şəkildə ortaya qoymuş, “Mədinə müqaviləsi” ilə bu yolu təsdiq etmişdir. Din, irq, millətindən asılı olmayaraq hər kəsin din, yaşama, səyahət, əmək və mülk toxunulmazlığı hüququna sahib olduğunu ilk dəfə İnsanlığın İftixarı dünyaya elan etmişdir, bununla bir mənada insanları birgəyaşayışa və dialoq körpüləri qurmağa səsləmişdir. Bu həqiqəti başqa bir üslubda “Vida xütbəsi”ndə də təkrar dilə gətirmişdir. “Mədinə müqaviləsi” ilə “Vida xütbəsi” arasında on il var. Bu on ildə zərrə qədər yolunu dəyişməmiş, əksinə daima bu yola sadiqliyini ortaya qoymuşdur.
Xoşgörü, dialoq, hər kəsə hörmət, “hər kəsi öz mövqeyində qəbul etmə” məfhumlarını müdafiə edənlər əslində Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “Mədinə müqaviləsi”ni yenidən gün üzünə çıxarmaqla öz vəzifələrini yerinə yetirmiş olurlar. Bəli, bu yolla könülləri fəth etmək, Cənabi Allahı tanıtmaq, Peyğəmbərimizin adını dünyaya yaymaq bütün müsəlmanların vəzifəsidir. Dolayısilə, hazırda dünyanın müxtəlif ölkələrində könüllü “mədəniyyət elçiləri” kimi fəaliyyət göstərən insanlar dinin bu əmrini də yerinə yetirirlər."[12]
Gülən dialoqun üslubu ilə bağlı "Məhəmmədi ruh və mənanı geniş əhatəsi ilə mənimsəməliyik" deyərək dialoqu İslamın bir tələbi kimi xarakterizə edir: "Quran və Sünnəyə bu prizmadan baxanda mövzu ilə bağlı bir çox ayə və hədis tapmaq mümkündür. İnsanlar bir az səy göstərsələr, Quran ayələrinə bir az diqqətlə baxsalar, bu mövzuya əsas təşkil edən onlarla ayə tapa bilərlər. Şəxsən iddialı olmağı sevmirəm.. ala-yarımçıq hafizəm... ancaq müsamihə, əfv, dialoq və hər kəsi qucaqlama kimi məsələlərə dair onlarla ayə sıralaya bilərəm. Məhz bu xüsus İslam dininin ümumbəşəriliyindən xəbər verir."[13]
Quran və Sünnə işığında əhli-kitabla dialoqdan bəhs edən Gülənə görə: "Xoşgörü və dialoq fəaliyyətləri Allahın təbliğindən əl çəkməyi tələb etmir. Quran və Sünneyi-səhihənin ruhunu sıxsan, bəzi xüsusi hallar istisna, müsamihə süzülər. Bu müsamihənin bir ucu Əhli-kitaba, hətta bir mənada dünyanın bütün insanlarına qədər uzanır."[14]
Gülən dialoqda həmsöhbətlərin hissiyyatının nəzərə alınmasının zəruriliyi ilə əlaqədar deyir:
"Müstəqil və tam azad olmaqla dialoq axtarışı və hər kəsin mövqeyinə hörmət anlayışı ilə qarşılıqlı münasibətlər qurmaq bir-birinə zidd deyildir. Çünki Allaha qulluq şüuru ilə hərəkət edir və Onun rizasını axtarırsınızsa, əsl qapıya könül bağlamış sayılırsınız və heç bir maneə qabağınızda dura bilməz. Bu niyyətinizi həyata keçirməkdə dialoq, xoşgörü və təhsildən bir vasitə kimi istifadə edirsinizsə, başqa insanlarla görüşəndə, münasibət quranda bəzi davranışlarınıza müəyyən sərhədlər qoya bilərsiniz, məsələn, onların hərəkətlərini, davranışlarını və hislərini də nəzərə almağa məcbur ola bilərsiniz. Ancaq bütün bunlar nə azadlığı məhdudlaşdırmaqdır, nə də İslamın ruhuna ziddir. Çünki insanların hissiyyatını anlamağa çalışmaz, özünüzü onların yerinə qoymaz, müasir ifadə ilə, "impatiya" qurmasanız, onların ehtiyaclarını görə, istəklərini müəyyən edə, dillərini öyrənib hislərinə aşina ola bilməz və bir çox məsələdə düzgün qərarlar verməkdə çətinlik çəkərsiniz. Düzgün qərar vermək və daha rahat addım atmaq üçün onları yaxşı tanımalı, mədəniyyətlərinin əsas cizgilərinə bələd olmalı, həssas nöqtələri öyrənməli və onların hissiyyatını nəzərə almalısınız.
