Fəthullah Gülənin İslam anlayışı ilə ideoloji İslam anlayışının müqayisəsi
A. İman
İslam, şübhəsiz, həyatın içində olan və onu əhatə edən bir dindir və əlbəttə, sosial, iqtisadi və idari yönləri də vardır. Bundan başqa, 14 əsrlik tarixində böyük mədəniyyət və dövlətlərin dini olmuşdur. Xüsusilə, Peyğəmbər Əfəndimizin risaləti, Mədinə dövründə və ardınca da Dörd Böyük Xəlifə zamanında həyatın bütün sahələrinə bir bütöv halında hökm etməklə yanaşı, bundan sonrakı dövrlərdə bir iş bölgüsü yaşanmışdır. Allah Rəsulunun (s.ə.s.) “Bəqərə” surəsinin 151-ci ayəsinə əsaslanaraq (Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik) daha əvvəl qeyd edilən vəzifələrindən Quranı və ayələrini insanlara öyrətmə funksiyasını alimlər və təbiət elmlərinin mütəxəssisləri, insanların isə mənəvi tərbiyə işini mənəvi cərəyanlar götürmüşdür. Bu çərçivədə alimlərin və mənəvi liderlərin özlərini daha çox elmə, ya da insanların mənəvi cəhətdən kamilləşdirilməsinə həsr etdiklərini, İslam dininin qorunması və insanların səadəti naminə idarəçilərə xəbərdarlıq, nəsihət və tövsiyə etdiklərini görürük. Bu cəhətə diqqəti çəkən Bədiüzzaman, xəlifəliyin niyə Əhli-Beytdə qalmadığını izah etmək çox əhəmiyyətli olan belə bir şərh verir:
“Dünya səltənəti aldadıcıdır. Əhli-Beyt isə İslami həqiqətləri və Quranın hökmlərini mühafizə etməklə üçün vəzifələndirmişdi... Dünyəvi səltənət Əhli-Beytə yaraşmaz, əsl vəzifələri olan dini qorumağı və İslama xidməti onlara unutdurar. Halbuki, səltənəti tərk etdikləri vaxt parlaq və yüksək bir şəkildə İslamiyyətə və Qurana xidmət etmişlər.
Buyur, bax! Həzrəti Həsənin nəslindən gələn mənəviyyat böyükləri, əsasən də, Aqtabı- Ərbəə sayılan dörd böyük İslam qütbü və xüsusilə, Qavsı-Azam olan Şeyx Əbdulqadir Geylani və Həzrəti Hüseynin nəslindən gələn imamlar, xüsusilə, hər biri mənəvi Mehdi hesab edilən Zeynəlabdın və Cəfəri-Sadiq Həzrətləri mənəvi zülmü və qaranlığı dağıdıb Quranın nurlarını və imanın həqiqətlərini yaymış, şərəfli babaları olan Rəsulullahın layiqli varisləri olduqlarını göstərmişlər.” (“Mektubat”, 100)
İslama ilk olaraq dövlət və siyasət prizmasından baxanların yanlış anlaya biləcəyi bu cəhət olduqca əhəmiyyətlidir. Siyasət və ideologiya təməlli olmaqla zehni və ruhi-mənəvi cəhətdən qidalanmağa, ibadətdə dərinliyə, ilahi mərifət və eşqə lazımi ölçüdə dəyər verməyən hərəkatlar, cərəyanlar İslami saflığı qorumaqda çətinlik çəkəcəyi kimi, maddi, siyasi və hərbi fəthlər, əgər elm və mənəvi hərəkatlarla dəstəklənib əvvəlcə qəlblərə və ruhlara, sonra da bir mədəniyyət halında torpağa nəqş olunmazsa, əsla uzunömürlü ola bilməz. Çingiz və İsgəndərin hərbi uğurları buna ən bariz nümunədir. Bunun əksinə, Səhabə dövründə həyata keçirilən fəthlər, Səhabə, onlardan sonrakı ilk nəsil (Tabiun) və daha sonrakı nəsil (Təbeyi-Tabiun) dövründə bəşəriyyət tarixinin bənzərsiz elm və mədəniyyət hərəkatı ilə dəstəklənmiş, inkişaf etdirilmiş və bu hərəkatlarla İslam, fəth edilən yerlərdə kök atmış və tarixin, bəlkə də, ən möhtəşəm mədəniyyətinə həyat bəxş etmişdir. Bu baxımdan, İslamın yayılmasında, qorunmasında və İslama xidmətdə dövlətin və qüvvətin rolu, ümümiyyətlə, arxa planda qaldığı bir vaxtda, hətta zərurət olmadıqca, qüvvətə müraciət etmək müsbət qarşılanmadığı halda, elmi və mənəvi fəth həmişə ön planda gəldiyi kimi, bu yolla aparılan xidmətlər də həmişə təsirli və davamlı olmuşdur. İslam tarixi boyunca bütün böyük alimlər, mənəviyyat liderləri həmişə bu yolu seçmiş, siyasətlə birbaşa məşğul olmamış, daha çox “Bir tayfa özünü, içindəkini (nəfsini) dəyişdirmədikcə Allah da onların vəziyyətlərini dəyişdirməz” (Rad, 13/11) Quran düsturundan və “Siz necə isəniz, eləcə də idarə olunursunuz” (Əl-Hindi,6/89) Peyğəmbər prinsipindən yola çıxaraq insanları zehin, iman, ibadət və əxlaqi yöndə kamilləşməyə çağırmış və kamilləşdirməyə çalışmışlar.
