Gülən və Sartr: Məsuliyyət haqqında

Əvvəlki iki fəsil Konfutsi, Sokrat və Gülənin ideal insan və ideal insanın dövlət idarəsində və cəmiyyət liderliyində oynadığı rol haqda fikirlərinə dair idi. Bu üç mütəfəkkir “İnsan oğlu əxlaqi və intellektual ideala yüksəlmə qabiliyyətinə malikdir”, “İnsan cəmiyyəti bir bütöv olaraq bu ideala doğru irəliləyə bilər” və “Təhsil bütün bunların gerçəkləşdirilməsində yeganə yoldur” ideyalarını əsaslandırdığına görə onların sözün əsl mənasında humanist olması qənaətinə gəldik. Əvvəlki iki fəslin bütün müzakirələri, təhlilləri Gülənin əsərlərində analiz etdiyi və inandığı fundamental qənaətə əsaslanır: insan oğlunun dünyaya görə məsuliyyət daşıması fikri.

İnsanın dünya, öz həyatı və başqalarının həyatı, cəmiyyət və gələcək qarşısında məsuliyyəti humanizmin və bir çox dini araşdırmaların başlıca mövzusu olmuşdur. Həqiqətən də, humanizmin insanın gücü, bacarığı, qabiliyyəti və gözəlliyi haqqında mərkəzi prinsipləri insanın özünün dünyada və ya dünya qarşısında məsuliyyət daşıdığına güclü inamı ilə müşayiət edilmədikcə əxlaqi məzmunda bir məna ifadə etmir. İnsanın güc və qabiliyyətini vurğulamaq, ancaq bu gücdən onun müdaxilə etməkdə məsul olduğu sahələrin formalaşdırılmasında istifadə etməmək ən yaxşı ehtimalla məntiqsizlik, ən pis ehtimalla da pis niyyətlilikdir. Buna görə də humanist fəlsəfə, yəni insanın dünyanın memarı olma qabiliyyət və məsuliyyətinə inam insan və toplumların bəzi ən böyük insani uğurlar qazanmasını dəstəkləmişdir. Beləcə sənət, ədəbiyyat, memarlıq, ictimai və siyasi fəlsəfə və tətbiq, tibb və digər sahələrdə bir çox xariqələr insanların yeniliklər həyata keçirmə, yeni perspektivlər təkmilləşdirmə və yeni cığırlar açma məsələlərində öz gücünə inamı ilə var olmuşdur. Bəziləri bu gücün Tanrı və ya tanrılar tərəfindən verildiyinə, etdikləri xidmət və qazandıqları uğurların Tanrıya ibadət olduğuna inanır, bəziləri də öz gücünə qeyri-dini perspektivdən yanaşır. Hər iki halda da insanlar – haradan qaynaqlanır-qaynaqlansın – öz gücünə və bu gücü cəmiyyət üçün faydalı istiqamətdə istifadə məsuliyyətinə yiyələnirlər.

Kitabda məsuliyyət mövzusunda Gülənə tərəf müqabili kimi həm Qərb, həm də Şərq ənənəsindən çoxlu humanist seçə bilərdim. Əsrlər boyunca hər bir mədəniyyətə mənsub bir çox filosof, yazar, dövlət adamı, nəzəriyyəçi və mütəfəkkir məsuliyyət mövzusuna müxtəlif səviyyələrdə təmas etmişdir. Hər şeyə gücü yetən və hər şeyi bilən, qədəri təqdir edən Tanrıya güclü teoloji bağlılığı olanlar belə “insan dünya qarşısında məsuliyyət daşıyır” anlayışını müdafiə edən­lər kateqoriyasına rahat daxil ola bilər (Gülənin özü də bu ka­teqoriyada yer alır). Ancaq bu son dialoq üçün XX əsrin ən nüfuzlu fəlsəfə məktəblərindən birinin əsas simasını, insanın hər şey qarşısında məsuliyyət daşıması fikrini hamıdan çox müdafiə edən bir filosofu seçdim. Bu filosof Ekzistensializm məktəbinin nümayəndəsi Jan Pol Sartrdır.

Mövzunu davam etdirməzdən əvvəl bu seçimlə bağlı ağıla gələn haqlı sualları cavablandırmaq istəyirəm. Hər şeydən əvvəl, Sartr kimi bir ateisti Gülənlə paralel götürmək mübahisəli görünə bilər. Bir ateistlə bir Müsəlman mütəfəkkir arasında hər hansı paralellik və ya dialoq mümkündürmü? Niyə məhz onlar arasında dialoq qurmaq istəyirik?! Ümumiyyətlə, ateist və teistlər, xüsusilə də, monoteistlər bir-birini qarşılıqlı şəkildə rədd edir və buna görə də dialoqda maraqlı deyillər. Ancaq məhz bu səbəbdən belə bir dialoqu kitab səhifələrində də olsa, qurmaq lazımdır. İnsan oğlunun fitrətən azad təbiəti ateistlər və monoteistlərin və onlar arasında mövcud olan bütün inanc və ya inancsızlıq tonlarının bu gün kimi sabah da davam edəcəyi qənaətini doğurur. Ateist və inananların bir-birini qarşılıqlı şəkildə rədd etməsi qloballaşmış, müxtəlifləşmiş, zənginləşmiş çağdaş dünyamızda əmin-amanlıq və sülh şəraitində birgəyaşayışa zərər verməkdən başqa heç nəyə yaramır. Qarşılıqlı təkzibin inanc mə­sələlərində uzlaşmayan insanlar arasında normaya çevrilməsinə və ya norma olaraq qalmasına imkan verə bilmərik. Biz bir-birinə deməyə heç bir sözü olmayan, və ya olmadığını zənn edən insanlar ara­sında belə dialoq qurulmasını təşviq etməliyik.

İkincisi, Gülən özü Sartr və ekzistensializmi açıq şəkildə tənqid edir. O, “The Statue of Our Souls” əsərində ekzistensializmi marksizm, dürkheizm, leninizm və maoizmlə birlikdə Türkiyə və Qərbdə XIX əsrin sonları və XX əsrin əvvəllərində tüğyan edən zərərli və uzun “izm”lər siyahısına daxil edir. O dövrün türk gəncliyi haqqında deyir:

“Kimiləri kommunizm və proletariat diktatorluğu xülyaları ilə ovundu.­ Kimisi gedib Freyddən yapışdı. Kimisi ekzistensializmə aldanıb Sartra ilişib qaldı. Kimisinin Marksa baxıb ağzı sulandı. Kimi də ömrünü Kamyunun həzəyanları ilə keçirdi”.[1]

Gülən ekzistensializmin və ya bu cərəyanın məşhur nümayəndələrinin – Sartr və Kamyunun pərəstişkarı deyildir. Buna binaən Sartrı onun fikirlərinə belə mənfi münasibət bəsləyən bir insanla – Gülənlə necə və niyə dialoqa cəlb etməliyik? Gülən ekzistensializmi bir çox cəhətdən qəbul etmir. Əgər Sartr həyatda olsaydı, o da Gülənin bir çoxu fikrini qəbul etməzdi. Amma bu vəziyyət onlar arasında dialoq qurmağa mane olmur. Əgər mane olarsa, onda Gülən hərəkatında başlıca məsələlərdən olan dialoq layihələri böyük zərər görərdi, çünki bu vəziyyətdə yalnız böyük ölçüdə uzlaşanlar dialoq qura bilər. Gülən və Sartr və ya başqa inanan və ateist kimi, bir-birinin dünyagörüşünə qarşı çıxan şəxslər arasında da həqiqi əlaqə və hörmət ola bilər. Üstəlik, Gülən Quranın əmrlərinə uyğun olaraq ateist fikirləri rədd edən, amma yenə də müxatəbinə fitri dəyər və şərəfinə görə ehtiram göstərən bir insan kimi vəzifəsini layiqincə yerinə yetirir. Bizlər başqalarının fikirlərinə kəskin etiraz etdiyimiz sahələrdə belə dialoq vasitəsi ilə diqqətimizi onların insanlığına cəmləyə bilərik. Radikal fərqlər arasında ortaq cəhətlər tapmaq bir-biri ilə kəskin fərqlənən insanların əmin-amanlıq içində yaşaması istiqamətində sınaqdan çıxarılmış üsuldur. Əslində, bu cür çətin dialoqlar ən əhəmiyyətli dialoqlar sayılır. Buna görə də bu təsbiti nəzərə alaraq, Sartr və Gülənin fikirləri arasında olan – əgər varsa – əlaqələrə baxaq.

