Müsəlmanlıq qadını evdə həbs etmir

Müsəlmanlıq qadını evdə həbs etmir

Müşahidələrim…

Ərzurumlu...

Fəthullah Gülənin həyatının böyük hissəsi Ədirnə, İzmir və İstanbulda keçib. Əslən Ərzurumdandır.

Ərzurumda çox az yaşasa da, danışığında, verdiyi nümunələrdə doğulduğu yerin ləhcəsi özünü büruzə verir.

Axıcı, bir o qədər də zəngin dili olan Gülən ərzurumluluğunu da tez-tez xatırladır.

Qəribədir ki, ümumən insanlar kənd yerlərindən olduqlarını xatırlamamağa, xatırlatmamağa çalışırlar, ancaq Gülən köklərini, doğma yerlərini tez-tez dilə gətirir.

Şəhərdə yaşayıb keçmişini unutmayan, daima sevgi ilə yad edən insanlara rast gəlmək o qədər asan deyil indiki zəmanədə...

Müsəlmanlıq qadını evdə həbs etmir

Müsəlmanlıqda qadının həyatı məhdudlaşdırılmamış, fəaliyyət sahəsi daraldılmamışdır. Bu günə görə namünasib sayılan mə­qamları o dövrün xüsusiyyətlərini və o dövrdə mövcud olmuş dövlətlərin bu istiqamətdə gördüyü işləri nəzərə alaraq qiymətləndirmək lazımdır.

Bundan başqa, unutmamalıyıq ki, bəzi bölgə və xalqlarda İslamdan əvvəlki adət-ənənələr İslamın qəbulundan sonra da davam etdirilmişdir. Bunları İslam dininin adına yazmaq doğru olmaz. Əsas məsələ qadının fiziki xüsusiyyətlərini və xüsusi hallarını nəzərə almaqdır.

Türkiyədə əsas mübahisə mövzularından biri də qadınların cə­miyyətdə rolu məsələsidir. Bəzi iqtisadçılara görə, qadının istehsal prosesinə cəlb edilməsi iqtisadi inkişafa kömək edəcək?

Qadının fiziki cəhətləri nəzərə alınmaqla və xüsusi hallara riayət edilməklə bir sıra sahələrdə iştirakı İslamda qadağan olunmamışdır. Onsuz da qadın hər sahədə iştirak etmişdir. Məsələn, döyüşlərə getməsi caiz sayılmış, oxuması, təhsil alması münasib görülmüş və təşviq edilmişdir.

Belə ki, Səadət əsrində Həzrəti Aişə, Həzrəti Hafsa və Həzrəti Ümmü Sələmə anamız fəqih (İslam hüququnu bilən) və müctəhid səhabələr arasında özünəməxsus yer tutmuşdur, hətta kişilər müəyyən dini məsələləri onlardan soruşub öyrənirdilər. Tabiun nəslindən bir çoxları bir şey öyrənmək lazım gələndə Rəsulullahın həyat yoldaşlarına müraciət edirdi. Sonrakı dövrlərdə də bəzi qabiliyyətli qadınlar bir çox insana müəlliməlik etmişlər. Yəni müsəlmanlıqda qadının həyatı məhdudlaşdırılmamış, fəaliyyət sahəsi daraldılmamışdır. Bu günə görə namünasib sayılan məqamları o dövrün xüsusiyyətlərini və o dövrdə mövcud olmuş dövlətlərin bu istiqamətdə gördüyü işləri nəzərə alaraq qiymətləndirmək lazımdır.

Bundan başqa, unutmamalıyıq ki, bəzi bölgə və xalqlarda İslamdan əvvəlki adət-ənənələr İslamın qəbulundan sonra da davam etdirilmişdir. Bunları İslam dininin adına yazmaq doğru olmaz. Əsas məsələ qadının fiziki xüsusiyyətlərini və xüsusi hallarını nəzərə almaqdır. Məsələn, ağır mədən işlərində çalışmalıdırmı, kişilər kimi hərbi xidmətə getməlidirmi? Ağır silah təlimindən keçməlidirmi? Əgər bunlar çox zəruri hesab edilərsə, məncə, ona da heç kəs bir şey deməz.

Hakim də ola bilər

Müasir dövrdə qadının ictimai həyatda yeri və rolu necə olmalıdır?

