Giriş
2004-cü ilin dekabr ayında Texas ştatının Hyuston şəhərində yerləşən Dinlərarası Dialoq İnstitutunun (DDİ) qonağı kimi Türkiyədə 10 günlük səfərdə oldum. Texas, Oklahoma və Kanzasdan professorlar, din adamları və camaat liderlərindən ibarət təxminən 20 nəfərlik bir heyət idik. Heç birimiz əvvəllər Türkiyəni görməmişdik və həqiqətən də, nə ilə qarşılaşacağımızı bilmirdik. Məktəbdə, kilsədə və ya başqa bir yerdə olarkən bir neçə türkiyəli gənc bu heyətin üzvlərinə yaxınlaşıb onları Türkiyədə təşkil etdikləri mədəniyyətlərarası dialoq səyahətinə dəvət etmişdilər. Bəzimiz bu türk gənclərin qonağı olmuşduq, yaxud da DDİ-nin Ramazan boyu təşkil etdiyi iftarlarda iştirak etmiş və bu gənclərin bir qismini tanımaq fürsəti əldə etmişdik. Hamımız bu gənclərin, onların həyat yoldaşlarının və təşkilatlarının etibarına güvənərək dəvəti qəbul etmişdik.
Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: DDİ-nin qurucuları və könüllüləri, eləcə də həm ABŞ, həm də Türkiyədəki səyahətlərimiz zamanı bizə kömək edənlər Fəthullah Gülən adlı bir türk-İslam aliminin fikirlərindən ilham alan çoxmillətli bir hərəkata mənsub imişlər. Bunu səyahətimin başında bilmirdim, qısa müddət sonra öyrəndim.
Gülənin vəz və konfransları Türkiyənin hər tərəfinə yayılmışdı və 1958-ci ildə Türkiyənin cənub-qərbində yerləşən İzmir şəhərinə rəsmi vaiz[1] təyin olunmasından xeyli vaxt keçmişdi. İzmirdə Gülən hərəkatına könül verən adamların qurduğu məktəbləri, bir xəstəxananı və bir dinlərarası dialoq mərkəzini ziyarət etdik. Türk ailələrinin qonağı olduq və fürsət düşdükcə ev sahiblərindən Gülənin fikirlərindən necə xəbərdar olduqlarını və xüsusilə, nədən ilham alıb hərəkata qoşulduqlarını soruşdum. Hamısı da mahiyyətcə eyni cavabı verdi; Gülənin vaizliyə başladığı illərdə İzmirdə yaşayanlar, yəni indiki yaşlılar onun təhsil və xeyriyyəçilik fikirlərini təqdirlə qarşılamış və bu ideyalara inanmışdılar. Uşaqları məktəbdə oxuyan gənc ailələr isə hərəkatı yaxınlıqda yerləşən, mükəmməl təhsili ilə ad qazanmış məktəblər vasitəsilə tanımış, təhsil və dinlərarası dialoq yolu ilə cahanşümul sülh və tərəqqi dünyagörüşünü mənimsəmişdilər. Bir neçəsi isə Gülən hərəkatı könüllülərinin açdığı məktəblərdə təhsil almışdı və indi həmin məktəblərə və digər dinlərarası dialoq fəaliyyətlərinə sponsor kimi müxtəlif formalarda dəstək verirdilər. Onların hər biri Gülənin ideya, çağırış və dünyagörüşündən dərindən təsirlənmiş və özünü bu məfkurənin dünyaya yayılmasına həsr etmişdi.