Ekzistensializm hərəkatının populyarlığı XX əsrin ortalarında Sartrın bir bütöv olaraq ekzistensializm haqqında fikirləri və digər görüşlərini ciddi çətinliklərlə üzləşdirmişdir. Yəni hərəkat bir fəlsəfə olaraq həm Fransada, həm də ümumən Qərbdə olduqca məşhurlaşmış, hətta qısamüddətli dəbə çevrilmişdi. Ekzistensializm ideyaları xalq arasında onun əsas mövzularını təfərrüatlı şəkildə araşdıran bir çox ekzistensialistin dili ilə deyil, bu fikirləri populyar, “kütləvi” anlayışla izah edən şərhçilərin dili ilə yayılmış və indi də həmin şərhçilərin əsərləri ilə yayılmaqdadır. Bu hal ekzistensialistlərin böyük əksəriyyətinin bütün mövzularda uzlaşa və ya bir çox məsələlərdə ortaq məxrəcə gələ bilməməsi ilə daha da mürəkkəb xarakter almışdır. Böyük əksəriyyət Sartrı bu məktəbin ən məhsuldar yazarlarından biri, ekzistensialist dünyagörüşünün əsas nümayəndəsi – Sartr bu ünvanı əsərinin müəyyən yerlərində qəbul edirdi – hesab edir.

Sartr ekzistensializmin məhdud və əksərən saysız-hesabsız xətalarla dolu şərhlərinin, bu düşüncə məktəbi haqda populyar kültürdə irəli sürülən tezislərin fərqinə varır, yanlışlarını görürdü. Bu qayğılarını və 1957-ci ildə nəşr olunan və ümumən “Humanizm olaraq ekzistensializm” və ya qısaca “Ekzistensializm” adlandırılan “Ekzistensializm və insan duyğuları” adlı irihəcmli əsərində yazdığı məqalədə dilə gətirirdi. Burada Sartr insanların ekzistensializmi və ya bu cərəyanın insan həqiqəti ilə bağlı fundamental prinsiplərini şərh edərkən yol verdikləri başlıca səhvləri təsbit edir. Ekzistensializmi bu cür zərərli tezislərdən qoruyarkən irəli sürdüyü insani mövcudluq ideyası bu cərəyanın geniş yayılmış təriflərindən olduqca fərqlənirdi. Sartr insanın dünyanı şəkilləndirmə qabiliyyətinin güclü dəstəklənməsini və insanı çılğın fəaliyyətə ruhlandıran insani məsuliyyət hissinə təmasını dilə gətirir. Sartr dünyaya yön verən, onu şəkilləndirən insanlararası münasibətləri təsvir edərkən, demək olar ki, “vəzifə” məfhumundan istifadə edir. Sözün ləfzi bunu ifa­də etməsə də, ruhu bu mənanı ehtiva edir. Bu dünyada yaşamağı seçib, ancaq onun məsuliyyətini daşımaq istəməyənlər tam insan deyil və qorxaqdır. Bu ideya digər oxşar tezislərlə birlikdə Gülənlə paralellik təşkil edən fikirlərin əsasında durur.

Sartr məqaləsinin girişində ekzistensializm əleyhinə irəli sü­rülən ittihamları xülasə edir, ardınca da öz ekzistensializm versiyasının tərif və şərhinə keçir. Ekzistensializmin əsas ünsürlərini izah edərkən bu cərəyana yönəldilən ən məşhur ittihamlara da cavab verir. Bu ittihamlar populyar ekzistensializm anlayışına əsaslanan sadə və hamıya məlum ittihamlardır: passivliyi və ya susmağı təşviq edir, həyatın bütün çirkin tərəflərini ön plana çəkir və bundan həzz alır, insani mükəlləfiyyətlərin ciddiliyini inkar edir. Xülasə, insanlar ateist məzmunlu fransız ekzistensializmini tənqid və rədd edirdilər, çünki o, nihilizmin bir növü və ya “yoxluğun təntənəsi” kimi izah olunurdu. Son təhlildə heç nə yoxdur; nə Tanrı, nə mütləq dəyərlər, nə də həyatın və ya insanların sabit və ya əsas anlamı. Buna görə də ictimai və ya siyasi aktivliyin, dünyanı inkişaf etdirmək və ya elmdə yol açmaq üçün göstərilən müntəzəm səylərin heç bir mənası yoxdur.

Sartr bir az ironiya ilə də olsa, bu cür ekzistensialist anlayışı rədd edir və bu ittihamlara verdiyi cavabın ilk hissəsini ekzistensializmin düzgün tərifini verməyə ayırır. Ekzistensializmin bütün növlərinin – istər Xristian, istər ateist olsun – ortaq bir tezisi müdafiə etdiyini söyləyir: mövcudluq mahiyyətdən əvvəl gəlir. Ateist müxtəlifliyi müdafiə edən Sartr bu ideyanın xüsusilə, öz ekzistensialist versiyasına aid olduğunu vurğulayır. Burada “mahiyyət” sözü ilə məqsəd, məna və ya xarakteri nəzərdə tutur. Cansız obyektlər belə onları düzəldənlərin zehinlərində mövcud olan məqsədi və ya mənanı ifadə etmək üçün düzəldilir. Məsələn; bir kağız qayçısı ixtiraçının nəzərdə tutduğu məqsəd, hədəf və ya mənaya uyğun olaraq, onun plan və emalından sonra var olur. İxtiraçı bir kağız qayçısı düzəltmək üçün əvvəlcə onun siluetini beynində təsəvvür edir, sonra planını çəkir, ardınca da hazırlayır. Qayçı məhz bu mərhələlərdən sonra ortaya çıxır. İxtiraçı kağız kəsmək üçün bir şeyə ehtiyac hiss edir, amma bunu etmək üçün heç nə yoxdur. Buna görə də o, məqsəd və mənası kağız kəsmək olan bir kağız qayçısı icad edir. Sartra görə, böyük əksəriyyət insan övladı ilə əlaqədar Tanrını bu şəkildə düşünür: Tanrı insanları öz məqsədini yerinə yetirmək üçün yaratdı və onların mənası da bu məqsədlə bağlıdır. Eynilə kağız qayçısı kimi, insanların mahiyyəti də mövcudluğundan əvvəl gəlir. Hər iki misalda məna, məqsəd və xarakter yaradıcılar tərəfindən müəyyən edilir. Əşya var olur və xoşbəxtliyi tapmaq üçün − insan misalında − həmin məqsədi öyrənməyə çalışır.

Ancaq Sartr ateistdir, yəni onun fikrincə, insanları yaradan, insanın məna, məqsədi və xarakterini − insani mahiyyəti zehnində daşıyan bir Tanrı yoxdur. İnsanlar özünü yaradır. Tanrı olmadığı üçün insanlar sadəcə var olur; əvvəl mövcudluq səhnəsinə çıxır, mahiyyəti isə sonradan gəlir. İnsanlarda mövcudluq mahiyyətdən əvvəldir – ekzistensializmin ilk prinsipi də budur. Sartr bunu belə açıqlayır:

“Burada “mövcudluq mahiyyətdən əvvəl gəlir” cümləsi ilə nə nəzərdə tutulur? Hər şeydən əvvəl insan var olur, səhnədə görünür və ancaq ondan sonra özünü müəyyən edir. Əgər ekzistensialistlərin qəbul etdiyi kimi insanı müəyyən etmək mümkün deyilsə, bunun səbəbi onun başlanğıcda heç nə olmaması ilə bağlıdır. Ancaq sonra­dan bir şey olur və insanın özü özünün nə olacağını müəyyən edir. Onu nəzərdə tutan, planlayan bir Tanrı olmadığı üçün insan təbiəti də yox­dur. İnsan yalnız özünün nə olacağını planlamaqla kifayətlənmir, eyni zamanda mövcudluq aləminə girəndən sonra nə olmaq istəyirsə, o olur. İnsan öz özünü formalaşdırdığı varlıqdan başqa bir şey deyildir. Ekzistensializmin ilk prinsipi məhz budur”.[2]