C. Mövzunun Başqa Bir Əhəmiyyətli Doktrinar Cəhəti
Mövzunun, xüsusilə, dövrümüzlə bağlı çox önəmli başqa bir doktrinar tərəfi də vardır.
Bədr müharibəsinin ardınca Allah Rəsulu (s.ə.s.) əsirlərlə necə davranılmasını Səhabələri ilə müzakirə edir. Həzrəti Əbu Bəkr (r.a.): “Ya Rəsulullah, bunlar tayfanın böyükləridir. Hər nə qədər Sizə və İslama böyük ziyan vermiş olsalar da, əgər onları bağışlasaq, həm onların, həm də Məkkəlilərin qəlblərini fəth etmiş olarıq“, – deyir. Həzrəti Ömər (r.a.) isə:“ Ey Allahın Rəsulu, bunlar tayfanın böyükləridir. Əgər bunları öldürsək, başqaları müşriklərə qarşı qəlbimizdə mərhəmət olmadığını hesab edər və bir də qarşımıza çıxmağa cəsarət etməz,”, – şəklində fikir söyləyir. Allah Rəsulu (s.ə.s.) Həzrəti Əbu Bəkrin fikrini qəbul edir və belə buyurur:
“Ey Əbu Bəkr, sən İbrahim kimisən. O, Allaha üsyankar tayfası haqqında belə dua etmişdi: “Kim mənə tabe olar, mənim yolumıa gedərsə, o məndəndir; kim də mənə qarşı gələrsə, ya Rəbb, şübhəsiz, Sən günahları çox bağışlayan və mərhəməti bol olansan”(İbrahim, 14 /36). Bundan başqa, sən həm də İsa kimisən, o da belə dua eləmişdi: ”Ya Rəbb, əgər (Səndən başqa məni və anamı da tanrı qəbul edənləri) cəzalandırsan, nə deyim, onlar Sənin qullarındır. Yox, əgər onları bağışlasan, şübhəsiz, Sən yenilməz qüvvət və hikmət sahibisən (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən) (Maidə, 5/ 118).
Peyğəmbərimiz (s.ə.s.) sonra üzünü Həzrəti Ömərə çevirib belə deyir:
“Ey Ömər, sən isə Nuh kimisən. O, (950 il inanmamaqda və pis əməllərində israrlı olan tayfası haqqında) belə dua etmişdi: “Ya Rəbb, dünyada heç bir kafiri yaşatma; əgər yaşatsan, onlar da yenə kafir dünyaya gətirər” (Nuh, 71/ 26). Sən, eyni zamanda, Musa kimisən. O da (Firon və aristokratiyası haqqında) belə dua etmişdi: “Ya Rəbb, onların mallarını məhv elə və qəlblərini sıx, çünki onlar belə canyaxıcı əzabı görmədikcə inanmazlar” (Yunus, 10/88)(Ahmed İbn Hanbel,”Müsned”, 1/ 383).