Qadın hər şey ola bilər. Bugünkü qaynaqlara istinad baxımından dəlil-sübutunu göstərmək çətin olsa da, tarixi təcrübələrə göz yetirəndə – Əbu Hənifəyə görə – qadının hətta hakim belə ola biləcəyini görürük. Nəzərə alsaq ki, Onun kimi bir alim nəfsani bir şey danışmaz, demək, islami qaynaqlar buna icazə verir. Hazırda Diyanət İşləri Başqanlığı qadınların rahat olması üçün müftiliklərə qadın işçilərə ştat ayırmaqla təqdirəlayiq iş görür. Qadın hərbçi də ola bilər, həkim də, hər sahədə təhsil ala bilər. Mühüm olan dinini yaşaya bilməsidir. Dövlət idarəsində işləyə-işləyə dinini gözəl yaşayanlar da ola bilər, evdar qadın ola-ola tam yaşamayanlar da...

Yəni qadını evə həbs etmək yoxdur.

Əlbəttə, o barədə hər hansı məhdudiyyət qoyulmamışdır. Qadınların fiziki xüsusiyyətlərinə görə bacardığı işlərdə işləməsi mühümdür və bu işlərin bir qismi haqqında qərar vermək lazımdır. Hər dövrün qadınları üçün həmin dövrün idarəçilərinin verdiyi qərarlar əhəmiyyətlidir.

Bəziləri hesab edir ki, “Elmihal” kitablarının qadınla əlaqədar his­sələri qadını ikinci dərcəli varlıq kimi göstərir. Bu da tarixi mahiyyət daşıyır?

Spesifik xüsusiyyətlərinə və fiziki cəhətləri nəzər alındığına görə qadının daşıdığı məsuliyyət və fəaliyyət sahəsi həmişə kişidən bir az fərqli olmuşdur. Məsələn, ağır işlərə və evdən kənara aid məsuliyyətlərə görə kişi cavabdehlik daşımışdır. Təşri (Rəsulullahın və raşidi xəlifələrin dövrü) və tədvin (bilgilərin yazıya alındığı və sistemləşdiyi) dövrlərində verilən şərhlər ogünkü mədəniyyətlə bağlı olaraq bu istiqamətdə inkişaf etmişdir. Bunu “tarixi” saya bilmərik, əksinə “qadın və kişilərin spesifik xüsusiyyətlərinin nəzərə alınması bu məsələdə əsas faktor olmuşdur”, – demək daha doğrudur.

Din qadının hüquqlarını da qoruyur

Qadına ikinci dərəcəli varlıq kimi baxanlar da var…

Qadın qadındır, kişi də kişidir, bunlardan biri pozitivdirsə, o biri neqativdir, ikisi bir araya gələndə bir bütövü əmələ gətirir. Mövzuya ikinci dərəcəli və ya bərabərlik məsələsi kimi baxmamaq lazımdır. Çünkü bəzi məqamlarda qadın daha irəlidədir. Məsələn, bəzi yerlərdə Peyğəmbərimiz qadına çox əhəmiyyət vermiş, “Cənnət anaların ayağının altındadır” buyurmuşdur, amma atalar haqqında belə bir şey söyləməmişdir. Yenə “Kimə yaxşılıq edim?” – deyə üç dəfə sual verən adama hər dəfə “anana”, – cavabını vermiş, yalnız dördüncü dəfə “atana”, – demişdir.

Bədiüzzaman da “O eyni zamanda bir şəfqət qəhrəmanı və mühüm tərbiyəçidir”, – deyir. Gördüyünüz kimi, bəzi məsələlərdə qadın kişidən çox irəlidir. Bəzi məqamlarda “Sənin yerin buradır” deyilirsə, məsələn, “Sən cəbhədə keşik çəkməməlisən, belinə bomba bağlayıb düşmənlə çarpışmamalısan, buna gərək yoxdur”, deyilirsə, bu cür münasibətə qadının haqlarını əlindən almaq kimi baxmaq əvəzinə, bu münasibəti təqdir hissi ilə qarşılayıb qadın hüquqlarını qorumaq kimi götürmək də mümkündür.

“Birinci-ikinci” mübahisəsini bir kənara ataraq vəzifə və mə­suliyyət fərqlərini də vəzifə bölgüsü kimi götürmək bəlkə də, daha doğrudur və bu cür məsələlər eyni zamanda tarixi təcrübələrə söykənir.

