IV Fəsil: Noyabr 2001-ci il, Nyu Cersi

Fəthullah Gülən və vəkilləri 2001-ci il noyabrın 6-da Nyu Cersi ştatının Nevark Ədliyyə İdarəsinə gələndə onları amerikalı prokuror Bryus Repetto (Bruce Repetto) qarşılayır.

Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yüksəlin imzasını daşıyan 31 avqust 2000-ci il tarixli 79 səhifəlik iddianamənin ingilis dilinə tərcüməsi amerika prokurorunun qarşısında idi. Güləni qarşılayan prokuror Repetto onu toplantı salonuna aparır.

Gülən Ankara DTM-də barəsində qaldırılmış və təhqiqatı davam edən məlum iddia ilə əlaqədar ifadə verəcəkdi. İfadə verməyi özü istəmişdi. O, vəkilləri vasitəsilə Ankara DTM-yə müraciət edərək ifadə vermək istədiyini bildirmiş, Ankara DTM-də ABŞ Ədliyyə Nazirliyinə məktub göndərərək Gülənin ifadəsinin alınmasını rəs­mi şəkildə tələb etmişdi. Amerika prokuroru Gülənin ifadəsini alıb Ankaraya göndərməli idi.

Gülən vəkilləri Əbdülqadir Aksoy (Abdülkadir Aksoy), Orxan­ Ərdəmli (Orhan Erdemli), Rüştü Kalyonçu, amerikalı prokuror, həmçinin stenoqrafçı kimi Gülənin ifadəsini yazan notarius nümayəndəsi və Prokurorluğun rəsmi tərcüməçisi Jalə Elterman (Jale Elterman) toplantı salonunda masanın ətrafına keçib əyləşdilər.

Prokuror Güləndən öncə istirahət etmək istəyib-istəmədiyini soruşur. Gülən “xeyr” cavabını verir. Prokurorun Gülənə ilk sualı belə olur: “Məqsədiniz nədir? Hər hansı siyasi məqsədiniz varmı?” Gü­lənə qarşı irəli sürülən ittihamlardan və iddianamə mətnindən prokurorun xəbəri var idi.

Gülən cavabında “Mənim yalnız bir məqsədim var – ileyi-kəlimətullah” deyir. Allahı və dinin müqəddəs dəyərlərini insanlara anlatmaq mənasını daşıyan “ileyi-kəlimətullah” eyni zamanda Gülənin kitablarından birinin adıdır.

Amerikada yaşayan türklərdən olan və prokurorun rəsmi tərcüməçisi işləyən Jalə Elterman yanında 100000 kəlməlik irihəcmli ingiliscə-türkcə lüğət olmasına baxmayaraq, Gülənin bu sözlərini İngiliscəyə tərcümə etməkdə çətinlik çəkir. Gülənin Türkiyədən gələn iki vəkili tədbirini əvvəlcədən görmüşdü. Onun cavabları ifadə mət­nində olduğu kimi öz əksini tapmalı idi, bu, böyük əhəmiyyət kəsb edirdi. Ona görə də uzun müddətdir, Amerikada yaşayan və Vaşinqton Vəkillər Kollegiyasının üzvü olan Rüştü Kalyonçu onları müşayiət edirdi. O, Vatikanda baş tutan Papa-Gülən görüşündə Gülənə tərcüməçilik etmişdi.

Gülənin vəkili Aksoy ifadədən əvvəl tərcüməçi kimi Kalyonçunun köməyini təklif etsə də, prokuror “Bizim rəsmi tərcüməçimiz var” deyib qəbul etməmişdi. Nevark Ədliyyə İdarəsində müntəzəm olaraq tərcüməçiliklə məşğul olan Jalə Elterman “ileyi-kəlimətullah”ın ingilis dilində qarşılığını axtaranda Kalyonçu kömək et­məli olur. Kalyonçunun “Allahın adını ucaltmaq” sözləri ilə tərcümə etdiyi “ileyi-kəlimətullah” kəlməsini prokuror bu şəkildə qeydə alır: “Allahın rizasını qazanmaq, Onu başqa insanlara tanıtmaq və sevdirmək”.

