Gülən, Konfutsi və Platon: İdeal insan haqqında
Ən məşhur və sistemli humanist fəlsəfələr təbii olaraq ideal insanla bağlı fikirlər irəli sürür. Bəzi hallarda bu ideal xarakter etibarilə ictimai və ya kollektiv mahiyyət daşıyır və siyasət, təhsil, hökumət, ictimai strukturlar və bu kimi sistemləri əhatə edir. Digər hallarda isə diqqət fərdə və hər bir fərdin həyatda ən alini və ən yaxşını necə həyata keçirməsinə yönəldilir. Birinci qrupa klassik Yunan fəlsəfəsinin üç ən məşhur filosofu daxildir: Sokrat, Platon və Aristotel. Stoist yazar Epiktet, Epikürçülər və Budda isə ikinci qrupun nümayəndələridir. Ancaq onların demək olar, hamısında insani tərəqqini və müvəffəqiyyəti hədəf seçən ideal insan fikri öz əksini tapır. Bu örnəklərdə insanı müdafiə edən humanizm anlayışı standart ölçü olaraq həm təkcə özü üçün, həm də Yaradan kimi sonsuz, transsedental bir həqiqətə varma baxımından hər kəsin arzu etdiyi ideallaşdırılmış, mükəmməlləşdirilmiş insan modelini əsas götürür.
Bu və növbəti fəsildə Gülənlə ideal insan anlayışının ən güclü müdafiəçilərindən olan iki filosof – Konfutsi və Platon arasında “üçtərəfli dialoq” quracağam. Maraqlıdır ki, Konfutsi (e.ə. 551-479) və Platon (e. ə. 427-347) arasında bir nəsil və bir qitə qədər məsafə olsa da, yəni fərqli illərdə və yerlərdə yaşasalar da, cəmiyyət və fərdlə bağlı bir tərəfdən insan təbiətinin imkanlarına, digər yandan isə daha geniş həqiqət perspektivində əşyanın nizamı və ya “tərzi”nə dair inamları sayəsində oxşar inqilabi fikirlər irəli sürmüşlər. Gülən də gücü və tutarlılığı, əsasən, onu təşkil edən fərdlərin varlığından və səylərindən qaynaqlanan, ruhən və mənən yenilənmiş bir cəmiyyətin əsas prinsiplərini verir. O fərdlər ki özlərini İslami prinsiplər əsasında maksimum dərəcədə mükəmməlləşdirmiş, kamala çatmışlar. Biz bu üç mütəfəkkirin – Konfutsi, Platon və Gülənin əsərlərinə baxanda onların dünyagörüşündə ümumi bir istiqamət görürük: сəmiyyət əxlaqi və intellektual keyfiyyətə malik insanlarla təşəkkül tapdığı və belə insanlar tərəfindən idarə olunduğu təqdirdə ən səmərəli şəkildə işləyir. Bu əxlaqi və intellektual ləyaqətə sahib insanlar hər bir mütəfəkkirin əsərində, təbii ki, fərqli adlarla təqdim edilir və müxtəlif mədəni, fəlsəfi və dini çərçivədə mövcuddur. Ancaq bunlar dərin mahiyyəti baxımından bir-birinə bənzəyirlər ki, indi biz də bu ideal insanın mahiyyətindən bəhs edəcəyik.
Konfutsi, Platon və Gülən – bu böyük mütəfəkkirlər olduqca fərqli mühit və dünyagörüşündən nəşət etsələr də, həqiqətin mahiyyəti və strukturu məsələsində fundamental bir fikrə sahibdirlər. Hər üç mütəfəkkirin bəhs etdiyi spesifik cəmiyyət mənzərəsi, modeli dünyəvi reallığın təməli, qaynağı, həqiqəti və ya qanunu olan ali, üstün bir idealla bağlıdır. Konfutsiyə görə, bu, fövqəltəbii, transsedental ideal Dao, və ya bütün əşyanın “Yol”udur. Dao bir fövqəltəbii varlıq və ya konkret tanrı deyildir. O, təbii güc, prinsip və ya reallığın enerjisidir. Bütün əşya “Dao”da, bütün əşyanın “Yol”unda mövcud olur və ona görə vardır. Hər iki yerli Çin fəlsəfəsi – Konfutsizm və Daosizm Daonu bütün varlıqların dərin təməli, əsası və həqiqəti hesab edir və Dao ancaq Daoya yönəlməklə və ya onunla bütünləşmək, ona bağlanmaq, yaxud da onu təqlid etməklə ictimai, siyasi və kosmik səviyyələrdə insan həyatı ilə ahəng təşkil edə bilər.
Platon bu fövqəltəbii gerçəkliyi “real” dünyadan üstün olan ”ideal” dünya kimi təqdim edir. Yazdığı dialoqlarda ustadı Sokrat və tələbələrini danışdırır. Sokrat mövcudluğun iki əsas səviyyəsindən – ideal və fenomenaldan, başqa sözlə, həqiqət və kölgədən bəhs edir. İdeal və ya gerçək əbədi və mənəvidir, yəni saf düşüncə və ya ruhdur, ölümsüz, yaxşılığın dəyişməz mənbəyi, həqiqət və ədalətdir. O, gerçəyi tez-tez həqiqi, son gerçəklə qarışdırılan empirik həqiqətin (fenomenin) kölgəli qaranlığının əksinə, işıq və ya parlaqlıqla simvollaşdırır. Fenomen və ya kölgə aləmi maddi, dəyişkən, ölümlü, dəyişən yaxşılar, rəqabət aparan həqiqətlər və nisbi ədalət məfhumlarıdır. Qısa desək, ideal və ya gerçək dünya saf ağılın və ya ruhun və onun arzularının dünyasıdır, buna müqabil fenomenal və ya kölgə dünya bədən və arzuların dünyasıdır. İnsanın fərdi və kollektiv həyatı o zaman yaxşı olur ki, ideal dünya fenomenal dünyanı idarə edir.
Son olaraq; Gülən isə insan həyatı haqda fikirlərini İslami çərçivədə irəli sürərək digər mütəfəkkirlərə oxşar şəkildə aləmi dünyəvi və səmavi aləmdən ibarət sayan dünyagörüşünü müdafiə edir. Yer üzündəki həyat ancaq Tanrını və ya Yaradanı bütün fenomenlərin gerçək qaynağı və bütün gerçəkliyin təməli kimi bildikdə və Onu dərk edərək yaşadıqda öz dolğunluğunu, məna və həqiqətini tapır. Öz-özlüyündə bütün varlıqlar Müsəlmandır, yəni Allaha təslim olub itaət edirlər, çünki Onun hökmü xaricində heç bir mövcudluq var ola bilməz. Əşyalar itaət, təslimiyyət şüuru ilə yaradılış qayəsinə sadiq qalır və təbiətinə yerləşdirilən vəzifəni yerinə yetirir. Bu da onları digər Müsəlmanlar kimi Müsəlman edir. Xüsusilə, insan həyatı şüursuz, kor-koranə deyil, şüurlu şəkildə, Allaha itaətlə əbədi cənnəti düşünərək yaşayarsa, ömür, həqiqətən, dopdolu (mənalı) keçir.
Beləcə hər üç örnəkdə də bölünmüş bir həqiqət versiyası görürük. Həqiqət, həqiqətən, birdir, amma fərqli nöqtələrdən, aləmlərdən və ya mövcudluq formalarından meydana gəlir. Kim gerçəyi idrak edər və bunun şüurunda olaraq yaşayarsa, şəraitdən asılı olmayaraq, daha ali bir həqiqətə yönəldiyi üçün xoşbəxtliyi, yaxşılığı və həqiqəti tapar. Bunun şüurunda olmayanlar, dərk etməyənlər isə fikir burulğanı və cismani səfahət bataqlığında, fani və daha çirkin səviyyədə, “kölgə” fenomendən kor olmuş halda yaşayarlar. Xülasə, iki əsas insan qrupu vardır: görənlər və görməyənlər (korlar). Yer üzündə həyatın yaxşı olması onun “görənlər” tərəfindən idarə olunmasından asılıdır.
Konfutsi və digər mütəfəkkirlər mətnlərdə “ali” və ya “nəcib” ağılla “zəif”, “əhəmiyyətsiz” yollar və ya “kiçik” ağılı bir-birindən fərqləndirirlər. Bunlar əksər hallarda əks qütbləri təşkil edir, qarşı-qarşıya durur:
“Nəcib ağıl sahibi başqa insanlardan fərqlidir, amma onlarla yaxşı, dinc münasibətlər quraraq yaşayır. Kiçik ağıl sahibi isə digərləri ilə eynidir, ancaq onlarla əsla dinc münasibət qura bilməz”.[1]
“Nəcib ağıl sahibləri gözəlliklərə, yaxşı xüsusiyyətlərə təşviq edər, çirkin əməllərdən çəkindirər. Kiçik insanlar isə bunun tam əksini edər.[2] Nəcib ağıl sahibi (həqiqəti) öz içində axtarar. Kiçik insanlar isə başqa yerlərdə”.[3]
Bu sitatlarda nəcib ağıl sahiblərinin digərlərindən qeyd-şərtsiz fərqli istiqamətə malik olduğunu görürük. Nəcib ağıl sahiblərinin bütün daxili göstəriciləri daha böyük tutuma, qabiliyyətə malikdir. Bu da onların başqalarından təməldə fərqli olmasına və fərqli hərəkət etməsinə imkan verir. Mətn belə davam edir:
“Nəcib ağıllılar üç şeyə böyük ehtiramla yanaşırlar: səmavi əmrlər, böyük insanlar və bir müdrikin sözlərinə. Kiçik insanlar səmavi əmrləri anlamaz, buna görə də ona ehtiramla yanaşmazlar. Böyük insanlara həqarət edər, müdrikin sözlərini məsxərəyə qoyarlar”.[4]
“Nəcib ağıllılarda ağlın doqquz xüsusiyyəti təzahür edir: gözləri parlaq, qulaqları iti, üzləri səmimi, davranışları təvazökar, sözləri etibarlı, xidmətləri sayğılı, şübhələri mühakiməedici, qəzəbləri tədbirli, qazanc fürsətlərinə baxışları əxlaqidir”.[5]
Yüksək ağıl sahiblərinin həyatda tutduğu yol zəif ağıllıların yolundan fərqlənir. Onlar hikmətə, nizam-intizama, ləyaqətə və xidmətə meyillidirlər. Bunun əksinə, adi və ya “aşağı” insanların bu cür məsələlərə heç bir meyilliliyi yoxdur.