Fikrimi M. Akifin bir beyti ilə ifadə edəcəyəm: “Doğrudan-doğruya Səadət əsrindən alıb ilhamı / Əsrin tələblərinə görə dilləndirməliyik İslamı”. Çünki bəzi məsələlərdə qadın, bəzi məsələlərdə də kişi irəlidə olur. Peyəmbərimizin bu məsələdə ayrı-seçkilik etdiyini görmək mümkün deyildir. O, müxtəlif anlayışların hakim olduğu bir cəmiyyətdə Həzrət Həsən və Hüseyn kimi, qız nəvələrini də çiyninə alıb namaz qılmış və cəmiyyətdəki yanlış anlayışlarını düzəltmişdir.

Nəyə görə təkcə Qurana deyil, Səadət əsrinə də müraciət etmək lazımdır?

Bu ikisini bir-birindən ayırmaq deyil, əksinə Quranı Səadət əsrindəki tətbiqi ilə birlikdə götürmək, orada necə tətbiq edildiyini anlamaq, sonra bu günə qayıdıb Quranı bir daha həyata tətbiq etmək – mən bunu nəzərdə tuturam (Bu metod Quranın tarixiliyi ilə eyni şey deyildir).

Bir də namazda kişilərin öndə, qadınların arxada dayanması mə­sələsi var…

Birincisi, reallıqları nəzərə almağı rica edərək ilk öncə qeyd edim ki, namazı Allahdan başqa heç bir şeyi düşünmədən, Onun hüzurunda kamali-ədəblə dayanaraq qılmalıyıq.

İkincisi, namazda vücudun intizamlı duruşu qədər, qəlbən və ruhən Haqqa yönəlmək, yəni fikrin, xəyalın başqa şeylərlə məşğul olmasına imkan verməyib onları Allahdan qeyri hər cür fikir və düşüncədən qorumaq da böyük əhəmiyyət kəsb edir.

Bu iki xüsusiyyəti yadda saxladıqdan sonra, gəlin özümüzə sual verək: nə üçün bəzi reallıqları görməməzliyə vururuq?

Zənnimcə, Kəbəni təvaf əsnasında belə, gözü gözəl bir qadına sataşan kişilər “Biz heç nə hiss etmədik” – deyə bilməzlər. Əgər deyən olsa, mən də ona: “rica edirəm, Allah görür, eşidir, nə olar, gəl burada yalan danışmayaq”, – deyərəm. Görəsən, bizi bəzi məsələləri şişirdib bəzilərini görməməzliyə vurmağa vadar edən nədir?

Xülasə, qəlbin saflığını qoruyaraq namaz qılmaq qadın üçün də, kişi üçün də əhəmiyyətlidir. Namazda bu şəkildə dayanmaq qadının da, kişinin də duyğu və düşüncəsini zərərli şeylərdən qoruyur. Bunları görməməzliyə vuraraq kiçik şeyləri böyüdüb İslamiyyəti tənqid etmək və bəzi məsələləri bəhanə gətirmək tələsik verilmiş hökmdür, məncə.

Oxumağın tərəfdarıyam...

Türkiyədə hicab problemi var. Məsələn, “on səkkiz yaşından sonra rahat istifadə etmək olar” deyənlər var. Ərtoğrul Özkök də bu mövzuda bir yazı yazmışdı… Bu problemin həllinə dair bir təklifiniz var?

Uşaqların oxuması əngəl çıxarıldığı bir dövrdə məsələyə dinin üsulu (əsasları) və füru (ikinci, üçüncü dərəcəli məsələlər) prizmasından baxaraq hicabla əlaqədar fikrimi bildirmişdim.

Qısaca, iman əsasları və İslamın beş şərti qədər ağır bir məsələ olmadığını bildirmiş, baş örtüyü və məktəb arasında seçim etməyi insanların vicdanına həvalə etmişdim. O zaman mənim vicdani qənaətim də oxumağın tərəfində idi. Belə bir yanaşmanı bir çox təbəqədən müəyyən şəxsləri rahatlatmaq və Türkiyənin gələcəyi baxımından əhəmiyyətli görmüşdüm.

Bu yanaşma bir mənada, şəraitin tələbi ilə bağlıdır, bəs əsl dü­şüncəniz nədir?

Könül istər ki, Qərb ölkələrində olduğu kimi bizdə də qadın haqları fikir və düşüncə azadlığı ilə bir yerdə götürülsün. Zən­nimcə, xristianlığın əsas qaynaqlarında fərqlər meydana gəlməsəydi, onların yazılı mənbələrində rahibələrlə yanaşı, qadınların örtünmə məsələsi də əksini tapsaydı, ona qarşı çıxmazdılar.