Bu əhəmiyyətli hadisə İslam üçün çox önəmli bir həqiqəti ortaya qoyur. Belə ki:
Peyğəmbər Əfəndimizin missiyası, daşıdığı vəzifə və dövrü bütün əvvəlki peyğəmbərlərin və peyğəmbər olmasalar da oxşar vəzifə daşıyan böyük şəxslərin missiyalarının bir meyvəsi, yekun nəticəsi, özündən sonra müxtəlif zamanlarda, fərqli şəraitdə icra ediləcək təbliğ fəaliyyətlərinin də çəyirdəyi hökmündədir. Yəni Allah Rəsulunun missiyasında ən azı Quranda adı çəkilən bütün Peyğəmbərlərin və Peyğəmbər olmayıb oxşar vəzifələri yerinə yetirən insanların missiyalarını müəyyən səviyyədə görmək mümkündür. Bunların hər biri Onun təmsil etdiyi bütöv İslami təbliğin bir tərəfini təşkil edir. Eyni şəkildə, Peyğəmbər Əfəndimizdən (s.ə.s.) sonrakı təbliğ fəaliyyətləri və bu məqsədlə gələcək şəxslərin və topluluqların fəaliyyətləri də əvvəlki missiyaların birini və ya bir neçəsini, yəni İslami təbliğin bir və ya bir neçə yönünü təmsil edə bilər.
Allah Rəsulundan (s.ə.s.) əvvəlki peyğəmbərlərin vəzifələri bir və ya bir neçə müəyyən qövm (xalq) ilə, ən azı müəyyən bir zamanla məhdud olduğuna görə, həmin peyğəmbərlərin xarakterini də bir tərəfdən vəzifələri müəyyənləşdirir və bu missiya və xarakterlərdən ən əhəmiyyətli və əhatəli ikisindən birini Həzrəti Nuh və Həzrəti Musa, digərini Həzrəti İbrahim və Həzrəti İsa (Allahın salamı hamısının üzərinə olsun) təmsil edirdi. Həzrəti Nuh və Həzərti Musanın missiya və xarakterində yerinə, zamanına, şərtlərə və müxatəblərinə görə bir az sərt davranış ön planda göründüyü halda, Həzrəti İbrahim və Həzrəti İsanın missiya və xarakterində isə şəfqət, mərhəmət, əfv və həlimlik önə çıxırdı. Bu hər iki davranış şəklində əsas məqsəd, şübhəsiz, insanları tərbiyə etmək və insani kamilliyə yüksəltmək idi.
Həzrəti Nuhun tayfası inkarda və pis əməllərdə elə dirəşdilər ki, onlar 950 illik təbliğə müsbət yanaşmadılar və özlərini müsbət yöndə dəyişdirməyə cəhd göstərmədilər (“Nuh” surəsi, 71). Firon və oliqarxiyası da eyni aqibəti yaşadı. Allah müxtəlif vaxtlarda fəlakət, tufan göndərmək, çəyirtkə və qurbağa yağdırmaq kimi bəlalarla daim onları qəflət girdabından oyatmaq istəmiş, onlar isə hər dəfə Həzrəti Musaya müraciət edib göndərilmiş əzabların aradan qalxması müqabilində inanacaqlarına söz vermələrinə baxmayaraq, inkarda və İsrail oğullarına azadlıq verməməkdə inadkarlıq etmişdilər (Əraf, 7/133-135). Allahın Dinində həmişə təməl əsas rəhmət, mərhəmət, şəfqət və əfv olmaqla birlikdə, nə Həzrəti Nuhun, nə də Həzrəti Musanın qövmünün iman gətirməsi və pis, şər işlərdən əl çəkməsi mümkün görünmədiyi üçün onlar haqqında ediləcək dua ancaq Həzrəti Nuhun və Həzrəti Musanın duası kimi olmalı idi və onlar da o şəkildə dua etdilər.
