Aksiyonun qarşısındakı maneələr
Sağlam bir aksiyon haqqında, yuxarıda qismən qeyd etdiyimiz prinsipləri göstərən və onun dinamikalarını nəzərə çatdıran Fəthullah Gülən belə bir aksiyonun qarşısındakı maneələrə və aksiyon yolundakı təhlükələrə də diqqət çəkir. Bu maneə və ya təhlükələr arasında daha çox cismani zövqlər qarşısında məğlubiyyət, mövqe və rahatlıq düşkünlüyü, eqoizm, monoton həyat şəraitinə aldanıb hiss və həyəcanın itirilməsi, səbatsızlıq və günahlara dalma kimi hər biri ayrılıqda fərdləri də, cəmiyyətləri də uda biləcək uçurumlardan bəhs edir.
a. Şöhrət və Mövqe Düşkünlüyü
Gülənə görə, insanda bir çox yaxşı şeylərin kökü və çəyirdəkləri, məsələn, təmənna ummamaq, qarşılıq gözləməmək, səmimiyyət, fədakarlıq, könül toxluğu kimi gözəl xasiyyətlər olmaqla yanaşı, bəzi faydalar üçün pis şeylərin əsasları, məsələn, məqam sevgisi, mənsəb düşüncəsi, görünmə arzusu kimi qəlbi öldürən, ruhu iflic edən pis xislətlər də mövcuddur. Səmimiyyət və ixlas, yəni din və ölkə naminə görülən bir işin ürəkdən və qarşılıq gözləmədən edilməsi, o işin ruhu və Allah qatında qəbul edilməsinin şərti olmaqla bərabər, demək olar ki, hər bir insanda az-çox olması təbii sayılan pis xislətlər, əgər doğru yolla, halal şəkildə tətmin edilməzsə (razı salınmazsa), bunlardan qurtula bilməyənlər həm özləri, həm də yaşadıqları cəmiyyət üçün çox zərərli ola bilərlər.
Gülən bu obyektiv təsbitini bir misalla izah edir; gözəl səsini və musiqi qabiliyyətini şöhrət və qazanc naminə sərf etmək istəyən bir adamın əxlaqsız parçalarla ətrafına “sis və duman yaymasının” yerinə, ilahi (dini nəğmə), qəsidə və ya başqa zərərsiz növlərə istiqamətləndirilməsinin daha doğru olacağını deyir.
Gülən daha sonra əsl həqiqəti və zərurəti bir arzu olaraq bu ifadələrlə dilə gətirir: “Kaş könülllər Uca Yaradanın verdiyinə və verəcəyinə qənaət edərək hər küncdə, hər bucaqda Onun rizasını araya idi.” (Ölçü veya Yoldakı Işıklar, 226-228)
b. Eqoizm bataqlığı
Fəthullah Gülən əvvəlcə bu sözləri ilə insandakı ənaniyyətin, yəni “mən” düşüncə və şüurunun, insan mənliyinin əsl mahiyyət və funksiyasına diqqəti cəlb edir: “İnsana bəxş edilən mənlik əmanəti ən böyük həqiqəti tanıma yolunda ona verilmiş müqəddəs bir ərməğandır. Fərd onunla Uca Yaradanı, Onun qüdrətinin, elminin, iradəsinin sonsuzluğunu, əskiklik və qüsurlardan münəzzəh (pak) olduğunu dərk edəcək, sonra da sinəsində alovlandırdığı mərifət və məhəbbət odu ilə onu əridəcək, sadəcə Uca Yaradanın varlığı ilə baxıb görəcək, Onunla düşünüb Onunla biləcək və sadəcə Onunla nəfəs alacaqdır”. Amma bu ərməğan mənəm-mənəmlik və eqoizmə mənbə edildikdə qabarar, şişər və sahibini udan bir ifrit (kabus) halına gələr.
Gülənə görə, həmişə özünü düşünmə Haqqı görüb bilməmənin, sonsuzluq yolunda məsafə qət etməmənin və gözləri bağlı eyni yerdə fırlanıb durmanın göstəricisidir. Daim öz mənafeyini düşünənlər, eqoizmlə oturub-duranlar, aradıqlarını “eqo”nun qaranlıq atmosferində axtaranlar illərlə dərə-təpə aşsalar da, bir iynə boyu irəliləyə bilməzlər. Görülən işlər işlərin ən ağırı, ən yorucusu da olsa, eqoizm, mənəmlik məqsədilə edildiyi təqdirdə, qətiyyən fəzilət vəd etməz və İlahi Dərgahda qəbul edilməz.
Gülən: “Eqoizmin elmdən qaynaqlanan, sərvət və iqtidarla meydana çıxan, zəka ilə, gözəlliklə şişib böyüyən və s. bir çox növü vardır. Bu xüsusiyyətlərin heç biri insanın əsl malı olmadığı üçün bütün bu iddialar həqiqi Mülk Sahibinin qəzəbinə səbəb sayılmış və bu təkəbbürlü insanların həlakı ilə nəticələnmişdir,” – deyib ardınca bir xüsusu xatırladır və sonra həqiqi insanlığın portretini çəkir:
“Hər fürsətdə özünü ətrafına anlatma xüsusiyyəti fərddə bir əskiklik və aşağılıq duyğusunun ifadəsidir. Belələri yaxşı tərbiyə ilə varlıqlarını gerçək Mülk Sahibinə fəda edəcəkləri günə qədər bu vəziyyət davam edər. Bunların hər işi özlərini üstün göstərmə, hər ifadələri özündənrazılıq, hər təvazökarlıqları da ya riyakarlıq, ya da özlərini başqalarına göstərmə cəhdidir.