Platon ən uzun dialoqu olan “Dövlət” əsərində insanları buna oxşar şəkildə təsnif edir. Qeyd edək ki, bu dialoqun şərhinə bir çox böyük əsərlər həsr edilmişdir. Onun hər hansı hissəsini dərin analiz etmək niyyətim yoxdur. Bunun əvəzinə diqqətinizi bizim üçün maraqlı olan bölmələrə cəlb edəcəyəm. Yuxarıda bildirildiyi kimi, Platon reallığı iki aləmə ayırır: “saf düşüncə və ya ruhun əbədi aləmi” və “cismaniliyin fani aləmi”. Bu əsərdə Sokrat və şagirdləri arasında gedən əksər dialoqlar mövcudatın bu təsnifatını dərindən dərk edən, saf aləmə yönəlik yaşayan filosof və ya “hikmət aşiqi” haqdadır. Sokrat dialoqun növbəti bölməsində hikmət aşiqi olmayanları, əsl həqiqəti anlamayanları və buna görə də hikmət mehvərli həyat yaşamayanları və bu həyatın faydalarından xəbərsizləri belə xarakterizə edir:
“Hikmət və ləyaqət təcrübəsindən məhrum insanlar bunların əvəzinə daim ziyafətlər (əyləncə məclisləri) vermək kimi işlərlə məşğul olurlar. Bunlar, sanki, əvvəlcə dibə sürüklənib sonra ortaya qədər qalxmışlar: bütün ömrü bu diblə orta arasında enib qalxmaqla keçirirlər. Bu hüdudlar çərçivəsində məhbus olduqları üçün nə başlarını qaldırıb yuxarıda, həqiqətən, nələrin baş verməsinə baxırlar, nə də daha yuxarı çıxırlar. Onlar özlərini həqiqətin əsli, məğzi ilə yeniləmədiyi kimi, saf və doğru zövqü də heç vaxt dadmamışlar. Daima başları masaya əyilmış vəziyyətdə aşağı baxırlar. İnək kimi otlayır, kökəlir və cütləşirlər. Acgözlük və tamahkarlıq onları bir-birini nallı ayaqları ilə təpikləməyə, “buynuz”lamağa sövq edir. Onlar acgözdürlər, buna görə də bir-birinin canına qıyırlar. Və ruhun gerçək və saf hissəsindən mənən “qidalanmağa” etinasız yanaşdıqları üçün doyumsuz və acdırlar. Buna görə də həqiqi zövqün aldadıcı görüntüləri və illüziyası ilə yaşamaq məcburiyyətindədirlər. Zövqləri daima iztirabla qarışıqdır. Məhz bu duyğuların qarışığı onların hər birinə öz rəng və gərginliyini verir və axmaqları özünüsevmə ağılsızlığına sövq edir. Onlar bütün bu yalanlarla Troyada Yelenanın xəyalı uğrunda döyüşən həqiqətdən bixəbərlər kimi mübarizə aparırlar (Stesixorun rəvayətindən)”.[6]
Konfutsi təlimində olduğu kimi, burada da iki qrup insan bir-birindən açıq-aşkar fərqləndirilir: 1) müdrik və daha yüksək zövqlərə yönələnlər, 2) cahil və daha çirkin zövqləri düşünənlər. Sıravi, cahil insanlar ən yaxşı halda orta nöqtəyə qədər başlarını qaldıra bilirlər, amma ömrün böyük qismini orta ilə dib arasında gedib-gəlməklə keçirirlər. Beləcə onlar ölümsüz ruhlu insanlardan fərqli olaraq otlayan inəklərə bənzəyirlər: ruhsuz heyvanlara daha uyğun gələn zövqləri həyatın məqsədinə çevirirlər.
Platon “Dövlət” əsərinin VII fəslində məşhur mağara alleqoriyası ilə filosof və sadə insanların fərqini göstərir. Burada Sokrat ta uşaqlığından mağarada sabit bir yerdə oturaraq baxışlarını qarşıdakı divara zilləyən və bu cür yaşayan insanları xəyalən canlandırmağı təklif edir. (Heç vaxt arxaya çevrilmədikləri üçün) arxada mağaranın ağzına qədər uzanan uzun bir keçid olduğunu görmürlər. Həm də onların arxasında gur işıq parlayır və arxada olan əşyaların kölgəsi qarşıdakı divarda əks olunur. İnsanlar üzü divara yaşayırlar və divara düşən kölgələri gerçək, konkret obyektlər kimi görürlər. Əslində, bunların kölgə, surət və ya gerçək obyektlərin oxşarı olduğunu görmürlər. Mağarada əks-səda verən səsləri eşidirlər və bunların kölgələrdən gəldiyini zənn edirlər. Kölgələr haqqında rəvayət uydururlar və onlara məna verirlər. Kölgələr bu insanlar üçün “reallıq”dır.
Amma sonra həmin insanlardan biri birtəhər sabit, durğun vəziyyətini dəyişib arxaya çevrilir və parıldayan güclü işığı, onun əmələ gətirdiyi kölgələri və mağaranın çölünə, daha parlaq işığa doğru gedən yolu görür. Gözləri qamaşa-qamaşa o yola düşüb gedir və mağaranın çölünə, gün işığına, “gerçək” dünyaya çıxır. İlk əvvəl həqiqəti bütün parlaqlığı ilə görə bilmir, çünki gözü hələ tam alışmayıb. Amma nəhayət o, (bir müddət sonra) reallığı açıq-aşkar və tam şəkildə görür və mağaraya qayıdıb o insanların necə qaranlıqda yaşadığını, bu durğunluqdan xilas olub kölgələrdən uzaqlaşmaqla və işığa aparan yolla irəliləməklə o işığa çatmağın mümkünlüyünü bildirir. Mağara insanları onu məsxərəyə qoyur, ona hiddətlənir və nəhayət, axırda onlar üçün cəfəng və həqiqətdən uzaq görünən bu fikirlərə görə, onu öldürmək üçün plan qururlar.[7]
Verilən alleqoriya aydındır: az-az insan bütün xarakterini hikmət və həqiqət işığında formalaşdırır və çətinliklərinə baxmayaraq, özünü bu yola həsr edir. Amma böyük əksəriyyət qaranlıq mağaranı üstün tutaraq qəlb sahiblərinə xas yüksək zövqlərdən imtina edir və ömrü daha asan olan “kölgə” qayələr uğrunda keçirirlər. Sokrat belə davam edir:
“Biz “bu güc əslində hər kəsin ruhunda mövcuddur” fikrini müdafiə edirik. Hər kəsin bu gücün varlığını öyrənmə tərzi (verdiyimiz misalda) gözün işığı kəşf etməsi ilə müqayisə oluna bilər: bütün bədəninizlə arxaya dönmədən gözlərinizi qaranlıqdan işığa çevirə bilməzsiniz. Məhz bu, bizim öyrənmə qabiliyyətimizdir: bütün ruhumuzla fani əşya aləmindən üz çevirərək ən parlaq işığa davam gətirməyi öyrənənədək əbədi varlıq aləminə yönəlməliyik”.[8]
Həyatı hikmət aşiqi kimi yaşama gücü hər kəsdə olsa da, bu daxili gücü yalnız bəzi insanlar aktiv yaşayacaqdır. İnsan belə yaşaya bilmək üçün bütün varlığı ilə Həqiqi Gerçəkliyə yönəlməli və ən yaxşı halda Həqiqi Gerçəkliyin adi surəti, kölgəsi olan fani zövqlərə müqavimət göstərməlidir. Bu məqamda yenə Konfutsi kimi, Platonda da dünyada iki əsas insan növünü – görənlər və korları görürük.