Əgər bu prinsiplərə əməl etməsəniz, öz dəyərlərinizi onlara təqdim edərkən fərqinə varmadan onları incitmiş, özünüzdən və dəyərlərinizdən qaçırmış olarsınız. Məsələn, biz Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) aləmlərə rəhmət olaraq göndərilməsinə və peyğəmbərlərin sultanı olmasına şübhə etmirik. Bəli, Odur peyğəmbərlik silsiləsində Haqqın varlığına ən bariz bürhan, Odur İlahi bəyanlara ən aydın tərcüman. İlahi əsma və sifətlərin mərkəz nöqtəsi O, peyğəmbərlik səmasının dan ulduzu da Odur... Ancaq Həzrəti Məsihi hər şeydən çox sevən, hətta onu ilahlaşdıran, bir mənada Ona "Rəbb" deyən insanların yanında “Peyğəmbərimizin tayı-bərabəri yoxdur, bütün Peyğəmbərlər istisnasız Onun qapısının quludur” desəniz, mərhum Əli Ülvi Qurucunun:
“Məhşərdə nəbilər belə Səndən mədəd istər,
Rəhmət, deyən aləmlərə Rəhmandır Əfəndim”
misraları ilə hayqırsanız, qarşı tərəfin hissiyyatını nəzərə almamış və ilk təşəbbüşdəcə qapıları bağlamış olarsınız. Həm sözünüz doğru olmalı, həm də həmin doğrunu dilə gətirərkən yer, zaman və üslubu düzgün müəyyənləşdirməlisiniz. Şəxsən bu məqamlara həssas yanaşarkən çox vaxt: "Ya Rəsulullah, məni bağışla, burada Sənə layiqli tərcüman ola bilmədim. Ancaq məqsədim qarşı tərəfin hissiyyatını nəzərə alaraq onları əks reaksiyaya sövq etməmək və Səni tam anlada bilməkdir," ‒ demiş və Ondan üzr istəmişəm. Bəli, siz o insanları tanımasanız, bəzi məsələlərdə onların duyğu və düşüncələrini nəzərə almasanız və mövqeyinə müəyyən qədər hörmət etməsəniz, dəyərlərinizi çatdıra, dininizin, millətinizin və tarixinizin izlərini daşıyan kimliyinizi nümayiş etdirə bilməzsiniz.
Dolayısilə, xoşgörü-dialoq deyəndə və hər kəslə münasibətdə də dinin izn verdiyi dairədən çıxmamış, yenə də Haqqa bağlılığınızı səsləndirmiş, azadlığın bir başqa yönündən istifadə etmiş və başqalarının da bundan faydalanmasını təmin etmiş olursunuz."[15]
Cənnət və cəhənnəm Allahındır
Dialoq və uzlaşma fəaliyyətləri Yer üzündə sevgi və sülhü bərqərar etmək, dünyanı cənnətə çevirmək məqsədilə atılan addımların və xeyirxahlıq, gözəllik və dəyərlər mübadiləsi istiqamətində göstərilən cəhdlərin bıhrəsidir. Yoxsa üxirətdə cənnət və cəhənnəmlik insanları seçmək yalnız Allahın səlahiyyətindədir. Cənnət də, cəhənnəm də Allahındır.