Türkiyədən Hyustona – DDİ-nin mərkəzinə qayıdandan sonra bu qurumla əlaqələrim gücləndi. İşlədiyim Rays Universitetinin Dini Tolerantlığın Araşdırılması və İnkişafı Mərkəzi 2005-ci ilin noyabr ayında Gülənin fikirləri və hərəkatı mövzusunda bir konfransa ev sahibliyi etdi. Konfransa Amerika, Avropa və Orta Asiyadan bir çox elm adamı qatıldı. Bundan başqa, bir silsilə layihə, konfrans və seminarlarda DDİ ilə birgə işlədik. Türkiyəyə 2005-ci ilin may və 2006-cı ilin iyul ayında iki dəfə təkrar getdim və Gülən hərəkatına könül vermiş bir çox insanla tanış oldum. Bu səfərlər sayəsində Gülənin fikirlərini, eləcə də bu fikirlərin Türkiyədə insanlara və ölkəyə müsbət təsirlərini daha yaxşı anladım. Türkiyəyə ilk səfərdən başlayaraq Gülənin ingilis dilinə tərcümə edilmiş əsərlərinin çoxunu oxudum və onun fəaliyyətləri haqqında türk dostlarımla uzun-uzadı söhbət etdim. Gülənin fikirləri, müasir türk tarixi və ya təsəvvüf məsələləri üzrə mütəxəssis deyiləm. Ancaq mən dini elmlər (Avropa və Uzaq Şərq dinlərinin fəlsəfəsi), dünya dinlərinin müqayisəli araşdırılması üzrə mütəxəssis və eyni zamanda humanitar elmlər sahəsində ümumi məlumatları olan bir tədqiqatçıyam. Təxminən 15 ildir, tələbə və doktorantlara ümumi və ya “araşdırmalı” dərslər verirəm. Bu dərslər arasında müqayisəli dünya ədəbiyyatı, etika, klassik fəlsəfə, müasir siyasi fəlsəfə və eyni zamanda Qərb və Şərq tarixi, fəlsəfi, dini və ədəbi ənənələrinin “şah əsərləri” də var. Din fəlsəfəsi üzrə mütəxəssis olduğuma görə ümumi istiqamətim həm “Şərq”, həm də “Qərb” düşüncəsini ehtiva edir. Ona görə də Gülənin tərcümə edilmiş vəzləri və məqalələrini oxumağa başlayanda zehnimdə şimşəklər çaxdı. Çünki onun əsərləri ilə dünya intellektual tarixinin bəzi böyük mütəfəkkir və filosoflarının araşdırmaları arasında dərin oxşarlıqlar vardır.
Bu əsərdə məqsədim Fəthullah Gülənin fikirlərini humanitar (bəşəri) elmlər silsiləsinə daxil etməkdir. Xüsusilə, Gülənin seçilmiş məqalə, vəz və ya söhbətlərinin çap edilmiş versiyaları ilə ümumən humanitar elm sahələrindən seçilmiş mütəfəkkir, yazar, filosof və nəzəriyyəçilərin əsərləri arasında mətn dialoqu qurmağı düşünürəm. Humanitar elmlərin nümayəndələri arasından Konfutsi, Platon, İmmanuel Kant, Con Stüart Mill və Jan Pol Sartr kimi şəxsiyyətləri seçmişəm. Bu şəxsiyyətlərin spesifik fikirlərinin dəqiq elmlərdə deyil, geniş humanitar elmlər sahəsindəki mövqeyi məni Gülən də daxil olmaqla, onları humanist[2] mütəfəkkirlər kimi təqdim etməyə təşviq edir. Ancaq “humanizm”in tərifinə baxanda belə bir təsnifatın problematik qarşılanma ehtimalını da anlayıram. Bu əsərdə humanizmin mümkün olan ən geniş tərifini dini və ya teist dünyagörüşü ilə təzad təşkil etməyən bir tərifi seçdim. “Humanizm” və ya “humanist” fikirlər və düşüncə sistemləri ilə eyniləşdirilən professional filosoflar və intellektual tarixçilər Antik dövrə, yəni “İnsan hər şeyin ölçüsüdür” məşhur deyiminin müəllifi Protaqora qədər gedib çıxır. Nəinki Protaqor, eləcə də e.ə. V əsrdə əsas araşdırmalarını təbiət və kosmosun ünsürləri (hava, su, maddə və s.) haqqında suallardan həyatın mənası, insani dəyərlər, gözəl bir həyatın strukturu və ədalətli toplumun ünsürləri haqqında suallara yönəldən digər klassik yunan filosoflarının heç biri ateist deyildi. Bu yeni problemlər ümumən və geniş mənada humanizm və humanist düşüncə ilə eyniləşdirilmişdir. Buna görə də dini və ya qeyri-dini bir çox fəlsəfi cərəyan və dünyagörüşü humanist kimi xarakterizə oluna bilər.