İdeal insanları sadə insanlardan fərqləndirən Gülənin birincilər haqqında dediyi sözlər Platon və Konfutsinin təsbitləri ilə üst-üstə düşür. Gülən əsərlərində ideal insanları “yer üzünün varisləri”,[9] “məfkurə insanı”[10] və “ideal insanlar”[11] kimi müxtəlif adlarla anır.[12]
Bu insanlar – adları nə olur olsun – onları sıravi insanlardan kəskin fərqləndirən, nəzərəçarpan ortaq xüsusiyyətlərə malikdir. Gülənə görə dünyada və Türkiyədə yenidən doğuluş (təcdid) və yenilənmə (renessans) bu ideal insanların mənən, əqlən və əxlaqən özlərini yetişdirib bəşəriyyətə xidmətləri, nümunəvi həyatları ilə yeni bir çağa rəhbərlik etməsi sayəsində gerçəkləşəcək. Bu cür insanlar olmasa, cəmiyyət bütün “fürsətpərəst” ideologiyalar və duyğulara qapılaraq nəzarətsiz “rəqs”ə davam edər və belə bir cəmiyyətin fərdləri “insan” səviyyəsinə çətinliklə yüksələ bilər. Gülən belə deyir:
“Bəzi insanlar düşünmədən yaşayır, bəzisi də yalnız düşünür, ancaq düşüncələrini əsla həyata keçirə bilmir... Düşünmədən yaşayanlar başqalarının həyat fəlsəfəsinin fiqurları sayılır. Onlar daim bir şablondan digərinə can atır, dayanmadan qəlib dəyişdirir və ömür boyu duyğu-düşüncə inhirafı, şəxsiyyət təbəddülü, zahiri və daxili deformasiyalar içində çırpınır, heç vaxt özləri kimi ola bilmirlər. ...Bu insanlar bərəkətsiz, durğun və qoxumağa meyilli gölməçəyə bənzəyirlər. Onlarda nəinki bir həyat işartısı görünür, əksinə, zaman keçdikcə ətraf üçün təhlükəli virus yumağına və mikrob yuvasına çevrilməsi qaçılmaz olur”.[13]
Bunlar Gülənin sözləridir, amma rahatlıqla Platon və ya Konfutsinin sözləri də ola bilərdi. Burada Gülən tərəf müqabilləri (Platon və Konfutsi) kimi insanları iki tipə ayırır: ideal insanlar və ya ideal istiqamətində səy göstərənlər və dünyəvi insanlar. Dünyəvi insanların ortaq cəhəti onların özlərinin müəyyən səviyyədə dəyərə malik olduqlarını unutmasıdır. Gülən sözlərinə belə davam edir:
“Bu insanların düşüncələri o qədər dayaz, fikirləri o qədər səthidir ki, nə görsələr, nə eşitsələr, uşaq kimi təqlid edər, kütlələrin arxasınca gah o tərəfə, gah bu tərəfə sürünər və heç vaxt özlərini duymağa, özlərini dinləməyə və öz dəyərlərini tədqiq etməyə imkan tapa bilməzlər. Daha doğrusu, heç vaxt hiss etməzlər ki, onlarda da müəyyən dəyərlər mövcuddur. Həyatı fiziki və cismani duyğuların azadlıq istəməyən kölələri kimi yaşayarlar... Fərqinə varsalar da, varmasalar da, hər gün bu öldürücü torların birinə və ya bir neçəsinə düşər, ruhlarını ən rəzil ölümlə bir neçə dəfə qətlə yetirərlər”.[14]
Platonun “mağara sakinləri” kimi, Gülənin “dünyəvi insanları” da (əhli-dünya) intellektual tərəqqi, mənəvi təkamül və cəmiyyətə fayda vermə kimi yüksək zövqlərdən vaz keçər, fani, maddi zövqlərə köklənmiş ömür sürərlər. Bu zümrə bununla insanlığını inkar edər və heyvan kimi yaşayar. Gülən insanlığın kamala çatması ilə bağlı deyir:
“Hərçənd insan maddəsi və cismaniyyəti etibarilə bu məzhəriyyətlərdən uzaq görünür. Hətta öz mahiyyətindən xəbərsiz, uzaq yaşadığı dövrlərdə digər canlılardan da aşağı səviyyəyə düşmüşdür. Bununla belə eyni insan ağıl, iman, vicdan və ruhu ilə bu varlıq məhşərinin diqqətli bir tamaşaçısı, əşya və hadisələr kitabının şüurlu bir mütaliəçisi, varlığın sətir aralarındakı sirlərinin də həssas müşahidəçisi və şərhçisidir. Beləliklə, o, nə qədər əhəmiyyətsiz görünsə də, ən ali şeylərdən daha əziz, Haqqa qulluğu ilə sultanlara tac qoyan sultan və kiçikliyinə baxmayaraq, kainatlardan daha məzmunlu, sələflərimizin ifadəsi ilə bir “nüsxeyi-kübradır (böyük səhifə, kainat, dünya)”. Belə ən üstün qabiliyyətlərlə dünyaya göndərilən və mahiyyətindəki istedadlara görə ən həyati hədəflərə yönəldilən bu dəyərlər fövqü dəyərlərə sahib insan oğlunu ifrat və təfritlərə yol vermədən məzmun və məqamına uyğun təhlil etmək müxtəlif din və sistemlər arasında yalnız İslama nəsib olmuşdur. İslama görə, insan insan olduğu üçün üstündür”.[15]
Bəziləri Gülənin İslamın seçilmiş (fərqli, üstün) insan baxışı haqda bu fikirlərini tənqid etsə də, əslində onun vurğuladığı xüsus aydındır. Birinci fəsildə təhlil edildiyi kimi, Gülən İslamın dini-fəlsəfi sistemi çərçivəsində insan təbiətində mövcud olan ləyaqət və əxlaqi dəyəri ön plana çəkir. Bu təbii dəyərin və vədin fərqinə varmayan və ya onu rədd edən insanlar insanlıqdan daha aşağı səviyyəli həyatı seçirlər. Təəssüf ki, insanların əksəriyyəti məhz bu yola üz tutur.
Hələ də kütlələr arasından bu fani həyatın fani, məhdud (şərti) zövq və məqsədlərindən uzaq dayanan bəzi müstəsna fərdlər çıxır. Konfutsi, Platon və Gülən tərəfindən müxtəlif şəkillərdə xarakterizə edilən bu fərdlər ideal insanı meydana gətirir və bu cəhətləri ilə insan həyatında mümkünlüyün parlaq örnəklərini ortaya qoyur. Hər üç mütəfəkkirə görə, həm fərdi, həm də ictimai və ya siyasi səviyyədə daha yaxşı həyat şəraitinin təmin edilməsi ümidi bu insanlaradır. Və yenə hər üç mütəfəkkirin fikrincə, bu fərdlər ideal insanlardır və cəmiyyətdə lider kimi öz yerini tutmalıdır.
Yuxarıda göstərildiyi kimi, Konfutsinin “üstün insan”ı sadə kütlələrdən əxlaqi xarakteri ilə fərqlənir. Konfutsi və eyni ənənəyə mənsub digər mütəfəkkirlər üstün insanı təsvir edən və onun dərin insaniyyətindən xəbər verən əsas dəyərlərdən tez-tez söz açırlar. Bu mərkəzi dəyərlərə ümumən Konfutsiçiliyin “sabit dəyərləri” deyilir. Bunların sayı və hansının “əhəmiyyətli”, hansının “əhəmiyyətsiz” olması şərhçinin yanaşmasından asılı olaraq dəyişsə də, bu dəyərlər bütövlükdə üstün insana xas təfərrüatlı xarakterlər sistemi funksiyasını yerinə yetirir. Həmin dəyərlərə bunlar daxildir: ren – insanlıq, xeyirxahlıq, yaxşılıq; li – ritual (mərasim), ədəb; yi – doğruluq, haqlılıq; zhi – hikmət; xin – sədaqət, etibarlılıq; çeng – səmimiyyət və xiao – ana-ataya, əcdada hörmət. Konfutsi bu fəzilətlərin hamısını və ya daha çoxunu vurğulayır. Ancaq diqqəti ən çox ren və li-yə cəlb edir və ren bütün fəzilətlərin əsasını ehtiva edir. Ren bütün fəzilətlərin təməlidir və şərhçi Lavrens G. Tompsonun (Laurence G. Thompsonun) vurğuladığı kimi, “Kamil əxlaq ren terminində xülasə edilmişdir. Ustad Kunq bu sözdə ifadə edilən uca idealı heç kimdə görmədiyini söyləyir”.[16] Konfutsizmin “Ren”i əsas götürməsi onu “idealdan ictimai və ya siyasi səviyyədə imtina”dan, “asketizm (tərki-dünyalıq, inziva)” və ya “yoqa”dan, Çinin digər dini ənənələrində geniş yayılmış kimyagərliyə söykənən inanc formalarından fərqləndirir. İnsanları üstün əxlaq və intellektual fəzilətlərlə yetişdirməyə çağıran Konfutsizmə “Ziyalılar Ənənəsi” ünvanı verilmişdi. Və bu ənənə xarakterin formalaşdırılmasına xüsusi əhəmiyyət verməklə o dövrdə dövlət xidmətində əsas götürülən qan bağını qəbul etmirdi. Ren yaxşılıq, insanlıq və xeyirxahlığın ən nöqsansız əxlaqi idealıdır və ren insanlarda li ritual praktikası ilə “qidalanır”. “Lun Yuy”dan (“Analekt” – “Söhbətlər və mülahizələr”) verilən bir rəvayətdə bu məsələ belə izah olunur:
“Yen Hui insanlıq (ren) haqqında soruşdu və Ustad dedi ki: “Özünü rituala (“li”yə) təslim etmək məhz insanlıqdır. Əgər bir hökmdar özünü bircə gün belə rituala təslim etsə, yer üzündə hər şey insanlığa çevriləcək. İnsanlıq təcrübəsi əvvəlcə mənlikdə və ancaq ondan sonra başqalarında gerçəkləşmirmi?
– İnsan özünü rituala necə həsr edir? – deyə soruşdu Yen Hui.
– Heç vaxt ritualsız baxma. Əsla ritualsız dinləmə. Əsla ritualsız danışma. Əsla ritualsız hərəkət etmə. “Çox istedadlı deyiləm, – dedi Yen Hui, – amma bu sözləri yerinə yetirməyə çalışacağam”.[17]
Burada qəsd edilən fikir: həyatın hər bir səviyyəsində davranış, ədəb və ritual formalarını daim yerinə yetirmək bir intizam tələb edir və bu intizam da insanın xeyirxahlıq, yaxşılıq və insanlıq xarakterini qidalandırır. İnsanın öz daxilində inkişaf etdirdiyi ren onun digər bütün fəzilətləri ardıcıl li təcrübəsi vasitəsilə kamilləşdirməsinə zəmin hazırlayır. Burada ren Kantın I fəsildə açıqlanan “Əxlaqi xarakter” nəzəriyyəsində yaxşı niyyətin daşıdığı funksiyaya oxşar funksiya yerinə yetirir. Yaxşı niyyət olmadan heç bir yaxşılıq mümkün deyil. Eyni şəkildə ren, yəni yaxşılıq və insanlığa yönəlmə kimi əsas meyil olmadan digər fəzilətlərin də bir təməli ola bilməz.
