İddialara görə, Gülən Hərəkatı Xristianlığın təbliğatı ilə (missionerliklə) məşğul olur. Bunu necə izah etmək olar?
Fəthullah Gülən və Könüllülər Hərəkatı dinlərarası dialoq fəaliyyətləri ilə məşğul olduğuna görə “İslamı güzəştə gedir”, hətta “Xristianlığın missionerliyi ilə məşğul olur” kimi ittihamlara məruz qalmışdır. Halbuki Fəthullah Gülən dialoq fəaliyyətlərini sırf İslamın tələbi və ona bağlılığına görə yerinə yetirdiyini bildirir[1]. Üstəlik dini zərəccə güzəştə getmədiyini dilə gətirir: "Ürəyimizi Allah bilir. Mən nəinki belə böyük məsələləri, yatağa girəndə belə Peyğəmbərimizin yatış tərzini güzəştə getməmişəm. Dostlarımın da güzəştə getdiyini zənn etmirəm."[2]
Bütün din və mədəniyyətlərin mənsubları ilə dialoq
Dialoq fəaliyyətləri təkcə Xristianlığın mənsubları ilə deyil, bütün dinlərin mənsubları ilə aparılır. Fəthullah Gülən bu fəaliyyətlərdə din mənsubları arasında ayrı-seçkilik edilmədiyini belə ifadə edir: "Dialoq fəaliyyətlərində din mənsubları arasında ayrı-seçkilik etmək heç ağlımıza da gəlmir. Hz. Əli (r.a.): "Müsəlmanlar dini baxımdan, digər insanlar isə insan olaraq qardaşlarımızdır" sözü ilə bütün insanları qardaş elan edir və hər Allahın bəndəsi bizim qardaşımızdır."[3]
Dialoq, Fəthullah Güləninin də ifadə etdiyi kimi, ümumbəşəri sülhü təmin etmək üçün bütün din mənsubları ilə aparılan barış və sülh fəaliyyətidir:
"Hazırda İslam və Xristianlıq dünyada ən çox mənsubu olan səmavi dinlərdir. Budizm və Hinduizmin də çox sayda mənsubu var. Yəhudilik mənsubları az görünsə də, güclü təsirə malikdir. Dolayısilə, axırzamanda ümumbəşəri dirçəliş, sülh və barış bu dinlər arasındakı dialoqdan asılıdır. Bu fəaliyyət çoxdan başlamalı idi, biz gecikmişik. Bizim öz dəyərlərimizdən şübhəmiz yoxdur, heç kimə də dinini dəyişdirməyi təklif etmirik, bizə də heç kim belə bir təklif etmir"[4]
Əhli-kitab – Xristian və Yəhudilərlə ortaq cəhətlərimiz çox olduğuna görə ilk öncə bu dinin mənsubları ilə dialoq qurulsa da, tədricən digər din mənsubları da bu fəaliyyətə daxil edilmişdir: "…ilk öncə əhli-kitabla, sonra da əhli-kitab sayılmayan digər din mənsubları ilə, məsələn buddistlərlə, konfuçistlərlə, brahmanistlərlə bu məsələlər müzakirə edilməlidir."[5] Hətta tədricən “kültürlərarası dialoq” şüarı altında fəaliyyət daha da genişlədirilmiş və digər inanc mənsublarının da dialoqa cəlb edilməsi nəzərdə tutulmuşdur.[6]
Xristianlığın missionerliyi?!