Prokurorun əlində təxminən əlli sualdan ibarət bir siyahı var idi. Onun “Türkiyə Dövlətinin Konstitusiyasının dəyişdirilməsinə cəhd göstərdinizmi?” sualına Gülən: “Heç vaxt belə bir şeyi ağlıma gə­tirməmişəm”, – deyə cavab verir.

Bir saat yeddi dəqiqə çəkən görüşdən sonra Gülən və vəkilləri salondan ayrıldılar. Həmin gün Gülən prokurorun şifahi suallarını cavablandırmaqla yanaşı, 56 səhifəlik yazılı ifadə verir. Gülənin cavabları və bu 56 səhifəlik yazılı müdafiəsi cinayət işinə baxan Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin rəhbəri Hüseyn Əkənə (Hüseyin Eken) göndərilir.

Ankara DTM prokuroru Nuh Mete Yüksəlin Fəthullah Gülənin barəsində qaldırdığı iddia 29 il əvvəl, yəni 1971-ci ildə İzmirdə irəli sürülən ittihamdan, demək olar ki, fərqlənmirdi. 1971-ci ildə fikir azadlığını məhdudlaşdıran Cinayət məcəlləsinin 163-cü maddəsi hələ də qüvvədə idi və həmin il Hərbi Prokuror Nurəddin Soyər (Nurettin Soyer) Gülən əleyhinə iddia irəli sürmüşdü.

Arada müəyyən zaman fərqi olsa da, bu iki prokuror, demək olar, eyni “dildə” danışırdı. Bu cümlələr Gülən və dostlarını ittiham edən prokuror Soyərin 1971-ci il 19 avqust tarixli 33 səhifəlik iddianaməsindəndir:

“Ağlın və elmin parlaq işığı qaranlıq künclərdə öz xain əməl­lərini tor kimi hörən insanların üstünə çevrildi... Bu, eyni zamanda dövrün və mədəniyyətin mübarizəsidir... Bir qrup meydana çıxar, bəşəriyyətin ağılla qazandığı modern nailiyyətləri heç sayaraq, on üç əsr əvvələ aid qaydaları cəmiyyətə tətbiq etmək iddiasında olarsa və bu fikrini də azadlqla izah edərsə, bu hal haqdan sui-istifadədən başqa bir mahiyyət kəsb etməz... Heç kimin bir cəmiyyəti müasir düşüncədən qoparıb köhnəlmiş düşüncələrin zir­zəmisinə sürükləmək haqqı yoxdur... İslam dinini anlayan və onun müqəddəs dəyərini öz vicdanında duyan insan qulla Allah ara­sında dəllallığa (simsarlığa) cəhd göstərə bilməz... Bu adamlar savadsız və sadəlövh insanların düşüncə və ruhuna nüfuz edərək, onları bir növ hipnoz edərək qaranlıq əməllərinə alət edirlər. İnsanları robotlaşdırmağı, onların ruhunu əsir etməyi məqsəd bilən və Türk millətini neçə əsr geriyə aparmaq istəyən sapqın bir fikrin təmsilçiləri yaşıl, qırmızı – nə rəngdə olur-olsun – “azadlıq çətirinə” sığınma haqqına sahib deyillər... Xürafatı, batil etiqadları özünə rəhbər edən cahil və təəssübkeşlər hər dövrdə sapqın düşüncəli liderlərin ardınca gedən zavallılardır... Xürafatlardan bərk-bərk sarılıb müasir düşüncələrdən geri qalmaq yalnız Türkiyəyə məxsus hadisə deyildir. Tərəqqi etmiş ölkələrdə də bu cür düşüncə sahiblərinə rast gəlmək mümkündür. Amma Türkiyənin artıq itirəsi zamanı qalmamışdır”.