Bu prinsipə görə, insan həyatı üçün əvvəlcədən müəyyən edilmiş bir məna və ya məqsəd mövcud deyil. Çünki bunu planlayan bir Tanrı yoxdur. Sadəcə insan vardır, mövcudluq aləminə atılmışdır və mütləq öz məqsəd, məna və xarakterini formalaşdırmalıdır. Elə birinci prinsipdə Sartrın öz insan fəlsəfəsinə məsuliyyət toxumları əkdiyini görürük. Xüsusilə də, insanların varlıq aləminə düşünən varlıqlar kimi gəldiyini və iradi olaraq inkişaf edib öz mahiyyətinin fərqinə vardığını nəzərə alanda bu daha aydın olur. Sartr sözlərinə belə davam edir:

“İnsan başlanğıcda bir yosun parçası, bir parça zibil və ya gül kələmi deyil, varlığının şüurunda olan bir plandır, bu plandan əvvəl heç bir şey mövcud deyildir, göylərdə heç bir şey yoxdur; insan nə olmağı planlamışdırsa, o olacaqdır... Amma əgər mövcudluq, həqiqətən, mahiyyətdən əvvəl gəlirsə, o zaman insan nə olduğuna görə özü məsuliyyət daşıyır. Bu səbəbdən ekzistensializm əvvəlcə hər bir insanın öz mahiyyətinin şüuruna varmasını, sonra da mövcudluğuna görə bütün məsuliyyətin öz çiyinlərində olduğunu dərk etməsini təmin edir. Və “hər bir insan özünə görə məsuliyyət daşıyır” deyəndə onun təkcə fərd olaraq özünə cavabdeh olduğunu deyil, eyni zamanda bütün insanlara görə də məsuliyyət daşıdığını nəzərdə tuturuq”.[3]

Bu paraqrafda mövzunun iki mühüm problemi ortaya çıxır. Birincisi; Sartrın bəhs etdiyi məsuliyyətin fərd çərçivəsindən çıxıb bütün bəşəriyyəti əhatə etməsidir. Bu ideya Sartrın subyektivlik anlayışından qaynaqlanır. Subyektiv anlayışa görə insan övladı daim dünya, insani dünya, insan oğlunun dünyası ilə bağlıdır. Bu dünyadan kənara, öz insanlığımızdan kənara əsla çıxa bilmərik, dünya və digərlərindən təcrid edilmiş bir “obyektiv perspektiv”ə əsla girə bilmərik. Hamımız təbiət etibarilə digərləri ilə birlikdə, dünyanın bir parçası, ictimai varlıq olaraq mövcuduq. Buna görə də həyatımızı seçərkən və mövcudluq məsuliyyətini çiynimizə götürərkən bu məsuliyyəti təkcə özümüz üçün deyil, hər kəs üçün boy­numuza götürürük, çünki hamımız bir-birimizlə əlaqəliyik. (...) Kökümüz subyektivlikdir. Seçmək təkcə fərdi olaraq özümüz üçün deyil, hər kəs üçün seçim etməkdir. Sartr belə deyir: “Olmaq istədiyimiz insanı formalaşdırarkən bütün hərəkət və davranışlarımız düşüncəmizdə mövcud olan “insan modeli”nə dair təsəvvürləri şəkilləndirir”.[4]

Yuxarıda verilmiş uzun iqtibasdan çıxan ikinci mühüm nəticə Sartrın insana verdiyi tərifdir. Bu paraqrafda Sartr insan oğlunu “bir yosun parçası, bir parça zibil ya da gül kələmi”ndən fərqləndirir. İnsan oğlu taleyin əllərinə, kor cismani hislərin və ya nəfsin şıltaqlığına təslim edilmiş bir obyekt deyildir. Sartr məqaləsinin daha sonrakı hissələrində ekzistensializmi izah edərkən bu məqamı da xüsusi vurğulayır:

“Bu, yeganə nəzəriyyədir ki, insana ləyaqət əta edir, onu bir obyekt səviyyəsinə endirmir. Materializm filosoflar da daxil olmaqla bütün insanlarla bir obyekt kimi rəftar edir, yəni onu bir masa, bir kürsü və ya bir daşı təşkil edən xüsusiyyətlər və fenomenlər toplusundan heç cür fərqlənməyən reaksiyalar məcmusu kimi görür. Biz qətiyyətlə insan aləmini maddə aləmindən fərqlənən bir dəyərlər toplusu kimi müəyyən etmək istəyirik”.[5]

Sartr burada ekzistensializmi materializmdən fərqləndirir. Gülən və dini perspektivli bir çox mütəfəkkir materializmi ya mənəvi xəstəlik simptomu və ateizmin bir ünsürü olduğu üçün, ya da insan həyatına layiqli dəyəri vermədiyinə görə qəbul etmir. Sartr fərqli arqumentlərlə də olsa, materializmi qəbul etmir. Onun ekzistensializmi insanların daş, kürsü, ya da yosun parçası səviyyəsinə endirilməsi ilə razılaşmır. Əksinə, bu görüş insanların daha yüksək dəyərə sahib olduğunu irəli sürür. Bunu isə insanın Tanrı tərəfindən bir məqsəd və ya məna istiqamətində yaradılması ilə deyil, digər bütün canlılardan fərqli olaraq, dünyaya gəlişdən etibarən ömür boyu şüur, özünüdərk, özünüdərki dərk olan dərketmə qabiliyyətinə yiyələnməsi ilə izah edir. Digər varlıqların əksinə, sözün tam karteziançı mənası ilə düşünürük: bu düşüncə öz-özünə düşünməyi ya da özümüz haqqında düşünməyi də ehtiva edir. Bu xüsusiyyət insanlarla digər bütün canlılar arasında qeyd-şərtsiz fərqi göstərir. Üstəlik məhz insanlığın bu sahəsi dəyərlərin, idealın və mənanın meydana gəlməsinə imkan verir. Bu xüsusiyyətlərə sahib insana və insan subyektivliyinə əsaslandığımıza görə hər bir hərəkətimizin başlanğıcında özümüzdən dürüst və məsuliyyətli olub-olmadığımızı soruşmalıyıq: “Mən, həqiqətən, elə bir insanam ki, öz əməllərimlə bəşəriyyətə rəhbərlik edəcək tərzdə hərəkət etmə haqqına sahib olum?”[6] Sartra görə, bu sualı verməmək – onun öz ifadəsi ilə – insanın özünə və dünyaya qarşı “pis etiqad”la (inamla) yaşamasıdır.

Aydın məsələdir ki, depressiyada olan, əzgin, passiv və təcrid edilmiş insan Sartrın təsəvvüründəki fərd – özü və dünya üçün məsuliyyət daşıyan insan deyildir. Belə bir insan həm özünün, həm də başqa insanların həyatı ilə bağlı məsuliyyəti boynundan atar və bezgin halda əllərini açıb: “Nə etmək olar? Heç bir şey,” – deyər. Halbuki Sartrın fikrincə, çox şey etmək olar! Üstəlik bizlər bunu edəcək yeganə varlıqlarıq və etmədiyimizi söyləyərkən və oturub “Belə doğulmuşuq” və ya “əlimizdən bir şey gəlmir” və ya “taleyin əmri belədir” deyib məsuliyyətimizi inkar edərkən də əslində “edirik”. Təslimçi passivlik insan həyatını tale və materialist determinizmə həvalə edən fəlsəfədən doğur. Halbuki ekzistensializm fatalist və materialist determinizmi rədd edir və bütün insan həyatını hərəkət və məsuliyyət arenası kimi görür. Bu ideyanın kökü “Yalnız­ insan mövcuddur, özünü nəyə çevirsə, o olur və dünya da, insan nəyə çevirsə – nə az, nə çox – o olacaq” prinsipinə əsaslanır. Sartr məqaləsinin böyük hissəsini həyatı tam şəkildə bu məsuliyyət və hərəkət şüuru ilə yaşamağın “işarələ”rinin təsvirinə həsr edir və bu işarələri üç sözlə ifadə edir: iztirab, yalnızlıq və ümidsizlik. Bu anlayışların yanlış izahı əhvali-ruhiyyəmizi pozur və bizi passivləşdirir. Düzgün anlaşıldıqda isə bizi meydana atılıb özümüz və dünya naminə ən yaxşı planları həyata keçirməyə təşviq edir. Sartr insanın iztirabla məsuliyyətinin tam fərqinə vararaq yaşadığı təqdirdə bu təcrübə ilə qarşılaşacağını bildirir:

“Bunun (iztirabın) mənası belədir: özünü həyata daxil edən və yalnız özü olmağı seçən insan deyil, eyni zamanda özü kimi bütün insanlığı da seçərək bir qanun keşikçisi olduğunu hiss edən insan bu tam və dərin məsuliyyət hissindən qaça bilməz. Əlbəttə, nə qədər qayğısız insan vardır; əslində onlar qayğılarını gizlədir və qayğılardan qaçırlar”.[7]

Sartrın fikrinə görə, həm qayğının özündən, həm də tamamilə məsuliyyət anlayışından qaçanlar “pis etiqad”ı meydana gətirir. Sartr hesab edir ki, liderlik mövqeyində olan hər kəs bu iztirabı bilir və bu, əsgərlərini döyüşə aparmağı seçən komandirin həmin əsgərlərin həyatının onun seçimindən asılı olduğunu bilməsi kimidir. Əlbəttə, o, bu məsuliyyətdən qaça bilər və məsuliyyəti tabe olduğu şəxsin üstünə ataraq adamlarını döyüşə göndərməkdə yalnız əmrləri icra etdiyini söyləyə bilər. Ancaq Sartra görə bu komandir əmrləri analiz etmiş və bu əmrlərə görə hərəkət edib-etməməyə özü qərar vermişdir. Yəni seçiminə görə məsuliyyət daşıyır. Üstəlik iztirab hissi komandirin passiv qalmasına izn vermir. Əsgərlərini döyüşə göndərib-göndərməmə variantları arasında mütləq seçim etməlidir. Onun iztirabı hərəkətsizliyinə bəhanə olmaqdan daha çox hərəkətinin sövqedicisidir. Sartr bu iztirabın “bizi hərəkətdən ayıran pərdə deyil, hərəkətin bir parçası” olduğunu deyir.[8]

Sartr yalnızlığın da çox bəsit olduğunu söyləyir. Yalnızlıq məfhumu ilə “yalnız Tanrının var olmadığını və bunun bütün nəticələrinə dözməli olduğumuzu nəzərdə tuturuq”.[9] Sartr Qərbdə ateizm fikirlərini ehtiva edən modernist tendensiyanı rədd edir və sanki bir transendental əxlaq, məqsəd və məna aləmi varmış kimi davranır. Belə bir planda Tanrı tərk edilmə vaxtı çatmış, dəbdən düşmüş bir anlayışdır, ancaq yenə də Tanrının varlığı ilə bağlı olan dəyərlər və mənalar bir yolla Tanrı varmış kimi, ən uca mövqeyini qoruyacaq və beləliklə də, cəmiyyət rahat inkişaf edə biləcəkdir. Sartr bunu təkcə məntiqsiz deyil, eyni zamanda məsuliyyətsiz hesab edir:

“Əksinə ekzistensialist Tanrının var olmamasını kədərli hal hesab edir, çünki belə olanda Tanrı ilə birlikdə bir fikirlər cənnətində dəyər qazanma imkanı tamamilə aradan qalxır, Tanrını düşünəcək sonsuz və mükəmməl bir şüur olmayacağına görə, əvvəlcədən var olduğu qəbul edilən bir yaxşılıq da ola bilməz... Dostoyevski “Əgər Tanrı mövcud deyilsə, hər şey mümkündür” deyir. Yəni Tanrı ekzistensializmin başlanğıc nöqtəsinin elə özüdür. Həqiqətən də, əgər Tanrı olmasa, hər şeyə icazə verilə bilər və nəticə etibarilə insan yalnızdır, çünki nə öz içində, nə də kənarda yapışmağa heç nə tapa bilməz. Özü üçün bəhanə tapmağa başlaya bilməz”.[10]

Burada əhəmiyyətli xüsus son cümlədə əksini tapır və əslində bu cümlə gözdən asanlıqla qaça bilər. Sartra görə, Tanrı mövcud deyildir və dolayısilə, heç bir şeyin müqəddəs dəyəri yoxdur, heç bir yaxşılıq anlayışı yoxdur, amma bu əsas vermir ki, insan xoşuna gələni, istədiyini etsin. Əksinə, Sartr bildirir ki, insan bütün bu gerçəklərin fərqinə vardıqda hər şeyə görə cavabdehin Tanrı deyil, özü olduğunu açıq-aydın görəcək. Biz həyatımızda baş verən hadisələri və ya dünyanı “Tanrının iradəsinə” və ya “Tanrının planına”, yaxud da bu tipli başqa bir şeyə aid edə bilmərik. Nəyin yaxşı və qiymətli olması haqda qərarı Tanrı deyil, biz veririk. Bu mövqedə hər şeyi əhatə edən bu dözülməz məsuliyyətdən, dünyada tənhalıq və kimsəsizliyimizdən qaynaqlanan iztirabı hiss edirik.­ Bunu hiss etməmək, ya da hiss etməməyə çalışmaq özümüzə “bəhanə tapmaq”dır.

Sartr iddialı danışır, hətta bildirir ki, Tanrı mövcud olsa belə, insani vəziyyətimiz dəyişməyəcək. Məqaləsində: həyat yollarını Tanrının seçdiyini və bu seçilmiş həyatı yaşadığını düşünən və ya yaşadığı və seçdiyi dəyərlərin Tanrıya söykəndiyini fikirləşən, bu anlayışla ömür sürən möminlərlə bağlı bir neçə misal verir: görülməli işləri əmr edən mənəvi səslər eşidən qadın, Tanrının bir rahib vasitəsilə yol göstərdiyi şagird, Tanrıdan gələn işarələrlə hərəkət edən bir katolik və başına gələn hadisələrdə Tanrının əlini görən bir yezuit. Sartr bütün bu misallarda insanların Tanrıya inanma cəsarəti tapdığı üçün deyil, imandakı məsuliyyətini görmək istəmədiyi üçün məsuliyyətdən qaçdığını söyləyir. Çünki bu misallarda verilmiş şəxslər gördüklərinin Tanrıdan gələn bir işarə olub-olmaması, gələn səslərin Tanrıdan, yoxsa şeytandan gəlməsi, rahibin haqlı olub-olmaması və müqəddəs kitabın necə şərh olunması haqda qərar verənin, əslində özləri olduğunu görmək istəmirlər. Hətta əgər Tanrı varsa və bizimlə danışmaq üçün mələklər göndərirsə, sözbəsöz yazmaq üçün bizə vəhy nazil edirsə belə, nəhayət, mələklərin dinlənilməyə layiq olub-olmaması və bizə çatdırılan xəbərlərin necə şərh edilməsi haqda qərar verən bizlərik. Son təhlildə yenə də məsuliyyət daşıyan bizlərik. Özümüz üçün bəhanə tapa və onun nəticələrindən qaça bilmərik. Sartr məqaləsinin sonunda yazır ki, ekzistensializm ateizmin müdafiəsinə vaxt sərf etmir, çünki son təhlildə Tanrının varlığı və ya yoxluğunun insanın məsuliyyəti baxımından heç bir fərqi yoxdur. Bunu belə açıqlayır:

“Ekzistensializm o dərəcədə ateist deyil ki, Tanrının olmadığını göstərmək üçün özünü oda-közə vursun. Bunun əvəzinə Tanrı var ol­sa belə, heç bir şeyin dəyişməyəcəyini elan edir. Bizim baxışımız məhz budur. Tanrının varlığına inanmırıq, amma Onun varlığının da bir problem olmadığını düşünürük”.[11]

Hər iki halda da dünya üçün, dəyərlərimiz, anlamımız və məqsədimiz üçün özümüz məsuliyyət daşıyırıq. Bu məsuliyyətdən qaçış yoxdur və qaçmağa çalışmaq bu dünyada “pis imanla” yaşamaq deməkdir.