Bəli, Allahın dinində hər zaman əsas prinsip rəhmət, mərhəmət, şəfqət və əfv olmuşdur; xüsusilə, dinin çəyirdəyi hökmündə olan “Bəsmələdə” (yəni, Bismilləhirrahmənirrahim) Allahı bütün adlarından öncə Rəhman və Rəhim olaraq bizə təqdim edən İslamın ən önəmli və əsl meyarı budur və bunu əvvəlki Peyğəmbərlər içərisində ən gözəl təmsil edən iki Peyğəmbər – Həzrəti İbrahim və Həzrəti İsa, onlardan daha gözəl təmsil edən isə bütün varlıqlara rəhmət olaraq göndərilən Həzrəti Məhəmməd (s.ə.s.) olmuşdur. Fəthullah Gülən axır zaman deyilən indiki dövrdə mədəniyyət müəyyən qədər ümümiləşdiyi üçün və şübhəsiz, riayət edənləri də olmaqla, ən azından nəzəriyyədə də olsa, azadlıqlar, insan haqları, tolerantlıq, insana hörmət kimi mədəni dəyərlər ön plana çıxdığına görə, artıq insanlarla münasibətin inandırma (ikna etmək), yəni dialoq və qarşılıqlı xoş münasibətlər müstəvisində olması, başqa ifadə ilə, İslamın və ya Məhəmmədi ruhun İbrahimi və İsəvi, yəni bu peyğəmbərlərlə təmsil edilən tərəfin ön plana çıxarılması düşüncəsini mənimsəmişdir. Dinin kökündən və ruhundan uzaqlaşdırılıb mərasimlər yığını halına gətirildiyi, fərdi şəkildə belə yaşanmadığı, tamamilə maddəyə və dünya mənfəətinə yönəlmə nəticəsində maddi-dünyəvi mənfəətlərə alət edildiyi, xüsusilə, Kitabı qorumalı olan alimlərin yolundan sapdığı və Müqəddəs Kitabın hökmlərini kefinə görə şərh və tətbiqatlarla dəyişdirdiyi, az bir qiymət qarşılığında dəyişməyə adət edib dolanışıq mənbəyinə (Matta İncili, 23/2-8, 13-15, 16, 23-26,27, 29, 31) çevirdiyi bir vaxtda gəlib, missiyasında dini yaşamada həssaslıq, mərhəmət, şəfqət, humanizm və insanlarla yaxşı keçinmənin ön planda göründüyü Həzrəti İsanın bu sözləri mövzunu anlamağımız baxımından çox əhəmiyyətlidir:
Eşitdiniz ki, keçmiş zamanın adamlarına deyildi: “Öldürməyəcəksən” və: “Kim qətl törədərsə, cəzasını çəkəcəkdir”. Lakin mən sizə deyirəm: Qardaşına əsəbiləşən hər bir adam hökmə tabe tutulacaq... “Zina etməyəcəksən” deyildiyini eşitdiniz. Lakin mən deyirəm: Hər hansı bir qadına ehtirasla baxan adam, onsuz da, qəlbində onunla zina etmişdir. Əgər sağ gözün sənin yoldan çıxmağına səbəb olursa, onu çıxar və at, çünki sənin üçün bədən üzvlərindən birinin yox olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır...Səndən diləyənə ver, səndən borc istəyəndən üz çevirmə...Düşmənlərinizi sevin və sizə əzab verənlərə dua edin. Əgər sizi sevənləri sevsəniz, nə əldə edərsiniz?..Sədəqə verərkən sol əlin sağ əlinin nə etdiyini bilməsin...Dua etdiyin vaxt öz daxili otağına gir və qapını bağlayaraq dua et...Hökm etməyin ki, hökm edilməyəsiniz. Çünki hansı hökmlə hökm etsəniz, onunla da hökm olunacaqsınız, ölçdüyünüz ölçü ilə sizi ölçəcəklər. Və niyə qardaşının gözündəki çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən (Matta, 5/21-22, 27-29, 38-39, 42, 44, 46; 7/1-3; 18/ 8-9).