"Türkiyədə bir kəsim sizin Xristianlığın missionerliyini etdiyinizi iddia edir" sualına Fəthullah Gülən belə cavab vermişdir: "Müəyyən bir kəsim, Xristianlara yaxın olmağı onların rahat və sərbəst fəaliyyətlərinə, təbliğatına, kilsə təşkilatlarına, fəaliyyətlərinə dəstək kimi görür. Qənaətimcə, bu iddialar həsəd və qısqanclıqdan qaynaqlanır. Bəzi müsbət işlər görülür. Bunları həzm edə bilmirlər."[7]
O, dialoq fəaliyyətlərinin Xristianlığın missionerliyi ilə heç bir əlaqəsi olmadığını belə açıqlayır: "Vatikanda və ya bir başqa yerdə aparılan bu cür fəaliyyətlərin bizim xoşgörü və dialoq hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Nə mən, nə də mənimlə birlikdə bu hərəkata sahib çıxan yoldaşlarım kiminsə dəyirmanına su tökmür. Bu dialoq və xoşgörü hərəkatı tamamilə Türk millətinə aiddir və kökü Türkiyədir. Dialoq fəaliyyətlərini müəyyən məqsədlə yerinə yetirənlərin davamçısı deyil, əksinə “onlar edir, biz niyə etməyək, müştərək tədbirlərlə özümüzü ifadə etmə yollarını niyə axtarmayaq” düşüncəsi ilə ortaya çıxmışdır."[8]
Dialoqun müsbət nəticələri
Fəthullah Gülən bu fəaliyyətlər sayəsində yüzlərlə Xristianın İslama münasibətinin yumşaldığını örnək verərək izah edir: "Dialoq fəaliyyətləri çərçivəsində yanıma gələnlər də odu, başqa yerlərdə də görüşlər keçirdik. Namazın vaxtı girəndə icazə istəyirdik, hörmətlə qarşılayırdılar. “Buyurun, siz ibadətinizi bitirənə qədər biz də burada dua edək” deyirdilər. Yüzlərlə belə yumşaq xasiyyətli insan dialoq fəaliyyətləri sayəsində “Məhəmməd Allahın rəsuludur. Quran Allah kəlamıdır” dedi... Bədiüzzaman “İsəvi Müsəlmanlar” ifadəsi ilə buna diqqət çəkir, həmçinin onların könlünü oxşayır. Bu ifadə Xristian ola-ola dinimizə qərəz bəsləməyən, Allah Rəsulunu Peyğəmbər, Quranı da Allahın kəlamı olduğunu qəbul edən insanlar mənasına gəlir. Sizə yüzlərlə belə insan göstərə bilərəm."[9]
"Dialoq və xoşgörü fəaliyyətləri çərçivəsində müxtəlif kilsələrə gedirlər, “Gəlin Quranı birlikdə oxuyaq” deyirlər. Bəzən də onlar bizi İncil dərslərinə dəvət edirlər. Bu əlaqələr sayəsində Quranın təsvir etdiyi bir Həzrəti İsa inancı ortaya çıxır. Kilsədən Peyğəmbərimizə inanan, özünə “Müsəlman İsəvilər” deyən insanlar çıxır."[10]
"Onların fəaliyyətlərinə qərəzsiz baxanlar görəcəklər ki, bu adanmış ruhlar sayəsində dünyanın hər tərəfində minlərlə insan Türkiyəni tanıdı, Anadolu insanının istiqanlığını gördü və Müsəlmanlığa qarşı maraq oyatdı. Minlərlə insan “Müsəlmanlığı bizə siz tanıdıb sevdirdiniz” deyir və onlara minnətdarlığını bildirir. Demək ki, minnətdarlığını bildirən bu insanlar kin və nifrətdən bezən, dostluğa möhtac, sülhün həsrətini çəkən İslama möhtac insanlardı və onlar bizdən yardım gözləyirdilər. Onlar İslamın gül çöhrəsini heç görməmiş, Həzrəti Məhəmmədin (sallallahu əleyhi və səlləm) səsini aydın eşitməmişdilər. Bugünkü “fikir işçiləri” “dialoq”, “xoşgörü” və “mövqeyə hörmət” şüarları ilə azca yaxınlaşıb dəyərlərimizi mütəbəssim çöhrəylə onlara təqdim etdi, onlar da bizə “Axtardığımızı tapdıq!” deyə qarşılıq verdi və “Allah sizdən razı olsun. Siz gəlməsəydiniz, İslamı və Həzrəti Məhəmmədi tanımayacaqdıq” dedilər."[11]
Etirazlara baxmayaraq dialoqa davam etmək