Son olaraq, Sartr ümidsizliklə bildirir ki, dünyada hərəkətlərimizin arzu edilən nəticələri verib-verməyəcəyini bilmədən, tam cavabdeh varlıqlar kimi hərəkət etməliyik. Hegel kimi, tarixi, hərəkətlərimizi daha uca hədəflərə yönəldəcək transsedental bir Ruha (Giestə) güvənə bilmərik. Hərəkətlərimizin arzulanan gələcəyi reallaşdırmasını təmin etmək üçün insanın doğuşdan malik olduğu yaxşılığa, həqiqətin eyni anda hər yerdə var olmasına və ya buna bənzər bir anlayışa da güvənə bilmərik. Sartr heç bir şeyin zəmanət altında olmadığını deyir:

“İnsanların azad olduğunu və sabah da insanın özünün nə olacağı barədə müstəqil qərar verəcəyini nəzərə alsam, əmin ola bilmərəm ki, mən öləndən sonra yoldaş döyüşçülər səylərimi maksimum mükəmməlliyə çatdırmaq üçün davam etdirəcəklər. Sabah mənim ölümümdən sonra bəziləri faşizmi başlatmaq qərarına gələ bilər və bəziləri də onların bunu etməsinə imkan verəcək qədər qorxaq və sərsəm ola bilər. Faşizm insan reallığına çevrilə bilər ki, bu da bizim üçün daha pisdir. Əslində, insanlar necə qərar versələr, hadisələr də elə cərəyan edəcək”.[12]

Hərəkətlərimizin biz öləndən və həyat səhnəsindən gedəndən sonra bir nəticə verəcəyinə dair heç bir zəmanətimiz yoxdur. Ona görə də bəziləri təkcə bu həqiqətin öz-özlüyündə hərəkətsizlik və ya passivliyi haqlı çıxaracağını söyləyir və əgər hərəkətlərimizin nəticə verməmə ehtimalı varsa, nə üçün əziyyətə dözməli olduğumuzu soruşur. Sartr yenə bizim bundan da məsul olduğumuzu bildirir. Ömrümüz ölümlə məhdudlaşsa da, bütün dünyanın məsuliyyəti hələ bizə aiddir. Buna görə də ümidsiz oluruq. Sartr bunu belə açıqlayır:

“Bunun mənası özümüzü fatalizmə təslim etməkdirmi? Xeyr. İlk olaraq, daxil oluram, sonra da bu köhnə ifadəyə uyğun hərəkət edirəm: “Heç bir şeyə təşəbbüs göstərməyən heç bir şey qazana bilməz”. Bu, o demək deyil ki, mən hər hansı bir partiya mənsubu olmayacağam, ancaq heç bir illüziyaya qapılmayacaq və nə bacarıramsa, onu edəcəyəm. Məsələn, fərz edək ki, özümdən bunu soruşuram: “Görəsən, nə vaxtsa sosiallaşma gerçəkləşəcəkmi?” Bu mövzuda heç nə bilmirəm. Bir şey bilirəm – gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm. Bundan başqa heç bir şeyə güvənə bilmərəm. Fatalizm “qoy mənim etmədiyimi başqası etsin” deyənlərin yanaşmasıdır. Mənim burada təqdim etdiyim doktrina fatalizmin tam əksidir, çünki “hərəkətdən kənarda heç bir reallıq yoxdur” qanununu elan edir. Üstəlik “İnsan öz planından başqa bir şey deyildir, yalnız özünü reallaşdırdığı ölçüdə var olur, o öz hərəkətlərinin toplusundan, öz həyatından başqa bir şey deyildir”.[13]

Bu səbəbdən iztirab kimi, ümidsizlik də hərəkətlərimizin bir şərtidir və əgər dünyaya qarşı məsuliyyətimiz davam edirsə, hərəkətsizlik üçün bir bəhanə ola bilməz. Bu paraqrafda təsvir edilən insanlar özlərini əlindəki işlərə, layihə və planlara həsr etməklə yüksək rahatlığı tapır, ancaq işlərinin yekunlaşacağına dair heç bir zəmanətin olmadığını bilir. Bununla belə nə qədər iztirab, yalnızlıq və ümidsizlik olur-olsun, dünyaya görə tam məsuliyyət daşıdıqlarını anlayırlar.

Burada bir məqamdan danışmaq əhəmiyyətlidir: məsuliyyət daşımaq, iztirab, yalnızlıq və ümidsizlik hissi keçirmək həyatın təbii əziyyəti deyildir. Sartr bir qədər də irəli gedərək ekzistensializmin bir növ optimizm, amma olduqca çətin bir optimizm olduğunu söyləyir. Məsuliyyət içində keçən həyat mütləq fədakarlıq və əziyyət tələb edir, amma bu ömür boyu əziyyət çəkmək və ya depressiyaya düşmək mənasına da gəlmir. Məsuliyyətli həyat bir aksiyon, müvəffəqiyyət, layihələrin həyata keçirilməsi və güclü yaradıcılıq həyatıdır. Bu, bütünlüklə icad edilmiş bir həyat və icad edilmiş bir dünyadır və bizim tərəfimizdən, insanlar tərəfindən, şüuru, dəyərləri və vicdanı ilə digər bütün varlıqlardan fərqlənən varlıqlar tərəfindən icad edilmişdir. Əlbəttə, böyük əksəriyyət belə yaradılmış və ya icad edilmiş bir həyatı yaşama ehtimalından dəhşətə gəlir. Bu insanlar öz həyatı və ya dünya ilə bağlı bütün məsuliyyəti çiyninə götürmək istəmir, buna görə alın yazısı, Tanrı, şərtlər, təbiət və ya canlı aləmini cavabdeh saymağı üstün tuturlar. Bu şəxslər elə ki məsuliyyətin dəhşəti ilə qarşılaşırlar, dərhal pis imana yönəlir və onların məsuliyyət daşıdığını irəli sürən düşüncə axınına hücum çəkirlər.

Sartr bir ictimai və siyasi aktivist, filosof, müəllim, əsgər və məsuliyyət prinsipinə riayət edən faydalı vətəndaş kimi ömür sürdü. Məqaləsinin sonuna yaxın yazırdı:

“Buna görə də ekzistensializm əleyhinə ortaya atılan silsilə ittihamlara cavab verdiyimi düşünürəm. Gördüyünüz kimi ekzistensializm fatalist fəlsəfə deyil, çünki insanı hərəkət məzmununda götürür, insanla bağlı pessimist tərif vermir ‒ daha optimist bir doktrina yox­dur ‒ çünki insanın taleyi özünə aiddir. Ekzistensializm insanı hərəkətdən soyutmağa cəhd göstərmir, çünki insan üçün yeganə ümidin hərəkətə gəlmək olduğunu və bu hərəkətin onun həyatını təmin edən yeganə amili təşkil etdiyini söyləyir. Nəticə olaraq, burada bir hərəkət və iştirak etikasına şahid oluruq”.[14]

Gülən Sartrı məsuliyyətə dair fikirlərinə görə rədd etmir. Əslində, onların arasında, demək olar, hər mövzuda ziddiyyət olsa da, bu məsələdə güclü paralellik mövcuddur. Gülən bir Müsəlman və fikirlərini sırf İslami çərçivədə irəli sürən mütəfəkkir olaraq monoteist dinlərin ilahiyyatçılarına paralel şəkildə insan amili və dünyada məsuliyyət mövzularından danışır. Həqiqətən də, bu mövzular əsrlərlə hər şeyə gücü yetən və hər şeyi bilən uca Tanrıya (Allaha) inanan bütün böyük dinlərdə zəngin müzakirə, analiz və mübahisə zəmini hazırlamışdır. Problemin mahiyyəti Tanrının iradəsi və təqdiri ilə insanın iradəsi və hərəkəti arasında uzlaşmanı təmin etməkdir. Monoteist ilahiyyatçıların böyük əksəriyyəti, xüsusilə də, əbədi mükafat və cəza fikrini müdafiə edənlər azad iradəni inkar etmir, çünki bunu etməklə insanın öz hərəkətlərinə görə məsuliyyət daşıdığını inkar etmiş, dolayısilə də, Xristianlıq və İslamda təməl iman əsası olan “insan əməllərinə görə əbədi cənnət mükafatı”nı və ya cəhənnəm “cəzası”nı alacaq” ədalətini sual altında qoymuş olardılar. Əgər azad iradə yoxdursa, insanların əməllərinə görə cəzalandırılması və ya mükafatlandırılması necə mümkün olacaq? Di­gər tərəfdən azad insan amilinin müdafiə edilməsi ilahi təqdir fikrini zəiflədirmiş kimi görünür. Əgər insanlar azad iradə ilə istədiyi yolu seçə bilirsə, onda Tanrı dünyanın mütləq idarəçisi deyil. Buna görə də teoloji dairələr Tanrının təqdiri ilə azad insanın iradəsi arasında gərginliyə xüsusi diqqət ayırırlar və bütün dinlərdə bu gərginliyi aradan qaldırma və ya əlverişli vəziyyətə gətirmə istiqamətində saysız-hesabsız və müxtəlif cəhdlər göstərilməkdə, araşdırmalar aparılmaqdadır. Burada sadəcə Gülənin insanların dünyada məsuliyyət daşıması fikirlərini müdafiə edərkən məsələnin mahiyyətində, arxa planda bu gərginlik və ya problemin dayandığını deməklə kifayətlənirik. Buna görə də Gülən heç vaxt Sartrın etdiyi, tarixin də göstərdiyi kimi, dünyaya görə tamamilə insanların məsul olduğunu söyləməyəcək. Çünki Gülənin bunu deməsi onun səmimi qəlbdən inandığı ilahi təqdir və ilahi əmr fikrinə ziddir. Gülən Allahı mütləq qüdrət və elm sahibi, yerlərin və göylərin yaradıcısı və hər şeyi bilən kimi təqdim və tərif edir. Bütün reallıq və mövcudluq ilahi əmrlə vardır və bu əmrdən kənarda heç bir varlıq və ya gerçəklik mövcud deyildir. Bu iman Gülənin insanın məsuliyyəti ilə bağlı bütün bəyanlarına öz damğasını vurur və Sartr və Gülənin dünyagörüşləri arasında uzlaşmaya müqavimət göstərən əsas fərq məhz budur.