Üstün insan sabit fəzilətləri təmsil etdiyinə və insanlara xidmətdə öhdəsinə müəyyən vəzifə götürdüyünə görə, cəmiyyətdə təmiz əxlaqi gücə sahib olur. Bu te məfhumu ilə ifadə olunur və əksərən “əxlaqi güc” və ya “dürüstlük” kimi tərcümə edilir. Üstün insanın dürüstlüyü ətrafındakıları mədəniləşdirir və onlara ilham verir. Beləcə onun idarəçiliyində olan insanlar onun fərdi xarakterinin davamına çevrilir. “Lun Yuy”da bu barədə aşağıdakı sətirlərə rast gəlirik:
“Ustad dedi: “Dövlətdə sirr Dürüstlükdür (“te”dir). Ondan istifadə et, o zaman qütb ulduzu kimi olarsan: daim öz yerində dayanarsan, digər ulduzlar da hörmətlə ətrafında dövr edər”.[18]
“Ustad dedi: “Əgər onlara Yolu göstərmək və bu Yoldan çıxmasınlar deyə cəzalandırmaq üçün hökumətdən (dövlətin gücündən) istifadə etsən, insanlar qeyri-səmimi davranar və peşmançılıq hissini bütünlüklə itirərlər. Əgər onların doğru yolda olması üçün yolu və ritualı öyrətməklə dürüstlükdən istifadə etsən, peşman olacaq və daim əşyanın mahiyyətini görəcəklər”.[19]
“Əsilzadə Çi Kanq Konfutsidən idarəetmə haqqında soruşdu: “Yolu görməməzliyə vuranları, əhəmiyyətsiz sayanları öldürməklə Yola itaət edənlərə, sadiq olanlara təminat verə bilərəm?”
“İnsanları öldürməklə necə idarə edə bilərsən? – deyə cavab verdi Konfutsi, – yalnız qəlbini fəzilətli və xeyirxah insanlara tərəf çevir; (o zaman) insanlar fəzilətli və xeyirxah olacaq. Nəcib ağıllılar külək kimi dürüstdür (te), kiçik insanlar isə otlar kimi. Külək otların üstü ilə əsərkən otlar əyilir”.[20]
“Ustad şərqdə məskunlaşmış doqquz vəhşi qəbilənin içində yaşamağa getmək istədi. Bir nəfər soruşdu: “Belə bir bayağılığa necə dözəcəksiniz?” “Bəs orada nəcib ağıllı bir insan yaşayarsa, – dedi Ustad, – bayağılıq necə problem ola bilər ki?”[21]
Bu paraqraflarda əksini tapan görüşə görə tenin üstün bir insanın həyatında təzahür edərkən meydana gətirdiyi güc başqalarının davranışlarını idarə etməyə kifayət edir və təkbaşına yetərlidir. İnsanlar teyə sahib üstün insanın nümunəvi şəxsiyyətindən ilham alacaq və onun yolu ilə gedərək fəzilətlərə yiyələnmə səviyyəsinə çatacaqlar ki, belə bir cəmiyyətin idarə edilməsində də heç bir problem olmayacaq. Onun fəzilətini görən digər insanlar da öz ədəbsizliyinə baxıb peşman olacaq. Yenə onun fəzilətlərinə baxıb öz bayağı xüsusiyyətlərini islah edəcəklər və o üstün insan da onları buna məcbur etməyə məcbur olmayacaq. Bu iddiaların kökündə təməl insan təbiətinin mahiyyətcə yaxşı olduğunu düşünən Konfutsi inancı yatır. Konfutsi insanlar və onların pisliyə meyli mövzusunda sadəlövh düşünmür, bu cəhətləri kifayət qədər aydın görür. Ancaq əxlaqən müsbət insan təbiətinin məqsədli, qərarlı şəkildə və təcrübə yolu ilə inkişaf etdirilməsinin mümkünlüyünə, insanın təbiətinə xas xüsusiyyətlərin onu belə bir inkişaf üçün əlverişli hala gətirməsinə inanır. Üstəlik bu əlverişlilik, münasiblik göstərir ki, insan təbiəti bəsit şəkillərdə də olsa, əxlaqi yaxşılıq nümunələrinə meyilli olduğu üçün özünü bu istiqamətdə islah edə bilər. Buna görə ot küləklə əyilir, digər ulduzlar qütb ulduzunun ətrafında dövr edir. Tenin gücü də belədir.
Konfutsi üstün insanların xidmətləri, əxlaqi və intellektual fəzilətin kamil örnəkləri olmadan cəmiyyətin xaosla üzləşəcəyini təkidlə vurğulayır. Belə olan halda cəmiyyət sinfi materializmin, içi boş ritualın, dar dünyagörüşün və əxlaqi tənəzzülün qurbanı olacaq. Həqiqətən də, Konfutsi o dövrün cəmiyyətinin bu vəziyyətdə olduğunu bildirir və bu ciddi problemi həll etmək üçün təlimlər irəli sürür. Onun fikrincə, fəzilətini birbaşa dövlət xidməti vasitəsilə cəmiyyətin xeyrinə sərf edən əxlaqlı fərdlərin ruhi-mənəvi xarakterindən qaynaqlanmayan heç bir qayda-qanun toplumda yaşaya bilməz. Buna görə də Konfutsizm əxlaqi və ya dini nəzəriyyə mahiyyəti daşıdığı kimi, eyni zamanda siyasi nəzəriyyədir. Həmçinin humanist və ya naturalist nəzəriyyə olub özünü öz təbiətində mövcud olan mümkün ən yüksək insani müvəffəqiyyətə, ideal əxlaqa və intellektual kamilliyə yiyələnməyə həsr edən fərdlərə üstünlük verir.
Konfutsi kimi, Platon da “Dövlət” adlı əsərində hikmət aşiqi və ya “filosof” olan ideal insanın varlığına söykənən əxlaqi inkişaf və siyasi idarəetmə nəzəriyyəsi irəli sürür. Platon dialoqlarında bu xüsusiyyətləri hər yönü ilə təmsil edən filosof örnəyi kimi hörmətli müəllimi Sokratı səciyyələndirir. Buna görə də Platonun dialoqlarında Sokrat ideal insanın əyani timsalı kimi ortaya çıxır və ətrafına toplaşan gənclərə idealı öyrədir. Sokratın həm həyatı, həm də fikirləri antik Afinada başına toplaşan tələbələrinə yol göstəmiş və bu gün də oxucularını öyrətməkdədir.
Sokratçı “şəxsiyyət” Platonun dialoqlarında dolğun təsvir edilmişdir. Xüsusilə, “Apologiya” (Apology), “Krito” (Crito) və “Fedon” (Phaedo) dialoqları bu şəxsiyyəti ən dramatik şəkildə ortaya qoyur. Bu dialoqlarda Sokrat onu dinə hörmətsizlikdə və şəhərin gəncliyini pozmaqda günahlandıran və nəhayət, məhkum edən Afina hakimi ilə üz-üzə gətirilir. Sonra da verilən ölüm cəzasına boyun əyir və Fedonun məşhur son sətirlərində gözətçisinin verdiyi baldıran zəhərini içərək gözlərini əbədi yumur. Sokrat ideal insan həyatı ilə bağlı fikirlərini hakim qarşısında özünü müdafiə edərkən açıqlayır. Yəni mümkün olan ən yüksək və ən yaxşı həyat tərzini izah edir, özü və başqaları üçün bu həyatı onu anlamağa çalışmaq və gerçəkləşdirmək naminə yaşadığını müdafiə edir. Həyatının son günlərini həbsdə keçirir və görüşə gələn şagirdləri ilə etdiyi söhbətlərdən ibarət “Krito” və “Fedon” bölməsində ən yüksək və ən yaxşı həyatı şərh etməyə və nümunələrlə izah etməyə davam edir.