Fəthullah Gülən Cənnətə girməyin Allahın lütfü olduğunu deyir: "Allah Cənnəti fəzli ilə insana lütf edəcəkdir. Həzrəti Ruhi-Seyyidil-Ənam (s.ə.s.) bu həqiqət haqda buyurur: “Heç kim əməli ilə Cənnətə gedə bilməz”. Səhabələr “Siz də, ya Rəsulullah?” deyəs oruşurlar. O da: "Allahın mərhəməti olmasa, Mən də girə bilmərəm,” ‒ cavabını verir (Buxari, Mərda, 19). Bəli, Cənnət Allahın lütfüdür. Qulluq və ibadət Allahın haqqı, bizim isə vəzifəmizdir."[16]
Gülən qeyd edir ki, heç bir möminin cənnətə gedəcəyinə dair zəmanəti yoxdur, ona görə də son nəfəsədək aqibət qorxusu ilə diqqətli yaşamağa məcburdur:
"İmanlı insan öz əməlinə güvənməməli, imanını qorumaq üçün təhlükəsiz yollar axtarmalı və hər an yoldan azma qorxusu ilə Cənabi Allahın mərhəmətinə sığınmalıdır. İmanınız varsa, mütləq cənnət və Camalullah ümidi ilə yaşayacaqsınız. Eyni zamanda “Allah eləməsin, bircə səhv addım ucbatından cənnətin qapısından geri qaytarılsam, halım necə olar? Müsəlman doğulmuşam, müsəlman yaşamışam, Allah eləməsin, ömrümün axırlarında bir quyuya yuvarlansam, nə edərəm?” kimi qorxularınız da olacaq. Axirətə görə belə qorxub əndişə etmək də imandandır. Bir insan burada özünü rahat hiss edir, “Tapdım, ərdim, qurtuldum" deyirsə, elə insanın aqibətdindən qorx. Ancaq əbədi həyatından narahatdırsa, axirət qorxusunu burada çəkirsə, orada ona qorxu yoxdur. Cənabi Allah bir qüdsi hədisdə: "İki qorxu və iki arxayınlığı birlikdə vermərəm,” ‒ buyurur. Bəli, dünyada axirətindən ‒ aqibətindən qorxmayan və ona hazırlaşmayan orada qorxudan əzab çəkəcək, burada xof (qorxu) içində yaşayanlar isə axirətdə firavan və hüzur içində olacaqlar."[17]
"Axirətdə qurtularammı-qurtulmarammı bilmirəm, çünki heç kim əməliylə qurtula bilməz. İnsan ancaq Allahın mərhəməti ilə nicat tapır. Kim cənnətə girəcəksə, Allahın lütfü və mərhəməti ilə girəcək, öz əməlləri ilə deyil. Rəbbim mənə də mərhəmət edərsə, bəlkə, mən də nicat tapanlardan olaram."[18] deyən Fəthullah Gülənin ‒ bəzilərin ittiham etdiyi kimi ‒ “bütün dinlərin mənsublarını Cənnətə göndərməsi” mümkün deyil. Çünki "Cənnətə getmək bilavasitə Allahın ixtiyarındadır".[19]
Cənnət Hz. Məhəmmədsiz mümkündürmü?
