Böyük millət sevgisi…
Türkiyədə olduğu kimi, Azərbaycanda da Fəthullah Gülənin adı çəkiləndə çox müxtəlif yanaşmalar, fərqli münasibətlər özünü göstərir. Onu dəyərli din xadimi, Türkiyəni candan sevən, bütün dünyada türk dilində məktəblərin yaradıcısı, işıqlı insan, xarizmatik şəxsiyyət kimi təqdir edənlər də olur, birmənalı qarşılamayanlar da, görməzə-bilməzə, tənqidi yanaşanlar da. Mənə elə gəlir ki, ikinci mövqedə dayananların münasibəti ilk növbədə məlumatsızlıqdan, tanımamaqdan doğur, ya da birtərəfli fikir yürütməkdən qaynaqlanır.
Neçə illərdi, Fəthullah Gülənin adıyla bağlı olan müxtəlif qurumların keçirdiyi tədbirlərdə iştirak edirəm. Gülən hərəkatına, camaatına aid edilən insanları izləyirəm. Heç vaxt bu insanlarda, münasibətlərində, davranışlarında kimisə incidəcək xətaya yol verdiklərinin şahidi olmamışam. Dünyanın 40 ölkəsindən gələn ziyalıların toplantılarında xoşgörü, dialoq, ailə, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində keçirilən ən müxtəlif konfranslarda insanları birləşdirən, doğmalaşdıran körpülər atıldığına əminliyim yaranıb. Ankarada bir neçə dəfə türk dili olimpiadalarının final tədbirlərinə qatılmışam. Dünyanın müxtəlif ölkələrindəki türk məktəblərində təhsil alan əcnəbi uşaqların türkcə necə səlis danışmasından, şeir yazıb mahnı oxumasından həyəcanlanmışam, gözlərim dolub, kövrəlmişəm...
Bu böyük işləri görmənin, görə bilmənin, bacarmanın arxasında böyük Ruh durduğuna əmin olmuşam. Sonsuz inam, zəhmət, fədakarlıq, millət qarşısında məsuliyyət hissi kimi keyfiyyətlər öz yerində... Amma bu Ruh olmasa, qısa zaman kəsiyində dünyanın onlarla ölkəsində türk dilində məktəblər qurmaq, xaricilərə türk dilini sevdirmək, inam yaratmaq olmazdı.
Bu Ruh, sevgi isə Allahın millətimizə verdiyi ilahi qismətdi. Fəthullah Gülənin böyüklüyü ondadı ki, o, dinimizin bətnində, mayasında olan Ruhu, Sevgini insanlara aşılaya bilib, öz fikirləri, çıxışları ilə insanların içərisində mürgüləyən gözəl keyfiyyətləri oyadıb. Üstəlik, türk millətinin parlaq gələcəyinin məhz mükəmməl, sağlam əsaslı təhsil üzərində qurula biləcəyini aydın dərk edərək, bu yöndə fədakarlıqla fəaliyyətə keçib. Eyni zamanda ona bütün varlığıyla inanan, düşüncəsinə sonsuz ehtiram bəsləyən, görkəmli mütəfəkkirin ardınca əzm və sədaqətlə yürüməyə hazır olan onminlərlə könüllüyə doğru yol göstərib.
Gülən haqqında çox kitab yazılıb. Azərbaycanda da dilimizə çevrilib çap olunanları var. “Fəthullah Gülənlə 11 gün” kitabı da bu qəbildən növbəti bir nəşrdi. Kitabın müəllifi Mehmet Gündəm “Milliyət” qəzetində çalışdığı dönəmdə qəzetin baş redaktoruna Fəthullah Gülənlə müsahibə almaq niyyətini bildirir. Qəzetin baş redaktoru Mehmet Y.Yılmaz əsl redaktora xas intuisiya, geniş düşüncə nümayiş etdirir. Cəmiyyətdə Fəthullah Gülənlə bağlı dolaşan bütün sualların cavablandırılmasını arzulayır. Mehmet Gündəmin qəzetçiliyə, öz sənətinə, gördüyü işin gərəkliyinə əminliyi nəticəsində maraqlı, dinamik, oxunaqlı bir müsahibə ortaya çıxır. M.Gündəm 11 gün Amerikada olur, F.Gülənlə söhbətlər edir, müşahidələr aparır və nəhayət, müsahibə 22 gün boyunca “Milliyət” qəzetində dərc olunur. Böyük marağa səbəb olur. Bu kitab da həmin müsahibələrin toplusudu. “Milliyət”in oxucuları 22 gün ərzində Fəthullah Gülənin ən müxtəlif məsələlərə münasibəti, ən mürəkkəb suallara cavabları ilə tanış olurlar. Kitabın ərsəyə gəlməsində bu üç insanın zəhməti böyükdü. Mən də bu kitabı oxuduqca ilk növbədə Fəthullah Gülənlə bağlı bir çox mətləblər aydınlaşırdı, eyni zamanda Mehmet Gündəmin bir jurnalist kimi peşəkarlığına, Mehmet Y.Yılmazın redaktor kimi uzaqgörənliyinə ehtiramım yaranırdı. Ən əsas isə xarizmatik bir insanın, böyük işləri reallaşdıra bilmiş bir hərəkat rəhbərinin həyat yolu, düşüncələri fikirlərimi məşğul edirdi.