Gülənin məsuliyyət şüuruna yanaşmalarını anlamağa kömək edən məqamlara onun “The Statue of Our Souls” və başqa əsərlərində rast gəlirik. O, bu məsələni izah edərkən İngilis dilinə “vicegerent” (xəlifə) və ya “vicegerency” (xilafət, xəlifəlik) kimi tərcümə edilən bir dominant sözdən istifadə edir. Belə bir kəlmədən istifadə ən azı İngilis dilində ilahi təqdirlə insanın azad iradəsi arasında incə tarazlaşdırıcı hərəkətə işarə edir. Şübhəsiz ki, “xəlifəlik” (və ya vəkalət) rəhbərlik, liderlik və məsuliyyət mənasını ehtiva edir. Ancaq “vice” əlavəsi ondan üstün məqamın, bəlkə də, əmr yolu ilə verdiyi vəkaləti ifadə edir. Burada eyni zamanda Gülənin düşüncəsini çox qısa və xülasə olaraq öyrənmiş oluruq. Əslində, ilahi təqdir və insanın azad iradəsini uzlaşdırmaqda çətinliklə üzləşən bir çox digər monoteist teoloqların dünyagörüşünü xülasə şəklində görürük. Hər şeyi bilən və hər şeyə gücü yetən Tanrı ilahi təqdirlə varlıqları, bu varlıqların içində olan bəşər dünyasını təməl insani dəyərlərdən, yəni təmsil, vəzifə və vəkalət kimi ünsürlərdən təsirlənmə xüsusiyyəti ilə yaratmışdır. İnsan bu vəzifəni yerinə yetirsə də, yetirməsə də, bu dünya və axirətdə nəticələrinə qatlanacaqdır. Tanrının bu dünya və bütün mövcudluğa aid sonsuz və dolayısilə, sirli (çünki bizim məhdud idrakımız ona bildirilmədikcə, sonsuzluğu əsla qavraya bilməz) planları mütləq reallaşacaq. Bu həssas müvazinət (tarazlaşdırıcı) amili ilahi təqdirlə azad insan iradəsi arasında bizim qavrama qabiliyyətimizdən doğan gərginliyi tamamilə həll etməsə də, insanın dünyada təmsilinə və məsuliyyətinə ciddi yer verərək bu mövzuda ən yaxşı funksiyanı yerinə yetirir. Biz də elə məhz bu məsələni əsas götürürük.

Gülən insanın xəlifəliyi tezisini Quranla əsaslandırır: “Mən yer üzündə mütləq bir xəlifə yaradacağam”. (“Bəqərə” surəsi, 2/30)[15] İnsanlar xəlifə olaraq dünyada Tanrının təmsilçiləridir. Gülən bunu belə ifadə edir:

“Əgər insan oğlu yer üzündə Allahın xəlifəsi, bütün yaradılanlar ara­sında Haqqın mümtaz qulu, bütün varlığın əsası, nüvəsi və Uca Yaradanın ən parlaq aynasıdırsa ‒ bunun belə olmasına şübhə yoxdur ‒ onu bu aləmə göndərən Zat ona kainatların ruhundakı sirri kəşf etmə, dünyanın bağrındakı gizli qüvvət, qüdrət və potensial imkanları ortaya çıxarma, hər şeydən yerli-yerində istifadə edərək ilahi elm, iradə, qüdrət kimi vəsflərin şüurlu təmsilçisi olma haqq, səlahiyyət və qabiliyyətini verəcək ki, o, varlığa müdaxilə edərkən və xəlifəlik vəzifəsini yerinə yetirərkən heç bir maneə qarşısında aciz qalmasın”.[16]

Burada Gülənin yuxarıda verilmiş həssas tarazlaşdırıcı mövqeyi gerçəkləşdirdiyini görürük. O, insan övladının həm yaradılan, həm də Allahın aynası olduğunu güclü şəkildə şərh və təsdiq edir. İnsanlar həm yaradılandır, həm də bir ayna. Həm Yaradana təslim olmuşdur, həm də həmin Yaradanın təmsilçisidir. Məhz xəlifənin məqamı budur: daim Allahın əmrlərinə təslim olur və eyni əmrlə dünyada Allahın (isim və sifətlərinin) aynası olan qabiliyyətləri ilə yenə Onun buyurduğu işləri gerçəkləşdirir və Allahı təmsil edir. Gülən insanın xəlifəliyini daha geniş izah edir:

“İnsanın Yaradana xəlifəlik fəaliyyəti Ona inanıb ibadət etməkdən əşya və hadisələrin sirrindən agah olmağa, ondan da təbiətə müdaxilə etməyə qədər fövqəladə dərəcədə geniş dairədə cərəyan edir. Həqiqi insan bir ömür boyu əvvəlcə imanı ilə duyğu və düşüncələrini planlayar, müxtəlif ibadətlərlə şəxsi və ictimai həyatını nizama salar, ümumi münasibətləri ilə ailə və cəmiyyət münasibətlərini tarazlaşdırar və ərzin dərinliklərindən səmanın ənginliklərinə qədər hər yerdə insanlıq bayrağını dalğalandıraraq, gerçək xəlifə məqamının tələblərini yerinə yetirərək iradəsini layiqincə ortaya qoymağa çalışar və yer üzünü abad edər, varlıqla insan oğlunun ahəngini qoruyar, ərz və səmanın zənginlikləri ilə həyatın rəngini, şəklini, lisanını Yaradanın əmri və izni dairəsində daha da insani səviyyəyə yüksəltməyə səy göstərər. Mahiyyətində Allaha qulluq anlamını da ehtiva edən həqiqi xəlifəlik məhz budur”.[17]

Xəlifəlik roluna daxil olan əməllərin sırasına diqqət yetirin; bu sıra dini etiqad və ibadətdən təbiətlə bağlı elmi biliklərə, təbiətə yaxşı, xeyirli məqsədlərlə “müdaxilə” və ya ondan istifadə üsullarına və insan həyatını daha zəngin və daha insani tərzdə yaxşılaşdırmağa qədər uzanan müxtəlif fəaliyyətləri əhatə edir. Bəşər övladı bir xəlifə olaraq bütün bunlara görə məsuliyyət daşıyır. Allahın yer üzündə təmsilçisi olan insanlar bu sahələrə aid vəzifələrini yerinə yetirməyə görə Onun qarşısında məsuliyyət daşıyırlar.