Klassik dövrün fikirlərini yenidən canlandıran İntibah humanizmi nəzərlərini Tanrıdan insana çevirmişdir. Ancaq bu dövrün humanistləri ateist olmamaqla yanaşı, ateizmi “humanizm” anlayışının bir prinsipi kimi də təqdim etmirdilər. Əsas diqqətin insanın qabiliyyət və uğurlarına yönəldilməsini müşayiət edən və daha az “müdaxilə” edən Tanrı anlayışı Qərbdə elmi yanaşmanın, baxışların yolunu açmışdır. Bu da öz növbəsində Tanrının yaratdığı insanlara kainatın qanunlarını kəşf etmə gücü vermişdir. Əlbəttə, bu dövrün mütəfəkkirləri sözügedən elmi yanaşmaya xristian teologiyasının qanunları çərçivəsində yiyələnmişdilər və neçə əsr əvvəl tibb, astronomiya, riyaziyyat, botanika və digər elmlərə dərindən bələd olub İslami həyat tərzini mənimsəyən və həmçinin bu elm sahələrində ən yüksək nailiyyətlər qazanan müsəlman alimlərinə çox şey borcludurlar. Hər iki nümunədə də humanizm Tanrı, ya da Tanrının gücü qarşısında insan gücünün ucaldılması şəklində ortaya çıxmır. Əksinə, bəşər övladı nə vaxt Tanrının ona verdiyi qabiliyyətləri Tanrının yaratdığı kainatın sirlərini kəşf etməyə sərf edəcək və bu biliklərdən də bütün bəşəriyyətin inkişafı naminə yararlanacaq, məhz o zaman Tanrının gücünə şahidlik və bu qüdrəti təqdir edəcəkdir. Ona görə də bu cür humanizm heç vaxt Tanrıya iman etməyi və ya dini əhəmiyyətsiz saymağı qəbul etmir. Müsəlman alimlər və daha sonra da xristian alimlər bu geniş dindar humanizm modelinin başlıca təmsilçiləridir.
Əlbəttə, humanizmin digər formaları arasında tamamilə dünyəvi və ya ateist anlayışlara da rast gəlmək mümkündür. İntibahdan sonrakı dövrdə humanizm çərçivəsində, xüsusilə də, dini və ya fövqəltəbii dünyagörüşü rədd edən və hətta dinə düşmən kəsilən alt şöbələr meydana çıxdı. Dünyəvi humanizm humanizmin ateist mahiyyətli bölmələrindən biridir və onun dini görüşlərlə uzlaşdırılması qeyri-mümkündür. Gülən və ya digər dindar mütəfəkkirləri humanizmin bu dar çərçivəsində humanist adlandırmaq olmaz. Eyni şəkildə Kant, Mill və ya Konfutsini də... Bu mütəfəkkirlərin hamısından, bir qayda olaraq, humanist kimi danışılsa da, onların fikirlərindən humanizmin müxtəlif formaları kimi bəhs edilsə də, heç biri ateist deyildir. Demək ki, müasir humanizmin dar, dünyəvi, ateist mahiyyətli tərifi bu kitabda verilən funksional və əsl təriflə üst-üstə düşmür.[3]
Bu səbəbdən də kitabda daha geniş çərçivəli humanizm tərifindən istifadə edirəm. Bu tərif humanizmin uzun tarixini; insan oğlunun humanizm çərçivəsində din, fəlsəfə, ədəbiyyat, etika, sənət, memarlıq, riyaziyyat və digər elm sahələrində əldə etdiyi müstəsna nailiyyətləri, insanın dəyərini, gücünü, mövqeyini və nüfuzunu diqqət mərkəzində götürməyi və ya inancın üç böyük təkallahlı dinin əsas prinsipləri, yaxud da tarixi ilə heç bir şəkildə ziddiyyət təşkil etmədiyini müasir təkrarlarından daha yaxşı izah edir. Güləni bu fikir və anlayış çərçivəsində digər humanist mütəfəkkirlərlə eyni qrupa daxil edirəm. Çünki onun əsərləri də digər humanistlərin əsərləri kimi uzun müddətdir, həm dini, həm də qeyri-dini humanist yanaşmanın bir parçası olan insanın yaradılışı problemindən bəhs edir. Başqa sözlə, bu mütəfəkkirlər insan həqiqətinin mahiyyəti, gözəl həyat, dövlət və əxlaq mövzularında təməl məsələləri təhlil edirlər. Üstəlik, sözügedən mütəfəkkirlər bu məsələləri özlərinin ənənə və elmi-mədəni baxışları perspektivində analiz edərkən bir çox məqamda oxşar nəticələrə gəlirlər.