İlk növbədə Gülənin Türkiyə sevgisi, türk dilinə sevgisi məni heyrətləndirirdi. Bu sevgi isə kitabın hər vərəqində, hər sualın cavabında aydın görünür. Mehmet Gündəmin müşahidələrindən, qənaətlərindən bir məqam isə daha təsirlidir: “Bilirsiniz, Fəthullah Gülənin utopiyası nədi? Gülən Türkiyəni dünyanın bir parçası kimi görmür... Gülən Türkiyəni mərkəzə qoyur. Gülən dünyanı Türkiyənin bir parçası kimi görür”.
M.Gündəmin bu qənaətlərini oxuduqca türk dilində məktəblər ideyasının mahiyyətini, məğzini dərk edirsən. Dünyanın ən müxtəlif ölkələrində türk dilində öyrənən xarici uşaqlar göz önünə gəlir və Türkiyənin mərkəz olacağına inanırsan. Bu isə F.Gülənin öz sözləridi: “Sankt-Peterburqda məzuniyyət mərasimində bir rus şagirdə “Böyüyüb həyatda müəyyən bir mövqe tutanda ilk olaraq nə etmək istərdin?” sualını verdilər. Cavabını eşidəndə televizor qarşısında hıçqıra-hıçqıra ağladım. Uşaq: “Türk millətinə kömək etməyi düşünürəm” – dedi.
Bu hərəkata qara yaxmaq istəyənlər barədə isə Gülən bunları deyir: “Bu hərəkatın dünyanın müxtəlif yerlərində fərqli düşüncələrə malik insanlar tərəfindən müsbət qəbul edilməsinə baxmayaraq, Türkiyədə bəzi adamların onun əleyhinə çıxmaqdan, sərt davranmaqdan əl çəkmədiyini görəndə, öz-özümə, bəlkə də, yüz dəfə belə demişəm: “Ya Rəbbi, türk xalqının adını, dilini, mədəniyyətini dünyaya tanıdan bu mühüm hərəkata əgər mənim şəxsimə görə antipatiya bəsləyirlərsə, mənim canımı al, amma bu hərəkata zərər vermə”. Bu sözlərin səmimiliyinə isə inanmamaq mümkün deyil. Bu sözlərin arxasındakı böyük Türkiyə sevgisini görməmək insafsızlıqdı.
Kitabda Gülənin islama baxışları, dini-mənəvi görüşləri, hərəkat üzvləri və siyasətdən uzaq, bütün partiyalardan eyni məsafədə dayanmaq niyyətləri və bunun səbəbləri, İran, Yaxın Şərq, Avropa, Amerika siyasətinə münasibəti əksini tapıb. Bütün bu fərqli mövzularda söhbətləri, sanballı cavabları həm də M.Gündəmin maraqlı müşahidələri müşayiət edir. Kitab çox maraqla oxunur. Düşünürəm ki, kitabı dilimizə çevirib dərc edənlər olduqca düzgün və faydalı bir iş görüblər. Ölkəmizdə də Gülən hərəkatına münasibətdə fərqli mövqedə olan insanlar var. Məncə, bu kitabı oxumaqla bir çox tərəddüdlü insanlar Gülən hərəkatının əsl mahiyyətini özləri üçün aydınlaşdıra bilərlər. Buna görə də kitabı dilimizə çevirməklə və nəşr etməklə xeyirxah bir iş görən bütün dostlarımıza təşəkkürümü bildirirəm.
Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet“in baş redaktoru
- tarixində yaradılmışdır.