Gülən insanın xəlifəliyini “The Statııte of Our Souls”adlı kitabında digər əsərlərinə nisbətən daha coşqulu və radikal tərzdə açıqlayır. Kitabın başlanğıcında ilahi təqdir və insanın azad iradə­si məsələsini nəzərdən keçirir, sonunda isə sözügedən həssas müvazinəti müdafiə edir. İnsan iradəsi ilə bağlı maraqlı bir mülahizəni də bu izahlara əlavə edir:

“Allah bizə aid əmri-etibari (zahirən insanın cüzi iradəsinə aid olsa da, mahiyyət etibarilə ilahi iradənin bir təcəllisi olan bütün davranış, hərəkət və fellər) kimi bir şeyi iradə və istəyinə dəvətnamə kimi qəbul buyurmuş, ona əhəmiyyət vermiş, ən büyük layihələri o plan əsasında reallaşdırmağı vəd etmiş və gerçəkləşdirmişdir. Bu etibari nəsnəni günaha, savaba bir vəsilə kimi yaratmış, onu cəza və mükafata əsas qoymuş, xeyir və şərin istinad edilməsinə fail (iş görən) qəbul etmiş və mahiyyətcə heç bir dəyər ifadə etməyən bu nisbi əmrə (əmri-etibari) nəticə etibarilə dəyərlərfövqü dəyər yükləmişdir. Əgər belə olmasaydı, həyat tamamilə dayanar, insan cansızlar səviyyəsinə enər, təklif (Haqq-Təalanın insanlara əmr və qadağalarına uyğun hərəkət etməyi əmr buyurması) batil və hər şey əbəs olardı. Buna görə də, əlbəttə, ona, onun istək və diləklərinə fövqəladə əhəmiyyət verəcək, onu dünya və axirətinin abad edilməsində bir şərti-adi, əhəmiyyətli bir vəsilə və dünyaları işıqlandıran bir elektrik mexanizminin sehrli düyməsi halına gətirərək damlada dəryanı, zərrədə günəşi, heçin heçi olan bir şeydə dünyaları var etmək surəti ilə qüdrətinin sirli bir üfüqünü göstərəcəkdir”.[18]

Bu səbəbdən Gülən hesab edir ki, burada Allah tərəfindən yaradılan insana xas iradə mexanizmi həm bu dünyanın, həm də axirətin gerçəkliklərini müəyyən edir. Bu dünyada insan iradəsi və əməllərinin əhəmiyyətini müdafiə etmək Tanrının iradəsinə heç bir zərər verməz. Əslində, insan iradəsi ilahi iradənin bu dünyada təsdiqi və tətbiqidir. Məhz buna görə də insanlıq, iman, elm və həqiqətdən ayrılmaq olduqca böyük problemdir. Bunlardan ayrılmaq, uzaqlaşmaq xəlifəlik məsuliyyətindən boyun qaçırmaq və bu üstün məqama aid səlahiyyətlərdən sui-istifadə etməkdir. Xəlifəlik məqamının məsuliyyət halqası həm bu dünya, həm də o biri dünyanı, yəni bütün reallığı tamamilə əhatə etdiyi üçün bu sui-istifadə həyatın ən dərin qatlarına qədər təsir edir.

Sonra Gülənin “The Statue of Our Souls”un əvvəlindən axırına qədər mənimsədiyi bir tonun başlanğıcını görürük. Bu ton xəlifəlik ünvanını və bu rolun ehtiva etdiyi məsuliyyəti layiqincə çiyninə götürəcək insanları ortaya çıxmağa səsləyən bir şövq və zərurət tonudur. Gülən kitabın qalan hissəsi boyunca bu xəlifələrin xarakterik xüsusiyyətlərini – bu xüsusiyyətlərin bir çoxu əvvəlki iki fəsildə izah edilmişdir – təfərrüatı ilə şərh edir. Çünki son təhlildə xəlifələr “yer üzünün varisləri”, “qəlb əhli” və ya “ideal insanlar”dır. Ancaq biz burada birbaşa dünyaya xas məsuliyyətlə bağlı xüsusiyyətləri gözdən keçirəcəyik. Bu məziyyətlərdən biri “aksiyon” və ya “aksiyon insanı” olmaqdır. Gülən bunu belə açıqlayır:

“Həyatımızın ən əhəmiyyətli, ən zəruri hadisəsi aksiyondur. Bu yolda bir çox şeyi itirmə bahasına da olsa, müntəzəm aksiyon, müntəzəm düşüncə ilə müəyyən məsuliyyətləri çiynimizə götürərək, bəzi problemlərimizə sinə gərərək öz-özümüzü bir növ “məhkum edib” həmişə hərəkətdə olma məcburiyyətindəyik. Bəli, əgər özümüz kimi hərəkət etməsək, başqalarının həmlə və aksiyon dalğalarının, düşüncə və plan burulğanlarının təsirinə düşərək onların hərəkət fəsillərini təmsil etmə məcburiyyətində qalarıq. Daim hərəkətsiz qalmaq, ətrafda baş verənlərə müdaxilə etməmək, ətrafımızda cərəyan edən hadisələrə, dəyişikliklərə qarışmamaq suya düşmüş buz parçası kimi öz-özümüzü əriməyə məhkum etmək deməkdir”.[19]

Diqqətli oxucular bu sitatda Gülənlə Sartr arasındakı paralelliyin dərhal fərqinə varacaqlar. Gülən burada hərəkəti (aksiyonu) insan həyatının əsas ünsürü kimi təqdim edir. “Yer üzü varisləri”nə ancaq aksiyon yolu ilə çevrilə bilərik. Aksiyon olmadan, yəni daima aksiyon içində olmasaq, hadisələrə görə məsuliyyət daşımarıq və məsuliyyətin təbii əziyyətlərini çəkməsək, özümüzü başqalarının hərəkətlərinə təslim edər, insan və xəlifə rolumuzu tərk edər, bunun əvəzinə iradə və vicdanla deyil, əvvəlcədən müəyyənləşdirilmiş instinktlə “yaşayan” cansız obyektlər və ya heyvanlara bənzər ömür sürər, yaxud da başqaları tərəfindən müəyyən edilmiş bir həyat yaşayarıq. Hərəkət etməkdən və hərəkətin məsuliyyətlərinə qatlanmaqdan imtina etsək, insanlığımız yox olub gedər. Gülən kitabın başqa bir fəslində bildirir ki, hərəkət etməməyi seçmək (əslində məsuliyyətdən uzaq olsa da, bu da bir aksiyon formasıdır) ölümü seçməkdir:

“Var olmanın ən əhəmiyyətli dərinliyi hərəkət və cəhddir. Hərəkətsizlik bir tənəzzül və ölümün başqa adıdır”.[20]

Gülən aksiyon insanlarının cəmiyyətdə bir çox rolu yerinə yetirə biləcəyini düşünür:

“Bəzən vəfalı bir vətən övladı, bəzən düşüncə mehvərli bir aksiyon insanı, bəzən bir elm aşiqi, bəzən də bir sənətkar, bəzən bir dövlət adamı, bəzən də bunların hamısıdır”.[21]

Gülən bütöv bir fəsli türk tarixinə mənsub aksiyon insanlarının həyat və fəaliyyətinin xülasəsinə həsr edir. Onlar, demək olar ki, hər şeyə inanılmaz məsuliyyət hissi ilə yanaşır, dünyaya görə məsuliyyət daşıdıqlarına dair sonsuzluğun çağırışını vicdanən hiss edir və varlıqlarının hər bir molekulu və enerjisini bu vəzifənin xidmətində istifadə edirlər – məhz budur onları başqalarından fərqləndirən və bir-biri ilə birləşdirən əsas amil. Gülən bunu belə açıqlayır:

“Bu, elə bir məsuliyyətdir ki, fərdin idrak və şüurlu iradəsinə daxil olan heç bir məsələ ondan kənarda qala bilməz. Onun dünyasında daim birinci sırada varlıq və hadisələr qarşısında məsuliyyət, təbiət və cəmiyyət qarşısında məsuliyyət, keçmiş və gələcək, diri-ölü, gənc-qoca, ziyalı-cahil, idarə və asayiş – hər kəs və hər şey qarşısında məsuliyyət və təbii ki, bütün bu məsuliyyətləri qəlbdə bir iztirab kimi çəkmək, ruhda dəli sıxıntılartək hiss etmək gəlir.. Üstəlik məsuliyyət şüurundan qaynaqlanan iztirab davam edərsə, məqbul bir dua, alternativ layihələrin ortaya qoyulmasında güclü bir mənbə və təmiz qala bilmiş səmimi vicdanlara də ən təsirli nəğmədir.[22]