Bir insanın insanlığa yüksəlməsi onun təvazökarlığı ilə, təvazökarlığı da mövqe, mənsəb, sərvət və elm kimi xalqın etibar etdiyi şeylərin onu dəyişdirməməsi ilə bəlli olur. Qeyd edilən cəhətlərdən birinin təsiri ilə düşüncə və davranışları dəyişən bir şəxsin nə təvazökarlığından, nə də insanlığa yüksəlməsindən bəhs etmək olar.
Təvazökarlıq, demək olar ki, bütün gözəl xasiyyətlərin açarıdır. Onu əldə edən, digər gözəl xasiyyətlərə də sahib ola bilər. Ona malik ola bilməyən, çox vaxt digər xüsusiyyətlərdən də məhrum olar.” (Ölçü veya Yoldakı Işıklar, 229-231)
c. Rahatlığa düşkünlük
Fəthullah Gülən çox yerdə “tənbəllik” olaraq qeyd etdiyi rahatlığa düşkünlüyü insanın mənən çürüyüb getməsinin əsas səbəblərindən biri kimi görür və belə deyir:
“Axıcılığını itirib hərəkətsiz hala gələn durğun sular iylənib xarab olduğu kimi, özünü rahatlığın qucağına atan insanların da çürüyüb məhz olması qaçılmazdır. İnsanda rahatlıq tapma arzusu ölümün ilk zəngi və işarəsidir. Ancaq fərd hissiyyatı ilə iflic olmuşsa, nə bu zəngi eşidəcək, nə də bu işarələrdən bir şey anlayacaqdır. Təbii ki, dostların xəbərdarlıq və çağırışlarından da...”
Gülən belə deyir: tənbəllik və tənpərvərlik hər cür zillət və məhrumiyyətin əsas səbəblərindən olduğu üçün, özlərini rahatlığın qucağına atan ölü mənəviyyatlı insanlar bir gün zəruri ehtiyaclarının da başqaları tərəfindən ödənilməsini gözləmə kimi zillətə düçar olacaqlar. Onun fikrincə, bu rahatlıq düşkünlüyünə ifrat şəkildə bağlılıq, yəni evə düşkünlük də əlavə edilsə, artıq haqq və həqiqət adına xidmət xəttinin tərk edilməsi də qaçılmaz olur.
Haqq və həqiqət yolunda xidmət xəttini tərk edənlər də günahkarlıq duyğusu ilə özlərini müdafiəyə və xidmət edən dostlarını isə fərqli bəhanələrlə tənqid etməyə çalışırlar. Əzmkarlıq, iradə və cəhdləri iflic olmuş bu cür insanların ətraflarındakı insanların cəsarət və mənəviyyatına əsaslı mənfi təsirləri müşahidə edilir. Belələri öz xəta və qüsurlarını səmimiyyətlə etiraf edib düşdükləri bu çuxurdan çıxmadan qətiyyən özlərinə gələ bilməzlər. (Ölçü veya Yoldakı Işıklar, 223-225)
d. Ziddiyyətlər
Fəthullah Gülən sağlam bir aksiyonu iflic edən rahatlığa düşkünlük, eqoizm, şöhrət və mövqe düşkünlüyü kimi “xəstəliklərə” diqqət çəkdikdən sonra, düşüncə məkiyini paradoksal şəkildə aksiyon və insanın kamilliyi yolunda mənfi və müsbət qütblər arasında toxuyur və bunları bildirir:
“Duyğu və düşüncədə saflaşıb əslinə qovuşmağı, insani qabiliyyətlərini inkişaf etdirib ruhaniləşməyi, nuraniləşməyi fikirləşirsən; cismani zövqlərindən uzaqlaşmadan, nəfsani arzulara üsyan etmədən bu necə olacaq?!
Könül həyatında “Tövhid”ə çatmağı və ruhani zövqlərlə ömrünü başa vurmağı arzulayırsan; içində min bir çirkin duyğu varkən və hər dəfə də cismani ləzzətlərə “Bəli” deyərkən necə olacaq!?
Qanadlanıb pərvaz etmənin, yüksəlib səma fövqü aləmlərə varmanın xəyalındasan; bir uşaq kimi bu dünyanın palçığına bağlı qalmaqla necə olacaq?!
Üfüqündə həmişə yeni şəfəqlərin açılmasını gözləyirsən; ali ideallarla könlünü doldurmadan, kükrəyib keçmiş yerini almadan və bir avaz olub dünyanın bağrında yayılmadan bu necə olacaq?!
Əsrlərdən bəri üst-üstə yığılmış problemlərə çarə tapmaq istəyirsən; əzm deyib, ümid deyib o yolda illərlə, əsrlərlə gözləməyə niyyətin olmasa, bu necə olacaq?!
Könlüncə varlığa qovuşmaq və duyğu dünyanla həyatdan kam almaq həsrəti ilə qovrulursan; gün batana qədər orucunu pozmadan bu ruhu davam etdirməzsən, necə olacaq ki..!
Özünü kamil və qüsursuz görür və hamının da bunu belə bilməsini istəyirsən; hər gün belində min günah, cəmiyyət içində və davranışlarındakı ziqzaqlarla necə olacaq ki..! (Ölçü veya Yoldakı Işıklar, 217-218)
- tarixində yaradılmışdır.