Bunun mümkün olmadığını deyən Fəthullah Gülənin qənaətincə, “fətrət əhli” kimi Hz. Məhəmməddən bixəbər insanlar üçün Allahın sonsuz şəfqət, rəhmət və mərhəmətinə ümid etmək olar:
"Lə iləhə illəllah, Məhəmməd Rəsulullah: ayrılmaz gerçəklərdir, bir-biri ilə sıx bağlıdır ... “Lə iləhə illəllah, Məhəmməd Rəsulullah” bu iki cümləni bir-birindən ayırmaq doğru deyil, məntiqi, əqli, hissi, imani cəhətdən doğru deyil. Bu, məsələnin həqiqət yönüdür. Hədəf bu nöqtəyə çatmaqdır. Nəticə etibarilə, insan bu məqama çata bilmirsə, demək ki, yarı yolda qalıb."[20]
"Alimlər təfsir, hədis və kəlam kitablarında Peyğəmbərimizin yaşadığı və Ondan sonrakı dövrü görüb Onu (əleyhissalatu və ssalam) inkar edənlərin axirətdə qurtula bilməyəcəyini açıq-aşkar bildirmişlər."[21]
"Dinin üsulu “Lə iləhə illəllah, Muhammədən rəsulullah”dır. Dinə görə, bunu deyən insan ‒ bunu Əbu Hənifə “Fiqhi-Əkbər” əsərində yazır ‒ cənnətə gedə bilər, qutardı getdi. Hətta Maturidi əqidəsinə görə, Allah istəsə, murad etsə, bir yaradana inananlara, Əşari əqidəsinə görə isə, peyğəmbər göndərilməyən, peyğəmbərin səsi çatmayan, yaxşı təbliğ olunmayan insanlara da cənnət lütf edə bilər ‒ məsələ bu qədər əhatəli götürülmüşdür. Qəti hökmlər verib insanları məhkum etməkdənsə, məncə, məsələlələrə ilahi mərhəmətin ənginliyi çərçivəsindən yanaşmaq daha məqsədəuyğun olardı."[22]
Çünki hədislərdə bildirildiyinə görə, axirətdə Allahın o sonsuz mərhəməti elə təcəlli edəcək ki, şeytan belə “Görəsən, mən də (bu rəhmətdən) faydalana bilərəm?” deyə ümidlənəcək. İndi Allahın sonsuz mərhəməti ola-ola bizə xəsislik etmək və xəsisliyi təmsil etmək yaraşmaz. Üstəlik, bizim nəyimiz var ki? Mülk Onun, xəzinə Onun, qul Onun... elə isə hər kəs həddini bilməli..."[23]
"Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) həmsöhbət olan, Quranı eşidən və Onun peyğəmbərliyinə şahid olan, ancaq bunların həqiqət olub-olmadığını araşdırmaqdansa, inadkarlıq edib qarşı çıxan, Onun əleyhinə mübarizə aparanlar cəhənnəmə gedəcəklər. Ancaq belə bir imkanı olmayan, qaranlıq mühitlərdə dünyaya göz açan, qaranlıqda qalan, qaranlıqda nəfəs alan, qaranlıqda yatıb-duranlara gəlincə, Cənabi Allahın onlara mərhəmət göstərəcəyinə ümid edirik..."[24]
"Hz. Məhəmməddən (əleyhissalatu vəssalam) bixəbər yaşayan bir adam Allaha inanırsa, öz məbədində Cənabi Haqqaın vəcdi ilə yaşayırsa ‒ Allah bilir ‒ bir görüşə görə, o da xilas ola bilər."[25]
"Peyğəmbərimizin adını eşitməyən, ucqar yerlərdə yaşayan, bir mənada fətrət həyatı keçirən insanlar ‒ Böyük bir mücəddidin sözlərinə istinadən deyirəm ‒ inşaallah, fətrət dövrünün insanı kimi qəbul edilər. Çünki axirətdə deyə bilərlər ki: "Müsəlmanlar bizə İslamı tanıtmadılar, ya Rəbbi, tanıtsaydılar inanardıq!" Güman ki, Cənabi Allah da onlarla başqa cür mümamilə (rəftar) edəcək."[26]
"Dünyada müxtəlif insan və millətlər yaşayır. Görəsən, biz onlara Quranın buyurduğu şəkildə Cənabi Haqqı, Peyğəmbərimizi və digər iman əsaslarına imanı əqli-məntiqi çərçivədə təlqin etmişikmi? Buna “Bəli” demək mümkün deyil.