Burada oxşarlıqdan danışarkən “eyniliy”i nəzərdə tutmuram. Bu mütəfəkkirlər müxtəlif dövrlərdə, mədəni və milli mühitlərdə yetişiblər və fərqli dini və mənəvi ənənələrə malikdirlər. Əsərlərinin müəyyən yerlərində hətta bir-birlərini təkzib etmişlər (bu, daha çox son dövr yazarlarında nəzərə çarpır). Əgər bu mütəfəkkirlər arasında həqiqi dialoq olsaydı, bir çox məsələlərdə onların mühüm fərqləri ortaya çıxardı. Gülən öz əsərlərində Sartrı, ekzistensialistləri və digər ateistləri dəfələrlə tənqid etmişdir. Bu əsərin predmetini adı çəkilən mütəfəkkirləri bir-biri ilə deyil, yalnız Gülənlə mətni aspektdə qarşılaşdırmaqla məhdudlaşdırıram. Bir də onlar arasında böyük fərqlərdən doğacaq ciddi mübahisələri təsəvvür edin. Mill Platonun öz “ideal dövlət”ində görmək istəmədiyi azadlıq formasını müdafiə edir. Eyni şəkildə Mill, ehtimal ki, Platonun ideal dövlətini bir çox cəhətinə görə zorakı tiranlıq kimi qiymətləndirəcək. Sartrın əsəri Platon, Kant və ya Gülənin irəli sürdüyü tamamilə universal və hüdudsuz “fikirlər cənnəti” məfhumunu kəskin şəkildə rədd edir. VI əsr Çin fəlsəfəsinin nümayəndəsi Konfutsi ilə Qərb maarifçiliyi, yaxud da Kant və ya Mill kimi Maarifçilikdən sonrakı dövrün mütəfəkkirlərinin fikirləri arasında da o qədər ortaq nöqtələr yoxdur.