Bu, qeyri-adi bir paraqrafdır. Əvvəlcə məsuliyyət sahəsinin keç­miş və “ölmüş”lər də daxil olmaqla “hər kəsi və hər şeyi” ehtiva etməsinə diqqət yetirin. İdrak və şüura daxil olan heç bir şey bu məsuliyyətdən kənarda qala bilməz. Əgər bir şeyi düşünürüksə və o şey (xəyali deyil) gerçəkdirsə, ona görə məsuliyyət daşıyırıq. İkincisi; məsuliyyəti müşayiət edən çiləyə (əzaba), bu şüurdan doğan “iztiraba” diqqət yetirin. Gülən bu paraqrafda və əsərinin başqa yerlərində “xəlifəlik”, “yer üzünün varisliyi” rolunun bütün ciddiyyətilə götürülməsindən doğan daxili çətinliklərdən danışır. Gülən tez-tez uca eşqi müşayiət edən iztirabdan və sevgili üçün çarəsizlik içində yanmaqdan, amma yenə də Sevgiliyə duyulan eşq mövcudluq və həyatın ruhu olduğuna görə aşiqin bu əziyyəti tərk etməməsindən bəlağətlə danışan XIII əsrin böyük şairi Rumidən iqtibaslar verir. Burada Gülənin bəhs etdiyi xəlifələr sevgilinin aşiqləridir və bu misalda sevgili Allah, Allahın yaratdıqları və Allahdan gələn bütün reallıq, hər şey və hər kəsdir. Sevgilini sevmək isə onun qarşısında məsul olmaqdır. Bu bir həsrət, bir əziyyət, bir qəlb çırpıntısıdır və elə bir titrədici idrakdır ki, insan “aşiq” olduğu müddətdə ondan əsla qurtula bilməz. Aşiq aşiq olduğu üçün buna məhkum edilmişdir. Və bütün bunlar sevginin (eşqin) qarşısında əngəl deyildir. Əksinə sevginin ilkin şərtidir. Son olaraq; yuxarıdakı paraqraf bu məsuliyyətin bütün həqiqi insanların evə dönüş zəngi olduğunu və bu zəngin “notlarını” iztirab yolu ilə hiss edən sözügedən insanların daha çox layihə və plan həyata keçirəcəyini göstərir. Gülən məsuliyyətli insanların bu məsuliyyəti cənnətdən də vaz keçəcək səviyyədə sevdiyini bildirir.[23]

Gülən və Sartrın öz fikirlərini və əsərlərini tamamilə fərqli fəlsəfi aspektdə irəli sürdüyünü, buna görə də ilk baxışda onlar arasında hər hansı bir paralelliyin qeyri-mümkün olduğunu qəbul etsək də, yuxarıda verilən fikirlərin Sartrın fikirlərinə bənzədiyini açıq-aşkar görürük. Ancaq hər biri özünəxas və olduqca fərqli başlanğıc nöqtələri və fərqli dünyagörüşləri çərçivəsində bu dünyaya qarşı insani məsuliyyət aspektində insan həyatına dair paralel fikirlər dilə gətirirlər. Həm Sartr, həm də Gülən bütün intellektual enerjisini zəruri və təcili bir ehtiyacı − insanların dünya qarşında məsuliyyəti çiyninə götürməsinin vacibliyini vurğulamağa sərf edir. Yenə mütəfəkkirlər bu həqiqəti təkrar-təkrar vurğulayırlar; biz dünyanın necə olmasını istəyiriksə, o, elə də olur və olmaqda da davam edəcək. Buna görə də “The Statue of Our Souls” kitabından verilmiş bu sözləri Sartr da yazmış ola bilərdi:

“Hər kəs ciddi fərdi məsuliyyət hissi ilə “İş başa düşür. Mən gücüm çatdığı qədər etməsəm, hər halda başqaları da etməyəcək” deyərək atını mahmızlayıb ən ön cərgələrdə bayraqdarlığa can atmalıdır”.[24]

İstər Gülən kimi Tanrıya inanaq, istərsə Sartr kimi inanmayaq − özümüzə və öz gücümüzə güvənməli, bizim işimizi başqasının və ya bir şeyin görməsini gözləməyi qəbul etməməliyik. İnsanın öz məsuliyyətini başqalarına yükləməsi Sartrın ifadəsi ilə “pis iman”la yaşamaqdır. Çox maraqlıdır ki, bu ifadə Gülənin “məsuliyyəti qəbul etməyən iman sahiblərinin pis imanla yaşaması” haqda qə­naətinə çox bənzəyir.

Güləndən verəcəyimiz son iqtibasda o, hər kəs üçün yaxşılıq, həqiqət və azadlıq dünyasının reallaşması naminə görülməli işlərə və bunun gerçəkləşməsində insanlara düşən rola aydınlıq gətirir və bu fikirlər onun həqiqi insan həyatı ilə bağlı ideyalarına son nöqtəni qoyur. Burada yenə kəlmə baxımından olmasa da, məna baxımından Sartrın məsuliyyət haqda fikirlərinə paralel bir ifadə görürük. Gülən deyir:

“Daha doğrusu, bu nəhəng coğrafiyada məsuliyyət hissinə, insa­ni dəyərlərə, elmə, əxlaqa, həqiqi təfəkkürə, fəzilətə, sənətə əhəmiyyət verməyən yetim ruh və çəlimsiz düşüncələrə müqabil, varlığı bütün dərinliyi ilə, insanı dünyəvi-uxrəvi ənginlikləri ilə qucaqlayan, izah edən, hətta Allahın xəlifəsi ünvanı ilə əşyaya müdaxilə edən üstün idrak sahiblərinə, polad iradələrə ehtiyac vardır”.[25]

Burada dərin ruh cəsarətdir, məsuliyyət cəsarətidir. Qorxaqlığımıza və pis (zəif) imanımıza görə öz həyatımız və dünya qarşısında məsuliyyətlərimizdən qaçırıq. Qorxaq və zəif ruhumuzla özümüzə bəhanələr tapır və dünyanın mövcud vəziyyətinə görə başqalarını, qədəri və ya şərtləri günahlandırırıq. Halbuki istər qəbul edək və ya etməyək, bu məsuliyyəti götürək və ya götürməyək, dünya bizim çiynimizdədir. Ölümü və ətaləti, bir parça yosunu, kürsünü və ya mağara həyatını, Tanrı, təbiət, yaxud da mövcudluğun bizim üçün hazırladığı həyatdan daha aşağı səviyyəlisini seçsək belə, dünya hələ də bizim çiyinlərimizdədir. Tanrının (dərgahında) və ya həyatın nəzərində əsl həyat məsuliyyətli həyatdır. Bu həyatı yaşayanlar ümidsizlik və yalnızlığa (da) düşə bilərlər, amma məhz onlar həqiqi mənada “insan” ünvanına yeganə layiq olanlardır. Bu insanların sahib olduğu polad iradə və cəsur ürək onları müntəzəm genişlənərək hər kəsi və hər şeyi əhatə edən məsuliyyət sahəsinə sövq edir. Bu fərdlər bəşəriyyətin gerçək qəhrəmanlarıdır və dünya onların çiynində formalaşdırılır. Məncə, Gülən və Sartrın təsdiq etdiyi kimi, insan cəmiyyəti daima onun əməllərinin nəticəsi olmuş və elə olmaqda da davam edəcəkdir.

Qaynaqlar[1] Gülen, The Statue of Our Souls, s.35.
[2] Sartre, “Existentialism” in verildiyi əsər: Basic Writings of Existentialism (Ekzistensializmə dair əsas məqalələr), s.245.
[3] A.ç.ə., s.346-347.
[4] A.ç.ə., s.347.
[5] A.ç.ə., s.358.
[5] A.ç.ə., s.348.
[7] A.ç.ə., s.347.
[8] A.ç.ə., s.348.
[9] A.ç.ə., s.349.
[10] A.ç.ə., s.349.
[11] A.ç.ə., s.367.
[12] A.ç.ə., s.354.
[13] A.ç.ə., s.355.
[14] A.ç.ə., s.357.
[15] Gülen, Toward a Global Civilization of Love and Tolerance, s.122.
[16] A.ç.ə., s.122.
[17] A.ç.ə., s.124-125.
[18] Gülen, The Statue of Our Souls, s.15. (Ruhumuzun Heykelini Dikerken, s. 13)
[19] A.ç.ə., s.59.
[20] A.ç.ə., s.99.
[21] A.ç.ə., s.68.
[22] A.ç.ə., s.95.
[23] A.ç.ə., s.97.
[24] A.ç.ə., s.154. (Ruhumuzun Heykelini Dikerken, s. 135)
[25] A.ç.ə., s.105. (Ruhumuzun Heykelini Dikerken, s. 93)
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.