Bu gün biz möminlər Peyğəmbərimizin abi-həyat nəfəsini dünyaya yaya, tövhid həqiqətini ağılın, məntiqin işığında insanlara çatdıra bilməmişik. Elə isə xristianlığı haqq din sayanlar haqqında “Cəhənnəmə gedəcəklər” hökmünü vermək vəzifəsini yerinə yetirməmiş bizlər üçün ayıb deyilmi?
Bəli, biz haqq və həqiqəti onlara çatdıra, hidayət gəmisinin kapitanı Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) tanıda bilməmişik. Buna görə də bu məsələdə qəti qərar verməmək daha doğru deyildirmi?
Bir məqamı da qeyd edim ki, biz bir humanist kimi, yəni insanlıqdan doğan şəfqət və mərhəmətlə deyil, dinin qoyduğu meyarlara əsaslanaraq belə düşünürük.
Deyə bilərsiniz ki, hər kəsin müsəlmanlıqdan xəbəri var, Quran da meydandadır. Haqlısınız, Quran meydandadır, ancaq Quranı təmsil edən, təmsili ilə təsir edən Qurana layiq toplum, yəni Quranı hərtərəfli təmsil edən nümunəvi insanlar olsaydı, bunu deməyə haqqımız olardı. Əvvəllər dini duyğu-düşüncəni yaymaq üçün Qərbə gedərdilər. İndi isə pul qazanmağa gedirlər. Ona görə də biz Quranın işıqlı dünyasına aparan yolları o ölkələrə göstərə bilməmişik. Bu, bizim üçün böyük nöqsan və ayıbdır."[27]
"İnsanların İslamda təbliğ və tövhid çərçivəsinin bu qədər geniş, tədrici (şəriətin hökmünü mərhələ-mərhələ həyata keçirmək), yumşaq olduğunu və müxtəlif ictimai kəsimlər arasında münasibət qurulması yollarını bilməməsi, hətta fərqli və yanlış anlaması bu günədək çoxlarını ondan qaçırmış və İslamiyyəti öz ruhuna zidd şəkildə tanıtmışdır. Bir tərəfdən xalqın fikir və düşüncəsi əndazədən çıxılaraq bəşəri tələskənlik hissi hər şeyə hökm etməyə başlamış və tədricilik bir kənara atılmış, hətta bu ayədə ( (De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”)“Ali-İmran” surəsi, 3/64) sıralanan prinsiplər görməməzliyə vurularaq işə axırdan başlanılmışdı. Nəticədə də bir tərəfdən sadə kütlələrin nəzərində ifrat sayılan təmayüllərə əl atılmış, digər tərəfdən də ayələrin məzmunu, möhtəviyyatı, göstərdiyi istiqamət düzgün qavranılmamış, təriqi-Əhmədiyyə (Rəsulullahın yolu) ilə getməyənlərin belə Cənnətə girəcəyini iddia edənlər olmuşdur. Halbuki, ayələri diqqətlə tədqiq etsək, ‒ sözügedən ayədə də gördüyümüz kimi ‒ görərik ki, Əhli-kitaba əl uzadılmış, onların üzünə qapı açılmış, içəri girəndən sonrakı mərəhələ barədə isə burada deyil, başqa ayələrdə məlumat verilmişdir. Siz bu ayəyə baxıb Əhli-kitab Allaha, Peyğəmbərimizə iman etdikdən sonra Hz. Əhmədin yolu ilə getməsə, “elə olacaq, belə olacaq” deyə bilməzsiniz. Çünki bu kimi ayələr onları Hz. Əhmədin yoluna dəvət etmək üçün nazil olmuşdur. Bir insan o yola girəndən və