Bununla belə mənim marağımı olduqca fərqli dünyagörüşlərə malik insanların dialoqu cəlb edir. Üstəlik, inanıram ki, belə bir dialoq qloballaşma, kütləvi informasiya vasitələri və texnologiyanın fərdləri və qrupları bəşər tarixində görünməmiş səviyyədə bir araya gətirdiyi müasir dünyada həyati əhəmiyyət daşıyır. XXI əsrin insanları fərqli insan və qruplarla qarşılıqlı ünsiyyətə girir və onlardan əvvəlki dövrlərə nisbətən bu gün daha çox təsirlənirlər. Biz çağdaş dünyada bizim dünyagörüşümüzdən tamam fərqli düşüncə və baxışlara malik insanlarla tez-tez qarşılaşırıq. Bu insanlar arasında qonşular, iş yoldaşları, uşaqlarımızın məktəb yoldaşları, qohumlar, müştərilər, işə götürənlər və digərləri var. Çox vaxt bizdən fərqli dünyagörüşlü insanlarla ünsiyyəti minimum səviyyəyə endirərək rahat olduğumuz sərhədlərdən kənara çıxmamağı üstün tuturuq. Özümüzü təcrid edir və həyatımızı bizim kimi baxan, düşünən, danışan, inanan və ibadət edən insanların əhatəsində davam etdiririk, amma belə bir təcridetmə, və ya fərqlərin minimum səviyyəyə çatdırılması istiqamətində göstərilən cəhdlər uzunmüddətli olmur. Bu qlobal münasibətlər dünyasında dialoqun çərçivəsini təkmilləşdirməli və bizdən olduqca fərqli insanlarla ünsiyyət qurmalıyıq. Bu layihənin bir hissəsini bizi bir-birimizə yaxınlaşdıran fikirlər, qənaətlər, məqsədlər, planlar və buna bənzər vasitələrin araşdırılması təşkil edir. Eyni olmağa ehtiyac yoxdur, aramızdakı oxşarlıqları üzə çıxarmaq kifayətdir; bütün bu proses ərzində fərqli xüsusiyyətlərimizi müxtəlif vasitələrlə qorusaq da, bu həyat yolunun yolçuları olaraq müəyyən məsafəyədək əl-ələ yürüyə bilərik.
Gülən Türkiyədə dövlətin təyin etdiyi vaiz, eləcə də Türkiyə və xaricdə yaşayan insanların ilham aldığı bir alim və mürşid olaraq, dialoqu müasir dünyada zəruri şərt və fəaliyyət kimi müdafiə etdi. Ona görə də Güləni olduqca fərqli dünyagörüşə malik digər mütəfəkkir və yazarlarla “dialoq”a cəlb etmək məqbul metod sayılır. Belə bir layihə bizlərə aramızdakı bütün fərqlərə baxmayaraq, əmin-amanlıq şəraitində birgə yaşamaq üçün bir model olacaq. Daha əhəmiyyətlisi odur ki, öz dəsti-xətti ilə tanınmış şəxsiyyətlər arasında qurulan bu dialoq belə məsələlərdə ehtiyatlı davranan bizlərə həyatın vacib problemlərinə daha diqqətlə baxma imkanı verəcəkdir. İnsan həyatı özünəməxsus xüsusiyyətləri baxımından hər dövrdə fərqli olsa da, onun dərin təbiəti və bu təbiətdən qaynaqlanan mühakimə və qayğıları dəyişməz qalır. Bu gün biz də eynilə babalarımız kimi “yaradılışın mənası”, “insan həyatının dəyəri”, “cəmiyyəti necə formalaşdırmalıyıq” və “azadlığın sərhədi harada bitir” kimi məsələlərdə eyni sualları veririk. Ümid edirəm ki, Gülənlə digər mütəfəkkirlər arasında yuxarıda sadalanan qarşılıqlı təsir praktikası bizlərə gələcəyin təminatçıları olaraq özümüzü, cəmiyyəti və dünyanı mümkün olan ən yüksək və ən yaxşı ideallar əsasında qurmaq vəzifəmizə daha ciddi yanaşmanın yolunu açacaqdır.