Sokratın filosoflara öyrətdiyi və şəxsən təmsil etdiyi ən mühüm xüsusiyyət hikmətdir. Elə “filosof” sözü də “hikmət aşiqi”, “hikməti sevən” mənasına gəlir. Ancaq bu, “Apologiya”da olduqca paradoksal üslubda açıqlanır. Filosof müdrikdir, çünki çox az şey bildiyini və heç bir şey bilmədiyini etiraf edir. Sokrat ən müdrik adamdır, çünki dövrünün professional təlimçiləri və sofistlərinin əksinə, özünün müdrik olmadığını bilir. Hikmət də məhz budur, yəni xüsusən, öyrənmə prosesi təkəbbür və ya laqeydlik zindanında “həbs” edilərkən insan elminin sərhədlərini bilməkdir. Bu xüsusi növ hikmətin nəticəsi tamamilə elm öyrənmək, elmi harada və necə mümkündürsə, əldə etməyə səy göstərməkdir. Xülasə, Sokrat həqiqət axtarışında ömür sürdü və başqalarını da belə həyata çağırdı. Sokrat həqiqət axtarışında keçən bütün ömründə hər şeyi təkrar-təkrar araşdırdı. Buna görə də Platon dialoqlarında müəllimini dərin bir söhbət və dəyərli məfhumların (sevgi, gözəllik, yaxşılıq, ədalət və s.) təbiətini araşdırmaq naminə bütün digər məşğuliyyətlərdən vaz keçmək əzmində olan bir insan kimi təsvir edir. Sokrat danışılan məsələlər təhlil edilmiş və ya haqqında əsaslı qənaət ortaya qoyulmuş olsa da, bu cür söhbətlərdən əsla usanmır. Daima daha çox araşdırmaq, sınaqlarını uzatmaq, dəqiq nəticələri belə yoxlamaq əzmindədir. Onun həyatla bağlı bu mövqeyi ən məşhur aforizmlərindən birini doğurur: “Araşdırılmamış həyatı yaşamağa dəyməz”.[22]
Sokrat ideal insan və ya filosofa xas bədəndən çox ruhla maraqlanma, ölümdən çox pislik etməkdən (günahkarlıqdan) qorxma, kütlələrin nə düşünməsinə əhəmiyyət verməmə kimi xüsusiyyətləri də özündə təcəssüm etdirir. “Kütlələrin fikirlərinə əhəmiyyət verməmək” məsələsi burada müzakirə baxımından əhəmiyyətlidir. Sokrat Kritoya nəsihət edir ki, həyatını (sadə) kütlələrin rəyini düşünərək deyil, yalnız yaxşı və elmli insanların təsdiqini almağa çalışaraq keçirsin. Kütlələr hər mövzuda bir çox fikir bildirir və əbədi həqiqətləri qurban vermək bahasına müvəqqəti və maddi qazanclar əldə etməyi üstün tutur. Buna görə də Krito yalnız sayca az olan müdriklərin rəy və təsdiqini almağa çalışmalıdır. Bütün bu şərhlərin kökündə “Ən yüksək və ən yaxşı insan həyatı inkişaf etdirilmiş fəzilət və ya mükəmməllikdir” kimi dərin əxlaqi qənaət dayanır. Üstəlik Sokratın “Dövlət” əsərində bildirdiyi kimi, belə fəzilətlərə sahib fərdlər dövlət idarəsinə cəlb edilməlidir. Əks halda xaos və despotizm qaçılmaz olar.
Sokratın təlimlərində “Fəzilət hakim olarsa, cəmiyyətdə qayda-qanun yaranacaq” ideyasına mütəmadi toxunulur və bu, “Dövlət” əsərinin əsas mövzusudur. Mütəfəkkir hesab edir ki, bütün varlıqda nizam, ahəng və yaxşılığın mövcud olması üçün həmin varlığı onun fəzilətli “hissə”si idarə etməlidir. Bu prinsip həm fərdi, həm də kollektiv səviyyələrə şamildir. Fərdlərin həyatı da onların yüksək və yaxşı zümrəsi tərəfindən idarə olunduqda nizamlı davam edir. Bu zümrə təbiətən yaxşılıq, həqiqət və ədalət kimi ən yüksək fəzilətlərə malikdir. Eyni şəkildə cəmiyyət də özünün ən yüksək və yaxşı fərdləri tərəfindən idarə edildikdə, nizam, ahəng və ədalətə qovuşur. Bu ən yaxşı və ən yüksək (dünyagörüşlü – tərc.) fərdlər əxlaqi cəhətdən yetişdirilmiş insanlar – filosoflardır (yuxarıda bu cür insanların xüsusiyyətləri izah olunmuşdur). Sokrat daha sonra bu şəxsləri dövlətin “keşikçiləri” kimi təqdim edir. Sokrat “filosoflar hökmdar olmalıdır” fikrini bəzi insanların qeyri-mümkün, ağlasığmaz qarşılayacağını qəbul etsə də, bu məsələdə təkid edir. Yanında olan gənclərdən Qlavkona deyir:
“Filosoflar şəhərlərimizdə hökmdar olmadıqca və ya indiki hökmdar və idarəçilər həqiqi filosoflara çevrilmədikcə və beləcə siyasi güclə fəlsəfi elm birləşmədikcə, bunların yalnız birinin arxasınca gedən zəif xarakterlilər rəhbərlikdən uzaqlaşdırılmadıqca, inanıram ki, sevimli Qlavkon, şəhərlərimizdə və ya bütün insanlıq aləmində problemlər heç vaxt qurtarmayacaq. Ancaq bu, gerçəkləşdiyi təqdirdə bizim dövlət nəzəriyyəmiz həyata keçəcək və heç olmasa, mümkün olan qədər gün işığı görəcəyik. İndi bu qədər məsuliyyətli bir məsələ haqqında danışmaqdan niyə uzun müddət imtina etdiyimi görürsən? Çünki burada cansıxıcı bir dərs var: istər şəxsi həyatda, istərsə ictimai həyatda xoşbəxtliyi əldə etmək üçün başqa yol yoxdur”.[23]
Sokrata görə, “zəif xarakterli” insanlar iki istiqamətdən yalnız birini – siyasi gücü və ya fəlsəfi elmi seçənlər, ancaq ikisini birləşdirməyi düşünməyənlərdir. Mütəfəkkirin fikrincə, fəlsəfi elmə yiyələnmədən siyasi gücü əldə edənlər bu güc vasitəsilə dövlətdən şəxsi mənfəətləri üçün və istismarçı qüvvə kimi istifadə edəcək. Fəlsəfi elmə yiyələnib öyrəndiyi elmi siyasi istiqamətdə tətbiq etməyi bacarmayanlar isə enerjisini intellektual kaprizlərə və faydasız məsələlərin icrasına sərf edəcəklər. Bu səbəbdən bu iki sahə birləşdirilməli və idarəetməni həqiqi filosoflar həyata keçirməlidir.
Həqiqi filosoflar daha əvvəl qeyd edildiyi kimi, əbədi həqiqətləri fanilikdən üstün tutanlar, mağaranın qaranlığı əvəzinə işığı seçənlər, çoxları kimi yeyib-yatan və cütləşən heyvanları təqlid etməyib ölümsüz ruhlar kimi yaşamağa üstünlük verənlərdir. Ancaq bu cür fərdlər, hətta ailə həyatında zənginlik qayğısı olmayanlar, ictimai həyatda şəxsi maraqlarını güdməyənlər dövlət gəmisinə rəhbərlik edə bilər və beləliklə, cəmiyyətdə yaxşılıq, ahəng, nizam-intizam və həqiqət bütün yönləri ilə bərqərar olar.[24] Bu əsl filosoflar həqiqəti hər şeydən üstün tutar, fərdi və kollektiv olaraq həqiqətə uyğun yaşayarlar. Onlar idarəçilikdə iştirak etmədən ictimai və siyasi ahəngin, nizamın bərqərar olması heç cür mümkün deyildir.
Sokrat “dövlət” idealının tam şəkildə gerçəkləşdirilməsinin heç vaxt mümkün olmayacağını qəbul edir, ancaq yenə də israrla bildirir ki, cəmiyyət üçün narahat olanlar, onun qayğısına qalanlar bunu mümkün qədər həyata keçirməyə çalışmalıdırlar. Əks halda cəmiyyətin qarşısında bircə seçim qalacaq – anarxiya və despotizm. Həm Konfutsi, həm də Sokrat bütün ömürləri boyu hakimiyyətin yaxşılıq və ya həqiqətlə tənzim edilməsinə laqeydlik göstərilən vaxtlarda cəmiyyətin tənəzzülünə şahid oldular. Antik dövrdə dilə gətirilən xaos ehtimalları bu gün müasir dünyada da varlığını davam etdirir. Buna görə də hal-hazırda Gülən cəmiyyətə rəhbərlik mövzusunda antik həmkarlarının fikirlərinə bənzər bir ideya irəli sürür. Konfutsi və Sokrat kimi, Gülənə görə də, xüsusilə, “ideal insan”ların topluma nüfuz etməsi cəmiyyət üçün ümid yeridir.