ya Onun qəsrinin darvazasından içəri addım atandan sonra, təbii ki, Onun yolu ilə gedəcək. İslamı və Quranı düzgün anlamaq üçün Qurana və Sünnəyə bir bütöv kimi baxmaq, ayrı-ayrı parçaları bu bütövün içində mütaliə etmək, hər birini yerli-yerinə oturtmaq şərtdir. Necə ki ana bətnində insan vücudu təşəkkül edəndə hər zərrə dəqiqliklə öz yerini tapır, gözün hüceyrələri qulağa getmir, eləcə də İslami həyatın qurulmasında da hər parça öz yerinə oturmalıdır. Bu da Quran və Sünnəni bir bütöv olaraq və hər bir parçanın bütün funksiyalarını bilməkdən asılıdır. Əks halda döldə anomaliya, şikəstlik və ya körpənin ana bətnində boğulma ehtimalı olduğu kimi, bu mövzuda da yanlış fikirlər, yanlış ictihadlar, hətta ziddiyyətlər qaçılmaz olar."[28]
[2] Bax: "Sohbet-i Canan", Kırık Testi, 17.04.2003; "En Önemli Vazife", Kırık Testi, 27.09.2004; "Sohbet-i Cânan'dan Maiyyet-i Cânan'a", Bamteli 24.03.2008; "Sonsuz Nur ilə söhbəti-canan", Bamteli.
[3] "Sonsuz Nur ile Sohbet-i Cânan", Bamteli, 13.02.2011
[4] "Müceddid Olma İddiasından Allah'a Sığınırım!..", Bamteli, 13.03.2006
[5] "Tecdid-i İman", Fasıldan Fasıla-5 (Fikir Atlası)
[6] "Hz. Muhammed (sav) İns ve Cinnin Peygamberidir", Varlığın Metafizik Boyutu.
[7] "Kur'ân ve Diğer Kitaplar", Kur'an'ın Altın İkliminde.
[8] "Kur'ân Müslümanlığı mı?", Kırık Testi, 03.12.2007
[9] "Selâm Sana Ey Nebî!", Kırık Testi, 25.10.2004
[10] "Meçhul kahramanlar", Kırık Testi, 18.04.2005
[11] "Meçhul kahramanlar", Kırık Testi, 18.04.2005
[12] "Meçhul kahramanlar", Kırık Testi, 18.04.2005
[13] "Muhammedî Ruh ve Mânâ İçinde Diyalog", Prizma-2.
[14] "Ehl-i Kitap'la Diyalog", Prizma-3.
[15] "Bağımsız Hareket ve Diyalog ve Hoşgörü", Kırık Testi, 15.08.2005
[16] "Enaniyet Çağında Acz u Fakr Yolu", Kırık Testi, 21.03.2011
[17] "Arş'ı Titreten Çığlıklar", Kırık Testi, 04.04.2005
[18] "Yeminleşelim mi?", Kırık Testi, 05.12.2004.
[19] "Salih Amellere Güvenmeme", Kırık Testi, 03.11.2003
[20] "Kelime-i tevhidi ayırmak doğru değildir", Bamteli
[21] "Lâ ilâhe illallah demek kurtuluşa yeter mi?", Prizma-8 (Çizgimizi Hecelerken)
[22] NMO Hollanda Televizyonu ile röportaj, 19.10.1995
[23] "Rabbin kimdir, Peygamberin kimdir..?", Fasıldan Fasıla-3.
[24] "Ecnebi Memleketlerinde Doğanların Durumları Ötede Nasıl Olacaktır?", Asrın Getirdiği Tereddütler-2.
[25] "Herkes kendi şartlarında hesaba çekilecek", Prizma-8 (Çizgimizi Hecelerken)
[26] "Lâ ilâhe illallah demek kurtuluşa yeter mi?", Prizma-8 (Çizgimizi Hecelerken)
[27] "Bir Nevi Şehadet", Prizma-7 (Zihin Harmanı)
[28] "Âl-i İmran, 3/64", Kur'an'dan İdrake Yansıyanlar.
- tarixində yaradılmışdır.