Fəthullah Gülən qarşıya çıxan maneə və tənqidlərə məhəl qoymadan dialoq fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini bildirir: "Ola bilsin sülh fəaliyyətlərini bəzi kimsələr dəstəkləməsin, görülən işlərin məqsədəuyğun olmadığını iddia edib etiraz eləsin. Bu cür etirazlar bizi yolumuzdan döndərməməlidir. Bildiyiniz kimi, müəyyən bir təbəqə biz dialoq fəaliyyətlərinə başlayanda “Xristianlıq və Yəhudiliyə güzəştə gedirlər, missionerlik gücləndirilir, din əldən gedir!” deyə hay-haray saldılar. Buyursunlar, gəlsinlər dünyadakı iftiraq, ixtilaf və terrorun qarşısını alsınlar; Müsəlmanlara vurulan "terrorist" ləkəsini silsinlər!.. Bir gün onlar da anlayacaqlar və ya artıq anlayırlar ki, bunun bir yolu var: insanları bir araya gətirmək, uzlaşdırmaq, barışdırmaq və birgəyaşayışa hazırlamaq. Dolayısilə, iftiraq və ixtilafı aradan qaldırmaq üçün nə lazımsa, nöqsansız ortaya qoyulmalı və tənqidlərə əhəmiyyət verilməməlidir."[12]
"Məsələn, dünyanın hər tərəfində məktəblər və mədəniyyət ocaqları açaraq tələbə və valideyn ziyarətlərində, bayramlarda, bəzən halva, bəzən aşura, bəzən börək, bəzən künəfə bişirib “Bu bizim mədəniyyətimizdir. Bişirib qonşularımıza paylayırıq” deyərək müxtəlif din və mədəniyyətə mənsub insanlar arasında körpülər qurmağa, onlara yaxınlaşmağa və yanlış düşüncələrin açdığı uçurumları aşmağa çalışırıq. Beləcə, dəryaların üstündə körpülər quraraq, dağlar arasında keçidlər açaraq bir daha qəlblərə nüfuz edib o qəlblərlə Allah arasındakı maneələri aradan qaldırmağa, qəlblərin Allahla yönəlişinə zəmin hazırlamağa çalışırıq."[13]
Dəyərləri hal dili ilə çatdırmaq
Fəthullah Gülən ümumbəşəri dəyərləri hər kəsə çatdırmaq üçün hal dilinə, yəni təmsil prinsipinə üstünlük verir: "Siz ilahi ərməğan olan səmavi dəyərlər sisteminə ürəkdən inanır, onları həqiqətən vicdanınızda duyub hiss edirsiniz. Əlbəttə, inancınız sizdə bu dəyərlər sistemini bütün dünyaya çatdırma arzusunu alovlandırır. Sizin nə propoqanda, nə missionerlik, nə də dininizi kiməsə zorla qəbul etdirmək məqsədiniz var. Çünki inandığınız dini hərəkət və davranışlarınızla təmsil etməsəniz, özünüzü aldatmış olarsınız! Bu səbəblə, qoy hər şeyi davranışlarınız desin. Kamilliyiniz qarşı tərəfin vicdanına təsir etsin. Hərəkət və davranışlarınız, oturuşunuz, duruşunuz, baxışlarınız və danışığınız Allahı xatırlatsın, “Allah” desin; desin və qarşı tərəfin ürəyində “Bunlar boş insanlar deyil, addımlarını boş yerə atmırlar” düşüncəsi kök salsın."[14]
"Yaxınlarımızdan başlayaraq uyğun bir üslubda dinimizi uzaq-yaxın – hər kəsə anlatmalıyıq. Biz bununla mükəlləfik, çünki hər kəsin müsəlman olması şərt olmasa belə, qaçılmaz kimi görünən gələcəyin o qorxunc fırtınalarının qarşısını ancaq təbliğ və təmsil qəhrəmanlarının dialoq və xoşgörü anlayışı ilə qurduqları dalğaqıranlar ala bilər. Xəyalını qurduğumuz dünyanın hər tərəfinə yayılan bəyaz adalar, işıq və sülh adacıqları ancaq belə bir anlayış sayəsində meydana gələcək."[15]
Təmiz niyyətinizi hər fürsətdə dilə gətirin
Fəthullah Gülənə görə, Könüllülər Hərəkatı hər fürsətdə əsl niyyətini dilə gətirməlidir:
"Siz yeganə sevdanıza – Allahın rizasına nail olmaq niyyəti ilə Onun adını hər kəsə çatdırmaq üçün bu vəzifəni bayraqtək dalğalandıraraq dayanmadan yollardasınız. Qaçanda zülfüyarə də əğyarə də toxunmamaq, heç kimi narahat etməmək və kimsəyə ilişməmək üçün diqqət edirsiniz. Hətta hərəkətləriniz, davranışlarınız və sözlərinizlə gələcəkdə də kimsəyə zərər verməyəcəyinizə. Ən günahsız hərəkətiniz belə yanlış anlaşılar deyə tir-tir əsir və azad iradənizlə öz hərəkət sahənizi daraldırsınız. Üstəlik insanları qorxu və əndişəyə sövq etməmək üçün bəzən ən təbii hüquqlarınıza məhdudiyyət qoyursunuz."[16]