Ən azından XIX və XX əsrlərin əvvəllərində dünya tamamilə maddiyyata istiqamətlənmişdi və din hər tərəfdən hücumlara məruz qalırdı. Əvvəlki cəmiyyətlərdə şirk və inkar daha çox cahillik və inadkarlıqdan qaynaqlanırdısa, XIX əsrdə rasionalist və pozitivist əsaslı elmdən qaynaqlanan bəşəri təkəbbürün meydana gətirdiyi bir inkar fırtınası hər tərəfi çulğalamışdı. Avropada təbiət elmlərinin yüksək səviyyədə inkişafı və bu inkişaf müddətində bir tərəfdən Kilsə ilə münaqişənin, digər tərəfdən də İncillə qane olmamanın nəticəsində insan ağlına ilahi vəhyin üstündə bir mövqe verilir, hətta ilahi vəhy ya inkar edilir, ya da əhatə dairəsi olduqca daraldılırdı. Tarixdə bənzəri görünməmiş bu inkar tufanı qəlblərdə, zehinlərdə, fərd və cəmiyyət həyatında qocalmış (boyası pozulmuş) Müsəlmanlıq binasını da bərk-bərk silkələyirdi. Dünyanı məhz belə bir atmosfer içində tanıyan Fəthullah Gülənə görə zaman bu dəfə cahillikdən, savadsızlıqdan deyil, elmdən və fəlsəfədən qaynaqlanan inkara qarşı elmlə dəstəklənən inanc, düşüncə və materializm qarşısında mənəviyyat mücadiləsi aparmaq zamanı idi. O, İslama yanaşmasını məhz bu perspektiv üzərində qurmuş və dinin ruhuna, əsl mənasına, mənəvi və əxlaqi dəyərlərinə yönəlmişdir. Onun fikrincə, dövrümüz İslamın, Məhəmmədi düşüncənin Musəvi deyil, İsəvi tərəfinin ön plana çıxarılmasını tələb edən bir dövrdür. Belə ki, hədisi-şəriflərdə bildirildiyi kimi, axırzamanda Həzrəti İsanın enməsi və Məsihliyin nəzərə çatdırılması da bunu açıq şəkildə göstərir. Amma təəssüf ki, bir yandan İslam adına ideoloji və siyasi istiqamət seçənlər Fəthullah Güləni bu yanaşmasına görə müəyyən qədər İslami prinsipləri güzəştə getməkdə günahlandırır, digər tərəfdən Türkiyədə rejim mövzusunda həssaslıq göstərən bəzi dairələr və dünyəviliyi belə dinə yanaşmanın təməlinə yerləşdirənlər onun əsl məqsədini gizlətdiyini və əslində teokratik (dini) bir dövlət qurmaq niyyətində olduğunu iddia edirlər. Həqiqət isə, iki tərəfin də onu yanlış anlayıb yanlış dəyərləndirməsidir. Bu, sadəcə situativ deyil, eyni zamanda doktrinar (praqmatik) yanlışlıqdır.
D. Təşkilat, və ya Partiya İdeologiyaları və İslam
İslama ideoloji-siyasi yanaşma bir çox yerdə İslami xidmətləri ya partiya, ya təşkilat və ya elit fəaliyyətlər səviyyəsinə endirmişdir. Halbuki, İslam dini heç vaxt hər hansı bir partiya, təşkilat və ya qrup tərəfindən təmsil edilə bilməz və bu növ hər hansı bir qurumun İslamı özlüyündə təmsil iddiasında olması doğru deyildir. Digər tərəfdən, belə davranış və yanaşmaların ümumbəşəri və hamıya xitab edən İslamın bir təşkilat, qrup və ya partiya ideologiyası olaraq anlaşılmasına, həmçinin müsəlmanlar arasında da İslama zidd parçalanmalara səbəb olacağı açıq-aydındır. İslam naminə kütlələrə partiya və ya təşkilat bayrağı altında xitab etmək müsəlmanların partiya və təşkilatlar halında parçalanmasına səbəb olacağı kimi, çoxlarını da İslamın dünyəvi-siyasi məqsədlər üçün istismar edilməsi düşüncəsinə aparacaq, bütün bunlardan əlavə, İslamın məfhum və ideallarının başqa-başqa yollarla təqdim edilməsinin nəticəsi olaraq həm İslamın başqa sistem, düşüncə və inanc ölçüləri ilə eyniləşdirilməsinə, və ya onlara yaxın qəbul edilməsinə, həm də təqiyyə (haqlı olduğunu sübut etmək, vəziyyətdən çıxmaq üçün əl atılan vasitələr) edildiyi şübhələrinə səbəb olacaqdır. Baxmayaraq ki, istənilən halda İslama düşmən münasibət bəsləyən dairələr müsəlmanların ən səmimi sözlərini və davranışlarını belə təqiyyə kimi anlayıb, onları bunda günahlandırsalar da, bizim vəzifəmiz İslamı ləkələməkdən ciddi-cəhdlə uzaq olmaqdır.