Gülənin İslam dünyası və xüsusilə, Anadolunun tarixi və taleyi mövzusunda düşüncələri Konfutsinin Qədim Çin haqqında düşüncələri ilə paralellik təşkil edir. Hər ikisi keçmiş və itirilmiş əzəmətli çağlara yenidən qayıtmaqdan bəhs edir. Konfutsi çox vaxt nəciblik və hikmət örnəkləri kimi keçmiş hökmdarları, imperatorları və digər insanları misal verir, Çinin qədim ehtişamına qovuşması, parçalanma və despotizmə məruz qalmaması üçün onların hikmət və nəcabətinin təqlid edilməsinin zəruriliyini vurğulayır. Gülən də Türk mədəniyyətinin zirvələr fəth etdiyi, İslamın həm din, həm də mədəniyyət olaraq əhəmiyyətli miqyasda qlobal üstünlük qazandığı bir dövrü – Osmanlı dövlətinin möhtəşəm keçmişini xüsusi diqqətə çatdırır. Gülən göstərir ki, Osmanlıların həqiqi ehtişamı onların həm öz dövrlərində, həm də gələcəkdə cəmiyyətin faydasına yönəlmiş yüksək ideallara bağlılığından və Məhəmməd Peyğəmbərdən sonra idarəçi olan ilk dörd xəlifə dövrünə xas İslam anlayışını mənimsəyib yaşamasından qaynaqlanır. Gülənə görə, Misir Fironları, Sezar və Napoleon kimi şəxslərin sevilməməsi, yaxşı ad qazanmaması onların bütün insanlığı və gələcəyi ehtiva edən ali ideallardan deyil, şəxsi arzu, tamahkarlıq və hakimiyyət ehtirasından “ilham alması” ilə bağlıdır. Gülən bu mövzuda deyir:
“Fironların, Nəmrudların, Napoleonların, Sezarların – bəzi avamlar gözlərində böyütsələr belə – nə o baş gicəlləndirici dəbdəbə və ehtişamı, nə də o dəbdəbəli həyatı qətiyyən (gözəl) gələcək vəd etməmişdir... edə bilməzdi də, çünki bu insanlar haqqı gücün əmrinə vermiş, ictimai münasibətlərdə daima şəxsi mənfəət güdmüş və ömrü nəfsaniliyin müti kölələri kimi keçirmiş zavallılar idi”.[25]
Bu günə və gələcəyə dair yüksək ideallar və əbədi dəyərlərdən məhrumluq bu şəxsiyyətlərin gördüyü işlərin daimi və müsbət yöndə təsirli olmasına mane olur. Halbuki Gülənə görə xəlifələr dövründə və Osmanlılarda vəziyyət belə deyildi. Bunu belə izah edir:
“Halbuki başda Raşid Xəlifələr olmaqla Anadolunu məskən seçənlər nəticələri baxımından dünyaları geridə qoyub axirətə yüksələn elə əsərlər ortaya qoydular ki, müvəqqəti “xüsuf” (Ay tutulmasına) və “kusuf”lara (Günəş tutulmasına) aldanmayanlar üçün bu əsərlər mahiyyətcə dövrlərlə yarışmağa qadirdir... Bəli, onlar o dopdolu ömürlərini yaşayıb getsələr də, qəlblərdə həmişə bir xoş xatirə kimi qalacaqlar. Bəli, bu gün hələ də yurdumuzun hər tərəfində Alp Arslan, Məlikşah, Osman Qazi və Fatehə xas ruh və məna yaşamaqda və onların qayələrindən ruhlarımıza ümid və müjdələr axmaqdadır”.[26]
Digər tərəfdən Gülənə görə Sezar, Napoleon və Firon kimi şəxsiyyətlərlə Fateh Sultan Mehmet, Sultan Süleyman Qanuni və Raşid Xəlifələr arasında keyfiyyət fərqi var. Bu fərq onların yaxşılıq, həqiqət, əxlaq və ədalət ideallarını əyani şəkildə təmsil etməsi və bu ideallara könül verməsidir. Bu kimi ideallar öz dövrü və gələcək üçün yaxşılıq toxumları səpən ictimai, siyasi, ya da mədəni sistemin yeganə düzgün təməlidir. Gülən müasir Türkiyədə bu idealların yenidən mənimsənilməsini, dirçəldilməsini özünü yüksək idealların gerçəkləşdirilməsinə həsr etmiş yeni bir nəslin doğuşu ilə izah edir. Belə deyir: “İndi möhtəşəm keçmişimizin bütün dəyərlərini ehtiva edən elm, bilik, sənət, əxlaq və fəzilətin saysız-hesabsız qəhrəman təmsilçiləri və ya namizədləri var”.[27]
Gülən bir çox əsərində tez-tez ideal insandan söz açsa da, onu ən təfərrüatlı şəkildə “Ruhumuzun Heykelini Dikerken” adlı əsərində təqdim edir. Bu əsərdə həqiqi insanlığı meydana gətirən və buna görə də cəmiyyəti gözəlləşdirmək üçün ona rəhbərlik etməli olan intellektual və fəzilətli insanları xarakterizə edərkən “ideal insan” və “yer üzünün varisləri” terminlərindən istifadə edir. Əslində, burada Gülənin irəli sürdüyü fikrə görə, bu cür insanların və onların təmsil etdiyi mənəvi kültürün varlığı onların ancaq dürüst və fəzilətli olması ilə mümkündür. Allah bu ünvanı onlara bir ərməğan olaraq verir və bu səmavi varisliyin keyfiyyətlərini daşıdıqları müddətdə onlara aiddir. Ancaq bu insanlar nə vaxt ona layiq olmurlar, Allah da bu səbəbdən ərməğanını qaytarıb alır. Gülən Tövrata istinad edilən bir Quran ayəsini nəql edir: “Yer üzünə mütləq saleh qullarım varis olacaqdır”.[28] Və sözlərinə belə davam edir:
“İlahi andla təminat verilən bu həqiqətin bir gün gerçəkləşəcəyinə heç kim şübhə etməsin. Eyni zamanda bu varisliyin yer üzü ilə məhdud olmayacağına da… Çünki yer üzünə varis və hakim olan fəzalara və səmaların dərinliklərinə də hakim olacaq. Elə isə bunu “kainata hakimlik” də adlandırmaq olar. Təbii ki, belə bir hakimlik vəkalətlə olduğu üçün göylərin və yerin Həqiqi Sahibinin tələb etdiyi təmsil xüsusiyyətlərinə malik olmaq da çox əhəmiyyətlidir, hətta deyə bilərik ki, bu vəd sözügedən xüsusiyyətlərə yiyələnib onu yaşama səviyyəsində gerçəkləşəcək”.[29]
Gülən İslam mədəniyyətinin keçmiş dövrlərdə “yer üzünün varisi” ünvanına sahib olduğunu, ancaq bu mövqeyini zahir və batini yönlərdə, yəni qəlb və ruh dünyasında və müasir elmin xarici aləmdə müvəffəqiyyətsizliyi üzündən itirdiyini açıqlayaraq sözlərinə davam edir. Müsəlman toplumlar mənəvi və intellektual aspektdə istiqamətini itirdiyi üçün “yer üzünün varisləri” mövqeyini də əldən verdi və bu məqamı Qərbdə başqaları tutdular. Gülən əsərlərində mütəmadi olaraq İslamı mənəvi və intellektual kontekstdə yenidən dirçəltməyə, öz həqəqtinə qaytarmağa çağırır. Beləcə bütün bəşəriyyət və yer üzü yenidən möhtəşəm tolerantlıq və əmin-amanlıq dövrünə qədəm qoyacaq. Gülən ümid edir ki, yeni dövrdə İslam və Türkiyə yüksək fəzilətlərə yiyələnmiş fərdlər sayəsində qlobal bir mövqeyə yüksəlib dünyaya öndərlik edəcək.
Burada bir məqama diqqət yetirək: Gülən heç bir yerdə insanları bu yeni dövrü gətirmək üçün siyasi və ya idari aspektdə hər hansı bir fəaliyyətə səsləmir. O, siyasətçi və ya siyasi nəzəriyyəçi deyildir. Konfutsi və Platondan fərqli olaraq insanları yeni bir siyasi liderlər nəslini ortaya çıxarmağa çağırmır. Bu xüsusiyyət Gülənin tərəf müqabilləri (Konfutsi və Platon) ilə həm bu, həm də növbəti fəsildə əsas fərqini təşkil edir. Daha geniş İslami idealların təkrarı mahiyyətində olan Gülənin fikirləri tətbiqatda dövlətin gücünə söykənmir. Əksinə, müxtəlif professional, ictimai və ailəvi rollarda xidmət düşüncəsi və fəzilətli sıravi insanlarla gerçəkləşən mədəni, intellektual və xeyirxahlıq anlayışının yenidən bərpasını vurğulamaqdadır. Burada Gülənin ifadə etdiyi “hakimlik” anlayışı elit siyasi liderlərin başqalarına hakim olması demək deyildir, daha çox barış, elm, mənəviyyat, tolerantlıq və sevgi ilə xarakterizə edilən bir dünyagörüşünün hakimliyi və doğuşudur. Üstəlik bu dünyagörüşü fəzilətləri və xidmətləri sayəsində “yer üzünün varisləri” məqamına yüksələn insanlarla ortaya çıxacaqdır.
Gülən “Ruhumuzun Heykelini Dikerken” adlı əsərinin bir bölməsini bütövlükdə “yer üzünün varisləri”nin xüsusiyyətlərinə həsr edir və onun yer üzünün varislərinə verdiyi tərifdə ideal insanın İslami aspektdə ən müfəssəl ifadəsini görürük. Gülən yer üzünün varislərinin[30] və ya başqa yerdə verdiyi adla “ideal insanın” səkkiz əsas xüsusiyyətini sadalayır. Bu xüsusiyyətlər; kamil iman, eşq, İslam “süzgəcindən” keçirilmiş elmi düşüncə, nəfsi hesaba çəkmə və perspektivlərə tənqidi yanaşma, azad düşüncə və düşüncə azadlığına hörmət, ictimai vicdan və qərarların məşvərətlə verilməsi, riyazi düşüncə və sənət həssaslığıdır.
İlk baxışdan bu vəsflər Konfutsidə üstün insanın fəzilətlərindən və ya Sokratın dilə gətirdiyi fəzilətlərdən büsbütün fərqli görünə bilər. Ancaq yaxından araşdırdıqda hər üçü arasında güclü paralelliklər olduğunu müşahidə edirik. Gülənin xarakterizə etdiyi ideal insana xas mükəmməl iman və sevgi Tanrıya (Allaha) təslimiyyət anlayışına möhkəm oturdulmuş İslami perspektivə əsaslanır. Bu iman və sevgi Tanrıya təslimiyyətdən qaynaqlanan daha geniş bir əbədi istinad çərçivəsində götürülür. Bu iman və sevgini dünyəvi və ya maddi şeylərlə eyni cərgəyə qoymaq olmaz və onlarda da bir nəticə verməz, dolayısilə, bütün mədəniyyəti kor materializm və cismanilik yoluna sürükləməz. Eynən Sokratın “keşikçi”lərinin etdiyi kimi. Belə bir iman və sevgi nəzərini daim əbədi həqiqətlərə dikir. Yer üzünün varislərinin elmi və riyazi düşüncəsi “Həqiqət Birdir, yəni dini həqiqət – elmi həqiqət və ya iman həqiqətləri – ağılın həqiqətləri kimi zidd kateqoriyalara bölünmür” qənaətindən qaynaqlanır. Yer üzünün varisləri həqiqəti bölünməz hesab edir və bütün həqiqəti elm və riyaziyyat həssaslığı ilə qavramağı məqsəd seçir, kainatı Yaradanın icraatlarından ibarət olduqca mürəkkəb bir “müqəddəs kitab” kimi anlamağı, dərk etməyi düşünür. İdeal insanlar Konfutsinin “üstün insanlar”ı kimi təkcə “dini” biliklərdə deyil, eyni zamanda bir çox elm sahəsində də mükəmməlləşirlər. Yer üzünün varisləri idarəetmə və qərar vermə məsələlərində təkcə fərdin deyil, eyni zamanda cəmiyyətin maraqlarını da nəzərə alırlar. Üstəlik, düzgün qərar verməkdə məşvərət və dialoqu ən münasib yol hesab edirlər. Eynən Sokratın “keşikçiləri” kimi onlar da hamı üçün doğru bir konsensus əldə etmək (ortaq məxrəcə gəlmək) naminə bir-birini mühakimə və analiz etməyə açıqdırlar. Sokratın keşikçiləri və Konfutsinin üstün insanları kimi yer üzünün varisləri də özləri ilə sərt rəftar edərək, öz mənliklərini ciddi şəkildə, tənqidi gözlə nəzərdən keçirərək, öz fikir və dünyagörüşünə meydan oxuyaraq həqiqət və fəzilət yanğısını söndürmək üçün müntəzəm şəkildə özlərini və fikirlərini arındırır və inkişaf etdirirlər. Son olaraq; keşikçilər və üstün insanlar kimi yer üzünün varisləri də gözəlliyə harada olur-olsun dəyər verir və bilirlər ki, estetika, fəlsəfə, idarəetmə və ya başqa sahələrdə dünya və bəşəriyyət üçün yeni bir istiqaməti ancaq azad düşüncə və yaradıcılıq təqdim edə bilər.