Heç yadımdan çıxmaz, Vatikana gedəndə “Milliyət” qəzetindən Özcan xanım da yanımızda idi, bizi müşayiət edirdi. Papa qadınlarla görüşmədiyi üçün içəri girə bilmədi. Türkiyədə belə bir şey olduğunu, Diyanət İşləri sədrinin yalnız kişilərlə görüşdüyünü, qadınları qəbul etmədiyini bir düşünün, bu, qəzetlərə baş xəbər olmazmı?

Könül istər ki, insanlar hakimiyyətə qarışmamaq şərtilə, dini əmrlərə bütün təfərrüatı ilə rahat əməl edə bilsinlər, vicdan azadlığında, din azadlığında əngəllərlə qarşılaşmasınlar. İctimai sahələri genişləndirmək əvəzinə – bu eyni zamanda insanların hərəkət sahələrini daraltmaq olardı – liberalizmə doğru getdiyimiz bir zəmanədə fərdin hüququnu və vicdan azadlığını ön plana çəksək, dinin üsuluna da, füruna da zəmin hazırlasaq, daha yaxşı olar.

Müəyyən yaşdan sonra sərbəstlik verilməsi məsələsinin irəli sürülməsi və haqqında danışılması məncə, müsbət bir addımdır. Amma çox arzu edərdim ki, gün gəlsin, hər kəs istədiyi kimi yaşasın, qadağa qoyulmasın.

Baş örtüyünün forması və növləri bir fəlsəfənin, bir hərəkatın simvolu kimi başa düşülürsə, həmin forma və növlərdən istifadədə də israr edilməməlidir.

Bu barədə mənə sual verənlərə “Diyanətdən, Din İşləri üzrə Ali Qurumundan soruşun”, – deyirəm. Bu məsələdə bir savab varsa, qoy onlar qazansınlar. Əgər bizim fərqli fikrimiz olsa, gedib üsuluna uyğun şəkildə özlərinə deyərik. Qəzetlərdə mü­zakirəyə qoymaq doğru olmaz. O qurumun nüfuzunu qorumaq da vəzifəmizdir, çünki onlar dinin etibarını təmsil edirlər. Hicab məsələsində də meyarı onlardan soruşmaq lazımdır, əgər onların görüşlərində bir natamamlıq olarsa, tanınmış və sanballı alimlərimiz fikirlərini Diyanətə bildirər, çatışmamazlıqlar aradan qaldırılar, bir yanlışlıq varsa, düzəldilər.

Təzələnən din deyil, dindarlığımız olmalıdır

Xristianlıq kimi İslamda da oxşar islahatlara ehtiyac ola bilərmi?

Müxtəlif zamanlarda demişəm, əslində hər kəs hər səhər gözlərini açarkən təzə günə başladığını idrak edərək dininin təravətini yenidən hiss etməlidir. Bu gün qəlbin, ruhun, duyğuların hiss etdiyi din dünənkindən fərqlənməlidir. Sabahkı din də bugünkündən. O biri gün də sabahkı kimi olmamalıdır. Daima araşdıran, irəliləyən, təhqiq edilən, elmdə, fikirdə, mərifətdə dərinləşən, amma heç cür doymaq bilməyən bir səyyah kimi olmalıdır. Beləliklə, Zati-Üluhiyyətı vicdanımızda müxtəlif dəlillərlə hiss etməliyik. Allah Rəsulunun “İki günü eyni olan aldanmışdır” bəyanı bu baxımdan əhəmiyyətlidir. Demək, iki günü eyni olan insan inanc məsələsində də, İslam məsələsində də, ehsan məsələsində də aldanmışdır.

Burada bir həqiqəti unutmamaq lazımdır: dini duyğu, düşüncə və əməlimiz hər şeyin əslinə, yəni dinin əsas qaynaqlarına, şə­ri­ətin dəlillərinə istinad etsə də, – bunlar Kitab, Sünnə, icma və fəqihlərin xalis niyyətlə verdiyi hökmlər, ictihadlardır – məsələnin insanlara çatdırılmasında mühit və zəmanə amilinin rolu da inkaredilməzdir. Çünki şərait və mühit insanın üslubuna sirayət etdiyi kimi, insanın xarakter və təbiəti də əldə edilən nəticələrdə mühüm rol oynayır. Məsələn, texnoloji yeniliklər mücəddidin dünyagörüşünə təsirsiz ötüşmür. Dolayısilə, mücəddid öz dövrünün aynasıdır.