Gülən və digər mütəfəkkirlər arasında dialoqları insan həyatının mərkəzi problem və qayğılarını əhatə edən beş əsas mövzu ətrafında birləşdirdim. Həmin mövzular bunlardır: 1. Fitri insani dəyər və əxlaqi ləyaqət; 2. Azadlıq; 3. İdeal insanlıq; 4. Təhsil; 5. Məsuliyyət. Qədim, və ya müasir dövrdə, Avropa, Asiya, yaxud da Afrikada yaşamasından, dini, ya da dünyəvi (sekulyar) dünyagörüşündən asılı olmayaraq, ümumi insan anlayışlarını tədqiq edən bütün insanlar bu mövzulara yaxından bələddirlər. Hər mövzu üzrə mətn dialoqu qurarkən bir mütəfəkkiri Gülənə tərəf müqabili seçdim. Seçimdə nəzərdə tutulan mütəfəkkirin fikirlərinin Gülənin İslami perspektivli fikirlərinə oxşarlığını əsas götürdüm. Gülənin baxışlarına bənzər düşüncələrə malik və eyni zamanda klassik və dərin fikirlərin güclü təmsilçiləri olan başqa filisofları da seçə və dialoqa cəlb edə bilərdim. Amma məncə, bu mütəfəkkilər bu mövzularda ortaya qoyduqları üslub baxımından daha uyğundurlar. Digər tərəfdən düzü, onların fəaliyyətinə, fikilərinə, əsərlərinə dərindən heyranam və böyük hörmətim var, eləcə də 15 ildir universitet auditoriyalarında onların fikirlərini tədris edirəm. Məhz bu səbələrdən həmin dahiləri seçdim. Üstəlik, bu dialoqda elmi və ümumi aspektdə böyük əhəmiyyət kəsb edən mövzular təhlil ediləcək.
Kitabın fəsilləri ümumi mövzu baxımından bir-biri ilə bağlıdır və müəyyən xüsuslarda bir-birinə istinad edir. Ancaq ümumən bu cür istinadlar çox azdır və fəsillərin böyük əksəriyyəti müstəqildir. Oxucu kitabın fəsillərini istənilən ardıcıllıqla oxuya, yaxud da istədiyi fəsil seçib mütaliə edə bilər. Bu oxucuları mətnlərin arasında “azdırmayacaq”. Üstəlik, bu kitabı digər elmi əsərlərdən fərqli olaraq daha çox geniş oxucu kütləsi üçün yazmışam. Bu baxımdan məsələlərə oxucuların Kant, Sartr, Konfutsi, Platon, Mill və hətta Güləni də oxumama ehtimalını nəzərə alaraq yanaşıram. Bu yazarlar haqqında bioqrafik məlumat verməyə də vaxt sərf etməmişəm. Bioqrafik məlumatları müxtəlif qaynaqlardan asanlıqla əldə etmək olar. Kitabda məqsədim bu mütəfəkkirlərin fikirlərini – Qərb təhsili müstəvisində humanitar elmlərə yiyələnib-yiyələnməməsindən asılı olmayaraq – geniş oxucu kütləsinə mümkün qədər aydın bir dillə izah etməkdir. Daha geniş elmi əsər yazsaydım, səhifələrlə davam edən və çoxlu mətn haşiyələrini ehtiva edən bir çox təfərrüat və detalları da nəzərə almalı idim. Buna görə də ümid edirəm ki, məlumatverici, məzmunlu və maraqlı bir kitab yaza bilmişəm və yenə də ümid edirəm ki, bu kitab düşüncə tarixinə, qlobal intellektual tarixə və mədəniyyətlərarası dialoqa maraq duyan insanların diqqətini cəlb edəcək.
[2] Adı çəkilən mütəfəkkirlərin fikirləri və Gülənin humanizm anlayışının oxşar xüsusiyyətləri əsər boyu müqayisəli təhlil ediləcək. Ancaq burada bir əsas fərqə işarə etmək lazımdır: digər mütəfəkkirlərin humanizm anlayışında insanı insan olduğu üçün sevmək və dəyərli görməkdən bəhs edildiyi halda, Gülənin humanizm anlayışında insanı Allah üçün dəyərləndirmək və sevmək anlayışı hakimdir. (Ətraflı məlumat üçün baxın: İnsanın özündeki sevgi, s. 48-49-50-51) [tərc.]
[3] Humanizm, humanizmin müxtəlif alt şöbələri, eləcə də din və İslamla qarşılıqlı münasibətləri haqda daha ətraflı məlumat üçün bu əsərlərə baxa bilərsiniz: Guthrie 1969; Rabil, Jr. 1988; Davidson 1992; Fakhry 1983; Goodman 2003; Kraye 1996.
- tarixində yaradılmışdır.