Gülənin “yer üzünün varisləri”nin Konfutsinin üstün insanları və ya Sokratın “keşikçiləri”ndən əsas fərqi onların müsəlman olması və öz varlıq və dünyagörüşünü İslami perspektivdə formalaşdırmasıdır. Yer üzünün Müsəlman varislərini müstəbid despotluqdan uzaq saxlayan xüsusiyyət Sokratın “keşikçi”lərini və ya Konfutsinin “üstün insan”larını despotluqdan (tiranlıqdan) uzaq edən xüsusiyyətlə tamamilə üst-üstə düşür: bütün bəşəriyyətin faydasını, yaxşılığını düşünmək və I fəsildə də təhlil edildiyi üzrə, insanın təbiətində müqəddəsə oxşarlıqdan qaynaqlanan mövcud dəyəri başlanğıcdan qəbul etmək. Gülən yer üzünün varislərini təfərrüatlı şəkildə tərif edir və belə deyir:
“Belə bir xarakterə sahib insan ölkələri viran edib xarabalarda paytaxtlar qurmaq üçün deyil, insani duyğu və mələkələri (ruhi-mənəvi istedad və qabiliyyətləri) hərəkətə gətirmək və bizləri hər kəsi və hər şeyi əhatə edən sevgi, qayğı və mürüvvətlə gücləndirmək, dağılmış yerləri abad etmək, ölü yerlərə can vermək, varlığın damarlarında can, qan olub axmaq və hamımıza var olmanın əngin zövqlərini hiss etdirmək üçün... onsuz da, o, hər yönü ilə bir Allah adamıdır... və Onun xəlifəsi olaraq daima varlıqla münasibətdədir. Hər bir hərəkət və fəaliyyəti nəzarət altındadır və hər işini elə görür ki, sanki, Onun təftişinə təqdim edir. Onun hissiyyatı ilə duyur... Onun baxışları ilə görür... üslubunu Onun bəyanı ilə süzüb müəyyən edir... Və Onun iradəsi qarşısında “qəssalın (meyit yuyanın) əlində meyit” kimidir... Onun qarşısında əcz və fəqirliyinin şüurunda olması ən böyük güc və sərvət mənbəyidir. O, bu tükənməz xəzinəni qüsursuz dəyərləndirməyə çalışır”.[31]
Gülənin “yer üzünün varisləri” Tanrı və ya İslam uğrunda ölkələr fəth edən fatehlər deyildir. Onlar kafirlərə qarşı döyüşən mücahidlər də deyil. Bunun əksinə onlar yüksək ideallarla bütünləşmiş inanılmaz fəzilət sahibi, xeyir və sevgi timsalı olub elə bir dünya qurmaq amacındadırlar ki, orada bütün insanlar – ən sıravisindən ən fəzilətlisinə qədər – həyatın hər bir sahəsində insani potensiallarını reallaşdırma imkanına malik olsunlar. Üstəlik bu dünya hərəkat mənsublarının kamala çatmış insanlığının ilhamverici örnəkləri olan bir dünyadır.
Bu ideal insanlar işlək, yaxşı və davamlı toplumun mərkəzində dayanır. İdeallar və onları təcəssüm etdirən, gerçəkləşdirən insanlar olmadan, ən yaxşı halda, cəmiyyətin səsi kəsilər və gördüyü “faydalı” işlər qısaömürlü və müvəqqəti olar. Gülən bunu belə ifadə edir:
“Yaxşı və fəzilətli bir dövləti idarə edən məmurlar ruhundakı əsalətə (nəcibliyə), fikirlərindəki əsalətə və hislərindəki əsalətə görə seçilə bilirsə, həmin dövlət yaxşı və güclü bir dövlətdir. Bu yüksək keyfiyyətlərdən uzaq insanları məmur təyin edib onlara iş gördürmə talesizliyinə düçar olmuş hökumət isə yaxşı bir hökumət deyil və əsla uzunömürlü ola bilməz. Çünki belə məmurların pis davranışları gec-tez bir qara ləkə kimi onun çöhrəsində də əks olunacaq və xalqın vicdanında onu da qaralayacaq”.[32]
“Gücün hakimiyyəti fanidir, müvəqqətidir, əksinə, əbədi olan haqq və ədalətin hakimiyyətidir. Bunlar bu gün olmasa da, çox yaxın gələcəkdə mütləq qalib gələcəkdir. Ona görə də ən böyük siyasəti haqq və ədalətə tərəfdarlıqda axtarmaq lazımdır”.[33]
Gülən Konfutsi və Platon kimi, cəmiyyətin yaxşı olmasını birbaşa onu idarə edənlərin yaxşı olması ilə əlaqələndirir. Üstəlik, bu keyfiyyətləri daşıyan liderlər və üzvlər şəxsi mənafeyini cəmiyyətin faydası naminə fəda etməlidir. Bütün varlığını bəşəriyyətə xidmətə həsr etməli, daim gələcəyi düşünməlidir. Əbədi mənəvi dəyərlərə söykənib hərəkət etməli və elmi-texnoloji uğurları qiymətləndirərkən bu əbədi dəyərləri meyar götürməlidirlər. Gülən bu insanlar haqda yazır:
“(Yeni insan)... Haqqı dirçəltmək, ucaltmaq üçün hər gün bir neçə dəfə ölüb-dirilməli... bu yolda lazım gələndə yurd-yuva, əhli-əyal – hər şeyi tərk etməyə hazır olmalıdır... malcan qayğısına, rifah-səadət arzusuna qapılmadan bu gün ona məzhər olan hər şeyi – bir zərrəsini də hədər etmədən – yaxın-uzaq millətinin gələcəyi uğrunda toxum kimi Haqqın inayət yamaclarına səpməli, sonra kürt toyuğun yumurta və cücələr üstündə yatması kimi iztirab və gözləmə fəslinə qədəm qoyub inləməli, ürpərib yalvarmalı və hər gün ölüb-dirilməlidir. Haqq yolunda olmağı, Haqq yolunda ölməyi həyatının qayəsi bilməli və belə bir qayəni fövtə verməyi də öz adına geri qaytarılması mümkün olmayan ən böyük itki saymalıdır. (...) Yeni insan ruhunun kökləri etibarilə çox dərin, yaşadığı dünya etibarilə də çoxyönlüdür. O, elmdən sənətə, texnologiyadan metafizikaya qədər hər bir sahədə söz sahibi və onu maraqlandıran hər bir məsələ ilə yaxından əlaqəlidir. Bəli, o, doymaq bilməyən elm eşqi, gündən-günə daha da yetkinləşən mərifət arzusu və idrakfövqü lədunni dərinlikləri ilə, işıqlı dövrün nurani insanları ilə çiyin-çiyinədir və hər gün yeni bir meracın süvarisi kimi ruhanilərlə yanaşı at çapır”.[34]
Burada Gülən ideal insanları Sokratın “Dövlət” əsərində bəhs etdiyi təkrarlanan aldadıcı şeylərdən, yəni dünyəvi zövqlərə, zənginliyə və rifaha bağlanmaqdan çəkinən, qaçınan insanlar kimi təqdim edir. Gülənin ideal insanları Sokratın “keşikçiləri” kimi bu təhriklərin, cəzbedici şeylərin təsiri altına düşmürlər, çünki onların xarakteri elə “işlənmişdir” ki, fani zövqlərə baxmayaraq, daim əbədi zövq və həqiqətləri axtarırlar. Bundan başqa yenə də Sokrat və keşikçilər kimi heç vaxt özləri və bilikləri ilə qane olmurlar. Daim daha da irəli getmək və daha da yüksəlmək istəyirlər, yeni bilik, fəzilət, yaxşılıq və həqiqət zirvələrinə “acdırlar”. Gülənə görə, Türk toplumu və digər bütün toplumlar nə vaxt bu kimi fərdlərdən təşəkkül tapacaq və ya onların təsiri altında olacaq, məhz o zaman bəşər mədəniyyəti ölüm və tənəzzül yerinə yaşamağa, həyata və sağlamlığa üz tutacaq.