Fəthullah Gülənin İslama yanaşmasında təşkilat və ya partiyaya, partiyalaşmağa yer olmadığı kimi, siyasətdən və həyata keçirilən xidmətlərin siyasi və ya başqa dünyəvi məqsədlərə alət edildiyi təəssüratını oyatmaqdan uzaq olmaq da əsasdır. O, bunu bir çox məqalələrində, sözlərində və verdiyi müsahibələrdə ifadə etmişdir. Məsələn:
“Din öz-özlüyündə nə qədər müqəddəs olsa da, onu müqəddəs qəbul etmənin bir göstəricisi də onu dünyəvi heç bir şeyə, maddi-mənəvi hər hansı qazanc növünə alət etməməkdir. Elə isə, dinin siyasiləşdirilməsi, imanın müqəddəs bir mənbə kimi bəzi siyasi mülahizələrə əsas göstərilməsi, məsələlərə o prizmadan baxaraq öz şərhlərimiz, öz idarə anlayışlarımıza müqəddəslik qazandırmaq, onları müqəddəs hesab etmək dini təhqir edəcək bir durum ola bilər. İkincisi, siyasi düşüncələrimizi, fikirlərimizi, mülahizələrimizi, partiya anlayışımızı dinə bina etdiyimiz zaman, bizim əskikliklərimiz, qüsurlarımız bir yönü ilə dində əks olunar, bu da bizə qarşı, dolayısilə dinə qarşı reaksiya oyanmasına səbəb olar. Din həqiqəti elə təmsil edilməlidir ki, o, bütün siyasi mülahizələrin üzərində, fövqündə olsun. Halbuki, din siyasiləşdirildiyi, “Onu biz təmsil edirik”, – deyildiyi zaman başqalarını adətən işlərin kənarında görmüş oluruq. Dinə sahib çıxmaq kimi görünsə belə, davranışlarımızla dinə kölgə saldığımıza, onu qaraltdığımıza və bizə duyulan nifrətdən dinə də pay düşdüyünə görə elə zənn edirəm ki, dini siyasi oyunlarına alət edənlər ona böyük pislik etmiş olurlar. (Fəthullah Gülən ilə Canlı Yayımda Gündəm, 30-32)
E. Antitezisçiliyə Qarşı Tezisçilik
İslama siyasi-ideoloji çərçivədən yanaşanlar ona mövcud şəraitin, “bazarda dəbdə olan malın”, mövcud və hakim düşüncə sistemlərinin və ideologiyaların pəncərəsindən baxmaqdan və buna görə də, bir-birindən fərqli İslam təqdimatlarından qurtula bilməmişlər. Buna əlavə olaraq, çox vaxt da üzrxahlıq məqsədi ilə İslamı mövcud düşüncə sistemləri və ideologoyalarla uzlaşdırma yoluna əl atmış və beləliklə də, İslamı özünəxas halı ilə təqdim edə bilməyib, hər dövrdə fərqli bir İslam imici meydana gətirmişlər. Məsələn: XIX əsrin sonları və XX əsrin birinci yarısında İslamın liberalizmlə, kapitalizmlə və bunların əsaslandığı dəyərlərlə eyniləşdirilməsinə cəhd göstərilmiş, II Dünya Müharibəsindən sonra sosializm və kommunizm ideyalarının, əsasən, Üçüncü Dünya ölkələrində və eyni zamanda İslam dünyasında geniş yayılması ilə bu dəfə İslamın adı sosializmlə birlikdə hallanmağa başlanmışdı.
Dövrümüzdə isə İslam qloballaşma və onunla birlikdə meydana çıxarılan dəyişmə, liberalizm, çoxmədəniyyətlilik kimi anlayışlarla müəyyən mənada eyniləşdirilərək nəzərdən keçirilir. Bu şəkildə hər bir dövrdə fərqli bir İslamla insanların qarşısına çıxılır və başqalarının formalaşdırdığı gündəm və çəkdiyi dairə ətrafında İslam adına şərhlər vermə halları İslami bir davranış kimi təqdim edilir və beləliklə, İslam sanki bir əks-təsir fəlsəfəsi və ya ideologiyası halına gətirilir.
Siyasi-ideoloji İslam anlayışına əsaslanan cərəyanlar təbiətləri etibarilə əks reaksiyalarla qarşılanmaqdan qurtula bilmir və hər dəfəki məğlubliyyətin nəticəsi olaraq həm parçalanır, həm də insanların zehnində İslamın, ən azından onun bəzi qaydalarının kifayətsizliyi kimi düşüncələrin yaranmasına səbəb olur. Bunun əksinə, Fəthullah Gülən İslamı bir din olaraq və onun təməl, dəyişilməz prinsipləri çərçivəsində qəbul etdiyi üçün İslama baxışı və onu təqdimində hər hansı bir ziddiyyət yaşamaq məcburiyyətində qalmır.