Yəni...

Təcəddüdə (yenilik) gəlincə, o, yenilənmə fantaziyası, yenilik ab-havasında fərqli bir şey ortaya çıxarma, özünü başqalarından fərqli göstərmə cəhdidir. Əcnəbi terminlə ifadə etsək, təcəddüd “reform” və ya “reformasiya” deməkdir. Ehtiyac oldu-olmadı dinin bütün məsələlərini yenidən nəzərdən keçirmək, dövrə uyğunlaşdırmaq səyidir. Problemləri dövrə və insanlara deyil, Qurana yükləmək, Peyğəmbərimizə aid etmək deməkdir. Guya əsas qaydalara edilən dəyişikliklərlə problemlər ortadan qalxacaq. Bu anlayış orucu başqa bir şeylə əvəz etməyi, zəkat və həcci başqa bir əməllə dəyişməyi mümkün sayır. İpə-sapa yatmaz, heç bir əqli və dini əsası olmayan düşüncələrdir bunlar...

İndi, bu cür fantastik şeyləri ortaya atanlara mücəddid yox, mütəcəddid deyərlər. Reformist demək daha düzgün olar. Əslində bunlar dinin ruhunu baltalamaqdan başqa bir iş görmürlər. Digərləri isə İslamın əsaslarına, üsuluna, ana xətlərinə toxunmadan, qəti hökmlərə sadiq qalaraq dini yenidən, tərtəzə təqdim etməyə çalışırlar. Yəni aradakı məsafələri aşaraq, Bədiüzzamanın “Rəşahat”da dediyi kimi, “Əsri-Səadətə gedib O Zatı vəzifə başında görərək, gördüyü işə baxaraq, onu yenidən hiss etmə”. Çünki yenilənməyə ehtiyacı olan din deyil, insanlardır.

Böyük düşüncə…

O halda insan necə yenilənəcək? Bu məsələdə bir metod təklif edirsinizmi?

Biz ümid bəslədiyimiz işıqlı gələcəyə əmin addımlarla addımlamaqda xülasə şəklində verdiyimiz aşağıdakı prinsipləri həyati əhəmiyyətli düsturlar sayırıq:

Bütün xalq, xüsusilə də, ziyalılarımız keçmişimizlə mütləq barışmalıdır.

Gələcək naminə planlaşdırılan hər cür yenilənmə və əsaslı dəyişikliklərin təməlində tarixi dəyərlərimiz və mənəvi köklərimiz dayanmalıdır.

Belə həyati əhəmiyyətli məsələyə siyasət və mənfəət əsla qarışmamalıdır.

Bundan başqa, hər şeyə rəğmən, bu qayəyə xidmət edən bütün fəaliyyətləri – bir sıra gözlənilməz nəticələrin olma ehtimalını da nəzərə alaraq ehtiyat və təmkinlə həyata keçirməli, gənclik həyəcanı və macərapərəstlərin məsuliyyətsiz davranışlarına yol verməməliyik. Heysiyyət və qürurumuz tapdansa belə, uca məf­ku­rəmiz xatirinə içimizdə qopan həyəcanın ağzına səbir daşı basmalı və dişimizi sıxıb hər şeyə qatlanmalıyıq.

Bir şeyi yıxıb-uçurmamışdan əvvəl onun yerində nələri bina edəcəyimizi qərarlaşdırmalı, sonra əgər vardırsa, o köhnə, lazımsız şeyləri uçurmalıyıq. Hər zaman “Tikmək naminə uçurmaq” fəlsəfəsi ilə hərəkət etməli, bir şeyin kökünə külüng çalmadan əvvəl tikiləcək şeyin layihəsini hazırlamalıyıq.

Hər işdə verilən qərar və ortaya qoyulan fəaliyyətlər elm, irfan və tədbirdən ilham almalı, əzm və səy də araşdırma və bilikdən dəstək görməlidir ki, bir şeyi inşa edəndən sonra dağıtmağa ehtiyac qalmasın.

İndi də yenə yollar ayrıcındayıq, yenə taleyüklü mərhələdən keçirik. Vəziyyətimizi dərk edərək bu zaman dilimini böyük düşüncə, böyük plan və peyğəmbəranə əzmlə qiymətləndirə bilsək, bu taleyüklü mərhələdəki bəxtimizi – ki, bu, ən çox bizim millətimizə nəsib olub, – bir dan ulduzu kimi parlada bilərik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.