Gülənin liderlik haqda fikirləri də genişdir və nəzərə çarpacaq şəkildə apolitik (qeyri-siyasi) funksiya yerinə yetirir. Vəz və təlimləri Konfutsinin təlimləri və Platonun ("Dövlət”dəki) fikirləri kimi bir idarəetmə sistemi və ya siyasi nəzəriyyə meydana gətirmir. Gülən bir siyasət alimi və ya siyasi aktivist deyil, vaiz və ilahiyyatçıdır. Dinləyicilərini, xüsusilə də, seçkilərdə namizəd olmağa və ya hökumət idarəsini ələ keçirməyə səsləmir. Mövcud idarəetmə sistemlərini dağıtmağa da çağırmır. Onun cəmiyyətlə bağlı konsepsiyası hökumətdə səlahiyyətli mövqelərdə olan ideal insanları ehtiva etsə də, əksər hallarda, xüsusi olaraq, bu mövzudan bəhs etmir. Gülən bunun əvəzinə müxtəlif peşələrdə cəmiyyət içərisinə yayılmış toplum liderliyindən danışır. İdeal insanlar özlərini elm və iş adamı, müəllim, xidmət əhli, valideynlər, məmur, fəhlə kimi işə həsr etməklə paralel olaraq cəmiyyəti də formalaşdıracaq. Bu daha çox demokratik proses yolu ilə dövlətə xidmət və rəhbərlikdə yüksək idealları öz şəxsində təmsil edən insanlardan ibarət bir kütlə və xalq hərəkatıdır. Ancaq Konfutsi, Platon və Güləndə nəticə eynidir: vətəndaşlar üçün stabil və yaxşı bir cəmiyyət. Çünki belə toplumlar yaxşılıq və fəzilətlərin mümkün ən yüksək insani idealları şəxsində reallaşdıran insanlar tərəfindən idarə edilir.
Beləcə üçtərəfli dialoqun hər üç iştirakçısı da öz fərqli dünyagörüşləri və tarixi dövrləri çərçivəsində fərdi və kollektiv səviyyədə mürəffəh (firavan) insani həyat tərzi üçün tələb olunan əsas xüsusiyyətlərə aydınlıq gətirmişdir. Bu təməl xüsusiyyət həm əxlaqi, həm də intellektual səviyyədə fəzilətdir. İnsanlar nə vaxt yüksək əxlaqa və intellektual fəzilətə yiyələnməyi əsas hədəf seçəcəklər, məhz o zaman ən yaxşı və ən xoşbəxt həyatı yaşayacaqlar. Üstəlik, cəmiyyət bir bütöv olaraq yalnız imtiyazlı azlığın mənfəətini və ya şəxsi mənafeyini düşünməyib məhz hamı üçün xeyrin harada olduğunu görə bilən ali əxlaqa və intellektual fəzilətə malik fərdlərin rəhbərliyi altında yüksək və ən səmərəli tərəqqini həyata keçirəcəkdir. Bu fəzilətli insanların ideal rəhbərliyi sayəsində cəmiyyətin bütün fərdləri öz insani potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün bir çox imkanlara sahib olacaq.
Burada belə bir sual ortaya çıxır: bu “fəzilətli insanlar” haradan gələcək? Bizim ictimai və kollektiv varlığımızı yaxşılığa, həqiqətə və ədalətə aparacaq bu yüksək xarakter və liderliyə sahib insanları haradan tapacağıq? Bu insanlar bizə səmada yetişmiş və idarəetməyə hazır vəziyyətdəmi gələcəklər? Bunlar aramızda gəzib-dolaşan müqəddəs varlıqlardır? Xeyr, bu insanlar heç də müqəddəs varlıqlar deyil, insan olan ana və atadan dünyaya gəlmiş fərdlərdir və onlar cəmiyyətin əsl mahiyyətinə qovuşmasında böyük əhəmiyyət kəsb edən fəzilətin mükəmməl örnəyi kimi yetişdirilməli və təhsil almalıdırlar. Dialoqun hər üç iştirakçısı da “Hansı yolla insanları fəzilətli fərdlər kimi yetişdirmək olar?” sualına eyni cavabı verir: Təhsil. Buna görə də növbəti fəsildə bu mütəfəkkirlərin təhsil nəzəriyyələrini təhlil edəcəyik.
[1] Konfucius, The Analects (Konfutsi, Lun Yuy) s.146.
[6] Plato, The Republic (Platon, Respublika), s.277-278.
[9] Gülen, The Statue of Our Souls, s.5 və növbəti.
[11] Gülen, Toward a Global Civilization of Love and Tolerance, s.128/130.
[12] “Hərçənd müəllif növbəti hissələrdə bu anlayışları daha ətraflı izah edəcək. Ancaq burada qeyd olunan anlayışların daha yaxşı başa düşülməsi üçün Gülənin əsərlərindən iqtibas verməyi məqsədəuyğun bildik. (tərc.)
Yer üzünün varisləri: “Allah Qurani Kərimdə: “And olsun ki, Tövratdan sonra Zəburda da: “Yer üzündə mütləq saleh qullarım varis olacaq” deyə yazdıq!” – buyurur (“Ənbiya” surəsi, 21/105). İlahi andla təminat verilən bu həqiqətin bir gün gerçəkləşəcəyinə heç kim şübhə etməsin. Eyni zamanda bu varisliyin yer üzü ilə məhdud olmayacağına da (şübhə edilməsin)... çünki yer üzünə varis və hakim olan fəza və səmaların dərinliklərinə də hakim olacaq. Elə isə bunu “kainata hakimlik” də adlandırmaq olar. Təbii ki, belə bir hakimlik vəkalətlə olduğu üçün göylərin və yerin həqiqi Sahibinin tələb etdiyi təmsil xüsusiyyətlərinə malik olmaq da çox əhəmiyyətlidir, hətta deyə bilərik ki, bu vəd sözügedən vəsflərə yiyələnib onu yaşama səviyyəsində gerçəkləşəcək. (Daha geniş məlumat üçün bax. Ruhumuzun Heykelini Dikerken, səh. 4-9)
Məfkurə insanı: Əslində müəllif (Cill Karroll) “person of ideals” ifadəsi ilə bu “məfkurə insanı”nı nəzərdə tutur. Gülən məfkurə insanını belə tərif edir: “Məfkurə insanı hər şeydən əvvəl bir sevgi qəhrəmanıdır. O, Allahı dəli kimi sevər və bu əngin sevginin qanadları altında bütün varlığa sevgi bəsləyər: hər kəsi və hər şeyi şəfqətlə qucaqlayar... ölkəsini və insanlarını eşq dərəcəsində bir sevgi ilə bağrına basar... uşaqları gələcəyin tumurcuqları kimi oxşar və qoxular... gənclərə ali qayələri göstərib onları ideal insan olma yoluna yönəldər... yaşlıları ən səmimi hörmət və ehtiramla şərəfləndirər... mütləq hər kəslə dialoq yolları axtarar... və cəmiyyətin müxtəlif təbəqələri arasında olan uçurumları qurduğu körpülərlə aradan qaldırar, müəyyən qədər uyğun olanları da bütün nöqsanlardan arındırmaq üçün çırpınar”. (Ruhumuzun Heykelini Dikerken, səh. 108-113)
İdeal insanlar: Yazarın “ideal insanlar (ideal people)” adalandırdığı insan əslində “ideal bir cəmiyyətin ideal insanı”dır. Gülən eyni zamanda “kamil insan” və ya “ruh insanı” ifadələrindən də istifadə edir: O, belə deyir: “İdeal insanın zehnində “həyat nədir, ölüm nədir, varlıq nədir, varlıqla münasibətin mahiyyəti nədir, qulluq nədir, itaət nədir, günah nədir, savab nədir, müsibətlər nədir və bunlar niyə insanın başına gəlir?” kimi min bir bilməcə burulğanlar meydana gətirir. Bunun müqabilində o, vicdanında şimşək kimi çaxan hikmət parıltılarından, ruhunda əks olunan ilham yellərindən hörüb ortaya qoyduğu nur halqaların ta zirvəsinə yüksələrək oradan hər şeyin pərdə arxası “mələkutunu sezər, anlar... sonra da heyrət və heyranlıqdan doğan sevgi və məhabətlə (heybət hissi ilə) ruhun ilk qaynağına yönələr və itminana (hüzura) qovuşar. Bu məqama çatmış bir ruh nə ehsanı, lütfləri görüb həddini aşar, nə də məhrumiyyətlərlə sarsılar. Nemət ilə nikməti (cəza), qəhr ilə lütfü bir sanar, bir görər; başqalarının həddini aşıb azğınlaşdığı, bədbinləşib ümidsizliklə inlədiyi anlarda səhrada gül bitirməyi, qamışdan şəkər çıxarmağı bacarar, itirmə anında belə daima qazanar”. (Zamanın Altın Dilimi, səh. 10-13)
[13] Gülen, The Statue of Our Souls, s.135.
[15] Gülen, Toward a Global Civilization of Love and Tolerance, s.113. / (Davamı üçün baxın: Işıkın Göründüğü Ufuk, s. 30-31)
[16] Thompson, Chinise Religion, s.13.
[17] Konfucius, The Analects, s.127.
[22] Plato, The Republic s.41.
[24] “Dövlət” əsərində Sokrat bildirir ki, keşikçilər filosof olmaqla yanaşı, qadın və ya kişi ola bilər və şəxsi mülkiyyətə sahib olmamalıdırlar. Amma uşaqlar da daxil olmaqla hər şeyə müştərək sahib ola bilərlər.
[25] Gülen, The Statue of Our Souls, s.124.
[32] Gülen, Pearls of Wisdom, s.71/72.
[34] Gülen, Toward a Global Civilization of Love and Tolerance, s.82.
- tarixində yaradılmışdır.