F. Allah Mərifəti və Məhəbbəti
Din məhəbbətdir, təməlində məhəbbət dayanır. Məhəbbət kainatın varlıq səbəbidir; kainatın həm bağıdır, həm nurudur, həm həyatıdır. İnsan kainat ağacının çəyirdəyi, bütün xüsusiyyətlərini özündə toplayan meyvəsi olmaqla yanaşı, kainatı saran bir məhəbbət bu meyvənin (insanın) qəlbinə yerləşdirilmişdir. Qopub gəldiyi, başqa sözlə, özünə layiq bir vəzifə və funksiya ilə göndərildiyi bu dünyada əsl vətəninin həsrəti və Göndərənin (Rəbbinin) məhəbbəti içində qəfəsdə çırpınan bir quş kimidir o. Qəlbinə belə sonsuz məhəbbət yerləşdirilən insan bu məhəbbətin hədəfinin sonsuz bir kamal və camal sahibi olduğu halda, sui-istifadə ilə qüruba məhkum, müvəqqəti, fani şeyləri sevər, nəticədə belə bir məhəbbət onun üçün başıbəlalı müsibətə çevrilər. Qəhqəhələri ətrafı bürüsə də, bu qəhqəhələr əbədiyyət eşqindən gələn iniltilərin əks olunmasından başqa bir şey deyildir, dünyada ən çox gülən insan əslində ən çox əzab çəkən insandır. Elə insanı bu əzabdan xilas edəcək, onu əsl Sahibindən, Rəbbindən uzaqlaşdırıb saxta tanrılara yönəldən faktorları yox edəcək ən böyük faktor, məhəbbətin həqiqi hədəfinə yönəldilməsidir. Məhəbbət nəfsi təmizləyən, insana şərəf, güc və cəsarət bəxş edən, daşı qızıl edən bir iksirdir; insanın çox susadığı zaman susuzluğunu yatıran bir abi-həyatdır. İnsan Allaha olan məhəbbəti ölçüsündə Onun yolunda yürüyə bilər; Ona olan məhəbbəti nisbətində məşəqqətlərə, sıxıntılara qatlana bilər; Onun məhəbbəti ilə dünya həyatının yerinə axirəti, cənnəti və Allahın Gözəlliyini (Camalullahı) seçə bilər; həqiqi imanın, əqli bir qəbuldan ehsan (ehsan-qulun Allahı görürmüş və ya Onun tərəfindən görülürmüş kimi davranması inanması) olmağa yüksəlmiş imanın göstəricisi məhəbbət və bu məhəbbəti qazandıran da ancaq və ancaq mərifətdir; Allahı layiq olduğu şəkildə tanımaqdır. Həqiqət bu ikən, İslam dünyasında ideoloji-siyasi əsaslı İslami cərəyanların əksəriyyəti Allah mərifəti və məhəbbətinə və bunu öyrənməyə lazımi əhəmiyyət verməmiş, hətta bu mərifət və məhəbbətin öyrədildiyi “məktəblərə” qarşı çıxma xətasını işləmişlər.
Bu isə, İslam məhəbbət və coşğun hiss halı ilə, eyni zamanda, elmi əsaslı imana və bu imanın nurunu əks etdirən ağıla, məntiqə dayanan və qəlbləri ölməkdən və korluqdan qurtaran bir din ikən, onun rasional bir fəlsəfə, və ya bir ideologiya, bir iqtisadi-siyasi sistemə çevrilməsinə yol açmış və həyatımızın hər bir sahəsinə bütünlüklə tətbiq olunmamasının əsas səbəbi olmuşdur. Təbii ki, bu hökmü İslama siyasi-ideoloji prizmadan yanaşan hər kəsə və hər hərəkata şamil etmək mümkün olmasa da, bu yanaşma çox vaxt və çox yerdə belə mənfi nəticələr də doğurmuşdur. Halbuki, Fəthullah Gülənin İslama yanaşmasında Allah mərifəti və məhəbbəti üzərində təmsil edilən islami düşüncənin çox əhəmiyyətli yeri vardır. Onun neçə ildir səbrlə və çox böyük diqqətlə yazdığı “Qəlbin Zümrüd Təpələri” sanki zamanəmizin və gələcəyin mərifət məktəbidir.
- tarixində yaradılmışdır.