İndi isə, yəni fikir azadlığını məhdudlaşdıran 163-cü maddə ləğv olunduğu bir vaxtda , prokuror Nuh Mete Yüksəl belə deyirdi:

“Fəthullah Gülən qrupunun məqsədi şeirlərində və kitablarında açıqlandığı kimi, yenidən gül dövrünü və o dövrü yaşadan dövləti qurmaqdır. Gül dövrü Hz. Məhəmmədin yaşadığı dövrdür. Gül dövrü Cümhuriyyətlə uyğun gəlmir, yalnız xilafət dövlətinin qurulması ilə mümkündür... Fəthullah Gülənin qurduğu təşkilat dövlətin dünyəvi quruluşunu dağıtmaq məqsədilə təşkil edilmiş və qeyri-qanuni təşkilatlanma ilə bütün ölkəni bürümüşdür. Fəthullah Gülənin məqsədi qarşısıalınmaz qüvvəyə çevrildikdən sonra Atatürkün prinsip və yeniliklərini, dünyəvi, demokratik, sosial hüquq dövlətini ləğv edərək şəriət dövləti qurmaqdır... Fəthullah Gülənin amacı dövlətin bütün sistemlərində İslam hökmlərini əsas götürərək teokratik İslam diktaturası qurmaqdır”.

1971-ci ildən 2000-ci ilə qədər, yəni 29 ildə Türkiyədə baş verən enişli-yoxuşlu hadisələrə paralel olaraq Gülən tez-tez məhkəmələrə çağırılıb ifadə verir və mühakimə edilirdi. 1971-ci il məhkəməsindən 14 il sonra, 1986-cı ildə İzmir Dövlət Təhlükəsizlik Məhkəməsi Gülən haqqında yenidən təhqiqata başlasa da, çox keç­mədən istintaqın dayandırlması haqda qərar qəbul etmişdi.

1995-ci ildə Ankara DTM-nin prokuroru Nuh Mete Yüksəl şəxsən özü təhqiqat aparır. F. Gülən 18 oktyabr 1995-ci il tarixində Nuh Mete Yüksələ ifadə verir: “Mənim məqsədim iqtidar deyildir. İqtidar istəyi insanın Allahla münasibətlərinə xələl gətirər... Demokratiya elə bir mərhələdir ki, ondan geri dönüş yoxdur. Mən 57 yaşındayam. Bu günə qədər Allahın rizasını qazanmaq üçün çalışdım”. Yüksəl 1995-ci il noyabrın 20-də təhqiqatın dayandırılması haqda qərar qəbul edir.

Nəhayət, İstanbul DTM Prokurorluğu da eyni məzmunda təhqiqat aparır və 25 noyabr 1998-ci ildə təhqiqatın dayandırılması haqda qərar qəbul edir.

Gülən, əslində bir “Emil Zolya” axtarırdı. 5 il öncə təhqiqatın dayandırılması qərarının müəllifi olan prokuror Nuh Mete Yüksəl 2000-ci ildə yeni məhkəmə iddiası qaldıranda artıq Fəthullah Gülən “Bir insan ömrü boyu eyni ittihamla mühakimə oluna bilməz. Bu iddia haqsızdır” deyən bir ziyalı səsin hayqırtısını gözləyirdi.

100 il əvvəl Fransada Dreyfus Məhkəməsində[1] Fransa ziyalılarının səsi olaraq meydana atılan və kapitan Dreyfusun məruz qaldığı haqsızlıqlara üsyan edən Emil Zolya kimi Türk ziyalılarından da bu əsassız məhkəmə əleyhinə qüvvətli etiraz səsi gözləyirdi.

Nəhayət, bu etiraz səsi “Türkiyədə mürtəce axınlar (Türkiyede gerici akımlar)” kitabının müəllifindən gəlir. Prokuror Nuh Mete Yüksəl Gülən əleyhinə ittihamlarını əsaslandırmaq üçün həmin kitabdan 18 dəfə sitat gətirmişdi. Lakin ixtisasca hüquqşünas olan həmin kitabın müəllifinin Gülənin məhkəməsi ilə bağlı verdiyi 47 səhifəlik hüquq hesabatının hər bir sətri prokuror Yüksəlin iddialarını təkzib edirdi.

[1] Kapitan Alfred Dreyfus 1800-cü illərin sonunda Fransada dövlət əleyhinə fəaliyyət göstərməkdə ittiham olunmuş, 12 il çəkən məhkəmədən sonra bəraət qazanmışdır. Emil Zolya Dreysfusun məruz qaldığı bu haqsızlığa üsyan edən Fransa ziyalılarının simvoludur.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.