"Siz Allahın izni ilə qəlbinizdə insan sevgisi, mərhəmət hissi, dilinizdə "xoşgörü, dialoq, hər kəsə hörmət" deyib bir yola rəvan olmusunuz. Ürəyinizin hər kəsə açıq olduğunu, hər kəs üçün bir yer ayırdığınızı və heç kəsin kənarda qalmayacağını ifadə edirsiniz. Bu xoş niyyətli fəaliyyətlərin gələcəkdə ittiham və böhtanlarla üzləşməməsi üçün görülən işləri və səmimi niyyətləri yazıya alıb arxivə keçirmək olar. Bu yazılarınızda fəaliyyətlərdə idarənin sükanını əlinə almaq və ya heç kimdən, heç nədən istifadə etmək niyyətinizin olmadığını, təqiyyə etmədiyinizi, dini duyğu və düşüncənizdən güzəştə getmək anlayışınızın olmadığını, insanların əndişə və paranoyyalarını aradan qaldırmaq üçün və insanlığa duyduğunuz ehtirama görə müştərək platform və məkanlarda dialoq qurmağa çalışdığınızı ifadə etməlisiniz."[17]
"Onlar insafa gələrmi-gəlməzmi bilmirəm. Bildiyim bir şey var, isnad, ittiham və iftiralarla atılan ləkə əsla tutmayacaq və xalqın vicdanı doğru ilə yalanı mütləq ayırd edəcək. Çünki insafı olan hər kəs bilir ki, bizim Allahın rizasından və millətimizi dünyada layiq olduğu yerə gətirməkdən başqa arzumuz olmamışdır və olmayacaq. Bu mövzuda dininə və millətinə xidmət edən səmimi insanlara güvəndiyim kimi, maddi-mənəvi şan-şöhrət, yaxşı insan kimi tanınmaqdan və s. hər cür dünyəvi arzu-istəyi Rəbbimə, Peyğəmbərimə və dinimə vəfasızlıq sayıram. Dinimə və millətimə xidmət mənim yeganə sevdamdır, o bütün üfüqümü bürüyüb və mən başqa şeyin arxasınca düşmə ehtiyacını hiss etmirəm. Dünyada heç nəyim yoxdur, bir evim belə olmadan duradan köçmək niyyətindəyəm. Dediyim kimi, “Bir zeytun budağım da yoxdur. Əgər olsaydı, onu da sülhün rəmzi kimi düşmənçilik edənlərə uzadardım."[18]
Gördüyünüz kimi başda fikir memarı və hərəkatın lideri Fəthullah Gülən olmaqla Könüllülər Hərəkatına könül verən bütün könüllülər dialoq fəaliyyətləri daxil hər şeyi Allah rizası və insanlığa fayda vermək üçün edirlər. Gündəlik həyatda mümkün qədər İslamın ümumbəşəri dəyərlərini təmsil etməyə çalışan və ibadətlərini yerinə yetirən insanlardan ibarət Könüllülər Hərəkatının Xristianlığa missionerlikdə ittiham edilməsi ya cəhalətdən (bilməməkdən, tanımamaqdan), ya da sui-zənndən, yaxud da həsəddən irəli gəlir. Təmiz niyyətlə həqiqəti tapmaq istəyənlər üçün isə yollar çoxdur.
[2] “Hoşgörüden Geriye Dönüş İntihar Olur”, “Milliyyət” qəzeti, Mehmet Gündemlə müsahibə, 27.01.2005
[3] "Türkiyədə iki fərqli qütb yoxdur", Deutsch Türkische Nachrichten xəbər saytı, müsahibə, 16.06.2011 (http://az.fgulen.com/content/view/1374/94/)
[4] “Aksiyon” dərgisi, 14.02.1998[5] NTV-də Taha Akyol ve Cengiz Çandarla müsahibə, 27.02.1998
[6] “Hoşgörüden Geriye Dönüş İntihar Olur”, “Milliyyət” qəzeti, Mehmet Gündemlə müsahibə, 27.01.2005
[7] “Yahudi ve Hıristiyan Kavgası Bilhassa Ortadoğu İçin İyi Olmaz”, “Zaman” qəzeti, Nuriyə Akman, müsahibə, 29.03.2004
[8] “Hoşgörüden Geriye Dönüş İntihar Olur”, “Milliyyət” qəzeti, Mehmet Gündemlə müsahibə, 27.01.2005; bax.: “Vahşet”, Bamteli, 22.04.2007
[9] “Hoşgörüden Geriye Dönüş İntihar Olur”, “Milliyyət” qəzeti, Mehmet Gündemlə müsahibə, 27.01.2005
[10] “Mesîh nerede, Mehdî Kim?”, Kırık Testi, 11.10.2004
[11] “Meçhul Kahramanlar”, Kırık Testi, 18.04.2005
[12] “Şam söndürmə iftirası”, Kırık Testi, 21.01.2008 (http://az.fgulen.com/content/view/118/69/)
[13] “Düşüncə və aksiyon vəhdəti”, Kırık Testi, 13.12.2010 (http://az.fgulen.com/content/view/1222/69/)
[14] “Düşüncə və aksiyon vəhdəti”, Kırık Testi, 13.12.2010 (http://az.fgulen.com/content/view/1222/69/)
[15] “Hizmet, gayret, hicret; ya aileniz?..”, Kırık Testi, 27.12.2004
[16] “Neylerse Güzel Eyler...”, Kırık Testi, 19.06.2006
[17] “Etibar və şəffaflıq”, Kırık Testi, 03.05.2010 (http://az.fgulen.com/content/view/1038/69/)
[18] “Müfterî ne derse desin, bizim tek sevdâmız var!..”, Kırık Testi, 28.11.2004
- tarixində yaradılmışdır.